Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Gi de Mopassan “Əziz dost”

kko_gi_de_mopassan_eziz_dostAnnotasiya

“Əziz dost” (fransızca “Bel Ami”) – Gi de Mopassan tərəfindən 1885-ci ildə qələmə alınmış romandır. Karyera düzəltmək istəyən fırıldaqçıdan bəhs edir. Onun zahiri görkəmi ilə istənilən qadının ürəyini fəth etməkdən başqa istedadı yoxdur, vicdanı isə istənilən əclaflığını bağışlayır. Və bu güclü olmağa kifayət edir.
Gi de Mopassanı tez-tez erotik nəsrin ustası adlandırırlar. Ancaq “Əziz dost” romanı bu janrın sərhədlərindən kənara çıxır.

Karandaşın izi ilə

Uled-alan qəbiləsindən olan üç ərəbin ölümü nəticəsində Jorj və onun yoldaşları iyirmi toyuq, iki qoyun və qızıl əşyalar ələ keçirmiş, sonrakı il yarım ərzində bunu dönə-dönə yada salıb gülmüşdülər. Qətlin müqəssirləri tapılmamışdı, çünki onları həm sən deyən axtarmırdılar, həm də ki, o zaman hər hansı ərəb, işğalçı əsgər üçün, onsuz da, halal qənimət sayılırdı.
Parisdə isə durum fərqliydi. Burada kefin istədiyi kimi soyğunçuluq edə bilməzsən: nə böyründə qılıncın var, nə əlində tapançan, mülki qanunvericilik də qüvvədədir, yəni sərbəst sayılmırsan.

***

– Bilirsən, qadası, burada hər şey iddiadan asılıdır. Azca başı işləyən birisi üçün nazir olmaq idarə rəisi olmaqdan daha asandır. Bundan ötrü yalvarıb-yaxarmağı yox, güclü təəssürat yaratmağı bacarmalısan.

***

Əgər sən kübar adamlara və ya onların övladlarına at minmə dərsləri vermisənsə, onda səni özlərinə bərabər birisi sayacaqlarından da əlini üzməlisən.

***

İnan mənə, özünü hər şeydən xəbərdar birisi kimi tanıtmaq heç də çətin məsələ deyil. Amma cahilliyin üzə çıxarsa, bunu sənə heç vaxt bağışlamazlar. Ona görə də çətin durumlardan yayınmalı, maneələrdən yan keçməli və ensiklopediya sözlükləri sayəsində başqalarını axmaq yerinə qoymalısan. Bütün insanlar – son dərəcə cahil və odun qədər kütdürlər.

***

Parisdə çarpayın olmaya bilər, fraksız isə heç cür kecinə bilməzsən.

***

– Çox vaxt məhz elə qadınlar bizi vəzir edir.

***

Yazıda üslub – musiqidə düzgün səs tonu seçməyə bərabərdir.

***

Amma yaxşı süvari olan birisinin vecsiz dənizçi olması da mümkündür.

***

– Onun necə məzəli, bənzərsiz və zəkalı olduğunu kaş biləydiniz! Bohema adamıdır, hə, hə, əsl bohema adamı. Buna görə əri onu sevmir.

***

Hansısa sirrinin aşkara çıxma qorxusu vaxtaşırı, çox vaxt, hətta həmişə qadının önünü kəsir.

***

Fikri təmaslar ürəklər arasındakı bağları ancaq möhkəmlədir.

***

– Bəli, sevgi – həyatdakı yeganə sevinc olsa da, çox vaxt biz bitməz-tükənməz tələblərimizlə onun zayını çıxarırıq.

***

Qadın da gülümsünürdü: adətən, kişiyə təslim olmaq istəyən qadınlar öz razılıqlarını və hazırlıqlarını beləcə, dilsiz ifadə edirlər.

***

Qadın da gülümsünürdü: adətən, kişiyə təslim olmaq istəyən qadınlar öz razılıqlarını və hazırlıqlarını beləcə, dilsiz ifadə edirlər.

***

– Əziz dost, aşiqim olan kişi mənim gözümdə bir heçə çevrilir, çünki getdikcə sarsaqlayır və ən betəri, təhlükə saçmağa başlayır. Mənə adi bir qadın, dişi kimi baxan və özünü aşiqim kimi aparan kişilərlə mən, adətən, bütün əlaqələrimi kəsirəm. Əvvəla, ona görə ki, zəhləmi tökürlər, ikincisi, istənilən an quduz it kimi üstümə cumacaqlarından ehtiyatlanıram. Bu dönəmi aşmaları üçün onlara mənəvi karantin düzəldərəm. Bunu unutmayın. Sizdən ötrü sevginin aclığa bənzər bir şey olduğunu yaxşı anlayıram. Mənim üçün isə sevgi… kişilərin anlamadığı, varlığına inanmadığı mənəvi bağdır. Siz erkəklər onun zahiri nişanələriylə kifayətləndiyiniz halda, mən ondakı ruhu daha vacib sayıram.

***

– Mənə qalsa, xanım, namizədlərin həmişə qızğın mübahisələr doğuran özəllikləriylə müqayisədə onların yaşına və sağlamlığına daha çox önəm verərdim. Şəxsən mən onların xidmətlərindən daha artıq dərəcədə xəstəlikləriylə bağlı bilgilər toplayardım. Lope de Veqadan mənzum tərcümələrdənsə, namizədlərin qara ciyərinin, ürəyinin, böyrəyinin və beyninin vəziyyəti ilə maraqlanardım. Fikrimcə, onların ürəyinin genişləməsi, şəkər xəstəlikləri, hətta daha betəri, əzələ atrofiyasına meyil etmələri onların barbar xalqların poeziyasındakı vətəndaşlıq motivləri barədə cild-cild əsərlərindən daha önəmlidir.
Onun bu sözləri heyrət dolu sükutla qarşılandı.
Xanım Valter təbəssümlə xəbər aldı:
– O niyə elə?
Düruadan cavab gəldi:
– Çünki mən həmişə və hər yerdə qadınlara həzz bəxş edəcək şeylər axtarıram. Akademiya isə xanım, yalnız hər hansı akademik öləndən-ölənə sizlərin diqqətini özünə çəkir. Bundan belə məna çıxır ki, nə qədər çox akademik dünyasını dəyişərsə, bu sizlərə bir o qədər ləzzət verər. Onların tez-tez gəbərmələri üçün isə namizədlər arasından xəstə və yaşlı olanlara üstünlük vermək lazımdır.

***

Sonrakı həftə həyatında iki önəmli hadisə baş verdi: xronika şöbəsinə müdir təyin olundu və xanım Valter onu nahara dəvət elədi. Bu hadisələr arasındakı bağı o, asanlıqla sezdi.

***

– Altmış yaşlarında, şüvül kimi arıq, taxma dişləri və buruq saçları olan, Restavrasiya dönəminə aid geyimə və zövqə malik bir qarını gözləriniz önünə gətirin.
– Kökü çoxdan kəsilən belə örnəkləri bunlar haradan tapır?
– Təsadüfən varlananlar həmişə aristokratiyanın qırıq-qırtığına möhtac olurlar.

***

Balıq olmayan nohurda xərçəngi də balıq sayarlar. Bilirsinizmi, əzizim, bütün bu adamlar son dərəcə məhduddurlar, fikirləri-zikrləri ancaq mənfəətin və siyasətin yanındadır. Belə dayaz adamlarla isə bizlər üçün dəyər kəsb edən məsələlər barədə danışmaq mümkün deyildir. Anyer körpüsünün altından axan Sena çayının səthi kimi bunların da beyinləri lil, daha doğrusu, tullantı təbəqəsiylə örtülüb. Nəfəs almaq üçün dəniz sahilində dayanarkən qarşınızda açılan geniş üfüqlər qədər hüdudsuz marağa, bilgiyə sahib bir insan tapmaq bilsəniz necə çətindir!

***

«Həyat» dedikləri bir dağdır. Yoxuşda ikən həmişə yuxarı baxan insan bəxtiyarlıq duyur. Elə ki, o, zirvəyə qalxır, onun üçün eniş mərhələsi başlanır, dağın ətəyində isə onu ölüm gözləyir. Yoxuş çətin, ağır, eniş isə sürətli olur. Sizin yaşınızda bizlər də şən idik. İçimiz sonsuz ümidlərlə doluydu, halbuki onların çoxusunun heç vaxt gerçəkləşməyəcəyini yaxşı bilirdik.

***

Nəfəs almaq, yemək-içmək, yatmaq, çalışmaq, arzular qurmaq – əslində elə ölmək deməkmiş. Ən nəhayət, yaşamağın özü də ölümə yolçuluq imiş!

***

Həyatdan nə umursunuz? Sevgimi? Beş-altı öpüş dadınca, sizin həzz duyğunuz korşalacaq. Daha nə istəyirsiniz? Pulmu? Nə üçün? Qadınlara sahiblənmək üçünmü? Əcəb həzmiş! Yoxsa tıxanınca yemək, piylənmək və gecə sübhəcən podaqra sancılarından bağırmaq üçün?
Başqa nə istərdiniz? Şöhrətmi? Bəs əgər həyatınız sevgidən məhrumdursa, neyləyəcəksiniz onu? Başqa nə istəyirsiniz? Axı onsuz da son nəticədə hər cəhdiniz ölümlə nəticələnəcək?!

***

İndi o görüntü mənə elə yaxınlaşıb ki, çox vaxt əlimi uzadıb onu qovmaq keçir könlümdən. Amma o, torpağın üstünə yayılır, fəzanı doldurur öz varlığıyla. Hər yerdə ona rast gəlirəm. Yolun ortasında tapdanmış böcək də, xəzəllər də, dostumun saqqalındakı dən də ürəyimi deşir və deyir: «Budur o!» Gördüyüm işi, gözümə sataşan görüntüləri, yeyib-içdiyimi, sevib-xoşladığım hər şeyi: ay işığını, günəşin qürubunu, göylərlə birləşən dənizi, yatağına sığmayan çayları, istədiyin qədər hələ ciyərlərinə çəkmədiyin yay axşamlarının sərinini – mənə zəhər edir o!

***

– Oradan geri hələ heç kim qayıtmayıb, heç kim … Heykəllərin töküldüyü qəlibləri, hər hansı əşyanın biçimini dəfələrlə və eynilə təkrarlayan qəlibləri qoruyub saxlamaq mümkün olduğu halda, mənim bədənimin, üzümün, fikirlərimin, arzularımın təkrarlanma ehtimalı yoxdur. Halbuki bizdən sonra dünyaya gələcək milyonlarla, milyardlarla canlı məxluqun bir neçə kvadrat santimetrlik sifətində yenə də gözlər, burun, alın, yanaqlar, ağız yerləşəcək, onların qəlbi də, təxminən, mənimkinə bənzəyəcək, amma mən bir daha bu dünyaya gəlməyəcəyəm. Həm də ki, dediyim bu saysız-hesabsız məxluqlar fərqli, son dərəcə fərqli olmalarına rəğmən, onlarda məndən heç bir nişanə olmayacaq, halbuki ilk baxışda onlar biri-birindən fərqlənməyəcəklər. Elə isə başımıza hansı çarəni qılmalıyıq? Dərdimizi kimə deməliyik? Nəyə iman gətirməliyik biz? Dinlərin hamısı boş xülyadır: onların aşıladıqları əxlaq uşaqlar üçündür, vədləri isə həm xeyli axmaq, həm də məncilliyə hesablanıb. Bircə ölüm hər cür şübhənin fövqündədir.

***

Sizi öz məngənəsində sıxa biləcək hər şeydən uzaqlaşın, bundan ötrü fövqəlinsan cəhdləri göstərin. O halda siz, hələ həyatda ikən öz vücudunuzdan, maraqlarınızdan, qayğılarınızdan qurtulacaq, bəşəriyyətlə öz aranızda sədd ucaldacaq, çevrənizdə baş verənlərin arxasını, içini görəcəksiniz. O zaman anlayacaqsınız ki, romantiklərlə naturalistlərin çəkişmələri və ya büdcə barədə mübahisələr nə qədər əhəmiyyətsizdir.

***

Sonsuz şübhələr girdabına dalmanız sizi çırpınmağa məcbur edəcək. Var səsinizlə «Yardım edin!» bağırsanız da, səsinizə bir kimsə hay verməyəcək. Əlinizi uzadıb kömək diləyəcək, yalvaracaq, yardım, qarşılıqlı sevgi, təsəlli və xilas barədə nələrsə deyəcəksiniz – amma yenə də dadınıza kimsə yetişməyəcək.
Görən biz niyə belə əzaba məhkumuq? Görünür, ona görə ki, biz bu dünyaya ruhumuzun yox, bədənimizin ehtiyaclarına uyğun tərzdə yaşamağa gəldiyimiz üçün. Amma malik olduğumuz düşünmə qabiliyyəti, getdikcə dərinləşən ağlımız gündəlik məişətin ətaləti ilə barışmaq istəmir. Hərdən bu adi adamlara diqqət yetirin: başlarına hər hansı fəlakət gələnə qədər onlar şad-xürrəm yaşayırlar, çünki dünyanın dərdini çəkmək hissi onlara yaddır. Heyvanlar da bu dərddən bixəbərdirlər.

***

– Evlənin, dostum. Mən yaşda birisinin tənhalıqda nələr çəkdiyini xəyalınıza da gətirə bilməzsiniz. Yalqızlıq mənə çəkilməz qüssə hissi aşılayır. Axşamlar evdə, buxarının böyründə oturub qızınanda dünyada yapyalnız olduğumu sanıram, elə bil ki, canımı qaramat basır, özümü gözəgörünməz təhlükələrin, varlığı fəhmlə sezilən sirli qüvvələrin əhatəsində hiss edirəm. Adını bilmədiyim qonşumla məni ayıran arakəsmə, sanki, bizi pəncərədən görünən ulduzlar qədər uzaqlaşdırır. Lal divarlar üstümə yeriyir, canımı təşviş və qorxu dalğaları bürüyür. Tənha yaşadığım o otağın dərin sükutunda dözülməz bir kədər uyuyur! Adamın nəinki vücudu, hətta ruhu da sükuta gömülür. Altındakı stulun cırıltısından canına vicvicə düşür, çünki o qaramat basmış yuvada hər bir hənirti gözlənilməz olur.

***

– Yaşa dolan birisinin övladlarıyla təskinlik tapmasından gözəl nə ola bilər axı?!

***

O, bir daha əmin olurdu ki, bu özündənrazı insan görüntülərinin arxasında onların zatındakı və özünü vaxtaşırı biruzə verən alçaqlıq yatmaqdadır. Bu kəşf ona sevinc, rahatlıq və ruh yüksəkliyi bəxş eləyirdi.

***

Jurnalist, eynilə Sezarın xanımı kimi, hər cür şübhədən uzaq olmalıdır.

***

Amma nə etmək olar – bəzi jurnalistlərin vicdanı da elə onların istedadları qədər sönükdür.

***

Hər şey həmişəki axarıyla davam edəcək… mən öləndən sonra da… eynilə mənim sağlığımdakı kimi…

***

O da dünyada bütün insanlar kimi öz möhlətini yaşamış, yemiş-içmiş, gülmüş, nələrəsə ümid bağlamış, kimlərisə sevmişdi. İndi isə ondan ötrü bütün bunlar nöqtələnmiş və həmişəlik bitmişdi. Bu da həyat! Bu da bir-iki günlük iztirabın gətirdiyi boşluq! Dünyaya göz açan insan boya-başa çatır, xoşbəxtliyə qovuşur, amma daha nələr-nələr umduğu halda dünyadan köçür. İstər kişi ol, istər qadın – heç fərq etməz – xudahafiz və bir daha sən bu işıqlı dünyaya gəlməyəcəksən! Elə ona görə də bizim hər birimiz öz içində ölümsüzlüyə can atıb ona təşnə olsa da, gec-tez solur, son hüceyrəsinə qədər məhvə sürüklənir ki, özündən sonrakıların yetişməsi üçün münbit şərait yaratsın. Bitkilər, heyvanlar, insanlar ulduzlar və dənizlər – hər şey eyni şəkildə yaranır və məhvə məhkum olur ki, bir başqa varlıqda təkrar zühur eləsin. Amma bunların heç birisi olduğu kimi, eynilə geri dönmür – istər həşərat olsun, istər insan, istər planet!

***

O, indi cəmi bir neçə saat var olan həşəratlar, beş-on gün ömür sürən heyvanlar, cəmi bir neçə il yaşayan insanlar, iki-üç əsr varlığını sürdürən materiklər barədə fikirlərə dalmışdı. Axı bütün bunlar arasında nə fərq vardı? Fərq, olsa-olsa, onların qismətinə yazılan günəş doğuşlarının sayındaydı. Vəssəlam.

***

Həyatda yeganə təsəlli qaynağı – eşqdir! İnsan həzzlərinin ən uca zirvəsi – sevimli qadını qucağına almaqdır!

***

Məndən ötrü nikah – zəncir yox, tərəfdaşlıq deməkdir. Odur ki mənə hərəkətlərimdə tam sərbəstlik verməli, onlara dair, yəni haraya gedib, haradan gəlməyimlə bağlı məndən hesabat tələb etməməlisiniz. İzlənməmə, qısqanclığa və öyüd-nəsihətə zərrəcə dözümüm yoxdur. Əlbəttə, mən də öz növbəmdə soyadını daşıyacağım bir insanı öz davranışlarımla ləkələməyi, onu çıxılmaz və ya gülünc durumlara salmağı mənliyimə yaraşdırmaram. Amma o da mənim simamda özünün ürkək və müti arvadını, ya da qulluqçusunu deyil, hər mənada özüylə bərabər hüquqlara sahib tərəfdaşını görməlidir. Bu açıqlanan şərtlər sizə son dərəcə cürətli gələ bilər, amma onlardan imtina etmək kimi bir niyyətim də yoxdur. Bax, belə.

***

– Belə siz gülünc görünürsünüz, – dedi.
Kişi etiraz etdi:
– Amma siz özünüz bu rolu mənə sırımısınız, indi istəsəm belə, ondan çıxa bilmirəm.
– Niyə ki? – deyə qadın soruşdu.
– Çünki siz təkcə bizim ev təsərrüfatımızı deyil, məni də idarə eləməyə hazırlaşırsınız. Əslində, dul bir xanım kimi siz bunu bacarırsınız!
Qadın heyrətləndi:
– Bununla siz nə demək istəyirsiniz ki?
– Demək istəyirəm ki, sizin həyat bilginiz mənim cahilliyimin, ərdə olmuş bir qadın kimi isə təcrübəniz subay birisi kimi mənim bəkarətimin axırına çıxmağa yetəcəkdir!

***

Öz sifəti, öz rəyi, hər hansı bir işə qabiliyyəti, dərin bilgisi, bişkinliyi və yetərincə cəsarəti olmayan bu adam adi siyasi xadim idi. Ucqar bir şəhərdən çıxan bu vəkil əslində quzular içində aslan, respublikaçı maskası altında gizlənən yezuit idi. Düşmən partiyalar arasında ustalıqla manevrlər edərdi. Ümumxalq səsverməsinin yaratdığı peyin qalağında bitən və necəliyi şübhə doğuran bu cür göbələklərin sayı-hesabı olmur.

***

Elə bütün qadınlar ayağısürüşkəndirlər, onlardan kefin istəyən kimi yararlansan da, mənən heç birisinə bağlanmamalısan.
Bu acı hisslər kobud, təhqiramiz sözləri onun dilinin ucuna qədər gətirirdi. Amma son anda bu sözləri udur, geri qaytarırdı. Öz-özünə bu fikri aşılayırdı: «Dünya güclülərindir. Güclü olmaq lazımdır. Mən belə xırda şeylərin səviyyəsinə enməməliyəm».

***

Amma sərvəti və şöhrəti hədəf seçən eqoizm qadın sevgisindən və nəvazişlərindən güc alan eqoizmdən daha üstün sayılır.

***

– Nə barədə düşünürsən, dostum?
Əri gülümsəyərək belə cavab verdi:
– Bu alasarsaqların necə sarmaşıb dolaşmasına göz qoyub düşünürəm ki, hər halda, həyatda daha maraqlı şeylər var.
Qadın qısıq səslə dedi:
– Amma bəzən bu da … adama xoş gəlir.
– Xoş olmağına xoşdur … çünki daha yaxşısı yoxdur!

***

Bu qadın kilsədən özünün bütün məqsədləri üçün yararlanır. Burada o, yəhudiyə ərə getdiyi üçün həm vicdanındakı günahları yuyur, siyasi dairələrdə özü barədə axına qarşı üzən qadın təsəvvürü yaradır, bu sayədə kübarlar arasında hörmət-izzət qazanır, həm də kilsəni öz sevgi görüşləri üçün məkan seçir. Dindən bir çətir kimi yararlanmaq ondan ötrü bir adət halını alıb. Sərin havalarda bu çətirdən əsa kimi yararlanır, bürkülərdə onunla günəşdən qorunur, evdən bayıra çıxmayanda isə bu çətir qapısının ağzında tozlanır. Həm də onun kimilər indi yüzlərlədir: özləri Tanrıya zərrəcə dəyər vermədikləri halda, başqalarına bu mövzuda danışmağa imkan vermir, ehtiyac yaranandan-yaranana isə guya, o ilahi varlıqdan bir vasitəçi kimi yararlanırlar. Bunları hotel otağına dəvət eləsən, bunu ağır təhqir kimi qəbul edərlər, amma kilsədəki qurbanlıq guşəsi önündə mazaqlaşmağı isə adi bir şey sayırlar.

***

Amma hər şeyə rəğmən, gözəgörünməz bir varlığın onların qeydinə qaldığına, guya, haradasa, orada, buludların üstündə bir dəftərxananın olmasına, hər kəsin yaxşı-yaman əməllərinin ayrıca dəftərlərə yazıldığına və bu qeydlərə əsasən dünyadan köçən hər bir bəndəyə ayrıca hökm çıxarılacağına bu zavallıların inandıqları gəldi ağlına… Haradasa orada… Amma dəqiq harada?

***

Əslində, cənablar, Afrika – Fransa üçün bir buxarıdır, onu biz ən yaxşı odunlarımız sayəsində isidirik, güclü sovurma qabiliyyətinə malik bu buxarı bank vəsaitlərimizi gözünə təpir. Siz bədii zövqünüzün əsiri olaraq, bu buxarının sol qisminə «Tunis» adlı vecsiz, amma sizə baha başa gələn bir şey qoymusunuz. İndi görəcəksiniz ki, cənab Maro, eynilə əvvəlki hökumət başçısı kimi davranaraq, buxarının sağ qisminə «Mərakeş» oyuncağını qoyacaq.

***

Ağlı başında və əxlaqca təmiz olan bu qırxyaşlı xanımın ömründə çox da qızmar olmayan yay mövsümünün ardınca günəşə həsrət qalan payız əvəzinə, ölgün bir yaz havası peyda olmuşdu. Sanki, qızlıq dövrü sevgisi özünü gec biruzə verdiyindən onun içində çiçəkləyən zavallı gülləri və açılmamış tumurcuqları qəfil ayaz vurmuşdu. Onun davranışlarında ortaya çıxan yersiz, qəribə və çılğın hərəkətləri, on altı yaşlı qızlara məxsus sevinc çığırtıları, aşiqini boğaza yığan nəvazişləri və nazları vaxtından gec sərgiləndiyindən yaşına-başına yaraşmırdı. Bəzən gün ərzində oynaşına mənasız, çılğın məzmunlu, başdansovma xətlə yazılmış ona qədər məktub yollayardı. Guya, yüksək hissləri, amma xeyli bəsit tərzdə ifadə edən bu namələr daha çox şərqlilərin özünüifadə tərzində, yəni başdan-ayağa heyvan və bitki bənzətmələriylə dolu olardılar.

***

– Səndən ötrü sino gedirəm, qoçum! Sən də məni elə sevirsənmi, balası?
Hər dəfə bu «qoçum» və «balası» xitablarını eşidib cırnayan kişinin də qəlbindən ona «ağbirçəyim» demək keçirdi.

***

Əsl sevgi ilə hiylə bir araya sığmaz.

***

Görünür, bu nəvaziş dolu eyni sözlər üçün önəmli olan onların kimin dodaqlarından qopması idi.

***

Cırnayan qız əlindəki yelpiclə onun əlinə vurub and içirdi ki, yalnız sevib ərə gedəcək.
Kişi isə onu cırnadırdı:
– Ona baxarıq, onu görərik hələ, çünki bunu etməməkdən ötrü siz çox varlısınız.

***

– Mən başqasının cibindəki o pullara zərrəcə həsəd aparmıram və bu etirazım sırf prinsipial əhəmiyyət daşıyır.

***

– Cəmiyyət deyil e, həftəbecərdir!

***

Amma o – avam birisidir, elə buna görə qumar və əyləncələr onu müflisə çevirib. Nə deyim, vallah: sizin kimi cavan, yaraşıqlı və ağıllı bir qız üçün o, çox uyğun bir adaxlıdır.

***

Əgər bir arvadın yanında soyuna bilirsinzsə, onda onun ərinin hüzurunda geyinməkdən də zərrəcə çəkinməməlisiniz.

***

– Necə də oyunbaz və qorxunc yaramazsan sən!
Kişi hırıldadı:
– Lənət şeytana! Axmaqlar və sadədillər hamıya məsxərə olmaq üçün yaradılıblar!

***

– Hə-ə, gələcək fırıldaqçılarındır!

3.6 (71.25%) 16 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram