Herta Müller “Nəfəs yelləncəyi” (almanca, Atemschaukel) – Yazıçı mübaliğəli, poetik bir romanda Zirenbürgendən olan bir gəncin rusların əmək düşərgəsindəki taleyindən bəhs edir. Herta Müller insanların həyatına öz damğasını vuran hadisələrdən danışır. Oskar Pastor və düşərgədən digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərli material toplamış və bunları roman halına salmışdır.
Rumıniya. Müharibənin sonu. Almanlar qorxu içində yaşayırlar. Gənc adamın qarşısında heç cür təsəvvür edə bilməyəcəyi beş il var. Onu tamamilə başqa bir insan kimi geri qaytaracaq beş il.
Əsərdən seçilmiş hissələr
Nəyim varsa, hamısını özümlə gəzdirirəm. Və yaxud: Mənim olan hər şeyi yanımda daşıyıram.
***
Mənim yüküm sükutdur. Mən o qədər dərin sükuta qərq olmuşam ki, heç bir söz məni aşkara çıxara bilməz.
***
Elə şeylər var ki, onların haqqında danışılmır. Lakin boyundakı susmağın ağızdakı susmaqdan fərqli olduğunu söyləyəndə, mən nə danışdığımı yaxşı bilirəm.
***
Bəlkə həqiqətən də şəffaf olduğum düşüncəsilə insanlarla dolu küçələrdən keçərkən mağaza, tramvay və evlərin pəncərələrinə, fəvvarə və gölməçələrə inamsızlıq hissi ilə baxıram.
***
Mən sirrimi özümdə saxlamağa çalışırdım, buna görə də gözlənilmədən səslənən sözlər məni yaman yerdə yaxalayırdı.
***
Düşərgə adı ilə olsa belə, mən ailəmi tərk etmək istəyirdim. Yalnız anama yazığım gəlirdi, çünki o mənim həqiqi kimliyimə çox az bələd idi. Gedəcəyim halda o mənim haqqımda mənim onu xatırlayacağımdan daha çox düşünəcəkdi.
***
Səma zamanı hərəkətə gətirir.
***
Bir çox insan belə düşünür ki, çamadanı yığmaq mahnı oxumaq və ya dua etmək kimi öyrənib vərdiş edə biləcəyin bir məşğuliyyət növüdür. Bizim isə bu sahədə nə təcrübəmiz, nə də doldurula biləcək çamadanımız vardı.
***
Yanlış əşyalar nə vaxtsa zəruri əşyalara çevriləcəkdi. Zəruri olan isə yeganə tələb olunan əşya olacaqdı, çünki heç olmasa ona malik idik.
***
Çamadanın aşağı hissəsinə dörd kitab qoydum: kətan cildli “Faust”, “Zərdüşt”, Weinheberin nazik kitabı və özündə səkkiz əsrin ədəbiyyat nümunələrini cəmləşdirən lirika toplusu. Bilərəkdən roman götürmədim, çünki onları bir dəfə oxuduqdan sonra əl vurmaq istəmirsən.
***
Məni çox istəyirsən, mən ki hələ yaşayıram.
***
“Mən bilirəm ki, sən geri dönəcəksən” ürək formalı bel ilə əlbir və aclıq mələyi ilə rəqib oldu.
***
Açıq gözlərlə sakit və çox danışır, bağlı gözlərlə sakit və çox ağlayırdılar.
***
Trudinin dediyinə görə, özünə bir qədər əziyyət versən, torpaq, qum və hətta otla da dil tapmaq mümkündür. Su ilə isə heç sövdələşməyə də ehtiyac yoxdur, çünki bu onun təbiətindədir. O hər şeyi udur və udduqdan sonra içinə qapanır. Hava da təbiətinə görə gözəgörünməz olduğundan, onunla dil tapmağa ehtiyac yoxdur. Trudi Pelikan deyirdi ki, qardan savayı heç bir şey onu satmazdı.
***
Hamı yüngülcə məst olmuş vəziyyətdə idi, bəziləri içkinin təsiri altında, digərləri də onları bürümüş qeyri-müəyyənlik hissindən. Və ya eyni zamanda hər ikisinə məruz qaldıqlarından.
***
Meşədə canavargiləsi çiçəklənir,
Xəndəkdə hələ qar qalır,
Və sənin mənə yazdığın
Kiçik məktub məni kədərləndirir.
***
Daha aclıq çəkmək məcburiyyətində olmadığım vaxtdan etibarən sözün əsl mənasında həyatın özünü yeyirəm.
***
İstər sərt şaxta, istərsə də qızmar günəş altında bütöv axşamlar fərəqət duruşunda keçirdi. Yalnız üzərimizdəki bitlər ürəklərindən keçən tərzdə hərəkət edə bilirdi.
***
Bədəndəki ət yoxa çıxdıqdan sonra sümükləri daşımaq çox ağır başa gəlir. Sanki səni yerin içinə çəkirlər.
***
Özümü unudub, səmadakı qarmağı tapdığım hallarda, o, məni zəifləyib çökməkdən qoruyurdu.
***
…düşərgə komendantı Şişvanjonovdan nə vaxt evə geri dönəcəyimizi soruşduqda, cavab qısa olurdu: SKORO DOMOY. Bu da o demək idi ki, tezliklə yola düşəcəksiz.
Rusların “tezliklə”si bizi həyatımızın ən uzun zaman kəsimindən məhrum etdi.
***
“Vətəndə beşinci doqquzuncudan sonra gəlir”. Bunun nə demək olduğunu soruşdum. Bərbər cavab verdi ki: “Bir qədər “Balamuk”.” Bunun da nə anlam verdiyini sorduqda, aldığım cavab belə oldu: “Hər şey bir qədər qarışıb”.
***
O, ağalıq edirdi, buna görə də onun diribaş və saymazyana bir insan olduğunu söyləmək mümkün idi. Gülürdüsə, demək tələ qururdu. Gülüşünə cavab verirdinsə, bunu isə etməyə məcbur idin, rüsvay olurdun. Gülürsə, demək adının yanındakı xanada yeni, daha pis bir şey qeyd edib.
***
Tur Prikuliç hər şeyi görürdü. Deyilənə görə, onun unutduqları da, nə vaxtsa əmrə çevrilirdi.
***
Bəxtindən üst-başı heç vaxt çirklənmirdi və bəxti onu layiq olduğundan daha gözəl edirdi.
***
Əmrlərin məzmununu başa düşməsək də, nifrəti yaxşı duyur və dərk edirdik. İnsan nifrətə öyrəşir.
***
Xüsusi yemək üçün qazana mütləq qapaq gərəkirdi. Qapaq isə yox idi. Bəlkə problemi bir tənəkə parçası ilə çözmək olardı, bu da yalnız xəyallarda. Necə olursa-olsun, hər dəfə qazan qapağı nədənsə icad edilirdi və hər dəfə də tərs-tərs deyilirdi: “Qazana qapaq lazımdır”. Baxmayaraq ki, heç vaxt tam mənasında qapaq olmamışdır və söhbət yalnız ona işarə edən boş sözdən gedirdi.
***
Düşərgədən evə döndüyümdən bəri mənə əziyyət verən yuxusuz gecələr üzərinə qara dəri çəkilmiş çamadana bənzəyir və bu çamadan mənim alnımdır. Altmış ildir ki, başa düşmürəm, bu əşyaları xatırlamaq istədiyimə görə yata bilmirəm, yoxsa hər şey əksinədir.
***
Sement də küçə tozu, duman və tüstü kimi bir kələyi təcəssüm edir. O havada uçur, yerlə sürünür, dəriyə yapışır. Bir sözlə, onu hər yerdə görmək olar, lakin əllə tutmaq mümkün deyil.
***
Tikintinin xoşagəlməz cəhətlərindən biri bu də budur ki, bütün günü diqqətlə baxsan da, divarların qalxdığını görə bilmirsən.
***
Zamanla sement azalacaq və o öz-özünə yox ola bilər. Axı mən də sementdənəm və tədricən azalıram. Bəs niyə mən yox ola bilmirəm?
***
Hər gün eyni adam kərpic çörəklərlə (Buxanka-rusca) yüklənmiş arabanı düşərgə qapısından kantinin arxasındakı həyətə qədər aparırdı. Çörək həmişə ağ kətan parça ilə örtülü olurdu, lap cənazə kimi. Mən soruşdum ki, çörəkçinin rütbəsi nədir? Bərbər isə dedi ki, onun heç bir rütbəsi yoxdur. Uniformanı ya kimdənsə alıb, ya da oğurlayıb. Bu qədər acın içindən bu boyda çörəyi aparmaq üçün uniforma geyinib ki, ondan bir az çəkinsinlər.
***
Çünki biz acından kor olmuşduq və vətən həsrətindən xəstə düşmüşdük. Sanki zamandan ayrı düşmüşdük. Elə özümüzdən də. Nə bizim dünya ilə işimiz var idi, nə də dünyanın bizə bir aidiyyatı.
***
Onu həmişə bir şey maraqlandırırdı ki, ingilislər buna nə deyəcəklər. Polşa söhbətində isə o, bir qaşıq xiyar salatı götürdü və susdu. Nənəm isə dedi ki, bu bir ailə yeməyidir və siyasəti bura qatmaq lazım deyil.
***
Mən bu itaətsizlik hadisəsində bir şeyi özüm üçün müəyyən elədim ki, mən həqiqətən bir əliləm.
***
Cəbhədən min bir yolla yayınan, amma evdə qalıb bal rəqslərinə və kafelərə uniformada gedən, zərərli təbliğat aparan araqızışdıranlar da var idi.
***
Yol getmək həmişə bir xoşbəxtlik idi.
Əvvala: Nə qədər ki yol gedirsən, demək hələ mənzilə gəlib çatmamısan. Gəlib çatmadığına görə də işləməli deyilsən. Yol getmək, vaxtı gözəl keçirtməkdir.
İkincisi: Yol həmişə səni yeni yerlərə aparır. Bu yerlərin səninlə heç bir əlaqəsi yoxdur. Bir ağac sənə heç vaxt qışqıra bilməz, heç səni kötəkləməz də. Bir ağacın altında isə bunu edə bilərlər, amma ağacın edə biləcəyi bir şey yoxdur.
***
Nənəm deyərdi ki, gicitkənlər yalnız insan yaşayan yerlərdə bitir, pıtraq isə qoyun olan yerdə.
***
Mənə elə gəlirdi ki, xalça çırpılan yerlərdə sülhü xəyal eləmək olar, orda mülki həyat davam edir və insanların əsayişi pozulmur.
***
Heç harda yer adlarını göstərən lövhələr yox idi. Gedənlər və gələnlər, Kobeliani və Lansia kimi, yerin adını bilməli idilər. Bu yerlərə bələd olmayanlar isə Karli Halmen və mənim kimi soruşmalı idilər. Kim ki soruşmaq üçün heç kəsi tanımırdı, axtardığı yeri tapa da bilməzdi. Bir də belə adamın burda nə işi ola bilərdi ki?
***
Biz zahirən və daxilən dəyişilmiş yeni kimliyimizlə dəhşətli bir sükut içində dayanmışdıq.
***
Çünki İrma çöx güman ki, paltarla basdırılmamışdı və dirilərin soyuqdan donduğu bir vaxtda torpaq altındakı ölülərə bunu rəva görməzdilər.
***
Hər kəs istədiyi şeyi düşünə bilərdi. Amma düzünü heç kəs bilə bilməzdi.
***
Mən ən ön sıraya soxuldum, çünki birinci ölmək istəyirdim. Yük maşını küçənin kənarında dayandığından, axıra qalıb ölüləri maşına yükləmək gözümə dururdu.
***
Nənəm barmağını sıxan nişan üzüyünü, hər gecə olduğu kimi, artıq çıxarıb gecə mücrüsünə qoymuşdu.
***
Adam öz ölüm qorxusunu dəf etmək istəyəndə və bunu bacarmayanda, ona qarşı məhəbbət yaranır.
***
Bu ağac təkrarsız və təsvir olunmayacaq gözəlliyə malikdir. Amma onun adında əlahəzrət bir yalan gizlənir. Axı necə olur ki, ağ gövdəli bu ağac qara qovaq adlanır.
***
Əgər adam nə vaxtsa qapqara boyanmış səmanın altında gecənin yarısını güllələnməyini gözləyirsə, bu ad heç də yalan deyil.
***
Mən artıq özüm-özümə ağır bir yük idim.
***
Mənim özüm üçün belə bir qanunum var idi ki, insanın ağlamağa bu qədər səbəbi varsa, o, heç vaxt ağlamağa başlamamalıdır. Öz-özümə deyirdim ki, göz yaşlarının səbəbi soyuq havadır və özüm də buna inanırdım.
***
Bəzən ətrafımızdakı varlıqlar o qədər dəhşətli dərəcədə zərif olurlar ki, adam bunu heç onlardan gözləmir.
***
Mənim onu öldürmək fikrim yox idi və bu məni daha da təsirləndirirdi. Dəhşətli zərifliyin bu qətldə payı daha çox idi, nəinki planlı qəddarlığın. Daha dərində gizlənmişdi və daha uzun məsafəyə yayılmışdı.
***
Mən balansı saxlayırdım, ürək beli əlimdə yellənirdi, nəfəs yelləncəyi isə sinəmdə.
***
Sən məni öz ətimlə aldadırsan. Onsuz da bu ət sənə çatacaq. Amma mən yalnız öz ətimdən ibarət deyiləm. Mən bir az fərqliyəm və özümü boş buraxan deyiləm. İndi kimdən olduğumu müzakirə etməyin yeri deyil, amma mən kim olduğumu sənə deyə bilərəm. Mən hər kiməmsə, sənin tərəzinin göstərdiyi deyiləm. Sənin tərəzin səni aldadır.
***
Ölüm sürətlə böyüyürdü və hamımız üçün darıxırdı. Özünü ona təslim etmək olmazdı. Onu zəhlətökən bir it kimi özündən uzağa qovmaq lazım idi.
***
Ölümə qarşı savaşmaq üçün insana ikinci bir ömür lazım deyil. Yalnız öz ömrünü, hələ bitməmiş ömrünü bu mübarizəyə həsr edirsən.
***
Amma ac olanda, aclıqdan danışmaq da olmur. Aclıq çarpayı deyil, belə olsaydı onun bir ölçüsü olardı. Aclıq reallıq deyil.
***
…yayda radiodan sevgiyə susamış, gerçək alman qadınının səsi ilə belə bir cağırış edilmişdi: “Hər alman qadını fürerə bir uşaq bağışlasın”.
Fini xalam anamdan soruşmuşdu: “İndi biz bunu necə edək, fürer hər axşam Zirenbürgenə bizdən birimizin yanına gələcək, yoxsa biz hamımız sıra ilə reyxə getməliyik?”
…Nənəm isə deyirdi: “Mən elə bilirdim ki, siz bığlı kişiləri xoşlamırsınız. Əvvəlcə fürerə bir teleqram vurun ki, bığlarını qırxsın.”
***
Ququ quşlu saat bizim nəyimizə lazım idi ki? Vaxtı bilmək üçün bizim saata ehtiyacımız yox idi. Bizim ölçməyə vaxtımız yox idi axı.
***
O özü üçün illüziyalar qurmağa çalışmırdı. Çünki onun fikri heç buralarda da deyildi.
***
O, nə xeyirxah idi, nə də qəzəbli idi. O, heç bir fərd olaraq mövcud da deyildi, o toxunma jaket geyinmiş qanun idi. Onu başqa qadınlarla müqayisə eləmək heç ağlıma gəlməzdi, çünki heç bir qadın belə əzab dolu dissiplinli, müqayisə olunmayacaq qədər çirkin ola bilməzdi. O, eynilə iştahımızı qabardan, dəhşətli dərəcədə yaş, yapışqan, doyumlu, rüsvayçı, dilimlərə bölünmüş kərpic çorək kimi idi.
***
Çörək məsələsi artıq keçmişdi, hamı həmişəki kimi davranırdı. Biz oğurluğu onun üzünə vurmurduq.O da bizi heç vaxt cəzaya görə məzəmmət eləmədi. Çörək məhkəməsi heç kəsin nazı ilə oynamır, o cəzalandırır. Sıfır nöqtəsi heç bir müddəa tanımır, heç bir qanun bilmir. O özü qanunlardan biridir, çünki aclıq mələyi də beyinləri oğurlayan bir cinayətkardır. Çörək məhkəməsinin heç bir girişi və yekunu yoxdur, o yalnız reallıqdır. Tam şəffaf, ya da tamamilə gizli olur. İstənilən halda çörək qarşısında bərabərlik acqarına qüdrətdən çox üstündür. Çörək məhkəməsinə ötəri mənəviyyat pərdəsi altında rast gəlmək olmur.
***
Kişilərə nisbətən qadınlar daha ətraflı yeməklərdən bəhs edirdilər. Ən detallı təsviri isə, yalnız kənd qadınları edə bilirdilər. Onların yemək reseptləri teatr hərəkətləri kimi ən azı üç aktdan ibarət olurdu.
***
Yemək reseptləri danışmaq lətifə söyləməkdən daha çox məharət tələb edir. Hər şey öz yerində olmalıdır, yoxsa heç bir dadı olmaz. Burda gülməli o idi ki, bütün müzakirələr belə başlanırdı: “…götürürsən”. Əslində isə götürməyə heç nə yoxdur, lətifənin çətinliyi bundadır. Bunu isə heç kəs dilinə gətirmirdi. Yemək reseptləri də aclıq mələyinin lətifələridir.
***
Nə vaxtsa mənim kitablarımı gördükləri üçün qadınlar fikirləşirlər ki, mən çox utancağam. Onlar düşünürdülər ki, oxumaq adamı alicənab edir.
***
Hər kəs çörəklə imtahana çəkilir.
***
Axşamlar borş yeməzdən əvvəl çörəkləri dəyişirdik, çünki öz çörəyin həmişə başqalarının çörəyindən az görünür. Başqalarında da bu hal müşayiət olunur.
***
Anam və atam isə yəqin ki Venxə gediblər. Anam özünün tikdiyi matros kostyumunda taladakı çəmənliyin düz ortasında, dizəcən otun içində uzanmışdır və elə bilir ki, mən artıq göylərdəyəm. Mənsə ona toxuna və deyə bilmirəm: “Sən hələ də məni sevirsən? Axı mən səni sevirəm!”
***
Atacan, nə vaxtsa sən mənə bir adam yolu azanda onu geri çağırmaq üçün fit çalmaq öyrətmək istəyirdin.
***
Göylər qumda zamanı hərəkətə gətirmədilər, çünki onlar zamanı geri döndərə və ya saxlaya da bilməzdi. Sarı qum da ikinci, üçüncü, dördüncü sülhü dəyişə bilməzdi. Dördüncü sülhdən sonra da biz düşərgədə idik.
***
“Uşaq olanda mən şaftalını dişləyir, sonra isə dişlənmiş tərəfi yerə atırdım” – o dedi. “Sonra isə yerdən götürür və qumlu yeri bir də dişləyirdim. Yenə yerə atırdım. Taki, çəyirdəyi qalana qədər. Atam məni həkimə apardı, çünki mən normal deyildim, qumun dadını xoşlayırdım. İndi mən istədiyim qədər qum yeyə bilərəm, amma şaftalının rəngi də yadımdan çıxıb.”
***
Onlar da bizim kimi baş əvəzinə boş quş yuvası, bizim kimi boş qarın gəzdirirdilər.
***
Biz hamımız olduğumuzdan daha fərqli idik.
***
Bəzən adam bir planı uzun müddətə hazırlayır, amma dərhal, nəsə bir qərara gəlirsənsə, adamı elə bil ildırım vurur. Hələ o qərara güvənmədən onun biqəfilliyi adamı şoka salır.
***
Saat 11-də mən yola düzəldim, daha doğrusu, biz yola çıxdıq – mən və mənim aclığım.
***
Mütləq aclıq və acından gəbərmək arasında bir boşluq var.
***
Aclıq bir reallıqdır.
Mələk alnımızdan asılıb qalıb.
Aclıq mələyi fikirləşmir. O, düz eləyir.
O, heç vaxt bizi tərk etmir.
O, mənim hüdudlarımı tanıyır və öz istiqamətini bilir.
O, mənim mənşəyimi də bilir, öz təsirinin də fərqindədir.
***
Əgər bazar günü sabah tezdən həyətin ortasında biri sərilib qalmışdısa, bunun adı da məlum idi: qaçmağa cəhd.
***
İnsan rəqs edəndə, Kafe Martinidəki ay üzlü madonnalar kimi, ayaq uclarında da olsa, gəldiyi dünyaya qayıdır.
***
Düşərgənin arxasındakı taxta evlərdən də bir şey başa düşmək olmur… Onlar fin evləri adlanır, amma içində Ukrayna rusları yaşayır.
***
İnsanın nə bildiyinin heç bir önəmi yoxdur, insan gördüyünə inanır.
***
Musiqi ölümü cuşə gətirir, o, yellənərək rəqs eləməyə başlayır.
***
Bir nəzarətçi itinin belə, ağlı gedir və gəlir. Amma aclıq heç vaxt bizi tərk eləmir və geri gəlmir. Təklik də elədir. Bəlkə də rus yalnızlığının adı Vanyadır.
***
Bizim xəyali qəhrəmanlar qəbiristanlığının üzərini mavi səma örtür. Bütün daşların üzərinə, bütün sıralara bərabər yayılır. Sakit bir bərabərlik yayılır, burda mövcud olan yeganə bərabərlik.
***
Mənə elə gəlir ki, ac olanda korluğun və ya görmənin heç bir fərqi yoxdur. Kor aclıq yeməyi hamıdan yaxşı görür. Səssiz və ucadan deyilən aclıq sözləri vardır, eynilə şəxsi və ümumi aclıq olan kimi. Yemək adları kimi, aclıq sözləri də dilə hakim kəsilir və bu halda adam yalnız qalır.
***
Axı mən cəmi üç il idi ki, düşərgədə idim və hələ kifayət qədər tərbiyələnməmişdim.
***
Mən bilmirdim ki, çəhrayı yaşlandıqca bozara bilir və bu qədər valehedici olur. Bu artıq mineralın yox, kədərdən usanmış bir insanın rəngidir. Vətən həsrətinin də rəngi olurmuş.
***
Soyuq şlak necə də comərdcəsinə insana özünü aldatma imkanı verir və bu yalan səni yenidən həyata qaytarır. Zəhərlənmiş biri, soyuq şlakla özünü xoşbəxt edə bilər. Ölümünə xoşbəxt.
***
Sən səssiz film personajısan.
***
Çürümə, paslanma, kiflənmə, ovulub tökülmə burada yəqin ki, savaşdan əvvəl başlamışdı. Bəlkə də insanların biganəliyi və kimyəvi maddələrin zəhərli olması qədər qədim idi.
***
Məcburi iş üçün ruslar və rumınlar öz ölkələrində lüğətdən yaxşı bir söz də tapmışdılar: yenidənqurma. Bu zəhərə bələnmiş bir söz idi. Əgər bu quruculuq idisə, bunu yalnız məcburi quruculuq adlandıra bilərdik.
***
Reallıq kiçik və ya böyükdür. Yəqin ki, çoxları lap ağırdır, amma onların da ölçüsü var.
***
Ayınkı işıq saçmaq, siçovulunku qaçmaq, otlarınkı yellənmək. Mənim isə dünyaya münasibətim yemək idi.
***
– Nəyə görə 273 dənə kartof?
– Çünki 273 dərəcə selsi mütləq sıfır nöqtəsidir. Bundan daha soyuq olmur.
***
Göy və yer dünyanı əmələ gətirir. Göy ona görə bu qədər sonsuzdur ki, orda hər insan üçün bir palto asılmışdır. Yer isə ona görə böyükdür ki, dünyanın ayaq ucundan bütün istiqamətlərə gedən məsafəni əhatə edə bilsin. Oralar isə o qədər uzaqdır ki, insan yalnız düşünüb təsəvvür edə bilər. Çünki insan uzaqlığı yalnız mədəsindəki bir boşluq kimi hiss edir.
***
– Herman dayı və Luya xala ər-arvaddırlar?
– Əgər ağaclar da evlənə bilirsə, hə!
***
Köynəyin sökülmüş tikişləri də başqasından borca aldığım iynə üçün darıxır.
***
Sadə bir istək uğrunda elə çox söz işlədirsən ki, və bəlkə heç biri xatırlanmır da.
***
Həsrət də cürbəcürdür – tez gəlib-gedəni də var, yapışıb qalanı da.
***
Yay ağacların yarpaqlarını yıpradır, payız rənglərini dəyişir, qış da bizi.
***
Dəmir yoluna tökülən torpaqdakı qar isə bir adam dünyadan köçəndə onun cəsədi və kürəyi üçün darıxır.
***
Darıxmaq qorxunun səbir eləməyidir. Çünki o, həddini aşmaq istəmir. Yalnız bəzi hallarda, vəziyyəti yaxşı olanda mənim necə olduğumu bilmək istəyir.
***
Atəş hərarətini üzümə çırpır, gözləmək isə qorxunu.
***
Küləyin çox güclü hissiyyatı var. Mənim ayaqlarım artıq yoxdur, mən yanaqlarımla hərəkət edirəm. Bir az sonra heç yanaqlarım da olmayacaq. Mənim yalnız məktub üzərinə tikilmiş qardaşım var, o məni əvəz edəcək qardaşdır. Mənim valideynlərim artıq mənə arxayın ola bilmədikləri üçün başqa bir uşaq istəyiblər. Anam da “doğulmuşdur” sözünü “doğ” kimi qısaltdığına görə, “ölmüşdür” sözünü də “öl” kimi ixtisar edərdi. O, artıq bunu etmişdir belə. Anam səliqə ilə maşınla ağ sapla tikdiyi yazıdan utanmadığı üçün, mən sətirlərin altından belə bir nəticə çıxarıram: “Mənə qalsa, sən olduğun yerdə də ölə bilərsən, evdə yerə qənaət etmiş olardıq.”
***
… hər şəxsin və hadisənin öz xususi yeri və zamanı vardır. Bu təbiətin qanunudur. Bu səbəbdən də dünyada hər kəsin və hər şeyin öz haqqı vardır. Mövcud olan hər varlığın öz teli vardır – Minkovski teli.
***
… Fenyanın soyuq sifətində üç burnu var, onun ikisi tərəzinin burnudur.
***
Köhnə izdivac adamı ac qoyur, xəyanət isə doyurur.
***
Günlər də heç nə edə bilməzdilər ki, onlar bir səbəb-nəticə zənciri kimi idilər. Səbəblər və nəticələr də heç nə edə bilməzdi ki, onlar çılpaq həqiqətlər idi.
***
İşlərin gedişi qısaca belə idi. Hər bir kəs ayrı-ayrılıqda heç nə edə bilmədiyi üçün heç kəs nə isə edə bilmirdi.
***
Kitab mağazasının vitrinindəki böyük elanda Heminqueyin “Fiesta”sını görəndə mən onu Vətən həsrətinin fiestası kimi oxudum. Buna görə də mən kitabı aldım, vətən həsrətinə doğru – evə tərəfə getməyə başladım.
***
Mən başa düşmürdüm ki, niyə kişilər bir-birlərinin bitlərini təmizləmirlər. Qadınlar isə hər gün bir yerə yığışaraq söhbətləşir, mahnı oxuyur və bir-birlərinin başını bitdən təmizləyirdilər.
***
Adam bədəninə nə qədər az sahib ola bilirsə, o qədər də çox onun tərəfindən cəzalandırılır.
***
Biz şotka ilə taxtabitiləri qırırdıq və bu bizə elə fərəh hissi gətirirdi ki, sanki rusları qırırıq.
***
Qürur da yorğun olanda adamı kədərləndirir.
***
Məni bu bağlılığa sürükləyən nədir? Nədən gecələr öz bədbəxtliyimlə başbaşa qalma haqqımı tələb edirəm? Niyə azad ola bilmirəm? Nəyə görə düşərgəni mənim olmağa məcbur edirəm? Vətən həsrəti, sanki mənə çox lazım imiş.
***
-… Biz yazın əvvəlində təzə mənzilə köçdük. Sonra mənim kiçik qardaşım öldü. O, yaşlanmışdı.
– Hər halda o, səndən cavan idi.
– O, xəstə idi. Xəstə olanda adam yaşlanır.
***
…biz bir-birimizi daha çox hiss edirdik, nəinki görürdük.
***
Xoşbəxt olmaq üçün insanın hədəfi olmalıdır.
***
Mən aclıqdan dərs almışdım və itaətkarlıqda heç kəs mənə çata bilməzdi.
***
İnsan yaşayır. İnsan bircə dəfə yaşayır.
***
Mən ətrafımda olan şeylərlə bir yerdəyişmə həyata keçirmək istəyirdim, bu şeylər yaşamırdılar, amma ölü də deyildilər. Mən öz bədənimlə səmada üfüq xəttinin və aşağıda tozlu küçənin yerini dəyişmək istəyirdim. Mən onların dözümündən borc götürmək və öz bədənimdən kənarda mövcud olmaq istəyirdim.
***
İnsan orqanizmi də bir tikili kimi hissə-hissə yığılır və sökülür. Sən hər gün özünü və başqalarını görürsən, amma heç vaxt nə qədər zəiflədiyini və ya artdığının fərqinə varmırsan.
***
Kişilər özlərinə görə hələ də gözəl idilər və qadınlara nazlanmaq üçün bol-bol əsas verirdilər.
***
Təzə dəb və təzə sevgi macəraları, romanlar, şəhvani yaxınlıqlar, hamiləliklər və sonra da şəhər hospitalında abortlar.
***
Hər yuxarı qalxmanın bir kəlləmayallaq aşağı düşməyi də var.
***
Başıma gələ biləcək hər şey artıq gəlmişdir. Bundan sonra həmişə hər şey olduğu kimi qalsın.
***
İndi biz tam ruslaşdırılmışıq, bundan sonra həm də amerikansayağı modern olarıq.
***
“Küçənin o biri tərəfinə keç, orda talvarın altında sən islanmayacaqsan!” O, isə başını qaldırıb, çox güman ki, deyəcəkdi: “Xeyir ola, mənimlə sən deyə danışırsan?” Və mən deyəcəkdim: “Bağışlayın, mən sizin sifətinizi görmədim, mən yalnız sizin əllərinizə sən deyə müraciət edirəm”.
***
Bütün bu illərdə briqadirimiz yeganə adam idi ki, məcburi işçiləri düz bucağın 90 dərəcə olduğu inkişaf etmiş ölkələrin adamları hesab eləyirdi.
***
Nitqinin məğzi belə qurtarırdı ki, ruslar da əsl düz bucağın 90 dərəcə olduğunu bilirlər, amma onu yarada bilmirlər.
***
Elə bilirəm ki, sən yorulub əldən düşmüsən. Səncə, biz niyə burda zirzəmidəyik? Çünki əlimizdə sənətimiz yoxdur! Burda sənət bərbər, dərzi və çəkməçidir. Yaxşı peşələr bunlardır, düşərgədə isə istənilən halda ən yaxşı sənətlərdir. Amma yalnız evdən bu sənətin sahibi kimi gələcəksən, burda heç vaxt öyrənə bilməzsən. Bunlar insan taleyini yazan peşələrdir.
***
Vətəndən doymuş insanların arasında mən azadlıqdan başı gicəllənən kimi idim.
***
Mən onların zamana etibarını qırmışdım, çünki sağ idim.
***
Yad olmaq, yəqin ki, ağır bir yükdür. Amma bu qədər yaxında olub, yadlaşmaq ikiqat ağır idi.
***
Mən getmək istəmirdim, amma üstümdən uzaq yerlərin iyi gəlirdi.
***
Mən onun səsini eşidirəm: “Üstündə “mən burdayam” yazılanların heç bir dəyəri yoxdur. Daha böyük sərvətlər onlardır ki, üzərində yazılır: “Bilirsənmi daha nələr”. Ən böyük sərvətlər isə onlardır ki, üzərində yazılacaq: Mən burda olmuşam”.
***
Mən öz-özümə dedim ki, o heç pişik də deyil, boz zolaqlı həsrətin xəz paltarlı formasıdır, dar küçədə bir qorxunun səbr eləməsidir.
***
İndi də azadlığa sürgün olunmağımın qorxusu və ondan sonra məni gözləyən boşluq adamı daxilən əzirdi.
***
Buna görə də mən “Ön söz”ün üstündən xətt çəkdim və yerində “Son söz” yazdım. Mənim indi geriyə dönüşü olmayan azadlıqda tək qalmağım və öz-özümü saxta bir şahid kimi görməyim böyük daxili fiasko idi.
***
İkinci qışda artıq noyabrda qar yeri örtmüşdü. Kiçik şəhər pambıq örpəyə bürünmüşdü. Bütün kişilərin xanımları vardı. Bütün xanımların uşaqları vardı. Bütün uşaqların xizəkləri vardı.
***
Vətənindən doyanların hamısı burda öz ömürlərini sürürlər, amma hər kəsin qismətində ölüm var. Hamı ona tərəf boylanır, hamının gözü əqiq, zümrüd və kəhrəbadan olan sancaqlar bərq vurur. Amma onları da bir az tez, bir az gec bir damcı daha artıq xoşbəxtlik gözləyir.
***
Görürsənmi? Həmişə pianino çalanı bayıra atırlar, heç vaxt pianinoya dəymirlər.
***
Qorxu üzrxahlıq qəbul etmir.
***
Sonra Emmaya demişdi ki, evlənmək ölməkdən fərqlidir. O da, demişdi ki, ikisindən də adam qorxur.
***
Hətta mənim beynim də tez-tez şirin xəyallara aldanır.
***
Onun içi bomboşdur, bayırdan isə insanın sifətindəki və gözündəki aclıq kimi parıldayır. Və mənə deyir: Sən hələ də bir pianinosan.
– Bəli, mən deyirəm, daha çalınmayan pianino.
***
Mənim məğrur zəifliyim.
Mənim içimdə donquldanan qorxaq arzularım.
Mənəvi qeyri-iradi tələskənliyim. Mən sıfırdan birdən-birə cəmə tullanıram.
Mənim inadkar üzüyolalığım, mən hamıya haqq verirəm, və bunu onların başına qaxmış oluram.
Mənim yolundan sapmış opportunizmim.
Mənim nəzakətli acgözlüyüm.
Mənim insanların həyatdan nə istədiklərini görəndə yorulub əldən düşmüş nəyəsə can atma paxıllığım. Yığılıb qalmış yun kimi soyuq və qarmaqarışıq.
Mənim qəti olaraq bitib tükənməyim, belə ki, mən daha aclıq çəkməyəcəyimi biləndən sonra özümü kənardan sıxılmış, içəridən isə bomboş hiss edirdim.
Mənim kənardan rahat görünə bilməyim, hətta öz içimə qapılanda belə məni hamı görə bilirdi.
Mənim nataraz günortalarım, vaxt mənimlə mebel arasında yavaş-yavaş sürünür.
Tərcümə: Zaur Səttarlı, Qurban Dağlı