Şərqin və Qərbin münasibətləri. Osmanlı imperiyasının keçmiş paşası və onun gənc qızı Aziadə imperiya dağıldıqdan sonra Avropaya üz tutmalı olurlar. Şərq adət-ənənələri ilə tərbiyə olunmuş bu qız əslən serb olan avropalı həkimə ərə gedir. Ancaq özünü ərinin həyat tərzinə və adətlərinə uyğunlaşdıra bilmir. Şərqlə Qərbin toqquşması baş verir. Elə bu vaxt vətəninin qoxusunu özündə saxlayan İmperiyanın sonuncu sultanı ilə Aziadənin yolları kəsişir…
Karandaşın izi ilə
Cəsarət gəncliyin üstünlüyüdür.
***
– Germanistikanı öyrənirsiz?
– Xeyir, mən türkşünasam.
– Üzr istəyirəm, kim?
– Türk dillərinin müqayisəli təhlili ilə məşğul oluram.
– Aman Allah! Bu sizin nəyinizə lazımdır?
– Heç, elə belə!
***
Sürgün Qacar şahzadələrinin masasından pıçıltı eşidildi.
– Sürgün çörəyi acı olur. – onlardan biri dedi.
– Heç də elə deyil, sürgün ölkəsi ümumiyyətlə sürgünlər üçün çörək bişirmir.
***
Bəli, paşa öz qızına yaxşı tərbiyə vermişdi. O, əcdadlarının dili – türk, Allahın dili – ərəb və sevginin dili olan farcda danışırdı.
***
– Biz öz dinimizi qoruyuruq – qoca coşqu ilə dedi – bu imansız dünyada hər şey məhv olub gedir. Ancaq gün gələcək işıqla zülmət qarışacaq və Allah yolunu azmışları cəzalandıracaqdır. Günah tərəddüd edənləri izləyir və onun çoxlu üzü var.
***
– Demək, mən şaha ərə getməliyəm?
– Yox, paşa dedi – fikrimi dəyişdim. Sən Birləşmiş Ştatların prezidentinə ərə gedəcəksən və bütün Amerikanı İslama gətirəcəksən. Prezident öz donanmasını İstanbula göndərər və biz evimizə qayıda biləcəyik. Bu sənin əvəzinə mənə çatası başlıq olar.
***
Şillə yemək bu dünyada insanın başına gələ biləcək heç də ən qorxuıu şey deyil. Baxır, həmin şillə kim tərəfindən vurulub.
***
– Siz nə vaxtsa sevmisiniz? – Xasa soruşdu.
– Avropalılar heç özlərini apara bilmirlər. Tanımadığınız qadınla sevgi haqqında söhbət açmaq və onu belə acgözlüklə seyr etmək olmaz. Bizim də sizin qədər sevgidən başımız çıxır, lakin biz daha sakit və dinməzik. Buna görə də bizi “vəhşi” adlandırırlar.
***
“Kutatqu Bilik” – “Müqəddəs biliklər” ikinci yüzilliyin uyğur etikası. Səhifə əlli iki, şer on beş, Azadə fikrində tutdu və açıb oxudu – “Sənə verilən hər şey gəlir və gedir, ancaq müqəddəs biliklər qalır. Dünyada bütün varlıqlar itir və qurtarır. Ancaq yazılanlar qalır, yerdə qalanlar ötüb keçir.”
***
Allah Təala Peyğəmbərin (sav) dili ilə deyib: “Sadiq qul sədaqətsiz itdən yaxşıdır.”
***
Mənim dayəm danışardı ki, Teymur Sivaşı keçəndə o özünün ən cəsur döyüşçülərini və zəiflərdən ən xəstələrini seçib onları öldürtdürdü ki, birincilər öz cəsarətləri, ikincilər isə xəstəliklərini digərlərinə yoluxdurmasınlar…Dayəm bunları ona görə danışırdı ki, mən nə çox aciz, nə də çox cəsur olum. Ancaq, qorxuram, bu mənə kömək olmadı.
***
Qadın və kişi bir qabıq içində qozun iki ləpəsi kimidir. Bunu müdrik Sədi demişdir.
***
– Xəyanətlər yalnız romanlarda olur, həyatda yox. Əmin ola bilərsən, mən sənə sadiq olacağam.
– Məni belə çox sevirsən?
– Sevgidən sözlər danışmır. Sevgidən əllər, gözlər, ilk toy gecəsi saçlardan çıxarılan duvaq danışır. Öpüş qəbirdaşı üçün yazı deyildir – bunu hələ dahi Hafiz deyib.
– Bunu Sədi deyib, o birini Hafiz, bəs Azadə nə deyir?
– Azadə heç nə demir. Azadə sevgidən danışmır, o, eləcə sevir.
***
Biz mübariz xalqıq. Ərtoğrul bizi Anadoluya aparanda cəmi dörd yüz qırx dörd nəfər idik. Lakin biz cəsur və çarəsiz idik, ona görə də Allah bizə dünyanın yarısı üzərində hökmranlıq bəxş etdi. Bizim qadınlar gözəl, cəsarətli və ağıllı olmalıdırlar, onların ağlamağa haqları yoxdur. Bunu unutma! Qadının ancaq bir vəzifəsi var – ərinə xidmət və övladlarını tərbiyə etmək. Kişinin isə öhdəlikləri başqadır. O, öz evini qorumaq üçün əvvəllər olduğu kimi vuruşmalıdır. Buna görə də, o, bütövlükdə qadına məxsus ola bilməz. Xoşbəxt olmaq üçün bunu bilmək lazımdır. Ancaq ağıllı qadın həm xidmət, həm də hökm edir – hökm etmək üçün doğulmuş bunu çadra altından da edəcək.
***
Xosrov-paşa çox dövlətli və qüdrətli insan olub. Çox qüdrətli, o, ilk dəfə bura gələndə burada üç kəndi dağıtmağı əmr etdi. Onların yerində saray tikdi. O vaxtdan bu şəhər Saraevo adlanır.
***
– Qorxma – o demək istəyirdi – mən sənə sadiq olacağam. Ancaq heç nə demədi, sakitcə onun boynunu qucaqlayıb dururdu və Xasa onun gözlərində Asiya qadınlarının sadaqətini görürdü.
***
– Biz şərqdə daha həssasıq. Biz hələ sözün qüdrətini hiss edirik, şərqlə qərb arasında fərq elə bundadır.
– Xeyir – Rolland dedi – Qərb şüurunda individuallıq, şəxsilik hökm sürür. Bizdə isə Təklə qırılmaz əlaqə hissi var. Qərb kainatdan ayrılıb, onları birləşdirən ip qırılıb. Məğrur qərb bütün dünyadan təcrid olunmaq üçün ətrafında xəndəklər qazan monadaya dönmək üzrədir. Şərq isə kainatla qırılmaz əlaqədə yaşayır və hərəkət edir. Buna görə də, qərb incəsənəti individual və dəqiq çərçivələrə salınmış olduğu halda, şərq incəsənətində yarımçıq, ancaq eyni zaman sonsuz bir şey var.
***
Tanrı ağılsızları cəzalandırıb ağıllılara kömək edir. Bu həkim öz gözəl arvadına iki yad kişi ilə getməyə icazə verdi. Bu elə axmaqlıqdır ki, vicdan əzabına da layiq deyil.
***
Dua yuxudan, qadın isə şərabdan yaxşıdır.
***
– Vaxtını necə keçirdin? Hələki sənin jurnallarını oxuyurdum, amma heç nə başa düşmədim. Polistedialitet nədir?
– Hipofizin şişi, filologiya dilində.
***
Qadının xoşbəxtliyi nədədir? Qadın o zaman xoşbəxtdir ki, ərinin gülümsəyən gözlərini görüb bilsin ki, bu sevincin səbəbi özüdür.
***
Əcdadlarım iki qitəni fəth ediblər. Mən isə bir qadının öhdəsindən gələ bilmirəm.
***
– Qulaq as, birdən mən heç vaxt qayıtmasam nə edərsən?
– Bir də heç vaxt gülümsəyə bilmərəm.
***
Həyat qida qəbulları və iş saatlarının kədərli ardıcıllığında cəmləşmişdi.
***
Mən bir ağrıdan başqasına qaçıram.
***
Yer üzündə onun kimi iki dünya arasında asılıb qalmış və bununla belə azad xoşbəxtliyində aydın və möhkəm qala bilən məxluqun – Azadənin olması fikir ona gözlənilməz məmnunluq gətirdi.
***
Con teleqraf blankına yazdı: “Azadə Xasa, Vyana. Yolum Qadamesədir, kişilər üzərində hökmranlıq edən qadınlar olan yerə. Əgər sən də məni idarə etmək istəyirsənsə, gəl.”
***
Depressiyadan əziyyət çəkən qadınlara o, kişilərlə ünsiyyət məsləhət görürdü. Bu sahədə onun illərlə toplanmış təcrübəsi var idi. Qadınlar balaca uşaq kimidirlər, bir fərqlə ki onları müalicə etmək daha asandır. Təcrübəli nevroloq öz işini bilirdi.
***
Hər bir qadını fəth etmək olar, ancaq heç də hər biri buna layiq deyil.
***
Qardan qorxuram. Soyuq –ölüm müjdəçisidir.
***
Bugünkü qadın sabah dünənki qadın olacaq.
***
– Gününüz necə keçir, Azadə?
– Afrika haqqıda oxuyuram.
– Afrika haqqında? – Kurts maraqlandı. Ailə həyatında xoşbəxt olan qadınlar afrika haqqında oxumazlar.
…
-Belə deyin, səhrada uzaq vadi, deməli siz bu haqda oxuyursunuz. Orada qadınlar var?
– Bəli var, onlar damlarda yaşayırlar. Bütün damlar öz aralarında birləşdirilib. Kişilər üçün oraya giriş qadağandır. Qadınlar isə küçəyə çıxa bilməzlər. Damlar və küçələr arasında kişilər və qadınların görüşə biləcəyi evlər var. Qəribə dünyadır.
***
Onu öldürmədin, Xasa? İcazə verirsən ki, o arvadını təhqir etsin? Sən axı mənim ərimsən, Xasa! Qisasımı özüm almalıyam?
***
– Mənim avropa qadınlarının psixologiyasından başım çıxır – o fikirləşirdi – görünür, biliklərim İstanbulun qapılarında qurtarır.
***
-Nəsihətlər kitabından –
İmanlılar, ziddiyyətlərə diqqət edin: Franklar ləyaqətin nə olduğunu bilmirlər, qısqanclıq hissi onlara yaddır, amma bununla belə onlar ağlasığmaz cəsarət göstərirlər. Baxmayaraq ki, cəsarət ləyaqəti itirmək qorxusundan yaranır.
***
– Sən qadınlar kişiləri idarə edən Tarki tayfasındansan?
– Uzun illər əvvəl tayfamızda qadınlar və kişilər arasında mübahisə düşdü. Qadınla silahlanıb, dəvələrlə çıxıb getdilər. Kişilər onları təqib etdilər. Şiddətli döyüş baş verdi və biz – qadınlar qalib gəldik. O vaxtdan hakimiyyət bizim əlimizdədir və biz itaətkarlıq əlaməti olaraq kişiləri çadraya bürüdük- qadın susdu və sonra qururla davam etdi: – Bu yalanı biz yadlara danışırıq. Əslində heç bir döyüş olmayıb. Sadəcə kişilərə qadınların mühafizəsində yaxşıdır. Kişi qadınsız aciz və köməksizdir. Səhrada mənasız dolanır, öldürür, oğurluq edir və heç kim onun üzünü görmək istəmir. Ev və müdafiəni o, qadının çadırında əldə edir, ona görə də biz bu şərəfə layiq olmuşuq.
***
Ayn-Ül-Fras – bu Peyğəmbərin atının şərəfinə adlandırılmış müqəddəs bulaqdır. Dörd min ildən çoxdur ki, bu saat işləyir və bir dəfə də olsun dayanmayıb.
***
Qədim zamanlarda, Peyğəmbər dünyaya gəlməmişdən əvvəl Saxarada səhra tanrıları hökm sürürdülər. Məhəmmədin (sav) dəstələri dünyanı fəth edəndə səhra tanrılarını qovdular və onlar iblislərə çevrildi. Gecə yarısına kimi qumlar dünyasını Peyğəmbərin sözü idarə edir, sonra qum təpələrində qədim iblislər oyanır. Səhər namazı onları geriyə – mağaralara qovana kimi, onlar inilti və fəryad ilə səhranı dolaşır, yadlara hücum edir, səyyahları yoldan çıxarırlar.
***
Əlini, ayağını, gözünü, hər şeyi itirmək olar, vətəndən başqa.
***
– Dinclik – Con hirslə dedi – onu harada tapım?
– Özün özünə tikəcəyin evdə.
***
Bədbəxt və aciz o kişidir ki, ona evi qadın təklif edir.
***
– Nadir hallarda olur ki, bir kişinin iki arvadı bir masa arxasında sakit əyləşsinlər. – Marion dedi.
– Niyə ki? Mənim babamın dörd arvadı var idi, onlar bir-birlərini çox gözəl, hətta babamın özündən də yaxşı başa düşürdülər.
***
İlanlar dərilərini dəyişirlər ki, ruhları yaşlanaraq çiçəklənsin. Biz – insanlar ilanlara oxşamırıq. Biz ruhumuzu dəyişib dərimizi saxlayırıq.
***
– Arvadım sizin haqqınızda çox danışıb – Xasa dedi – Peşəniz və adınız göstərir ki, siz qərb mədniyyətinə ağıllı-başlı daxil olmaq üçün Asiyanın tozlu paltarlarını atmısınız. Arvadım isə əksinə, bugün də yerdə əyləşib yemək yeyərdi.
– Nəyi nəzərdə tutduğunuzu anlayıram. İnsanın yerdə oturub yemək yeməsini siz tam mədəniyyətsizlik əlaməti hesab edirsiniz. Ancaq torpaq insanın beşiyidir, insan ondan ayrılmağa məcbur deyil. Biz torpaqdan əmələ gəlmişik və ondan üz döndərə bilmərik. Əksinə, insan yarandığı torpaq parçası ilə birləşməyə can atmalıdır. Asiyalı torpağa bağlılığını hiss edir və sevinclə onun qarşısında əyilir. İnsanlar torpaqdan sonsuz, sirli enerji alırlar. Ona görə də, biz torpaqda oturub ibadət edirik, alnımızla nə vaxtsa qovuşacağımız torpağa toxunuruq.
– Elədir – Xasa dedi – məscidin günbəzləri altında bu duaları eşitmişəm. Ancaq torpaqdan əmələ gələn insan yuxarıya can atmalıdır. Zahirən bunu qotik kilsələrin şpilləri ilə müqayisə etmək olar. Onlar hündür olmayan və nəhəng enli günbəzləri olan məscidlərdən daha hündür və nəcibdirlər.
– Məscidlər Asiyanın daşa geydirilmiş ruhudur. Çox insanlar məscidlərə baxır, ancaq heç bir imansız onun simvolikasını anlamağa qadir deyil. Heç kim günbəzlər, kubik bünovrə, çoxüzlu arakəsmələr, alovun rəmzi olan minarələrin ideyasını anlamadı. Şərqin hər yerində Allah evləri bu dörd ünsürdən ibarətdirlər və tək bir şeyi ifadə edirlər: Ruh öz cismini əldə edərək, onu iki dünyanın birləşməsində ifadə olunan Allahın mərhəmətinin əsasına çevirir. Haqlısınız, məscidlərə qotikaya xas olan xətlərin dəqiqliyi və göyə hərəkət (canatma) çatmır. Məscidlər geniş, möhkəm təməl üzərində ucaldılır və onların günbəzləri vahid sferada yerə enir.
– Məscidlərə təxəyyülü heyrətləndirən göylərə ucalmaq istəyi çatmır. Necə ki, sizin rəssamlıqda da həyatın heç bir əlaməti yoxdur. Boz dünya – rəngsiz dünya!
– Haqlısınız, Asiya ilahi, Avropa isə dünyəvi anlayışlara can atır. Ona görə də, Avropaya real, həyat dolu obrazlar lazımdır. Asiya isə ruhu materiya xaricində axtarır. Bu məhfumların fani insan və heyvanların vasitəsilə ilə təsvirinin platon ideyasından imtinadır.
***
Onun evinin axırıncı daşı qoyulmuşdu.
***
Ata, imansızların sürdükləri həyat ancaq onların özləri üçün yaxşı və maraqlıdır. İstanbulda doğulmuş qadın üçün isə bu həyat pis və maraqsızdır. Onların dünyasında həddindən çox kişi və az uşaq var. Bizdə isə əksinə kişilər az, uşaqlar isə çoxdur. Hərçənd ki, buradakı kişilər özləri balaca uşaq kimidirlər. Təəssüf ki, burdakı uşaqların necə olduğunu deyə bilmərəm, çünki burda uşaq görməmişəm.
***
İnsan açıq zehnə və eyni zamanda ağılsız ürəyə sahib ola bilər.
***
Vətənini və ruhunu heç vaxt onlara sahib olmayan kəs itirir.
***
Axı çox şey qadından asılıdır: xoşbəxtlik və bəla, həyat və ölüm. Qadın ağıllı olmalıdır ki, ləyaqətli olmağa və insanların gözlərinə sakit baxmağa gücü çatsın.
***
Biz səni Bremendə gözləyirik, yaradılışdan ölümə olan yolu, Allah tərəfindən yazılmış yolu, axmağın qorxu ilə, cəsurun qururla, müdrikin isə gülümsəyərək keçdiyi yolu birlikdə təbəssümlə getmək üçün.
Tərcümə: Sevinc Məmmədova