Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Uilyam Foulkner “Avqust işığı”

kko_uilyam_folkner_avqust_ishighiAnnotasiya

Amerikanın cənubu – özünün bütün iztirablı, faciəvi və dəlisov gözəllikləri ilə. “Avqust işığı” romanında təhlükəli və məhvedici ehtiraslar coşur, qorxulu ailə sirrləri qorunub saxlanılır, rasizm və qəddarlıq baş alıb gedir, sevgi və nifrət isə sözün əsl mənasında gözəl ölçülərə çatır.

 

Karandaşın izi ilə

Ürəyiyumşaqlıq, mehribanlıq, cavanlıq (artıq qırx yaşı olardı) və demək olar ki, hər cür hissiyyat onun canından tərlə birlikdə çoxdan çıxıb yox olmuşdu; onda inadcıl, ümidsiz dözümlülükdən, bir də dəlisov nəsil təkəbbürlülüyündən savayı heç nə qalmamışdı.

***

Cavan subayların, taxta-şalban donjuanlarının sayı kənddəki ailələrin sayından da az idi.

***

Qədim yunan vazalarının üstündəki rəsmlərdə olduğu kimi, irəliyə bir addım belə atmadan əbədi hərəkətdə olmuşdu.

***

“Gözümün görmədiyi, qulağımın eşitdiyi qədər uzaqda”.

***

Mən bilən, qadınlar xeyirxah olmaqdan daha çox gözəldilər. Kişilər – bəlkə də. Qadınlarsa, – yalnız çirkin qadın xeyirxahlığa ehtiyacı olan digər qadına yaxşılıq eləyər.

***

Bunlardan biri ərə getdimi, yaxud ərə getməmiş belə bir yükə sahib oldumu, dərhal qadın irqindən, qadın tayfasından uzaqlaşıb, ömrünün axırına kimi kişi tayfasından yapışmağa can atır. Elə buna görə də onlar tənbəkiyə meyillənir, siqaret çəkir və ya tütün iyləyir; elə buna görə də səs vermək hüququ tələb etməyə başlayırlar.

***

– Eh, kişilər, – arvadı deyir, – görüm sizi lənətə gələsiniz.

***

Sobanın tələb etdiyi diqqət onun qalandığı amansız qətiyyətlə heç cür uzlaşmır.

***

Cavan, deyib-gülən oğlan üçün evlilik həyatı, off, nə qədər uzun, yorucu olur. Düz demirəm?

***

Mən ondan məktub-zad gözləmirəm – heç məktub yazmağı da yoxdur.

***

Və dilin əbədi ləngliklə sözləri necə seçdiyinə diqqətlə qulaq kəsilib, düşüncənin ardınca zorla yetişərək lal-dinməz halda sürətlə fikirləşdi.

***

Kişi. Bütün kişilər. Yaxşılıq eləmək üçün əlinə düşən yüz fürsəti, bir dəfə ilişmək, istənilməyən yerə, istənilməyən şeyə ilişmək fürsətini bada verəcək. Zəngin olmaq, ad-san qazanmaq, xeyirxah iş görmək, bəzən hətta ziyankarlıq etmək üçün qarşısına çıxan istənilən fürsəti, istənilən imkanı gözü görməyəcək, əldən verəcək. Amma ilişmək fürsətini əldən buraxmayacaq.

***

Allah özü hər şeyin ədalətli olmasının qayğısına qalacaq.

***

Ata qanı sevgi və qürurla nifrət bəsləyir, ana qanı isə nifrətlə sevir və birgə yaşayır.

***

Ayağa qalxır, ehtiyatla, yavaş-yavaş, bir qədər yöndəmsiz addımlarla kişi gözlərinin artilleriya mənzilini dəf edərək, dükana girir;

***

Daim sərgərdan yaşayan əsl səfilə də bənzəmirdi, amma sur-sumbatından o qədər ev-eşiksizlik tökülürdü ki, sanki, nə doğma bir şəhəri, nə kənd-kəsəyi, nə küçəsi, nə dörd divarı, nə də bir ovuc torpağı vardı.

***

– Bəyəm bu paltarda işləyəcək?
– Öz işidir, – sex rəisi cavab verdi. – Mən onun paltarını işə götürmürəm.

***

İnsanın adı, sadəcə, onu başqalarından fərqləndirməyə xidmət edən bir səs, bir işarə deyil, həm də o adamın nə törədəcəyinin müjdəçisi ola bilər; əlbəttə, əgər başqaları onun mənasını vaxtında anlaya bilərlərsə.

***

Sims onun kostyumunu işə götürmədiyi kimi, heç o andır sifətini də işə götürməyib.

***

O, tez-tez başını geri atıb, çiyninin üstündən arxasına boylanırdı; arxadan sürətlə gələn maşına dönüb baxan qatır kimi.

***

Ona baxanda mənim ağlıma küçədə avaralanan radiolu maşın gəlir. O radio nə deyir, nə danışır, maşın özü hara gedir – heç nə anlaya bilmirsən, lap yaxından baxanda isə məlum olur ki, içində heç kim yoxdur.

***

Onun haradan gəldiyi, hara gedəcəyi, burada qalıb-qalmayacağı heç kimin (ən azı şalvar geyinənlərin heç birinin) vecinə deyildi.

***

İşdə ustalıqla girlənmək bacarığı, istənilən sahədə çox az insana verilir, hətta oğurluqda və yaxud adam öldürməkdə belə. Qarşıya müəyyən bir məqsəd qoymaq, ona nail olmağa can atmaq lazımdır.

***

Dünyada elə bir fərsiz adam yoxdur ki, ən azı, hansısa bir işdə digərini üstələyə bilməsin.

***

Məncə, yaxşı olmaq tənbəl adam üçün dünyada ən asan işdir.

***

Əgər pis bir iş görmək niyyətində olsam, Allah məni beləsiylə yoldaşlıq etməkdən saxlasın.

***

Görünür, Bayron pis şeylərdən o qədər uzaq qaçır ki, həyatda çox şeydən xəbəri olmur.

***

– O hələ özünü ram edə bilməyib. Özünü tam inandıra bilməyib.
-Nəyə?
-Mən düşündüyümdən də ağılsız olduğuna,…

***

Gedin ölənə kimi işləyin, kölə uşağı kölə!

***

İnsan ətrafındakılar haqda o qədər az şey bilir ki… Onun aləmində bütün kişilər – elə bütün qadınlar da – hər işi onları daxilən hərəkətə gətirən istək və ya həvəsə görə görürlər – başqa bir kişini, ya da başqa bir qadını təqlid edəcək qədər ağılsız olsalar belə.

***

Və budur, Bayron aşiq olur. Öz qısqanc və ciddi, eşq obyektinin cismani bakirəliyini tələb edən kənd tərbiyəsinə rəğmən aşiq olur.

***

Yanğına tamaşa eləmək ki, pulsuzdur.

***

Ona od vurmaq lazımdı, özü də insan piyiylə, daha şiddətlə alışıb-yansın deyə.

***

Qadının üzündəki təbəssümün bulağın gözünə daş atıldıqdan sonra əriyib yox olan dalğalar kimi öləziyib söndüyünü görür.

***

Gözləri tamam gömgöydü. Ancaq bu gözlərə, bəlkə də, Bayronun onu aldatmağa çalışdığına inamın kölgəsi düşüb.

***

– Bəyəm bir dəqiqəlik oturanda da hər dəfə saata baxırsınız? Onlar hardan biləcəklər ki oturmusunuz, ya oturmamısınız? Bir dəqiqə az, bir dəqiqə çox – nə fərqi var ki?
– Belə başa düşürəm ki, mənə oturmağıma görə haqq ödəmirlər.

***

Çünki boşboğazlığa görə ona əmək haqqı ödəsəydilər, çoxdan bu sexin sahibi olmuşdu.

***

İnsanlar bir-biri haqqında getdikcə daha çox yalan şeylər danışırlar.

***

Braun, əgər belə demək mümkündüsə, hırıldamaqdan, onu-bunu lağa qoymaqdan boş vaxt tapanda elə burda işləyirdi.

***

Doğrudan da belədi, adam ki işdən çıxdı, dərhal onun dalınca ağızlarına gələni danışırlar.

***

“Qürur və şərəfdən, həyatdan hələ nəsə bir şey qalıb”.

***

Sahib olduğu qadının başına bu cür oyun açmaq kişilərə xas olan şeydir, buna görə də qadınlar güclü olmağa məcburdurlar, kişilərlə törətdikləri yaxud kişilər üçün qurşandıqları pis əməllərə görə onları günahlandırmaq olmaz, zira Allah özü yaxşı görür ki, birinin övrəti olmaq nə qədər çətin işdir.

***

Zira şəhər belə hesab edirdi ki, bu mömin və əməlisaleh qadınlar bağışlamağın – bu şirin vicdan çərəzinin dadı, ətri qaçmasın deyə yaxşını da, pisi də belə asanlıqla unutmurlar.

***

İnsanlar bəzən zorla öz iradələrinə tabe etdirdikləri adamın da halına acıyırlar.

***

Amma hamı – bu sözü deyən də, təkrar edən də, ona qulaq asan da yaxşı başa düşürdü ki, bu, doğru deyil.

***

Ümumiyyətlə, insanlar hər yerdə eyni cürdür, ancaq kiçik şəhərdə – şər iş görməyin daha çətin, onu gizli tutmaq imkanının isə çox az olduğu bir yerdə – görünür, adamlar başqası haqqında daha çox şər şeylər uydura bilirlər.

***

İnsan yalnız yadda saxladığı qədər unuda bilir, artıq yox.

***

“Çünki hər dəfə, – o düşünür, – bir şey vərdiş halına keçəndə, nə işdisə, həqiqətdən və gerçəklikdən daha çox uzaqlaşır”.

***

Zira insanın ümid edə biləcəyi yeganə şey – ona öz din qardaşları arasında sakitcə yaşamaq imkanının verilməsidir.

***

…gözləri isə eləydi ki, yalan demək istəsən də, deyə bilməzdin.

***

Kristmas qanunu ona görə pozur ki, çoxlu pul qazanmaq istəyir, Braun isə qanunu ona görə pozur ki, nə elədiyini başa düşməyə ağlı çatmır.

***

Çünki artıq baş vermiş bədbəxtlik baş verə biləcək bədbəxtlik qədər qorxunc deyil. O, təki heç nə dəyişməsin deyə, vərdiş olunmuş bədbəxtlikdən bərk-bərk yapışacaq. Bəli. İnsan həmişə canlı adamlardan qaçıb gizlənmək istədiyi barədə danışacaq. Amma ona əsl ziyan vuran ölülərdir. Torpaq altında sakitcə yatan, onu heç cür tutub saxlamağa çalışmayan ölülər; o, bax onlardan qaçıb gizlənə bilməyəcək.

***

Deyirlər yalnız təcrübəli yalançılar adamı aldada bilir. Amma təcrübəli, vərdişkar yalançı çox vaxt yalnız özünü aldadır; bütün həyatı boyu düzlük qandalının buxovunda gəzən adamın yalanına isə daha asan inanırlar.

***

Bəlkə, ona görə ki, taylı təkcə tayını tapmır, həm də o öz tayından yayına bilmir.

***

“Deyəsən, sən yaxşı yata bilmirsən. Çoxdandı yuxuya gedə bilmirsən. Sən gərək çox yatasan”. – Braun isə soruşub: “Nə qədər çox?” Kristmas deyib: “Bəlkə də – həmişəlik”.

***

– Onda saat neçə olardı? – şerif soruşur.
– Yəqin ki, səkkiz, – Braun deyir. – Adam nə vaxt yuxudan oyanır? Əgər zəngin deyilsə. Mən isə, bir Allah bilir ki, onlardan deyiləm.

***

Bilirsiniz maraqlı olan nədir: bəzi adamlar elə fikirləşirlər ki, pul qazanmaq və yaxud pul əldə etmək qaydasız oyun kimi bir şeydi.

***

…qapını arxadan bağlasalar da, cürbəcür sifətlər pəncərələrdən içəri boylanırmış.

***

Axı yalançını da elə qorxutmaq olar ki, axırda o, məcbur qalıb düzünü desin; eləcə də əksinə: düz adamı zorla yalan danışmağa məcbur etmək olar.

***

Yuxusu gələcəyinə ümidi olmayan adamlar kimi əllərini boynun ardında çarpazlayıb yatağına uzandı.

***

“Mən niyə at iyinin içində yatmalıyam?” Sonra tərəddüdlə dedi: “Çünki onlar qadın deyillər. Hətta onların dişisi də kişi kimidi”.

***

Zira çoxdan əxz etmişdi ki, uşaqlar böyükləri böyük kimi qəbul edə bilsələr də, böyüklər uşaqları böyük kimi qəbul etməkdən başqa heç nəyə qabil deyillər.

***

Hətta ayaqqabılarının üstündəki toz da som-soyuq idi, onu üşüdürdü.

***

Yaddaş, bilgi xatırlamazdan qabaq inanır. Xatırladığından, hətta bilginin ilgiləndiyindən daha uzun müddətə inanır.

***

Qızın nə üçün ağladığını da başa düşmədi, zira bilmirdi ki, böyüklər də ağlayar, bunu bildiyi vaxt gəlib çatanda isə yaddaşı o qızı çoxdan unutmuşdu.

***

Zira hər əlacsızlıqda bir ümid görməyi öyrənmək üçün beş yaş hələ çox az idi.

***

Onlar qapıdan keçib bayıra çıxarkən bir zəncirin iki həlqəsinə bənzəyirdilər – bütün kompromisləri qəti rədd etmək sarıdan bir-birilə eyniləşən, bir-birini tamamlayan iki kürək; heç qan qohumluğu da onları bir-birinə bu qədər oxşada bilməzdi.

***

Səsi acıqlı deyildi. Bu səsdə, ümumiyyətlə, insana xas, ən azı, şəxsi heç nə yox idi. Sadəcə, yazılmış, yaxud çap olunmuş söz kimi soyuq və rəhmsiz idi.

***

Özünü qartal kimi ciddi, müstəqil, nəhəng, amansız və güclü hiss edirdi. Amma bu hiss keçib getdi, hərçənd, o vaxt o öz cisminin, eləcə də bütün ətraf məkanın onun üçün – qartal üçün əsl qəfəs olduğunu hələ anlamamışdı.

***

– Səncə, o, (düyə) indi harda ola bilər?
– Bilmirəm. Mən ki, düyə deyiləm. Bilmirəm o, harda ola bilər.

***

Məsələ qadında, onun ən adi, ən məsum hərəkətlərə belə cüzi də olsa, şeytani çalar qatmasında, xəlvəti işlərə olan qadın marağında, qadın həvəsində idi.

***

Hətta ailəli kişilər belə təsadüfdən-təsadüfə, bayramdan-bayrama öz evlərində otururdular; onlar başqa bir mühitdə cərəyan edən ayrıca, gizli bir həyat yaşayır, hərdənbir yolları evə düşəndə isə teatrda əzizlənən mesenatlar kimi evdəkilər onların başına fırlanırdılar.

***

Amma səfil-sərgərdan geyimli, utancaqlıqdan simasına nəsə maddi dünyaya aid olmayan, günahsız bir ifadə çökmüş kəndçisifət yeniyetmə oğlan və onun önündə məyus halda, intizar içində donub qalmış, bapbalaca bir qız… O qədər balaca ki, sanki, ona da qeyri-maddi dünyanın həmin möhürü vurulmuşdu.

***

Zira cavan adamın məhəbbəti arzusu kimi cüzi bir ümidlə özünü doyurur.

***

İnsan pulu hara gəldi səpməyi öyrənməyənəcən, onun qədrini bilməyi heç cür öyrənə bilmir.

***

Bu, sonralar baş verəcəkdi – həyat o qədər sürətlə fırlanacaqdı ki, əxzetmə həm bilgini, həm də inancı əvəz edəcəkdi.

***

Cavan olmaq çox dəhşətli şeydi. Çox dəhşətli şeydi. Çox dəhşətli

***

Zaman ötüb keçdikcə ümidsizlik, qəzəb və xəcalət hissi korşalır, təsirini itirirdi.

***

Üz-üzə dayansalar da bir-birinə baxmırdılar. Onları bağçada seyrə dalarkən bir-birinə rast gəlmiş iki rahibə bənzətmək olardı.

***

Bütün bunlar üç-dörd il əvvəl olmuşdu, indi isə tamam unudulmuşdu – əqlin inadkarlığına güzəştə gedilərək nə gerçək, nə də yalan olduğu qəbul edilmədən unudulan fakt kimi.

***

Eşitdin bu nə deyir? – kişi dedi. – Deyir ki, bəlkə o mənim xoşuma gəlir. Romeo və Cülyetta. Aman Allah!

***

Beləliklə, fanatizmlə bəsirət, demək olar ki, eyni anda hərəkətə gəlmişdi; yalnız fanatizm bir qədər gecikmişdi.

***

Sonra uzun çəkən şiddətli külək o qızı da üçüncü bir kağız parçası kimi onun həyatından sovurub apardı.

***

Neçə ki Cənubdaydı (nisbi mənada), bu fəndi alınırdı. Amma bir dəfə işləmədi. Yenə də yataqdan qalxanda yatdığı qadına zənci olduğunu dedi. “Nə olsun, – qadın təəccübləndi. – Mən də elə bilirəm ki, yenə italyana-zada rast gəlmişəm”

***

Zira qadınlar fiziki döyüş qaydalarına heç vaxt riayət etmirlər.

***

“O da elə bütün qadınlar kimidir. İstər on yeddi, itərsə də qırx yeddi yaşları olsun, bir kişiyə təslim olmaq vaxtı yetişəndə onların heç biri uzun-uzadı zəvzəmədən ötüşə bilmir”.

***

Axı niyə də başqalarından fərqli fikirləşməlidir, lap elə mənim haqqımda olsa belə.

***

Fikirləşirdi ki, özündən deyil, tənhalıqdan qaçıb yox olmağa çalışır. Küçə isə hələ də uzanıb gedirdi: pişik kimi onun üçün də hər yer eyni idi. Bu yerlərin heç birində dinclik tapa bilmirdi. Dövranlar, əhvallar dəyişə-dəyişə küçə hələ də uzanıb gedir, həmişə də kimsəsiz, bomboş görünürdü: o özünü sükut içərisində daim hərəkətə məhkum, gah söndürülən, gah da yenidən alovlandırılan ümidsizliyin cəsarəti, yaxud gah söndürülməsi, gah da alovlandırılması lazım gələn cəsarətin ümidsizliyi tərəfindən qaçarağa götürülən saysız-hesabsız avatarlar kimi də görə bilərdi.

***

Toydan bir gün sonra isə demişdi: “Artıq, ağlımı başıma yığmaq vaxtıdı”. Elə həmin gündən ağılını başına yığmağa başladı.

***

“Yaşım artıq əllini haqlayıb. Ürəyim istəyən hər şey varımdır. Mənə yaxşı bir arvad göndərin. Kimliyinin fərqi yoxdur, təki yaxşı evdarlığı olsun, yaşı da otuz beşdən aşağı olmasın”.

***

“Evlənmək” sözünün onların arasına girməsindən, dilə gətirilməsindən qorxdu, öz-özünə götür-qoy etdi: “Bəlkə, o hələ bu barədə düşünmür, mən özüm çaşıb onu bu fikrə sala bilərəm”.

***

– Əgər biz uşaq istəsəydik, məncə, bunu iki il əvvəl edərdik.
– O vaxt istəmirdik.
– Elə indi də istəmirik, – o dedi.

***

“İndi bilirəm ki, axmaq nədir. Bu o adamdır ki, hətta özünün belə ağıllı məsləhətinə qulaq asmır”.

***

Beləliklə, indi onlar bir vaxtlar bilginin doğulduğu üfunətli mağaralar dövründən bu günədək özlərilə gətirdikləri ibtidai bir heyrət içərisində yanğına tamaşa edir, elə bil, havaya yüksələn alovu ölümün özü kimi birinci dəfəydi görürdülər. Sonra hay-küy içində, zingildəyə-zingildəyə, siqnal verə-verə yanğın maşını özünü yetirdi. O təzəydi, rəngliydi, qızıl suyuna çəkilmişdi, əl siqnalı və qızılı rəngli, təmkinli, ötkəm, məğrur səsli zəngi vardı. Başı şlyapasız kişilər və cavanlar üzüm salxımı kimi onun yan-yörəsindən elə rahatca asılmışdılar ki, fizika qanunlarına qarşı belə bir heyrətamiz biganəlik yalnız milçəklərə xas ola bilərdi.

***

İnsan nəyisə eləməmək qərarına gələndə, elə bilirəm ki, o özü-özünə güvənməlidir. Ancaq nəyisə eləmək istəyəndə, məncə, gərək hökmən, kimdən olursa olsun, ala biləcəyi hər məsləhətə qulaq assın.

***

Gələnlərdən bəziləri – artıq tapançası cibində olanlar dərhal günahkarı edam etməyə çağırdılar.

***

Bura yığışmışdılar ki, susmaq bilməyən Kim öldürüb? Kim öldürüb? uğultusunu saysız-hesabsız güclü daban taqqıltıları ilə Onu hələ tuta bilməyiblər? Hə-ə. Tuta bilməyiblər? Tuta bilməyiblər? şəklində həkk etsinlər.

***

İnsan, ağırlığına dözə biləcəyi, yaxud dözməli olduğundan xeyli, müqayisəyəgəlməz dərəcədə çox işlər görür, hərəkətlər törədir. O da bax elə bu cür öyrənib ki, hər şeyə dözə, hər yükü daşıya bilər. İş də elə bundadı. Dəhşətlisi də elə budur. İnsan hər şeyə dözə, hər yükü, hər cür yükü öz çiynində daşıya bilər, bilər”

***

Elə bil, Allah özü istəyir ki, qadınlar kişi yalanı arasından nəyə ehtiyacları varsa onu öyrənib bilsinlər – özü də heç nə soruşub eləmədən. Nəyə ehtiyacları yoxdursa, nəyi bilməli deyillərsə, onu bilməsinlər, heç ağıllarına da gətirməsinlər. Buna görə də indi onun nəyi bildiyini, nəyi bilmədiyini qəti deyə bilmərəm.

***

Amma məsuliyyəti boynunuza götürüb deyə bilərsinizmi ki, şərin həddi-hüdudu haracandır, harda o, görüntüyə keçir? Əməllə görüntü arasındakı həddin hansı nöqtəsində şər dayanır, irəli gedə bilmir?

***

“Bəlkə, bu hələ yalan deyil, axı bunun yalan olduğunu özü də başa düşmür?”

***

– Yox, – Haytauer deyir. – Sizə mənim köməyim lazım deyil. Sizə artıq məndən qat-qat güclü biri kömək eləyir.
– Kim kömək eləyir?
– Şeytan

***

Göz önündəki ilğım – hamısı bir andaca bir-birinə qarışaraq, hər cür məntiqi və bəraəti rədd edən, amansız alov kimi onları udub əridən qətiyyətə çevrildi: İstəmirəm! İstəmirəm!

***

Yaxşı qadınlar qaba rəftarlı, içki düşkünü və sair bu qəbildən olan pis kişilərin əlindən zillət çəkirlər. Ancaq hansı qadın – istər yaxşı, istərsə də pis olsun – pis kişidən kişilərin yaxşı qadınlardan çəkdikləri qədər zillət çəkib?

***

Uşağı olan bir qadına xəyanət eləmək mümkün deyil, ananın əri – o, ata olsa da, olmasa da – artıq aldadılmış kişidi.

***

“Mənimləsə bölüşmək istəmədi, – o fikirləşir. – Mən onu dinləyərdim, danışa-danışa fikirləşməsinə mane olmazdım.”

***

Əlbəttə, insanın ağzını bağlamaq mümkün deyil. Hətta qadının belə.

***

Deyəcəksiniz ki, məhəbbətin nə olduğunu ilk dəfədir anlamısınız; mənsə deyirəm ki, ümidin nə olduğunu anlamısınız. Başqa heç nəyin, yalnız ümidin. Ümid üçün heç bir obyektin əhəmiyyəti yoxdur, elə sizin özünüz üçün də.

***

Cavanlıq. Cavanlıq. Onu nəylə müqayisə etmək olar, bu dünyada heç nə onunla müqayisə edilə bilməz.

***

O, dərindən, ağır-ağır nəfəs alır, hər nəfəs aldıqca özünün bozumtul ala-toranda əridiyini, qəzəbdən, ümidsizlikdən xali olmayan bu sakit kimsəsizliyə qarışdığını hiss edir.

***

Zaman, işıqlı və qaranlıq vaxt kəsimləri çoxdan öz ardıcıllığını itirmiş, bir-birinə qarışmışdı. Onlar, sanki, indi bir bütöv olmuşdular, bir-birindən göz qapaqlarının iki hərəkəti arasındakı an qədər ayrılır, bir-birinə keçmirdilər.

***

Hamı istəyir ki, məni tutsunlar, ancaq mən özüm onların qarşısına çıxıb: “Bu da mən. Bəli, mən onlara demək istərdim ki, “Bu da mən”. Mən yorulmuşam Qaçmaqdan, yorulmuşam Öz həyatımı içi yumurta ilə dolu zənbil kimi daşımaqdan yorulmuşam deyəndə onlar məndən qaçırlar. Guya, məni tutmaq üçün nəsə xüsusi bir qayda var, bu cür tutmaq isə o qaydaya uyğun deyil.

***

“Hər halda, bu yeddi gündə otuz ildə getdiyimdən çox uzağa getmişəm, – o düşündü. – Amma bu çevrədən qırağa heç cür çıxa bilməmişəm. Özüm öz ətrafıma cızdığım çevrəni heç cür yarıb keçə bilməmişəm, indən belə isə onu heç cür təzədən cıza bilmərəm”.

***

Öz mamır basmış tənhalıqlarının ən dərin cəngəlliyində yaşayırdılar.

***

Ümumiyyətlə, heç nə eləməyib. Özünü zənci kimi yox ağ adam kimi aparıb. Əsas məsələ də bundadı. Camaat buna görə belə bərk qəzəblənib. Sən bir buna bax, qatil olasan, adam öldürəsən, özün də geyinib-kecinib, şəhərdə kefin istədiyi kimi gəzəsən;

***

Seçim etmək insana heç də tez-tez nəsib olmur.

***

Zira əqlin ən xoşbəxt xisləti vicdanın həzm etmədiyi şeyi unutmaqdır.

***

Xalq deyilən şey qəribə məxluqatdır. Əgər daim onun önünə təzə bir dəlil, sübut çıxarmasan, nə düşüncəsində, nə də əməlində nədənsə yapışıb sabit qala bilmir. Sonra təzə bir sübut, dəlil gətirsən belə, dəxli yoxdu, yenə fikrini dəyişir.

***

Əgər aralıqda gəzən şayiələr həqiqət kimi qəbul edilirsə, onda bu, həqiqətdir.

***

Məncə, pis adamlar kimi yaxşılar da öz seçimlərinin haqq-hesabını ödəməlidirlər.

***

Mexaniki zamandan daim uzaq qaçır. Ancaq elə buna görə də heç vaxt onu səhv salmır. Sanki, təhtəlşüurunda əqlin iştirakı olmadan, qeyri-ixtiyari doğulan bir neçə dəyişməz, kristallaşmış sabit vaxt ölçüsü vardı və bu gerçək dünyada onun bütün keçmiş həyatını indiyəcən məhz bu ölçülər idarə etmiş, onlar nizama salmışdı.

***

Yaxşı olmaq elə pis olmağın özü kimi insana heç də havayı başa gəlmir; bunun da əvəzini ödəmək lazımdır. Haqq-hesab tələb olunanda məhz yaxşı adamlar onu ödəməkdən imtina edə bilmirlər. Ona görə imtina edə bilmirlər ki, onları heç cür bu haqq-hesabı zorla ödəməyə məcbur etmək olmaz – onlar, bir növ, düz, vicdanlı qumarbaz kimidilər. Pis adamlar isə imtina edə bilərlər; çünki, onsuz da, heç kim onların bu haqq-hesabı dərhal, yaxud ümumiyyətlə, haçansa ödəyəcəklərinə ümid eləmir. Yaxşılar imtina etməyi bacarmırlar. Bəlkə də, yaxşılar pislərdən daha çox, daha sürəkli ödəməli olurlar.

***

Əgər bir insan ona tuşlanmış tapançadan qaçırsa, yaxud sinəsini onun önünə verirsə, bu hərəkətinin qoçaqlıq və ya qorxaqlıq olduğu barədə düşünməyə heç cür macal tapa bilməz.

***

Lənət şeytana, doğrudanmı, mənim kimi son vaxtlar bu qədər yalan danışmağa məcbur olan bir adam indi elə bir şey tapıb uydura bilməyəcək ki, ona hər kəs inansın – istər qadın, istərsə də kişi. Ancaq deyəsən, bacarmayacam. Görünür, bu iş – inandırıcı tərzdə yalan danışmaq mənlik deyil.

***

Düşüncə o qədər sürətliydi ki, heç nə fikirləşə bilmirdi.

***

Bu fikirlər tələsmək zərurətilə birlikdə eyni qoşquya qoşulmuş paradoks kimi beynindən dördnala çapıb keçdi.

***

Yorğunluq, əzginlik deyil, məhz təslimçilik, sanki, o, insana ya məğlubiyyətdən, ya da qalibiyyətdən yapışıb durmaq imkanı verən, özündə MƏN VARAM qüvvəsini cəmləşdirən, imtina edildiyi təqdirdə isə çox vaxt ölümlə nəticələnən bütün gücündən – qürurundan, ümidindən, qorxu və məğrurluğundan əl çəkib, onu möhkəm düyünlənmiş bir yumruğa tərk etmişdi.

***

Bir də ki, onsuz da, bizim əməllərimiz çox vaxt özümüzə yaraşmır. Həmçinin biz də öz əməllərimizə.

***

Birdən fikirlərinin nə dediyinə heç özü də qulaq asmayan deyingən qadının səbəbsiz-filansız sızıldanmağı kimi zəhlətökən olduğunu hiss edir;

***

Həyat özü qocanın ayağına gəlir, onlar isə gec qalırlar. Onlara yalnız onun artıqları qalır.

***

Qorxuram ki, o, məni tamam çaş-baş sala, yəni, necə deyərlər, gözümü çəpləyə-çəpləyə axırda, doğrudan da, çəpgöz olam…

***

Bayronun heç nə olması da sizin hər şey olmanız kimi təzədən düzələn deyil.

***

O, ağlamağa başlayır, Haytauer isə qadın göz yaşları önündə əlacsız qalan bütün kişilər kimi matdım-matdım ona baxır.

***

Nəhayət, məğrurluq tamamilə gücdən düşüb bəraət istəyi səviyyəsinə endi, sonra isə onun son və acı qalıqları bu adamı tərk edərək, onu axırıncı sığınacaqdan da məhrum etdi.

***

– Eh, kişilər, – o dedi. – Elə buna görə də qadınlar sizə qarşı bu qədər səbirsizdilər. Siz heç şıltaqlığın da həddini bilmirsiniz. Hədd isə düzünə qalsa, üskük kimi bir şeydi. Əgər siz kişilər kömək üçün özünüzə qadın tapmasaydınız, heç on yaşına çatmamış hamınızı bir nəfər kimi cənnətə aparardılar.

***

Bir qadının digərinin arxasınca danışması üçün əsas tələb olunmur. Əlbəttə, söz-söhbətlərin çoxu qadınlardan çıxır. Ancaq əgər siz təkcə kişi kimi deyil, daha geniş düşünə bilsəydiniz, onda bilərdiniz ki, qadın nəsə deyirsə, bunun onun özü üçün heç bir əhəmiyyəti olmur. Öz dediklərini ciddi qəbul eləyən məhz sizsiniz, kişilərdi. Əgər o qadına, ya da sizə qarşı bir qərəzi olan varsa, bilin ki, o, qadın cinsindən deyil.

***

Nisbətən cavan kişilər – şəhərlilər isə bir kənarda topa topa hərəkətsiz dayanıblar, ya da bir-birilərinə nəsə deyir, ağızucu söhbət edirlər; onların bir qismi Bayrona tanış olan kontor işçiləri, vəkillər və hətta, birdən-birə hamısı eyni anda sifətlərinə eyni cür zabitəli ifadə verən və bu səbəbdən mülki geyimli polisləri xatırladan, amma polis kimi görünüb-görünmədiklərini çox da veclərinə almayan ticarətçilərdi.

***

Görünür, insan hər şeyə tab gətirə bilər. Hətta özü eləmədiyi şeyə də. Hətta “Elə şey var ki, ona tab gətirmək mümkün deyil” fikrinə də. Hətta yerə çöküb, hönkür-hönkür ağlamalı olduğu halda, bunu eləmədiyinə də. Hətta geri dönüb baxsa da, baxmasa da artıq bunun heç bir faydası olmadığını biləndə də tab gətirə – dönüb geri baxmaya bilər.

***

Yəqin ki, tutub əzişdirə də bilmərəm, çünki məndən iri, cüssəli, məndən güclüdür. Ancaq hər halda, buna cəhd eləyə bilərəm. Cəhd eləyə bilərəm.

***

Bu adam yalandan qorxuram deyəcək qədər həyasızdı, bir vaxtlar qorxmadan yalan danışdığı kimi.

***

Ən azı, heç yerimi qırmamışam, – Bayron fikirləşir. – Daha doğrusu, o, mənim heç yerimi qırmayıb.

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram