Annotasiya
Trilogiya kimi nəzərdə tutulan “Dr.Səid” seriyasının ilk iki kitabı:
“Bir milyonluq xəyanət”
“Bütün intiharlar cinayətdir, qatil və qurban eyni adam olsa belə”. Əsas qəhrəman Dr. Səidin dilindən eşitdiyimiz bu sözlər bütün romanın açar fikrini ifadə edir. Özünə qəsd bu gün böyük bir dünyəvi problemdir, ancaq biz çox vaxt düşünməmişik ki, bu cinayətlərin məcbur edən qüvvələri və görünməyən tərəfləri var. Bu kitab özünəqəsd mövzusunda yazılmış ilk psixoloji detektiv romanıdır.
“İkinci ruhun kölgəsi”
“İkinci ruhun kölgəsi” romanı yazıçı Vüsal Aydının “Dr. Səid” trilogiyasının ikinci kitabıdır. İlk kitab olan “Bir milyonluq xəyanət”də taleyi naməlum qalan obrazların üzərindəki sirr pərdəsi “İkinci ruhun kölgəsi”ndə qalxır. Roman qəribə, anlaşılmaz bir ölüm hadisəsi ilə başlayır və biz Dr. Səidlə birlikdə insan psixologiyasını alt-üst edən hadisələr burulğanına düşürük. Bütün bunlara baxmayaraq, əsəri tamamilə psixoloji detektiv hesab etmək doğru olmaz. Romanda detektiv əsərlərə xas olan detallar ustalıqla işlənsə də, “İkinci ruhun kölgəsi” daha çox psixoloji roman həvəskarlarını məmnun edəcək.
Karandaşın izi ilə
“Bir milyonluq xəyanət”
– Bundan başqa siz dörd nəfərsiniz, ancaq beş nəfərlik stul və beş stəkan var. Güman eləyirəm ki, mən itin yerində oturmamışam və onun çayını içmirəm.
– Yox, – Vladik dedi, – narahat olma, doktor. Mejdu proçim, “plus” eto ya, a ne sobaka.
***
Uzun müddət eyni qəmgin əhvalda qalmaq olmur. Bu sinir sisteminin müdafiə funksiyasıdır. Dərin kədərdən sorna səbəbsiz eyforiya gəlir.
***
– Canım, çox yorulursan e sən. Bəlkə arada bir tətil edək. Rayonların birinə gedək, piknik falan…
– Falan? O söz “filan” olmalı deyil?
***
Səid arxası üstə uzanıb əlini pijamanın üstünə qoydu və yuxuya gedə-gedə dedi: “Bir dəfə də siz məni geyinin”.
***
Ancaq nə qədər dərin olmasından asılı olmayaraq, bütün inancların içində şübhə gizləndiyi kimi ümidsizliyin də özəyində hər zaman xırda bir ümid var.
***
Mətbəxdə oturub pəncərədən heç vaxt yatmayan, ancaq yuxusuzluqdan da əziyyət çəkməyən Bakıya baxırdı. Bəzən şəhərə paxıllığı tuturdu. Bəzən də düşünürdü ki, şəhərlər elə yuxusuzluqdan dəli olur.
***
Cəhd eləmirsənsə, ümid eləməyin onsuz da mənası yoxdur.
***
– Bir yerdə oxumuşdum ki, məhəbbətlə ehtirasın fərqi ondadır ki, ehtirasda prinsip “mənə yaxşı olsun”dur, ancaq sevgidə əksinə, “ona yaxşı olsun”.
– Haradansa deyəndə ki, bu ya Ziyəddin Göyüşövun “Səadət düşüncəsi” kitabındadır, ya da Allahverdi Eminovun kitabında, adı yadımdan çıxıb, ancaq nəsə bu cinsi münasibətlərə aid bir kitab idi, çoxdan oxumuşam. – Bilmirəm, ancaq çox xoşum gəlir bu yanaşmadan. – Nəsrin dedi.
***
Bilirsən, müəllim… Heç kim heç kimin ölümünə qərar verə bilməz. Nə başqası, nə özü. Biz yaşamağa məcburuq! Bunun sorğu-sualı yoxdur. Bizim orqanlarımızdan heç biri öz fəaliyyətini səbəbsiz dayandırmır. Ölənə qədər işləməyə məcburdurlar! Bu məsuliyyətdən heç vaxt boyun qaçırmırlar. Ancaq biz insanlar o qədər eqoist, o qədər də düşüncəsizik ki, yaşadığımız həyatın tamamilə bizə aid olduğuna inanırıq…
***
– Sənə əziyyət olmasın? – dedi.
– Yox, heç bir əziyyəti yoxdur. Sən yola düşəndə mənə xəbər elə, vaxtı planlaşdırım.
Sağollaşdılar. Aida sevinirdi, ancaq beyninin bir küncündə bu fikir sakit axşamlarda evin bir tərəfində uçan ağcaqanad vızıltısı kimi onu narahat edirdi: “Əziyyəti yoxdur dedi, ancaq xoşdur demədi…”
“İkinci ruhun kölgəsi”
Həmişə başqasının halına yanan, özləri üçün kiminsə qayğılanmasını qəbul etməyən insanlar daxilən heç kimin marağına ehtiyac duymasalar belə, vaxtaşırı özlərində kədərli nəsə tapıb buna etiraf olunmayacaq qədər dərindən sevinirlər.
***
Nə olub e, şükür Allaha, nəyimiz çatmır, cibimizdə beş-üç manat pulumuz, altımızda maşınımız, bircə başımızda ağlımız yoxdur, o da lap əla, olanda başağrı olur adama, Ətağa…
***
Ağalar Qutun fəlsəfə haqqında “sualla başlayır, vergüllə davam edir, ancaq heç vaxt nöqtə ilə tamamlanmır” dediyi kimi, indi Səidin beynində fikirlər “niyə” ilə başlayıb, “bəlkə” ilə davam edirdi, ancaq heç vaxt “deməli” ilə tamamlanmırdı.
***
– Həm bu, həm də ustaların burğacı maqnitli olur.
– Burğac “atvyorka”ya deyirsən?
– Yox, sən burğaca “atvyorka” deyirsən.
***
Hər kəs unudula bilərmiş, xüsusən də ölənlər…
***
Unutmaq beynin qüsuru deyil, özünümüdafiəsidir.
***
– Ancaq dedin sənə ölmək üçün yaxşı yol deyəcəm.
– Əlbəttə.
– Nə yol, məsələn?
– Nə bilim. Bəlkə də, ölməyin ən yaxşı yolu elə yaşamaqdır.
***
Dörd illik nişanlı olan cütlük ilk dəfə öpüşdü.
***
Səni incidən həyatdan intiqam almağın ən gözəl yolu onu yaşamaqdır. İntihar isə məğlubiyyətdir.
***
İnsan çoxlu çayın axıb yaratdığı göl kimidir. Biz özümüzün neçə faizimizin xalis bizdən ibarət olduğunu bilə bilərikmi?
***
Oğrular üçün oğurladığı şeydən daha önəmlisi oğurlaya bilməkdir. Ondan aldıqları ləzzət. Başa düşürsən? Məsələn, oğru var, qapısı açıq olan evə girmir. Onun ləzzəti yoxdur, onu özünə sığışdırmır. Ancaq məsələn, çox qorunan bir yerdən girib bir qələm oğurlayır, o buna ləzzət verir.
***
Bir halda ki, əxlaqımızın sərhədlərini biz özümüz təyin edirik (ki, bu zülmətdə bu cümlə mənim ağlıma necə gəlir, o da maraqlı və yersizdir) onda elədiklərimizin hamısında haqlıyıq.
***
– Çinar da arvadını öldürüb, sonra unudub?
– Daha da pis. İçində iki nəfər var, biri öldürüb, o birinin xəbəri yoxdur. Bir növ, elə bil içində özünün tanımadığı ikinci ruhu var və digərinin həyatına kölgə salır.
***
“Psixoloqa da psixoloq lazımdır” – düşündü.
Ayağa qalxıb yataq otağına keçdi, gündəliyini götürüb yerinə qayıtdı, ağ səhifə açıb kağıza xeyli baxandan sonra böyük hərflərlə yazdı: “DARIXIRAM”.
***
Ən gözəl şeylər də həm heç vaxt tam sahib ola bilmədiyin, həm də qopa bilmədiyin şeylər deyilmi?
***
Avara adamın vaxtı olmaz.
***
İnsan vicdanına xoş gələn şeylər edəndə belə olur, özünü qəhrəman kimi hiss edir. Düşünür ki, vicdanım rahatdırsa, deməli, mən düz etmişəm və kənardan ola biləcək hər cür tənqid yersizdir.
***
“Xırdavat işi. Lamiyə”. Şəklin arxasına çevirdi: “Yuxuda ağzından başqa bir kişinin adı çıxdığına görə əri qarnındakı uşağın ona aid olmadığını düşünüb, elə yatdığı yerdəcə damarlarını kəsib, intihar donu geyindirib”. Digər qadın şəklinə baxdı: “İnşaatçı Raufun arvadı Mehriban”. Şəklin arxasında yazılmışdı: “Mehriban xəstəliyi ucbatından uşaq doğa bilmədiyinə görə hündür mərtəbəli yarımçıq tikilidən aşağı atılıb”. Növbəti şəklin üstündə bu qeydlər vardı: “Qəribə qəza. Dilbər”. Arxasında ölüm səbəbi belə qeyd olunmuşdu: “Maşının əyləc borusu qardaşı tərəfindən kəsilib. Maşında sevgilisilə görüşdüyündən şübhələnibmiş”. Başqa bir qadın şəklinin üstünə bunlar yazılmışdı: “Zorlanmış gəlin. Gülnarə”. Arxasında Dr.Səidin öyrəndiyi əsl səbəb qeyd olunmuşdu: “Toy gecəsi qız çıxmadığı üçün qaynı tərəfindən zorlanaraq dənizə atılıb. İntihar kimi göstərilib…”