“Əlvida, silah!” (ingiliscə “A Farewell to Arms”) – Ernest Heminqueyin 1929-cu ildə işıq üzü görmüş romanı. Burada Birinci Dünya Müharibəsi fonunda sevgidən danışılır. Roman avtobioqrafik səciyyə daşıyır – Heminquey italyan cəbhəsində xidmət göstərmiş, yaralanmış və tibb bacısı ilə eşq macərası yaşadığı Milan hospitalında müalicə almışdır.
Amerikan memarı Frederik Henri Birinci Dünya Müharibəsində könüllü surətdə İtaliya cəbhəsinə yollanır. O, sanitar nəqliyyat şöbəsinin komandiri vəzifəsində çalışır və leytenant rütbəsi daşıyır. Burada Frederik hospitalın tibb bacısı Ketrin Barkli ilə tanış olur və onların bir-birlərinə qarşı hissləri baş qaldırır. Tezliklə birləşmiş ordunun ard-arda məğlubiyyətindən və geriyə çəkilməsindən sonra, italyan səyyar jandarmeriyasının amerikan aksentinə görə kəşfiyyatda günahlandırılması kimi mənasız ittihamlarının qurbanı olmasln deyə Frederik fərrarilik edir. Ketrinlə birgə neytral İsveçrəyə qaçır. Onlara elə gəlir ki, məhz burda onlar dünyanın amansızlığından can qurtara biləcəklər. Ancaq güman edilən xoşbəxtlik uzun çəkmir…
Karandaşın izi ilə
– İzahı mümkünsüz şeylər var.
– Doğurdan? Mənə isə həmişə belə şeylərin olmadığını öyrədiblər.
***
Heykəllər həmişə ürəyimi sıxıb. Mərmər büstlər dəyişilməz qəbiristanlığı xatırladır.
***
Bilirdim ki, Ketrin Barklini sevmirəm, heç sevməyə də hazırlaşmıram. Bu bir oyun idi. Bric kimi. Sadəcə kartlar əvəzi sözlər istifadə olunurdu.
***
– Müharibədən dəhşətli heç nə yoxdur.
– Məğlub olmaq daha pisdir.
– Çətin ki.
***
Ölkəni axmaq, heç nə anlamayan və heç vaxt anlamayacaq sinif idarə edir. Bax bu səbəbdən də müharibə vəziyyətindəyik.
***
Əsl italyansınız. Başdan-ayağa od və tüstü, daxilinizdə isə heç nə.
***
Yorulmuşam, ancaq buna haqqım yoxdur.
***
– Şücaət nümayiş etdirdiyinizi sübut etsəniz, gümüş medal alacaqsınız. Yoxsa, bürünc olacaq. Ətraflı danışın görək hadisə necə baş verdi. Qəhrəmanlıq göstərdiniz?
– Yox, mina partlayanda mən pendir yeyirdim.
***
– Elələri var müharibə istəyir. Ölkəmizdə belələri çoxdur. Elələri də var ki istəmir.
– Ancaq birincilər onları məcbur edir.
– Bəs döyüşmək istəməyənlər? Onlar müharibəyə mane ola bilərlər?
– Onlar mütəşəkkil şəkildə hərəkət etmədiklərindən heç nəyə əngəl ola bilmirlər, bu baş verəndə isə rəhbərləri onları satacaq.
– Deməli, vəziyyət belə ümidsizdir?
– Ümidsiz heç nə yoxdur. Ancaq olur ki, mən də ümidimi itirirəm.
***
– Xəstələr hər şeylə belə maraqlanmamalıdır.
– Mən xəstə deyiləm, yaralıyam.
– Bu, böyük xoşbəxtlik olardı: orda yaşayıb, Allahı sevib, ona xidmət etmək.
– Və hamının hörmətini qazanmaq.
– Bəli, hamının hörmətini qazanmaq. Nədir ki?
– Heç, sizin bunun üçün kifayət qədər əsasınız var.
– İş bunda deyil. Orda, mənim vətənimdə insanın Allahı sevməsi təbii hal kimi qarşılanır.
***
– Siz başa düşür, lakin Allahı sevmirsiniz.
– Yox.
– Heç sevmirsiniz?
– Hərdən gecələr ondan qorxuram.
– Sevməyiniz daha yaxşı olardı.
– Mənim sevdiklərimin sayı çox azdır.
– Yox, yalandır. Dediyiniz gecələr…bu sevgi deyil. Bu yalnız şıltaqlıq və ehtirasdır. Sevəndə sevgin naminə nəsə etmək istəyirsən. Özünü fəda etmək, ona xidmət göstərmək istəyirsən.
– Mən heç kimi sevmirəm.
– Sevəcəksiniz. Bilirəm ki, sevəcəksiniz. Və onda xoşbəxt olacaqsınız.
– Halımdan məmnunam. Belə də xoşbəxtəm.
– Bu, tamam başqa şeydir. Onu duymayınca, başa düşməzsiniz.
***
– Əzizim, nə yaxşı ki, gəldiniz.
– Bu çətin olmadı. Deyəsən qalmaq daha çətin olacaq.
***
Appendiksinizi əməlli-başlı əməliyyat edə bilməyən həkim, sizi qlandalarınızı??? kəsə bilməyən həkimin yanına göndərəcək.
***
– Bunu sadəcə sənə görə istəyirəm.
– Heç bir “mən” yoxdur. Mən-sənəm. Xahiş edirəm, özündən ayrıca “mən” uydurma.
***
Xoşbəxtlik və qürur bəxş edən heç bir şeydən utanmaq lazım deyil.
***
Bəlkə indi müharibələr qələbə ilə sona yetmir. Bəlkə onlar, ümumiyyətlə, qurtarmır.
***
Ərin şöhrətpərəst deyilsə, ürəyin rahatdır.
***
Səni yağışda da sevəcəm, qarda da, doluda da…sonra nə olur?
***
– Mənə bir şeyi de görüm: həyatın boyu neçə qadın sevmisən?
– Bircəciyini də.
– Məni də?
– Səni hə.
– Bəs daha neçəsini?
– Bircəciyini də.
– Bəs neçəsini, onu necə deyirlər? – neçəsini tanımısan?
– Bircəciyini də.
– Yalan deyirsən.
– Hə.
***
Nəfəsi kəsildiyini ən gec başa düşən ölkə müharibəni udmuş olacaq.
***
Onun düşüncə bədbinliyi ilə zəka nikbinliyi ziddiyyət təşkil edirdi.
***
İnsana keçilməz gələn əngəllər indi necə boş görünür.
***
– İnsanlar bir-birlərini sevir, xırda şeylərə ilişir, dalaşır və sonra tam olmaqdan qalırlar.
– Biz dalaşmayacağıq.
– Heç lazım da deyil. Axı biz səninlə bütün dünyaya qarşı təkik.
***
– Cəsarətlilərin başına bədbəxtlik gəlmir.
– Nə fərqi? Onlar da ölürlər.
– Ancaq yalnız bir dəfə.
– Şücaət sahibi, əgər ağıllıdırsa, ola bilsin iki min dəfə ölür. Lakin o bunu göstərməməyə çalışır.
– Onun ürəyini oxumaq olmur.
– Onu güclü edən də budur.
***
Sizə duyduğum mərhəmət – boşuna xərclənmiş mərhəmətdir.
***
Gərək hər kəsin gedə biləcəyi yeri olsun.
***
Sizi dərin düşüncələr korlayır.
***
Siz öz eyiblərinizlə fəxr edirsiniz.
***
Qalib tərəf heç vaxt müharibədən qalan deyil.
***
Onun vətənpərvərliyini başa düşürəm. O, bununla doğulmuşdu.
***
Həkimlər bədəninizin başına min cür oyun açdıqdan sonra o daha sizin bədəniniz olmur.
***
Mən bu dünyaya fikirləşmək üçün yox, yemək üçün gəlmişəm.
***
Dostunun ünvanını bilmək həmişə xoşdur.
***
Müharibə hardasa uzaqlarda idi. Bəlkə də heç olmamışdı. Burda heç bir müharibə-zad yox idi. Birdən mənə çatdı ki, mənim üçün o artıq bitib. Lakin içimdə müharibənin həqiqətən qurtarması haqda hiss yox idi. Özümü dərsdən qaçıb, indi məktəbdə baş verənlərlə maraqlanan şagird kimi hiss edirdim.
***
Hərdən kişi tək qalmaq istəyir. Elə qadın da. Və bunu bir-birlərində hiss edəndə çox məyus olurlar. Ələxüsus bir-birlərini sevirlərsə…
***
Həyatım həmişə rəngarəng olub. İndi təkcə sən mənlə olmayanda hər şey mənasızdır, boşdur.
***
– Qocaların müdrikliyi – ən böyük səhvdir. Qocalar müdrik yox, diqqətli olurlar.
– Bəlkə elə budur müdriklik?
– Bu heç də xoşagələn müdriklik deyil.
***
– Ola bilsin, dini duyğularımı geridə qoymuşam.
– Məndə onlar yalnız gecələr əmələ gəlir.
– Ancaq siz əlavə olaraq sevirsiniz də. Unutmayın, bu da dini duyğudur.
***
İnsanlar bu dünyaya bu qədər şücaət bəxş edəndə dünya onları sındırmaq üçün öldürməlidir. Ona görə də öldürür. Dünya hər kəsi sındırır, çoxu sonradan sınmalara daha dözümlü olur. Sınmaq istəməyənləri isə öldürür. O ən mehribanları, ən zərifləri və ən cəsarətliləri məhv edir. Özüdə qeyd-şərtsiz. Və əgər sən nə birinci, nə ikinci, nə də üçüncüsənsə, əmin ol, səni də öldürəcək. Ancaq bunu tələsmədən edəcək.
Tərcümə: Lamiyə Göycəyeva