İngilis yazıçısı və dramaturqu, 1921-ci ildə yaradılan Pen-klubun ilk rəhbəri Con Qolsuorsi 1917-ci ildə aristokrat rütbəsindən imtina etmiş, ölümündən cəmi iki ay əvvəl Nobel mükafatına layiq görülmüşdür. O zaman Britaniya imperiyasının daxili işlər naziri olan Uinston Çörçill etiraf edirdi ki, həbsxanalarda islahatlar aparmasında Qolsuorsinin “Həqiqət” pyesinin böyük təsiri olmuşdur.
Əksər yazıçılarda olduğu kimi, onun bütün yazıları öz həyatının, təxəyyülünün süzgəcindən keçən variantıdır. Qolsuorsi eynən “Ölümdən güclü” (ingiliscə “Beyond”) romanında qəhrəmanı Brayan Sammerheyin ərli qadın Ciplə tanışlığı kimi, əmisi oğlunun arvadı Ada Kuperlə tanış olur. Sonra bu tanışlıq, romandakı kimi, məhəbbətə çevrilir.
Yazıçıya əsas şey – insan qəlbinin gizli guşələrinə baş vurmaq, kamerton kimi hisslərin bütün çalarlarını təsvir etmək, parlaq və yaddaqalan obrazlar yaratmaq müyəssər olur.
Və onun bütün qəhrəmanlarını məhəbbət hərəkətə gətirir.
Ölümdən güclü məhəbbət…
Əsərdən seçilmiş hissələr
İnsan müəyyən olunmuş tipdir, o isə nəyləsə tipik deyildir. Belə adamların keçmişi tez-tez baş verən faciələrlə zəngindir.
***
Yəqin, insanın bəxtinə düşən ən ağır qismət onun həddən artıq çox sevməsidir!
***
Dəyərsiz birisiydi – ya da ola bilsin, o, Uinton, adamlarla atları ayırd eləməyi yadırğamışdı.
***
Nəzəriyyədə qəlblərin yaxınlığına görə insanın, ən son halda da kişinin həyatının yeganə qızğın məhəbbətdən ötrü darmadağın edilməsi kimi halları qəbul eləmirlər. Həqiqətdə isə belə kişilər var, iradəli, səbirli, adamayovuşmaz, həyatın onunla belə oyun oynayacağını hamıdan az gözləyir və hər şeydən əvvəl, öz azadlıqlarına üstünlük verirlər. Belələri öz talelərinin artıq həll olunduğunu başlanğıcda hətta çətin ki başa düşürlər.
***
…nəyə görəsə həyatında ikincidərəcəli hesab etdiyi qadınlara qarşı öz soyuq, nəzakətli, etinasız münasibəti ilə hamını heyrətə salan…
***
Londonda evi olan, yerli torpaq sahibinin arvadı…Baş verənlərə haqq qazandırmaq olmazdı, pis rəftarla alçaldılmayan qadın, üç il sürən adi, uşaqsız nikah, ondan on beş yaş böyük, görünür, xəstə olan yaxşı, şan-şöhrətli, xeyirxah ər… Yox, heç cür haqq qazandırmaq olmazdı. Bu axşamdan bir ay sonra Uinton və qadın artıq bir-birini sevirdilər, yaxındılar, həm də təkcə ruhən yox. Bu hadisə hamı tərəfindən qəbul edilən “yaxşı tərbiyə” və şəxsən Uintonun özü tərəfindən irəli sürülən zabitin və centlmenin namus, intizam məsələlərinin hüdudlarından kənara çıxırdı.
***
Ancaq onda qadın belə hesab edirdi ki, birbaşa qərara gəlmək, iki kişinin həyatını korlamaq yumşaq ürəyinin gücü xaricindədir.
***
O, fədakar bağlılıqları qəlb şübhələri ilə uyğun gələn həmin qadınlardandır.
***
Yalnız üzünə qırışlar, qəlbinə isə yaralar əlavə olunurdu.
***
Bununla belə, siz iltifat göstərib mənim arzumla hesablaşmalı olacaqsınız.
***
Ancaq o, doğulandan “nazik qabıqlı” olan, xüsusən də uşaqlıqda daha “qalın gönlülər”in arasında yaşayıb, özləri özlərinə əzab verən varlıqlardan deyildi.
***
O heç bir halda kiminsə evinə dəvətsiz getməzdi, ancaq həmişə eşidirdi: “İçəri keçin, miss Cip”, “əzizim, içəri keçin və əyləşin!..”
***
Qabağa tökülüb alnında qıvrılan və boynunun arxasına yığdığı qara saçları, ilk dəfə açıq görünən boynu və çiyinləri, doğrudan da, qüsursuz baxışları, bütün gözəl duruşu ilə, sanki, qız demək istəyirdi ki, işıq və hərəkətlər, acgöz baxışlar, yaltaqlıq və heyranlıq dolu çıxışlar anadan olduğu gündən onun üçün nəzərdə tutulmuşdur, onun haqqıdır.
***
– Mən anama çox oxşayıram?
– Hə, mən ümid elədiyimdən də çox.
– Demək, məni özümə görə sevmirsən?…
***
İllər uzunu qorxuyla gözlədiyi anlar yalnız tutqun bir utanc hissi buraxaraq keçdi, susmaq barədə verdiyin andı pozandan sonra həmişə belə olur.
***
Cip üçün bu gün uşaqlığına həmişəlik son qoyuldu. Onun kişilərə münasibəti müəyyən oldu. Əgər o, kişiləri azacıq da olsa incitməsə, kişilər onu incidə bilərdilər. Onun həyatına öz cinsinin instinkti daxil oldu.
***
Bibisi haqqında düşünəndə qürurun məhv elədiyi hansısa romantik məhəbbət tarixi uydururdu.
***
…kişi doğulmağa üstünlük verən məhz o cür qadınların…
***
– Hündürboylu, arıq və solğundur, sümüklü batıq yanaqları, qəribə yaşıl gözləri var.
– Aman Allah! Bu, həddən artıq çox oldu!
***
İnstinkt və Uintonla uzun müddət bir yerdə yaşamaq Cipə deyirdi ki, qəzəblənmək onun ləyaqətinə yaraşan iş deyil.
***
Amma bir şeyə şübhə ola bilməz: belə gözlərlə sizin üçün hər şey irəlidədir!
***
Kişi nə qədər qələbə qazanırsa, ona qalib gəlmək qadınlar üçün bir o qədər cazibədar olur.
***
Əgər insan belə çala bilisə, deməli, onda xilas edilməli nəsə var!..
***
Bu, əlbəttə, məhəbbət deyildi, hətta məhəbbətin başlanğıcı da deyildi, bu, uşaqların bütün sehrli, əlçatmaz, səy göstərərlərsə, hər halda, əldə edə biləcəkləri şeylərə olan təhlükəli marağına bənzər şeydir!
***
Əgər qız istəsə, onu öz qulu, iti eləyə və xaltada saxlaya bilərdi. Qıza əlini uzatmaq qalırdı ki, o, diz çöküb qızın əlini öpsün. Qız bircə dəfə “bura!” desəydi, o, harada olsaydı belə, qaçıb gələrdi.
***
Qızda nə yüngülləşdirici, nə də təskinləşdirici qəribə duyğu var idi, sanki, qaçdığı şeyin onu geri qayıtmağa məcbur eləyəcəyini bilirdi.
***
Hər şeyin gözəl olması üçün bircə bu istilik çatmırdı, musiqinin və pərəstişin istisi!
***
Öz evimdə nəzakətsiz olmaq istəmirəm, mənim qeyd-şərtsiz sizin arzunuza son imkanlarıma qədər müqavimət göstərəciyimi nəzərə alaraq lütfkarlıq eləyib, yox olarsınızsa, çox şad olaram.
***
Qürurun yaratdığı körpünün üstündən keçmək asan deyil.
***
Hələ də özünün quş yox, pişik olduğuna, kölə yox, hökmdar olduğuna inanan qız Milad bayramına yaxın razılıq verdi.
***
Musiqi! Simlərdən və ağaclardan qopan səslərin qızını ondan oğurlaya biləcəyi kimin ağlına gələ bilərdi?
***
Cip özünü bütünlüklə ərinə verməyəcək qədər məğrur idi.
***
Əgər Fiorsen qızın gözəlliyinin gücü ilə özündəki azğınlıq həddinə çatan vəhşiliyin öhdəsindən gələ bilsəydi, qızın ürəyi də dodaqları ilə birlikdə ona doğru can atardı. Qızın ona məxsus olmadığını başa düşürdü və özünə xas olan şəhvətpərəstliklə, azğınlıqla yalan yol seçirdi – qızın qəlbində hissləri yox, həssaslığı oyatmağa çalışırdı.
***
Fiorsen şeyləri olduğu kimi qəbul eləmək istəmirdi, yalnız ona görə ki, başqaları onları elə görürdülər.
***
Hər şeydən əvvəl, əslində onu incitdiyinə görə əzab çəkmirdi. Məgər bu, özünü bədbəxt hiss eləmək üçün yetərli deyildimi?
***
Qız ondan nə onu qucaqlamasını, nə ona səcdə eləməsini, nə fərasətli və qeyri-adi olmasını, nə də pişik hiyləgərliyini xatırladan tülkülüyünü gözləyirdi. Ondan qəlbinin elə hədiyyələrini gözləyirdi ki, barmaqlarının arasından göylərə can atsınlar və arxalarınca qızın da qəlbini çəkib aparsınlar!
***
“özgə ürəyi – qaranlıq meşə…” Hamı üçün, ancaq bircə sevən adamlar üçün yox!..
***
Baharı hiss eləmək necə gözəldir!
***
– Əgər sən məni sevirsənsə, nəyə görə məni sevən insanları təhqir eləyirsən?
– Ona görə ki, qısqanıram. Mən səni hətta küçüklərinə də qısqanıram.
– Sən onları da incitmək istəyirsən?
– Əgər onların sənə həddən artıq əziz olduğunu görürəmsə, hə.
– Doğrudanmı, elə güman eləyirsən ki, sən adamları, yalnız məni sevdiklərinə görə incidəndə mən xoşbəxt olacağam?
***
Bıçağı boğaza dirəyib məhəbbət tələb eləyəsən, bu, qabalığın və kütlüyün əlaməti deyildimi?
***
Əgər qadın tam səmimi olaraq sevmədiyi birinə heç nədə etiraz eləmirsə, bu, o deməkdir ki, təzə evlənənlərin ocaqları üzərində artıq qara buludlar toplaşır.
***
Bu erkən saatlarda qız sifarişlər verir və bazarlıq eləməyə gedirdi; bir çox qadınlar üçün bu, yeganə idman idi.
***
– Bəs anam da sənə elə ilk baxışdan vuruldu?
– Hər kəs inanmaq istədiyinə inanır… Amma o, məhz belə olduğunu deyirdi.
***
Məhəbbət gəldimi, sevinirsən, səni öldürüb, öldürməməyi mühüm deyil.
***
Cipin çox dərin hiss eləmə qabiliyyəti və anadangəlmə fəhmi vardı, onun hisslərinin barmaqları olduqca incəydi: onları aldatmaq olmazdı.
***
Mənim ürəyimdə günəş də sönüb…
***
– İstərdinmi, mən həmin qız olum?
– Həmin qız? Mən onu birdəfəyə içərdim. Cip, səni isə mən əbədi içmək istəyirəm!
***
O, zahiri əxlaqın və həmişəlik müəyyən edilmiş yaşam qaydalarının mühafizəkarlığı ilə barışmayacaq qədər həssas və yaxşını yamandan ayıran idi.
***
Öz köklərindən qopmuşdu, təzə torpaqda isə yeni köklərini ata bilmirdi.
***
Adamları sevmək çətin, quşları, heyvanları və gülləri sevmək isə daha asan və rahat idi.
***
Özünün balaca dünyasında hansısa bir məna, özü üçün hansısa bir müdafiə axtarırdı.
***
O, ayı əldə eləmək istəyirdi, əldə elədi, indi onu neyləyəcəyini bilmirdi.
***
Qadınlara tez bənd olan hər bir xudbin kimi Fiorsenin dostları az idi.
***
– Pul! Lənətə gəlmiş pul!
– Pulu lənətləmək uşaqlıqdır. Mən öz gəlirimin hamısını xərcləməyə hazıram, daha artıq yox. Atamdan da borc istəyən deyiləm.
– Ha, ha! Comərdlik!
– Yox, qürur.
***
Bu, özü öz qanadlarını kəsən insanın qaçılmaz ruh düşkünlüyü idi.
***
Deyirlər, ehtirasın nə olduğunu hiss eləməsən, yaxşı artist ola bilməzsən.
***
Pion pionlar üçün adi və gözəçarpmaz hesab olunan şeyi nərgizlərdə görərsə, bu, onda həyəcan doğurur.
***
Sədaqət bədəndə yox, qəlbdə olur…
***
Yeganə sağaldılması mümkün olmayan şey qocalıqdır.
***
Ancaq güclü adamlara nifrət etmək olar.
***
Məhəbbət! Heç vaxt gözləyəndə gəlmir, o, gözlənilməyən qonaqdır. Məkrli yolçudur, bədəndən əvvəl qəlbi əldən salır, qəlbdən də əvvəl bədəni.
***
Mənə əvvəlcə itlərinin, sonra isə özlərinin qayğılarına qalan kişilər xoş gəlirlər.
***
İnsan tənhadır, sevəndə də tənha olur, öləndə də.
***
Qadının gözü daha çox yeri əhatə eləyir, nəinki kişinin gözü.
***
Elə hiyləgər və təcrübəli qadınlar var, gələcək segililəri timsalında gördükləri kişini müəyyən olunmuş məsafədə saxlamağı bacarırlar.
***
Nəhayət, aydın oldu ki, varlığına hakim kəsilən məhəbbət bir çox şeylərdən imtina eləməyi tələb edir. Qız ona olduğu kimi lazımdı və o, öz duyğularını hansısa ölçülərlə dəyərləndirmək istəmirdi.
***
Bütün gecəni dizlərinin üstündə kitab oturdu, ancaq kitabı oxumadı, onda hansısa çevriliş baş verirdi: bu, onun ilk məhəbbəti idi! “Mən”in “sən”də əriməsi, ehtiraslı itaət, öz iradəsindən imtina eləyib, tamamilə qovuşmağa hazır olan dəfedilməz, qeyri-ixtiyari arzu idi.
***
Min dəfə öpülmüş qız üçün bu, ilk öpüş idi!
***
Məgər xoşbəxtlik əbədi olur?
***
Düşünürdüm ki, qadının nə hiss elədiyinin sənin üçün əhəmiyyəti var, hətta bu qadın sənin arvadın olsa belə.
***
Ancaq heç vaxt qızın ürəyinə toxunulmamışdı, bu ürək yalnız ona məxsusdur, həmişəlik! Görünür, bu, kişilər üçün azdır. O istəyirdi ki, qızın bədəni də toxunulmamış olsun.
***
Bu qəribədir, deyilmi? Axı insanın murdar olduğunu bilib, ona nifrət eləməmək olar?
***
– Nəyə görə məni bura çağırdınız? Siz özünüzü nə hesab edirsiniz…
– Mən düşündüm ki, öz taleyimin sahibi olduğumu görmək sizin üçün xoş olar, vəssalam.
***
– Mən çoxlu pul qazanmışam.
– Demək, siz çox xoşbəxtsiniz?
***
Dəyişikliklər arzulamaq taleyi aldatmaqdır.
***
Qoy sənin qərarına nə səfeh rəhmdillik, nə də şərəf hissi təsir eləsin.
***
Gülmək qabiliyyətini saxlamaq, çətindir. Nə vaxt adamları astar tərəfinə çevirsən, onların çoxunun yaramaz olduğu məlum olur.
***
Gözəl keçmiş zamanları qaytarmaq və comərd bambılılara ehtiyac duymamaq imkanını əldə etməkdən ötrü nələrdən keçməzdim.
***
Təzəlikcə “Anna Karenina”nı oxumuşdu və dəfələrlə öz-özünə deyirdi: “Burada nəsə qaydasında deyil, sanki, Tolstoy bizi inandırmağa məcbur eləmək istəyir ki, Anna gizlicə vicdan əzabı çəkirmiş. Kim sevirsə, vicdanının tənəsinə tuş ola bilməz“.
***
Əgər sevərsə, gerisini düşünmədən sevəcək.
***
Cəmiyyətə qarşı etinasız olmağa məhəbbət qədər heç nə kömək eləmir.
***
Ortalığa sükut çökdü, hər ikisi səssizcə uzanmışdı, sanki, sükutla bir-birilərinə qalib gəlmək istəyirdilər. Sammerheyin ah çəkməyinə qədər bir saat keçdi və onun dodaqlarını öz dodaqlarında hiss eləyən qız qalib gəldiyini başa düşdü.
***
Onun sevgisi hər şeyin hərəkətdə olduğu və dəyişdiyi bu dünyada ittifaqdan daha yaxşısını istəyirdi.
***
Mən həmin kitabı oxumuşam. Müəllif, görünür, elə zənn eləyir ki, məhəbbət, yalnız ehtirasdır, ehtiras isə həmişə, nədənsə, fəlakətli olur.
***
Ürək hər şeyi yaddan çıxaran əşyadır, tutumu çoxdur!
***
Ürəyi zərfə qoymaq, iplə sarımaq, surğucla möhürləyib yeşiyə atmaq və yeşiyi bağlamaq olar! Sabah isə heç nə olmayıbmış kimi azadlıqda olacaq və elə sənin həmin zərfin üzərində atılıb-düşəcək.
***
– O uzun ağ buludu və göyün yaşıltəhər rəngini görürsənmi? Sabah yağış yağacaq. Hər aydın gündən axırıncı gün kimi istifadə eləmək lazımdır.
…
– Ancaq ovuc içi boyda bulud böyüyüb ən aydın günü tutqun gün eləyə bilər.
***
Bibi, ona rəhm eləmək lazım deyil, o, həmişə özü özünə rəhm eləyir.
***
Qadın kişilər və nikah qanunları haqqında elə də yüksək fikirdə deyildi. Rozamunda bibinin nəzərincə, bu məsələlərə görə zərbə alan hər bir qadın qəhrəman idi.
***
Hə, iş gəlib yaxınlarımızın mühakimə olunmasına çatanda biz hamımız eyniyik.
***
Parlament üzvlərinə maaş verməyə başlayandan sonra onlar özlərinə olan hər cür hörməti itiriblər. Şəhərlər kəndləri yeyirlər, ovçuluğun başı üzərində təhlükə var, qəzetlərin gücü və bayağılığı qorxuncdur, qadınlar başlarını itiriblər və sanki, özlərinin yaxşı ədalətlərindən utanırlar.
***
La vie est vaine –
Un peu d’amour.
Un peu de haine
Et puis bonjour. (Həyat boş şeydir: azacıq məhəbbət, azacıq nifrət və bu – hər şeyin sonu (fr))
***
Bəlkə də, həyatda əsas məsələ kimisə və ya nəyisə bütün qəlbinlə sevməkdir?
***
Xəyal qaranlıqda həmişə nəhəng, dumanda isə xüsusilə real görünür. Qısqanclıq ağılda yox, bütün qəlbi ilə sevən ümidsiz və eyni zamanda da tam məğrur olan adamın təbiətində yaranır.
***
Adamların arasında anadangəlmə oyunçular var. Tale onları həvəsləndirib riskə sürükləyəndə, onların buna etiraz eləməyə gücləri çatmır.
***
– Sənin bu məğrurluğun necə də qorxuludur!
– Olanım budur.
***
Belə şəkkak xasiyyətli, özünə əmin olmayan, kiməsə etibar eləməyən qadınlar bir dəfə köklərindən pozuldularmı, bir daha bərpa oluna bilməzdilər.
***
Məğrurluq bir tərəfə atıldı, yalnız onu bir daha özüylə yanaşı hiss eləsin, bir daha qayıdışı mümkün olmayan keçmişi geri qaytarsın!
***
Cip ağlayaraq deyirdi: “Hər şey qurtardı”, o isə təkrar eləyirdi ki, qurtarmayıb. Bütün insan faciələrində olduğu kimi, hər ikisi özünə görə haqlı idi.
***
Çirkin, hisli evlər, gözəlliyi yeraltı su novlarının gözəlliyindən heç də çox olmayan bu görüntülər qurtuluşu hələ uzun müddətə yeşiyə atmağın lazım gəldiyindən xəbər verirdi.
***
– Mənim balam, ruhdan düşmə, nə vaxtsa hər şey yenidən qayıdar.
– Hər halda, olanlar olmasaydı, mən indi yaşaya bilməzdim.
***
Məhəbbət! Sərhədsiz məhəbbət! Ölümdən güclü!
Tərcümə: Aslan Quliyev