Braziliyalı yazıçı Paulo Koelyonun ibrətamiz hekayələr, nəsiyyətlər və maraqlı faktlar şəklində qələmə alınmış əsəri.
Karandaşın izi ilə
Yaşamaq – risk etmək deməkdir.
***
Fasiləsiz günəşə baxan kəs əvvəl-axır görmə qabiliyyətini itirəcək.
***
Elə bir an gəlir ki, çiliklənmiş hissələr birdən şəkil alıb, bütöv və tam bir şeydə toplanır.
***
Ocaq qalamaq istəyən boğazı qaşındırıb, gözləri yaşardan acı və xoşagəlməz tüstüyə dözə bilməlidir. İnam əldə etmək də eynilə bu cürdür. Od güclü və parlaq olduqdan sonra isə tüstü yox olur, alov dilimləri ətrafı nura qərq edir.
***
İstək. Müəyyən müddətlik şübhə altına alınası söz, bax, budur.
***
Axıdacağımız göz yaşlarından qorxduğumuz üçün indi gülmürük.
***
Mənə görə oğurluq edən, bir gün məndən də oğurluq edəcək.
***
Düzgün cavabı tapdığım an bütün suallar dəyişdi.
***
Mübarizə olmasa, qəlb korşalır.
***
Sevgi hələ heç kimə arzusunun arxasınca getməyə mane olmayıb.
***
Mürəkkəb olmaq necə asandır.
***
Seçilmiş yolun düzgünlüyünə tam inanmaq üçün heç də başqasının səhv yolla getdiyini sübuta yetirmək lazım deyil. Belə edənlər öz addımlarına inanmayanlardır.
***
Məsləhətlər – həyat nəzəriyyəsidir. Təcrübədə isə, adətən, hər şey başqa cür olur.
***
Həyatımızın uğurları haqda susmağımız yaxşıdır. Çünki yadların həsədi xoşbəxtliyimizi məhv edə bilər.
***
– Şahı mədh edə bilsəydin, mərci ilə qidalanmazdın.
Bunu söyləyənə Diogenin cavabı belə olur:
– Sən də mərci ilə qidalanmağı öyrənsəydin, şahı mədh etməli olmazdın.
***
Hərdən tənhalıqda günəşin gözəl qürubuna tamaşa edərkən düşünürük: “Öz heyranlığını paylaşacaq adamım yoxdursa, bütün bunlar mənasızdır”.
***
İcazə vermək olmaz ki, hərəkətlərimizi vərdişlər idarə etsin.
***
“Həyatım boşuna keçdi”. İnanın, bu dünyada bundan qorxulu cümlə yoxdur.
***
Sevə biliriksə, deməli, sevilə də bilərik.
***
İşlərin getmirsə, bunun iki izahı ola bilər: ya sənin inadın sınağa çəkilir, ya da istiqaməti dəyişməlisən.
***
Əvvəl-axır hər şey yaxşı olacaq. Əgər hələ yaxşı deyilsə – deməli, sən sadəcə axıra gəlib çıxmamısan. Dominqos Sabino
***
Səhv qorxusu bizi iflic edib davam etməyə imkan vermir.
***
Ürəyinlə arzuların bir-birini başa düşürsə, onda o Allahı sevindirə biləcək.
***
Məhəbbət bağışlayır.
***
Ən asan şey sənə yaxın olan insanın qəlbini qırmaqdır.
***
Burax məni və özünü mənlə narahat etmə. Uolt Uitmen
***
Sıxıntı və məyusluq dünyadan yox, dünyaya necə baxdığımızdan asılıdır.
***
Misal – başqalarının öz həqiqətlərini necə təyin etdiyini göstərməyə xidmət edir.
***
İnsan tərəfindən kəşf edilmiş məhvetmə üsullarından ən qorxuncu və ən qorxağı – sözdür. Soyuq silahdır. Odlu silah kimi qanlı yaralar qoyub gedir.
***
Məktub yazmaq prosesi fikirlərimizi qaydaya salıb ətrafdakıları daha aydın görməyə kömək olur. Kağız və qələm möcüzələr yaradır – ağrını azaldır, arzunu möhkəmlədir, itirilmiş inamı qaytarır.
Tərcümə: Lamiyə Göycəyeva