Annotasiya
“Şam yeməyi” (orijinal adı: “Het Diner“) – Avropada ən çox oxunan on yazıçıdan biri olan holland ədibi Herman Koxun 2009-cu ildə işıq üzü görmüş və iyirmidən artıq dilə tərcümə edilmiş romanıdır. Çapdan çıxdığı il “Oxucu mükafatı”na layiq görülən kitab indiyədək milyondan çox nüxsə satılaraq müəllifinə dünya şöhrəti gətirib və üç dəfə ekranlaşdırılıb.
Restoranda bir axşam iki qardaş və onların həyat yoldaşları şam yeməyində bir məsələni müzakirə etmək üçün yığışıblar. Süfrə arxasında başlayan bayağı söhbət get-gedə dramaya çevrilir və dəhşətli ailə sirləri bir-bir üzə çıxır.
Karandaşın izi ilə
Bu restoranda yer saxlatmaq üçün üç ay əvvəldən – bəlkə də, altı, səkkiz ay qabaqdan, dəqiq bilmirəm – zəng vurmaq lazımdır. Şəxsən mən üç ay əvvəl hansı tarixdə, harda yemək yeyəcəyini planlayan adamlardan deyiləm. Ancaq, görünür, bəzi insanlar belə şeylərdən sıxılmır. Bir neçə yüzil sonra tarixçilər iyirmi birinci əsrin əvvəllərində insanların nə qədər axmaq olduqlarını öyrənmək istəsələr, ən lüks restoranların kompüterinə baxmaqları kifayətdir.
***
Mənə “xoşbəxtliyi təsvir et?” desəydilər, “xoşbəxtlik insanın daxilindədir, kənardan təsdiqə ehtiyacı yoxdur”, deyərdim. “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin hərəsi bir cür bədbəxtdir”, deyir Tolstoyun “Anna Karenina” romanının ilk cümləsi. Buna “bədbəxt ailələr və hər şeydən əvvəl bədbəxt ər-arvadlar heç vaxt bədbəxtliyin öhdəsindən təkbaşına gələ bilməzlər” fikrini əlavə edərdim. Bədbəxtlik daim özünə yoldaş axtarır. Bədbəxtliyin susqunluğa dözümü yoxdur, ələlxüsus da tənha vaxtlarda başının üstünü kəsdirib narahatlıq doğuran susqunluğa.
***
Xoşbəxtliyin zalım tərəfi budur ki, açıq kitab kimi ortadasan.
***
Əgər bir söhbətin mövzusu sürətlə öz səmtini kinoya çevirirsə, bərk məyus oluram. Demək istəyirəm ki, kinolar daha çox axşamın sonuna aiddir, yəni, həqiqətən, danışmağa bir şey qalmayanda imdada yetir. Səbəbini bilmirəm, amma insanlar kino haqqında danışmağa başlayanda qarnımın alt hissəsində boşluq hiss edirəm, təsəvvür elə ki, sən yuxudan duranda hava qaralmış olur.
***
Pis qoxu vacib nüansdır. Pis iy verən adamlara daha az mərhəmət edilir. Üfunət iyi başqalarının gözünü kor edə, onları dəliyə döndərə, qıcıqlandırıb şiddətə təhrik edə bilər. Bu qoxu hər nə qədər bir insandan gəlsə də, ona bir insan kimi hörmət eləməyə mane olur.
***
İnsanlar ölümə təhlükəsiz bir məsafədən yaxınlaşmaq fürsəti düşdümü, bunu əldən vermirlər.
***
Bir Hollandiya hökuməti ilə sonrakı arasında ən böyük oxşarlıq elə baş nazirlərimizə görə duyduğumuz utanc hissi idi.
Tərcümə: İmanyar Quliyev