“Mənim adım Qırmızı” (türkcə “Benim Adım Kırmızı”) – Qərbdə “Türkiyənin Umberto Ekosu” adlanan Orxan Pamukun ən yaxşı romanlarından biridir. Maraqlı etnoqrafik təfərrüatlar, müxtəlif personajların dili ilə verilən nəql üslubunun çətinliyi əsərə misilsiz şərq cazibədarlığı verir.
Əsərdə baş verənlər 1591-ci il, Sultan Muradın dövrünə təsadüf edilir. Nəqqaş Əniştə əfəndiyə şahzadələrin sünnət mərasimini firəng üsulu (perspektiv) ilə rəsm edib, kitab şəklinə salmaq tapşırılır. Bu kitaba görə baş verən qətllər, məhəbbət hekayəsi, ailə dramları romanı daha oxunaqlı edir.
“Mənim adım Qırmızı” 2002-ci ildə Fransada “Prix du meilleur livre étranger”, İtaliyada “Premio Grinzane Cavour”, 2003-cü ildə İrlandiyada “International IMPAC Dublin Literary Award” mükafatlarına layiq görülüb. 46 müxtəlif dilə tərcümə edilmişdir.
Karandaşın izi ilə
Bəlkə də, alışıblar, nə pis!
***
Mən doğulmamışdan qabaq arxamda sonsuz zaman vardı. Mən öləndən sonra da bu zaman bitib-tükənməyəcək!
***
Amma dinsiz kafirlərin, dinsizlərin və şeytana uyan ağzı xarabların iddialarının əksinə, o biri dünya da, şükür, var. Oradan sizə qışqırmağım bunun sübutudur. Öldüm, amma gördüyünüz kimi, yox olmadım.
***
Amma nə qədər sevirsiniz sevin, insanın heç görmədiyi üzü unudacağını da anladım.
***
Biri kor idi, yağan qara baxıb gülümsəyirdi.
***
Orada çox gəzərsinizsə, illər keçəndən sonra o şəhərin küçələrini yalnız ruhunuz deyil, bədəniniz də elə tanıyar, qarın kədərli-kədərli səpələndiyi qüssə anında ayaqlarınızı sizi özünə görə sevdiyiniz bir təpəyə çıxarar.
***
Camaatı ağlatmaq qədər qorxutmağın da bir ləzzəti var, üstəlik, bu işdə daha çox çörək var.
***
Bahalığın, vəbanın, məğlubiyyətin yeganə səbəbi Həzrəti-Peyğəmbər zamanındakı İslamı unudub, müsəlmanıq deyə, başqa kitablara və yalanlara uyub-inanmağımızdı. Həzrəti-Peyğəmbər zamanında mövlud oxutmaqmı vardı? Ölüyə qırx mərasimi düzəltmək, ruhu üçün halva və yemək bişirəkmi vardı? Həzrəti-Məhəmməd zamanında Quran-i Kərimi şərqi kimi, məqamla oxumaqmı vardı? Minarəyə çıxıb, səsim nə qədər gözəl, ərəbcəm necə də ərəb kimidir deyib, lovğalana-lovğalana, qadınsayaq əzilib büzülə-büzülə məqamla azan oxumaqmı vardı? Məzarlaragedib yalvarırlar,ölülərdən mədəd umurlar, türbələrə gedib bütpərəstlər kimi daşa səcdə eləyirlər, çit bağlayırlar, nəzir deyirlər. Bu ağılları verən təriqətçilərmi vardı Həzrəti-Məhəmməd zamanında?
***
Sizə Quran-i Kərimin ən gözəl surələrindən Kəhf surəsini xatırlatmaq istəyirəm. Bu surədə bütpərəstlər arasında yaşamaqdan bezmiş yeddi gəncdən söhbət açılır. Bunlar bir mağaraya sığınıb yatırlar. Allah bunların qulaqlarına bir-bir möhür vurur və onları düz üç yüz doqquz il yatırdır. Oyananda aradan bu qədər vaxt keçdiyini bu yeddi gəncdən biri insanlar arasına qarışanda, əlindəki yaramayan sikkədən başa düşür: çox çaşırlar. İnsan oğlunun Allaha bağlılığını, onun möcüzələrini, zamanın keçiciliyini, dərinin yuxunun şirinliyini nəql eləyən surənin istər-istəməz sizə xatırladacağım on səkkizinci ayəsində bu yeddi gəncin yatdığı Əshabi-Kəhf adlı mağaranın girişində yatan köpəkdən bəhs var.
***
Əgər bunların niyyəti köpəklərə düşmənlikdən başqa həm də gavurluq eləməkdisə, köpək millətinə düşmənçiliyin elə gavurluğun özü olduğunu xatırladım.
***
Əllərinə hələ cinayət işləmək fürsəti keçirmədikləri üçün bir çox adam özünü məsum zənn edir.
***
Bütün səfehlər kimi yaxşı niyyətli görünürlər.
***
Təkcə səfehlər məsumdur.
***
“Behzadındır”. “O qədər Behzadındır ki, imzaya ehtiyac yoxdur”.
***
Əsl hünər və ustalıq həm bənzərsiz möcüzə rəsm eləmək, həm də bu möcüzədə nəqqaşın kimliyini ələ verən bir iz buraxmamaqdır.
***
Üslub adıyla yapışdıqları şey yalnız insani iz buraxmamağımıza imkan verən xətadır.
***
Bu yaşıma çatdım, əsl hörmətim ürəkdən deyil, kiçik təfərrüatlardan və boyun əyməkdən qaynaqladığını bilirəm.
***
Çəkdiyi mətni belə diqqətlə və ağıllı-başlı oxumayacaq qədər etinasızdısa, o nəqqaşın əlinə qələmi, fırçanı almasının puldan başqa heç bir səbəbi olmayacağını danışırdım.
***
Əgər nəqş və sənətdə ümidini itirmək istəmirsə, ehtiyatlı ol, onu peşən kimi qəbul eləmə. Nə qədər bacarığın, qabiliyyətin olursa olsun, pulu və iqtidarı başqa yerlərdə axtar ki, bacarıq və əməyin əvəzini almayanda sənətdən küsməyəsən.
***
Rəsm hekayənin rənglərlə çiçəklənməsidir. Kimsə hekayəsi olmayan rəsm fikirləşə bilməz.
***
Əgər içinizdə qəlbinizə nəqş elədiyiniz bir sevgilinin üzü yaşayırsa, dünya hələ sizin evinizdir.
***
Bir zamanlar burada kitablar, qələmlər, rəsmlər arasında çox xoşbəxt idim. Sonra aşiq oldum, bu cənnətdən qovuldum.
***
Buz kimi gecələrdə xan otaqlarında ocağın sönən alovuyla birlikdə yox olub getmək istəyi, sevişəndən sonra yuxularımda tez-tez yanımdakı qadınla birlikdə dibsiz uçuruma düşdüyümü görməyim, “beş qəpiyə dəyməz hərifin biri”yəm fikri Şəkurədən mənə mirasdır.
***
İstanbul qazan, Ester çömçə, girmədiyim küçə qalmaz.
***
Məktub eynilə kitab kimi qoxlana-qoxlana, toxuna-toxuna, əllənə-əllənə də oxunur. Buna görə də ağlı olanlar: “Oxu, görək, məktub nə deyir”, – deyirlər. Səfehlər: “Oxu, görək, nə yazılır”, – deyirlər.
***
Satılmaması üçün nə davalar elədiyim Naxçıvan savaşından qənimət gümüş şamdanları evlilik həyatımın nişanələri kimi, götürüb, ata evinə qayıtdım.
***
Mən ağacın özü yox, mənası olmaq istəyirəm.
***
Naxış ağlın sükutu, gözün musiqisidir.
***
Həqiqi qabiliyyət və bacarıq qızıl və şöhrət sevgisiylə xırdalanmaz.
***
Oğlum rəsmlərə imza atsa, qədim ustadları təqlidlə çəkdiyi bu rəsmi haqsız olaraq öz adına çıxmazmı? Üstəlik, imza atsa, “rəsmim mənim qüsurumu saxlayır”, – demiş olmazmı?
***
Qüsur – üslubun anasıdır.
***
Birinci hekayə üslubun qüsur olduğunu göstərir. İkinci hekayə qüsursuz rəsmin imza istəmədiyini göstərir. Üçüncü hekayə də birinciylə ikincinin məğzini birləşdirir, o halda imzayla üslubun qüsurla ədəbsizcəsinə cə səfehcəsinə qürrələnməkdən başqa bir şey olmadığını göstərir.
***
Hər şeyin hər şeyi təkrar elədiyi, buna görə də yaşlanıb ölmək olmasa, insanın zaman deyilən şeyin mövcudluöunu, qətiyyən, fərq eləyə bilmədiyi, aləmin də zaman heç olmayan kimi, eyni hekayələr, rəsmlərlə rəsm edildiyi həm qədim, həm yeni bir zamanda…
***
Xəttatların xütbələrindəki “hər zaman qalib” Səlahəddin xanın adını “Müzəffər” Fahir şahın adıyla dəyişdirməyə, nəqqaşları kitabların ən gözəl rəsmlərinə ustalıqla işlənmiş rəhmətlik Səlahəddin xanın indidən unudulmağa başlamış üzünü silib, yerinə Fahir şahın daha gənc üzünü çəkməyə girişdilər.
***
“Əlif, – dedim. – Minarəli birinci hekayə nəqqaşın bacarığı nə olursa olsun, qüsursuz rəsmi yaradanın zaman olduğunu göstərir. Be: hərəmli, kitablı ikinci hekayə zaman xaricinə çıxmağın yeganə yolunun bacarıq və naxış olduğunu göstərir. Onda üçüncüsünü də sən söylə”.
“Cim, – Qara özünə əminliklə dedi. – Yüz on doqquz yaşındakı nəqqaşın üçüncü hekayəsi də əliflə be-ni birləşdirir, qüsursuz həyatdan və nəqşdən ayrılanın vaxtı başa çatır və ölür – bax, bunu göstərir.”
***
Xatırlamaq – gördüyünü bilməkdir. Bilmək – gördüyünü xatırlamaqdır. Görmək – xatırlamadan bilməkdir.
***
Öz xoşbəxtliklərini “yoxsa, başqaları da bu qədər xoşbəxtdir!” qorxusuyla zəhərləyən həqiqi qısqanclardan olduğuna görə…
***
…gözlərim artıq bu dünyanın pisliyinə dikilib qürurlanmadığından…
***
Allahın aləmi yeddi yaşındakı ağıllı uşağın görmək istəyəcəyi təki yaratdığını bilirəm. Çünki Allah aləmi əvvəlcə görülmək üçün yaratdı. Sonra da gördüyümüzü bir-birimizə bölüşək, danışaq deyə, bizə sözləri verdi, amma biz sözlərdən hekayələr düzəltdik, naxışın buhükayələr üçün çəkildiyini güman elədik. Ona görə də naxış, doğrudan, Allahın xatirələrini çatdırmaq, aləmi onun gördüyü kimi görməkdir.
***
Eşqmi insanı səfeh eləyir, yoxsa təkcə səfehlərmi aşiq olur?
***
Bir-birinə vurulduqca daha da ağıllanan, daha da hiyləgər olub, ağılla bicliklər işlədən bir cütü, üstəlik, bir kişini çox tapmaq istərdim. Bildiyim budur: kişi bicliklərə, kiçik tələlərə, hiylələrə baş vurursa, qətiyyən, aşiq olmayıb.
***
Bütün səfehlər eşqlərində, sanki, çox məxsusi tələskənlik lazım gələn vəziyyətin olduğunu hesab eləyib, eşqlərinin şiddətini üzə çıxarıb, aşiqlərinin əlinə silah verir: onlar da ağıllıdılarsa, cavabı gecikdirirlər. Nəticə: eşqdə tələskənlik işləri gecikdirir.
***
Həmişəki kimi ev, yataq qəflət, qızarmış yağ və nəm iylənirdi. Yaşlanmaqda olan subay kişilərin o qorxunc qoxusunu verirdi.
***
Çünki sənin üzünü görmək xoşbəxtliyi mənə bəs elər (“Burasını Nizamidən çırpışdırıb”, – deyə orada qəzəblə qeyd elədi).
***
– De mənə, onları – onu, atasını necə yumşalda bilərəm?
– Yaxşı insan olmaqla.
– Bu yaşdan sonra çox gecdi…
– Çox pul qazanmağa başlamısan, Hasan çavuş. İnsanı yaxşı eləyər bu…
***
Bu qadının o qədər həyat təcrübəsi var ki, ehtiraslarının üzünə vurma səviyyəsinə nəzarət eləyə bilir.
***
– Yaxşı, de, o ər hansı olacaq?
– Bunu sənə o ağıllı ürəyin demirmi?
– Mən ürəyimin nə dediyini başa düşə bilmədiyimdən xoşbəxtəm.
***
Pis şey yaşlanmaq, çirkinləşmək, hətta ərsiz, yoxsul qalmaq deyil, həyatda kimsənin qısqanmamasıdır.
***
Atayla çəkişmək elə belədir: axırda haqsız olduğuma mən də inanıram.
***
Üslubum və fərdiliyim varsa, yalnız nəqşimdə deyil, mənim cinayətimdə və sözlərimdə də gizlidir! Mənim kim olduğumu sözlərimin rəngindən tapın görək!
***
Mən mən deyiləm, mən dediyim sənsən elə.
***
Deməli, bu şəhər nə qədər böyük, rənglidirsə, suçumuzu və günahımızı gizləyəcəyimiz o qədər çox guşəsi, nə qədər tünlükdürsə, suçumuzla aralarına qarışacağımız o qədər adamı var. Şəhərin zəkası yetişdirdiyi alimlərlə, kitabxanalar, nəqqaşlar, xəttatlar və mədrəsələrlə yox, qaranlıq küçələrində min illər boyu gizlicə işlənmiş cinayətlərin çoxluğuyla ölçülməlidir.
***
Əniştə əfəndinin ikiqatlı, gözəl görünüşlü evində, indi orada, çılpaq şabalıd ağaclarının budaqları arasından bir anlığa gördüyüm damın altında dünyanın ən gözəl qadını var. Amma mən ağlımı itirmək istəmirəm.
***
Perspektiv üsulundan istifadə eləmək aləmə pəncərədən baxmaq kimidir.
***
Özü alçaq mənfəətlərimiz, alovlanıb yanan şəhvət duyğularımız və bizi sınıq qəlbli adama çevirən eşqimiz naminə görməyə hazırlaşdığımız çirkin işləri fürsət düşsə, daha uca məqsəd üçün görmək istəyirik.
***
…erməni sifariş verib. Pəltək olduğu halda, tərcüməçilik, rəhbərlik eləyən bu adam…
***
Qəlbimizin birtəhər çıxarmaq istəmədiyi acı nəticəni qəddar ağlımız çıxarar-çıxarmaz, bütün bədənimiz ona üsyan eləyir.
***
Dürüstlük çox vaxt, əsasən, qorxaqlıqdan başqa nədir ki?
***
…çox əsəbiləşdirici tərzdə yeriməsinə – sanki, addımlarını dünyaya lütf eləyən kimi atırdı.
***
Qara təki adamlar dünyanı öz evləri sayırlar, hər qapını öz sarayına girən padşah kimi açıb, biz içəridəkiləri də dərhal alçaldırlar.
***
Ölümlə qarşılaşanda, xüsusilə şir xasiyyətli kişilərin böyük əksəriyyəti özlərini itirirlər. Min dəfələrlə nəqş elədiyiniz cəsədlərlə örtülü savaş meydanları, güman edildiyi kimi, qan, barıt və qızmış zireh yox, buna görə nəcis və çürümüş ət iylənər.
***
Nəqqaş nə qədər ustad olursa olsun, yeni mövzunu ilk dəfə şəyird kimi çəkir ki, bu da mənə heç yaraşmaz.
***
– Çəkəndə ustalığımı bir tərəfə qoya bilmərəm, çünki bu, mənim üçün ölmək kimi bir şey olar.
– Bu ölüm, bəlkə, səni mövzuya yaxınlaşdırar.
– Bizi mövzunu yaşamaq yox, heç yaşamamaq usta eləyir.
***
Əslində, bütün nuruyla tanıdığımız şeyi yox, tanımadığımız yarıqaranlıq şeyi çəkmək istəyirik.
***
– O ölümü, qətiyyən, tanımıram.
– Ölümü tanıyırıq.
– Ondan qorxuruq, amma onu tanımırıq.
– Sən də bu qorxunu çək.
***
Bəzi kişilər qazandıqca pintiləşir, sən elə deyilsən.
***
Müsəlman milləti toyuğun başını və ayağını niyə yemir? Qəribəliklərindən!
***
Yalqızlıqdan, arvadsızlıqdan, ərsizlikdən səfehləmiş aşiqlərin əlinə məktub verməyin xoşbəxtliyiniheç bir şeylə dəyişmərəm.
***
Bu soyuqlar bu alçaqları niyə dondurub öldürmür?
***
İnsan pis adam olduğunu bir dəfə qəbul elədimi – eşqdə rədd edilmə vacib səbəbdir – arxasınca vəhşət asan gəlir.
***
Qara aşiq olduğu qədər evlənmək istəyir. Evlənmək istədiyi üçün də asanlıqla aşiq olur. Mənimlə olmasa, bir başqasıyla evlənəcək və evlənməmişdən qabaq o arvada da dərhal aşiq olacaq.
***
Mən bu sözə bu qədər inanmamağıma baxmayaraq, niyə onu inanmaya-inanmaya söylədim?
***
Mənə görə bu qədər əzab çəkməsindən suçluluq və qürur duyuram.
***
– Üzün də xatırladığımdan bambaşqa olub.
– Necə xatırlayırdın məni?
– Əzabla. Çünki xatırlayanda xatırladığım şeyin sən yox, sənin xəyalın olduğunu fikirləşirdim.
***
Sanki, neylədiyini bilmirdi, amma elədiyindən daha çox istəyirdi.
***
– Uşaqlarımı sevirsənmi?
– Sevirəm.
– De, nəyini sevirsən onların.
– Şövkətin gücünü, qətiyyətini, dürüstlüyünü, ağlını, inadkarlığını sevirəm. Orxanın kövrək, körpə, ağıllı halını. Onların sənin uşaqların olmasını sevirəm.
***
Bəlkə küsmək eşqin əlamətidir, amma küskün aşiq də həm sıxıcıdır, həm də heç bir gələcəyi yoxdur.
***
Bizim kimi, Allahın təvazökar qullarının səmimiyyəti ortaya bacarıq və mükəmməllik vaxtında deyil, əksinə, dil yanlışlığının, xətanın, qırıqlığın və ağıllı sınıqlığın yarandığı anlarda çıxar.
***
Sevişmək eşqi yatırtmağın ən yaxşı yolu deyilmi?
***
Mən evlənməzdən qabaq ləkələdiyi qadınla əmin olunası evliliyi axıra çatdıracaq qədər yetkin kişi deyildim. Tələsik işə şeytan qarışacağını unudacaq qədər yüngülbeyin, xoşbəxt evliliyin nə səbir və zəhmət tələb elədiyini bilməyəcək qədər də təcrübəsizdim.
***
Gözəl bir rəssam möcüzələriylə yalnız bizim ağlımızda yer tutmaqla qalmır, ən axırda hafizələrimizin mənzərəsini də dəyişir. Bir nəqqaşın bacarığı və rəsmləri bir kərə ruhumuza bu qədər işləyəndən sonra da bütün aləmin gözəlliyi üçün də ölçüyə çevrilir.
***
Fəlakətdən sonra hamımızda olur: son ümidlə, gülünc və səfeh görünməyə qəti fikir vermədən hər şeyin əvvəlki kimi davam eləməsi üçün yalvarırıq.
***
Həmişə bu iki sevimli cinin – zəkanın və lağlağının arxasında onlardan hürkmədən şeytanın mənə yaxınlaşan varlığını hiss eləyirdim.
***
Onun haqqında nəqşindən və rəsmindən başqa bildiyim yeganə şey zəkalı olması idi. Bu da əgər nəqqaşın əsərində özünü, ruhunu, qətiyyən göstərməməli olduğuna inanırsınızsa, fəxr ediləcək şeydir.
***
Yazıda, nəqşdə, rəsmdə bizi çəkən şey elə o qorxunun içindədi. Səhərdən axşama qədər, gecələr şam işığında kor olana qədər dizlərimizin üstünə çöküb, özümüzü rəsmə və kitablara verməyimizin səbəbi yalnız pul və xeyirxahlıq yox, o biri insanların gurultusundan, insanlardan qaçmaqdı.
***
Sən mənim bacarığımın sirrini başa düşəcək qədər ağıllı deyilsən.
***
– Beləcə, sən bacarığınla imanı ən sağlam adamı belə yoldan çıxara bildiyin kimi, bir rəsmlə ən islaholunmaz imansızı da Allah yoluna gətirə bilirsən.
– Doğrudur, amma tərifdirmi, bilmirəm.
***
Monqollar çinli ustalardan öyrəndikləri qırmızı boyanın sirlərini Xorasana, Buxaraya, Herata aparmasaydılar, bizim İstanbulda bu rəsmləri heç çəkə bilməyəcəyimizdən danışdıq.
***
– Kor olanacan çəkdiyimiz bu qədər rəsm nə zaman həqiqətən dərk olunacaq. Haqqım çatan, haqqımız çatan sevgini bizə nə vaxt verəcəklər?
– Heç vaxt!
– Necə?
– Heç vaxt istədiyimizi verməyəcəklər, gələcəkdə daha az dərk olunacaqsan.
***
Onlar gördüklərini rəsm eləyirlər, bizsə baxdığımızı.
***
Ağlım, gördüklərim, xatirələrim, gözlərim – hamısı mənim qorxum olub, bir-birinə qarışmışdı. Heç bir rəngi görmürdüm, bütün rənglərin qırmızı olduğunu başa düşmüşdüm.
***
Eyni anda da bütün həyatım boyunca baş yorub, kitablarda cavabını tapa bilmədiyim şeyin, “necə olur ki, insanların hamısının istisnasız öldükləri” sualının cavabının bu sadə istək olduğunu dərhal başa düşdüm. Ölümün məni daha da müdrikləşdirəcəyini də.
***
Rəng gözün təması, karların musiqisi, qaranlıqda kəlmədir.
***
Gizlətmirəm: mənim üçün zəriflik zəiflik, ya da gücsüzlüklə yox, ancaq qətiyyətlə və iradəylə həyata keçir. Özümü ortaya qoyuram. Başqa rənglərdən, kölgələrdən, tünlükdən, ya da tənhalıqdan qorxmuram. Məni gözləyən səthi öz müzəffər atəşimləə doldurmaq necə də gözəldir! Mənim yayıldığım yerdə gözlər parıldayır, ehtiraslar qüvvətlənir, qaşlar qalxır, ürəklər sürətlə döyünür. Baxın mənə! Yaşamaq nə qədər gözəl şeydir! Mənə tamaşa eləyin; görmək nə gözəl şeydir! Yaşamaq görməkdir. Hər yerdə görünürəm. Həyat mənimlə başlayır, hər şey mənə dönür, inanın mənə.
***
– Bütün naxış həyatımız ərzində şövq və inamla çalışdığımızdan axırda, təbii ki, kor olan bizlər, qırmızının necə rəng, necə hiss olduğunu bilir, xatırlayırıq, amma anadangəlmə kor olsaydıq, gözəl şəyirdimizin sürtdüyü bu qırmızını necə dərk eləyəcəkdik?
– Gözəl misaldır, amma rənglər başa düşülməz, hiss edilər.
– Qırmızının hissini heç görməyənə başa salın, ustadım.
– Barmağımızın ucuyla toxunsaydıq, dəmirlə mis arasında olardı. Ovcumuzun içinə götürsəydik, yandırardı. Dadsaydıq, duzlu ət kimi şor olardı. Ağzımıza alsaydıq, doldurardı. İyləsəydik, at kimi iylənərdi. Çiçək kimi qoxusaydı, qırmızı gülə yox, yoğurt çiçəyinə bənzəyərdi.
***
Məni çox ağıllı bilib, bunu üzümə deyəcək kişilərin hamısının söylədikləri şeyi Qara dedi: “Çox gözəlsən”.
***
Kitablar və qədim alimlər ruhun dörd məskəni olduğunu deyirlər: 1. Ana qarnı; 2. Dünya; 3. İndi olduğun dərgah; 4. Qiyamətdən sonra çatılacaq cənnət, ya da cəhənnəm.
***
Ruhun xatirələri içərisində qaldıqca məkan sərhədi qalmır.
***
Ölülər aləmində bədənsiz ruh necə həqiqi xoşbəxtlik səbəbi idisə, yaşayanlar arasında ən böyük xoşbəxtliyin ruhsuz bədən olacağını bədbəxtlikdən heç kəs ölməmiş dərk eləmir.
***
1. Həqiqətən, bəyəniləsi heç bir şey olmadığından yeni heç bir şeyi bəyənmirik.
2. Əsəblə, bədbəxtliklə, ya da başqa qüsurla zədəli olduğumuza görə yox, adamların çoxu sərsəri olduğundan adamların çoxuna sərsəri qiyməti qoyuruq. (Bununla belə onlarla daha yaxşı davranmağımız bizim tərəfimizdən daha nəzakətlilik və ağıllılıq olardı).
3. Şəyirdliklərindən bəri eşqlə sevib yetişdirdiyim nəqqaşlarımdan başqa bir çox adı və üzü unudub, bir-birinə qarışdırmağım tərki-dünyalığımdan yox, bu adların və üzlərin xatırlamağa dəyməyəcək qədər rəngdən, parıltıdan məhrum olmasındadır.
***
Həyatımın axırında, qocalığımda məni xoşbəxtliklə gülümsədən bir çox şey hələ vardı. Məsələn:
1. Uşaqlar (onlar bütün aləmin qanunlarını qısaldar).
2. Şirin xatirələr (gözəl oğlanlar, qadınlar, gözəl rəsm eləmək, dostluq).
3. Heratlı qədim ustadların möcüzələriylə rastlaşmaq (bu bilməyənə izah edilməz).
***
Bu həqiqətləri təvazökarlıqla qəbul etmək həyatı asanlaşdırır. Elə təvazökarlıq həyatı asanlaşdıran şey olduğundan, bizim aləmimizdə bu qədər məqbul fəzilətdir.
***
Küçəni dönərik, əgər firəng rəsmindəyiksə, çərçivədən və rəsmdən çıxlb gedərik, əgər bizim heratlı ustalar kimi, çəkdiyimiz rəsmdəyiksə, Allahın bizi gördüyü yerə gələrik, əgər Çin rəsmindəyiksə, rəsmdən heç çıxa bilmərik, çünki çinlilərin rəsmləri bitib-eləmədən uzanıb gedir.
***
Bir otaqda Xəzinədarbaşıyla Bostançıbaşı(nühafizə dəstəsinin başçısı)! Mələklə Şeytan!
***
Bəlkə, indiyə qədər başa düşmüsünüz: mənim kimi adamlar üçün, yəni eşqi və əzabı, xoşbəxtlik və səfaləti axır-axırda əzəli yalqızlığın bəhanəsi halına gətirən mənim kimi kədər ağası üçün həyatda nə böyük sevinclər olur, nə də böyük dərdlər.
***
Daşqəlbli kimi tanınmaq qorxusu – ən səmimi duyğu budur, bilirsiniz.
***
…aləmin qəddarlığını şirinliyə bağladığını güman edən xəyalpərətlər kimi…
***
Onun kədəri mənim zəfərimdir.
***
Beləcə işgəncəçilərin əlinə təhvil veriləndə güvənəcəyim heç bir xəyal, tutacağım heç bir budaq qalmamışdı.
***
Bütün qatillər güman olunduğunun əksinə, əqidəsizlərdən yox, inananlardan çıxır.
***
Həmişə heyrətləndiyim möcüzə: gözəl olduğu qədər qabiliyyətlidir də.
***
Qardaşlar, qardaşlar, zəhərlənirik, çürüyürük, ölürük, yaşlandıqca tükənirik, səfalətin içinə xirtdəyimizə qədər batırıq…
***
Rəsmsə, bildiyiniz kimi, göz üçün düzəlmiş şənlikdir. Yəni:
Əlif: Rəsm ağlın gördüyünü gözün sevinci üçün canlandırmaqdır.
Lam: Gözün dünyada gördüyü rəsməə ağla xidmət elədiyi qədər daxil olar.
Mim: Deməli, gözəllik ağlın özünün bildiyini gözün dünyada yenidən kəşf eləməsidir.
***
Ağqoyunlu xaqanı Uzun Həsənin Qəzvini fəth eləməsindən sonra yaşlı ustad Cəmaləddin təkcə müzəffər xaqanın nəqqaşxanasına həəvəslə qatılmaqla qalmamış, onunla səfərə çıxıb, tarixini gözüylə gördüyü savaş məclislərini rəsm eləmək istədiyini söyləmişdi.
***
Zeytun yağında qızarmış bibərin qoxusunu, dan üzü sakit dənizə yağan yağışları, açıq pəncərənin ağzında bir anlığa qadının peyda olmasını, səssizlikləri, düşünməyi və səbri sevirəm.
***
Bəli, biz mələklərinin gözləri qabağında Allah insanı yaratdı. Sonra bizdən ona səcdə eləməyimizi istədi. Bəli, Əraf surəsində yazıldığı kimi, bütün mələklər səcdə eləyəndə mən etiraz elədim. Adəmin palçıqdan, mənimsə çox üstün bir maddədə olduğunu hamınızın bildiyi oddan yaradıldığımı xatırlatdım. İnsana səcdə eləmədim. Allah da məni “məğrur” saydı.
“Cənnətdən çıx, – dedi, – orada özünü böyük kimi göstərmək sənin həddin deyil”.
“Qiyamətə, ölülər dirilənə qədər yaşamağıma izin ver”, – dedim. Verdi. Mən də bütün bu müddətdə ona səcdə eləmədiyimdən cəzalandırılmağıma səbəb olan Adəmin nəslini yoldan çıxaracağımı dedim. O da yoldan çıxardıqlarımı cəhənnəmə yollayacağını söylədi.
***
“Sizə o vicdanı niyə verib?” – deyə soruşmuram, “Qorxmaqda haqlısınız”, – deyirəm.
***
İnsan, kölgəsi belə bütün xırdalıqlarıyla rəsm ediləcək qədər vacib bir məxluqdurmu?
***
Bu özünəheyranlığın nəticəsi yaxında səni unutmaları olacaq, bunu özümü bilən kimi bilirəm. Üstəlik, səni unutmalarının bütün günahını yenə mənim üstümə atacaqlar.
***
Gülməyin. Düşüncələrin mahiyyəti yox, forması vacibdir. Nəqqaşın nə rəsm elədiyi yox, üslubu.
***
İkimizdən həm daha ümidli, həm də daha kədərli olan sənsən.
***
Nəqş eləmək xatırlamaqdır.
***
Uca Allahın, əsil-nəcabətli Padşahımızın, Adil Xaqanımızın Müzəffər Teymur Xanın oğlunun gücünü, hökmdarlığını, ölkəsini qpru ki, həm xoşbəxt olsun (sol daşa yazılıb), həm də varlı (sağ daşa yazıılıb).
***
Birinci cildin nüsxəsini başqasına hazırlamasın deyə, Qaraqoyunlu Şahı tərəfindən kor ediləndə böyük ustad nəqqaş Ağqoyunlu Xaqanına sığınıb, əzbərdən daha yaxşısını rəsm eləmişdi. Əfsanəvi kitablardan görk kimi hazırlanmış ikincisinin rəsmlərindinin daha yalın və saf, birincisinin rənglərinin isə daha canlı və həyat dolu olduğunu görmək mənə korların xatirələrinin həyatın qəddar çılpaqlığını ortaya çıxardığını, amma canlılığını öldürdüyünü xatırlatdı.
***
Bu rəsm böyük şair Abdulla Hatifinin rəsmidir. Hatifi elə böyük şairdir ki, Şah İsmayıl Herata girəndə, hamı ona yaltaqlıq eləyəndə o, yerindən qımıldanmamış, Şah İsmayıl da onun ayağına, düz şəhər qırağındakı evinə gedib.
***
Daha yaxşı nəfəs alıb, daha uzun qaçsınlar deyə, atların burun deşiklərini kəsmək yüzlərcə illik monqol vərdişidir.
***
Bəzi bədbəxt nəqqaşxanalarda eynilə bəzi bədbəxt ailələrdə olduğu kimi, illərlə hər ağızdan başqa bir hava gələr, xoşbəxtliyin ahəngdən gələcəyini, ahəngin də xoşbəxtlik olacağını heç kəs başa düşməz.
***
Bacarıq və ustalığına səmimiyyətl heyran olduğumuz adamı üzünə qarşı öyməkdən ötrü səmimi olmağımız üçün onun gücdən, iqtidardan düşüb, bir az yazıq olmasımı lazımdır?
***
Şərəfsizlərin hamısı işgəncəyə layiqdilər! Biz, nəqqaş milləti, əvvəlcə bizə iş verən pahşahımızın yox, bacarığımızın, sənətimizin qulu olsaq, cənnətə layiq olarıq.
***
İnsan tək-tənha qaldığını kədərlə başa düşsə də, yenə də bütün qapıları, dolabları, hətta pəncərə qapaqlarını belə açıb-örtər.
***
Kitablar tənha insanın bədbəxtliyinə təsəlli saydığımız dərinlik qatır.
***
Ədirnəqapıda iki il əvvəl bir boğçaçı arvadı, söz verdiyi qız başqa hərifə ərə gedəndə qulaqlarını kəsib öldürmüşdülər. Nənəm mənə türklərin çox vaxt səbəbsiz adam öldürdüyünü deyərdi.
***
Şəkurə bütün yaxşı ərlərin hamısını yaxşı niyyətlə sevməyə hazır idi.
***
Üzüaçıq qadın görmək, onunla danışmaq, onun insani hallarına şahid olmaq biz kişilərdə həm şəhvani, həm də dərin mənəvi əzablara şərait yaratdığından, dinimizin əmr elədiyi kimi, qadınları, xüsusilə gözəl olanları nikahlanmadan heç görməmək ən yaxşısıdır. Şəhvani hissləri məcburən doydurmaq üçün qadınları axtarmayan gözəl oğlanların dostluğuna bel bağlamaq yeganə çarədir, axırda bu da şirin vərdiş olur. Firəng şəhərlərində qadınların yalnız üzlərini yox, ən cəlbedici tərəfləri olan saçlarını, sonra boyunlarını, qollarını, gözəl gərdənlərini, hətta danışılanlar doğrudursa, gözəl ayaqlarının bir qismini ortaya qoyan vəziyyətdə gəzmələri, kişilərin də buna görə gərginlik içində olub, həyayla əzab-əziyyət içində birtəhər yerimələri camaatı, əlbəttə, sındırır. Firəng gavurunun Osmanlı qarşısında hər gün bir qala itirməsinin səbəbi budur.
***
Əvvəlcə dərhal bunu deyə bilərəm: dəfələrlə kitablarda oxuduğumuz, vaizlərdən eşitdiyimizin əksinə, insan qadın olanda, əslində, özünü şeytan kimi hiss eləmir.
***
Deyir ki, qərarsız qəlbim, Doğudaykən Batıda,
Batıdaykən Doğuda olmaq istəyirəm.
Kişiyəmsə qadın, qadınamsa,kişi olmaq istəyirəm,
deyir o biri yerlərim.
Nə çətinmiş insan olmaq, daha da çətini
insan kimi bir həyat,
Həm qabağımla, həm arxamla,
Həm Doğuyla, həm Batıyla kef almaq istəyirəm.
***
Yoxsulluq, göz yaşları və bədbəxtlik, aynaya baxıb-baxıb, ruhdan düşüb ağlamaq, kədər çirkin qadınların işidir.
***
Baho, unutdum, məndə ağılmı qaldı, mən indi qadın olduğumdan, başqa bir şey deyəcəkdim. Yaxşı, belə bir şey:
Ah, eşq nə gözəldir!
***
Bu yaşdan sonra nəqqaş Behzadla eyni rəhlə arxasında otursa da, gördükləri təkcə gözünü sevindirər, ruhuna rahatlıq, həyəcan verər, amma bacarığını zənginləşdirməz.
***
Biz Adəm oğulları vicdanımızla, ağlımızla bir şeyi iyrənc, yalnış hesab eləməyimizə baxmayaraq, o şeydən zövq ala bilirik.
***
İnsan, necə xoşbəxt olacağını bildiyinə baxmayaraq, xoşbəxt olmaya bilər.
***
Evdə ağladığım bir axşam mənə aləmdə iki cür adam olduğunu söyləmişdi: uşaqlığında yediyi şillələrin altında qalıb əzilənlər. “Onlar axıracan əzik qalırlar”, – rəhmətlik anam deyirdi. Çünki şillə arzulandığı kimi, içəridəki şeytanı öldürür. Bir də bu şillələrdən içlərindəki şeytanı öldürmədən, ancaq qorxudub, tərbiyə eləyib çıxan bəxtəvərlər var. Onlar da uşaqlarının bu pis xatirəsini heç unuda bilməzlər, amma – “Bunu heç kəsə söyləmə”, – anam demişdi, – şeytanla keçinməyi öyrəndiklərindən, hiyləgər olmağı, bilinməyəni bilməyi, dost qazanmağı, düşməni tanımağı, arxalarında işlənən hiylələri vaxtında sezməyi, mən əlavə eləyim, nəqş eləməyi hamıdan yaxşı bacarırlar.
***
Mən korla görənin bir olmadığını göstərən rəsm çəkmək istərdim!
***
Qaranlıqla aydınlıq da bir olmaz,
Kölgəylə isti yer də bir olmaz.
Və dirilərlə ölülər də bir olmaz.
***
Bu baxışın bütün şəyirdlərin bildiyi ancaq bircə mənası vardı: xəyal qurmasan, zaman heç keçməz.
***
Dediyimin səhv olduğundan yox, doğru olduğundan dəhşətə gəlib susduq.
***
Oğlunu alçaldan ata ola bilməz.
***
Bir gün həyatımızı qorxmadan öz həyatımız kimi danışmağı da öyrənərik, inşallah.
***
Bütün nağıllar, hamının nağılıdır.
***
Bütün naxış da Allahın naxışıdır. Amma firəng ustadlarının üsulları yayıldıqca hamı başqalarının nağılını öz hekayəsi kimi danışmağı mərifət sayacaq.
***
Şəxsiyyətim və özünəməxsusluğum olmasından başqalarının mənə səcdə eləməsindən qorxmuram, tamamilə əksinə, bunu istəyirəm.
***
Heratlı qədim ustadlar aləmi Allahın gördüyü kimi, nəqş eləməyə çalışanda şəxsiyyətləri olduğunu gizlətmək üçün imza atmazdılarş Sizsə, şəxsiyyətiniz olmadığını gizlətməkdən ötrü imza atacaqsınız.
***
– Onda Doğuya yox, Batıya getməlisən.
– Doğu da, Batı da Allahındır.
– Amma Doğu doğudadır, Batı batıdadır.
***
– Həmişə təmiz qalmaq istəyənin eləcəyi şey, qaçacağı yer var.
– Əlbəttə, kor olmaq, mövcud olmayan ölkələrə qaçmaq.
***
Bütün ömürləri boyu şəxsi üslubları olmasına görə firəngləri təqlid edəcəklər. Firəngləri təqlid elədiklərinə görə də şəxsi üslubları heç olmayacaq.
***
Əlimi qana bulayandan sonrakı günlərdə küçələrdə gedəndə mənə lap düşməncəsinə baxan İstanbulun bütün köpəkləri, tutqun ağacları, işıqsız pəncərələri, qara bağçaları, sübh namazına qaçan çalışqan və bədbəxt erkən oyananlar, qarabasmalar artıq cinayətlərimi boynuma alıb həyatımın şəhərini tərk eləməyə qərar verəli mənə dostcasına baxırdılar.
***
…çox baxsan, ağlın rəsmin zamanına qovuşar.
***
Birdən bütün aləm qapıları mənə hamısı bir-birinə açılan saysız otaqlı saray kimi göründü. Bir otaqdan o birinə ancaq xatırlaya-xatırlaya, təsəvvürümüzə gətirə-gətirə keçə bilirdik, amma çoxumuz tənbəllikdən bunları çox az eləyib, elə eyni otaqda gözləyirdik.
***
Amma eşq özünü qorumaq üçün beynini qızğın işlədən mənim kimi adamın məntiqiylə yox, məntiqsizliyiə başa düşüləcək bir şey olmalıdır.
***
Uşaqları qucaqlayıb yatmağın həyatın əzdiyi əzgin bir əri qucaqlayıb yatmaqdan daha gözəl olduğunu ağlı başında olan bütün qadınlar bilir.
***
Xoşbəxtliyin rəsminin çəkilməsini istərdim. Bunun necə rəsm ediləcəyini çox yaxşı bilirəm. Bir ana rəsminin çəkilməsini istərdim, iki uşağı olsun; qucağında gülümsəyə-gülümsəyə tutub əmizdirdiyi kiçiyi o ananın iri döşünün ucunu xoşbəxtliklə gülümsəyə-gülümsəyə əməndə, yüngülcə qısqanan böyük qardaşla ananın gözlərinin tapışmasını istərdim.
***
Hər şeyə ağıl çatdırmağa çalışan ağılsız oğlum Orxan…
***
Həmişə əsəbi, pisxasiyyət və bədbəxtdir, sevmədiklərinə haqsızlıq eləməkdən heç qorxmur. Buna görə də Qaranı olduğundan çaşqın, həyatlarımızı olduğundan çətin, Şövkəti yaramaz, məni olduğumdan gözəl və ədəbsiz təsvir eləyibsə, ehtiyatlı olun, Orxana inanmayın. Çünki hekəyəsi gözəl olsun, inanaq deyə, uydurmayacağı yalan yoxdur.
***
– Yaxşı nəqqaşı bacarıqsız, imansız nəqqaşdan ayıracaq tək bir əlamət yoxdur. Bu zaman görə dəyişir. Sənətimizi təhdid eləyən pisliklərə qarşı nəqqaşın əxlaqının və bacarığının nə olduğu vacıbdir. Bu gün yaxşı nəqqaşın nə qədər yaxşı olduğunu başa düşmək üçün ondan üç şeyi soruşardım.
– Nədir bunlar?
– Yeni adətə uyub, çinlilərin və firənglərin təsiriylə: “Amandır, mənim nəqş üsulum, üslubum olsun”, – deyə təkid eləyirmi? Nəqqaş kimi hamıdan fərqli əsadı, havası olmasını istəyir, bunu da nəqşinin bir yerinə firəng ustadları kimi imzaq qoyub, sübut eləməyə çalışırmı? Bax, bunu başa düşmək eçen əvvəlcə mən ondan üslub və imzanı soruşardım.
– Sonra?
– Sonra kitablarımızı sifariş eləyən şahlar və padşahlar ölüb, cildlər əldən-ələ keçib, parçalanıb, çəkdiyimiz rəsmlər başqa kitablarda, başqa vaxtlarda istifadə olunanda bu nəqqaş nə hiss eləyir, onu öyrənmək istəyərdim.
Kədərlənməklə də, sevinməklə də öhdəsindən gəlinməyəcək həssas şeydir. Buna görə də nəqqaşdan zamanı soruşardım. Nəqşin zamanını və Allahın zamanını. Başa düşürsənmi, oğlum?
– Xeyr. Üçüncüsü?
– Üçüncüsü, korluqdur!
– Korluğun nə idi?
– Korluq səssizdir. Bayaq dediyim birinciylə ikincini birləşdirsən, korluq üzə çıxır. Nəqşin ən dərin yeri Allahın zülmətində peyda olanı görməkdir.
***
Rəsmi, naxışı, gözəl kitabları sevən bütün xanların, şahların, padşahların maraqlarının üç mövsümü olur. Başlanğıcda cəsurdurlar, inadkar və həvəsli olurlar. Rəsmi başqalarında gördükləri üçün, sayılmaq üçün istəyirlər. Bu mövsümdə öyrənir, ikinci mövsümdə istədikləri kitabları öz kefləri üçün hazırladırlar. Rəsmlərə baxmaqdan səmimiyyətlə ləzzət almağı öyrəndiklərindən hörmətləri də olur, ölümlərindən sonra bu dünyada yadigar qoyacaqları kitabları da. Həyatlarının payızındasa heç bir padşah artıq bu dünyada qalacaq əbədiyyətlə maraqlanmaz. Bu dünyadakı əbədiyyətlə, bu dünyada yaşayan o biri nəsillər, nəvələrimiz tərəfindən xatırlanmağı başa düşürəm. Naxışsevər hökmdarlar bizə hazırlatdıqları, içinə adlarını saldırdıqları, bəzən öz tarixlərini yazdırdıqları kitablarla, əsasən, bu dünyada əbədiyyət əldə eləyiblər. Yaşlaşanda o biri dünyada yaxşı yer qazanmaq istəyirlər. Hamısı da rəsmin bunun üçün əngəl olduğuna dərhal hökm verir. Məni ən çox kədərləndirən və haldan çıxaran budur. Özü də ustad nəqqaş olan, gəncliyini öz nəqqaşxanasında keçirən Şah Təhmasib ölümə yaxınlaşanda o misilsiz nəqqaşxanasını bağladı, möcüzə rəssamlarını Təbrizdən uzaqlaşdırdı, hazırlatdığı kitabları dağıtdı, peşmançılıq böhranları keçirdi. Niyə hamısı rəsmin cənnət qapısını üzlərinə bağlayacağını fikirləşir?
***
Axırda bizim üsullarımız öləcək, rənglərimiz solacaq. Kitablarımızla, rəsmlərimizlə heç kəs maraqlanmayacaq. Maraqlananlar da ya heç bir şey başa düşməyib, dodaq büzüb, “niyə perspektiv yoxdur” deyəcəklər, ya da kitabları, qətiyyən tapa bilməyəcəklər. Çünki laqeydliklə birlikdə kitablarımızı zaman və fəlakətlər yavaş-yavaş yeyib qurtaracaq. Cildlərindəki ərəb yapışqanlarında balıq, sümük, bal olduğundan, səhifələri yumurta və nişastayla düzəldilmiş aharla cilalandığından acgöz və arsız siçanlar səhifələri hap-hop udacaq; ağ qarışqalar, qurdlar, min bir böcəklər kitablarımızı xırt-xırt gəmirib, yox eləyəcəklər. Cildlər parçalanacaq, səhifələr qopacaq; oğrular, etinasız xidmətçilər, uşaqlar, ocaq yandıran qadınlar səhifələri, rəsmləri düşüncəsizliklə yırtacaq. Uşaq şahzadələr rəsmləri əllərindəki oyun qələmləriylə pozacaq, insanların gözlərini oyacaq, səhifələrə fırtılıqlarını siləcək, qıraqlarını qara qələmlə cızacaq; ikidə bir günah deyənlər hər şeyi qaralayacaq, rəsmləri yırtıb, kəsib, bəlkə də, başqa rəsmlər çəkmək, ya da oynayıb əylənmək üçün istifadə eləyəcəklər. Anaları ədəbsizlik saydıqlarına görə, səhifələri cıranda ataları, böyük qardaşları otuzbir çəkib qadın rəsmlərinin üzərinə axıdacaq; səhifələr təkcə bundan yox, palçıqdan, nəmdən, pis yapışqan, tüpürcəkdən, cürbəcüür iyrənc və yemək bulaşığından bir-birinə yapışacaq. Yapışan yerlərdə kifdən və kirdən ləkələr çibanlar kimi çiçək açacaq. Sonra kitablarımızı yağışlar, axan damlar, sellər palçıq basqınları məhv eləyəcək. Suların, nəmin, böcəklərin və laqeydliyin xamıra döndərdiyi, yırım-yırtıq, dəlik-deşik, solmuş, oxunmayan səhifələrlə birlikdə qupquru möcüzə sandığın dibindən çıxan ən axırıncı, tərtəmiz kitab da, təbii ki, bir gün qəddar yanğının alovlarıyla unudulub, yox olacaq. İstanbulu iyirmi ildən bir yanıb, yox olmayan məhəlləsi varmı ki, kitab qalsın. Monqolların Bağdadda yandırıb-taladıqlarından daha çox kitab və kitabxananın hər üç ildən bir yox olduğu bu şəhərdə hansı nəqqaş möcüzəsinin yüz ildən artıq yaşadılacağını,bir gün rəsmlərinə baxılıb, özünün də Behzad kimi, yada salıncağını təsəvvür eləyə bilər? Təkcə bizim çəkdiklərimiz yox, əsrlərdən bəri bu aləmdə yaradılmış hər şey yanğınlarla, qurdlarla, etinasızlıqla yox olacaq. Beləcə Şirinin öz pəncərəsindən Xosrova qürurla tamaşa eləməsi, Xosrovun da ay işığında çimən Şirini əməlli-başlı görməsi, bütün aşiqlərin qarşılıqlı zəriflik və nəzakətlə göz süzmələri; Rüstəmin ağ şeytanı quyunun dibində boğub öldürməsi; eşqdən ağlını itirmiş Məcnunun çöldə ağ qaplan və dağ keçisiylə yoldaşlıq eləyəndə kədərli halı; hər gecə cütləşdiyi dişi qurda gözətçilik elədiyi sürüdən bir qoyun ərməğan eləyən xain çoban köpəyinin yaxalanıb ağacdan asılması; çiçəklərlə, mələklərlə, yarpaqlı budaqlarla, quşlarla və göz yaşlarıyla vurulmuş bütün o səhifələrin qırağındakı bəzəkləri; Hafizin sehrli şeirlərini bəzəmək üçün çəkilmiş udçalanların hamısı; minlərlə, on minlərlə nəqqaş şəyirdinin gözlərini xarab eləyən, ustadları kor qoyan bütün divar bəzəkləri; qapıların üstündən, divarlardan asılmış kiçik lövhələr, rəsmindəki bir-birinə keçmiş, çərçivələrin içində gizlənmiş bütün beytlər; divar diblərində, künclərdə, altlıqlarda, ayaqaltılarında, damların aşağısında gizlənmiş təvazökar imzalar; aşiqləri örtən yorğanların üstündəki bütün çiçəklər; padşahımızın rəhmətlik babasının düşmən qalasına zəfərlə hücumu vaxtı qıraqda səbirlə gözləyən gavur kəllələrinin hamısı; kafir elçisinin padşahımızın lap böyük atasının ayağını öpəndə arxada görünən, sənin də gəncliyində çəkilişində iştirak elədiyin topların, tüfənglərin, çadırların hamısı; buynuzlu-buynuzsuz, quyruqlu-quyruqsuz, sivri dişli, sivri dırnaqlı bütün şeytanlar; aralarında çoxbilmiş hüt-hüt, sıçrayan sərçə, sadəlövh çaylaq quşu, şair bülbül də olmaqla, növbənöv minlərlə quş; şən pişiklər, narahat köpəklər, axan buludlar, minlərcə rəsmdə təkrarlanmış xırda sevimli otlar, sadəlövhlüklə kölgələnmiş qayalar, peyğəmbər səbriylə yarpaqları bir-bir çəkilmiş on minlərcə sərv, çinar və nar ağacı; Teymur zamanından, ya da Şah Təhmasib zamanından qalma saraylar, nümunə kimi tikilmiş, amma daha qədim çağların hekayələrini bəzəyən saraylar, yüz minlərlə tuğları; xırda çiçəklər üstündə, baharda çiçəkləyən ağaclar altında sərilmiş misilsiz xalının üstündə oturub, gözəl qadınlarla oğlanların çaldığı musiqini dinləyən on minlərlə hüznlü şahzadə; mükəmməlliklərini son yüz ildə Səmərqənddən İstanbula qədər minlərlə nəqqaş şəyirdinin göz yaşlarıyla yediyi qapaza borclu olan bütün o möcüzəli çini və xalı rəsmləri; sənin hələ eyni həvəslə çəkdiyin o misilsiz bağçaların və çaylaqların, ağlagəlməz ölüm və savaş məclislərinin, zərifliklə ov eləyən padşahların, eyni zərifliklə qaçan ürkək ceyranların, sənin və ölən şahların, əsir düşmüş düşmənlərin, böyük gavur gəmilərinin, düşmən şəhərlərin, qələmindən zülmət damlar təki işıldayan bütün o parlaq qaranlıq gecələrin, ulduzlar, xəyal kimi səvlər, qırmızıyla boyadığın eşq və ölüm rəsmlərinin hamısı, hamısı yox olacaq.