Annotasiya
“Buludların üzərində ölüm” (ingiliscə “Death In The Clouds”) – Aqata Kristinin 1935-ci ildə nəşr olunmuş romanıdır. Müəllifin silsilə əsərlərinin qəhrəmanı xəfiyyə Erkül Puaro təyyarə ilə Parisdən Kroydona uçur. Enişə az bir müddət qalmış sərnişinlərdən biri – varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir.
Karandaşın izi ilə
Mənim xoşbəxtliyim fürsəti əldən verməməkdən ibarətdir!
***
– Biz ki, nəyi axtaracağımızı bilirik.
– Siz bəlkə də bilirsiniz, mon ami, amma mən elə də əmin deyiləm. Mən də axtarıram, amma mənə məhz nəyi axtardığım və nəyi tapa biləcəyim elə də aydın deyil.
***
İnsan əgər həqiqəti deyirsə, o, heç nədən qorxmamalıdır.
***
Ah, bu detektiv müəllifləri! Onlar öz romanlarında həmişə polisi axmaq yerinə qoyurlar.
***
Müxbirlər ilhama gəldilər: “Qrafın arvadı havadakı müəmmalı ölüm haqda ifadə verir”. Bəziləlri dəqiqləşdirdilər:”… İlan zəhərinin sirli işində”. Qadınlar üçün olan qəzetlərin müxbirləri məlumat verirdilər: “Ledi Xorbari ciddi görünüşlü şlyapa geymişdi və tülkü dərisindən boyunluğu vardı”.Ya da “Ledi Xorbari Siseli Blandla evlənənə qədər qəşəng qara don və təzə şlyapa geyirmiş”…
***
Onlar sadə bir çayxana axtarıb tapdılar və lovğa, etinasız ofisiant onların sadə sifarişlərini qaşqabaqlı halda qəbul etdi, sanki o görkəmiylə demək istəyirdi: “Əgər məyus olacaqsınızsa, günahı özünüzdə görün. Deyirlər, guya biz burda çay veririk, amma mən buna əmin deyiləm”.
***
Axı qətlin təkcə günahkara və qurbana aidiyyatı yoxdur. O, günahsızlara da toxunur.
***
Təcrübəmdən bilirəm ki, adamların çoxu uçan yarasalar kimi kordurlar, yeri gəlmişkən, bu, bütün xoşbəxt adamlara aiddir, amma necəsə bir hədd var axı!
***
Siz öz gördükləriniz əsasında nəticə çıxardırsınız. Heç nə adamı birbaşa müşahidə qədər həqiqətdən uzağa apara bilməz.
***
…amma olarmı ki, öz pulunla yaşaya bilməyəsən, borc edəsən, sonra da bunun sənə hədiyyə edildiyini düşünəsən? Bu düşüncəsizlikdir.
***
Hər yerdə belədir, hər bir ölkədə polis qorxudur, dəhşətə salır, ondan qorxur və uzaq qaçırlar…
***
Amma qida həzm edən cihaz beyin qırışlarına necə də təsir edir!
***
Mən həmişə cavabın hər şeydən əvvəl sualdan asılı olduğunu düşünürəm.
***
Əzizim, əgər kimsə sənə pərəstiş edirsə, yəqin ki, dərhal ikinci bir pərəstişkarın da tapılacaq. Bu, təbiətin qanunu kimidir. Bəzən ikisi, hətta üçü və ya dördü də tapılır.
***
– Siz necə düşünürsünüz, qətli açmaq üçün ən vacib olan şey nədir?
– Qatili tapmaq, – Ceyn dedi.
– Ədalət məhkəməsi, – Norman Qeyl dedi.
Puaro başını yırğaladı:
– Qatili tapmaqdan daha vacib məqsədlər var. Ədalət məhkəməsi isə gözəl sözdür, amma bəzən bunun nə anlama gəldiyini dəqiq demək çətin olur. Məncə, hər şeydən öncə, biz adamların günahsızlığını müəyyənləşdirməliyik.
***
Sensasiya tez keçir, qorxusu uzun müddət yaşayır.
***
Eyni şeyi dönə-dönə oxumaq səfehlikdir. Amma söz ona münasibətdən asılı olaraq mənasını dəyişir axı.
***
– Beləliklə, bu, çox sadədir. Deyək ki, sizə pul lazımdır – siz onu öz xalanızın ölümündən sonra alırsınız. Siz tamaşa qurursunuz, yəni xalanızı öldürürsünüz, bu da sizə nəticə: vərəsəliklə pulu alırsınız!
– Mən elə bir xalamın olmasını istərdim.
***
Eyni bir hadisənin nəticəsi müxtəlif cür ola bilər, axı o çoxlu adamın taleyinə təsir edir.
***
Qadınlar qocalır. Bu həyatın ən böyük faciəsidir.
***
Hələ baş verməyən şeylər üçün narahat olmağa dəyməz.
***
Yemək yüngül olmalıdır. Mədədəki ağırlıq beyni iflic edə bilər.
***
– Deyəsən, siz qadınlar haqda, onların necə görünmələri haqda çox düşünürsünüz, – Ceyn zarafat etdi.
– Bəlkə də. Ola bilər, bu, düşünmək üçün ən maraqlı mövzudur. Bu, sizə qəribə gəlir, çünki siz ingilissiniz. İngilis, hər şeydən əvvəl, öz işi (o bunu xidmət etdiyi yer adlandırır) haqda düşünür, sonra idman haqda və ən nəhayət (ən yaxşı halda, nəhayət) öz arvadı haqda.
Tərcümə: Aslan Quliyev