“Dorian Qreyin portreti” (ing. “The Picture of Dorian Gray”) – Oskar Uayldın yeganə nəşr olunmuş romanıdır. Kitabın nəşrindən sonra cəmiyyət içində qalmaqala səbəb olmuşdur. Bütün ingilis tənqidçiləri bunu əxlaqa zidd əsər kimi qiymətləndirmiş, bəziləri isə əsərin qadağan edilməsini, müəllifə isə məhkəmə cəzası verilməsini tələb etmişlər. Uayld cəmiyyət əxlaq normalarını tənqid etməkdə günahlandırılırdı. Sıravi oxucular tərəfindən isə roman böyük rəğbətlə qarşılanmışdır.
Janr baxımından – bu, dekadent stilində yazılmış fəlsəfi kitabdır.
Romanın intriqası qəhrəmanın taleyində fəlakətli rol oynamış sehrli portret vasitəsilə iblislə sövdələşmə üzərində qurulub. Bir gün Bezil Holluord adlı rəssam gənc və çox gözəl Dorian Qreyin portretini çəkir. Və Dorian bu portretə aşiq olur. Yaraşıqlı gənc öz şəklinə tamaşa edərək bir fikirdən – portretin həmişə onun itirəcəyi gəncliyi saxlayacağı fikrindən – yaxasını qurtara bilmir. “Kaş əksinə olardı! Kaş portret dəyişərdi, mən indi olduğum kimi qalardım! Bunun üçün ruhumu iblisə satmağa da razıyam!”. Dua eşidildi, istək yerinə yetirildi!
Karandaşın izi ilə
Sadiq olanlara sevginin təkcə bayağı tərəfi qismət olur. Onun faciəsini isə yalnız xəyanət edənlər bilir.
***
Varlılar qənaətkarlığı məsləhət görür, avaralar isə elə hey məharətlə əməyin yüksək mahiyyəti haqda danışır.
***
Başqa insana təsir etmək – ona öz ruhunu vermək deməkdir. Həmin insan öz fikirləri ilə düşünməməyə, öz ehtirası ilə alovlanmamağa başlayacaq. Etdiyi yaxşılıqlar da özününkü olmayacaq, günahlarını da başqasından oğurlamış olacaq.
***
Həyatın məqsədi – özünüifadədir. Öz mahiyyətini yetərincə aydınlaşdırmaq – bax buna görə yaşayırıq.
***
Biz cəsarətimizi itirmişik. Bəlkə də o heç vaxt bizdə olmayıb.
***
Boğmağa çalışdığımız hər bir arzu qəlbimizdə dolanır və bizi zəhərləyir.
***
Ürəyi hisslərlə sağaltmaq daha yaxşıdır. Hisslərdən isə canımızı yalnız ürək qurtara bilər.
***
Siz təxmin etdiyinizdən çox, amma istədiyinizdən az bilirsiniz.
***
Gözəllik – Zəkanın bir növüdür, Zəkadan da yüksəkdir, çünki anlayış tələb etmir.
***
Həmişə!.. Dəhşətli sözdür! Onu eşidəndə ətim ürpəşir. Onu ən çox qadınlar sevir. Onlar əbədi davam etməsini istəməklə hər bir eşq macərasını korlayırlar. Bundan başqa, “həmişə” – boş sözdür. Şıltaqlıqla “əbədi məhəbbət” arasındakı fərq yalnız ondan ibarətdir ki, şıltaqlıq daha çox çəkir.
***
Sadə əyləncələrə məftunam. Onlar – mürəkkəb təbiətlilərin sonuncu sığınacağıdır.
***
Müasir kostyumlar eybəcərdirlər. Onlar öz kədəri ilə insanı incidirlər. Həyatımızda əxlaqsızlıqdan başqa parlaq heç nə qalmayıb.
***
İnsanlar necə də sabitliyin arxasınca qaçır! İlahi, axı sevgidə də sədaqət – ümumi götürdükdə fizioloji məsələdir, o heç bir vəchlə iradəmizdən asılı deyil. Cavanlar vəfalı olmaq istəyirlər – və olmurlar, qocalar xəyanət etmək istəyirlər, amma harda!
***
Ciddi cəhdlə böyük əsilzadə avaraçılıq incəsənətini öyrənməyə başlamışam.
***
– Müasir gənclərə elə gəlir ki, pul – hər şeydir.
– Həə, və illər ötdükcə buna əmin olurlar. Ancaq mənə pul lazım deyil, dayı. Onlar borcu qaytarmaq kimi adəti olanlara lazımdır. Mən isə öz kreditorlarıma heç vaxt heç nə ödəmirəm.
***
Amerikan qızları öz valideynlərini ingilis xanımları öz keçmişlərini gizlətdiyi kimi ustalıqla gizlədirlər.
***
– Əksər amerikan qadınları kimi o da özünü gözəl hesab edir. Onların uğura da bundadır.
– Bəs niyə öz Amerikalarında oturmurlar? Axı bizi həmişə inandırıblar ki, ora qadınlar üçün cənnətdir.
– Elədir ki var. Məhz bu səbəbdən anaları Həvva kimi ordan can qurtarmaq istəyirlər.
***
Yeni tanışlarım haqda hər şey bilmək istəyirəm, köhnə tanışlarım haqda isə heç nə.
***
Filantroplar xeyriyyəçiliklə məşğul ola-ola, bütün insanpərvərliklərini itirirlər. Bu, onların fərqləndirici cəhətidir.
***
Öz təsirini başqa birinin üstündə sınaqdan keçirmək – necə də əyləncəlidir! Heç nə bununla müqayisə oluna bilməz. Öz ruhunu başqasınınkına axıtmaq, ona ruhunda qalmağa imkan vermək; ehtiras və gənclik nəğməsi ilə güclənmiş fikirlərinin sədasını eşitmək; başqasına xüsusi ətir və ya zəif cərəyan kimi öz coşğunu vermək – bu, bizim kobud əyləncəli və primitiv məqsədli, darçərçıvəli və bayağı əsrimizdə insana verilən əsl həzz, böyük sevincdir.
***
Hersoginyanın sol tərəfindəki yeri Tredlidən olan cənab Erskin məşğul etdi. Qoca centlmen, kifayət qədər mədəni və xoşagələn, ancaq cəmiyyət içində susmaq kimi pis adəti olan bir insan. Özünün bir dəfə xanım Aqateye dediyi kimi, buna da səbəb, danışmalı olduğu hər şeyi otuz yaşına kimi danışıb qurtarması idi.
***
Həyat həqiqətləri bizə paradokslar halında aşkar olur. Gerçəkliyə çatmaq üçün onun kanatda necə tarazlaşdığını görmək lazımdır. Və yalnız Həqiqətin yerinə yetirdiyi akrobatik hərəkətləri görəndən sonra onu düzgün mühakimə edə bilərik.
***
İngiltərədə havadan başqa heç nəyi dəyişmək istəməzdim.
***
Yalnız Elm insanları haqq yoluna gətirə bilər. Hisslər ona görə yaxşıdır ki, onlar bizi bu yoldan uzaqlaşdırır, Elm isə – o, Hissləri tanımır.
***
İnsanlıq dünyadakı rolunu şişirdir. Bu – onun başlıca günahıdır. Əgər mağara sakinləri gülməyi bacarsaydılar, tarix başqa cür yazılardı.
***
Gəncliyi qaytarmaq üçün sizə yalnız onun bütün çılğınlığını təkrarlamaq kifayətdir.
***
– Nitqləriniz istənilən kitabdan maraqlıdır. Niyə bir şey yazmırsınız?.
– Cənab Erskin, dəhşətli dərəcədə kitab oxumağı sevdiyimdən, onları yazmıram.
***
– İndi isə gedib sizin xeyirxah xalanızla sağollaşım. Ateneuma getməliyəm. Adətən bu vaxt biz orda yuxu bişiririk.
– Hamılıqla, cənab Erskin?
– Bəli, qırx nəfər qırx kresloda. Bu yolla biz İngiltərə Ədəbiyyat Akademiyası olmağa hazırlaşırıq.
***
Bu qəribə qadının geyimi sanki keçiləri gələndə düşünülmüş və boran vaxtı əyninə taxılmışdı.
***
Kişilər yorğunluqdan evlənir, qadınlar hər şeyi bilmək həvəslərinə görə ərə gedir. Və hər iki tərəf peşman olur.
***
Elə məftun olmuşam ki, çətin nə vaxtsa evlənim.
***
– O dahidir.
– Oğlum, qadınlar dahi olmur. Onlar – bəzək cinsidir. Onların dünyaya deyiləsi sözləri yoxdur, amma danışırlar – özüdə çox mehribancasına. Qadın – ruh üzərində qələbə çalmış materiya təcəssümüdür, kişi isə düşüncənin əxlaq üzərindəki zəfər ifadəsi.
***
Qadın yalnız öz qızından on yaş kiçik görsənə biləndə tamam razı qalır.
***
Oğlum, mən elə həyatda bir dəfə sevənləri dayaz insan hesab edirəm. Onların guya vəfa və sadiqlik dedikləri şey – adət durğunluğu, ya da təxəyyül yoxluğudur. Məhəbbətdə sədaqət ardıcıl və dəyişilməz fikirlər kimidir, – bu, sadəcə və sadəcə acizliyə bir sübutdur… Vəfa! Nə vaxtsa bu hissin təhlili ilə məşğul olacam. Onda sahibkar hərisliyi var. Başqasının götürəcəyi qorxusu olmasa, məmnuniyyətlə çox şeyi atardıq.
***
Dorian, yaşa dolduqca görürəm ki, babalarımızın məmnun olduğu şeylər daha bizlər üçün keçərli deyil. Siyasət kimi incəsənətdə də…
***
– Harri! Sibila Veyn mənim üçün müqəddəsdir!
– Dorian, elə müqəddəslərə toxunmaq lazımdır da.
***
Aşiq olmaq özünü aldatmaqla başlayıb, başqasını aldatmaqla sona yetir.
***
Yeddinin yarısı! Belə tez! Bu, ingilis romanını oxumağa alçalmaq kimi bir şeydir.
***
– O həmişə mənə yaxşı məsləhətlər verir.
– Bəziləri daha çox özlərinə lazım olanları həvəslə başqalarına verirlər. Mən bax bunu böyük alicənablıq adlandırıram!
***
Adi insanlar gözləyirlər ki, həyat öz sirrlərini özü onlara açacaq. Yalnız bəzi seçilmişlərə həyat sirrləri pərdə qalxmamışdan öncə agah olur.
***
Təbiətini düzgün anlamadığımız ehtiraslar…məhz ən çox onlar bizlərə hakim kəsilir. Ən zəif hisslər isə mənbəyi bizə məlum olanlardır.
***
Qadınlar həmişə müdafiə olunaraq hücuma atılırlar.
***
Uşaq ikən valideynlərimizi sevirik. Böyüyüb onları mühakimə edirik. Olur ki, bağışlayırıq da.
***
Atalar sözlərimizi dəyişmək lazımdır. Onları qışda fikirləşiblər, indi isə yaydır…
***
Dorian o qədər ağıllıdır ki, arada axmaqlıq etməsə dura bilmir.
***
Bundan başqa, demədim ki, Dorian evlənir. Dedim ki, evlənməyə hazırlaşır. Bu isə eyni şey deyil. Məsələn, özüm, yaxşı yadımdadır ki, evləndim, amma bunu etməyə hazırlaşdığımı xatırlamıram.
***
İnsanın ən axmaq əməlləri həmişə alicənab niyyətlərindən irəli gəlir.
***
Heç nəyi bəyənmirəm və töhmət etmirəm. Heç vaxt. – bu, həyata mənasız yaxınlaşmadır.
***
Evliliyin ən əsas ziyanı insanda olan eqoizmi öldürməsidir. Qeyri-xudbin insanlar isə rəngsiz olur, öz fərdiliyini itirir. Düzdür, evlilik həyatının mürəkkəbləşdirdiyi insanlar da var. Onlar öz “mən”lərini qoruyaraq, onu başqalarının “mən”i ilə tamamlayırlar.
***
Nikbinliyin qayəsi qorxudur.
***
Biz yaxınlarımızın boynuna ondan xeyir götürə biləcəyimiz ləyaqəti qoyuruq. Və bunun alicənablıqdan irəli gəldiyini düşünürük.
***
İnsan xoşbəxt olanda yaxşı olur. Ancaq həmişə yaxşı adamlar da xoşbəxt olmur.
***
Yaxşı insan olmaq – özünlə sülh şəraitində yaşamaq deməkdir.
***
Gözəl günahlar da gözəl əşyalar kimi varlıların ixtiyarındadır.
***
Qadınlar bizi böyük işlərə ruhlandırır, ancaq həmişə onları həyata keçirməyə mane olur.
***
Sizin gözünüzdə mən – cəsarətiniz çatıb həyata keçirə bilmədiyiniz bütün günahların ifadəsiyəm.
***
Yalnız iki növ insan həqiqətən maraq kəsb edir – həyat haqda tamamilə hər şeyi bilənlər və heç nə bilməyənlər…
***
Cavanlığı qoruyub saxlamaq sirri – çirkinləşdirən həyəcanlardan uzaq olmaqdır.
***
Daha sevmədiyimiz birinin əzabları bizə həmişə gülməli gəlir.
***
Həm də qadınlar kədəri kişilərdən daha asan keçirirlər. Onlar belə yaradılıblar! Onlar yalnız hissləri ilə yaşayırlar, yalnız hissləri ilə məşğuldurlar. Sevgililərinin olmasını da kimləsə dava-dalaş salmaq məqsədilə istəyirlər. Bunu lord Henri deyir, o isə qadınları tanıyır.
***
Portret ona öz gözəlliyini sevməyi öyrətdi, – görəsən elə həmin portret onu öz ruhuna nifrət etməyə məcbur edəcəkmi?
***
Bezilin çəkdiyi portret ona həmişə həyatda yol göstərəcək, hökmranlıq edəcək. Bəzilərinə mərdlik, başqalarına – vicdan, bütün insanlara isə – allah qarşısında qorxu hökmranlıq etdiyi kimi.
***
Vicdan əzabı çəkmək, bir növ, ehtirasdır. Və özümüz özümüzü ittiham edəndə, daha başqalarının bizi danlmasına haqqı çatmadığını düşünürük. Keşiş yox, etiraf günahlarımızı bağışlayır.
***
Qadın yalnız bir üsulla kişini mömin edə bilər: həyata marağını itirəcək dərəcədə zəhləsini töksə. Bu qızla evlənsəydiniz, bədbəxt olardınız. Şübhəsiz, onunla xoş rəftar edərdiniz, – əgər həmin insana laqeydsənsə, bunu etmək lap asandır. Ancaq o çox tezliklə başa düşərdi ki, siz daha onu sevmirsiniz. Qadın biləndə ki, əri ona qarşı biganədir, ya o çox qışqırdıcı və zövqsüz geyinməyə başlayır, ya da başqasının əri aldığı gözəl şlyapaları peyda olur.
***
Ah, bu insan qorxudan qadın yaddaşı, bu nə cəzadır!
***
Axı keçmişin bütün gözəlliyi elə keçmiş olmasındadır. Qadınlar isə pərdənin salındığını anlamırlar. Onlara mütləq altıncı aktı vermək lazımdır! Bütün marağın itdiyi halda tamaşanı davam etdirmək istəyirlər. İxtiyar sahibi olsaydılar, hər bir komediya faciəyə, hər bir faciə isə təlxəkliyə çevrilərdi. Qadınlar həyatda yaxşı aktrisadırlar, ancaq onların aktyorluq duyumu yoxdur.
***
Öz yaşı ilə hesablaşmayan, mauve rəngində paltar geyinən və çəhrayı rəngə meyl edən qadına inanmayın. Bu, şübhəsiz, keçmişi olan qadındır. Başqaları gözlənilmədən həyat yoldaşlarının hər cür yaxşı cəhətlərini açıb ortalığa qoyurlar – bu onlara təsəlli əvəzi xidmət göstərir. Öz ailə xoşbəxtliklərini nümayiş etdirirlər, sanki bu – ailə səadətini pozan, onları başdan çıxarandır. Bəziləri isə təskinliyi dində axtarırlar.
***
Biz onlara azadlıq verdik, onlar isə yenə özlərinə ağa axtaran kəniz kimi qaldılar. Onlar ram olmağı sevirlər…
***
Yalnız dayaz adamlara hər hansı bir hiss və ya təəssüratdan yaxasını qurtarmaq üçün illər lazımdır. Özünü idarə edən kəs isə kədərə asan son qoyduğu kimi yeni sevinc tapmaq iqtidarındadır. Öz duyğularımın əsiri olmaq istəmirəm. Onlardan həzz almaq istəyirəm. Öz hisslərimə hökmranlıq etmək istəyirəm.
***
Keçmişi həmişə tövbə, unutmaq və üz döndərməklə yumaq olar. Gələcək isə qarşısıalınmazdır.
***
Hər bir həzz kimi sevincdə də demək olar həmişə nəsə daşürəklilik var.
***
Sönmüş şamlar dünən qoyulduqları yerdə durub, yanlarında – dünən sona kimi oxunub qurtarılmamış kitab, dünən axşam balda paltarınızın yaxasını bəzəyən solmuş gül, bir də məktub, ya qorxub oxumadığınız, ya da dəfələrlə oxuduğunuz.
***
Həyatı dünən qaldığı yerdən davam etdirmək lazımdır. Ağrı ilə anlayırıq ki, fasiləsiz olaraq gücümüzü adət etdiyimiz darıxdırıcı məşğuliyyətlər çərçivəsində xərcləməyə məhkumuq. Hərdən belə dəqiqələrdə gözümüzü açıb yeni dünya görmək kimi arzumuz olur. Bir gecəyə dəyişmiş, bizi sevindərəcək, hər kəsin yeni formada olub canlı şeylər geydiyi, açıq rəngli, çoxlu dəyişikliklər və sirrlər dolu, keçmişə heç yer ayrılmamış, ya da kiçik bir rol verilmiş dünya… və bu keçmiş əgər hələdə mövcuddursa, hər halda, öhdəçilik və təəssüflər halında yox, çünki xoşbəxtlik xatirələrinin də öz ağrı-acısı olur.
***
İncəsənət də Təbiət kimi hərdən öz forma və səsləri ilə insan gözünü və qulağını təhqir edən idbarlar yaradır.
***
Cəmiyyət – ən azından sivil cəmiyyət – varlı və xoşagələn insanları nüfuzdan saldığına inanmaq istəmir.
***
Axı insanın nəsil əcdadlarından əlavə ədəbiyyatda da əcdadları olur. Və bu ədəbiyyat əcdadlarından çoxu, ola bilsin, ona təbiəti və tipi etibarilə yaxındır, təsirləri isə onda daha çox hiss olunur.
***
Siz allah, ciddi mövzulara toxunmayın. Bizim zəmanəmizdə ciddi heç nə baş vermir. Ən azından, baş verməməlidir.
***
Ümid edirəm, mənim haqda danışmayacağıq? Bugün özümdən yorulmuşam və başqa birinə çevrilsəm, çox şad olardım.
***
Başqaları haqda şayələri eşitməyi sevirəm, özüm haqda olanlar isə məni maraqlandırmır. Onlarda yenilik məlahəti yoxdur.
***
Biz insanı yalnız başqalarına necə təsir göstərməsinə görə mühakimə edə bilərik.
***
Elə günahlar var ki, onları yada salmaq həyata keçirməkdən daha şirindir, – nəinki ehtiras, həmçinin qürur susuzluğunu yatırdan, hissiyatı nə vaxtsa razı saldığından və salacağından daha çox ruhu məmnun edən özünəməxsus qələbələr…
***
Hərdən meyid hesab etdiyimiz uzun müddət ölmək istəmir.
***
Heç nəyə fikir verməyən əri aldatmaqdan nə həzz almaq olar ki?
***
Bu tip başqa insanlar kimi o da fərz edirdi ki, çox gülərüzlülüyü ilə fikirləşə bilməmək qabiliyyətinin günahini yuyacaq.
***
Füsunkar qadınların ərlərini cinayətkar sinfinə aid edirəm.
***
Biabırçılıqdır! Bizim dövrdə adamın arxasınca danışmaq,…özüdə şübhəsiz doğru olan şeylər demək.
***
Qadın birinci ərinə nifrət edəndə ikinci dəfə ailə həyatı qurur. Kişilər isə birinci arvadlarını sevdiklərindən təkrar evlənirlər. Qadınlar nikahda xoşbəxtlik axtarır, kişilər isə öz xoşbəxtliklərini təhlükə altına qoyur.
***
Qadınlar bizi eyiblərimizə görə sevirlər. Əgər həmin eyiblər çox sayda olsa, onlar bizə hər şeyi, hətta ağlımızı da bağışlamağa hazırdırlar.
***
İndiki zəmanədə bütün evli kişilər subay həyatı, subaylar isə evli həyatı sürür.
***
Mən gələcəyi olan kişiləri və keçmişi olan qadınları sevirəm.
***
Britan xalqının irsi kütlüyünü ( əlbəttə, bu optimist ona “ingilis sağlam düşüncəsi” deyirdi) sübut edərək, onu bizim cəmiyyət üçün əsas istinadgah adlandırmışdı.
***
Deyirlər ehtirasa mübtəla olanların fikri qapalı çərçivədə fırlanır.
***
Sevən qadınlardan ikrah olunacaq dərəcədə bezmişəm. Nifrət edən qadınlar daha maraqlıdırlar.
***
Başqalarının yükünü öz boynuna götürəcək qədər uzun deyil həyat. Bir ona heyifsilənirəm ki, hərdən insan bütün ömrü boyu bir səhvinin cəzasını çəkir. Ancaq insanla hesablaşmada Tale heç vaxt onun borc dəftərini bağlanmış elan etmir.
***
Onlar axmaqlığı var-dövlətlə, əxlaqsızlığı isə – ikiüzlülüklə örtürlər.
***
– Bəs incəsənət?
– O – xəstəlikdir.
– Bəs məhəbbət?
– Xəyal.
– Bəs din?
– Yayılmış saxta inam.
– Siz hər şeydən şübhələnən insansınız.
– Heç də! Axı şübhə – inamın başlanğıcıdır.
– Bəs onda kimsiniz axı?
– Təyin etmək – məhdudlaşdırmaq deməkdir.
***
– Siz vicdansızcasına onun xoşuna gəlmək istəyirsiniz, Qledis. Özünüzdən muğayat olun! Onun cazibəsi güclüdür.
– Əgər o olmasaydı, mübarizə də olmazdı.
– Deməli, yunan yunan üstünə gedir?
– Mən troyalıların tərəfindəyəm. Onlar qadın uğrunda döyüşürdülər.
– Və məğlub oldular.
***
– Qadınlardır romantik? Siz ki hazırlıqlı vəziyyətdə elmi metodlarla çıxış edirsiniz!
– Bizi kişilər öyrədib.
– Öyrətməyinə öyrədiblər, amma bax özləri hələki sizləri öyrənə bilməyiblər.
***
– Amma cənab Qreyin mənə orxideya seçməyi nə uzun çəkdi! Gedək, ona kömək edək. Axı o hələ bilmir mən nahara nə rəngdə paltar geyinəcəm.
– Qledis, gərək ki, siz onun orxideyasına uyğun paltar seçəsiz.
– Bu vaxtından əvvəl boyun əymə olardı.
***
Qadın üçün həmişə seçim olmur.
***
Yalnız təxəyyülümüz təəssüfü günahların izi ilə getməyə məcbur edir. Yalnız təxəyyülümüz bizə hər bir günahımızın çirkin nəticələrinin şəklini çəkir.
***
– Hersoginyadan çox xoşum gəlir, amma onu sevmirəm.
– O isə sevir, ancaq siz onun az xoşuna gəlirsiz. Göründüyü kimi sizdən əla cütlük alınar.
***
– Siz ona möhkəm vurulmusunuz?
– Özüm də bunu bilmək istərdim.
– Bilmək sevgi üçün fəlakətdir. Yalnız qeyri-müəyyənlikdir bizi məftun edən. Dumanda hər şey qeyri-adi görünür.
– Amma dumanda yolu aza bilərsən.
– Ah, əziz Qledis, onsuz bütün yollar bir şeyə gətirib çıxarır.
– Nəyə?
– Ümidsizliyə.
***
– Ancaq maska hələ üstümdədir.
– Onun altından gözləriniz daha gözəl görünür.
***
Arvadımın qoşulub qaçdığı insan Şopeni əla ifa edirdi. Yazıq Viktoriya!
***
Şübhəsiz, ailə həyatı yalnız vərdişdir, pis vərdişdir. Amma olur ki, hətta pis vərdişlərə də öyrəşirsən. Bəlkə də elə ən çətini onlardan yaxa qurtarmaqdır. Onlar – bizim “mən”imizin əhəmiyyətli parçasıdır.
***
Dünyaya rəssam kimi gələnlərin beynini ürəyi əvəzləyir.
***
– İnsanın bütün dünyaya sahib olmasının nə faydası var ki, əgər o… dalı necə idi?
– Əgər o öz ruhunu itirirsə.
***
İnsanın ürəyi var, bu dəhşətli həqiqətdir. Onu almaq, satmaq, dəyişmək olar. Onu zəhərləmək və ya xilas etmək olar.
***
Qocalığın faciəsi insanın yaşlanmasında deyil, ruhunun cavan qalmasındadır…
***
Bəlkə, Qledis zəhlənizi tökdü? Bunu elə əvvəldən bilirdim. Onun hazırcavablılığı insanın beyninə işləyir.
***
Ən yaxşı halda cavanlıq nədir ki? Qeyri-yetişkənlik, sadəlövhlük çağıdır, dayaz təəssüratlar və zərərli niyyətlər dövrüdür.
***
Bu portret – sanki onun vicdanıdır. Bəli, vicdanı. Və onu məhv etmək lazımdır.