Müəllif inam, din və kilsə, həmçinin, cadugərlik və magiya kimi mövzulara toxunur. Roman “Mən”in və “məqsədin axtarı”şı ideyası üzərində qurulub. Paulo sevgidən də yan keçməyib. Bundan əlavə, axtarış məhəbbətlə birbaşa bağlıdır. Öz məhəbbətinin və öz yarının axtarışı ilə.
Digər əsərlərində olduğu kimi, “Brida”da da Koelyo oxucunu öz yolu ilə getməyə, arzusunu yerinə yetirmək üçün cəhdlər göstərməyə istiqamətləndirir.
Karandaşın izi ilə
– Bunun üçün çox cavan deyilsən?
– İyirmi bir yaşım var. Əgər balet öyrənmək istəsəydim, mənə artıq gec olduğunu deyərdilər.
***
“Gözəldir. Ancaq ondan iki dəfə böyüyəm”.
***
Bu, o deməkdir ki, çox güman o əzab çəkəcək.
***
Gecə – sadəcə günün bir hissəsidir.
***
Heç kim bilmir başına nə gələcək. Amma buna baxmayaraq irəliyə doğru addımlayır. Çünki İnamla təltif olunub.
***
Həyatın hər bir anı İnam cəhdindən başqa bir şey deyil.
***
Bədbəxtlik – onun hər növbəti günü yeni inancla qarşılamasında idi.
***
Sevgi – bütün dünyaya, həyatlara səpələnmiş təcrübəni yığmaq üçün bizi bir yerə toplayan gücdür.
***
Hərdən Digər Yarımızın çıxıb getməyinə imkan veririk…onu qəbul etmədən, bəzən isə heç tanımadan. Və özümüzü sevdiyimizə görə yaratdığımız əzabların ən acısına məhkum edirik. Bu əzab – tənhalıqdır.
***
Gördüyümüzü öyrənirik. Amma gördüklərimizin hamısı həmişə mövcud olmur axı.
***
Hər şey çox sadədir: sevgidən əzab çəkmək istəmirsənsə, sevmə. Elə bil dünyanın çirkinliklərini görmək istəməyən insan götürüb gözlərini çıxarır.
***
Həllin yoxluğu – artıq elə həldir.
***
Tənha insanlar zaman hissini itiriblər. Onlar üçün saatlar çox uzun çəkir. Günlər isə bitmək bilmir.
***
O özünü tam və tamamlanmış hiss edirdi.
***
Şübhələrinə icazə vermə ki, səni hərəkətdən saxlasın.
***
Ancaq ürəyi qorxudan donub qaldı. Qara buludlara və sıldırım qayalara baxaraq birdən hiss etdi ki, həyatında bu qadından dəyərli heç nə yoxdur. Bu qadın – bu qayanın, bu səmanın, bu qışın var olmasına yeganə səbəb və izahdır. O yanında olmasaydı, Cənnətin özü də heç bir məna daşımazdı. Mələklər ona təsəlli vermək üçün göydən ensələr belə.
***
Vaxtı gələndə ayrılmaq məsuliyyətini həyatın boynuna atıb, heç nəyə baxmayaraq birləşdilər.
***
Heç vaxt sevgidən ummandığı şeylərlə tanış oldu – gözləməyi, qorxmağı və qəbul etməyi öyrəndi.
***
Ehtiras kor qüvvə olub qulağına elə bircə bunu pıçıldadı: “Sən bu qadını itirə bilməzsən”.
***
İtirməkdən qorxduğum üçün gör nə qədər şey itirdim!
***
Məhəbbət mənə həyatımı başa saldı.
***
Bədənlə birgə heç bir hiss qocalmır.
***
Həyatında nəsə vacib bir şey baş verirsə, bu, qalan hər şeydən vaz keçib, hər şeyə arxa çevirmək anlamına gəlməz.
***
Mən qadınam və öz hisslərimi təhlil etmirəm.
***
Allaha aparan birinci qısa yol duadan keçir. İkinci, elə birinci kimi düz, – sevincdən keçir.
***
Səhv etmə haqqına malik olmaq istəyirəm. Hərdən özümü xudbin kimi aparmaq istəyirəm. Bir sözlə, istəyirəm zəif cəhətlərim olsun.
***
Yaxşı şərabın dadını pisin dadına baxan bilir.
***
Mənə elə gəlir ki, səni həmişə tanımışam. Çünki gəlişindən öncə dünyanın necə olduğunu xatırlamıram.
***
Gülü əldə etmək istəyən kəs, tezliklə onun solub gözəlliyini itirəcəyini görəcək. Gülə çəmənlikdə tamaşa edən isə ona həmişəlik sahib olacaq.
***
Və yalnız sənin varlığına şübhə etmirdim deyə mən də var olurdum.
***
Sən tənha günlərdə mənə ümid verdin, şübhə dolu dəqiqələrdə darıxmaqla sınağa çəkdin, inanclı anlarda inamla qanadlandırdın.
***
Kişi qavrayışı ilə qadın şəkil dəyişkənliyi birləşəndə Müdriklik adlanan qüdrətli və möcüzəvi birlik doğulur.
***
Bilirdi ki, başqalarında da eyni şeydir: insanlar öz uğursuzluqları və hədəfdən yan keçmələrinə o qədər adət edir ki, tədricən onları öz keyfiyyətləri ilə səhv salmağa başlayır.
***
Ənənə insanların iki kateqoriyaya bölündüyünü öyrədir: biriləri tikir, digərləri əkib-becərir. Birincilər illər uzunu qarşıya qoyulan məsələ haqda düşünə və gözəl günlərin birində onu həyata keçirə bilirlər. Və bundan sonra dayanıb öz məişətlərinin dörd divarı arasına çəkilirlər. Bu divarlar ucaldılıb, tikinti başa çatdıqdan sonra həyat öz mənasını itirir.
Ancaq başqaları – əkib becərənlər də var. Onlar hərdən tufan, fəsil növbələşməsindən əzab çəkir və nadir halda istirahət edirlər. Lakin bu bağ, ucaldılan binadan fərqli olaraq böyüməkdən qalmır. Bəli, o həmişə bağbandan gərgin nəzarət tələb edir, amma bununla belə həyatı qabaqcadan bilinməyən əyləncələrlə zənginləşdirməyə də imkan yaradır.
Tərcümə: Lamiyə Göycəyeva