Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rabindranat Taqor “Bağban”

kko_rabindranat_taqor_baghbanAnnotasiya

Mənzum şeirlərdən ibarət toplu.

 

Karandaşın izi ilə

Gözləyirəm, birdən iki gənc sərgərdan könül rastlaşar, bəlkə, ehtirasla dolu iki cüt göz məndən musiqi istər ki, onların sükutunu pozub, onların əvəzinə danışsın.

***

Mən hamı ilə yaşıdam.

***

Bunlar üçün mən vuruşmamışam, bunları bazardan almamışam, deməli, bu hədiyyə ona gərək deyil.

***

Mən sənin nəfəsini duyuram, o, mənə puç ümidlərdən pıçıldayır.

***

Mən unuduram, daim unuduram ki, tənha yaşadığım evin bütün qapıları bağlıdır.

***

Əynində nə var, onunla da gəl; geyinməyə vaxt itirmə.

***

Tapa bilməyəcəyimi axtarıram, axtarmadığımı tapıram.
Arzumun surəti qəlbimdən çıxıb, rəqs edə-edə qarşımda cilvələnir.

***

Əllər əllərə sarmaşır, gözlər gözlərin içində qərq olur, – qəlblərimizin hekayəti belə başlanır.
Məhəbbətimiz nəğmə kimi sadədir.
Bu bir oyundur, – bir-birimizə bir şeyi veririk, sonra alırıq, göstəririk, yenə gizlədirik. Gülümsəmələr də, yüngül çəkingənlik də, faydasız mübarizənin gözəlliyi də…
Nə indidən kənar sirlərimiz var, nə əlçatmaz arzularımız, nə məftunluğa meylimiz, nə zülmətin dərinliklərində sərgərdanlığımız.
Biz sözdən əbədi sükuta keçmirik; əllərimizi ümiddən kənar boşluğa uzatmırıq.
Bir-birimizə verib-aldığımız bizə kifayətdir.
Biz sevincimizin axırına çıxmamışıq ki, şərabdan iztirab çəkək.
Eşqimiz nəğmə kimi sadədir.

***

Sən dağlar ardındakı ulduz kimi görünməzsən, mən isə yolda qalmış bir yolçuyam.

***

Axmayan göz yaşları arxasından, çəkingən təbəssümlər arxasından, dadlı həya və iztirab arxasından öz ürək sirrini aç, mənə seylə.

***

– Ağac altında, kölgədə niyə hərəkətsiz durubsan, ey gənc?
– Qəlbimin ağırlığına ayaqlarım tab gətirmir, odur ki kölgədə hərəkətsiz durmuşam.

***

Sevinc şeh damcısı kimi bir anlıqdır, gülümsünən kimi tələf olur. Qəm-qüssə möhkəm və davamlıdır. Qoy sənin gözlərində kədərlə dolu məhəbbət yaşasın.

***

Mən heç bir şey gizlətmədən, bütün həyatımı sənə açdım. Bax buna görə də sən məni tanımırsan.

***

Sən arzularımın səmasında süzən bir axşam buludusan.
Mən eşqimin cilvələri ilə səni rəngdən-rəngə boyayır, şəkildən-şəklə salıram.
Narahat xəyallarım aləmində yaşayan sən, bütün varlığınla yalnız mənimsən.

***

Bu doğrudurmu, doğrudurmu ki, sənin eşqin məni axtara-axtara, tək-tənha əsrlərdən və dünyalardan keçib gəlmişdir?
Doğrudanmı, nəhayət, sən məni tapdıqda arzuların mənim incə sözlərimdən, gözlərimdən, dodaqlarımdan, saçlarımın dalğalarından kam alıb dincəlmişdir?

***

Səni çox tez tanımayım deyə, mənimlə oynayırsan, ey xanım.
Göz yaşlarını gizlətmək üçün qəhqəhələrinlə gözlərimi qamaşdırırsan.
Bilirəm, sənin hiylələrini bilirəm, –
Sən ürəyindəkini heç vaxt deməzsən.
Sənin qiymətini bilməyim deyə, min yolla məndən qaçırsan. Səni camaatın içində itirməyim deyə bir kənarda durursan.

***

Bir zaman vardı ki, həyatım açılmamış çiçəyə bənzərdi,— bütün ətri dərinliklərində idi.
İndi bu ətir geniş yayılıb uzaqlara səpələnmişdir.
Onları yenidən bir yerə toplayıb gizlədəcək sehri kim bilir?

***

Mənim qəlbim o dərəcədə mənim deyildir ki, onu bir adama verə bilim, – o çoxlarına verilmişdir.

***

Əgər mənim öləndən sonra əbədi şöhrət qazanmaq haqqım itibsə, – mənə sağ ikən ölümsüzlük bəxş elə.

***

İcazə ver, yanında oturum və dodaqlarıma əmr et ki, ulduzların tutqun işığında, sükut içində nə etmək olarsa, onu etsin.

***

Çünki yaz günləri təkrar-təkrar qayıdır; ay batıb yenə də çıxır; çiçəklər hər il budaqlarda öz vaxtında açılır, solur. Deməli, bəlkə, mən də yalnız qayıtmaq üçün vidalaşıram.

***

Mən qəlbimdə sənin üçün bəslədiyim ən qiymətli sözü söyləmək həsrətilə yanıram, amma cürət eləmirəm, qorxuram ki, gülərsən.
Buna görədir ki, öz-özümə gülürəm və sirrimi zarafat kimi israf edirəm.
Mən ürək dərdlərimi nəzərə almıram, qorxuram, sən də belə edərsən.
Mən qəlbimdə sənin üçün bəslədiyim ən səmimi sözləri söyləmək həsrəti ilə yanıram, amma cürət eləmirəm, qorxuram ki, inanmazsan.
Bax buna görə də onları yalan şəklinə salıb, olmayan şeyləri sənə söyləyirəm.
Mən öz dərdlərimi gülünc edirəm, qorxuram, sən də belə edərsən.
Mən ürəyimdə sənin üçün bəslədiyim ən qiymətli sözləri söyləmək həsrəti ilə yanıram, amma cürət eləmirəm. Qorxuram ki, onlara layiqi qiymət verilməz.
Bax buna görə də sənə layiq olmayan adlar qoyub, öz kobud qüvvəmlə öyünürəm.
Mən səni təhqir edirəm, çünki qorxuram sən heç bir zaman iztirabın nə olduğunu bilməzsən.
Mən sənin yanında dinməz-söyləməz olmaq istəyirəm, amma cürət eləmirəm, qorxuram ki, dodaqlarım ürək sirrimi açar.
Bax buna görə də mən çərənləyirəm və boş sözlərlə qəlbimin sirrini gizlədirəm.
Mən öz iztirabımla amansız rəftar edirəm, qorxuram ki, sən də belə edərsən.
Mən səndən uzaqlaşmaq həsrəti ilə yanıram, amma cürət eləmirəm, qorxuram ki, qorxaqlığımı başa düşərsən.
Bax buna görə də mən başımı qürurla qaldırır və sənin yanına saymazyana gəlirəm.
Sənin gözlərinin əbədi baxışları mənim iztirablarımı daim təzələyir.

***

And içirəm ki, bundan sonra ləyaqətli adamlarla bir cərgədə olmağa çalışmayacağam.

***

Sənə yaxın, səmimi və sadə olan şeyi gülümsünə-gülümsünə bağrına bas.
Qoy sənin gülüşün dalğalar üzərində işığın cilvələnməsi kimi ölçülüb-biçilmədən, şən olsun.
Qoy sənin həyatın ağac yarpağındakı şeh damcısı kimi zaman həddində cilvələnsin.

***

Öz qəm-qüssə aləminə qərq olub, heç bir təsəlli ummamaq qəhrəmanlıqdır.

***

Məni öz sehrlərindən azad elə, mərdliyimi mənə qaytar ki, öz azad qəlbimi sənə bəxş edə bilim.

***

Kimi qucaqlamağa çalışacağam? Röyaları əsla əsir etmək olmaz.

***

Nə üçün baxışınla məni utandırırsan?
Mən qapına bir dilənçi kimi gəlməmişəm.

***

İzhar olunmamış məhəbbət müqəddəsdir, o, qəlbin gizlin qaranlıqlarında qiymətli daş kimi parıldayır. Acgöz gün işığında o, solğun və sönük görünür.

***

Mən ümid edirdim ki, məhəbbətim məskənsiz qalıb utanmayacaq; amma sən məndən üz çevirdin.

***

Ey daşdan yonulmuş Gözəllik, sən həyatın çaxnaşma və səs-küyü içində hər şeyə yad, hər şeydən uzaq, dinməz və hərəkətsiz durubsan.
Sənə məftun olan böyük Zaman ayaqların altında oturub pıçıldayır: «Danış, ey sevgilim, danış, ey əbədi gəlinim, danış mənə!» Amma, ey hərəkətsiz gözəl, sənin səsin daşın içində gizlənmişdir.

***

Sakit ol, ey könül, qoy vidalaşma şirin olsun.
Qoy bu ölüm deyil, yalnız nəhayət olsun.

***

Onun, bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da gətirmirdi, çünki axtarış onun həyatının yeganə qayəsi olmuşdu.

***

Heç kəs əbədi deyil, heç nə əbədi qalmır, a qardaş. Bunu yadında saxla və sevin.
Həyatımız yalnız köhnə bir yük, yolumuz da yalnız uzun bir keçid deyil.
Şair eyni bir əbədi nəğmə oxumur.
Çiçək solur və ölür; amma onun sevindirdiyi adam çiçəyə əbədi yas saxlamır.
Qardaş, bunu yadında saxla və sevin.
Musiqiyə mükəmməllik vermək üçün arada tam fasilə vacibdir.
Həyat zərli kölgələrdə qərq olmaq üçün qüruba meyl edir.
Məhəbbət cəfa camını içmək və göz yaşları cənnətində təkrar dirilmək üçün oyundan ayırd edilməlidir.
Bunu yadında saxla və sevin, a qardaş.

***

Həyatımız ehtiraslı, arzularımız hərarətlidir, çünki zaman vidalaşma zəngini çalır.

***

Sən dünyanın bütün məğrur başlarını ayaqların altında pərəstiş etdirə bilərdin.
Amma sən yalnız şöhrətə biganə olanları xoşlayırsan, indi, budur, mən sənə pərəstiş edirəm.

***

Ey yüz il sonra nəğmələrimi oxuyacaq oxucum, sən kimsən?

Tərcümə: Mikayıl Rzaquluzadə

4.7 (94.72%) 106 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram