Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Loran Qunel “Xoşbəxt olmaq istəyən adam”

Annotasiya

“Xoşbəxt olmaq istəyən adam” (fransızca “L’homme qui voulait être heureux“) – fransız yazıçısı, şəxsiyyət inkişafı psixologiyası üzrə mütəxəssis Loran Qunelin 2008-ci ildə çapdan çıxan və 25 dilə tərcümə edilərək beynəlxalq bestsellərə çevrilən əsəridir.Müəllif debüt romanını həyatının emosional baxımdan ən qarışıq dövründə qələmə alıb: 2006-cı ildə ailə həyatı qurduqdan sonra atasını itirib, ilk övladını qucağına aldıqdan sonra isə ən yaxın dostu vəfat edib. Bütün bu hadisələr fonunda Loran Qunel həyatın mənasının axtarışı haqqında əsər yazmağa başlayıb.

Balidə istirahət edən fransız müəllim tətilin son günü yerlilər və turistlər arasında tanınan müdrik bir qocanın qəbuluna düşür. Həmin görüş müəllimin həyata baxışını dəyişir, onu dəyərlərini və prioritetlərini gözdən keçirməyə ilhamlandırır. Qəhrəmanımız bu axtarışda xoşbəxtliyi tapa biləcəkmi?

Karandaşın izi ilə

İnsan özünü eybəcər hiss edəndə bu, ətrafdakılara da təsir edir. Biz özümüzü necə görürüksə, insanlar da bizi elə görür.

***

İnsan öz şəxsiyyəti barədə həmişə müəyyən fikrə sahib olur. Özünü də həmin fikrin neqativ və ya pozitiv olmasına əsasən aparır. Ətrafdakılar bunu hiss edir. Və ilk vaxtlar təxəyyül məhsulumuz olan şey tədricən gerçəkliyə çevrilir – əvvəlcə başqaları üçün, sonra özümüz üçün.

***

Bu faktdır: inanclarımız nəticədə gerçəkliyə çevrilir.

***

Bali atalar sözündə deyilir: yeməyi çəngəl-bıçaqla yemək tərcüməçinin köməyi ilə sevişməyə oxşayır.

***

İnsanlara yalnız eşitmək istədiklərini söyləsəniz, onlar inkişaf etməyəcəklər.

***

Baliyə səfər edənlərin hər biri özünü cənnətdə hiss edir. Onlar bali dilində belə bir sözün olmadığını öyrənsələr, məncə, çox təəccüblənərlər. Yerlilər üçün cənnət yaşadıqları yerdir, ona görə onların dilində bunun üçün xüsusi bir terminin olmaması ağlabatandır. Çətin ki, balıqlarda ömür sürdükləri suyu təsvir edən söz olsun.

***

Siz illüziyalarınızdan ayrılmaqdan qorxurdunuz.

***

Həyatı necə qəbul ediriksə, reallığı da eyni şəkildə filtrləyəcəyik. Gördüklərimizi, eşitdiklərimizi və hiss etdiklərimizi ələkdən keçirirmişcəsinə ələyəcəyik.

***

Dünyaya olan münasibətiniz düşüncənizi formalaşdıracaq. Eyni təbəssüm həm dostluq, həm nəzakət, həm mazaqlaşmaq cəhdləri, həm ironiya, həm lağlağı, həm təvazökarlıq kimi qəbul edilə bilər. Bir insan düz gözünüzün içinə baxırsa, bunu maraq kimi də qəbul edə bilərsiniz, əksinə təhlükə kimi də. Hər kəs öz düşüncəsini doğru hesab edir. Yolunuza çıxan anlaşılmaz və ikibaşlı şeyləri öz dünyagörüşünüzə uyğun şəkildə təfsir edəcəksiniz, hər dəfə də bu cür nəzər-nöqtəsinin doğruluğuna inanacaqsınız. Yenidən çıxılmaz dövrə.

***

Belə çıxır ki, hər kəs fərqinə varmadan öz reallığını yaradır. Bu da onun inanclarının əksindən başqa bir şey deyil.

***

Bali sakinləri ruhun reinkarnasiyasına inanır və ölümdən qorxmurlar. Bu səbəbdən hamı – həm piyadalar, həm sürücülər yol hərəkət qaydalarına riayət etmirlər.

***

– Statistikaya əsasən, gecə boyu doğulan hər dörd tısbağadan biri sağ qalır.

– Həyat lotereyadır, – Klaudiya əsəbi halda dedi.

– Həyat sonsuz rəqabətdir, – əri etiraz etdi. – Yalnız ən cəld olanlar sağ qalır. Ləng tərpənənlər, avaralıq edənlər və bir balaca özünü buraxanlar ölürlər. Hər zaman irəli getmək lazımdır.

Heyrətamizdir: bu iki nəfər demək olar bir neçə kəlmə ilə dünyaya baxışlarını həyata keçirdilər.

***

Heç kim Allahın var olduğunu sübut edə bilməz, ancaq məlumdur ki, ona olan inam ömrü uzadır.

***

– Məncə, həm də ona görə yalan danışdım ki, doğrunu söyləmək daha çətin idi.

– Yanılırsınız. Yalan danışmaqla insanlara sizin arqumentlərin üstündən keçməyə imkan yaradırsınız – nəticədə yenə və yenə yalan danışmalı olursunuz. Yekunda fərq etmir, yenə də istəmədiyiniz işi görməli olursunuz, məsələn sevmədiyiniz yeməyi yeyirsiniz. Və budur, artıq iki dəfə cəzalandırılırsınız.

***

– Layihəyə qlobal baxdıqca onu abstrakt bir şey kimi qəbul edirsiniz, təbii ki, abstrakt bir şeyi həyata keçirmək də mümkün olmayacaq.

– Haqlısınız, duyğularım aşıb-daşır, lakin dəqiq planım yoxdur. Nəticə haqqında düşünəndə sevinirəm, ancaq sonra məqsədə çatmaq üçün nələr etməli olduğumu yada salanda kədərlənirəm.

***

İmtina edə bilməyən insan seçim edə bilmir. Seçim edə bilmədikdə isə insan istədiyi kimi yaşaya bilmir.

***

Mükəməlliyə can atanda mütləq onu korlayırsan, ondan uzaqlaşırsan və sonda onu itirirsən. Ən əsası isə yalnız heyranlıq üzərində münasibət qurmaq olmaz. Bunun üzərində ümumiyyətlə heç nə qurmaq olmaz. Həyat hər şey ola bilər, mükəmməllikdən başqa.

***

Bir insanı təkcə sənin gözləntilərinə cavab verdiyi üçün sevirsənsə, bu, sevgi deyil. Ona görə yaxınlarının reaksiyalarından qorxmamalısan. Sevginin hökm sürdüyü ailələrdə belə hər kəsin öz şəxsi həyatı olmalıdır.

***

Məhəbbət insanı dəyişdirməyin ən yaxşı yoludur.

***

Maddi rifaha can atmaqda pis heç nə yoxdur. Əlbəttə, rahatlıq xoşbəxtliyin zəmanəti deyil, lakin onun yoxluğu həyatınızı çox çətinləşdirə bilər.

***

– Bayram həsrəti bayramın özündən daha xoş idi.

– Həəə, valideynlər uşaqlarına Santa-Klausun olduğunu deyəndə yalan danışmırlar, hədiyyələrin xoşbəxtlik bəxş etdiyini göstərəndə yalan danışırlar.

***

İnduslar hesab edir ki, pul qazanmaq ləyaqətli məqsəddir, bu, insan varlığının mərhələlərindən birinə uyğun gəlir. Lakin buna aludə olmamalı və vaxtında qarşına başqa tapşırıqlar qoymalısan ki, həyatın həqiqətən məna qazansın.

***

Hər zaman hisslərinizə qulaq asın. Əməlləriniz inanclarınıza uyğun gəlmirsə, narahat olacaqsınız, yüngül təşvişə qapılacaqsınız, vicdan əzabı çəkəcəksiniz. Bu işarə sayəsində vaxtında özünüzə bu sualı verə biləcəksiniz: əməlim həyat prinsiplərimə ziddirmi?

Başqa bir üsul da var. Axşamlar yatmadan öncə özünüzdən soruşun: bu gün etdiklərimlə fəxr edə bilərəmmi? Heç bir qəhrəmanlıq göstərməsəniz belə bunu dərk etmək çox vacibdir. İnsan prinsiplərinə zidd hərəkətlər edirsə, inkişaf edə, hətta sağlamlığını qoruya bilməz.

***

Elə yaşamalısan ki, tezliklə öləcəyini öyrənəndə əminliklə deyə biləsən: əməllərimin yetmiş faizi əbəs deyildi.

***

Meksika borc bataqlığına yuvarlandığı dövrdə ölkənin baş nazirinin dediyi sözləri yada saldım. Bir jurnalist ondan vəziyyətin kabus kimi yuxularını qarışdırıb-qarışdırmadığını soruşanda o belə cavab vermişdi: “Borcunuz min dollar olanda siz yata bilmirsiniz, yüz milyard dollar olanda isə bankiriniz”.

***

Daim özünü başqaları ilə müqayisə edirsənsə, dostluq edə və sevə bilərsənmi? Bu mümkündürmü?

Tərcümə: Lamiyə Göycəyeva

3.5 (70%) 6 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram