Annotasiya
“Kommivoyajörün ölümü”(ingiliscə “Death of a Salesman”) – amerikalı dramaturq Artur Miller tərəfindən 1949-cu ildə qələmə alınan bu əsər müəllifin “vizit kartı” hesab edilir. Pulitzer mükafatına layiq görülən pyesdə otuz ildən çox Amerikanın ticarət şirkətlərindən birində kommivoyajör vəzifəsində işləyən Villi Lomendən bəhs edilir. O, cavanlığında şirkətə xeyli qazanc gətirib, amma bütün insanlar kimi vaxt onun üçün də öz hökmünü verib: Villi qocalıb və şirkət daha onun xidmətlərinə ehtiyac duymur.
Əsərdə Villinin qardaşı, uğurlu iş adamı Ben Lomenin fəlsəfəsi onun fəlsəfəsinə qarşı qoyulur. “Kommivoyajörün ölümü” pyesində ideya münaqişəsi iki yol, iki həyat fəlsəfəsi – Villi və Benin fəlsəfəsi üzərində qurulur.
Karandaşın izi ilə
Dünyanın işinə bax. İşləyirsən, bütün ömrün boyu işləyirsən ki, bir evin pulunu verə biləsən. Nəhayət, ev sənin olanda içində yaşamağa adam olmur.
***
Gənclər həmişə lövbərlərini qaldırıb dəniz səyahətinə çıxır, qocalar da sahildə onlara əl eləyə-eləyə qalır.
***
– Əvvəl düşünürdüm, neynək, hələ cavandır, anlamır. Qoy dünyanı gəzib-dolaşıb ürəyinə yatan bir iş tapsın. İndi üstündən on il keçib, amma o, hələ də həftəyə otuz beş dolları güclə qazanır.
– O, hələ özünü tapmayıb, Villi.
– Otuz dörd yaşlı adamın hələ də özünü axtarması ayıbdır!
***
Əhali durmadan artır. Dəlicəsinə rəqabət! Udduğun ancaq başqasının evinin üfunətidir. Bir bax, o tərəfdə də təzə bina inşa olunur.
***
– Yuxuya gedə bilmirəm. Mədəm qıcqırır.
– Nə gəldi yeyirsən…
– Nə verdilər yeyirəm.
***
Hazırcavab adamı hamı xoşlayır, amma onlara sələmə pul verən olmur.
***
– Sən nə qədər istəmək fikrindəsən?
– And olsun ki, bilmirəm…
– And-zad içmə. Bu, ciddi söhbət deyil. On beş min dollar istəyən adam and içməz!
***
Mən həyatımın otuz dörd ilini bu şirkətə qurban vermişəm, indi adi sığorta pulunu da verməyə imkanım yoxdur! Siz məni limon kimi sıxmısınız, indi də qabığı zibilliyəmi atmaq istəyirsiniz? Yox, insan limon deyil.
***
Satıla bilməyən nəyinsə dünyanın heç bir yerində bir qara qəpik qədər də qiyməti yoxdur.
***
Bilirsinizmi Fransada necə deyirlər? Deyirlər ki, şampan üz üçün ən yaxşı boyadır.
Tərcümə: Yaşar