Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)”

kko_aydin_balayev_memmed_emin_rezulzadeAnnotasiya

Kitabda XX əsr Azərbaycan siyasi tarixinin ən parlaq simalarından biri olan Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunur. Onun banisi olduğu azərbaycançılıq ideologiyası 1918-ci ilin mayında yaradılmış müasir Azərbaycan dövlətçiliyinin nəzəri əsasını təşkil edir. Kitab M.Ə. Rəsulzadənin siyasi meydandakı ilk addımlarından tutmuş mühacirət dövrünə kimi Azərbaycan idealı uğrunda apardığı yorulmaz mübarizənin müxtəlif mərhələlərini əhatə edir.
M.Ə. Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə kitabda xüsusi diqqət yetirilmişdir. Həmin illərdə o, Azərbaycan türklərinin istiqlal mücadiləsinin şəksiz lideri kimi milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə bərabər, həm də bütün müsəlman Şərqində ilk respublika olan Azərbayan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik etmişdir.

Əsərdən seçilmiş hissələr

Lakin bütün hallarda millətin qəti olaraq formalaşması yalnız milli dövlət (“millət-dövlət”) şəklində mümkündür. İngilis təqdiqatçısı A.Smit haqlı olaraq vurğulayır ki, millətlər yalnız öz müstəqil dövlətlərində təşəkkül tapa bilərlər. Bu fikirlər M.Ə.Rəsulzadənin belə bir mülahizəsi ilə tam səsləşir ki, “Azərbaycan topluğunda millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə yarandı.”

***

Təhlükələrlə dolu azadlıq, sakit köləlikdən daha yaxşıdır. (Latın aforizmi)

***

Milli hissləri oyatmaq, rus məktəblərində oxudulmayan türkcəni öyrətmək, çarlıq əleyhinə yazılmış şerləri əzbərləmək və mətbəə üsulu ilə basılmış bəyannamələri yaymaq…

***

M.Ə.Rəsulzadə bildirirdi ki, “cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsə, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz”. Bunun üçün isə, onun fikrincə, “cəmaətin gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdır. Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif!” Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edəcəyini qana bilər”.

***

M.Ə.Rəsulzadə yazırdı ki, 1905-1907-ci illər hadisələri zamanı “hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu. Onu və bunu istəyirik – dedilər. Yalnız biz nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə, onların da bildiklərini bizə bildirməyə vaxtı yox idi.” O, azərbaycanlıların həmin dövrdəki vəziyyətini “təlatümə düşmüş və hara gedəcəyini, nicat sahilinin hansı tərəfdə olduğunu bilməyən gəmiyə” bənzədirdi.

***

Tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər öldürücüdürsə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər öldürücüdür.

***

Bizim bir nəfərimizdən sor ki:
– Sən kimsən? Deyər müsəlmanam.
– Hansı millətdənsən? – Müsəlmanam.
– Nə dinindənsən? – Müsəlman dinindən.
– Nə dili danışırsan? – müsəlman dili.
Halbuki özü türkdür, dini islam dini, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur.

***

Dünya gərək hamı üçün bir olsun. Bir ovuc insanın səadət və rahatlığı üçün milyonlarca insanlara zülm olunmasın.

***

Azərbaycanın dil mühitini “osmanlılaşdırmağa” çalışan Ə.Hüseynzadə mətbuatın imkanlarından istifadə edərək, osmanlı ədəbi dilinin bütün türk dünyasında yayılması ideyasını inadla, hətta bir qədər ifrata vararaq təbliğ edirdi. O, öz mövqeyini belə əsaslandırırdı ki, mücərrəd məfhumları və mürəkkəb düşüncələri guya Azərbaycan türklərinin doğma dilində vermək mümkün deyildir. Ə.Hüseynzadə inadla israr edirdi ki, “ana dilində bir minacati-ədəbiyyə yazmağa müvəffəq olan qələm sahibi, siyasi, fəlsəfi, elmi bir məqalə yazmağı bacarmaz. Çünki ana dili dediyiniz bu dilin əsrlərdən bəri tərəqqi edən siyasət, fəlsəfə və elm ilə münasibəti olmamış, ona görə də o yoldakı təkamül və tərəqqidən məhrum qalmışdır”.

***

C.Məmmədquluzadə əbəs yerə vurğulamırdı ki, “yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq”.

***

Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir. Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb-itməz, amma dilini əlindən alsan məhv olar və ondan bir nişan qalmaz. F.Köçərli

***

“Füyuzat” təsis oldu. Osmanlıcanı təqlid həvəsində olanlar üçün əlləri altında olan bir nümunə hazırlandı. Fəqət bundan nə hasil oldu? Xam və başarıqsız bir təqlidlə biz nə osmanlı mühərriri olduq, nə də azərbaycanlı Qafqaz yazıçısı. Nəticədə də, sadə azərbaycanlılar qəzet oxumaqdan qaldılar, çünki türkcə oxumağa onsuz da alışmayan savadlılara mənasını anlamadığı ərəb və fars sözlərilə zəngin osmanlı türkcəsində müraciət olunurdu.

Halbuki, mətbuatın təsisindən məqsəd əhaliyə dil öyrətmək deyil, əhalinin bildiyi və danışdığı bir dillə dirilik mübarizəsində möhtac olduğu şeyləri öyrətməkdir.

***

Elədiklərimizin hamısı türkcə olub və qədim türk mədəniyyətini diriltmək üçün olsa da, cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmişik. Hələ də davam etməkdəyiz. Başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan irəli gəlir ki, biz özümüzü necə ki lazımdır tanımamışıq.

***

Ayrı-ayrı əməlpərvər tərəfindən təsvir və təyin edilən, başqa sözlə desək, hazırlanan milli əməllər layihəsi xalqın düşünüb də hiss və arzu etdiklərinə uyğun gələrsə, sürətli bir şəkildə xalq arasında yayılar və bollu tərəfdarlar qazanar. Əks halda, məhdud bir dairədə intişar tapıb nəhayət, unudular və bir küncə atılıb qalar. (M.Ə.Rəsulzadə. Əsərləri, cild 2, “Milli dirilik” məqaləsi)

***

M.Ə.Rəsulzadə milli özünüdərk prosesini xalqın tarixi yaddaşının bərpasından başlamağı təklif edirdi. Onun fikrincə, “bir güc və qüvvət tapa bilmək üçün millətlər həmişə tarixlərindən imdad istəyərlər. Zəif düşdükləri, əzilib, məhv olmağa tərəf çəkildikləri, hətta dağılıb, hər bir iqtidar və qüvvətdən düşmüş olduqları zamanda belə keçmişin qüvvətli və parlaq çağlarını yada salmaqla istiqbal üçün bir ümid bəslərlər”. Onun sözlərinə görə, “keçmişini yaxşıcasına tədqiq etmiş olan millətlər daima keçmiş tarixin torpaqlar altında çürümüş olan qəhrəmanlarından bir ideal modeli yapıb, onu gələcəyin bir nümuneyi-həmasəti kəsdirirlər.”

***

Rəsulzadə vurğulayırdı ki, avropalılar “bir milliyəti məhv edib aradan götürmək qəsdində olan siyasətlərində assimilyasiya əməliyyatını icra edərkən ən birinci fikirlərini dilə verir və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər.”

***

Dünya xəritəsinin alacağı şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəmətilə bərabər, heç şübhə yoxdur ki, vüzuh və rüsuh peyda etmiş milliyyət məfkurələrinin də böyük bir təsiri olacaqdır… Yalnız əsasında milli başlanğıcın durduğu və ya idarəetmə sistemində həmin başlanğıca xüsusi əhəmiyyət verildiyi dövlətlər bu tarixi sınaqdan üzüağ çıxacaqlar.

***

Belə bir şəraitdə həmin boşluğu doldurmağa çalışan “Açıq söz” qəzeti “müsəlman” və “tatar” sözlərini “türk” sözü ilə əvəzləməyə girişdi, millətə “Sən türksən!”, rus hökumətinə isə “Biz türkük!” deyə xitab etdi.

***

İ.Vorontsov-Daşkov 1913-cü ildə çara göndərdiyi hesabatında təşvişlə vurğulayırdı ki, “müsəlmanların mədəni təbəqələri arasında milli mənlik şüuru inkişaf etməyə başlayır, bu isə Rusiyanın maraqları baxımından çox təhlükəlidir”. Onun fikrincə, region xalqları içərisində yalnız müsəlmanların, yəni Azərbaycan türklərinin separatizmi imperiya üçün ciddi təhlükə kəsb edirdi, çünki “ermənilər və gürcülər Rusiyasız yaşamağın mümkünsüzlüyünü gözəl anlayırlar”.

***

millət – dövlət olmaq əzmində israr edən bir milliyyətdir.

***

Teymurləng, Çingizxan, Makedoniyalı İskəndər və Roma imperatorlarının timsalında tarix sübut etdi ki, dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz.

***

Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına yardım göstərdiyi bir vaxtda Azərbaycan qadını guşənişin (dustaq – A.B.) qala bilməz və qalmamalıdır.

***

Beləliklə də, Rusiya imperiyasının müsəlman və türk xalqlarının milli-azadlıq mücadiləsi tarixində ilk dəfə olaraq məhz azərbaycanlılar milli-ərazi muxtariyyatı tələbini irəli sürdülər.

***

İslam da digər dinlər kimi, heç şübhəsiz ki, öz inananları arasında bir bağlantı yaratmışdır. Amma bu bağlantı milliyyət bağlantısı deyil, beynəlmilliyətdir (internasyonalizmdir). Bu beynəlmilliyət xristian qövmləri arasında xristian mədəniyyəti deyilən şeyi vücuda gətirdiyi kimi, müsəlman millətlər də bir ortaq islam mədəniyyəti yaratmışlar. Amma bu, bütün islam qövmlərini bir millət halına gətirmək deyildir. Xristian milləti olmadığı kimi müsəlman milləti də yoxdur. M.Ə.Rəsulzadə bir daha xatırlatdı ki, millətin əsas əlaməti din deyil, “dil birliyi, tarix birliyi, adətlərin və ənənələrin birliyidir.”

***

Qurultaydakı çıxışında Rəsulzadə ritorik formada soruşurdu: “Kamçatkadan Qara dənizə, Arxanqelsdən İran sərhəddinə qədər eninə və boyuna uzanan, dünyanın altıda birini tutan və əhalisi yüz yetmiş milyonu aşan bir məmləkət və böyük bir çeşidli millətlərdən meydana gələn bir dövlət bir mərkəzdən idarə oluna bilərmi? Bir məmləkət ki, uzunlamasına azından bir ay, eninə azından yeddi gün dəmiryolu səfərinə ehtiyac göstərir, bir məmləkət ki, günəş bir tərəfdən çıxıb o biri tərəfdə batarkən təkrar sabah açılır, belə bir məmləkət bir nöqtədən idarə oluna bilərmi? Əlbəttə, xeyr.”

***

Azərbaycan lideri vurğulayırdı ki, “Rusiya əminamanlıq içində olan elə bir bina olmalıdır ki, orada hər millətin özünəməxsus bir mənzili olsun.”

***

Özündən ümidsiz olub, bütün diləklərinin gerçəkləşməsini başqasından gözləyən millət, millət olaraq yaşaya bilməz.

***

Rəsulzadə qeyd edirdi ki, “özlərini Qafqaz demokratiyasının mürşidi mövqeyində görən gürcülər də istiqlalçı deyildilər”.

***

Hətta onun Nərimanov kimi barışmaz opponentləri belə etiraf edirdilər ki, Azərbaycan istiqlalı ideyası Rəsulzadənin lideri olduğu “Müsavat” partiyası ilə assosiyasiya olunur.

***

Həmrəylik şəraitində kiçik dövlətlər də inkişaf edir, ixtilaflar nəticəsində isə hətta böyük dövlətlər də dağılır. Salyusti.

***

Lakin dünyanın, eləcə də Azərbaycanın müasir tarixindən çoxsaylı nümunələr göstərmək olar ki, tamamilə eyni məqsədlərə və ideoloji baxışlara əsaslanan siyasi təşkilatlar çox vaxt öz liderlərinin ambisiyaları ucbatından barışmaz rəqiblərə çevrilirlər.

***

Düşünürük ki, Yusifbəyovun insani keyfiyyətlərinin Azərbaycan cümhuriyyətinin baş naziri postunu tutarkən atasının ona yazdığı məktub daha yaxşı səciyyələndirir. Belə ki, Yusifbəyov hələ gənc yaşlarından Gəncədə fəaliyyət göstərən xeyriyyə və maarifçilik təşkilatlarının işində yaxından iştirak edərək, maaşının xeyli hissəsini həmin məqsədlərə sərf edirdi. Baxmayaraq ki, o, özü çox vaxt ciddi maddi sıxıntılarla üzləşməli olurdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra da yüksək dövlət vəzifələrində çalışan Yusifbəyov xeyriyyəçilik fəaliyyətini davam etdirirdi. Öz etirafına görə, aldığı əməkhaqqı xeyriyyəçilik məqsədlərinə kifayət qədər vəsait ayırmağa imkan vermədiyindən tez-tez mənəvi sıxıntı hissi keçirirmiş. Halbuki, atasına verdiyi vədə baxmayaraq, hətta ölkənin baş naziri olarkən belə doğma Gəncə yaxınlığında yerləşən şəxsi bağının təmiri üçün lazım olan vəsaiti heç cür toplaya bilmirdi. Bu səbəbdən də atasına müraciət edərək, ondan öz vəsaiti hesabına həmin bağı qamışla çəpərləməyi xahiş etmişdi. Cavabında isə atasının belə bir məzmunda məktubunu almışdı: “Əziz oğlum, çox səbir etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?”

***

O, türk xalqlarının mədəni və siyasi geriliyinin səbəbini onlarda “milli amal və məfkurənin olmaması” ilə izah edirdi. Çıxışında o, qeyd edirdi ki, “əgər cəmiyyət, millət və hətta ayrıca bir insanda belə müəyyən məqsəd, arzu və ideyalar olmasa, onlar irəliyə doğru inkişaf edə bilməzlər. Deməli, əgər xalqın milli ideyası yoxdursa, o, milli qüvvə kimi formalaşa bilməz”.

***

“Biz öz milli amallarımıza doğru gedirik, lakin arzumuz heç də başqa millətlər üzərində hökmranlıq etmək və ya onları əzmək deyil. Digər millətlərlə birlikdə sakit və xoşbəxt yaşamaq, dünya birliyinin bərabər hüquqlu üzvü olmaq, mədəni və inkişaf etmiş millətə çevrilmək bizim idealımızdır… İnsanlara azadlıq, millətlərə hürriyyət!”

***

“…ən müvafiq və ən təbii dövlət milli dövlətdir, çünki milli istiqlar və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz.”

***

Rəsulzadənin Rusiyaya münasibətini, fikrimizcə, onun aşağıdakı fikirləri daha yaxşı əks etdirir: “Bizim rus xalqına qarşı heç bir kin və ədavətimiz yoxdur. Əksinə, bizim qərbimiz ona qarşı ən xoş arzularla doludur. Bununla yanaşı, biz həqiqətən də Rus imperializminin düşmənləriyik. Çünki zor və istila gücünə bizi özünə tabe etmiş Rus imperializmi həyatımızı istədiyimiz kimi qurmağa, mədəniyyətimizi arzuladığımız şəkildə inkişaf etdirməyə imkan vermir”.

***

“Məscidə daxil olan şəxs siyasəti, partiyanı, ideyanı unutmalı və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalı və siyasi mübarizədə məscid bitərəf qalmalıdır.”

***

Müsavatın qadınlara kişilərlə bərabər hüquqlar verilməsi tələbi də, gözləndiyi kimi, klerikal dairələr tərəfindən ciddi təpki ilə qarşılandı. İslamçılar həmin tələbi “əxlaqsızlıq və dinsizliyin” təzahürü hesab edirdilər. İctimai şüurda mövhumatın hələ çox güclü olduğu həmin dövrdə bu kifayət qədər ciddi ittiham idi.

***

Halbuki, islam ölkələrinin siyasi elitası haqlı olaraq demokratik dəyərləri özlərinin dövlət strukturları üzərində inhisarı üçün ciddi təhlükə hesab edərək, heç vaxt onlara xüsusi maraq göstərməyiblər. Şərq cəmiyyətlərinə rəhbərlik edən elitalar ən yaxşı halda öz siyasi məqsədlərinə çatmaq üçün demokratik ritorikadan istifadə edirlər. Həmin məqsəd əldə edildikdən sonra isə demokratiyanın imitasiyası vasitələri lazımsız əşya kimi bir kənara atılır. Şərq cəmiyyətlərinin modernləşməsi üçün edilən bütün cəhdlərin, bir qayda olaraq, uğursuzluqla nəticələnməsinin başlıca səbəbi də elə budur.

***

“…sənin sözün nə qədər həqq, nə qədər düz, doğru olsa da çiynində bürünc, başında əmmamə, belində tapanca, cibində pul olmayınca, sənə qulaq asmazlar”.

***

“…Ah…nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!”.

***

Rəsulzadə vurğulayır ki, “müharibə etmək üçün heç olmasa cüzi bir hərbi qüvvəyə malik olmaq lazımdır, “Müsavat” isə o zaman Bakıda belə bir qüvvəyə malik deyildi”.

***

Mart hadisələrinin gedişində təkcə Bakı və onun ətrafında 12 mindən çox dinc azərbaycanlı bolşevik-daşnak vəhşiliklərinin qurbanı oldu.

***

1918-ci ilin yazındakı həmin hadisələrin gedişində bolşevik-daşnak dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında təxminən 30 min dinc azərbaycanlı qətlə yetirildi.

***

Həmin planların gerçəkləşəcəyi təqdirdə Azərbaycanın şimal-şərq rayonlarına – Şəki-Zaqatala zonasına iddia edən gürcü tərəfi də “əliboş” qalmayacaqdı. Bu baxımdan, Zaqafqaziya Seyminin gürcü liderlərinin 1918-ci ilin mart hadisələrinə münasibətdə tutduqları seyrçi mövqe heç də təsadüfi deyildi.

***

“Müstəqillik əleyhinə ağlabatan heç nə demək mümkün olmadığı üçün, deməli, həmin müstəqilliyin arxasında duran partiyanı gözdən salmaq lazımdır. İndi bu dəbdədir. İmperialistlərin keçmişdə etdikləri kimi, hər hansı bir milləti panislamist elan etmək düzgün olmazdı, çünki bu dövrün demokratik dəbinə uyğun gəlməzdi”.

***

Onun sözlərinə görə, “çoxmillətli Rusiyanın bütün xalqları öz taleyini Rusiya ilə birlikdə həll etmək istədikdə, həmin Rusiya və rus demokratiyası elə bir vəziyyətə düşdülər ki, demokratik prinsip və ideallar öz lazımi təsdiqini tapmadı və bu gün biz Rusiyada azadlıq əvəzinə anarxiya və hərc-mərclik müşahidə edirik. Və bütün xalqlara azad şəkildə öz müqəddəratını təyin etmək hüququ vəd edən böyük inqilabi şüarlar yalnız mərkəzin hökmü və buyruğu ilə gerçəkləşən öz müqəddəratını təyin etmək şüarına çevrilmiş oldu”.

***

Dünyanın bir sıra aparıcı dövlətləri regionda nüfuz uğrunda ciddi rəqabət aparırdılar və bu zaman onlardan hər biri müəyyən Cənubi Qafqaz xalqına dəstək verirdi. Son nəticədə bu ona gətirib çıxardı ki, gürcülər Almaniyanın himayəsinə keçməyə üstünlük verdilər, ermənilər ingilispərəst mövqe tutdular, azərbaycanlılar isə Türkiyəyə meyl etdilər.

***

Qvazavanın qeyd etdiyi kimi, “milli təşkilatın zamanı yetişdi, çünki bütün digər təşkilatlar boş xülyadan başqa bir şey deyil”.

***

ümumxalq səsverməsi ilə seçilmiş Azərbaycan Milli Şurası bütün cəmaətə elan edir:
I. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqların daşıyıcılarıdırlar, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
II. Müstəqil Azərbaycan dövlətinin siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
III. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xüsusilə həmsərhəd millət və dövlətlərlə mehriban qonşuluq munasibətləri yaratmağa çalışır.
IV. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüquqları təmin edir.
V. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafları üçün geniş meydan verir.
VI. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycan idarəsinin başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökümət durur.
Bundan sonra Milli Şura F.Xoyskinin başçılıq etdiyi müstəqil Azərbaycanın ilk hökümətinin tərkibini təsdiq etdi. Nazirlər şurasına başçılıq etməklə bərabər, həm də daxili işlər nazirinin səlahiyyətlərini yerinə yetirən F.Xoyskidən savayı, hökümətin tərkibinə N.Yusifbəyov (maliyyə və xalq təhsili naziri), M.H.Hacınsli (xarici işlər naziri), X.Məlik-Aslanov (yollar, poçt və teleqraf naziri), X.Xasməmmədov (ədliyyə naziri), Ə.Şeyxülislamov (əkinçilik və əmək naziri), X.Sultanov (hərbi nazir), M.Y.Cəfərov (ticarət və sənaye naziri) və C.Hacınski (dövlət nəzarəti naziri) daxil oldular.

***

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk respublika və türk aləmində ilk milli dövlət idi.

***

demokratik Azərbaycan toplumu bir millət olmaq əzmini, sözün əsrimizdəki mədəni mənasıyla, 28 may istiqlal hadisəsi və bəyannaməsilə yaratdı.

***

Bakı sovetinin rəhbəri Stepan Şaumyan yazırdı: “…biz yaxın vaxtlarda Gəncə üzərinə hərəkət etməyə hazırlaşırıq. Gəncəyə tələsmək lazımdır ki, orada erməniləri üsyana qaldıraq… Əgər bu üsyan baş verməsə və türklər Gürcüstan və Tiflisdə möhkəmlənsələr, onda biz tamamilə təcrid olunacaq və yalnız Abşeron yarımadasını müdafiə etmək məcburiyyətində qalacağıq”.

***

Ölkənin daxili vəziyyətini qiymətləndirən N.Yusifbəyov bildirirdi: “Yalnız Azərbaycanı deyil, bütün Zaqafqaziyanı əhatə etmiş böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə yatıra bilmərik. Şərqdən bolşeviklərin bizim əsri düşmənlərimizlə birlikdə hücum etməsi vəziyyəti daha da kəskinləşdirərək, türk millətinə saysız-hesabsız müsibətlər və fəlakət gətirir. Belə vəziyyətdə bizə xarici qüvvənin müdaxiləsinə müraciət etməkdən başqa çarə qalmır. Biz sevinməliyik ki, xoşbəxtlikdən müdaxilə edəcək xarici qüvvə bizimlə dost və qardaş Türkiyədir. Bizim heyətin Batuma gedərək Şərqi Zaqafqaziya türkləri adından Osmanlı dövlətindən yardım istəməsinin zamanı gəlmişdir. Fəqət bununla bərabər Azərbaycanın istiqlal idarəsini də heç bir vaxt unutmamalıyıq”.

***

M.Ə.Rəsulzadə Milli Şuradakı həmkarlarına xəbərdarlıq etdi ki, “əgər xalqın bizə verdiyi səlahiyyətlərdən istifadə etmədən hökümətin təşkili hüququnu digər qüvvələrə düzəştə getsək, mürtəce bir hökumətin formalaşması təhlükəsi kifayət qədər real olacaq”.

***

“Əfəndilər, naümid olmayaq və milli amallarımızın həyata keçməsinə imkan yaradan tarixi bir zamanda olduğumuzu unutmayaq. Tezliklə Azərbaycanın paytaxtı Bakıda, Müəssislər Məclisində görüşəcəyimizə ümid edək. Yaşasın Azərbaycan! Yaşasın türk xalqı!” Hadisələrin sonrakı inkişafı M.Ə.Rəsulzadənin siyasi uzaqgörənliyini bir daha sübut etmiş oldu.

***

M.Ə.Rəsulzadə “romantik panturanizm” ideologiyasını tarixi inkişafın artıq keçilmiş mərhələsi hesab edirdi. Onun şəxsi etirafına görə, həmin ideologiya Azərbaycan liderləri üçün o qədər də cəlbedici deyildi, çünki “Azərbaycan cəmiyyətində orta əsr feodalizminin xarabalıqları üzərində yeni demokratik strukturun inkişaf etməkdə olduğu bir şəraitdə açıq-aşkar əks istiqamətdə hərəkət, şübhəsiz ki, uğur qazana bilməzdi”.

***

“biz – siyasətdə xalqçı, mədəniyyətdə isə türkçüyük!”

***

müharibə edən tərəflər üçün neft hava və su qədər qiymətli idi.

***

Qoy əsgərliyə çağırış başlasın, çünki hər şeyi “Anadolu mehmetciyindən” gözləmək düzgün olmazdı. Əhali elə düşünür ki, bizim bütün problemlərimizi Anadolundan gəlmiş qoşunlar həll edəcək.

***

…M.Ə.Rəsulzadə ölkədə ümumi hərbi mükəlləfiyyət elan etməyi və “20 yaşından 25 yaşa kimi kişi cinsindən olan bütün vətəndaşları” orduya çağırmağı təklif edirdi. O, xüsusi vurğulayırdı ki, İstanbuldakı xarici diplomatlar onunla görüşlərdə bir qayda olaraq eyni sualla başlayırdılar: “Ordu quruculuğuna başlamısınızmı?” Bu sual hamını – dostları, düşmənləri, siyasətçiləri, əhalini maraqlandırır.

***

Təsadüfi deyil ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması barədə sevindirici xəbəri belə M.Ə.Rəsulzadə Azərbaycandakı rəsmi mənbələrdən deyil, telefonla Türkiyənin o zamankı hərbi naziri Ənvər paşadan almışdı. M.Ə.Rəsulzadə vurğulayırdı ki, “bu qısa xəbərin məndə doğurduğu təsiri təsvir etməyə qabil deyiləm”.

***

əgər 28 may – müstəqilliyimizin rəsmən elan olunduğu gündürsə, Azərbaycan qoşunlarının və milli hökumətin Bakıya daxil olduğu 15 sentyabr tarixi dövlət orqanizminin bünövrəsinin qoyulduğu gün hesab olunmalıdır.

***

Azərbaycan iki cür pul vahidinə malik olacaq: azəri adlanan kağız əskinaslar və daha kiçik dəyəri olan metal sikkələr. Azəri bizim əsas pul vahidimiz olacaq. Azəri 1, 2, 5, 10, 25, 50, 100, 500 dəyərində buraxılacaq, bundan əlavə xırda pul qismində istifadə olunacaq 1, 5, 10, 15, 20, 25, 50 dəyərində sikkələr kəsiləcək. Poçt və gerb markalarının da çağına başlanılıb.

***

Azərbaycan hökümətinin Bakıda arxalandığı qüvvə yalnız 500 kişilik bir milis nəfərlərindən ibarət idi. Qüvvə olduğunu fərz etsək belə, Almaniyanın, Türkiyənin təslim olduğu bir qüvvəyə qarşı Azərbaycanın hərb açması təbii əqlə belə gəlməzdi.

***

Ölkə əhalisinin hər 24 min nəfərinə 1 deputat olmaqla Azərbaycan parlamenti 120 millət vəkilindən ibarət olmalı idi. Milli tərkibə uyğun olaraq azərbaycanlılara – 80, ermənilərə – 21, ruslara – 10, alman, yəhudi, gürcü və polyak nümayəndələrinin hər birinə 1 yer ayrılırdı. Azərbaycan parlamentində ölkədəki müxtəlif milli azlıq və siyasi qüvvələrin nümayəndələrinin təmsil olunması onların iştirakı ilə koalision hökumətin yaradılmasına şərait yaradırdı.

***

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamentinin açılışı oldu. Milli Şuranın sədri M.Ə.Rəsulzadə parlamentin təsis iclasını giriş sözü ilə açaraq dedi: “Möhtərəm millət vəkilləri! Azərbaycan Cümhuriyyətinin ilk parlamentini açmaq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsilə fəxr edirəm. Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmiş oldu. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqlarıdır”.

***

Zorla qəbul etdirilən bir şeydə qətiyyən səadət olmaz. Çünki səadət hürriyyət və istiqlaldadır.

***

…Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu bayraq daima başlarımızın üstündə dalğalanacaqdır. Bir dəfə qaldırılmış bayraq, bir daha enməyəcəkdir.

***

A.Rayevski də etiraf edir ki, ingilislər “bir dövlət kimi təşkil olunmaqda” Azərbaycana kömək etdilər. M.Ə.Rəsulzadə haqlı olaraq qeyd edir ki, “ingilislərin bu hərəkəti azərbaycanlıların qara gözlərinə aşiq olduqlarından irəli gəlmirdi. Eşqin bir siyasət amili olduğu dastanı zamanların ibtidailiyi ilə bərabər çoxdan əfsanəyə qarışıb getmişdir. Burada eşq deyil, siyasi və iqtisadi mənfəətlər vardır. Bakı neftinin müstəqil qafqazlı bir hökümətin əlində olması və ümumiyyətlə, Qafqazın Rusiyadan ayrılması ingilislərin işinə yarayırdı. Azərbaycan da bu vəziyyətdən istifadə etməliydi. Milli hökumətin diplomatik müvəffəqiyyətləri bununla izah olunurdu”.

***

Parlament hakim-mütləq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu.

***

Onun əqidəsinə görə “parlament deputatı milləti təmsil etdiyi üçün həmişə azad olmalıdır. Düputat eyni zamanda hökumət məmuru olarsa, heç vaxt azad danışa bilməz”.

***

Beləliklə, “Əsasnamə” qadınlara kişilərlə bərabər seçki hüququ verirdi. Halbuki, həmin dövrdə seçki hüququ sahəsində gender bərabərliyi nəinki müsəlman Şərqində, hətta Avropanın bir çox ölkələrində hələ reallaşmamışdı.

***

Əgər istəyirsiniz ki, məscid möhtərəm bir vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın.

***

“tarix bir növ aşpazın dadlı yeməklər hazırladığı, lakin çox vaxt onların dadına baxmağa belə imkanı olmadığı mətbəxə bənzəyir. Bəzən həmin taamların iyindən hətta onun ürəyi bulansa da, o, ocağın qarşısından çəkilməyərək, səliqəli şəkildə öz işini görməkdə davam edir. Parlament üzvləri olan bizlər, bu gün Azərbaycanın tarixini yaradarkən, özümüz üçün bir çox xoşagəlməz hallara razı olmalıyıq ki, tariximiz ləkələnməsin. Biz gələcək nəslin qayğısına qalmalı və bu səbəbdən də, indi hər cür qurbanlara getməliyik”.

***

Bizə şöhrətli “bütlərdən” çox, əzmkar və namuslu xadimlər lazımdır.

***

1919-cu ilin martında müsəlman Şərqində ilk dəfə olaraq əlifba islahatını həyata keçirmək məqsədilə dövlət səviyyəsində xüsusi komissiya yaradılmış oldu. Bundan məqsəd Azərbaycan yazısını ərəb əlifbasından latın qrafikasına keçirmək idi.

***

Nə üçün bizdə universitet rus dilində olmalıdır sualına gəlincə isə, cavabı aşkardır – çünki bizdəki dinləyicilər kontingenti rus məktəblərində rusca dərs aldığından bu dildən savayı digər əcnəbi dilləri bilmirlər.

***

M.Ə. Rəsulzadə xəbərdarlıq edirdi ki, şimaldan gələn “düşmən ordusu” “qəlyanaltısını” Dağıstanda eləsə, “naharını” Bakıda yeyəcəkdir. Ona görə bütün millət və məclis vahid bir güc kimi var qüvvəsi ilə çalışıb, bu qara qüvvə qarşısında dayanmalıdır.

***

Azərbaycan istiqlalının birinci ildönümünün “heç bir təhrik və təşviq olmadan, Bakı tarixində misli görünməmiş bir səmimiyyət ilə bayram edildiyini, hətta bayırda az görünən çarşablı qadınların da bu bayramı sevinc ilə qarşılayaraq küçələrə çıxdığını” xatırladaraq, əmin olduğunu bildirirdi ki, “əgər qan tökmək lazım gələrsə, millət hazır olacaqdır. Çünki qan töküb, müqavimət etməsə, yenə onun hürriyyətini əlindən alacaqlar. Təkrar onu zəlilanə bir surətdə əzib, miskin hala salacaqlar. O buna razı olmaz. Miskinliyi qəbul etməz. Mətanət və qeyrətlə mübarizə meydanına çıxar və məğrur bayrağımızı Azərbaycan sərhədlərində saxlar”.

***

Mən Azərbaycanın həyat qabiliyyətinə inanıram. Öz təbiətinə və potensial sərvətlərinə görə bənzərsiz olan bu diyar yerin təkində fəvvarələr və alovlar saxladığı kimi, öz vətəndaşlarının qəlblərinin ən dərin guşələrində də elə bir yaradıcılıq ruhu yaşadır ki, bu yaradıcılıq ruhu türk xalqının azad inkişafı şəraitində, mənim dərin əqidəmə görə, dünyaya orijinal bir mədəniyyət nümunəsi bəxş edəcəkdir.

***

Şubhəsiz ki, mənəvi-əxlaqi dəyərlərin güclü aşınmaya məruz qaldığı müasir Azərbaycan cəmiyyətinin xeyli hissəsi üçün Cümhuriyyət dövrü liderlərinin bir çox hərəkərləri anlaşılmaz və inanılmaz görünür. Çünki müasir azərbaycanlılar az qala “üçlü standart”larla yaşamağa məcburdurlar. Onlar bir çür düşünür, başqa cür danışır və bir başqa cür də hərəkət edirlər.

***

M.Ə. Rəsuzadə və onun silahdaşlarının böyük əksəriyyəti üçün hakimiyyət heç də maddi qazanc əldə edib varlanmaq vasitəsi deyildi.

***

Qurultay nümayəndələrinin alqışları altında kürsüyə qalxan F.Xoyski dedi: “Əfəndilər! Bir çox mülahizələrə görə mən indiyə kimi heç bir siyasi partiyanın üzvü olmamışam. Bu səbəbdən də, ayrı-ayrılıqda hər bir partiyanın fəaliyyətinin qərəzsiz şəkildə kənardan izləmək imkanım olub. Bildirməyə borcluyam ki, “Müsavat” partiyası öz fəaliyyətilə istiqlalımızın möhkəmlənməsi üçün çox şey edib. Bunu danmaq haqsızlıq olardı. Belə məhsuldar işin səbəbi ondadır ki, xalqımızın təhlükədə olduğu anlarda “Müsavat” rəhbərləri milli maraqları öz firqə maraqlarından həmişə üstün tutublar.”

***

Məhz bolşeviklərin xeyir-duası ilə 1920-ci il martın 22-də Novruz bayramı gecəsi erməni separatçı qüvvələri eyni vaxtda Şuşa, Xankəndi və Əsgəranda yerləşən Azərbaycan ordusunun hissələrinə hücum etdilər. Bu Qarabağın bütün dağlıq hissəsində, eləcə də Gəncə və Qazax qəzalarının ermənilər yaşayan ərazilərdə Azərbaycan hökuməti əleyhinə qiyamın başlanması üçün siqnal rolunu oynadı.

***

Müasir Qarabağ münaqişəsindən fərqli olaraq, Cümhuriyyət hökuməti qısa bir zamanda qiyamı lokallaşdıraraq yatıra bildi.

***

Üsyan çağıranın adı Əlheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı, ya Bakıdamı çıxışda bulunsun, ikisi də birdir.

***

Əldə olunmuş rus-türk razılaşmasının mahiyyəti Mustafa Kamalın V.İ. Leninə göndərdiyi 1920-ci il 26 aprel tarixli məktubda öz əksini tapıb. Həmin məktubda deyilir: “Əgər sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyata başlasa və ya diplomatik yolla, öz nüfuzu vasitəsilə Gürcüstanı ittifaqa daxil olmağa məcbur etsə, ingilisləri Qafqazdan qovmağa çalışsa, Türkiyə höküməti imperialist Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini Sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alır”.

***

“Müsavat” əleyhinə əhali arasında aparılan təbliğat kampaniyasında xüsusi canfəşanlıq göstərən Xəlil paşa və onun türkiyəli həmfikirləeinə müraciət edən M.Ə. Rəsulzadə demişdir: “Etməyin, bizi öz halımıza buraxın, yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər”.

***

Aprelin 27-si səhər saat 12-də Azərbaycan parlamentinə belə bir məzmunda ultimatum təqdim olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının Qırmızı Donanması hakimiyyəti dərhal yoldaş N.Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-kəndli hökumətinə təhvil verməyi Sizə təklif edir. Bu halda Qırmızı Donanma milli mənsubiyyətindən asılı olmayaraq Bakının bütün əhalisinin təhlükəsizliyinə təminat verir. Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı Ç.İldırım”.

***

Müzakirələrin getdiyi müddətdə Xəzər hərbi donanması gəmilərinin ağır artilleriyası parlament binasına doğru tuşlanmışdı.

***

“Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə təslim oluruq? Bizə deyirlər ki, sərhəddimizi keçən ordunun başında Nəcati adlı bir türk komandanı durur. Bizi inandırırlar ki, Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim mücadiləsində bulunan Türkiyəni xilas etməyə gedir.
Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır. Amali-milliyyətimizin hörmətləndirdiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəni biz məmnuniyyətlə qarşılayıb müşayiət edərik. Fəqət bu şərtlə ki, həmin qüvvə bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizdən soruşmadan sərhəddimizi keçən hər hanki bir qüvvə dostumuz deyil, düşmənimizdir!”
O, parlament üzvlərinə xəbərdarlıq etdi ki, “Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi aldadırlar. Gələn rus ordusudur. Komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir”. M.Ə.Rəsulzadə

***

Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır.

***

“Hələ 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqqında eşitmək belə istəməyən” bolşeviklər M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan liderlərinin 23 aylıq istiqlaliyyət dövründə yaratdıqları reallıqlar ilə hesablaşmalı oldular. İlk növbədə onlar dünyanın siyasi xəritəsində Azərbaycanın reallığa çevrilməsi faktı ilə barışmalı oldular. Buna görə də bolşeviklər Azərbaycan torpaqlarının qonşu respublikalar – Ermənistan, Gürcüstan və Rusiya Federasiyası arasında bölünməsi planlarından əl çəkərək, nominal formada olsa da, sovet imperiyası tərkibində azərbaycanlıların milli dövlətinin saxlanması ilə razılaşmalı oldular. Bu isə 70 il sonra, XX əsrin 90-cı illərinin əvvəlində müstəqil Azərbaycan Respublikasını yenidən bərpa etməyə imkan verdi.

***

Özü də, Türkiyədə milli dövlət quruculuğu gedişində əsasən avtoritar metodlara üstünlük verən Atatürkdən fərqli olaraq, Azərbaycan liderləri demokratik dəyərlərə arxalanırdılar.

***

Ölkə üçün yalan və haqsızlığa qarşı laqeyd itaətkarlıqdan böyük fəlakət yoxdur. Stiven Klivlend

***

Həmin hadisələrin şahidlərindən biri 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda yaranmış vəziyyəti belə təsvir edir: “Mən sərxoş matros, qızıl əsgər və çekistlərin törətdikləri mənasız və məqsədsiz zorakılıq hallarını ayrı-ayrılıqda təsvir etmək gücündə deyiləm; qarətlər, təhqirlər, əsas insan haqqlarının ayaqlar altına atılması; qadınların zorlanması və quduzlaşmış əxlaqsızların saysız-hesabsız bu cür cinayət faktları; Çeka və zindanların ciddi-cəhdlə gizlədilən dəhşətləri. Həmin vahiməli günlərdə insan özünü ən azı azadlıq, hüquq və ədalət təminatlarından məhrum hiss edirdi…” Gündəlik axtarışlar, heç bir qanuna əsaslanmayan özbaşına müsadirələr, insanların məhkəməsiz və istintaqsız həbs və edamları Azərbaycan əhalisinin gündəlik həyat tərzinə çevrilmişdi.

***

M.Ə.Rəsulzadənin haqlı olaraq qeyd etdiyi kimi, “imzanı nərimanlar, əliheydərlər atırdısa da, hökmləri mikoyanlar, çorayevlər və solovyovlar yazırdı”.

***

Dövlət idarələrindəki qulluqçuların milli tərkibi “qərəzsiz müşahidəçiləri dəhşətə gətirirdi, çünki onlar yalnız rus, erməni və yəhudilərdən ibarət idi”.

***

Məhz milli ordu hissələrini tərksilah etmək, həmçinin onların komanda heyətini rus və erməni zabitlərlə əvəzləmək cəhdi 1920-ci ilin yazından başlayaraq Gəncə, Qarabağ, Zaqatala, Şəki, Şamaxı və Azərbaycanın digər regionlarında bir sıra antibolşevik üsyanlarına təkan vermiş oldu. Dinc əhalinin güclü dəstək verdiyi həmin üsyanlar yeni hakimiyyəti çətin duruma salmış oldu.

***

Təkcə Gəncə üsyanının yatırılması gedişində təxminən 13 min dinc azərbaycanlı öldürüldü ki, onların da əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edirdi.

***

Bolşeviklərin Azərbaycandakı ağalığının ilk bir ili ərzində milli ordunun 12 generalı və 27 polkovniki məhv edildi. Güllənənlər araında milli orduda ali komandan postları tutan generallar – Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, Murad Girey Tlexas, Həmid bəy Qaytabaşi, Rüstəm bəy Şıxlinski və b. var idi.

***

Lahıcda gizlənməli olan M.Ə. Rəsulzadə burada özünün ən orijinal əsərlərindən biri olan – “Əsrimizin Səyavuşu”nu qələmə alır.

***

1908-ci ilin martında çar xəfiyyələrinin əlinə keçərək Bayıl həbsxanasına salınan Stalinin elə həmin ilin sentyabrında oradan qaçışını təşkil edənlərdən biri məhz M.Ə. Rəsulzadə olmuşdu.

***

Fikrimizcə, M.Ə.Rəsulzadəni “Xüsusi şöbə” cəlladlarının əlindən xilas edərkən İ.Stalin, ilk növbədə, öz merkantil siyasi maraqlarını güdürdü. İstisna etmək olmaz ki, Stalin Rəsulzadənin Azərbaycan cəmiyyətindəki böyük nüfuzundan sovet hakimiyyətinin regiondakı mövqelərinin möhkəmləndirilməsi üçün istifadə etmək niyyətində idi və bu məqsədlə də onu bu ya başqa formada bolşeviklərlə əməkdaşlığa sövq etmək istəyirdi.

***

“Qırmızı Moskvada olacaq bir müsəlman hərəkatı ümumi kommunist hərəkatının silahından başqa bir şey olmayacaq. Belə olmaqdan çıxmaq istədiyi gün isə mövcud şərtlər daxilində məhv olacağı gündür”.

***

“Xüsusi şöbə” cəlladlarının əlindən qurtuluşu üçün İ.Stalinə minnətdarlığını bildirir. Məktubda deyilirdi: “Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Təbii ki, onlar haqlıdırlar. Fəhlələrdən bir çoxunu yalnız müsavatçı olduqlarına görə güllələmədilərmi? Bu məntiqlə, adı çəkilən partiyanın rəisi olmaq hesabilə mənim qurtuluşum bir növ möcüzə idi. Qeyd etdim ki, bu möcüzənin səbəbi-kəraməti sizsiniz, çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz”.

***

“Bolşevik hökumətinin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə keçsə də, bu məsələnin mahiyyətini çox da dəyişmir, çünki son məqsəd dəyişməz olaraq qalır. Həmin məqsəd isə – “ən sonda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına – denasionalizə və assimilyasiya olmasına” nail olmaqdan ibarətdir”.

***

Rəsulzadə qeyd edirdi ki, “Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım”.

***

Rəsulzadənin Azərbaycanda qalmış ailə üzvlərinin demək olar ki, hamısı 30-cu illər repressiyalarının qurbanı oldular.
Məmməd Əminin Ümmulbanu ilə nikahdan dörd uşağı – iki qızı (Lətifə və Xalidə) və iki oğlu (Rəsul və Azər) dünyaya gəlmişdi. 1920-ci ilin noyabrında, Stalinlə birgə Moskvaya yola düşməzdən əvvəl Məmməd Əminin öz doğmaları ilə sonuncu görüşü zamanı ailənin böyük uşağı – Lətifənin cəmi 8 yaşı vardı, evin sonbeşiyi olan Azər isə ikiaylıq idi. Sonralar Məmməd Əminə öz doğmaları ilə bir daha görüşmək qismət olmadı.
Rəsulzadənin ailəsinə qarşı repressiyalar 1937-ci ilin yayında, onun böyük oğlu Rəsulun həbsilə başladı. NKVD zindanlarında aylarla çəkən iztirab və işgəncələrdən sonra bədnam “üçlüyün” qərarə ilə Rəsul güllələnmə cəzasına məhkum olundu və hökm 1938-ci il martın 1-də yerin yetirildi. O zaman Rəsulun 19 yaşı yenicə tamam olmuşdu.

***

Şahidlərin söylədiyinə görə, Maral xanım Stalini nəzərdə tutaraq onu həbs edən NKVD əməkdaşlarına tənə ilə demişdi: “Gedin o bığlı oğlana deyin ki, Maral arvadı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən”.

***

Rəsulzadənin ailəsi Qazaxıstana sürgün olunur və az keçməmiş Maral xanım orada acından vəfat edir. Məmməd Əminin həyat yoldaşı Ümmulbanu xanım bütün bu məhrumiyyətlərə, xüsusilə də böyük oğlu Rəsulun itkisinə dözməyərək 1940-cı ildə dünyasını dəyişir. Məmməd Əminin kiçik qızı Xalidə anasını Qazaxıstan çöllərində dəfn etdikdən sonra gizli şəkildə Bakıya dönməyə qərar verir. O buna nail olsa da, Bakıya qayıtdıqdan sonra naməlum şəraitdə itkin düşür. Beləliklə də, 30-cu illərin repressiyalarından M.Ə. Rəsulzadənin böyük ailəsindən yalnız bir nəfər – kiçik oğlu Azər sağ çıxa bilir.

***

1924-cü ilin aprelində Azərbaycan Milli Mərkəzinin yaradılması həmin səylərin nəticəsi idi. Bu təşkilatın elə həmin vaxt qəbul olunmuş siyasi platformasında göstərilirdi ki, “Azərbaycan Milli Mərkəzi, Azərbaycan istiqlalçı və milliyyətçi fəal ünsürlərini birləşdirmək, Milli istiqlal davasını xaricdə təmsil və idarə etmək məqsədi ilə 27 aprel 1924-cü il tarixində “Müsavat” partiyası lideri və Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda qurulmuşdur. Milli Mərkəz, 28 may 1918-27 aprel 1920-ci illər arasındakı Milli Hökumətin mühacirətdəki davamıdır, Azərbaycanın “sürgün”dəki siyasi təmsilçisidir.

***

XX əsrin əvvəlindəki təcrübəsini tədqiq edib ümumiləşdirərək o, bir-birinin ardınca “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” əsərlərini nəşr etdirir.

***

1925-ci ildə Azərbaycan Çekasının o zamanlı rəhbəri M.C.Bağırov eyni narahatlıqla qeyd edirdi ki, “Azərbaycan əks-inqilabçıları Məmməd Əmin Rəsulzadənin ətrafında toplaşaraq öz irticaçı fəaliyyətlərinə başlamışlar. Fürsət tapdıqca fəhlə-kəndli şura hökumətinə zərər vurmağa çalışırlar”.

***

20-ci illərin ortalarında Azərbaycandan xüsusi olaraq Türkiyəyə göndərilmiş bolşevik emissarlarından biri M.Ə.Rəsulzadəyə bildirmişdi ki, “Yeni Kafkasya”nın nəşrinin və bolşeviklər əleyhinə təbliğatın durdurulacağı təqdirdə mühacirlərin vətənə dönməsi üçün bütün şərait yaradılacaq. Həmin təklifə Rəsulzadənin cavabı son dərəcə lakonik olmuşdu: “Mirzə Davudlara söylərsən ki, son qızıl rus nəfəri Poylu istasyonunu keçincə, “Yeni Kafkasya”nın da son nüsxəsi çıxacağına sizə təminat verirəm”.

***

Rəsulzadə Türkiyədəki Polşa səfirliyinin hərbi attaşesi Tadeuş Şatsel ilə danışıqlar aparırdı…1926-cı ildə Pilsudskinin hakimiyyətə gəlişindən sonra məhz Polşa nəinki Qafqaz, eləcə də SSRİ-nin bütün qeyri-rus millətlərinin xaricdəki mühacir nümayəndələrinin birləşməsi prosesinin əsas himayəçisi və sponsoruna çevrilmişdi…həmin proses tezliklə “Prometey” hərəkatı adlanmağa başladı.

***

“Prometey” hərəkatına qoşulmaqdan imtina edən erməni mühacirətinin liderləri də həmin məsələdə rus mühacirlərilə tam həmrəy oldular.

***

“müstəqil Qafqaz – bu region xalqlarının rifahının rəhnidir”

***

“Hansı mərhələdə olursa-olsun, səhv yoldan dönmək, həmişə faydalıdır”.

***

“Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən “Odlu yurd”, “Azəri Türk”, “Bildiriş”, “Yeni Türküstan” məcmuə və qəzetləri qapanmışdır. Xeyr, ola bilməz! Mümkün deyil! Psixoloji, məntiqi bir inkar! Fəqət, nə yazıq ki, fakt göz qabağındadır. Həqiqət bütün çılmaqlığı ilə mövcud… Acı reallıq. Bizi heyrətə salan bu həqiqətə indi düşmən sevinir. 10 ildən bəri İstanbulda yüksələn Azərbaycan səsini kəsmək üçün əllərindən gələn heç nəyi əsirgəməyən, bu məqsədə çatmaq üçün qəzetləri, demarşları, iftiraları, hiylə və intriqaları ilə durmadan çalışan bolşeviklər – ruslar nə qədər məmnundurlar”.

***

Öz növbəsində, mühacir təşkilatları da gələcək siyasi perspektivlərini birmənalı şəkildə SSRİ-nin ən barışmaz rəqibləri hesab olunan Avropa dövlətlərilə bağlayırdılar. Bu baxımdan Azərbaycan mühacirəti də istisna təşkil etmirdi. Məhz maraqların üst-üstə düşməsi XX əsrin 30-cu illərində Qafqaz mühacirətinin Almaniya və Polşanın hakimiyyət dairələrilə sıx əməkdaşlığını mümkün etmişdi.

***

Həmin dövrdə Rəsulzadə artıq nəinki Azərbaycan mühacirətinin ən tanınmış siması və lideri, həm də bütövlükdə Qafqaz siyasi mühacirətinin görkəmli xadimlərindən biri idi. Bu faktı hətta onun siyasi rəqibləri belə etiraf etmək məcburiyyətində idilər. Bir çox hallarda məhz o, Qafqaz mühacirətinin ümumi fəaliyyət istiqamətini müəyyənləşdirirdi. Bu səbəbdən də, xarici səfirliklərin məlumatlarında və xüsusi xidmət orqanlarının materiallarında onun adına çox tez-tez rast gəlinirdi. Qafqaz mühacirətinin fəaliyyəti ilə bağlı az-çox iri layihələrin reallaşmasından əvvəl bir çox Avropa ölkələrinin müvafiq qurumları, bir qayda olaraq, Rəsulzadənin rəyi ilə maraqlanırdılar.

***

Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin gərginləşməsinin çoxsaylı səbəbləri vardı. Həmin ziddiyyətlərin daha da dərinləşməsində paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik iddiaları da az rol oynamırdı. Digər tərəfdən, Rəsulzadənin o dövrün reallıqlarından çıxış edərək mühacirət daxilində ciddi nizam-intizam yaratmaq cəhdləri də bəzilərinə xoş gəlmirdi.

***

“müsavatçılıq hər cür sinif və zümrə hakimiyyətini rədd edir”

***

Azərbaycan siyasi mühacirətinin sağ qanadının nümayəndələrindən fərqli olaraq, Rəsulzadə və onun silahdaşları II dünya müharibəsi ərəfəsində Polşanı dəstəkləyirdilər… Çünki həmin dövrdə Polşa SSRİ-yə qarşı ən barışmaz mövqedə duran Avropa ölkələrindən biri idi. Polyakların ciddi şəkildə müharibəyə hazırlaşdıqlarını nəzərə alan Azərbaycan mühacirləri Polşa ordusunun tərkibində SSRİ-yə qarşı vuruşmaq ümidində idilər.

***

“taleyimiz keçmişdə də, indi də başqalarının hürriyyətinə sayğı göstərməyə qadir olan demokratik güclərə bağlı olmuşdur.”

***

Rəsulzadə faşizmlə kommunizmin mahiyyətcə eyni ideologiya olub, hər ikisinin totalitarizmə xidmət etdiyini vurğulayırdı. Onun fikrincə, bu iki totalitar ideologiyanın bir-birindən fərqi yalnız ondan ibarətdir ki, faşizm kommunizmdəki beynəlmiləlçiyi millətçiliklə əvəz etmişdir.

***

Alman liderlərinin həqiqi niyyətlərindən yaxşı xəbərdar olan Rəsulzadə, onların hətta SSRİ üzərində qələbə çalacağı təqdirdə belə Qafqaz xalqlarının, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini bərpa edəcəklərinə böyük şübhə ilə yanaşırdı.

***

Rəsulzadənin 1943-cü ildə Azərbaycan legionerləri qarşısındakı çıxışı isə Almaniya hakimiyyəti ilə bütün əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxardı. Həmin çıxışında Rəsulzadə Azərbaycan legionerlərini öz istiqlaliyyatı uğrunda mübarizə aparan xalqlara qarşı silah işlətməməyə çağırmışdı. … “hürr və azad bir dövlət həyatı yaşamaqda ikən, onların baxımsızlığını əllərindən alan Almaniya kommunist işğalı altındakı Azərbaycana heç bir zaman baxımsızlıq verməyəcəkdir”.

***

Bütün bu çətinliklərə və hər dəqiqə sovetlərə verilmək təhlükəsinin mövcud olmasına baxmayaraq, Rəsulzadə və onun silahdaşları azərbaycanlı hərbi əsirlərin bir hissəsini xilas edib, müxtəlif Avropa ölkələrində yerləşdirə bildilər. Onların səyləri nəticəsində 1000 nəfərə kimi azərbaycanlı hərbi əsir Avropa ölkələrində sığınacaq aldı.

***

Kəngərlinin məlumatına görə, Rəsulzadə bu məsələdə yardım məqsədilə o zaman Almaniyada səfərdə olan Misir kralı Fərruxa müraciət etmiş və sonuncu 600-ə yaxın azərbaycanlı hərbi əsiri öz ölkəsinə aparmağa razılıq vermişdi.

***

Bu dövrdə Rəsulzadə yenidən dahi Azərbaycan şairi Nizaminin yaradıcılığına müraciət edir. Onun Nizami haqqında fundamental monoqrafiyası şairin 800 illik yubileyi qeyd olunan 1941-ci il ərəfəsində əsasən tamamlansa da, II dünya müharibəsinin başlanması səbəbindən onu nəşr etmək mümkün olmamışdı… 1948-ci ildə əsər Türkiyə milli təhsil nazirlyinə təqdim olunsa da…çapı yubanır. Belə ki, ruslar əleyhinə yazılmış bəzi cümlələri münasib bilməyən sovet heyranı olan türk rəsmiləri əsərin nəşr olunması üçün onların çıxarılmasını tələb etdilər. “Bunları mən yazmadım, böyük Nizami yazmış. Onları çıxarmaq nə mənim haqqım, nə də kimsənin qüvvəsi daxilindədir”, – Rəsulzadə cavab vermişdi.

***

S.H.Tağızadə Rəsulzadə haqqında: “Nə Bakı hökumətində tacsız bir sultan mövqeyində olanda, nə də İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə o, öz əqidəsindən əsla dönməmişdi”.

***

“Bu əsasdan vaz keçmək və ya onu yeni bir qərara tabe tutmaqla şübhə altına almaq hüququna malik deyilik. Tarixin çarxı geri dönməz!”

***

“Musavat” partiyası Amerika Komitəsilə sıx əməkdaşlıq edirdi. Rəsulzadə bu qurumun dəvətilə 1953-cü ildə ABŞ-a səfər edərək, orada Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 35 illiyi münasibətilə “Amerikanın səsi” radiosunun efirindən Azərbaycan xalqına müraciət etmişdi.
Öz çıxışında Azərbaycan tarixinin şanlı səhifələrini, o cümlədən 1804-cü ildə Gəncənin müdafiəsi zamanı Cavad xanın rus qoşunlarına qarşı göstərdiyi şücaəti yada salan Rəsulzadə, həmvətənlərini nikbin olmağa çağıraraq, onları əmin edirdi ki, mütləq “bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir”. O, bütün varlığı ilə inanırdı ki, gec-tez “qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır”. Rəsulzadə azərbaycanlıları “buna qətiyyən şübhə etməməyə” çağırırdı.

***

1955-ci il martın 6-sı saat 22.45-də təkcə çağdaş Azərbaycanın deyil, bütün türk dünyasının çoxəsrlik tarixində ən görkəmli şəxsiyyətlərdən biri olan Rəsulzadənin ürəyi əbədi olaraq dayandı. Onun həyatdan getməsilə Azərbaycan tarixinin tam əsasla “qızıl dövrü” sayıla biləcək zəngin bir epoxası yekunlaşmış oldu. Həmin “qızıl dövr”ün zirvə nöqtəsi isə, heç şübhəsiz ki, müasir Azərbaycan dövlətçiliyinin doğum günü olan – 1918-ci ilin 28 mayıdır.

***

S.H.Tağızadə: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında bərabərini görə bilmədiyim mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən fədakar mücahid və örnək bir insandı. Böylələrinə zamanımızda və ələlxüsus da bizim tərəflərdə rast gəlmək həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rast gəlinməz.
O, bütün ömrü boyu bir kəlmə belə olsun, həqiqət xilafına söz söyləməmiş, mütləq doğruluqdan ayrılmamış, hər şeyin üstündə əsla mübaliğəyə qapılmamış və müvazinatını itirməmişdir. O, tam mənasıyla bir öndər idi və ətrafdakılara iman və həyəcan təlqin edirdi. Belə bir insan yetirmiş olan millət xoşbəxt sayıla bilər”.

***

Həmin hüznlü günlərdə yalnız azadlığı və istiqlalı uğrunda bütün şüurlu həyatını həsr etdiyi onun doğma vətəni – Azərbaycan susurdu. Halbuki, Rəsulzadənin dəfn mərasimində Taymasın söylədiyi kimi, o, həmin “mübarizə uğrunda hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət, həyatını fəda etmişdi”.
Həyatı boyu verdiyi bütün qurbanların əvəzində “mükafatı” isə doğma xalqının sükutu oldu. Amma görünür ki, öz həyatını doğma vətəninin xoşbəxtlik və firavanlığı uğrunda mübarizəyə həsr etmiş Azərbaycan türklərinin onsuz da azsaylı nümayəndələrinin istinasız olaraq hamısının taleyi belədir. Bu bir tarixi faktdır və onu nə gizlətmək, nə inkar etmək, nə də bəzilərinin etdiyi kimi zəmanənin ayağına yazmaq olmaz.
Buna baxmayaraq, əgər Azərbaycan türkləri nə vaxtsa öz ifrat etinasızlıq, yaltaqlıq, konformizm, prinsipsizlik və laqeydliklərinə görə uca Tanrı qarşısında məhkəməyə çəkilsələr, düşünürəm ki, onlara bəraət vermək üçün təkcə Məmməd Əmin Rəsulzadə həyatı yetər. O, öz həyatı və fəaliyyəti ilə doğma xalqının yuxarıda sadalanan və sadalanmayan saysız-hesabsız günahlarını artıqlaması il yuyub.

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram