Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Joze Eduardu Aqualuza “Kaş unudaydım”

Annotasiya

“Kaş unudaydım”(portuqalca “Teoria Geral do Esquecimento”) – anqolalı yazıçı Joze Eduardu Aqualuzanın 2013-cü ildə çapdan çıxan romanıdır.

Ludu yeniyetməlik dövründə yaşadığı travmadan dolayı açıq məkanlardan qorxur. O, bacısının ailəsi ilə Portuqaliyadan Anqolaya köçür. Anqolada çevriliş baş verir və ölkədə özbaşınalıq ayaq açıb yeriyir. Gözlənilmədən evdə tək qalan Ludu ətraf aləmdən özünü qorumaq üçün mənzilin giriş qapısına divar hörür. Beləcə, bu cür təcrid vəziyyətində otuz il yaşayır. Evin divarlarına taleyini, tənhalığını sətir-sətir yazır. Ancaq xarici dünya yenə də ondan əl çəkmir, yavaş-yavaş həyatına soxulur.

Karandaşın izi ilə

Bilmirəm, kimdən, amma bu qadın açıq-aşkar qaçmaq istəyir. Dağılan bu ölkədən, onu nəfəs almağa imkan verməyən evlilikdən, yoxsa özgənin dar ayaqqabısı kimi ayağını döyən gələcəkdən?

***

Həyətdə, gölün əmələ gəldiyi yerdə nəhəng bir ağac var. Kitabxanada tapdığım Anqola florası haqqındakı əsərdən öyrəndim ki, bu ağacın adı mulembadır (Ficus thoningli). Anqolada ona Kral ağacı, həm də Söz ağacı deyirlər. Qədim dövrlərdə soblar və makotlar – qəbilə liderləri və onların məsləhətçiləri – tez-tez onun altında yığışıb qəbilənin işlərini müzakirə edirmişlər.

***

Madalena Jeremiaşı arxa oturacaqda kitab qutularının altında gizlətdi.

– İnsanlar kitablara hörmət edirlər, – tibb bacısı deyirdi, – Pivə yeşikləri olsa, əgərlər maşını başdan-ayağa axtaracaqlar. Üstəlik, Mosamedişə qədər pivə şüşələrindən bircəciyi də qalmaz.

***

Xoşbəxt uşaqlıq keçirənləri yolundan döndərmək çox çətindir.

***

Hamının gördüyünü heç kim görmür.

***

Dəli sayılmaq istəyirsənsə, əvvəlcə insanları buna inandırmalısan və həqiqətən, bir az da dəli olmalısan.

***

Təsəvvür edin ki, yarıyuxulusunuz. Bədəninizin bir hissəsi ayıq-sayıq gözləyir, o biri hissəsi isə haralardasa veyillənir. Sizin camaata göstərdiyiniz məhz bu ikinci hissənizdir.

***

Görünür, bu qarışıqlıqların düzəlməsi xeyli çəkəcək. Ancaq əvvəl-axır hər şey qaydasına düşəcək. Axı şər də gərək dincəlsin.

***

İnsanlar ürəkləri nəyin həsrətini çəkirsə onu görürlər.

***

Eyni damın altında iki qadın və bir kişi – təhlükəli kombinasiya deyilmi?

***

– Niyə mənə kömək elədin?

– Atam keşiş olub. Xeyirxah keşiş və əla ata idi. İndi də övladı olmayan keşişlərə güvənə bilmirəm. Bir adam ata deyilsə, necə keşiş olur? Atam çətinə düşənlərə kömək etməyi öyrədərdi. O gün səni səkidə yerə sərilmiş halda görəndə düşündüm ki, köməyə ehtiyacın var. Bundan əlavə polislərdən birini tanıdım, iş yerində həmkarlarımı sorğu-suala çəkmişdi. İnsanları fikirlərinə görə təqib edənlərdən xoşum gəlmir. Heç vaxt da xoşum gəlməyib. Ona görə də vicdanın səsinə qulaq verdim.

***

Yuxularımı gerçəklərdən ayıra bilmirəm. Yəqin, ölmək elə budur.

***

Əgər çoxlu yerim, kömürüm və boş dovarlarım olsaydı, mən unutqanlığın ümumi nəzəriyyəsini yazardım.

***

Laboratoriya təcrübələri göstərir ki, az kalorili qida ilə qidalananlar, məsələn, siçanlar daha uzunömürlü olurlar.

***

– Daha bəsdi. Artıq bacarmıram.

– Lap yaxşı, əzizim. Bax indi biz xoşbəxt ola bilərik.

***

Maraqlı bir hekayən varsa, sən kral sayılırsan.

***

Onun xeyirxahlığı baxımsızlıqdan cırlaşan surinam gilasına oxşayırdı.

***

Dürüstlük yalan danışmağı bacarmayanın dabansız ayaqqabısıdır.

***

Amma insaf yaxşı şeydir, heç vaxt irqçilərlə oturub-durmazdı. Ağlarla qaralara eyni gözlə baxırdı. Hamısına da yuxarıdan, təkəbbürlə.

***

Bir ölkədə ki ağıldankəmlər, hətta dövlət düşmənləri belə varlana bilirsə, demək, ora çox səxavətli yerdir.

***

Bəzi insanlar unudulmaqdan qorxurlar. Psixologiyada bu cür patoloji hala atazaqorafobiya deyirlər. O isə, əksinə, qorxurdu ki, heç kim onu unutmayacaq. Orada, Okavanqo deltasında Monte özünü unulmuş hiss edirdi. Orada xoşbəxt idi.

***

Biz həmişə ruh düşkünlüyündən ölürük, ruhumuz bizi aldadanda can veririk.

***

Bəzi məhbuslar iqtidar partiyasının tanınmış siyasətçiləri idi. Onlar prezidentlə tanış olduqlarına görə özləri ilə fəxr edirdilər.

– Dünənə qədər rəhbərlə balıq tuturdum, – Kiçik Sobunun yanında bir nəfər lovğalanırdı. – Bu işdən xəbər tutsa, hökmən məni çıxaracaq, baiskar axmaqları da həbsxanaya dürtəcək.

Sonrakı həftə onu güllələdilər.

***

Tanrı musiqini ona görə yaradıb ki, kasıblar özlərini xoşbəxt hiss etsinlər.

***

Bizim ölkədə zənginliyin birinci əlaməti xüdpəsəndlikdir.

***

Maqnu Moreya Monteni parabolik antena öldürdü. Antenanı dama bərkidəndə büdrəyib yerə yıxıldı. Antena da aşıb başına düşdü. Bəziləri bu hadisəni yeni dövrün acı ironiyası kimi qiymətləndirdi: bir vaxtların təhlükəsizlik əməkdaşı, Anqolada kimsənin xatırlamaq istəmədiyi keçmişin son nümayəndəsi gələcəyin simvoluna məğlum olmuşdu. Azad media obskurantizmə, susmağa və senzuraya qalib gəlmişdi. Kosmopolitizm izolyasionizmi məhv etmişdi.

***

İşıq, Sabalunun mənə kitab oxuması və hər gün bir nar yemək mənə bəsdir.

***

Tanrı ölənlərin ruhlarını tərəzidə çəkir. Bir kəfəsinə onun ruhunu, o biri kəfəsinə isə onun üçün ağlayanların göz yaşlarını qoyur. Əgər ağlayanı yoxdursa, ruh Cəhənnəmə atılır. Əgər kifayət qədər göz yaşı var və gözlər ürəkdən islanıbsa, ruh Cənnətə yüksəldilir. Ludu buna inanırdı. Daha doğrusu, inanmaq istəyirdi. Sabaluya o bax belə demişdi:

– Cənnətə başqalarının sevib arzuladığı insanlar gedir. Cənnət insanların qəlblərində tutduğumuz yerdi. Belə deyirdi nənəm. Mən buna inanmıram. İnanmaq istərdim, amma bacarmıram.

***

– Söhbət eləmək ölüləri sakitləşdirir.

– Bunu da anan öyrədib?

– Hə. Mən uşaq ikən ölüb. Tək qalmışam. Biz onunla danışırıq, amma əllərindən ötrü yaman darıxıram. Anam əlləri ilə məni qoruyurdu.

– Sən hələ də uşaqsan.

– Mən necə uşaq ola bilərəm, nənə. Axı anamın əlləri yoxdur.

***

– Özünüzə artıq əziyyət verməyin. Səhvlər bizə doğru yol göstərir. Yəqin, unutmağı bacarmaq lazımdır. Unutmağı öyrənməliyik.

– Atam unutmaq istəmir. Deyir ki, unutmaq ölümdür. Unutmaq təslim olmaq deməkdir.

 

Tərcümə: İmanyar Quliyev

3.8 (75%) 8 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram