“Qodotun intizarında” (fransızca “En attendant Godot”) İrland dramaturqu Semuel Bekketin pyesidir. Əsər fransızca yazılmış, Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdu. İngilis variantında “iki pərdəli tragikomediya” alt başlığı var.
Pyesin əsas qəhrəmanları Vladimir (Didi) və Estraqon (Qoqo) sanki zamanda itib-batıblar, bir yerə pərcim olunaraq hansısa Qodonu gözləyirlər. Elə bilirlər ki, onun gəlişi onların mənasız həyatlarına rəng qatıb, ətrafdakı bütün təhlükələrdən qoruyacaq. Pyesin süjeti birmənalı deyil. Tamaşaçı Qodonu istədiyi kimi təsəvvür edə bilər: müəyyən adam, tanrı, güclü şəxsiyyət, ölüm və s. Pyesdə hərdən daha iki Potso və Lakki adlı personajlar da görünür. Lakki Potsonun əşyalarını daşıyan quludur.
Hər günün sonunda isə balaca bir oğlan “Qodo sabah gələcək.” xəbərini gətirir.
Nəhayət Didi və Qoqo özləri Qodonu axtarmağı qərara alırlar. Ancaq pyes “Heç biri yerindən tərpənmir.” sözləri ilə başa çatır.
Karandaşın izi ilə
Özünü xırda şeylərdə boş buraxmaq olmaz.
***
Son dəqiqə… – (fikirli) – Yaxşı olacaq, amma tez olmayacaq.
***
Buyurun bu da insan: təqsir ayaqlarında olduğu halda ayaqqabıdan gileylənir.
***
Quldurlardan biri xilas olmuşdu… Sanballı faizdir.
***
Mən beləyəm. Ya o saat unuduram, ya da heç vaxt unutmuram.
***
Vaxt yavaş keçir və bizi məcbur edir ki, ona əməllərimizlə rəng qataq.
***
E. – Yoruldum. Gedək.
V. – Gedə bilmərik.
E. – Niyə?
V. – Qodonu gözləyirik.
E. – Ah, həəə.
***
V. – Bəlkə peşman olaq?
E. – Nəyə?
V. – Şey… (deməyə söz axtarır) – Təfsilata varmaya da bilərik.
E. – Dünyaya gəldiyimizə?
***
E. – Ola bilər. Yadıma Müqəddəs Torpağın xəritələri düşdü. Çox gözəl idilər. Ölü dəniz sol açıq-mavi rəngdə idi. Ona baxmaq kifayət idi ki, susadığımı hiss edim. Özümə deyirdim: “Bal ayımıza ora gedəcəyik. Üzəcəyik. Xoşbəxt olacağıq”.
V. – Sən gərək şair olardın.
E. – Elə ondan idim (cır-cındır paltarını göstərərək) – Məgər görünmür?
***
V. – Yenə də… (Pauza.) Necə oldu ki,… Başını ağrıtmıram ki?
E. – Qulaq asmıram.
***
E. – Bu nədir?
V. – Söyüdə oxşayır.
E. – Bəs yarpaqları hanı?
V. – Yəqin quruyub.
E. – Ağlamır daha.
V. – Bəlkə də, fəsli deyil.
***
E. – Hərdən mənə elə gəlir ki, ayrılsaq yaxşı olar.
V. – Çox uzağa gedə bilməzdin.
***
Çoxu bacaran azı da bacarar.
***
E. – Acmışam.
V. – Kök istəyirsən?
E. – Başqa heç nə yoxdur?
V. – Bir iki dənə turp da var.
E. – Kökü ver mənə. (Vladimir ciblərində eşələnir, turpu çıxarıb Estraqona verir.) Sağ ol. (O, iniltiliylə dişləyir) Bu ki turpdur!
V. – Bağışla! Əmin idim ki, kökdür.
***
E. – Qəribədir. Yedikcə dadsızlaşır.
V. – Məndə isə tərsinədir.
E. – Yəni.
V. – Mənə yedikcə daha dadlı gəlir.
***
V. – Heç nə eləmək olmaz.
E. – Dəridən qabıqdan çıxmaq əbəsdir.
V. – Nə idin, elə də qalacaqsan.
E. – Başından yuxarı hoppana bilməzsən.
V. – Əsas şeyi dəyişə bilməzsən.
E. – Heç nə eləmək olmaz.
***
E. – (cəld) Biz buralı deyilik, cənab.
P. – (ayaq saxlayaraq) Hər halda siz bəşər övladlarısınız. (eynəyini taxır) Gördüyüm qədərilə. (eynəyini çıxarır) Mənimlə eyni cinsdənsiniz.
***
Bilirsinizmi dostlar, mən uzun zaman özümə oxşarlarsız qala bilmirəm, (oxşarlarına baxır) hətta onlar mənə az oxşasalar belə.
***
Ayağa qalxdığım zaman bir də necə oturum? İradəsiz görünməmək üçün?
***
O, artıq mənim burda olmağıma dözə bilmir. Sözsüz ki, mən çox da insanpərvər biri deyiləm, amma məgər bu səbəb ola bilər?
***
Nə qədər çox adama rast gəlsəm, o qədər xoşbəxt oluram. Ən miskin məxluq da səni nəyləsə zənginləşdirə, nəsə öyrədə, öz səadətini daha yaxşı hiss etdirə bilər. Hətta siz də (onları bir-bir diqqətlə gözdən keçirir ki, baxışını hiss etsinlər.), kim bilir, hətta, bəlkə siz də mənə nəsə bəxş etmisiz.
***
Bir az əvvəl, cənab, mənimlə danışanda tir-tir əsirdiniz. İndi isə sual verirsiniz. Bunun axırı pis olacaq.
***
Əgər hamımız eyni vaxtda danışsaq, heç nəyə razılaşmayacağıq.
***
Nəzərə alın ki, qismət olsaydı mən onun yerində ola bilərdim, o da mənim. Hər kəsə özününkü.
***
İnsanın göz yaşları əbədidir. Əgər kimsə ağlamağa başlayırsa, deməli haradasa kimsə ağlayıb qurtarır. Eyni şey gülüşə də aiddir. (Gülür.) Əsrimiz haqqında pis danışmayaq, o, əvvəlkilərdən dəhşətli deyil. (Sükut.) Yaxşı da danışmayaq. (Sükut) Bu haqda danışmayaq. (Sükut.) Amma, axı insan populyasiyası doğrudan da artıb.
***
Nə danışdığımı dəqiq xatırlamıram, amma əmin ola bilərsiz ki, onda zərrə qədər də olsa həqiqət yox idi.
***
P. – Siz məndən əyləşməyi xahiş etsəniz.
E. – Bu sizə kömək edəcək?
P. – Hə, deyəsən.
E. – Yaxşı. Buyurun əyləşin, cənab.
P. – Yox-yox, lazım deyil. (Pauza. Astadan.) Daha təkidlə.
E. – Yaxşı-yaxşı, niyə ayaq üstəsiz, soyuqlaya bilərsiz axı.
P. – Elə fikirləşirsiz?
E. – Tamamilə.
P. – Düşünürəm ki, haqlısız. (Əyləşir.)
***
Gözləyəndə heç nə baş vermir.
***
P. – Getmək (tərəddüd edir) alınmır məndə…
E. – Həyat belədir.
***
V. – Nə olub sənə?
E. – Bədbəxtəm.
V. – Yaxşı? Nə vaxtdan bəri?
E. – Unutmuşam.
V. – Yaddaşımız bizimlə pis zarafatlar edir.
***
E. – Bir az əvvəl mahnı oxuyurdun, eşidirdim səni.
V. – Hə yadımdadır.
E. – Bu mənə əzab verirdi. Öz-özümə deyirdim: o təkdir, düşünür ki, mən həmişəlik çıxıb getmişəm və o oxuyur.
V. – Əhval-ruhiyyəyə əmr etmək olmaz. Bütün günü özümü əla hiss edirdim. (Pauza.) Gecə də bir dəfə də olsa durmamışdım.
E. – (kədərlə) Görürsən, mən olmayanda daha yaxşı işəyirsən.
…
E. – Bəs indi?
V. – (hisslərini yoxlayaraq) İndi… (sevincək) yenə burdasan… (adi tərzdə) yenə burdayıq… (kədərlə) yenə burdayam.
E. – Görürsən, mən yanında olanda pis olursan. Mən də özümü tək olanda daha yaxşı hiss edirəm.
V. – (xətrinə dəyilmiş tərzdə) Onda nəyə gəlmisən?
E. – Bilmirəm.
***
Eyni bir çuxura iki dəfə düşmək olmaz.
***
Öz təbiət təsvirlərinlə birlikdə başımdan ol! Mənə danış görüm, yerin altında nə var!
***
V. – Səninlə yaşamaq çətindir, Qoqo.
E. – Yaxşısı budur ayrılaq.
V. – Həmişə belə deyirsən. Hər dəfə də geri qayıdırsan. Sükut.
E. – Alınması üçün, gərək başqası kimi məni də öldürəsən.
V. – Hansı başqasını? (Pauza.) Hansı başqasını?
E. – Milyonlarla başqaları kimi.
V. – (təntənə ilə) Hərəyə öz dərdi (Ah çəkir.)
E. – Susmağı bacarmırıqsa, gəl gözlədiyimiz müddətdə sakit danışaq;
V. – Hə, bizim səsimiz kəsilmir.
E. – Düşünməmək üçün.
V. – Bəhanəmiz var.
E. – Eşitməmək üçün.
V. – Səbəblərimiz var.
E. – Hamısı ölü səslərdir.
V. – Elə bil qanad səsləridir.
E. – Yarpaqların.
V. – Qumun.
…
V. – Hamısı birlikdə danışır.
E. – Hərə özününkü haqda. Sükut.
V. – Nə haqda danışırlar?
E. – Öz həyatları haqda.
V. – Onlara tək yaşamaq bəs etmir.
E. – Danışmaq da lazımdır.
V. – Onlara ölü olmaq bəs etmir.
E. – Ölü olmaq azdır.
***
V. – Axtaranda qulaq asırsan.
E. – Hə, düzdür.
V. – Bu da tapmağa mane olur.
E. – Elədir.
V. – Bu da düşünməyə mane olur.
E. – Ancaq yenə də düşünürsən.
***
V. – Ən dəhşətlisi düşünməkdir.
E. – Bu heç bizim başımıza gəlibmi?
V. – Bu meyitlər hardan çıxdı?
E. – Bu skeletlər.
***
V. – Bəs səncə biz dünən axşam harda idik?
E. – Bilmirəm. Başqa yerdə. Başqa qəfəsdə. Hər yer boşluqla doludur.
***
E. – Biz guya yaşadığımızı göstərmək üçün həmişə nəsə fikirləşib tapırıq, hə, Didi?
V. – (səbrsiz halda) Hə, hə. Biz sehrbazlarıq. Özümüzü çaşdırmağa imkan vermirik.
***
Hər gün kiməsə lazım olmuruq. Əlbəttə, kiməsə məhz elə biz lazım deyilik. Başqaları da eyni şeyi, üstəlik daha yaxşı edərdi. Eşitdiyimiz çağırış daha çox bütün bəşəriyyətə ünvanlanıb. Ancaq bu vaxt, bu yerdə, bizim xoşumuza gəlsə də, gəlməsə də, bəşəriyyət bizik. Nə qədər ki gec deyil bundan faydalanaq. Bəlanın bizə şamil etdiyi o cəmiyyət tullantılarını layiqincə təmsil edək.
***
Hamımız dəli doğuluruq. Bəziləri elə də qalır.
***
Onsuz da nə vaxtsa ayağa duracam. (Qalxmağa çalışır, yenidən yıxılır.) Geci-tezi var.
***
P. – Axşam olub? (Səssizlik. Vladimir və Estraqon qürub edən günəşə baxırlar.)
E. – O, deyəsən qalxır.
V. – Ola bilməz.
E. – Bəs birdən bu sübhdürsə?
V. – Axmaq-axmaq danışma. Ora qərbdir.
***
Onu nə qədər belə tutmalı olacağıq? (Onlar onu buraxırlar, az qala yıxıldığını görən kimi yenə tuturlar.) Kariatida deyilik ki.
***
Görmürsən o, öz xoşbəxtliyini yada salır. (Pauza.) Memoria praeteritorum bonorum – bu yəqin ağır olmalıdır.
***
Korlar zamanı duymurlar.
***
Əvvəlcə bax gör sağdırmı? Ölüdürsə, onu döyməyin bir mənası yoxdur.
***
P. – Dünənki kimi?
V. – Biz dünən görüşmüşdük. (Sükut.) Yadınıza gəlmir?
P. – Dünən kiməsə rast gəlməyimi xatırlamıram. Amma sabah da bu gün kimləsə qarşılaşdığımı xatırlamayacam. Bilmək istəyirsizsə, mənə bel bağlamayın.
***
Siz zamanla bağlı əhvalatlarınızla başımı xarab etməyi dayandırmayaqsınız? Bu görünməmiş bir şeydir! Nə vaxt! Nə vaxt! Gözəl günlərin birində, bəsinizdirmi, digər günlərə oxşar gözəl günlərin birində o, kar oldu, gözəl günlərin birində mən kor oldum, gözəl günlərin birində biz lal olacayıq, gözəl günlərin birində biz doğulmuşuq, gözəl günlərin birində öləcəyik, günlərin birində, bir anda, bəsinizdirmi?
***
Başqaları əzab çəkəndə, yatırdımmı? Bəs indi yatırammı? Sabah, mənə elə gələndə ki, oyanmışam, bu gün haqqında nə deyəcəm? Amma vərdiş ikinci xasiyyətdir. (Estraqona baxır.) Başqa birisi öz-özünə “O yatır, o bilmir ki, yatır.” deyə-deyə mənə baxır.
***
– Gedək burdan?
– Gedək.
Heç biri yerindən tərpənmir.
Tərcümə: Sevinc Məmmədova