Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nizami Gəncəvi “Sirlər Xəzinəsi”

kko_nizami_gencevi_sirler_xezinesiAnnotasiya

Dahi Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən 1177-ci ildə tamamlanmış və məşhur “Xəmsə”yə daxil edilmiş bir əsərdir. Əsəri şair uzaq Ərzincan vilayətinin hakimi Fəxrəddin Bəhram şah ibn Davuda həsr edib. Bu əsər Xəmsədəki digər əsərlərdən daxili quruluşuna görə xeyli fərqlənir. “Sirlər Xəzinəsi” öz məzmun və forması baxımından Nizaminin ən mürəkkəb, ən çətin əsəridir. Əsər iyirmi “Söhbətdən” ibarətdir və orijinalı fars dilindədir. Sizə təqdim etdiyimiz parçalar Süleyman Rüstəm və Abbasəli Sarovlu tərəfindən tərcümə edilmiş və ən son 1981-ci ildə yenilənmişdir.

 

Karandaşın izi ilə

Şəfqətli, ədalətli tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır açar.
Hər sözün, düşüncənin odur əvvəli, sonu,
Nə söyləsən, tanrının adıyla qurtar onu.
Qüdrətiylə varlığa həyat verər həyatda,
Əbədiyyət timsalı özüdür kainatda.
Ən ulu sərkərdədir gərdişdəki aləmə,
Cavahir həmaili yaraşıqdır qələmə.

***

Yaratdığı yerlə göy çox boşalıb dolacaq,
Bu varlıq olmasa da – olmuş, olub, olacaq.
Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin,
Bu sirri açammadı, bu sirr çətindir, çətin.
Sonsuz səhradır mülkü, əbədidir bu səhra.
Əvvəlini arasan – əzəlsiz bil sən onu,
Axırını sorsalar – sonsuzluqdadır sonu.

***

Sən, ey bütün varlığa həyat verən, can verən!
Gildən yaranmışlara nəfəs verən, qan verən!
Bayrağın altındadır, ulu tanrı, xilqətin,
Biz səninlə mətinik, sənsə əzəldən mətin.
Mümkünmüdür bənzədək varlığını bir şeyə?
Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə.
Dəyişməyən özünsən bu sonsuz kainatda,
Ölməzliyin timsalı varlığındır həyatda.
Biz hamımız faniyik, əbədiyyət sənindir,
Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.
Hökmünlə, fərmanınla dolandırırsan yeri,
Sütunsuz saxlayırsan yaşıl günbəz göyləri.

***

Qəlbi ağlın nuruyla döndərmisən qəndilə,
Şirin-şirin danışmaq öyrətmisən sən dilə.
Hökmünlə vaxt olar ki, uzanar da gecələr,
İşıqlı gündüzünü qoymaz darda gecələr.

***

Sən, ey bəşər yox ikən, əzəl gündən var olan,
Sən – əbədi qalansan, biz – torpaq, qubar olan.
Dövran özü yəhərlər mindiyin kəhərini,
Yeddi fələk çiynində gəzdirər yəhərini.
Dərbədər dolanaraq “pənah ol” deyənik biz,
Qapının halqasıtək qapını döyənik biz.

***

Köməksiz biçarəyik, əlindədir çarəmiz,
Sən də çarə qılmasan, kimdən umar çarə biz?

***

Kimə pənah aparaq səndən başqa dünyada?
Pənah varmı sığınaq? Amandır, yetiş dada!
Yalnız öz dərgahındır bizim qibləgahımız,
Əgər sən də olmasan, kim olar pənahımız?!
Dərgahında əl açan varmıdır bizim qədər?!
Keçməsən – günahkarıq, bağışlasan – günahsız,
Pənah ol pənahsıza, qoy qalmayaq pənahsız.

***

Varlığına varsa da, hanı olduğu dərgah?
Allah ola bilməzdi yeri bilinsə hərgah.
Qüdrətini danma ki, kafirlik, xamlıq olar,
Yerini axtarma ki, o da avamlıq olar.
Sanma görüb-görüşdü peyğəmbər də özüylə,
Gördü ağlın gözüylə, ürəyinin gözüylə.

***

Harda ki, daşqəlbli var, avam, nadan, naşı var,
Orada daşqalaq var, dəlilər savaşı var.
Dəlilik məlhəmilə ağıllanmazdı dəli.
Sındırmasa incini, əzib ovmasa ləli.

***

Torpağının ətrindən ətir saçandı yurdun,
Fitnə, nifaq qoxuyur sənsiz haçandı yurdun.
Harınların əlindən bu taxtı al geri sən,
Alçaqlar ləkələdi, təmizlə minbəri sən.
Cin-şeytan yuvasına döndərdilər dünyanı,
Qoy zalımın, namərdin yerdə çürüsün canı.
Acgöz harınları sən həsrət qoy naz-nemətə,
Torpaqsız qoy onları – uydular qənimətə.
Hamımız cansız bədən, gəl, gəl, can ol sən bizə,
Hamımız qarışqayıq, Süleyman ol sən bizə.
Karvanımız soyulmaz, darğamızsan sən özün,
Bayraqdarı neylərik, sərkərdəmizsən özün.
Məsləkindən döndərib, azdırıblar hərəni,
Qəsdə girib kəsiblər, yol-izi, bənd-bərəni.

***

Azğına, yolsuzlara əsarətin gərəkdi,
Aman yox amansıza, cəsarətin gərəkdi.
Beş yüz əlli doqquz il yuxuya dalmısan sən,
Dünyanın axırıdır, bəs harda qalmısan sən?
Qalx! Qoy sənin hökmünlə İsrafil adlı mələk,
Qəndilləri söndürsün, işıqsız qalsın fələk.
Sirdaş ol pərdələri açılmayan dərgaha,
Biz qəflət yuxusunda, sənsə, yatma, qalx daha.
Bu fəlakət evinin bəla, fəlakətindən,
Hamını xilas eylə, qurtar dardan, çətindən.

***

Əzəldən hünər topu yaratdılar hüzura,
Könül mülkü – meydandı, top atdılar hüzura.
Ilk zərbəni vurmağa Adəm çıxdı irəli,
Qələbə əzmi ilə əsdi çövkənli əli.
Sünbülü görən kimi, atı üstünə cumdu,
Topu ala bilmədi, ah, bu necə hücumdu?!
Nuh susayıb dirilik çeşməsinə can atdı,
Çeşmənin sorağında gəmisi suda batdı.
Ibrahim gəcavədə xəcalətdən sıxıldı,
Yarı yolda üç dəfə gəcavədən yıxıldı.
Davudun boğulanda, tutulanda nəfəsi,
Zilə qalxa bilmədi, inlədi bəmdə səsi.
Daim ədalətindən nəşə duydu Süleyman,
Peyğəmbərlik tacına sanma uydu Süleyman.
O quyudan qisməti, ah, nə oldu Yusifin?!
Nəsibi bir kəndirdi, bir də yoldu Yusifin.
Gedər-gəlməz səfərə atını çapdı Xızır,
Ətəyini isladıb, çeşməni tapdı Xızır.
Camı boşdu həqiqət sorağında Musanın,
Sındı ümid şüşəsi Tur dağında Musanın.
Niyyət bais deyildi təlaşına İsanın,
Atasızlıq qaxıncdı öz başına İsanın.

***

Ayağım torpaqdadır, çoxda ki, yerdəyəm mən,
Sözümlə, şöhrətimlə uca göylərdəyəm mən.
Dünyanı ayaqla yox, dolanmışam başımla,
Ayaqdəyməz yerlərə yol açmışam başımla.
Üzüm ağ, alnım açıq, başdan aşıb sevincim,
Könlümün aynasıdır şölə saçan söz incim.
Hünərimi əks etdim sözümün güzgüzüsündə,
Aləmi canlandırdım gözümün güzgüsündə.
Hansı könül güzgüsü əksimi əks eləyər?
Hansı işıq çeşməsi yanğıma su çiləyər?
Ağlın iti nəzəri seyrə daldı hər yanı,
Dolaşdı başdan-başa zirəklikdə dünyanı.

***

Bayquş – səadət quşu bir humay olub indi.
Ayağının altında başlar zay olub indi.
Ədalətin çoxluğu hekayətə dönübdür,
Şikayətin yoxluğu şikayətə dönübdür.

***

Nizaminin yanında özünü öyən olmaz,
Nizami olan yerdə “şairəm” deyən olmaz.
Hamını qabaqlayıb qabağa getmişəm mən,
Sənətin yollarında hamını ötmüşəm mən.
İti söz almazından ələ qılınc almışam,
Ləng gələnin başını bədənindən salmışam.

***

Yeniliklər törədən bu qoca kainatda,
Sözdən incə, kəsərli heç nə yoxdur həyatda.
Düşüncənin munisi, gözəl sirdaşı sözdür,
Unutma ki, insanın əzəl sirdaşı sözdür.

***

Sanma bayraq söz qədər zəfər çalar hər yanda,
Qələm öz qüdrətilə ölkə alar hər yanda.

***

Sən kəlamı bəzə ki, zövq alıb gülsün ürək,
Hikmətli kəlamlara ölçü, qafiyə gərək.
Şairlər yaratdığı sözdən qiymətli nə var?
Sözlə iki dünyanın xəznəsini alarlar.
Xəznələr açmaq üçün açar gərəkdir, açar,
Açılmaz xəznələri şairlər sözlə açar.

***

Qanadlı kəlamları uçurmamış göylərə,
Fələk kimi yorulma, həsəd çəksin göy yerə.
Odlu düşüncələrdən şama dönəsən gərək,
Gecə alovlanasan, gündüz sönəsən gərək.

***

Tapdığın hər incini sinənə taxmaq nədir?
Ondan gözəl incilər axtar ki, sinəndədir.

***

Sağlığında inəyin muncuq bəzər boynunu,
Əldən düşən zamanda xəncər kəsər boynunu.

***

Məlul-məlul dayanma, qovuş gözəl dildara,
Qəmli qəlbin qəmxarı, – könül kimi yar ara,
Dərd çəkməyə dəyərmi, bir qəmxara qovuşsan?!
Sındır qəmin boynunu, belə yara qovuşsan,
Qəm-qüssədən üzülən canından əl üzəndə,
Son nəfəsdə dirçələr, dostu-yarı süzəndə.
Bir cana odlu nəfəs – yarla yarın vüsalı,
Yar nəfəsi yandırar hər kədəri, məlalı.

***

Hamının öz sirdaşı, yarı vardır cahanda,
Əsil yar havadardır, xilaskardır cahanda.

***

Ərşin qadir sultanı yaradanda dünyanı,
Ayrı aləm yaratdı bu bədəni, bu canı.
Pərvərişi, şəfqəti daim bəsdi onlara,
Ayrılmaz sirdaş kimi nigah kəsdi onlara.
Qucaqlaşıb yatdılar, dünyaya gəldi könül,
Oğultək taxta çıxdı, gör nə yüksəldi könül.
Könülü ülviyyəti sultanlığa səslədi,
Bir mənəvi, cismani ata, ana bəslədi.

***

Neştər kimi tikandı o qəmzəli baxışlar,
Qıvrım saça baxanda gözdən yağar yağışlar.
Aşiqinə tuşlanıb qəmzəsinin oxları,
Kamandan ox süzməmiş qurban gedir çoxları.

***

Sözümlə əbədiyyət fərşi toxumuşam mən,
Gözümlə ürəkləri, ərşi oxumuşam mən.
Muştuluq naməsidir əsərim ürəklərə,
Baxışlardan zillənib nəzərim ürəklərə.

***

Nurlu gecə tənhalıq aləminin özüdür,
Şamları – düşüncənin şölə saçan gözüdür.
Yanan udu, gülabı anlamayan naşıdır,
Onlar dərdli aşiqin ahıdır, göz yaşıdır.

***

Cansız buğda nəydiki, elə alçaldı Adəm,
Buğdanın sinəsitək lüt-üryan qaldı Adəm.
Şeytan vəsvəsəliydi, xaindi, yaramazdı,
Ürəyinə girməsə, buğda da aramazdı.
Dişbatmaz, qupquruca, daş kimi bir buğdanı
Tamahlanıb yeyəndə ağıl, düşüncə hanı?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Arpa cadı yeməkdən heç zaman bezikmə sən,
Adəm tamah saldığı buğdaya göz dikmə sən!
Könülün qasidisən, iblisə müti olma,
Əmirin aslanısan, qapılar iti olma.
Haçan ki, Adəm kimi, tövbən bilinər sənin,
Çirkinlik ləkələrin tamam silinər sənin.
“Günahkaram” deyənin nə qorxusu, nə dərdi?!
Etirafı Adəmi peyğəmbərə döndərdi.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Yazda gül dəryasında gültək üzən gəmi ol,
Demirəm tikan kimi sükutun həmdəmi ol!
Xəzan vaxtı yelkən aç könül ümmanında sən,
Qorxu-təlaş kürəsi qalama canında sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Gendən baxan şir sanır, şir ürəyin hanı bəs?
Hər ürəyi olana igid, cəsur deyilməz.
Şirlərin, aslanların rəsmi çoxdur sarayda,
Camı yox ki, tərpədə yüz zopa da, haray da!
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Fələklərə yüksəldər hünər, cəsarət səni,
Hünərsiz alçalarsan, tapar əsarət səni.
Taleyin günəşi ki, batmağa can atandır,
Ürək azca qorxudan dərdə, qəmə batandır.
Yoxsa uca fələkdən niyə qorxub əsirsən?
Ölkələr fatehitək çünki ona əsirsən.
Fələktək mətanətli, ətalətdən uzaq ol,
Fələkdəsən, fələklə ədavətdən uzaq ol!
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Şirin sulu bulaqtək coşub çağla həyatda,
Şirin suyun yerini nə verər kainatda?!
Gövhər kimi saf insan zərif olar cahanda,
İnsan nəyə gərəkdir təlaşı yoxsa canda?!
Külək zirək olmasa dolanarmı çəməni?
Qaf dağından ağırsan, ətalət basıb səni.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Bu dünyanın sarayı güzgüdür başdan-başa,
Öz gözün öz hüsnünə hər an eylər tamaşa.
Öz əksinə vurulma, bil ki, nədir varlığın,
Qüdrətin güzgüsündə bir zərrədir varlığın.
Özünə aşiqliyin bəllidir əməlindən,
Göylər kimi sənin də güzgü düşmür əlindən.
Zərrəcə varlığının dada bilsən duzunu,
Bu şitlikdən qaçarsan bütün ömrün uzunu.
Sədaqətə arxalan, zülmü qoyma yaxına,
Kimsəyə bel bağlama, sığın haq dərgahına.
Yaxşılığı əyandır, qulluğunda qocal sən,
Ağ olsan da üzünə, etirafla ucal sən!
Bir xəcalət ahıdır aldığın hər bir nəfəs,
Mərhəmət sahibidir imdadına çatan kəs.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Adəmin xilqəti)

***

Zalım padşah danışdı: “Göz yumanda həyata,
Son dəfə göz dikəndə bu sonsuz kainata,
Ümid işığı gəzdim, söndü ümid məşəlim,
Hər ətəkdən yapışdım, üzüldü kömək əlim.
Halıma yanan kimdi, bir mərhəmət görmədim,
Heç kimdə insaf-mürvət, bir kəramət görmədim.
Söyüd kimi əsdirdi varlığımı bu halət,
Oldum ümidsizlikdən üzüqara, xəcalət.
Fəlakət girdabında boğulanda bu canım,
Bir tanrıya güvəndim, ona gəldi gümanım:
Ulu tanrı, yanında xəcalətəm mən sənin,
Günahını bağışla üzüqara bəndənin.
Hökmünə, fərmanına baxmamışam çox zaman,
Aman yoxdur kimsədən, özün aman ver, aman!
Ya cəza tonqalında yanmağa göndər məni,
Ya da mərhəmətinlə bəndəyə döndər məni.
Hamıdan xəcalətli, kimsəsizcə bir kəsi
Bağışladı insaflı kimsəsizlər kimsəsi.
Mərhəmətə gətirdi yalvarışım, diləyim,
Zəlillik torpağında qoymadı ki, inləyim”.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ümidsiz şahın günahının bağışlanması)

***

Kimin ki, peşmanlıqdır hər nəfəsi, hər ünü,
Qiyamətdə darğadır qovğalı məhşər günü.
Ömür boyu aldığın hər bir nəfəs ki, vardır,
Əzabına – tərəzi, həyatında – dağardır.
Dağarı gəzdirməkdə, söylə, nədir qərəzin, –
Ömrünün illərini ölçə bilsin tərəzin?!
Tərəzinin daşları, daş-qaşların olacaq?
Boş qalan dağarına göz yaşların dolacaq.
Həyat tərəzisini düz çəkməz yerin daşı,
Qoluna gil muncuğu taxan naşıdır, naşı!
Var-dövlətə qul olmaq bihudə bir həvəsdir,
Həyatının bəhrəsi bircə anlıq nəfəsdir.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ümidsiz şahın günahının bağışlanması)

***

Bu göylərin altında nəyin varsa bağışla,
Verdiyinin dalınca baxma küskün baxışla.
Bu dünyadan köçəndə o dünyanın qoynuna
Dağdan ağır günahın yük olmasın boynuna.
Yetimin göz yaşları ətəyinə axmasın,
Ağbirçəyin fəryadı səni oda yaxmasın.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ümidsiz şahın günahının bağışlanması)

***

Yumşaqlığın torpaqtək qoy hamıya xoş olsun,
Uyma dünya malına, yel tək əlin boş olsun.
Dərdsiz, qəmsiz könlünü bağla müqəddəsliyə,
Müqəddəslik özü də bir şahlıqdır dünyada.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət)

***

Sərvətin qara torpaq, bir qara daşdı sənə,
Məsləkin həm qızıldı, həm də qaş-daşdı sənə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət)

***

Məsləkindən savayı, bil ki, yoxdu qazancın,
Əgər varsa məsləkin, demək çoxdu qazancın.
Dözümü, yumşaqlığı, təmkini yerdən öyrən,
Hər şeydən vaz keçməyi əsən yellərdən öyrən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət)

***

Can yandırsan orduna, mələkətə, yurduna,
Arxalana bilərsən öz xalqına, orduna.
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
Ədalət səadətlə abad eylər ölkəni.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət)

***

Ağlını eyş-işrətdə məst eləyib yatırsan,
Öz qurtuluş gəmini fırtınada batırsan,
Gücünlə gücsüzləri talayıb, çapıb, soysan,
Zülmünlə yetimləri çörəyə möhtac qoysan,
Kim çatar qiyamətdə dadına, fəryadına?
Çıxılmaz, xəcalətli gününü sal yadına.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət)

***

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Ədalətin – müjdəçi, bu dünyanı şad eylər,
Ədalətin işidir, – ölkəni abad eylər,
Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət)

***

Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən,
Peşman-peşman başıma gərək döyəm hələ mən.
El varını soymuşam, xalqa divan tutmuşam,
Ölməyi, son mənzili büsbütün unutmuşam.
Talan, qarət dalınca haçanacan qaçım mən,
Əməlimlə, başıma olmaz oyun açım mən?
Şahlığı, məmləkəti tanrı verib baxtıma,
El nifrət yağdırmasın qoy tacıma, taxtıma.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Nuşirəvanla vəziri və bayquşların söhbəti)

***

Saysız xəznə yığmışdı qılıncının zoruna,
Ondan Samla Firudun nə apardı goruna?
Dünyaca var-dövlətim sayılarmı dünyada?
Dünyadan apardığım bir şey varmı dünyada?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Nuşirəvanla vəziri və bayquşların söhbəti)

***

Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.
Günəşi oyadanlar xoşbəxt olsun sayəndə,
Dosta səadət olsun fikrin, zikrin, qayən də,
Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,
Yiyələn taxta, taca, həşəmətli saraya.
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Nuşirəvanla vəziri və bayquşların söhbəti)

***

Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.
Ülviyyətə qulluq et, günah dalınca varma,
Günahkar insan kimi boyun büküb yalvarma.
Ömür keçib gedəndi, dünya qalandı sənə?
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Nuşirəvanla vəziri və bayquşların söhbəti)

***

Hər üzrün, yalvarışın – hiylə, kələk, aldanış,
Quru sözdən nə çıxar? İşdən, əməldən danış.
İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi.
Nizami hünəriylə göylərə yüksələrdi.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Nuşirəvanla vəziri və bayquşların söhbəti)

***

Son gününü unutma, ömrün boyu sal yada,
Möhtəşəmlik ağası yoxsulluqdur dünyada.
Süleymanın mülkünü sorma hər an hardadır?
Mülkü öz yerindədir, de, Süleyman hardadır?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Biləydim ki, bilirmi yaşını qoca aləm?
Arsızdır, ağartmayıb başını qoca aləm.
Bu torpaq boynuyoğun bir qansızdır əzəldən,
Bu fələk başkəsəndir, amansızdır əzəldən.
Dünyada səfa var ki, səfa da görək onda?!
Vəfa görən varmı ki, vəfa da görək onda?!
Torpaq üstə kim vardı –qucub haçandı torpaq,
Bizə öz udduğundan söhbət açandı torpaq?!
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Öz çarxını tərsinə çox dolandırır fələk,
Ədasıyla qəlbini yaxıb-yandırır fələk.
Gah ucaldır canlının şahlığı ilə səni,
Gah dondərir kuzəçi əlində gilə səni.
İki rəngli fərşə ki, ayaq qoyubdu varlıq,
Həyatından bezardı, cana doyubdu varlıq.
Səhrada həyat sürən deyinər biixtiyar:
“Dəryalar qoynundakı bəxtiyardır, bəxtiyar!”
Dəryadakı darıxar, naləsi qalxar göyə,
Xiffətindən qovrular “səhra gözəldir” deyə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Əldən düşən yolçunun, bil, hədərdir yolu da,
Yoxluqla arasında tük qədərdir yolu da.
Uyma vara, dövlətə, təkəbbürdən uzaq gəz,
Zülmət ömür yoluna günəş nuru çiləməz.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Ucalmağa qoyarmı qafilliyi insanı?
Qafil insan dəlidir, onda düşüncə hanı?
Boş durma, yaz, alışdır gözəl xəttə qələmi,
Yazmasan da, götürüb barı, qəddə qələmi.
Vermə təlim aldığın ariflərə macal sən,
Bəxtiyar insanlara arxalanıb ucal sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Ünsiyyəti hansı kəs arayıbdır yaxşıda,
Məqamında işinə yarayıbdır yaxşı da.
Yaxşı insan qalmayıb, şər şərə yaraşıbdır,
Dünya bal süfrəsidir, arılar daraşıbdır.
Dövrə bax ki, alçalıb zülmdən, şərdən bəşər,
Azğınlığın əlindən qaçır bəşərdən bəşər.
İnsanda nə ləyaqət, nə mərdlik qalıb indi.
İnsandan insanlığı namərdlik alıb indi.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Kimə ki, insan kimi dərdimi açmışam mən,
Namərdliyi ucundan üzündən qaçmışam mən.
Kimsənin kölgəsində səadət görməmişəm,
Əhdə dönük insanda sədaqət görməmişəm.
Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin,
Hamı alqış oxuyub, bir gün barını dərsin.
Toxumu şuma səpib becərər əkinçilər,
Vaxt gələr əkdiyindən bar dərər əkinçilıər.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın keşməkeşi və bəşərin iztirabları)

***

Halal zəhmət itməyib, əlləşmək deyil eyib,
Tanrı: “səndən hərkət, məndən bərəkət” deyib.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Süleyman və qoca əkinçi)

***

Səpdiyin əla toxum yaralı dən olanda,
Hər dən yırtar köynəyi sünbülə dən dolanda.
Qüdrətin nəzərində hansı canlı kiçilib?
Hər canlının libası öz əyninə biçilib.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Süleyman və qoca əkinçi)

***

Xoşbəxt odur dözümə ləyaqəti var onun,
Ağır yükə qatlaşmaq dəyanəti var onun.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Süleyman və qoca əkinçi)

***

Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq gəldi-gedərdi,
Güvənirsən həyata, həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hökmdarın xalqa qayğısı və ədaləti)

***

İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,
Əl atırsan fitnəyə, iftiraya, böhtana.
Öyünmə ki, igidsən, hər gözə iti oxsan,
Bədbəxtin birisən ki, bir qadınca da yoxsan.
Ağıl-kamal bəsləməz igidliyə ədavət,
Hünər də, igidlik də ədalətdir, ədalət.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hökmdarın xalqa qayğısı və ədaləti)

***

El gücü – sel gücüdür, hər an çəkin bu seldən,
Yataqda da can alar qisas oxu qəfildən.
Xalqa divan tutanı divan gözlər hər yanda,
Məzlumların fəryadı qorxuludur cahanda.
Hindli ərlər vermədi canlarını sadağa,
Saldı Sultan Mahmudun sağ canını yatağa.
Xalq intiqam fikrindən çox çətin ki, daşına,
Nə müsibət gətirər, qisas sənin başına.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hökmdarın xalqa qayğısı və ədaləti)

***

Kim ki zülmün evini bərbad edib indidən,
Öz sabahkı evini abad edib indidən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hökmdarın xalqa qayğısı və ədaləti)

***

Haqsızlıq arsız göyü heyran qoyubdur indi,
Torpaq zülmün əlindən cana doyubdur indi.
Nizami, etirazın həddini aşdı yenə,
Qana dönmüş qəlbində qan seli daşdı yenə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Qarı və Sultan Səncər dastanı)

***

Dünya gözəl olsa da, bitməz narahatlığı,
Hər əzaba son qoyar əbədi rahatlığı.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Bəşərin düşgünlüyü və keşməkeşli həyatı)

***

Cavanlığın qədrini bilərsən qocalanda,
İtən ömrə göz yaşı çilərsən qocalanda.
Cavan ağac hər bağın gözəlidir, gözəli,
Qocaldımı, sındırar onu bağbanın əli.
Cavanlıq od-alovdur, gözəlliyin tacıdır,
Cavanlıq çox şirindir, qocalıq çox acıdır.
Tər budağın üstündə təzə açan gül olar.
Quru odun ocaqda yana-yana kül olar.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Bəşərin düşgünlüyü və keşməkeşli həyatı)

***

Ağlığı, qaralığı iftixarla daşısan,
Rumlu təki zalımsan, zənci təki naşısan.
İki rəngli olması hədəf elər pələngi,
Ovçunun sərrast oxu beldən dələr pələngi.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Bəşərin düşgünlüyü və keşməkeşli həyatı)

***

Varsa suyun, çörəyin, yoxluqdan qəmə batma,
Əlini çömçə təki hər kasaya uzatma.
Çörək də söndürməsə hərisliyin odunu,
İç içməli sulardan, döşür yemlik otunu.

Minnətli çörək ilə kef-damaqmı yaxşıdır?
İsanın eşşəyitək otlamaqmı yaxşıdır?
Göylər altında olan bu torpaqda od, külək
Aparmamış üzlərin suyunu vermir çörək.
Quduz nəfsi yaraşmaz, ey əxi – qardaş, sənə,
Haram süfrə başında haramdı bardaş sənə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Bəşərin düşgünlüyü və keşməkeşli həyatı)

***

İnsan dünya evində bir məhbusa dönməsə,
Ülviyyət ocağının odu, közü sonməsə,
Yusiftək yazıq bəşər qurda yeyilərdimi?
Pişiyə şir ürəkli aslan deyilərdimi?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Bəşərin düşgünlüyü və keşməkeşli həyatı)

***

Bir ovuc arpa üçün nə əyil, nə daş daşı,
Könül dəyirmanında qoy yeməsin daş daşı.
Su kimi, yavanlığın su olsun, savab olsun,
Od kimi, yanan qəlbin özünə kabab olsun.
Torpaq ye, çörəyini xəsisin yemə ancaq,
Torpaq olma, varlığın əzilib tapdanacaq.

Qana qəltan etsə də səni zəhmət tikanı,
Çalışmaqdan usanma, işə alışdır canı.
Öz halal zəhmətinlə namuslu insan sayıl,
Hər yetənə alçalma, əl açıb olma sail.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Bəşərin düşgünlüyü və keşməkeşli həyatı)

***

Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,
Pəri kimi xalq ilə onun nə işi vardı.
Əyninin köynəyini ot-ələfdən hörərdi,
Kərpic kəsib bir təhər dolanar, gün görərdi.
Qılınclı ərlərin ki, düşərdi qalxanları,
Məzarına kərpicdən döşərdi “qalxanları”.
Kəfənsizin kəfəni, duvağıydı kərpici,
Günahkarın ağzının suvağıydı kərpici.

Bir gün yenə işiylə başını qatdı qoca,
Əldən-dildən düşərək qan-tərə batdı qoca.
Birdən-birə göründü gözə bir cavan oğlan,
Başladı məzəmmətlə sözə bir cavan oğlan:
“Bu düşkünlük, zəlillik səncə, hara yaraşar?
Palçıq-saman yoğurmaq muzdurlara yaraşar.
Torpağın qalxanını qılıncınla sökmə sən,
Bir qarın çörək üçün öz abrını tökmə sən.
Bu kərpic qəlibini yandırıb külə döndər,
Ömrün xəzan bağını əlinlə gülə döndər.
Daş kmi kəltənlərə bel vurmaqdan nə çıxar?
Bəlimli palçıqları yoğurmaqdan nə çıxar?
Qocasan, qocaların yerişini yeri sən,
Yorularsan, cavanın yerişini yerisən.”

Qoca dedi: “Nadanlıq havası var başında,
Ağsaqqala gülürsən belə cavan yaşında.
Qocalar kərpic kəsər, halallıqla yaşayar,
Kölələr, əsir qullar ağır yüklər daşıyar.
Qarşında boyun büküb əl açmayım deyə mən,
Əzəldən əl atmışam belə bir peşəyə mən.
Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim.”

Qocaya tənə vuran peşmanladı sözündən,
Gözdən itən zamanda yaş axıtdı gözündən.
Dünya görmüş insandı, qoca belə qocaydı,
Namuslu zəhmətiylə el gözündə ucaydı.
Unut dünya evini sən burada, Nizami!
Məslək eşqi yetirər hər murada, Nizami!
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Kərpickəsən qocanın bir cavanla hekayəti)

***

Bədənin ovxalanan bir ovuc gildi sənin,
Əzəl gündən sirdaşın yalnız könüldü sənin.
Öz könlünə qul ol ki, sultanlığa çatasan,
Ağla, cana hökm edib köləliyi atasan.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Varlığın qüdrəti)

***

Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana.
Düşünmə ki, qəsdinə durub haçandır fələk,
Qapılar bağlasa da, qapı açandır fələk.
Çıxar nicat yoluna bir gün karvanı ömrün,
Sevinc qəm darğasıtək olar sarvanı ömrün.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Varlığın qüdrəti)

***

Ovçu dedi: “Məsəldir: hər gecə hamilədir,
Nə doğacaq bilinmir, gör necə hamilədir?!
Şadam ki, dünya evi darısqaldır əzəldən,
Qəm gedər, şadlıq gələr, adi haldır əzəldən.

Ağalığı – ədanı, köləliyi – təşvişi
Yer üzünə bəxş edib bu fələyin gərdişi.
Bu ulduzlar, fələklər, bax, dövr edir həmişə,
Əzab da, rahatlıq da keçib gedir həmişə.

Şadlıq sarsa könlümü sonu qəmdir-kədərdir,
Şadlıq gəldi-gedərsə, qəm də gəldi-gedərdir.
Hər gecənin bir nurlu, günəşli gündüzü var,
Hər yoxuşun enişi, hər təpənin düzü var.

Buna qurdla Yusifin macərası deyərəm,
Qurd Yusifi yeyibsə, mən də onu yeyərəm.
Aldada bilməz məni qurduğun hiylə, kələk,
Sənin kimi şikarı tazısız qoymaz fələk.”
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ovçu ilə tülkünün hekayəti)

***

Mütiliyim boynuma xalta salıb əzəldən,
Vəfam ixtiyarımı əldən alıb əzəldən.
Kimin ki ixtiyarı sədaqətə bağlıdır,
Taleyinin axırı səadətə bağlıdır.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ovçu ilə tülkünün hekayəti)

***

Şərəfə yüksələrsən hökmün, qətiyyətinlə,
Daşın dönər qızıla müqəddəs niyyətinlə.
Əzminlə, inamınla dolanarsan hər yanı,
Atəşdən su alarsan, qurudarsan dəryanı.
Kimə ki, inamıyla bəxti yardır dünyada,
Tanrının nemətilə bəxtiyardır dünyada.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ovçu ilə tülkünün hekayəti)

***

Qapına gələn nemət qismətindir, yeyərsən,
Ruzi verən kimsəyə min-min alqış deyərsən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ovçu ilə tülkünün hekayəti)

***

Vəfasız ömrə görə dərdə, qəmə batma sən,
Yüz ilin sərvətini yığmağa can atma sən.
Sanma başdan-binadan dərd yolunu kəsibdi,
Hər qismətin, nemətin əzəl gündən nəsibdi.
Hər canlıya nəsibdi qüdrətin naz-neməti,
Qistmətinə sevinən ucuz tutmaz neməti.
İnsan oğlu əlləşib, darınıbdır həmişə,
Hamı öz qismətindən barınıbdır həmişə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ovçu ilə tülkünün hekayəti)

***

Bu dünyanın hikməti çatmaz sona əzəldən,
Hər canlının şirindir canı ona əzəldən.
Üstünlükdə varlığın birincidir dünyada.
Hər canlı da sənintək birincidir dünyada.
Qan bahası istəyən çoxdur deyə can alma,
Can verməyə qüdrətin yoxdur deyə can alma.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İnsanın ülviyyəti)

***

İnsan oğlu qazanar zindanda da şan-şərəf,
Gətiribdi Yusifə qaranlıq zindan şərəf.
Köləlik zəncirini zillətsiz atmaq olmaz.
İztirabsız, əzabsız şərəfə çatmaq olmaz.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İnsanın ülviyyəti)

***

Hər ömrün öz köçü var, karvanı var əzəldən,
Səadət karvanının sarvanı var əzəldən.
Dünyaya baş əyməyən tacidardır cahanda,
Peyğəmbərlik qüdrəti ona yardır cahanda.
Tamahını öldür ki, möhlət səni gözləyir,
Gey başmağı, düş yola, cənnət səni gözləyir.
Öz nəfsini mələdən, ləlidən oğul ol sən,
İblisə qul olunca, məsləkinə qul ol sən.
Can at ki, sığınasan dərgahına məsləkin,
Məhşər odu qıyarmı günahına məsləkin?!
Cəhənnəmin atəşi yaxarmı suçsuz kəsi?
Əmisini qorudu peyğəmbərin nəfəsi.
Tanrı salmaz nəzərdən pak ruhları, canları,
Zireh kimi qoruyar qəlbi saf insanları.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İnsanın ülviyyəti)

***

Təkəbbür meydanında döşünə döymə əbəs,
Dünyanı zərrə sanıb, özünü öymə əbəs.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Xilqətin gözəlliyi və kamalın qüdrəti)

***

Öz səadət mülkündə od qalamaq istəsən,
Öz ülviyyət tacını tapdalamaq istəsən,
Səyirt zülmün atını, daha meydan sənindir,
Bütün varlıq köləndir, hər cür fərman sənindir.

Beşcə gün yaşasan da ələ cam al dünyada,
Yaxşı yeyib, yaxşı yat, ancaq kam al dünyada.
Nəşələrə dalmağın sanma səfa deməkdir,
Özbaşına olmağın, bil ki, cəfa deməkdir.

Bel büküldü, qaç görüm, – ayağında gündə sən,
Yanarsan, qovrularsan öz yağında gündə sən.
Mətbəx talaşasısan, bunu çətin danarsan,
Cəhənnəmin odunda ələf kimi yanarsan.
Qarnını doldurmağın hamballıq olar sənə,
Yüngüllüyün ağırlıq, sanballıq olar sənə.
Əgər çox yaşasaydı çox yeyənlər cahanda,
Çox yemişlər yaşardı, ölüm olmazdı onda.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Xilqətin gözəlliyi və kamalın qüdrəti)
Demə gəldi-gedərdir, nədir qiyməti ömrün,
Azlığına görədir qədir-qiyməti ömrün.
Az yeyib, çox dincəlmək məziyyətdir insana,
Çox yemək narahtlıq, əziyyətdir insana.
Yeməklə bir sevdası, alveri varmı ağlın?
Tamaha aldanmağa, gör, bir yeri varmı ağlın?
Tamahın duza getsə, belə duzdan uzaqlaş,
Zirəkləri aldadan dələduzdan uzaqlaş.
Tamahı cilovlayan kamalıdır bəşərin,
Öz nəfsini öldürmək amalıldır bəşərin.
Hərisliyiə uymağın qorxuludur, qorxulu!
Ondan nəşə duymağın qorxuludur, qorxulu!
Xeyirlə şər izləyir hər bəşəri əzəldən,
Xeyir xeyri tapandır, şər də şəri əzəldən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Xilqətin gözəlliyi və kamalın qüdrəti)

***

Yəməndə meyvəsatan kişi vardı deyirlər,
Meyvəsini bir tülkü qoruyardı deyirlər.
Ayıq-sayıq nəzərlə süzüb dörd yanı tülkü,
Qoruyardı, güdərdi hər gün dükanı tülkü.
Bir oğru hər kələyə əl atmağa başladı,
Hiyləsiylə tülkünü aldatmağa başladı.
Fürsət gəzdi, vurnuxdu, gözü dörddü oğrunun,
Yalandan gözlərini yuxu örtdü oğrunun.
Yatmış sanıb hiyləgər həris gözlü qurdu o,
Başını quyruğuna qısıb, mürgü vurdu o.
Tülkünü yatmış görüb, gözünü açdı oğru,
Kisədəki pulları götürüb qaçdı oğru

***

Kim ki qəflət yolunda xoş yuxuya dalandır,
Başı əldən gedəndir, papağı boş qalandır.
Ayıl, uyma qəflətdə yatmağa sən, Nizami!
Çalış qəflət daşını atmağa sən, Nizami!
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Oğru və tülkü hekayəti)

***

Səfər əzmi qəlbindən haçan keçər şahların,
Özü yola düşməmiş yükü köçər şahların.
Əgər şahsan, yubanma, sən başla səfərinə,
Hazırlaş cah-calalla, can-başla səfərinə,
Özün hələ köçməmiş büsatını yola sal,
Sabahkı azuqəni, sursatını yola sal.
Şanı şirin balıyla niyə dolub arının?
Çünki özü uzağı görən olub arının.
Əlləşər, çəkməz əsla ruzi qəmi qarışqa,
Sabahına bu gündən yığar yemi qarışqa.
Qafilliyə kor kimi etməsə meyil insan,
Arıdan, qarışqadan heç əskik deyil insan.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Müdriklik və alicənablıq)

***

Bu dünyadan gözləmə əbəs yerə səadət,
Beşcə gündə nəsibmi heç bəşərə səadət?
Bircə anda asudə nəfəs varmı həyatda?
Səadətə bir güman, həvəs varmı həyatda?
Qəmlənərək bir düşün vəfasını dünyanın,
Hansı könül duyubdur səfasını dünyanın?
“Şadlan” deyən fələyin deyil nəsib şadlığı,
Ondan şadlıq ummayaq, bizdən kəsib şadlığı.
Əzab-zillət içində inləməyə gəlmişik,
Sanma şadlıq sədası dinləməyə gəlmişik.
Sevdasına demə ki, uymamışıq dünyanın,
Puçluğunu əzəldən duymamışıq dünyanın.
Gələn gündən qızarıb bənzəmisən meyə sən,
Getməyini ilk gündən anlamısan deyəsən?
Görən neçin yarandıq belə ömrü gödək biz?
İxtiyarsız gələrək ixtiyarsız gedək biz.
Fənalığa, yoxluğa zərrə yoxdur şübhəmiz,
Heçə dönən varlığa çoxdan çoxdur şübhəmiz.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Müdriklik və alicənablıq)

***

Bu günündən utanıb qızarmırsan belə sən,
Xəcalətin sonradır, onu düşün hələ sən.
Möhnət yükü ağırdır, bundan halı qəlbimiz,
Hər möhnətə qatlaşar bu yaralı qəlbimiz.
Məslək eşqi çıxarar bu vadidən bir yana,
Çalış ki, məsləkinlə çıxasan sən bir yana.
Yolun gedər-gəlməzdir, köhlənini çap indi,
Mətanətlə, inamla o dərgahı tap indi.
Əməllərin aynadır, varlığına bax onda.
İzzətinə, şanına, xarlığına bax onda.
Günahına peşman ol, hər cəzadan uzaq ol,
Əməlinlə, səyinlə hər qəzadan uzaq ol.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Müdriklik və alicənablıq)

***

Ey fələk! Dolanmağın yetməzmi, yavaşı sən,
Ey yer! Qurtar bu zülmü, bu cövrü, savaşı sən.
Hər gecənin gündüzə dönməyi var əzəldən,
Ucalmağın, bəllidir, enməyi var əzəldən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın axırı)

***

Qalan deyil dünyada gil təpəsi varlığın,
Toza dönüb aləmə kül səpəsi varlığın.
Alıb əldən hər tacı, hər nəməri bu dünya,
Açıb belə vurduğu hər kəməri bu dünya.
Hər ərənə güldürüb yağısını bu həyat,
Hər şərbətə qatıbdır ağısını bu həyat.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın axırı)

***

Günəş – soyuq fələyin qucağının odudur,
Cəhənnəmin kükrəyən ocağının odudur.
Varlığıyla göylərin çırağına dönər Ay,
Yağ almasa günəşdən, öz-özünə sönər Ay.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın axırı)

***

Başdan aşan eybindən həzər, həzər dünyanın,
Bəs eybinə salmırsan neçin nəzər dünyanın?
Öz eybinə göz yumub, sanma görər eybini,
Ayna kimi hər kəsin tez göstərər eybini.
Eyib açıb, açılma sən həvəsdən aynatək,
Ləkələrsən özünü bir nəfəsdən aynatək.

Qəlbin – hünər aynası bacar canı parçala,
Ya eybini göstərən o aynanı parçala.
Özgəsinin eybinə gözlərini açma sən,
Öz-özünü görəndə öz eybindən qaçma sən.
Eybi kimi hüsnü də var dünyada hər şeyin,
Hüsnünü gör, eybini salma yada hər şeyin.
Çırağını mümkünmü quca gecə gündüzün?
Qəfəsindən qarğatək uça gecə gündüzün?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın axırı)

***

Yad eybinə dikmə sən hər baxanda gözünü,
Gör açanda, yumanda öz yaxanda gözünü.
Ələ güzgü almazsan – bəyənməsən özünü,
Öz-özünə vurulub bəyənmə sən özünü.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İsanın hekayəti)

***

Fələk kaftar qarıdır, vəfasına gəl uyma,
Dünya bağdır – xəzanlı, səfasına gəl uyma.
Hər cəfası bəllidir çox əzəldən dünyanın,
Bir arpacan dəyəri yox əzəldən dünyanın.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İsanın hekayəti)

***

Yıx taxtını, amansız bir taxtdır bu fələk,
Vəfa yoxdur zərində, nərdtaxtadır bu fələk.
Açmaz vüsal qapısın ömür başa gəlincə,
Zəri səni saraldar bircə qoşa gəlincə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın vəfasızlığı)

***

Bu dünyanın üstünə çəkib qələm, şad yaşa!
Möhnətinə, dərdinə duyma ələm, şad yaşa!
Uzaq yola çıxırsan, mənzilin çox uzaqdır,
Azuqəni hazırla, son mənzil – ölüm haqdır.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın vəfasızlığı)

***

Dünya sənin məhşərin, əzmə atəş üstə sən,
Cəhənnəmi verərək, cənnətini istə sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın vəfasızlığı)

***

Bu dünyadan heç zaman can aparan olmayıb,
Onun sonsuz yolunu sona varan olmayıb.
Başdan-başa tikandır, tikan üstə gəzmə sən,
Tikan batmaz ayağa tikan üstə gəzməsən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın vəfasızlığı)

***

Nə ki, sudan, torpaqdan baş qaldıran olubdur,
Öz başına axırda daş saldıran olubdur.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Müdrik Möbidin hekayəti)

***

Zirək tülkü itlərdən daim qorxub qaçsa da,
Yuvasından çıxmağa iki deşik açsa da,
Qurtarmayıb ölümdən kələk onu yuvada,
Tüstüsüylə boğubdur fələk onu yuvada.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünya ilə vidalaşmaq)

***

Uydun keyfə, şadlığa qəflətdə sən əzəldən,
Varlığını unutdun, qəflətdəsən əzəldən.
Əzəl günün hökmüdür bu darısqal dünyada:
Candan bezib gedənə deməz ki: “qal dünyada”.
Yaradanın hökmünə əyməsən də boynunu,
Əyməlisən hamıtək bir gün sən də boynunu.
Yalnız qəlbin gözüylə seçməlisən bu yolu,
İki dünya yoludur, keçməlisən bu yolu.
Göydən yerə baxmadan, sürətli ol bu yolda,
Dönüb dala baxmadan, cürətli ol bu yolda.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünya ilə vidalaşmaq)

***

Öyün bilik çeşməsi nur saçan könüllə sən,
Günəş kimi, düşməni öldür nurla, güllə sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünya ilə vidalaşmaq)

***

İki deyil yaradan, tanrı təkdir dünyada.
Bir baş varkən, ikinci nə gərəkdir dünyada?
İki Cəmşid bir yerdə dövran sürə bilərmi?
İki qılınc bir qına, söylə girə bilərmi?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İki rəqib alimin hekayəti)

***

Günəş qəlbin nur saçsın gündüzünə cahanda,
Həsrət qalma gecətək gün üzünə cahanda.
Gözdən arzu gülabı çiləməyi unutma,
Qara gündə ağ günü diləməyi unutma.
Halallıqla yaşayıb ucal gözdə dağ kimi,
Son mənzildə tərəzi çəkər səni yağ kimi.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (İki rəqib alimin hekayəti)

***

Özü qoca, qəlbi dar dünyaya bax gəl, indi,
Boyasına aldanıb sanma təzə gəlindi.
Qocalıqda cavantək görünən bu insanın,
Çələng deyil əlində, od-atəşdir, inanın!
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın məşəqqəti)

***

Yığdın dünya malını, bəli, dolu gedəsən,
Əlidolu gəlmişdin, əlidolu gedəsən?!
Varla köçən sanma ki, şər-xatadan qurtarıb,
Pul-parasız köçənlər hər xatadan qurtarıb.
Qazansan da, udsan da, çıxacaq var əlindən,
Nə veriblər, axırda alacaqlar əlindən.
Qiyamətə qoyarmı qalsın qisas bu dünya?
İstəyir ki, hamıdan alsın qisas bu dünya?
Baramanı qurduna toxutdurar həmişə,
Qarışqayla o qurda qan uddurar həmişə.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın məşəqqəti)

***

Dəməşq daşı məhəkdir qızılına Rum kimi,
Altun eşqi canını əritməsin mum kimi.
Alışsa da, yansa da, uyma qızıl pula sən,
Torpaq sovur üstünə, dönmə aciz qula sən.
Hansı başdan oğrutək papaq qapan olmayıb,
Kim bu sarı iblislə yoldan sapan olmayıb?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Dünyanın məşəqqəti)

***

Hərisliklə vurmayan ürək varmı dünyada?
Etibarlı bir insan görək, varmı dünyada?
Din-imanın qızıldır, onu şeytana qıyma,
Xaqanın qolbağını itsaxlayana qıyma.
Başdan-başa günahdır inləməyi yoxsulun,
Aldığını verməyə yox heç nəyi yoxsulun.
Dünyanın hər eybinə qəh-qəh çəkib gül gündə,
Məslək eşqi yaşatsın səni könül mülkündə.
Sığın könül mülkünə, öz yerini bilən ol,
Hünərinlə dünyanın hər eybinə gülən ol.
Bu dünyanın darğası ancaq varı taladır,
Yoxsullara toxunmaz varlıları taladır.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hacı və sufi hekayəti)

***

Düşündürməz əzəldən öz əhvalı arını,
Şirin candan eyləyər şirin balı arını.
Şirin deyil, acıdır deyə əti aslanın,
Bir vəhşi də ətini yeməz qəti aslanın.
Ucalsa da, alçalıb günəş göydə sönəndir,
Bədirlənib axırda Ay hilala dönəndir.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hacı və sufi hekayəti)

***

Arzu, istək tərəzin qızıl çəkən olmasın,
Müqəddəssən, qəlbində çalış ləkən olmasın.
İstəyinin yolunda saf çeşmətək çağla sən,
Nizamitək könlünü ülviyyətə bağla sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Hacı və sufi hekayəti)

***

Hünər, qeyrət dəmidir, yatma əbəs həyatda,
Ülviyyətə çatmağa göstər həvəs həyatda.
Niyə kefli yatırsan? Qəsdindədir bu fələk,
Aqillərtək ayıq ol, bil ki, nədir bu fələk.
Yatanlara yaxşı bax, bu qəfləti tərk elə,
Gör ki, hara gedirsən, axırını dərk elə.
Ağlın huşsuz qocadır, anmaz səni heç zaman.
Kimliyini bildirsən, danmaz səni heç zaman.
Kamalına görədir şan-şöhrətin dünyada,
Onsuz adın, hünərin olar çətin dünyada.
Öz ağlındır İsatək möcüzəni yaradan,
Ulaq görmək istəməz, bil ki, səni yaradan.
Ya ağlınla ucalıb al günəşə qovuş sən,
Ya da uca dərgahın qapısından sovuş sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Haqsızlıq və doğruluq)

***

Yol göstərən ağılı məst eləmək yaramaz,
Sərçə üçün tərlana qəsd eləmək yaramaz.
Halaldır demişdilər hər məqamda bu meyə,
Sonra haram etdilər ağla düşməndir deyə.
Çox da dünya qəmini pərən salan şərabdır,
Ağa, içmə, ağlını əldən alan şərabdır.
Çaxır duztək ciyərdə yanan odu söndürər,
Əyyaşların bağrında, inan, odu söndürər.
İçmə huşyar eyləməz o içidiyin mey səni,
Yaddan çıxar varlığın, şərab eylər key səni.
Sərxoşluğa uyan kəs ələm çəkər ömürlük,
Aqilliyin üstünə qələm çəkər ömürlük.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Haqsızlıq və doğruluq)

***

Əbəs yerə salmışıq fikrimizi baş-ayaq,
Neçin qara fikirlə ömür boyu yaşayaq?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Haqsızlıq və doğruluq)

***

Tamahının odunda qaralsan da zər kimi,
Saf qızıla dönməzsən, saralsan da zər kimi.
Pakdır deyə udmasa hər gedəni cəhənnəm?!
Bəs nəylə doldurardı ac gödəni cəhənnəm?!
Doğruluğun zirehdir, səni hər an qoruyar,
Atəş nədir? İstəsən, qasırğadan qoruyar.
Hər eybini əyrilik açan olub həyatda,
Doğruluqla qəm-qüssən haçan olub həyatda?
Tərəzitək doğruluq pozar çətin mizanı,
Ürəyinin düzlüyü – ədalətin mizanı.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Haqsızlıq və doğruluq)

***

Bircə arpa, bircə dən güdən olsa qərəzin,
Əskik ölçsə çanağın, əskik çəksə tərəzin,
Bil ki, onlar baisdir günahına son gündə,
Canlı şahid olacaq tamahına son gündə.
Faydasızdır sarsılıb, yuxalmağın o zaman,
Durar gözə az verib, çox almağın o zaman.
Tərəzinin milini etmə xəncər qəlbinə,
Çox verərək az almaq qüvvətdir ər qəlbinə.
Əyri gülü düzlüklə tikan qucar, aldadar,
Bil ki, şəkər qamışı düzlüyündən bal dadar.
Doğruluğun harda ki, ucalıbdır bayrağı,
Haqq əliylə fələkdən öc alıbdır bayrağı.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Haqsızlıq və doğruluq)

***

Yeltək cumdu bir cavan mərd qocanın yanına,
Dedi: “Şahın hökmüylə batmalısan qanına.
Çağırmamış divsifət, dur, özün get saraya,
Tez başına çarə qıl, çatan olmaz haraya”.
Yuyunaraq boynuna kəfən saldı o qoca,
Getdi şahın yanına, əhli-haldı o qoca.
Şah görəndə kəfəni, bildi nədir bu halət,
Qəzəbindən utanıb özü çəkdi xəcalət.
Dedi: “Qoca, qaramca sən o ki var demisən,
Mənə zalım demisən, mənə qəddar demisən.
Süleymanın cəlalı görürsən ki, mənimdir,
Söylə, niyə deyibsən, şah ölkəyə qənimdir?
Qoca dedi: “Adına mən yoxsa şər demişəm?
Dediklərin nədirki, ondan betər demişəm.
Qoca, cavan əlinlə içib ölüm zəhəri,
Biyarın cana yığıb saysız kəndi, şəhəri.
Mən deyirəm eybini, şər işini özünə,
Göstərirəm güzgütək hər işini özünə.
Hər eybini göstərər alsan ələ güzgünü,
Utan, qızar eybindən, qırma elə güzgünü.
Düzlüyümlə sadiq bil hökmdara sən məni,
Əgər doğru demirəm, çəkdir dara sən məni”.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Zalım şahla düz danışan qocanın hekayəti)

***

Öz düzlüyü kimsəni verməz bada dünyada,
Düz sözüylə kimsəyə yetməz qada dünyada.
Doğruluqla köməkdir hər bir ərə yaradan,
Doğru ol ki, yetirsin hər zəfərə yaradan.
Əzəl gündən qiymətli bir incidir doğru söz,
Acısıyla könüllər sevincidir doğru söz.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Zalım şahla düz danışan qocanın hekayəti)

***

Ucaltsa da alçaldar hər nadana qulluğun,
Alçaltsa da ucaldar yaradana qulluğun.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Paxılları məzəmmət)

***

Dən ki, düşdü torpağa, gözdən salma sən onu,
Dönüb sünbül olacaq, sanma daha dən onu.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Paxılları məzəmmət)

***

Cummalısan dəryaya sən bir inci tapınca,
Taca layiq incini sən birinci tapınca.
Baxtın əli uzatsa sənə tərəf bayrağı,
Möhkəm saxla, düşməsin əldən şərəf bayrağı.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Paxılları məzəmmət)

***

Yaradanın hökmündən kim ki, qaçan olubdur,
Fələk onun başına oyun açan olubdur.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Paxılları məzəmmət)

***

Məmləkəti dağıdan başsız qalsa yaxşıdır,
Xain ordu basılıb tarmar olsa yaxşıdır.
Buda köhnə budağı, yeni pöhrə görərsən,
Təzə, cavan budaqdan təzə bəhrə görərsən.
Sel qoymasa işləsin kökü yerə çinarın,
Uzanarmı əlləri fələklərə çinarın?
Göz açmasan kor qalar öz yerində bulaqlar,
Coşmaz yerin qəlbində, gözlərində bulaqlar.
Mənliyinin hakimi səninlədir həmişə,
Qulağına dediyi, bil ki, nədir həmişə.
Paslandırma qınında xəncərini kamalın,
Xəncəriylə doğrasın daim kini kamalın.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Şahzadə hekayəti)

***

Hər anını sevinclə kef-damaqla yaşa sən,
At əbanı, vur ömrü halallıqla başa sən.
Aldıqların sələm ki, vardır tamah yolunda,
Qəsəm olsun Allaha, deyil Allah yolunda.
Şir ol, mətbəx məstanı şiri çətin teyləyər,
Olsan balıq qursağı məhşər odu neyləyər?
Olsan saxta qızıltək külçəni od yandırar,
Olsan yaqut, saf qızıl, heç səni od yandırar?
Saxtalığın bəllidir, təkəbbürü at daha,
Neçə ovuc sümüksən, az təşəxxüs sat daha.
Bizdən əzəl dünyaya gəlib-gedib çoxları,
Çatmaq üçün mənsəbə nələr edib çoxları.
Söylə, hanı, qalırmı bu dünyada şöhrəti?
Ucalsa da alçalıb, gedib bada şöhrəti.
Bir zərrəsən, göylərə ucalası olsan da,
Göydən günəş, ay kimi öc alası olsan da,
Sanma enən deyilsən, bir hakimsən göyə sən,
Enməlisən torpağa yer oğlusan deyə sən.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Zirəklik)

***

Comərdsənsə, deməzsən: çox xəbisdir bu dünya.
Biz özümüz pisiksə, sanma pisdir bu dünya.
Heyrətdəyik aramsız gərdişinə aləmin,
İnsan istər yarasın hər işinə aləmin.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Zirəklik)

***

Günahkarıq hamımız, demə, hanı günahkar?
Eyləməyək nahaqdan bu dünyanı günahkar.
Cilasıyla tanıyar mahir sərraf incini,
Sultan ancaq bəyənər cilalı, saf incini.
Hansı yerində daşı taplmazdır dünyanın?
Sinəsində ləl olan daşı azdır dünyanın.
Yasəmən də, tikan da çölə, düzə sancılar,
Biri gözə məlhəmdir, biri gözə sancılar.
Sanma çayın suyuyla açar çətri güllərin?
Könülləri susuz da oxşar ətri güllərin.
Su – bəxş edib səhraya, göy çəmənə tikanı,
Su döndərə bilərmi yasəmənə tikanı?!
Belə qurub əzəldən gərdişini kainat,
Yoxsa, çoxdan pozardı vərdişini kainat.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Zirəklik)

***

Bağlan könül dünyana, atma elə dünyanı,
Can qoyaraq bu yolda, gətir ələ dünyanı.
Yad mülkünü soymağın, talamağın bəs deyil?
Hərislikdən oda can qalamağın bəs deyil?
Tutaq, tutdun gücünlə neçə aya cahanı,
Aparmağın mümkünmü o dünyaya cahanı?
Yanar məhşər kürəsi, burar tamah boynunu,
Qənaətin qılıncı vurar tamah boynunu.
Göy qübbənin altında – yerdə yerin var sənin?
Varlığına gensə də, düşüncənə dar sənin.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Zirəklik)

***

Öz ağlının gözüylə baxan kimdir aləmə,
Ən qüdrətli, yenilməz bir hakimdir aləmə.
Kim olubdur sirrinə bir aşina fələyin,
Ayağını qoyubdur düz başına fələyin.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Ağıllı uşağın hekayəti)

***

Ey tanrıdan, özündən daim qafil olan kəs,
Can qeydinə qalmaqdan saralaraq solan kəs.
“Mən”, “mən” deyib öyünmə, axır can da çıxandır,
Can boğaza gələndə bircə anda çıxandır.
Göylər kimi, dünyanı bürüməyə can atma,
Nə ki, sənin deyildir sürüməyə can atma.
Dünya yıxıb gücüylə hər ərini dünyanın,
Tutmaz tamah tərəzin gövhərini dünyanın.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Quldurdandır varlının çox qorxusu bu yolda,
Kim kasıbdır quldurdan yox qorxusu bu yolda.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Qıymamışdı kosaya dönük baxtı saqqalı,
Gördü yolur ikisi savaş vaxtı saqqalı.
Dedi: “Baxma özümtək üzüqara olan yox,
Arxayınam əl atıb saqqalımı yolan yox.”
Sənə qalan deyildir dünya evin dünyada,
Ulaqsızsan, yüksüzsən, buna sevin dünyada.
Daim könül mülkünə sən də can at İsatək,
Ulaqsızca, yüksüzcə mənzilə çat İsatək.
Pak vicdanın varsa da, atəşpərəst olma sən,
Yoxsulluqla fəxr elə, işrətdən məst olma sən.
Dünya çoşğun dəryadır, nicat hanı dəryadan?
At yükünü sulara, qurtar canı dəryadan.
Yaşa azad, qayğısız arzuların qoynunda,
Üz sahilə qabaqtək sən suların qoynunda.
Yeyib yatmaqla tapmır insan qədri-qiyməti,
Xarabada tapılır xəzinələr, bil qəti.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Çox yeməyə, toxluğa çalışmağın yaxşıdır?
Az yeməyə, pəhrizə alışmağın yaxşıdır?!
Aslan azca yeyir ki, şikar alan olubdur,
Atəş doymaq bilmir ki, tez qaralan olubdur.
Gündüz bircə kökəylə süfrə açıb həmişə,
Müdriklərin gözünə işıq saçıb həmişə.
Sübhün odlu meyindən bağrı yandı gecənin,
Əndamını qaraldan haram qandı gecənin.
Çox yeməkdən kütləşər, ağlın kəm olar sənin,
Reyhan kimi qəlbinə qüssə, qəm dolar sənin.
Ağıl – sənin ruhundur, onsuz quru bədənsən,
Ruh – xəzinə, can – tilsim, xəbərsizsən nədən sən?
Varlığında bilməsən yoxmu, varmı xəzinə,
Sındırmasan tilsimi, nur saçarmı xəzinə?
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Yersiz gülən dodağı bağlamağın yaxşıdır,
Boş gülüşdən yerində ağlamağın yaxşıdır.
Qəmlənəndə gülməyin, söylə, nəyə yaraşar?
Tez alışıb, tez sönmək, bil, şimşəyə yaraşar.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Hər insanın şadlığı, qəhəri var dünyada,
Sevincin də, qəmin də təhəri var dünyada.
Şənləndikcə ələmli olmağını unutma,
Gah nəşəli, gah qəmli olmağını unutma.
Hər şad qəlbin qəm odu, nalə, fəryad səsi var,
Hər gündüzün gövhəri, gecənin şəvəsi var.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Təlim verən, çoxbilmiş bir dayədir zamanə,
Nələr öyrətməyibdir gör ki, nədir zəmanə.
Dayən sirkə içirtsə, coşma ki: – Xeyri nədir?
Dinmə, bəlkə də elə bu sənin xeyrinədir.
Əbədiyyət yoluna kim yolçusa cahanda,
Odur Xızrın yoldaşı, odur Musa cahanda.
Uluların yolunun gərək qulu olasan,
Ülviyyətə yüksəlib, sən də ulu olasan.
Elə sadiq dost ara, səni darda qoymasın,
Çəkib tordan çıxarsın, səni torda qoymasın.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

***

Yel deyiləm, əzəldən bir nəfəslə kükrəyəm,
Qoşularaq yellərə boş həvəslə kükrəyəm.
Ələbaxan əlini güdən olub həmişə,
Yellə gələn yellə də gedən olub həmişə.
Tez qalxar, tez oturar, olsa, necə toz-qubar,
Odur duran deyildir bir yerdəcə toz-qubar.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Mürşidlə müridin hekayəti)

***

Dünya dərdi çəkmədən ol hər zaman müqəddəs,
Günahsızdır gözündən yaşlar daman müqəddəs.
Şah xələti geyinən mömin hanı dünyada,
Zənbil hörən görüblər Süleymanı dünyada.
Yanan şamı zər səpən görüb hamı gecələr,
Qəba kimi bürünər piltə şamı gecələr.
Nizami Gəncəvi, Sirlər Xəzinəsi (Heysiyyəti qorumaq)

4.7 (93.3%) 230 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram