Annotasiya
“Təhrik” (ingiliscə “Persuasion“) – ingilis ədəbiyyatının birinci ledisi Ceyn Ostinin 1816-cı ildə yazılan və müəllifin ölümündən altı ay sonra 1817-ci ildə çap olunan romanıdır.
İfrat bədxərcliyi və israfçılığı ucbatından borca düşmüş bir ingilis baronetinin qızı Anna ilə gənc kapitan Frederik Uentuort bir-birinə aşiq olur. Amma bu saf məhəbbətin qarşısını kəsən çox şey var: ictimai mühit, onları əhatə edən insanların fikirləri, ali zümrənin dəyərləri, qürur, qərəz, inciklik və əlbəttə, Annanın yaxın rəfiqəsinin təhriki gənclərin qovuşmasına mane olur.
Bu maraqlı eşq hekayəsi dəfələrlə nəşr edilib, səhnəyə qoyulub və ekranlaşdırılıb.
Karandaşın izi ilə
Ledi Rasselin ELizabetə, demək olar ki, heç bir təsir imkanı yox idi və onu, sadəcə, sevməli olduğuna görə sevirdi, daha Elizabetin buna layiq olduğuna görə yox.
***
Admiral Kroft mister Şeparda demişdi ki, bəzən əlinə silah almalı olsa da, heç vaxt adam öldürməyib. Bir sözlə, onu əsl centlmen saymaq olar.
***
O vaxt kapitan çox yaraşıqlı, ağıllı, savadlı, kifayət qədər gənc bir kişi, Anna isə incə, ciddi, zövqlü, gözəl bir qız idi. Onların bir-birinə ülfət bağlaması üçün bu keyfiyyətlərin yarısı da kifayət edirdi.
***
Annaya sevgilisinin bircə bu inamı, tez-tez aydınca ifadə etdiyi arxayınlığı bəs edirdi.
***
Ser Uolter admiralı indiyə kimi gördüyü dənizçilərin arasında ən yaraşıqlı adam saydığını etiraf etməkdən çəkinmədi. Bir az da irəli gedərək dedi ki, admiral saç düzümünü baronetin bərbərinə həvalə etsə, ser Uolter onunla ictimaiyyət arasında görünməkdən də çəkinməz.
***
Kiminsə işinə yaramaq, kiminsə güvənc yeri olmaq, əlbəttə, gərəksizlikdən daha yaxşıdır, insana daha xoş təsir edir.
***
Xoş münasibət adamı istənilən fiziki qüsura göz yummağa vadar eləyə bilər.
***
Anna onları tanışlarının arasında ən xoşbəxt adamlar sayırdı. Amma onların yerində olmaq istəməzdi. Bu, çoxumuza xas olan qəribə hissdir: həsəd apardığımız adamların yerində olmaq istəmirik. Anna da istisna deyildi: özünün iti zəkasını o qızların nəşə dolu həyatı ilə dəyişməyi arzulamazdı, əslində.
***
Anna Apperkrosa gəlmədən də bilirdi ki, onun yaşadığı yerdən çox uzaqda yox, üçcə mil aralıda tamam başqa söhbətlər eşidə, tam fərqli dəyərlər, ideallar görə bilər. Hər dəfə Apperkrosa gedəndə oradakı mühitə heyran olurdu, ya da arzu edirdi ki, kaş Eliotlar ailəsi Kellinç-holda vacib sayılan dəyərlərin burada nə qədər gərəksiz olduğunu görəydi. Bununla belə, Anna Apperkrosda başqa bir şey öyrəndiyini anlayırdı. O, insanların öz mühitindən kənarda nə qədər miskin, kiçik və dəyərsiz olduğunu görürdü.
***
Bu qəmli ailə hekayəsinin gerçək üzü bundan ibarət idi ki, Masqrouvlar ipə-sapa yatmayan, avara, zındıq bir oğul böyütmüş və xoşbəxtlikdən, onu iyirmi yaşında itirmişdilər.
…
Ailədə qətiyyən sevilmirdi və əslində, buna layiq idi.
***
Zəif xarakterin ən pis cəhəti bundan ibarətdir ki… Zəif xarakterli adamda yaratdığın xoş təəssüratın nə qədər sürəcəyini bilmirsən. Beləsini hər təsadüfi adam öz təsiri altına sala bilir. Xoşbəxtliyə can atan adam qətiyyətli olmalıdır.
***
Tənhalıq və dinclik axtarırdı, onları isə yalnız çoxluğun içində tapmaq olardı.
***
Bütün bunlar Annanın qəlbini qarışıq hisslərlə doldururdu və heç özü də bilmirdi ki, bu qarışıqda nəşə çoxdur, yoxsa iztirab.
***
Anna hesab edirdi ki, poeziyanı anlayan adam çox vaxt ondan zövq ala bilmir və nəzmin ən pis cəhəti də elə budur.
***
Sənə artıq bir dəfə demişəm: mən həmişə ondan qorxmuşam. Qorxmuşam, çünki çox ağıllı qadındır.
***
İnsanın bütün mənəvi keyfiyyətləri kimi, əzmkarlığının da bir hədd-hüdudu olmalıdır.
***
İnsanın xoşbəxtliyə qovuşmasında onun inanmaq, inandırılmaq qabiliyyəti də qətiyyəti qədər vacib rol oynaya bilər.
***
Polkovnikin həyat yoldaşını çox gözəl, məlahətli qadın kimi təqdim etmişdilər və baronet onu öz evində qarşılayacağı günü səbirsizliklə gözləyirdi. Bu görüşə Bat küçələrində hər gün, kim bilir, nə qədər eybəcər adam görən gözlərinə dinclik vermək fürsəti kimi baxırdı. Ser Uolter dedi ki, onun aləmində Bat şəhərinin ən pis xüsusiyyəti orada eybəcər qadınların çoxluğudur. O, qraflığın əsas şəhərində gözəl qadınların yerli-dibli olmadığını iddia etmirdi. Sadəcə, hesab edirdi ki, hər yerdə gözəl qadınlarla eybəcərlərin müəyyən nisbəti olmalıdır, amma Bat şəhərində eybəcərlərin sayı həddindən artıq çoxdur, heç bir əndazəyə sığmır.
***
– Mister Eliot, mənim aləmimdə yaxşı kampaniya ağzından dürr tökülən ağıllı, məlumatlı adamlardır.
– Yanılırsınız. Bu, yaxşı kampaniya deyil, ən yaxşı kampaniyadır. Yaxşı kampaniyaya isə, sadəcə, əsil-nəcabət, təhsil və kübar ədaları lazımdır. Əslində, təhsil də vacib deyil. Əsas əsil-nəcabətlə kübar ədalarıdır. Az-çox savadlı olmaq isə heç kimə ziyan gətirməz, əksinə, bu, üstünlükdür.
***
Mən başqaları üçün arzuedilən olmağımın məkandan bu qədər asılı olmağını qüruruma sığışdırmıram.
***
Heyif ki, xəstə otağının dərsləri çox vaxt dediyiniz qədər yüksək səviyyədə olmur. Düzdür, bəzən insan xarakteri çətinlikdə möhkəmlənir, cilalanır. Amma çox vaxt xəstənin otağında onun gücü yox, gücsüzlüyü nəzərə çarpır. Orada comərdlik və iradədən daha çox eqoizm, səbirsizlik, qərarsızlıq görürsən.
***
O, tələsik qərar qəbul edən, bəzən yersiz söz deyən, yersiz hərəkət edənlərin səmimiyyətinə daha çox inanırdı, nəinki ağzından heç bir artıq söz qaçırmayan, hədsiz dərəcədə ehtiyatlı, qüsursuz və qapalı adamların.
***
Səhər saatlarında o yaşda qadının evinə getmək o qədər də yaxşı deyil. Onlar səhər saatlarında o qədər az bəzənirlər ki. Heç olmasa bir az ənlik çəksəydi, bəlkə, görəni qorxuya salmazdı.
***
Bir-birimizə biganə deyiliksə, ürəklərimiz öz sözünü deyəcək, gec-tez bir-birimizi anlayacağıq.
***
– Amma diqqətinizə çatdırım ki, bütün qələm əhli qadınların vəfasız olduğunu təsdiqləyib. İstər nasirlər olsun, istərsə də şairlər. Mən Benvik qədər hafizəli adam deyiləm, amma bu dəqiqə fikrimi az qala əlli sitatla qüvvətləndirə bilərəm. İndiyə qədər oxuduğum bütün kitablarda qadınların vəfasızlığına dair qeydlərə rast gəlmişəm. Bu fikir, kim bilir, neçə mahnıda, atalar sözündə vurğulanır. İndi deyəcəksiniz ki, onların hamısını kişilər yazıb.
– Bəlkə də, deyəcəyəm. Bəli, bəli, xahiş eləyirəm, kitablardan sitat gətirməyək. Kişilərin öz fikrini əsaslandırmağa daha çox imkanı var. Elm, ədəbiyyat sahəsində onlar həmişə üstün mövqedə dayanıblar. Qələm həmişə onların əlində olub. Mən kitabları sübut vasitəsi kimi qəbul eləmirəm.
***
Sevdiyiniz qadın sağdırsa və sizin üçün yaşayırsa, onun uğrunda bütün bunları eləyərsiniz. Mənim həmcinslərimin üstünlüyü isə bundadır ki, onların ümidləri tükənəndən, sevdiklərini itirəndən sonra da sevirlər. Mən buna yalnız şərti mənada üstünlük deyirəm. Çünki həsəd aparılası bir şey deyil, onu heç kim arzulamaz.
***
Mən artıq sizi dinləyib susa bilmirəm. Əlim çatan vasitələrdən istifadə eləyib sizinlə danışmalıydım. Qəlbimi parça-parça eləyirsiniz. Ümidlə əzabın arasında qalmışam. Nə olar, bircə onu deməyin ki, çox gecikmişəm, o gözəl hissləri artıq birdəfəlik itirmişəm. Səkkiz il yarım bundan qabaq az qala sındırdığınız ürəyim özümdən çox sizə məxsus idi. İndi bütünlüklə sizə məxsusdur. Mən onu sizə təklif edirəm. Amandır, deməyin ki, kişi qadından tez unudur, onun eşqi daha tez ölür. Mən sizdən başqa heç kimi sevməmişəm. Bəlkə, ədalətsiz olmuşam, zəiflik göstərmişəm, yersiz incimişəm, amma eşqimə dönük çıxmamışam. Bata sizə görə gəlmişəm. Bütün düşüncələrimdə, hər məramımda siz varsınız. Hələ bunu hiss eləməmisiniz? Mənim qəlbimi oxuduğunuz kimi, mən də sizin qəlbinizi oxuya bilsəydim, heç bu on günü də gözləməzdim. Bu məktubu çətinliklə yazıram. Çünki bu sətirləri yazdıqca hər an məni gücdən salan sözlər eşidirəm. Siz səsinizi qısıb danışırsınız, lakin mən sizin danışığınızdan heç kimin anlamayacağı səsləri duyuram. O gözəl, füsunkar səsləri. Siz bizə qarşı ədalətsiniz. Kişilərin gerçək sevgisinə, sədaqətinə inanırsınız. F.U. da bu hisslərin ən gözəlindən xali deyil, buna inanın. Mən getməliyəm. Taleyimdən xəbərsiz gedirəm, amma imkan tapan kimi yanınıza qayıdacağam. Bu axşam atanızın evinə gedə də bilərəm, getməyə də – qərara gəlməyim üçün mənə bir söz, bir baxış bəsdir.
Tərcümə: Anar Mahmudov