Deniel Kizin “Elcernon üçün güllər” (ingiliscə “Flowers for Algernon”) adlı elmi-fantastik hekayəsi ilk dəfə 1959-cu ildə “Fentezi və elmi fantastika” jurnalının aprel nömrəsində çap edilmişdir. Sonradan Kiz hekayəni tamamlayaraq roman yazdı. Bu roman müasir ədəbiyyatın ən insanpərvər əsərlərindən biri hesab olunur. Əsərin qəhrəmanı Çarli Qordon əqli cəhətdən zəif inkişaf edib. O, hər şeyi unudur, ailəsini xatırlamır, əlindən gəldiyi yeganə iş çörəkxananı süpürüb-silməkdir. Bir elmi təcrübə və əməliyyat nəticəsində o, idiotdan dahiyə çevrilir. İndi o dahidir. İndi anası onunla fəxr edə bilər. O, sevməyi öyrənir, insanları tanımağa başlayır, artıq onun dostu yoxdur! Onu nə səfeh, nə də dahi olanda şəxsiyyət kimi görmədilər. O, cəmiyyət üçün sadəcə istisna olaraq qaldı.
Karandaşın izi ilə
O həkimlər kimi ağ xələt geyinmişdi amma məncə həkim deyildi çünki demədi ki ağzını aç və a de.
***
Tematik apperseptrik test. İlk iki sözü bilmirəm ancaq test nədir onu bilirəm. Onu eləmək lazımdı yoxsa pis qiymət alarsan.
***
O dedi ki bu başqa testdi mənim şəxsiyətimi almaq üçündü. Mən güldüm. Onu mürəkkəb tökülmüş vərəqlərdən və tanımadığım adamların fatoşəkillərindən necə almaq olar dedim. O hirsləndi və şəkilləri yığışdırdı. Vecimə də deyil.
***
O dedi ki məndə mativasiya var. Ömrümdə heç vaxt bilməzdim ki məndə elə şey ola bilər. IQ-su 68 olan hər adamda ondan olmadığını deyəndə sevindim. Onun nə olduğunu və hardan çıxdığını bilmirəm amma dedi ki bundan Elcernonda da var, onun mativasiyası qutusuna qoyulan pendirə görədir. Amma o təkcə ona görə yarana bilməz çünki mən bu həftə pendir yeməmişəm.
***
Təccüblənmişdim divarları yaşıl olan çox böyük otaq idi və ətrafda çoxlu başqa həkimlər oturmuşdu onlar əməliyata nəzərat edirdilər. Birmirdim ki bu lap sirk kimi olacaq.
***
Əgər ağıllısansa deməli sənin çoxlu dostların var onlarla danışmaq olar və sən heç vaxt tək qalmazsan.
***
Səhər yuxudan duranda mənə elə gəldi ki ağıllanmışam amma səhv etmişdim.
***
Heç vaxt bilməzdim ki siçandan da ağılsızam.
***
Və mən hər gün hesabat yazmamalıyam ancaq o günlərdə ki nəsə haqqında düşünürəm və ya qeyri adi bir şey baş verir. Mən dedim ki başıma qeyri adi heç nə gəlmir və kspiriment də baş verməyib.
***
Bilmirəm elm nədir amma bilirəm ki bu kspirimentlə ona kömək edirəm. Yenə də mənə elə gəlir ki bu axmaq televizordu. Əgər yatanda ağıllamaq mümkündüsə onda adamlar niyə məktəbə gedir. İnanmıram ki bunun bir köməyi olacaq. Mən tez-tez əsl televizorda gecə verilişlərinə baxırdım və bunlardan ağlım artmamışdı. Bəlkə bütün verilişlərdən ağıllanmırsan.
***
Həkim Ştrausdan soruşdum ki yuxumda ağıllı olmağımın nəyi yaxşıdır axı mən gündüz də ağıllı olmaq istəyirəm. O bunların eyni şey olduğunu və mənim iki beynim olduğunu söylədi. ŞÜUR və TƏHTƏLŞÜUR var bunlar belə yazılır və heç biri o birinə nə etdiyini demir. Onlar bir biriylə danışmır. Ona görə yuxu görürəm. Aman Allah elə sarsaq yuxular görürəm ki.
***
Yəqin ki belə ağıllı siçanı uduramsa, ağıllanıram amma mən bunu hiss etmirəm.
***
Mənim bacım Norma dedi aha ailəmizdə Çarli rəssam olacaq. Atam isə ona bir sillə vurdu və dedi ki ifritəlik eləmə o sənin qardaşındır. Bilmirəm rəssam nədir amma Normanı buna görə vurdularsa deməli çox da yaxşı şey deyil.
***
O, deyəsən xatırladığımdan cavandır.
***
Hələ heç vaxt bu qədər çətin kitab oxumamışdım. Adı Robinzon Kruzodur, kimsəsiz adaya düşən adam haqqındadır. O ağıllıdır və əlindən çox iş gəlir ona görə evi də var, yeməyi də və yaxşı üzə bilir. Amma mənim ona yazığım gəlir çünki o tək qalıb və dostu yoxdu. Ancaq mənə elə gəlir ki adada başqa biri də var çünki kitabda bir şəkil var ki orada o əlində qəribə çətirlə qumdakı ayaq izlərinə baxır. Ümid edirəm onun dostu olacaq.
***
Robinzon Kruzonu qurtardım. Bilmək istəyirdim sonra onun başına nələr gəlib amma miss Kinnian dedi ki burda kitab qurtarır. NİYƏ.
***
Allahın belə kiçik imkanlar verdiyi halda sən zəka sahibi olan amma ondan istifadə etməyi bilməyən insanlardan çox çalışırsan… Bu vaxt onun gözünə nəsə düşdü və ayaq yoluna qaçmalı oldu.
***
Bugün, mən, vergülün, nə olduğunu, öyrəndim, bu, quyruqlu, nöqtədir (,) və miss, Kinnian, deyir, ki, o, çox, vacibdir, çünki, yazını, yaxşılaşdırır, və, vergül, düzgün, yerdə, olmayanda, çoxlu, pul, itirmək, olar, mən, işdən, qazandığım, və, fondun, ödədiyi, pulun, az, bir, hissəsini, saxlamışam, amma, bilmirəm, ki, vergül, onları, saxlamaqda, mənə, nə cür, kömək, olub, O, deyir ki, hamı, vergüldən, istifadə, edir, sən, də, et,
***
Miss Kinnian dedi nöqtə də durğu işarəsidi amma ondan əlavə çoxlu işarələr var. Yəqin o demək istəyir ki bütün nöqtələr quyruqlu olub vergül adlanmalıdı… Əziz? miss Kinnianda: xoşuma! gələn? elə budur: o? həmişə. verdiyim, suala cavab! verir – o, dahidir! Mən» ağıllı, olmaq: istəyirəm? onun kimi! Punktuasiya, əla? şeydir!
***
Punktuasiyanın nə üçün lazım olduğunu dərk edəndə, hesabatlarımı başdan bir də oxudum. Aman Allah! Stilə bir bax!
***
Baş verən hadisə elə vacibdir ki, onun üstündən səssiz keçmək olmaz. Bugün ilk dəfə idi ki, işə getmək istəmədim. Və getmədim.
***
Yadımdadır, lap çoxdan, balaca olanda qonşu uşaqlar mənə onlarla gizlənpaç oynamağa icazə verdilər və mən sayırdım. Barmaqlarımla ona kimi on dəfə sayandan sonra axtarmağa başladım. Onları hava qaralana və soyuq olana qədər axtardım və evə getməli oldum. Heç kimi tapmadım.
***
Nəhayət başa düşdüm ki, niyə insanlar mənə gülür və düşünürəm ki, bu kəşf mənə kömək edəcək. O qədər səfeh idim ki, heç səfehliyimi anlamırdım da. İnsanlar nəyisə onlar kimi etməyən səfehləri görəndə əylənirlər.
***
Mən hətta oxuduqlarımdan çoxunu başa düşürəm. Elə olur ki, gözlərimi yumub qarşımda bütöv sətri şəkil kimi görürəm. Səhər oyanıb uzun zaman gözüaçıq uzandım. Beynimi geridə qalan dünya ilə ayırmış divarda nəhəng dəlik əmələ gəldi və mən onun içindən keçib çıxdım.
***
Problemlərimi həll edə bilmək üçün özümü dərk etməyimin nə qədər vacib olduğundan söz açdı. Dedim ki, mənim heç bir problemim yoxdur. O güldü, ayağa durub pəncərəyə yaxınlaşdı.
– Ağlın artdıqca, Çarli, daha çox problemim yaranacaq.
***
Demə göz önündə ağıllanmağıma baxmayaraq, müəyyən şeylərdə hələ də uşaq kimiyəm. Bundan utanıram, amma gec-tez özüm haqqında hər şeyi mütləq öyrənəcəm. Amma roman oxumağı heç kim qadağan etmir. Keçən həftə ərzində “Böyük Qetsbi”, “Amerika faciəsi” və “Öz evinə bax, mələy”-in öhdəsindən gəldim.
***
IQ yaxud intellekt əmsalı nədir? Profesor Nemur deyir ki, bu elə bir şeydir ki, onunla insanın nə dərəcədə ağıllı olduğunu ölçmək olur – aptekdəki tərəzinin oxu kimi. Doktor Ştraus onunla möhkəm mübahisə edib dedi ki, IQ vasitəsilə ağlı ölçmək olmaz. Onun sözlərinə görə, IQ insanın nə dərəcədə ağıllı ola biləcəyini göstərir. Olçü stəkanındakı bölgülər kimi. Düzdür, hələ bu stəkanı nə iləsə doldurmaq lazımdır.
***
Pis bir şey söyləmək istəmirəm, amma alimlər bunun NƏ olduğunu bilmirlərsə, onu NƏ QƏDƏR olduğunun necə müəyyən edirlər?
***
İndi başa düşürəm ki, kollecin əsas məqsədlərindən biri insanlara ömür boyu inandıqları şeylərin əslində başqa cür olduğunu və heç nəyin həqiqətdə göründüyü kimi olmadığını izah etməkdir.
***
Maraq dairəm kifayət qədər genişdir: Dostoyevski, Flober, Dikkens, Heminquey, Folkner – əlimə keçən ixtiyari romanlar. Mənimki doymayan aclıqlardandır.
***
Kino riyakarlar dünyasıdır.
Uydurulmuş dünyanın öz qaydaları olmalıdır. Ayrı-ayrı hissələr birləşərək tamamlanmalıdır. Belə filmlər yalandır.
***
Sən sanki nəhəng pilləkənlə daha yuxarı qalxıb öz ətrafında daha çox şeyi görürsən.
***
– Çox xoşuma gəlirsən. – Başını endirdi və azca gülümsədi, ancaq dodaqları ilə… – Bu xoşlamaqdan da artıqdır. Demək istəyirəm… Lənət şeytana, nə demək istədiyimi bilmirəm!
***
– Məni hiss etdiklərimi hər dəfə söyləyə bilməməyim narahat edir.
– Hisslər – səninçün yenilikdir. Hər şeyi söyləmək… lazım deyil…
***
İnsan başqa insanla necə davranmalı olduğunu hardan bilir? Kişi qadınla necə rəftar etməyi hardan bilir? Kitablardan xeyir azdır. Gələn dəfə onu mütləq öpəcəm.
***
Mən ömrünün yarısını yatmış, indi oyananda isə yatdığı müddətdə kim olduğunu öyrənməyə çalışan adama oxşayıram.
***
Niyə hamı insana çevrilməyə başladığımı üzümə vurur? Mən həmişə, cərrahın bıçağı altına düşməmişdən qabaq da insan idim. Mən insanam… Sevməliyəm.
***
Ən gülməlisi də odur ki, ən dərin biliklər belə mənə bu kiçik məsələni həll etməyə kömək etməyəcək.
***
Niyə mənə onun nə düşündüyünü, nə hiss etdiyini bilmək belə vacibdir?
***
Həmişəlik uşaq qalmaq istəmirsənsə, başqalarından fikir gözləmə. Həlli özündə tapmalısan, nəyin düz olacağını hiss etməlisən. Özünə inanmağı öyrən.
***
Qarşımda dumanlı pərdə asılmışdı, sənsə bircə dəfə üfürdün və o yoxa çıxdı. Ən sadə ideya. Özünə güvən. Əvvəl belə şey heç ağlımın ucundan belə keçə bilməzdi.
***
Keçən dəfə dedim ki, xoşuma gəlirsən. Daha qətiyyətli olub səni sevdiyimi deməliydim.
***
– Demək istəyirsən ki, uşaqlar mütləq öz müəllimələrinə vurulur, mənsə emosional cəhətdən hələ uşağam?
– Sözü fırlatma. Mənimçün sən uşaq deyilsən.
– Emosional cəhətdən inkişaf etməmiş böyüyəm?
– Yox!
– Bəs nəyəm onda?
***
– Bir də nə vaxt görəcəm səni?
– Səni özümə bağlamağa ixtiyarım yoxdur.
– Görmürsən ki, artıq bağlanmışam?!
***
Budur sən dedin: “Başqa qadınlara bax”. Bəs əgər başqa qadınları görmürəmsə, necə olsun? Ətrafda hər şey səndən danışır. Kitabın səhifəsinə baxıb sənin üzünü görürəm – uzaq keçmişdən silinmiş ləkə deyil, əsl, gerçək üzünü. Ona toxunuram və o yoxa çıxır… Onda kitabı cırıq-cırıq edib pəncərədən tullamağım gəlir!
***
Nədən daha çox qorxurdum? Onun “hə”-sindən yoxsa “yox”-undan?
***
Səninlə olmaq və testlər, statistika, suallar, cavablar haqqında düşünmək istəmirəm…
***
Sualsız-filansız. Hər şey aydındır. Onu sevirəm.
***
Ətrafımdakılar indi mənə tamam başqa cür görünürlər. Necə axmaq olmaq lazımdır ki, bütün professorları fikir nəhəngi hesab edəsən. Onların ən adi insan olması azmış kimi, hələ üstəlik qorxu içindədirlər ki, birdən qalan dünya bunu anlayar.
***
– Niyə mənə baxmırsan? Özünü elə aparısan, güya mən yoxam?
– Yox, Çarli, – özümü elə aparıram, güya özüm yoxam…
***
Bax belə. Onlar mənə gülə biləcəyi və mənim hesabıma özlərini ağıllı göstərə biləcəyi müddətdə hər şey gözəl idi, amma indi onlar zamanında doyunca ələ saldıqları sarsaqdan aşağıdadırlar. Öz qabiliyyətlərimin qəribə inkişafı ilə onların “mən”-ini çox kiçilməyə məcbur etdim və nöqsanlarını işıq üzünə çıxartdım. Onlara xəyanət etdim və buna görə də mənə nifrət etdilər.
***
Mən işığı görməyə ixtiyar verilən anadangəlmə kora bənzəyirəm. Bu günah sayıla bilməz!
***
Əvvəl məndən avamlıq və səfehliyə görə zəhlələri gedirdi, indi isə ağıl və biliyə görə nifrət edirlər. Allahım, bunlar məndən nə istəyir?
***
Maraqlıdır, görəsən Elcernonu başqa siçanlar olan qəfəsə salsalar nə baş verər? Onlar ona nifrət edər?
***
İnsanın öz-özünə necə nifrət etməsini kəşf etdim. Bu düzgün hərəkət etmədiyini anlayıb, ancaq dayana bilməyəndə baş verir.
***
– Qorxu – tamamilə təbii reaksiyadır.
– Heç də elə deyil. Qorxu əvvəllər də olurdu. Qorxunun səbəbini bilirdim, nədən qorxduğumu dəqiq bilirdim. İndi hər şey başqa cürdür…
***
Bəlkə, artıq azadam? Bəlkə, qorxu və ürək bulanması artıq batdığın dəniz deyil, sadəcə keçmişi əyri göstərən gölməçədir? Mən azadam?
***
Dil bəzən yol əvəzinə divara çevrilir. Mən axı indi intellektual hasarın o biri tərəfində yaşayıram.
***
Xatirələr fotoşəkil olsaydı nə yaxşı olardı, onu cıra bilərdim.
***
Buz çatlayır və aramızdakı təmiz su zolağı get-gedə genişlənir. İdrak axını məni açıq dənizə aparır.
***
Etiraz etmirsənsə, sındırılmış şöhrətpərəstliyimlə bir az baş-başa qalım…
***
İndi başa düşürəm ki, idrakım irəli getdikcə mənim Alisaya olan hisslərim də ehtiramdan məhəbbətə, minnətdarlığa və nəhayət adi təşəkkürə qədər kiçildi.
***
Mən öz 185 IQ-m ilə Alisadan əvvəllər ondan 70 IQ-mla uzaq olduğum qədər uzağam. Fərq bircə ondadır ki, indi bunu hər ikimiz anlayırıq.
***
Pulla ağıl alınmaz…
***
Onlar kimdir – Riyakarlardır. Özlərini necə dahi kimi göstərirdilər! Kor-koranə işləyən, amma başqalarını guya zülməti işıqlandıra bildiklərinə inandıran adi insanlar. Niyə hamısı yalan danışır? Tanıdıqlarımdan heç biri zaman sınağına tab gətirmədi.
***
Dahilər isə indi əsasən bomba düzəltməklə məşğuldurlar…
***
Lakin sən birtərəlisən. Bilirsən. Görürsən. Amma anlamırsan. Səndə səbr yoxdur. Alimləri riyakar adlandırırsan, heç onlardan hansısa mükəmməl olduğunu söyləyib, deyib ki, fövqəlinsandır? Xeyr, onlar adi insanlardır. Sənsən dahi.
***
Mən, Bart demiş, istisnayam. Lənətə gəlmiş “istedadlı”, “bacarıqsız” (əslində isə bu “möhtəşəm” və “ağıldankəm” deməkdir) tipli yarlıklardan yaxa qurtarmaq üçün kifayət qədər demokratik termindir. “İstisna” sözü bir məna kəsb etməyə başlayan kimi onu başqa sözlə əvəz edirlər. Sözün mənasını heç kim anlamayana qədər ondan istifadə et. “İstisna”-nı əqli spektrin hər iki ucuna aid etmək olar, beləliklə mən ömür boyu “istisna” olmuşam.
***
Hardadır mənim yerim? Kiməm? Nəyəm? Bütün həyatımın və ya onun ancaq son bir neçə ayının nəticəsi? Bu haqda söz salan kimi, onlar özləri nə tez hövsələdən çıxır! Heç kim cahilliyini boynuna almaq istəmir.
***
Sanki onun maqnit qütblərinin yeri dəyişmişdi və cəlb edən qütb indi itələməyə başlamışdı.
***
Keçmiş onu bilməyə layiqdirmi? Niyə mənimçün dünyada ən vacib şey ona “Mənə bax, ana. Mən başqayam. Normalam. Adi adamdan artığam. Mən Dahiyəm!” deməkdir.
***
Səkkiz yüz səksən altı dollarla çox yaşaya bilməzsən, amma həmin pula bir az vaxt alıb düşünmək olar.
***
Əgər hər şey alt-üst olsa, heç olmasa keçmişim mənimlə qalacaq.
***
Bilirsən sənin ideal mənzilində nəyi bəyənmirəm? Bir rəssam kimi… Xətlər, məni dəli edir! Hamısı düzdür – döşəmə, divarlar, tavan, künclər – qəbirdəki kimi.
***
– Heç başım çıxmır ki, sən nə cür adamsan. Kişinin ya xoşuna gəlirəm, ya da yox və bu o saat bilinir. Sənsə, deyəsən, məndən qorxursan… Təsadüfən, homoseksual deyilsən ki?
***
Ona görə pissən ki, ətrafda hər şey düzdür, hamardır, sən də, elə bil, qutuda oturmusan…
***
Bizdə heç nə izzis itmir.
***
Bugün mənim antiintellektuallığım tutub.
***
Hansısa anda mənə aydınlıq gəldi və başa düşdüm ki, filmlər yox insanlara ehtiyacım var. Sadəcə insan bədənlərilə dolmuş qaranlıqda olmaq istəyirdim.
***
Qəribədir, yüksək əxlaqi dəyərlərə və o qədər yüksək həssaslığa malik olan, heç vaxt əlsiz, ayaqsız və ya kor doğulan insandan üstün olmalarından istifadə etməyən insanlar ağılsız doğulmuş insana necə asanlıqla və düşünmədən lağ edirlər.
***
Hətta kəmağıl da başqalarına bənzəmək istəyir.
***
Bəsdir özümə görə – keçmişim və gələcəyimə görə narahat oldum. Geri qaytarmaq vaxtıdır. Bilik və bacarıqlarımı başqalarının rifahı üçün tətbiq etmək vaxtıdır. Bunu məndən yaxşı kim edə bilər? Kim iki dünyada yaşayıb?
***
Bunu tam olaraq dünən aşxam başa düşdüm. Özümə deyə-deyə dururdum ki, zülmətdə itmiş ruh kimi gəzib dolaşıram, sonra isə həqiqətən itdiyimi anladım. Necə oldusa hamıdan və şeydən ayrı düşdüm. Və qaranlıq küçələrdə, yəni ən münasib olmayan yerdə axtarmağım intellektual azadlığımı qoruyub saxlayaraq insan kütləsinin bir hissəsinə çevrilmək üsulu idi. Mənə böyümək lazımdır. Vəssalam…
***
Bu hiss sevgi deyil, amma gördüm ki, axşamlar onun pilləkəndə ayaq səslərini səbirsizliklə gözləməyə başlamışam.
***
Belə, bir qadında hər şey ola bilməz. Poliqamiyanın xeyrinə ciddi arqumentdir.
***
Telma danışa-danışa gülümləsiyirdi və toplanmış saçları onu Lotrekin rəqqasəsinə bənzədirdi.
***
Onu ancaq üç şey maraqlandırır: rəqslər, rəssamlıq və seks. Onunla bölüşə bildiyim tək şey seksdir.
***
– Sevdiyim yeganə qadın sənsən.
– Gəl bu barədə danışmayaq.
– Məni ən maraqlı söhbət mövzusundan məhrum edirsən.
***
Dünya və keçmiş uzaq və təhrif olunmuş kimi görünür, sanki zaman və məkan tanınmaz şəkildə dartılıb, dolaşıb, əyilmişdir.
***
Təlaşa düşməyəcəm və təslim olmayacam (və ya daha da pis – cavabları onların olmadığı yerdə axtarmayacam).
***
Son aylarda çox şey öyrəndim, təkcə Çarli Qordon haqqında yox, ümumiyyətlə bütün dünya haqqında. Və nə oldu? Aşkar etdim ki, Çarli Qordon heç kəsin vecinə deyil, istəyir axmaq olsun, istəyir dahi. Nə fərqi var ki?
***
Gizlətmirəm, onda çox şey xoşuma gəlir, təvazökarlığından başqa. Təvazökar adamın bu dünyada yeri yoxdur.
***
İnsani hisslərdən məhrum çılpaq biliklər bir qara qəpiyə dəyməz.
***
Məni düzgün başa düşün: Dərrakə bəşəriyyətin ən böyük nailiyyətidir! Amma yenə də biliklərin ardınca qaçmaq çox zaman sevginin axtarışını əvəz edir. Bu fikrə bu yaxınlarda gəlmişəm. İşçi hipotez təklif edirəm: Dərrakəyə malik, ancaq sevmək və sevilməkdən məhrum olan insan intellektual və mənəvi fəlakətə və ya bəlkə də, ağır psixiki xəstəliyə məhkumdur. Bundan başqa, iddia edirəm ki, özünə qapanmış beyin ətrafdakılara əzab və işgəncədən başqa heç nə verə bilməz.
***
Kim dedi ki, mənim işığım sənin zülmətindən yaxşıdır?
***
O, öz qüsursuzluğu haqqındakı nağıla lap çox inanır.
***
Qəribədir, xatirələrimin əksəriyyəti pəncərə çərçivəsi ilə haşiyələnib, çərçivədəki şəkil kimi…
***
Artıq qonaqlar gələndə məni zirzəmidə gizlətməyinə gərək yoxdur! Danış da mənimlə! Necə uşaq olduğum haqda danış! Məndən qorxma! Səni heç nədə günahlandırmıram, sadəcə, nə qədər ki gec deyil, özüm haqqında çox bilmək istəyirəm! Özümü dərk etməsəm, yetkin insan ola bilmərəm və dünyada mənə kömək edə biləcək yeganə adam sənsən!
***
Onu qucaqladım, başını mənim çiynimə qoyub ağladı. Onun göz yaşları bütün dərdimi yuyub apardı.
***
Məqaləni qonşulara göstər, qoy bilsinlər ki, oğlun artıq ağıldankəm deyil.
***
– Nə vaxtsa özünüzdən çıxdığınız vaxtlar olub?
– Bunu elə çox istəyirsən?
***
Özümə doğru… özümə və bir andan sonra, öz fani cismimim əlcəyini huşumun barmaqlarına keçirə-keçirə yenidən taxtda uzanmışam. İstəsəm, əlimi qaldırıb göz vura bilərəm – bircə istəsəm. Amma istəmirəm! Yerimdən tərpənməyəcəm!
***
Labirintdə üzürəm, məni öz-özümə… qabul edən… qucaqlayan… canına çəkən birini axtararaq…
***
Labirintlərə son qoymaq lazımdır. Divara dirənmişəm – Vəssalam.
***
– Nemur səni Rorşah ilə yoxlamağımı istədi.
– Ən dərinliklərə baxmaq qərarına gəlib? Və orada nə tapmağa ümid bəsləyir?
***
– Heç nəyi başa düşmürsən, çünki bu sənin başına gəlmir. Təkcə mən özüm anlaya bilərəm. Amma sənin buna aidiyyatın yoxdur. Sənin işin var, dərəcəni almalısan… Mənə heç nə demək lazım deyil, onsuz da bilirəm ki, bunu yalnız bəşəriyyətə olan sevgindən edirsən. Qarşında yaşamalı olduğun həyatın var. Elə alındı ki, biz səninlə müxtəlif mərtəbələrdə yaşayırıq. Yuxarı qalxanda sənin mərtəbəndən keçdim, indi isə aşağıya düşərək keçirəm. Nədənsə, mənə elə gəlir ki, bir də bu liftdən istifadə etməyəcəm. Ona görə, gəl həmişəlik vidalaşaq.
***
Hələ qadir olduğumun heç olmasa bir hissəsini saxlaya bilsəydim! İlahi, hər şeyi əlimdən alma!
***
– Burada sənə yazığım gəldiyi üçün deyiləm. Özümə yazığım gəlir.
– Nə demək istəyirsən?
– Demək istəyirəm… Poemadakı kimi… Səni görmək istədim.
***
– Səni çox gözlədim və budur… özüm gəlməyi qərara aldım.
– Niyə?
– Hələ vaxt var və onu səninlə keçirmək istəyirəm.
– Mahnıdakı kimi?
***
Səni rədd etməmişdim, Çarli, sadəcə gözləyirdim. Heç olmasa indi eyni səviyyədəyik?
***
Bütün maneələr dağıldı. Mən Alisa verən ipi açdım və labirintdən xilas oldum, çıxışda isə məni o gözləyirdi. Onu sevirəm.
***
Kainat genişlənir – hər bir hissəcik digərlərindən uzaqlaşır, bizi qaranlıq və yalnızlıqla dolu fəzaya sovuraraq, körpəni anasından, dostu dostdan qopararaq, hər kəsi öz cığırı ilə yeganə məqsədə – tənhalıqda ölümə yollayaraq.
***
O, mən xahiş edəndə getməyə razıdır. Bunu düşünmək ağırdır, amma bizim əldə etdiyimiz bəşəriyyətin çox hissəsinin bütün həyatı boyu əldə etdiklərindən artıqdır.
***
Niyə həyata həmişə pəncərə şüşəsindən baxıram?
***
Yüksək IQ həyatda ən vacib şey deyil.
Tərcümə: Sevinc Məmmədova