“Siçanlar və insanlar” (ingiliscə “Of Mice and Men”) – Nobel mükafatçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəridir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki insanın – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. Kitab 1920-ci ildə kənd təsərrüfatı ilə məşğul olan Steynbekin şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsin şeirindən götürülüb: “kotanımdan yuvası xaraba qalmış siçana” (ingiliscə “To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough”)
“Siçanlar və insanlar” romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərcə sadə insan qəlbinə təsir göstərdi.
Əsərdən seçilmiş hissələr
– Mən düşünürəm ki, mənim ən gözəl günlərim sən olmayan vaxtlardır.
***
– Biz rəngbərəng dovşanlar taparıq, Corc.
– Əlbəttə, qırmızı, yaşıl, mavi.
***
– Köliyə mən dediklərimin heç birini deməyin, ha!… yoxsa dərinizi soyar. Biz ona heç nə edə bilmərik, çünki o, sahibin oğludur – dedi.
***
İki həftədir onlar evləniblər, amma Kölinin şalvarı çirklidir.
***
Sonra da ki, o, sahibin oğludur, o, sənə, hər cür vasitəsiylə qalib gələ bilər. Bax, Lenni, həmişə ondan aralı gəz, onunla söhbət etmə. Əgər о bu otağa gəlsə, sən başqa otağa keçərsən.
***
– Mən belə yeri xoşlamıram. Bura nə yerdir biz gəlmişik. Çıxıb getmək istəyirəm burdan, Corc.
– Başa düş, Lenni, biz buraya pul qazanmağa gəlmişik, əlbəttə, əvvəl-axır çıxıb gedəcəyik, bacardıqca tez
***
– Çox gülməlidir, – dedi.
– Bunun nəyi gülməlidir? – Corc təkidlə soruşdu.
– Bilmirəm, heç vaxt iki oğlanın sizin kimi birlikdə gəzməyini görməmişəm. Burada о qədər oğlan var, amma heç biri birgə gəzmirlər. Onlar buranı tərk edib gedən də, tək gedirlər. Ona görə çox gülməli görünür ki, sənin kimi balaca diribaşla, onun kimi yekəpər maymaq bir yerdə gəzir.
***
– Hə… bizim balaca külək dəyirmanımız olacaq. Həmçinin meyvə bağımız, üzümümüz, almamız, armudumuz olacaq, Lenni.
***
– Əlbəttə, bizim özümüz üçün evimiz olacaq. Biz gündə on bir saat işləməyəcəyik, beş–altı saat işləyərik, vəssalam.
***
– Mən istəmirəm ki, heç kim mənim otağım girsin, elə isə çıx bayıra…
– Nə üçün istəmirsən? – deyə Lenni soruşdu.
– Çünki, mən zənciyəm. Siz isə ağ dərilisiniz. Siz bir yerdə yaşayırsınız, bir yerdə kart oynayırsınız, mən isə yox, çünki mən qarayam. Hələ deyirlər ki, mən murdaram. Mən də deyirəm ki, siz də mənim üçün murdarsınız.
***
– Biz dovşan və torpaq sahəsi alacağıq.
– Siz axmaqsınız. Mən çoxlarını görmüşəm ki, bu fikirə düşüblər, yüzlərlə belələrini görmüşəm. Mən bu barədə çoxlu kitablar da oxumuşam. Onlar heç vaxt bir parça torpaq ala bilmirlər, bu yalnız onların arzusu olaraq qalır. Onlar həmişə danışırlar, lakin onların dedikləri həyata keçmir.
***
– Daha bəsdir, sən bizi qoyun da adlandıra bilərsən. Sən hətta həyətdəki toyuqlarla bizim aramızda bir fərq qoymursan, bilmirsən ki, biz özümüz üçün bir malikanə almışıq. Biz burada qalmayacağıq, çıxıb gedəcəyik öz evimizə. Bizim özümüzün toyuq-cücəmiz, meyvə ağaclarımız var ki, yüz dəfə buradan gözəldir. Bizim hətta dostlarımız da var.
***
Təkcə Lenni anbarda oturub ölmüş küçüyünə baxırdı. O, uzun müddət baxdıqdan sonra əli ilə ona toxunaraq dedi:
– Nə üçün ölmüsən, hə? Sən ki, siçan kimi balaca deyilsən. Deyəsən, Corc məni dovşan saxlamağa qoymayacaq, mən səni saxlaya bilmədim.
***
– Mən belə yaşaya bilmərəm. Özüm bilərəm necə yaşayıram. Hələ vaxtı ilə aktyorlardan biri mənə deyirdi ki, kinoya çəkilə bilərəm, amma qoca anam icazə vermədi. Əgər getsəydim deməli, başqa cür adam olmuş olardım, hə?
***
– Bilirsənmi, bizim balaca yerimiz olacaq. Evimiz, bağımız, dovşanlarımız üçün otağımız olacaq, mən də həmişə otlaqdan dovşanlar üçün ot gətirəcəyəm.
– Səni dovşanları sevməyə vadar edən nədir ki, belə? – qız soruşdu.
Lenni onun sualına cavab verməzdən əvvəl bir az fikirləşdi, sonra isə dedi:
– Mən xoşuma gələn şeyləri tumarlamaq istəyirəm. Bir dəfə uzun tükü olan dovşanları görmüşəm, onlar çox qəşəng idilər. Mən hətta bir şey tapa bilməyəndə siçanları belə tumarlayıram.
***
– İndi isə başqa oğlanlar və özümüz haqda danış, Corc.
– Bizim oğlanların dünyada nə ailəsi var, nə də bir kəsi.
– Amma biz isə elə deyilik. İndi özümüz haqda danış, Corc.
Corc bir an sakit dayanıb sonra dedi:
– Amma biz yox, biz belə deyilik, çünki… Mən səni özümlə birlikdə gəzdirirəm.
Tərcümə: Mirsadiq Mircəfər oğlu Cəfərov