Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ken Kizi “Ququ quşu yuvasının üzərindən uçarkən”

kko_ken_kizi_qu_qushu_yuvasinin_uzerinden_ucharkenAnnotasiya

“Ququ quşu yuvasının üzərindən uçarkən” (ingiliscə “One Flew Over the Cuckoo’s Nest”) əsəri ilə Amerika yazıçısı Ken Kizi ədəbiyyat tarixinə tək bir romanın müəllifi kimi daxil olmuşdur. Yazıçı və onun əsərinin taleyi qeyri-adi oldu. “Ququ quşu yuvasının üzərindən uçarkən” 1960-cı nəsillər illər üçün ən məhşur əsərə, Ken Kizi özü isə Amerika və Avropanı cənginə almış hippi hərəkatının ideoloquna çevrildi.
Miloş Formanın çəkdiyi və Cek Nikolsonun baş rol aldığı film əsərə ikinci həyat və milyonlarla oxucu gətirdi.
Bir çox dillərə tərcümə olunmuş roman indi dünya ədəbiyyatının klassikası hesab olunur və nəticəsiz qalan “gənclər inqilabından” sonra onilliklər keçməsinə baxmayaraq hələ də oxucuları etinasız qoymur.

Karandaşın izi ilə

Mənə əjdahaların mövcud olmadığını söyləyən, sonra isə onları yuvaya gətirən Vik Lovellə həsr olunur.

***

…Kimi evə, kimi evdən,
Kimi də Ququ quşu yuvasının üzərindən.

***

Gözlərimi gizlədirəm – gözlər yumulu olanda səndən baş çıxartmaq çətin olur.

***

Amma hər dəfə düşüncələrimi keçmişə qovmağa çalışanda, orada gizlənəndə, qorxu yenə də xatirələrin arasından sızıb keçir.

***

Susmağım elə uzun çəkib ki, sel suları bəndi vurub dağıdan kimi mən də dağılacam və siz də düşünəcəksiz ki, belə şeyləri deyən adam ağzına gələni danışır, həyatda heç vaxt belə şeylər ola bilməz, bu dəhşətlər həqiqət ola bilməz… Amma hər şey doğrudur, hətta bu həqiqətən baş verməsə belə.

***

Qapıdan içəri kim girir-girsin, bu heç vaxt görmək istədiyin adam olmur, amma həmişə ümid qalır və qıfıl şıqqıldayan anda bütün başlar, bir sapa düzülmüş kimi, dönür.

***

Eh, uşaqlar, məni harasa təshih edən kimi, gətirilmə zamanı da, bundan əvvəl də, sonra da yuyurlar.

***

– Bilirsiz, necədir: düzünü desəm, islahedici fermada bir neçə səmimi söhbətlərim oldu və məhkəmə qərara aldı ki, psixopatam. Nə edə bilərəm – məhkəmə ilə mübahisə edəsi deyiləm ki?

***

Görün mənə nə deyirlər: psixopat həddindən çox dalaşan və çox … kxe… Necə bilirsiz, burda onlar haqlıdırlar? Harda görülüb ki, adamın arvad sarıdan artıqlığı olsun.

***

…cavan xəstələr – onlar kəskinlər adlanır, çünki həkimlər onları müalicə üçün hələ də kifayət qədər xəstə hesab edirlər.

***

Heç kəs ucadan gülməyə cürət edə bilməz – bütün tibb bloknot və bir yığın sualla yürüyüb üstünə gələr.

***

Biz, xroniklər, yəni əksəriyyətimiz, daxili nasazlığı olan, təmirə yararsız maşınlarıq – anadangəlmə və ya sonradan qazanılmış nasazlıqlar, ona görə ki, insanın üzü uzun illər bərk şeylərə dəyirdi və xəstəxana onu qəbul edənə qəqər o, artıq boş bir yerdə çürüməkdə idi…
Rakli də xronikdir, bir neçə il əvvəl kəskin kimi girmişdi, ancaq ona həddindən artıq can yandırdılar: başında nəyisə yenidən quraşdıranda səhv etmişdilər.

***

…lunatikin sifəti, elə bil gəzir və sadə, xoşbəxt bir yuxu görür.

***

– Kim burda özünü zır dəli adlandırır? Baş psixiniz kimdir? Kartlara kim baxır? Mən birinci gündür ki burdayam, ona görə də özümü lazımi adama təqdim etmək istəyirəm – əgər o, mənə lazımi adam olduğunu sübut eləsə. Hə, kimdir buranın öndə gedən axmağı?

***

– Ona ürəklə söyləyin ki, iki ildir şobənin baş psixi mənəm və yer üzündə məndən anormal adam yoxdur.
– Mister Bibbit, mister Hardinqə deyə bilərsiz, mən elə anormalam ki, Eyzenhauerə səs vermişəm.
– Bibbit! Mister Makmerfiyə de, mən elə anormalam ki, Eyzenhauerə düz iki dəfə səs vermişəm.
– Sən də mister Hardinqə çatdır ki, – iki əlini masanın üstünə qoyur, əyilir və sakit səslə deyir, -mən elə anormalam ki, bu noyabrda da Eyzenhaurə səs verəcəm!
– Qarşınızda baş əyirəm, – deyərək Harqinq başınır əyib Makmerfinin əlini sıxır.

***

– Kart oynamaq, subay olmaq, adamlar imkan versə, harda və necə istəsən yaşamaq… Amma özünüz də bilirsiz ki, cəmiyyət istedadlı insanı necə gözümçıxdıya salır. Öz istedadımı tapandan bəri kiçik şəhərlərin o qədər türmələrində məskən salmışam ki, kitabça yaza bilərəm.

***

Su psixi Corcdan başqa hamı ilə əl verib görüşür: Corc gülümsəyib natəmiz əldən kənara durdu, Makmerfi isə ona hərbi salam verir və çəkilərək sağ əlinə deyir:
– Əl, o, səndə bu qədər günah olduğunu hardan bildi?

***

Bromden soyadına gəldikdə isə, mənim hindu etnoqrafiyasındakı biliklərim elə də uzağa getmir.

***

Vallah, başçı, boyun uzun olsa da, əlimi sıxacaqsan, yoxsa bunu təhqir kimi qəbul edəcəm. Xəstəxananın yeni baş psixini təhqir etmək isə lazım deyil.

***

– Bilirsiz, – deyir, – belə ki, həmişə mənə kimsə qaydaları izah edir, o vaxt ki…
Gülümsəyir, o da cavab olaraq gülümsəyir, bir-birinə nəzər yetirirlər.
– … başa düşür ki, mən məhz əksini edəcəm.

***

Ən xırda çətinlik, nizamsızlıq, əngəl və o, ağ, gərgin qəzəb yumağına çevrilir və bu yumağın üzünə təbəssüm çəkilir.

***

Başqa günlər düşünürəm ki, əlifbada “a” və “v” arasında durmaq və hamı kimi ayaqlarını yerdən qaldırmadan – döşəmədəki güclü maqnitlər insanları pərdə arxasında kuklalar kimi ora-bura sürüyür -, marşrutla getmək daha fəndgir olar.

***

Hamı birlikdə: Nəfəs alır… Nəfəs verir… Sıra ilə; ürək döyünməsi tezliyi xəritədə verilib. Eşidirsən, yerlərdə kürəciklər, hamısı çənbərdə diyirlənir.
Axmaq hekayədə səthi, qara rənglə cızılmış fiqurların çapdığı komikslər dünyasında olduğu kimi… O, gülməli ola bilərdi, ancaq fiqurlar canlı insanlardır.

***

– Doktor… – Makmerfi düz oturdu, alnını qırışdırıb qollarını geniş açdı – sanki, budur, qarşınızdayam, baxın. – Normala oxşayıram?

***

Yaxşı qumarbaz həmişə bu qaydadı yadında saxlayır: əvvəl oyuna bələd ol, sonra kartlara.

***

…və insan normal cəmiyyətdə fəaliyyət göstərmək üçün əvvəlcə gərək qrupda yaşamağı öyrənə, və qrup ona nizamsızlığın harada olmasını göstərmək iqtidarındadır, kimin normal olub-olmadığına isə cəmiyyət özü qərar verir, sən də, zəhmət çək, ona uyğunlaş.

***

Onun başında iki böyük əzik var, biri bir tərəfdən, digəri o biri tərəfdən, – doğuş zamanı həkim onu çölə çıxaranda maşa ilə tutmuşdu. Pit əvvəlcə başını çıxardıb onu doğum şöbəsində hansı aparatlar gözlədiyini görüb, necəsə başa düşmüşdü ki, hara anadan olur və doğulmamaq üçün əlinə keçən hər şeydən yapışmışdı. Həkim də, ora girib, onun başını buz üçün, küt uclu maşa ilə tutub bayıra dartmış və hər şeyin yaxşı olduğunu zənn etmişdi. Amma Pitin başı hələ çiy, gil kimi yumşaq idi, bərkiyəndə isə maşadan iki əzik eləcə qaldı. Özü də kütbeyin oldu, altı yaşlının oynaya-oynaya öhdəsindən gəldiyi işi görmək üçün ona fikrini cəmləşdirmək, bütün iradəsini toplamaq lazım gəlirdi.

***

O, hərdən əvvəllər olduğu kimi ayağa qalxır, başını da yelləyir, necə yorulduğunu da bildirir, ancaq bu artıq nə şikayət, nə bəhanə, nə də xəbərdarlıqdır – hər şey çoxdan qurtarıb; elə bil vaxtı göstərməyən, amma hələ də işləməyə davam edən qədim saatdır, əqrəbləri Allah bilir necə əyilib, siferblatdakı rəqəmləri silinib, pas atdığı üçün zəngi də xarab olub, – köhnə lazımsız saat, hələki tıqqıldayır, xırıldayır, ancaq ondan heç bir xeyir yoxdur.

***

– Səhər, biz tanış olanda, siz mənə – hə, bəlkə, savadsız, yöndəmsizin biri, şübhəsiz – qaz həssaslığına malik, kəndçi ədabaz, amma ümumi götürəndə ağıllı biri kimi göründünüz. Özümün bütün müşahidəçilik və bəsirətiminə rəğmən, arabir mən də səhv edirəm.
– Cəhənnəm ol, qaqaş.

***

– Yox. Onun təqsirləndirməyə ehtiyacı yoxdur. O, eyham vurmaq üzrə dahidir.

***

– Dünya güclülərin əlindədir, dostum! Bizim mövcudluğumuzun ayini ona əsaslanıb ki, güclü zəifi yeyərək zəifləyir.

***

Dostum… Mən toyuq deyiləm, dovşanam. Həkim dovşandır. Bax, Çesvik dovşandır, Billi Bibbit dovşandır. Hamımız burda müxtəlif yaşlı və kateqoriyalı dovşanlarıq və Uolt Disney ölkəsində – hap-hop – tullanıb-düşürük. Amma məni düz başa düşün, biz burada dovşan olduğumuz üçün deyilik – onsuz hər yerdə dovşan idik, – biz ona görə burdayıq ki, öz dovşan halımıza uyğunlaşa bilmirik. Öz yerimizi bilmək üçün tibb bacısı kimi yaxşı bir canavara ehtiyacımız var.

***

Dovşana həmcinsinin tərəfini saxlamaq yaraşmaz. Bu axmaqlıq olardı. Siz isə ağıllı hərəkət etdiniz – qorxaqcasına, amma ağıllı.

***

– Dostum… Bəlkə siz… elə canavarın özüsüz.
– Canavar zad deyiləm, siz də dovşan deyilsiz. Tfu, ömrümdə eşitdiyim ən…
– Canavar kimi nərildəyirsiz.

***

Sualla sümüyü qırmazsan, dəyənək və ya daş deyil ki.

***

Kim gülməyi yadırğadısa, dayağını itirdi. Əgər kişi qadına özünü artıq gülə bilməyəcəyi vəziyyətə çatdırmağa icazə verirsə, o, ən vacib kozırlarından birini əldən buraxır. Heç gözünü açmağa macal tapmamış, artıq fikirləşir ki, qadın ondan daha güclüdür, və…

***

Bəlkə, vaxt ona işləyir, əvəzində uzun zamandır bəxtim gətirir.

***

Divanə, dəhşətli işlər, elə axmaq və mənasızdırlar ki, ağlaya bilməzsən və elə həqiqətə oxşayırlar ki, gülə bilməzsən…

***

Həkim başını qaldırır ki, ətrafa baxıb görsün – özünü axmaq yerinə qoymayıb ki. Baş tibb bacısı ona elə baxır ki, buna heç bir şübhə qalmır, amma onun baxışı hədər olur, çünki həkim eynəksizdir.

***

Əvvəl-axır hər birimiz uduzmalıyıq. Başqa yolu yoxdur.

***

– Bu evciyin elektrik şirkətində nə işi var?
– Bu elektrik stansiyasıdır.

***

Bilir ki, əgər kimsə səni sıxışdırmaq istəyirsə, onda onu lap çox pərt etməyin yolu özünü onun səni heç narahat etmədiyi kimi göstərməkdir.

***

Makmerfi düşünür ki, gülməyə qadir olduğu müddətdə təhlükəsizlikdədir.

***

– Dostum, psixopatlar öz digər gözəl qabiliyyətlərindən əlavə dağları tərpədə bilməyə qadir olduqlarını xatırlamıram.

***

– Yaxşı, kənara çəkilin. Mən, olur ki, özümə güc verəndə ətrafdakı bütün havanı işlədirəm və yekə kişilər bundan boğulub huşlarını itirirlər. Aralanın. Sement çatlayıb polad ora-bura uçacaq. Qadın və uşaqları təhlükəsiz yerə aparın. Çəkilin…

***

Heç kim dumandan şikayətlənmir. Mənə indi çatdı ki, niyə: əlbəttə, bu pis şeydir, amma onda gözdən itib təhlükədən gizlənmək olar. Biz təhlükədən gizlənmək istəyirik: Makmerfinin anlamadığı da budur. O elə durmadan bizi dumandan aydınlığa, asanlıqla ələ keçəcəyimiz yerə, çıxartmaq istəyir.

***

– Kəkələməyə b-başladım? Başladım? Mən özümün ilk an-n-n-na sözümdən kəkələyirəm.

***

Onu elə aydın görürəm ki, bütün həyatını görürəm.

***

Meksika qozdur. Findıqdır. Palıd qozasıdır. Meksika göy qurşağıdır. Göy qurşağı… Taxtadan. Meksika… taxtadandır.

***

– Göründüyü kimi, o, heç sizin tayınız da deyil. Necə bilirsiz, ondan niyə belə qorxurduz?
– Onu sevirdim.

***

Bir-bir üzüb keçirlər. Hamısının da sifətində Portlendə italyan-akkordeonistlərin boyunlarından asdığı “Görə bilmirəm” kimi lövhəciklər var, amma buradakı lövhəciklərdə ya “Yorulmuşam”, ya “Qorxuram”, ya “Sirrozdan ölürəm”, ya da “Mən mexanizmlərə bağlıyam və hamı məni təpikləyir.” yazılıb. Bəzi sifətlər ətrafa göz gəzdirirlər və istəsəydilər başqalarının lövhəciyini oxuya bilərdilər, amma nə faydası? Sifətlər dumanda, konfetti kimi yanımdan uçub keçirlər.

***

Başqaları ilə ayaqlaşmayan, başqa barabanı eşidir.

***

Bəlkə, gücü elə ondadır ki, həmişə özü kimi qalır.

***

Elektronika üzrə kitabların adlarına baxıram, kollecdə oxuduğum vaxt yadımda qalan kitablar; onların içində nələrin olduğu yadımdadır: sxemlər, tənliklər, nəzəriyyələr – sarsılmaz, möhkəm, zərərsiz şeylər.

***

Sualın cavabını bilirsən, hətta ona ikili məna versən də.

***

– Dostum, mənim zəifliklərimə haqq qazandırmaq lazım deyil. Bu sizin obrazınıza uyğun gəlmir və mənimkini də ucaltmır.

***

Bildiyim bir şey var: onsuz da heç kim elə də böyük adam deyil, amma, görünür, hamı həyatda elə başqalarının qabağında əyilməklə məşğuldur. Bilirəm, məndən nə istəyirsən: istəyirsən ki, sənə yazığım gəlsin, deyim ki, o, ifritənin biridir. Onda sən də onunla kraliça kimi davranma. Öz “Nə deyirsən?”lərinlə birgə cəhənnəm ol! Öz dərdim başımdan tökülür, hələ bir durub səninkilərlə məşğul olacam.

***

Axşam, şam yeməyində o, Hardinqdən üzr istəyib deyir ki, kitabxanada niyə belə qızışdığını özü də bilmir. Hardinq də deyir ki, bəlkə onun arvadına görə oldu: Adamlar ona görə tez özlərindən çıxırlar. Makmerfi fincanına baxaraq deyir:
– Bilmirəm. Onunla hələ bugün tanış olmuşam. Lənətə gəlsin, hər halda, bütün həftəni pis yuxular görməyim ona görə deyil.

***

Bizim ölkədə nəsə düz getməyəndə ən yaxşı çıxış yolu ən tez başa gələndir.

***

– Yaxşı, bəs lobotomiya – beynin hissəciklərini kəsməkdir?
– Yenə də tamamilə haqlısan. Jarqondan başın çıxır artıq. Hə, beyindən kəsirlər. Alın payının axtalanması. Görünür, o, qurşaqdan aşağını kəsə bilmirsə, gözlərdən yuxarını kəsəcək.

***

Cəsarətin çatsaydı, sən də belə yaşaya bilərdin…

***

Görürdüm ki, beyninə hansısa fikir düşüb və o yuva qarşısında dayanan və orada kimin olduğunu bilməyən it kimi təşviş içindədir və bir səs ona deyir: köpək, bu yuva sənlik deyil, son dərəcə böyük, son dərəcə qaranlıqdır və ətrafda ya ayının, ya da ondan da pis birinin izləri var. Başqa bir səs isə, nəslinin dərinliklərindən uca pıçıltı, hiyləgər, ehtiyatlı olmayan səs, deyir: axtar, köpək, axtar!

***

O, bu kvadrat karton arxasında üzü divara çevrilmiş rəsmə bənzəyirdi.

***

Martini həmişə topu özündən başqa heç kimin görmədiyi adamlara ötürürdü və sanitarlar iyirmi xal fərq ilə udurdular.

***

“Anon” imzası ilə növbətçi jurnalında özü haqqında görünməmiş uydurmalar yazırdı.

***

İstəmirsən qulağın batsın – özünü karlığa qoy.

***

Özümü karlığa qoymağı özüm başlamadım; insanlar birinci özlərini elə aparmağa başladılar ki, guya mən o qədər axmağam ki, nə eşidə, nə görə, nə də bir şey deyə bilirəm.

***

Danışıqlar? Mənlik deyil. Mənə qiymətləndirmə üçün pul verirlər, qardaşlaşdırmaq üçün yox.

***

Sosiologiya müəllimiz bir vaxtlar öyrətdiyi kimi, hər bir vəziyyətdə adətən elə bir fiqur olur ki, onun təsirini heç bir halda layiqincə qiymətləndirməmək olmaz.

***

– Atam tayfa başçısı idi, adı da Ti A Millatuna idi. Bu dağda ən hündür şam ağacı deməkdir, biz isə dağda yaşamırdıq. Hə, mən uşaq ikən o böyük idi. Anam ondan iki dəfə böyük oldu.
– Deyəsən, sənin anan fil olub. Nə boyda idi ki?
– O-o… Böyük, böyük.
– Soruşuram, boyu nə qədər idi?

***

Həkimə dedim ki, bunlar mənim xalalarım, dul balıqçı arvadlarıdır. Deməli belə, əgər onlara hardasa üzmək qismət olubsa, bunu olsa-olsa asfalt üzərində ediblər.

***

– Sən buranı, milçək yapışan yeri silmədin.
– Milçək deyil, quş eləyib. – şüşəni dırnağı ilə qazıya-qazıya, qaşqabaqla cavab verdi.
O biri maşından Martini qışqırdı ki, bu quş ola bilməz.
– Quş olsaydı, lələk və sümüklər də olardı.

***

İnsanda dəyişikliyi ayrılıqdan sonra hiss edirsən, onunla daim, günbəgün görüşəndə isə buna fikir vermirsən, çünki tədricən dəyişilir. Bütün sahilboyu, burda olmadığım müddətdə, kombinatın nələrə nail olduğunun əlamətləri görürdüm, – məsələn, bu cür şeylər: stansiyada qatar dayandı və eyni, hamar kostyumlar və möhürlənmiş şlyapa geyinmiş yekə kişilər zəncirini balaladı, həşərat balaları kimi, sonuncu vaqonda – ft-ft-ft- tökülən yarımcan məxluqları balaladı, sonra isə özünün elektrik fiti ilə uğuldayıb, haradasa bir də balalamaq üçün korlanmış torpaqla irəlilədi…
Bütün bu beş min uşaq sahibləri qatardan düşmüz kişilər olan beş min evdə yaşayırdı. Evlər elə oxşar idilər ki, uşaqlar vaxtaşırı səhvən başqa evlərə və başqa ailələrə düşürdülər. Heç kim heç nə hiss etmirdi. Onlar şam edib, yatmağa gedirdilər. Bircə ən axırda qaçan balaca oğlanı tanıyırdılar. O, həmişə elə cırmaqlanmış və döyülmüş halda gəlirdi ki, yad olduğunu dərhal bilirdilər. O da sıxılırdı, gülə bilmirdi. Küçədəki hər təzə maşından, yolunun üstündəki hər təzə evdən saçan işığın təzyiqini hiss edəndə gülmək çətin olur.

***

– Biz hətta konqresə təzyiq də göstərə bilərik – Hardinq deyirdi – təşkilat yaradaq. Ruhi xəstələrin milli assosiasiyası. Köməkçi qrupları. Şosedə divarqıran maşının sükanı arxasında sallaqdodaq-şizofrenik şəkli olan və iri, yaşıl və qırmızı hərflərlə: “Dəliləri işə götürün. Ən ümidverici perspektivlər bizdədir, cənablar” – yazılmış böyük afişalar.

***

O bilir: sənə əzab verən şeyə gülməlisən, əks halda müvazinətini saxlaya bilməyəcəksən, əks halda dünya səni dəli edəcək. Bilir ki, həyatın əziyyətli tərəfi var; bilir ki, mənim barmağım agrıyır, rəfiqəsinin sinəsi əzilib, həkim eynəyini itirib, amma ağrının komediyanın qabağını kəsməyə imkan vermir, komediyanın ağrının qarşısını kəsməyə imkan vermədiyi kimi.

***

İnsanlar belədir, onlara çox şey vəd edənlərdən gec-tez üz döndərirlər, şaxta babalardan, missionerlərdən, yaxşı əməllər üçün fondlar yaradan xeyriyyəçilərdən, və fikrə gedirlər: bu hansı xeyri güdür? Düz seçkilərdən əvvəl gənc vəkil yerli məktəbə bir torba qoz gətirəndə qımışaraq bir-birinə deyəcəklər: barmağını bunun ağzına qoyma.

***

… və onun donmuş plastmas təbəssümünə öz sırtıq-tənbəl təbəssümü ilə cavab verirdi.

***

Onun filantropiyasının en kəsiyinə baxaq?

***

– Dostlarım mənim, siz öz etirazınıza inanmaq üçün çox ucadan etiraz edirsiz.

***

Dürüst olaq və bu insanın kapitalist istedadını səssizcə tənqid etmək əvəzinə onu layiqincə dəyərləndirək…
Mən bütünlüklə onun tərəfindəyəm, həmçinin bizim azad, fərdi sahibkarlıqda əziz, köhnə kapitalist sisteminin tərəfindəyəm, yoldaşlar, – onun şərəfinə, onun sadəlövh və yenilməz həyasızlığının şərəfinə, müdəqqəs amerikan bayrağımızın da, linkoln memorialının da, və s.-in şərəfinə.

***

Ona görə də, onu qaldırıb duşa atdım. Radiolampalarla dolu idi, çox yox, beş kiloqram çəkisi olardı.

***

– Hərbi tibb bacıları hərbi hospital qurmağa çalışırlar. Onlar özləri də bir az xəstədirlər. Hərdən düşünürəm ki, bütün ərə getməmiş tibb bacılarını otuz beş yaşında işdən çıxarmaq lazımdır.
– Ən azı, bütün ərə getməmiş hərbi tibb bacılarını.

***

Yaxşı hindu balası nə ilə gəldi dolana və onu daha tez yeyə bilməyən hər şeyi yeyə bilər.

***

Sən mənə dedin, ata: öləndə, məni səmaya sancaqla.

***

Çəllək balığı Joyun müqavilədən sonra iyirmi min dollar və üç “kadillakı” var idi. Və onların heç birini sürə bilmirdi.

***

İnsanı gözə dəymədiyi müddətdə gücsüz göstərmək mümkün deyil.

***

İclasda o, yenidən daha radikal vasitələr barəsində söz salır və tələb edirdi ki, həkim “nə qədər ki xəstəyə kömək etmək gec deyil” tədbiri haqqında fikirləşsin.

***

“Əzizim, sənin hələ o qədər vaxtın var ki. Bütün həyatın qabaqdadır.” – “Ana, mənim o-o-otuz bir yaşım var!” O güldü və onun qulağını ot saplağı ilə qıdıqladı. “Əzizim, mən yekə kişi anasına oxşayıram?” O, burnunu qırışdırdı, dodaqlarını açdı, öpdü, mən də öz-özlüyümdə belə qərara gəldim ki, o, ümumiyyətlə anaya oxşamır.

***

Hardinq içir, baxır və başını fırladırdı.
– Ola bilməz. Bu Kafka, Mark Tven və Martininin müştərək əsəridir.

***

İndi biz nəyə qadir olduğumuzu bilirik, və bizə təkrar etməyə, və ya istəsək başqa bir şey etməyə kim mane ola bilər?

***

Xeyr, sənə gözəl freydist sözlərlə səbəblər gətirə bilərdim və bunların hamısı müəyyən dərəcədə düz olardı. Ancaq sən səbəblərin səbəblərini bilmək istəyirsən, mənsə onları deyə bilmirəm. Ən azından başqaları ilə bağlı olanlarını. Bəs özümlə? Günah. Xəcalət. Qorxu. Erkən yaşlarımda gördüm ki,… Necə deyim ki, daha yumşaq səslənsin? Görünür, daha ümumi, daha yaxşı sözlə. Cəmiyyətimizdə eyibli hesab olunan müəyyən işlə məşğul olurdum. Və xəstələndim. Həmin işə görə yox, fikirləşsək, cəmiyyətin mənə nəhəng, qorxulu şəhadət barmağını yönəldib – milyon boğazın xorla “Ayıb olsun! Ayıb olsun! Ayıb olsun!” qışqırması hissinə görə xəstələndim. Cəmiyyət bütün özünə oxşamayanlarla bu cür rəftar edir.

***

Onun mübarizə apardığı şeyə bir dəfəlik qalib gəlmək mümkün deyil. Sən ancaq ayaqların səni saxlayan qədər bir-birinin ardınca qələbələr qazana bilərsən, sonra isə yerini başqası tutacaq.

Tərcümə: Sevinc Məmmədova

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram