Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Frans Kafka “Atama məktub”

kko_frans_kafka_atama_mektubAnnotasiya

Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının “Məktublar”ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdırmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: “Sabah “Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun…”

 

Karandaşın izi ilə

…çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.

***

*
Başqa atalar kimi üzdə göstərməsəm də, səni həmişə çox istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü yalandan başqa cür göstərə bilmirəm.

***

*
səni gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin daha çox olurdu, çünki həmin təsir adətə çevrilmirdi.

***

**
Onda mənə bir az ruh, bir az mehribanlıq, getmək istədiyim yolun bir az açıq olması lazım idi, ancaq bunun əvəzində sən o yolu bağladın və məlum məsələdir, bunu xoş niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna yaramırdım.

***

*
Sən öz gücünlə özünü elə bir səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə sonsuz dərəcədə inanırdın.

***

*
sən hər şeydə mənim üçün yeganə ölçü vahidi idin.

***

*
Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı məsələ barədəsə fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər hansı fikir də istisnasız səhv olmalı idi.

***

*
mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər.

***

*
Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda öz təbii nəticəsini verdi: mən danışmağı yadırğadım..

***

*
Sənin xoşuna gəlməyən bir işə başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da alınmırdı.

***

*
Sənin zor gücünə qazandıqlarını biz evdə əlindən alırdıq, ancaq bayırda da bizə mübarizə aparmaq lazım gəlirdi. Sənə asan başa gələn bu mübarizəni biz yaşa dolandan sonra uşaqlığın gücü ilə aparmalı olduq.

***

*
birbaşa mənə yönəlməsə də, söyüşə dözə bilmirəm. Uşaqlıqdan belə şeylərə çox həssas idim

***

*
Öz işçilərinə “muzdlu düşmənlər” deyirdin. Əslində, elə idilər, ancaq, deyəsən, onlar belə olmamışdan əvvəl sən özün “muzdur saxlayan düşmən” idin.

***

*
simic bir uşaq idi, onunla oturub-durmazdım, danışmazdım, çünki mənə özümü xatırladırdı: mənim kimi aldığı tərbiyənin qulu idi. Ən çox da simicliyinə görə zəhləm gedirdi, çünki özüm ondan da simic idim. Bu simiclik bədbəxtliyin birinci nişanəsidir.

***

*
Səndən o qədər uzaqlaşıb ki, onu görmürsən, yalnız təsəvvür elədiyin yerdə xəyalında canlandırırsan.

***

*
Bəli, o heç vaxt özünə sənin gözünlə baxa bilməz, heç vaxt sənin iztirablarını duya bilməz, buna görə ümidsizliyə qapılmaz – ümidsizliyə qapılmaq mənim peşəmdir – ancaq kədərlənə bilər.

***

*
Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir cümlə ilə ifadə edirdin: “Qurban olduğum mənə zir-zibil qoyub gedib.” Bu cümlə nə qədər küfr səslənsə də, insanlarla rəftarında günahsızlığını sübut edirdi.

***

*
Bununla da, sən dediyin kimi, yalnız ailəyə bağlılığımı itirmədim, əksinə, bu bağlılıq çoxaldı, ancaq əks istiqamətə – mənfiliyə, səndən daxilən qopmağa (özü də həmişəlik) yönəldi.

***

*
Bunu da ona görə deyirəm ki, nə vaxtsa, hardasa, ümumi mənzərə aydın olmayanda elə bilməyəsən ki, bunun günahı dəlil-sübut çatışmazlığındadır. Yox, sübut çoxdur, ancaq onlar məsələni həddindən artıq çılpaqlaşdırar, dözülməz dərəcəyə çatdırar.

***

*
Qorxur ki, utancaqlığı özündən çox yaşaya

***

*
Əlbəttə, mən yazmağa başlayan kimi, bundan xoşun gəlmədiyini o dəqiqə büruzə verirdin və onda, müstəsna hal kimi, bu “xoşa gəlməməyin” özü mənim xoşuma gəlirdi. Düzdür, mənim xudbinliyim, mənim şöhrətpərəstliyim kitablarım çıxarkən dediyin o məşhur – “Yaxşı, apar yataq otağındakı tumbanın üstünə qoy…” – təbrik cümləsindən (təzə kitab gələndə, adətən sən kart oynayırdın) xeyli əzab çəkirdi, ancaq, əslində, sevinirdim və bu sevinc də sənə qarşı yaranan kin-küdurətlə, münasibətlərimiz haqqındakı fikirlərimin bir daha təsdiq olunması ilə bağlı deyildi, əslində, bunun kökü daha uzaqlara gedib çıxırdı, o vaxtlar dediyin bir cümləni xatırladırdı: “Hə, indi azadsan!”.

***

*
Sənin fikrincə, uşaqlığımda həmişə çox oxuyur, sonralar da çox yazırdım. Ancaq burda zərrə qədər də həqiqət yoxdur. Əslində, şişirtmədən demək olar ki, az oxudum, heç nə də öyrənmədim. Uzun illər ərzində orta səviyyəli bir yaddaşla, o qədər pis olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda saxlaya bilməyim də çox təəccüb doğurmamalıdır, ancaq, hər halda, topladığım biliklərin nəticəsi, ən çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan vaxtla, pulla müqayisədə çox cılız görünür.

***

*
Mənim əmək məhsuldarlığım işdə də (orda tənbəllik az nəzərə çarpır və üstəlik də qorxaq olduğum üçün çox ağ eləmirdim), evdə də az olurdu. Bunları hesablaya bilsən, dəhşətə gələrsən. Çox güman ki, mən təbiətən tənbəl deyildim, ancaq görməyə iş yox idi.

***

*
Onda mənim dərsə marağım – təkcə dərsə yox, həmin vacib yaş dövründə məni əhatə eləyən hər şeyə – pulları mənimsəmiş bank işçisinin öz işinə marağı kimi idi: hələ vəzifəsində qalır, ancaq işin üstü açılacağı gündən bərk qorxur, bununla belə, məmur kimi gündəlik bank əməliyyatlarını aparır.

***

*
Deməli, sənət seçimində sözün həqiqi mənasında azad deyildim, çünki bilirdim: gimnaziyada olduğu kimi, əsas məsələ ilə müqayisədə hər şey mənə maraqsız olacaq, deməli, elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox da toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin. Məlum məsələdir ki, burda hüquq elmi yada düşməli idi.

***

*
Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.

***

*
Təsəvvür elə ki, bir nəfər beş alçaq pilləni çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür. Birinci nəinki beş pilləni, lazım gəlsə, lap yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat yaşamış olacaq, ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək.
Evlənmək, ailə qurmaq, uşaq sahibi olmaq, bu fani dünyada onları böyüdüb başa çatdırmaq, mənim fikirimcə, insana bəxş olunmuş ən böyük nemətdir. İlk baxışda bunun hamıya nəsib olması onun asanlığı demək deyil, çünki, birincisi, əsl həqiqət də hamıya qismət olmur, ikincisi, “qismət olanlar”ın özləri “belə eləmir”, sadəcə olaraq, “başlarına gəlir”.
Düzdür, bu həmin nemət deyil, ancaq çox böyük və şərəfli işdir (ən çox da ona görə ki, “özü eləməklə” “başına gəlməy”i bir-birindən ayırmaq olmur)

***

*
Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur.

***

*
biz başqa-başqa adamlar idik. Məni maraqlandıran şeylər sənin vecinə olmurdu və ya əksinə… Sənin günahsızlıq hesab elədiklərin mənim üçün günah idi və əksinə… Sənin üçün qorxusuz bir şey mənim üçün tabut ola bilərdi…

***

*
cəsarətli görünmək üçün burda özümə xas bir həyasızlıq etdim, çünki mənim kimi qorxaqlar “böyük təhlükələr”in nə olduğunu bilməzdi

***

*
Əgər dünya yalnız ikimizdən ibarət olsaydı, – belə təsəvvür mənim üçün çox doğma idi – onun təmizliyi səninlə bitər, verdiyin məsləhətə uyğun olaraq çirkabı da mənimlə başlayardı.

***

*
Bəlkə də bu misalda heç birimizin günahı olmadığı daha aydın görünər: A adlı birisi B adlı digərinə sağlamlığını bir az qorumaq üçün açıq-saçıq, öz dünyagörüşünə uyğun gələn, o qədər də gözəl olmayan, ancaq bu gün də şəhərdə hamı tərəfindən qəbul olunan bir məsləhət verir. Bu məsləhət əxlaqi baxımdan B üçün münasib deyil, ancaq niyə də illər ərzində bu bəladan canını qurtamayaydı?! İstəsə, bu məsləhətə heç əməl etməz, ancaq burada onun gələcəyini korlaya biləsi bir şey də yoxdur. Ancaq buna oxşar nəsə baş verir və ona görə baş verir ki, A sənsən, B də mən.

***

*
Hər iki evlənmək cəhdi yaxşı niyyətlə olmuşdu: ev-eşik sahibi olmaq, müstəqil yaşamaq… Sənin ürəyincə olan niyyət idi, ancaq uşaq oyununa çevriləndə mənasını itirirdi: elə bil, biri digərinin əlindən yapışıb və onu hətta bərk-bərk sıxaraq deyir: “Get də! Get dəəə… Niyə getmirsən?”. Bizim məsələdə vəziyyət bir də ona görə belə mürəkkəbləşdi ki, sən o vaxt vicdanla “Get! Get!” demisən, ancaq elə o vaxtda da bilməyibsən ki, varlığın məni tutub saxlayıb, daha doğrusu, tərpənməyə qoymayıb.
Qızların hər ikisi, təsadüfi olsa da, çox yaxşı seçim idilər.

***

*
Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, inanılası deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil, kimsə türməyə düşüb, qaçmaq istəyir, bəlkə də qaça bilər, ancaq eyni zamanda da istəyir ki, bu türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər qaçarsa, düzəldə bilməz – düzəldərsə, qaça bilməz.

***

*
Ancaq bunun üçün gərək olanlar olmamış olaydı, yəni, heç birimiz olmayaydıq.

***

*
Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və ya əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır və evlənmək də həmin “boş” yerlərin arasında olmur.

***

*
Belə bir fikir var: adam bəzən evlənməkdən ona görə qorxur ki, onun bir vaxtlar valideynlərinə tutduqlarını uşaqları sonralar özünə qaytaracaq.

***

*
“Əlindəki sərçədir, tutmaq istədiyin göyərçinsə dama qonub” məsəli də buna az uyğun gəlir, çünki əlimdə heç nə yoxdur, nə varsa, damdadır. Ancaq mən “heç nəyi” seçməliyəm, çünki mübarizənin şərtləri, həyatın çətinlikləri belə tələb edir.

***

*
Səninlə bir yerdə yaşadığım həyat burda sona yetir və gələcəyə nə vəd etdiyi də aydın görünür.

***

*
Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşarat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən.

***

*

Tərcümə: Vilayət Hacıyev

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram