Annotasiya
“Son köç” (ingiliscə “Migrations“) – Şarlot Makkonahinin həm ölüm ayağında olan dünyaya yazılmış ağı, həm də heç vaxt ölməyən ümidin hekayətidir.
Əsərin baş qəhrəmanı Frenni Stoun bir gün Qrenlandiyaya üz tutmaq qərarına gəlir. Məqsədi hər il Qrenlandiyadan Antarktidaya yol alan dünyanın son qütb susüpürənlərinin son köçünə qoşulmaqdır. Frenni bir balıqçı gəmisinə minir, ekipajla birlikdə özünü həsrətini çəkdiyi təhlükənin qoynuna atır. Ancaq keçmişi üzə çıxdıqca aydın olur ki, o təkcə quşların dalınca düşməyib, axtardığı başqa bir şey daha var.
Karandaşın izi ilə
Biz orada kifayət qədər uzun müddət qaldıq və qaranlıq saatlarda özümüzü elə apardıq ki, guya elə onlar kimiyik… Vəhşi və azad.
***
Bircə say ayağımın iki barmağı sızıldayır, deyəsən, yavaş-yavaş istilik onlara təsir edir. Qəribədir, axı bir neçə il əvvəl onları amputasiya ediblər. Ancaq bu iki xəyali barmağı tez-tez duyuram.
***
Bu halımda belə həyəcanla çarəsizliyin qovuşduğu həmin anı yaxşı tanıyıram. Heyif ki, bu hissi ifadə edəcək xüsusi bir söz yoxdur. Halbuki mənə o qədər tanışdır ki… Yəqin, onu nə zamansa özüm düşünüb tapmalı olacağam.
***
Anamın sözlərinə görə, dünyanın bizə vəd etdiyi yeganə gözəllik romanların səhifələri arasında yaşayır. Anam belə süfrə açırdı: boşqab, fincan, bir də kitab. Biz yemək yeyəndə, o məni çimizdirəndə, çarpayımızda uzanıb tir-tir əsəndə, çat-çat olmuş pəncərəmizdən içəri dolan küləyin vıyıltısını dinləyəndə kitab oxuyardıq. Şeymas Hinini öz şeirlərində məhd etdiyi daş divarların üstündə oturanda da oxuyardıq. Çünki bu yolla, əslində, heç yerə getmədən belə çıxıb getmək olurdu.
***
Kədərin gücü onu gözəgörünməz etmişdi.
***
– Mənə avstraliyalı irland deyə bilərsən.
– Sən şairsən?
– Şair?
– Hə də, irlandların hamısı şairdirlər də.
– Sağ qalmış son qütb susüpürənlərini tədqiq edirəm. Onlar sahildə yuvalayırlar, tezliklə cənuba, birbaşa Antarktidaya uçacaqlar.
– Deməli, sən hər halda şairsən.
– Bəs siz balıqçısınız?
– Aha, siyənək ovlayırıq.
– Deməli, məyus olmağa alışmısınız.
***
– Bezginlik təxəyyülü zəif olan insanlara xas xüsusiyyətdir.
– Amma yox, darıxmaq faydalı hissdir, özündə yeni bacarıqlar kəşf edirsən.
***
Qütb susüpürənlərinin köçü yer üzündəki bütün heyvanların köçündən daha uzundur. Onlar Arktikadan Antarktidaya, oradan da geri uçurlar və bunun üçün düz bir vaxt sərf edirlər. Əslində, bu cür kiçik quşlar üçün inanılmaz dərəcədə uzun uçuşdur. Susüpürənlər təxminən otuz il yaşadıqlarından bütün ömürləri boyu üç dəfə Aya gedib-qayıtmağa bərabər məsafə qət edirlər.
***
Anam bir zamanlar deyərdi: “İşarələri axtar”.
– Nəyin işarələrini – ilk dəfə deyəndə soruşmuşdum.
– Həyatın…Onlar hər yerdə gizləniblər.
Ona görə də qərar verirəm: Antarktidaya çatandan və köçümü tamamlayandan sonra öləcəyəm.
***
– Axmağın biri, axmaq, uğur haqqında danışma!
– Nə olub ki?
– Uğursuzluq gətirir.
***
İki dünya mövcuddur. Biri sudan və torpaqdan, daşlardan və minerallardan ibarətdir. Onun nüvəsi, mantiyası, qabığı, nəfəs almaq üçün oksigeni var. Digəri qorxudan yaranıb. Mənə hər ikisində də yaşamaq nəsib olub və onların insanı aldadacaq bir şəkildə bir-birinə çox bənzədiyini bilirəm. Ancaq məsələ ondadır ki, insan bunu çox gec başa düşür.
***
Əlimdə olsaydı, quşları gedəcəkləri yerə qədər aparardım. Yoldakı bütün təhlükələrdən qoruyardım. Digər tərəfdən də ancaq axmaq bir adam hansısa canlı varlığı onun özü instinklərindən qorumaq istəyə bilər.
***
Dünyada təkcə biz qaldığımız zaman hər şey necə də darıxdırıcı olacaq.
***
Bu okeanda mən il boyu, istənilən havada, günün istənilən saatında üzürəm. Səhər və axşam üzürəm, hər imkan düşdükcə suya cumuram… Nəticədə okeanın öhdəsindən gəlməyi öyrənmək bir yana, heç onun qoynunda sağ qalmağın yollarını belə öyrənə bilməmişəm. Yalnıca onun nə qədər şıltaq olduğunu anlamışam.
…
Bir dəfə anam mənə: “Yalnız axmaq adam dənizdən qorxmaya bilər”, – demişdi.
***
Həyatım son məqsədi olmayan bir köçdür, bu isə öz-özlüyündə çox mənasızdır.
***
Hansısa bir məqsədə malik olaraq səyahət etmək necə də böyük xoşbəxtlikdir.
***
Birlikdə olmaq üçün hamımıza çox az vaxt ayrılır, bu necəsə ədalətsizlikdir. Lakin o an dəyərlidir və ola bilsin ki, yetərlidir də. Ola bilsin, bədənlərimizin torpağa qarışaraq enerjimizi ona qaytarması, torpaqdakı balaca canlılar üçün qida olması, torpağı qidalı maddələrlə zənginləşdirməsi doğru bir məqsəddir, bəlkə də, vicdanımıza sakitləşmək imkanı verilməsi də yaxşı addımdır. Bu fikir insana dinclik gətirir.
***
Ora gedib çatanda özümdən sonra bu dünyada heç nə qoymayacağam: nə genlərimi daşıyan bir övlad, nə adımı tarixə yazan bir sənət əsəri, nə bir kitab, nə də gördüyüm möhtəşəm işlər. Mən sakit və gözə görünməyəcək qədər kiçik bir həyat düşünürdüm. Lap tədqiq edilməyən, gözlərdən uzaq “Nemo nöqtəsi” kimi. Həyatın mənasını insanın ona bəxş etdikləri və qoyub getdikləri ilə ölçürlər.
Amma mən daha yaxşısını bilirəm: onun mənasını ona heç nə verməməklə, verməyib verəcəklərindən məhrum etməklə də ölçmək mümkündür…
***
– Balıqlar bir gün qayıdacaq.
– Qayıtmayacaq. Nə qədər ki insanlar sağdırlar.
***
Azadlıq və məsuliyyəti bir arada saxlamağın yolunu heç vaxt aydınlaşdıra bilməmişəm.
***
Sevməyi bacaran, lakin qalmağı bacarmayan bir varlığa mərhəmət göstərmək ədalətli deyil.
***
Görəsən, hər gecə ölən bir qadının qolları arasında olmaqdan daha acı bir tale ola bilərmi?
***
Ürəyim sıxılır. Belə bir şeyi eşitmək iqtidarında deyiləm. Çünki bu cür xəbərləri tez-tez duyuruq. Və heç nə dəyişmir. Az qalır ki, ağlayım, Nayl isə ağrıya daha soyuqqanlı şəkildə dözür. Mənə elə gəlir ki, o, doğrudan da, ümidini itirməyə başlayıb.
***
Az qala dəridən-qabıqdan çıxmağa çalışıram, çünki hələ heç vaxt başqa birinə görə məsuliyyət daşımamışam, heç kəsin qarşısında öz hərəkətlərim üçün cavabdehliyim olmayıb. Bu isə qandallanmaq kimi bir şeydir.
***
– Məni elə zərif qucaqlayırsan ki, – deyirəm.
– Sənə isə elə gəlir ki, sanki qəfəsə salınmısan?
Gözlərim yaşayır.
– Yox, – deyirəm və o an bu yeni, qəribə qandalların gerçək mahiyyətini hiss edirəm; onların siması və adı mənə məlumdur. Bu, əslində, heç qandal da deyil, bu, sevgidir. O da istisna deyil ki, bu iki söz eyni mənanı ifadə edir.
***
– Mənimlə birlikdə harasa gedərsən?
– Hara?
– Hara olsa.
– Hə, əlbəttə. Hara olsa.
***
Bütün bu “əgər”lərin içərisində ancaq təəssüf hissi yaşayır, mənimsə peşmanlıqlarım artıq okean böyüklüyündədir. Bunun əvəzinə vaxtımın çox hissəsini evdə olmadığım zamanlarda onun mənə yazdığı sözlər və baxışlar arasındakı o gizlin məqamlardan zövq almaqla keçirirəm, bütün çıxıb getmələrimə baxmayaraq, hər zaman alicənab və zərif olan olan kəlmələr arasında… Çarpayıda bir-birimizə kitab oxuyaraq keçirdiyimiz gecələrdə, bir-birimiz üçün vanna doldurduğumuz səhərlərdə, quşları görmək üçün yollandığımız səssiz, qüsursuz, qarışıqlı şəkildə nöqsansız səfərlərdə yaşayıram… Özümü elə aparmağa çalışıram ki, sanki bu cür anlarımız hələ çox olacaq.
***
Ölümümdə hansısa bir məna olub-olmayacağını anlamaq istəyirəm. Heyvanların ölümündə məna var. Amma mən heyvan deyiləm. Heyif, ancaq deyiləm.
***
Sən nə qədər güclüsənsə, dünya da sənin üçün bir o qədər təhlükəlidir.
***
Ruhuna yad bir adamla bərabər yaşamaq utancverici, əzabverici bir çılpaqlıqda yaşamaq kimidir. Lakin bu gün – elə hər gün olduğu kimi – bir-birimizə nə qədər dərindən aşiq olduğumuza heyrətlənirəm. Bax buna uğur deyərəm! Bax buna iradə deyərəm!
***
Sahib olmadığın heç nəyi başqa birisinə verə bilməzsən.
***
Mən həyatındakı sevgilər arasında ikinci yerdəyəm. Ancaq səni dənizə qısqanmaq üçün gərək axmaq olam!
***
Başqa birinin bağışlamaq bacarığını müəyyən etmək qeyri-mümkündür.
***
Bir dəfə Nayldan soruşmuşdum: o necə düşünür, biz öləndən sonra başımıza nə gəlir… Və o da cavab vermişdi: sadəcə çürüyür, parçalanırıq. Demişdi ki, həyatımızın heç bir mənası yoxdur, bu sadəcə regenarasiyanın bir siklidir, biz eyni ilə heyvanlar kimi dərkolunmaz dərəcədə qısa sürən parıltıtək ömür keçirirlər, onlardan daha artıq əhəmiyyət kəsb etmirik, həyatımız hər hansı bir canlı varlığın həyatından daha dəyərli deyil. Demişdi ki, öz təkəbbürümüz üzündən yaşamımıza məna axtardığımız üçün bizə həyat vermiş planeti başqa canlılarla da paylaşmalı olduğumuzu unuduruq.
Bu gecə ona yazdığım məktubda “mənə elə gəlir ki, sən haqlısan” deyə qeyd edirəm. Lakin eyni zamanda da mənə elə gəlir ki, həyatın mənası var və bu məna qayğıda, həyatı özümüz və ətrafımızdakı insanlar üçün daha yaşanılası hala gətirməkdədir.
***
Mən daha dəyərsiz bir varlıq olmayacağam, mənasız bir həyat sürməyəcəyəm, ona görə də dodaqlarım onun dodaqlarını axtarıb tapır və biz, nəhayət ki, ayılırıq və çoxdan atıb getdiyimiz torpağa – bir-birimizin bədəninə qovuşuruq.
***
Nayl qəfəsin mənim bağladığım qapısını açır, indi uçacağam, uçmaq məcburiyyətində qalacağam. Bizi qarşıda gözləyən hər şeyi görürəm: necə təkrar-təkrar çıxıb getdiyimi, buna görə bir də heç vaxt uşaq sahibi olmaq istəmədiyimi, Naylın nə deməsinə, nə qədər alicənab olmasına baxmayaraq, bu hərəkətimin hər dəfə ikimizi də daha çox darmadağın etdiyini…
Tərcümə: Svetlana Turan