Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Samuel Bekket “Oyunun sonu”

kko_samuel_bekket_oyunun_sonuAnnotasiya

Samuel Bekketin “Oyunun sonu” (fransızca “Fin de partie”) pyesi təcrid olunmuş dünyada yaşayan, yaşlı, yeriyə bilməyən Hamm və onun xidmətçisi Klov haqqındadır. Klov əsər boyu hər şeyi atıb çıxıb getmək istəyir amma bacarmır, Hamm isə əsər boyu öz hekayə-monoloqunu danışmaq istəyir. Daha iki personaj – Naqq və Nell Hammın valideynləridir, onlar zibil qutularında yaşayır, yemək istəyəndə başlarını qutudan bayıra çıxarırlar.
Pyesin əsas əhval-ruhiyyəsi ümidsizlik, çıxılmazlıqdır. Sanki qəhrəmanların bütün hissləri ölüb, qara yumordan başqa…

Pyes ilk dəfə rejissor Roje Blen tərəfindən 1957-ci ilin aprelin 1-də Londonda Royal Court teatrında səhnəyə qoyulmuşdur.

Karandaşın izi ilə

Əlbəttə, hər şey bitdi, hər şey bitəcək, hər şey, yəqin ki, bitəcək.

***

Yer üzündə… (əsnəyir) mənim dərdimdən böyük dərd… varmı? Şübhəsiz. Əvvəllər var idi. Bəs indi? (Pauza.) Mənim atam? (Pauza.) Mənim anam? (Pauza.) Mənim… itim? (Pauza.) Oh əlbəttə, razılaşa bilərəm ki, ümumiyyətlə, bu cür məxluqlar əzab çəkə biləcəyi qədər onlar da əzab çəkir. Lakin bu o deməkdirmi ki, bizim əzablarımız müqayisə oluna biləndir? Sözsüz. (Pauza. Yox, hər şey t… (əsnəyir) …amamilə; (qürurla) nə qədər böyüksən, bir o qədər onlarla dolusan. (Pauza. Qaşqabaqla) Və yenə də boşsan.

***

Hamm. Saat neçədir?
Klov. Həmişəki vaxtdır.
Hamm. Baxmısan?
Klov. Hə.
Həmm. Və neçə?
Klov. Sıfır.

***

Ömür boyu həmin suallar və həmin cavablar.

***

Hamm. Niyə məni qoyub getmirsən?
Klov. Niyə məni buraxmırsan?
Hamm. Başqa adam yoxdur.
Klov. Başqa yer yoxdur.

***

Hamm. Niyə məni öldürməyəsən?
Klov. Bufeti açmaqçün rəqəmlər kombinasiyasını bilmirəm.

***

Hamm. Üstdən otur!
Klov. Otura bilmirəm.
Hamm. Düzdür. Mən də dura bilmirəm.
Klov. Eynilə.
Hamm. Hərəyə öz dərdi.

***

Hamm. Təbiət bizi unudub.
Klov. Daha təbiət yoxdur.
Hamm. Təbiət yoxdur! Şişirdirsən.
Klov. Hər halda, yaxın ətraflarda yoxdur.
Hamm. Axı biz nəfəs alırıq, dəyişirik! Saçlarımızı, dişlərimizi itiririk! Təravətimizi! İdeallarımızı itiririk!
Klov. Deməli, o bizi unutmayıb.
Hamm. Bəs deyirsən, o daha yoxdur.
Klov (kədərlə). Dünyada heç kəs bizim kimi qarışıq düşünmür.
Hamm. Əlimizdən gələn hər şeyi edirik.
Klov. Gərək etməzdik.

***

Nell. Görürsən məni?
Naqq. Pis.
Nell. Lap yaxşı, lap yaxşı.

***

Nell. Yox. (Pauza.) Mənə yenə nəsə demək istəyirsən?
Naqq. Yadındadır…
Nell. Yox.

***

Nell. Naqq, belə şeylərə gülmək olmaz. Niyə həmişə gülürsən?
Naqq. Elə də möhkəm yox!
Nell (səsini aşağı salmadan). Səninlə razıyam, bədbəxtlikdən gülməli heç nə yoxdur. Amma yenə də…

***

(Xüsusi, hekayə danışan səslə) Bir ingilis (ingilisi təqlid edərək üz-gözünü büzüşdürür, sonra isə üzü əvvəlki ifadəsini alır), Yeni ilə özünə zolaqlı şalvar tikdirmək məqsədilə dərzinin yanına gedir, dərzi də onun ölçülərini götürür. (Dərzinin səsi ilə.) “Hər şey qaydasındadır, dörd gündən sonra gəlin, şalvar hazır olacaq.” Yaxşı. Dörd gündən sonra. (Dərzinin səsi ilə.) “Çox üzr istəyirəm, sorry, səkkiz gündən sonra gəlin, şalvarın dalı alınmayıb.” Neyləyək, dal çox mühüm və əsas məsələdir. Səkkiz gün sonra. (Dərzinin səsi ilə.) “Çox təəssüf edirəm, on gündən sonra gəlin, burda yerişdə problemlər var.” Nə olsun, yerişdə problemlər incə işdir. On gün sonra. (Dərzinin səsi ilə.) “Ümidsizlik içindəyəm, on beş gündən gəlin, şalvarın qatını korlamışam.” Yaxşı, gözəl qatdan vacib nə ola bilər ki? (Pauza. Adi səslə.) Nəsə pis danışıram. (Pauza. Qaşqabaqla.) Bu lətifəni get-gedə daha pis danışıram. (Müştərini təqlid edərək üz-gözünü büzüşdürür və onun səsi ilə davam edir.) “Andıra qalsın, goddam, ser, bunlar artıq heç bir yerə sığmır! Allah dünyanı altı günə, eşidirsiz, altı günə yaradıb. Bəli, cənab, elədir ki var, cənab, DÜNYANI yaradıb! Sizsə bu lənətə gəlmiş üç aya mənə bir şalvarı heç cürə tikə bilmirsiz!” (Şoka düşmüş dərzinin səsi ilə.) Axı milord, milord! Baxın… (sözlərini həqarətli jest və aşkar nifrətlə müşayiət edərək) bu dünyaya… və mənim ŞALVARIMA … (sözlərini açıq qürürla müşayiət edərək) baxın!

***

Hamm. Bu gecə öz sinəmə nəzər saldım. Orada böyük çiban var idi.
Klov. Sən sadəcə öz ürəyini görmüsən.
Hamm. Yox, o, canlı idi.

***

Hamm. Bəs biz özümüz heç nə… heç nə… ifadə etmirik?
Klov. İfadə etmək? Biz və ifadə etmək!

***

Hamm (ucadan). Gəl, ikimiz çıxıb gedək, oraya – cənuba gedək! Dənizə doğru! Sən qayıq düzəldərsən. Axın bizi uzaqlara aparar, başqa … məməlilərin yanına!

***

Hamm. Gözlərin necədir?
Klov. Pis.
Hamm. Amma görürsən.
Klov. Lazım olanı görürəm.
Hamm. Ayaqların necədir?
Klov. Pis.
Hamm. Amma yeriyirsən.
Klov. Gedirəm və gəlirəm.

***

Hə, gözəl günlərin birində bunun nə demək olduğunu biləcəksən, mənim kimi olacaqsan, ancaq sənin yanında daha heç kim olmayacaq, çünki sən heç kimə rəhm etməmisən, sənə də rəhm edən olmayacaq.

***

Günlərin bir günü öz-özünə deyəcəksən: yoruldum, dayanıram. Nə fərqi var, bu hansı poza olacaq!

***

Klov. Bu sualı milyon dəfə vermisən.
Hamm. Köhnə sualları sevirəm.

***

Hamm. Vaxt var idi o, gül kimi gözəl idi. Və heç bir kişiyə yox deyə bilmirdi.
Klov. Biz də, vaxt var idi, gözəl idik. Hamı nə vaxtsa gözəl olur.

***

Klov. Bu nə vaxt olub?
Hamm. O, çoxdan, lap çoxdan. Sən hələ doğulmamışdın.
Klov. Gözəl vaxt idi!

***

Hamm. O, rəssamlıqla məşğul olurdu.
Klov. Həyatda necə pis şeylər var.

***

Hamm (qaşqabaqla). Deməli, bu gün də o biri günlər kimidir.
Klov. O, hələ ki davam edir. (Pauza.) Ömür boyu elə eyni axmaqlıqlar.

***

Hamm. Səni ata bilmərəm.
Klov. Bilirəm. Ardımca gələ də bilməzsən.

***

Hamm. Hə, bəs mən hardan biləcəm ki, sən ölmüsən və meyidin mətbəxdə qalıb?
Klov. Əvvəl-axır iylənəcəm də.
Hamm. Sən onsuz həmişə iylənirsən. Bütün ev meyit iylənir.
Klov. Bütün kainat.

***

Klov. Sən sonrakı həyata inanırsan?
Hamm. Mənimki həmişə elə ondan olub.

***

Hamm. Əclaf! Məni niyə törətdin?
Naqq. Hardan biləydim ki.
Hamm. Nə? Nəyi bilməliydin ki?
Naqq. Sənin əmələ gələcəyini.

***

Klov. Nəyə lazımam ki burda?
Hamm. Mənə replika atmaq üçün lazımsan.

***

Mövsümə uyğun hava var, hərdən belə şeylər olur.

***

Nəhayət, deyirəm, nəyə ümid edirsiniz? Yer üzünə bahar fəsli gələcəyinə? Dəniz və okeanların balıqla dolacağına? Göylərdə sizin kimi bütün axmaqlara hələ də manna yarması bəs etdiyinə?

***

Naqq. Bu normaldır. Nəticədə, sənin atan mənəm. Düzdür, mən olmasam, başqa biri olacaqdı. Ancaq bu yaxşı bəhanə deyil.

***

Səliqə-sahmanı sevirəm. Bu mənim arzumdur. Hər şey sükut və ətalət içində olan, hər əşya isə özünün sonuncu, qəti vəziyyətini alan, sonuncu toz ilə örtülən dünya olardı.

***

Klov. O ağlayır.
Hamm. Deməli, sağdır.

***

Hamm. İndi gündüzdür?
Klov. Hər halda gecə deyil.

***

Hamm. O, nə edir?
Klov. Peçenyesini sorur.
Hamm. Həyat davam edir.

***

Ağlayırıq, ağlayırıq – elə-belə, gülməmək üçün.

***

Əgər çörək istəmədilərsə, deməli, onlara pirojna lazım idi.

***

Mənim axırım əvvəlimdədir, amma yenə də biz davam edirik.

***

Orada olacam, həmin köhnə sığınacaqda, sükut və … (sözü tapmaqda tərəddüd edir) dincliyə qarşı təkbətək.

***

Hamm. Sən nə getmədin, nə ölmədin?
Klov. Ancaq qəlbimdə.

***

Hamm. Getsən, öləcəksən.
Klov. Və əksinə.

***

Hamm. Qaranlıqdan öldü! Bəs mən? Məni kimsə nə vaxtsa bağışlayıb?
Klov (durbini aşağı salaraq, Hamma tərəf çevrilir). Nə? (Pauza.) İndicə dediyin mənə aid idi?
Hamm (qəzəblə). Bu kənara replika idi! Axmaq! Nədir, ilk dəfədir kənara replika eşidirsən? (Pauza.) Öz sonuncu monoloquma hazırlaşıram.

***

Boşluq anları, əbədi olaraq boş, ancaq hesablana biləndir, hesab qurtarır və tarix başa çatır.

***

Klov. Mən gedirəm. (Sükut)
Hamm. Getməzdən əvvəl bir söz de.
Klov. Deməyə sözüm yoxdur.
Hamm. Bir neçə söz… onları… ürəyimdə saxlaya bilməyim üçün.
Klov. Ürəyində!

***

Mən heç vaxt olmamışam. Hər şey mənsiz baş verib. Heç, nə baş verdiyini bilmirəm də.

***

Onsuz da burdasız, yer üzündə, bundan xilas yoxdur!

Tərcümə: Sevinc Məmmədova

5 (100%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram