Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Oskar Uayld “Ledi Uindermerin yelpiyi”

kko_oskar_uayld_ledi_uindermerin_yelpiyiAnnotasiya

“Ledi Uindermerin yelpiyi” (ingiliscə “Lady Windermere’s Fan”) – Oskar Uayldın dörd pərdəli pyesidir. Komediya ilk dəfə 1892-ci il 22 fevralda səhnəyə qoyulmuş, ilk nəşri isə 1893-cü ildə olmuşdur. Uayldın digər pyesləri kimi burda da mövzu Viktorian cəmiyyətinin əxlaqı və bu əxlaqın ələlxüsus evlilik məsələlərində nümayişidir.
Lord və ledi Uindermer cütlüyü evlilik idilliyasından həzz alır. Onların sakitliyini heç kimin tanımadığı qonaq və evin xanımının rəqib gözü ilə baxdığı missis Erlin pozur. Qısqanclığa qapılan ledi Uindermer az qalır ki xəyanət etsin. Evliliyin dağılmasına az qalmış missis Erlin yenə işə qarışır…

 

Karandaşın izi ilə

– Ledi Uindermer, məni incitməyin. Deyin görüm, səhvim nədən ibarətdir?
– Bütün ziyafət boyu mənə kompliment söyləmisiniz. Özü də ikibaşlı.
– Bəli, indi hamımız elə yoxsullaşmışıq ki, kompliment gücümüz çatan yeganə bəxşiş olub.

***

– İndi cəmiyyətdə o qədər özündənrazı insan özünü yaxşı insan kimi qələmə verir ki, pis insan kimi görünmək – bu məncə təvazökar və sevimli xasiyyətin təzahürüdür. Bundan başqa, özünü yaxşı insan kimi göstərənləri cəmiyyət ciddi qəbul edir. Pis insan kimi görünənləri isə yox. Budur optimistlərin sərhədsiz axmaqlığı.
– Deməli siz istəmirsiniz ki, cəmiyyət sizi ciddi qəbul etsin?
– Cəmiyyət? Yox, istəmirəm. Ümumiyyətlə cəmiyyət kimi ciddi qəbul edir? Ən darıxdırıcı insanları. Yepiskopdan tutmuş ədabaza kimi.

***

– Yəqin elə düşünürsünüz ki, dövrdən geri qalmışam? Qoy olsun. Belə dövrlə ayaqlaşmaq məni maraqlandırmır.
– Elə hesab edirsiniz ki, o çox pisdir?
– Bəli. İndi insanlar həyata qızğın oyun kimi baxırlar. Həyat isə oyun deyil. Həyat sirdir. Onun idealı məhəbbətdir. Onun saflığı qurbandır.
– Allah eləməsin qurban kəsilək!

***

– Ər alçaqlıq edirsə, arvadı da elə etməlidir?
– Alçaqlıq pis sözdür, Ledi Uindermer.
– Alçaqlıq pis xüsusiyyətdir, Lord Darlinqton.

***

Məncə yaxşı insanlar həyatda daha çox ziyan vururlar… Və əsas ziyan ondan ibarətdir ki, onlar pisliyə çox əhəmiyyət verirlər. İnsanları yaxşı və pis olmaqla iki yerə ayırmaq mənasız şeydir. İnsanlar ya füsunkar olur, ya da darıxdırıcı.

***

– Bəs kişi? Sizin fikrinizcə qadınçün olan qaydalar kişi üçün də keçərlidir?
– Əlbəttə!
– Məncə həyat ona belə sərt qaydalarla yanaşmaq üçün çox mürəkkəbdir.
– Biz bu “sərt qaydalar”a əməl etsəydik, həyat daha asan olardı.

***

– Ah, Ledi Uindermer, siz cazibədar puritansınız!
– Lord Darlinqton, epitetsiz də keçinə bilərdiniz.
– Yox, bilməzdim. Cazibədən başqa hər şeyə müqavimət göstərə bilərəm.
– Özünüzü iradəsiz kimi göstərirsiniz – bu indi dəbdədir.
– Ledi Uindermer, mən yalnız göstərirəm.

***

Zəhlələrini tökməsək, ərlərimiz bizim var olduğumuzu unudarlar. Sadəcə buna qanuni hüququmuz çatdığını onların yadına salmaq üçün belə edirik.

***

Hersoginya, bu nikah ki var, maraqlı şeydir, – özünə görə o da bir oyundur, ancaq, yeri gəlmişkən, dəbdən düşür, – bütün kozırlar arvadların əlindədir, ancaq istər-istəməz əsas rüşvəti onlar verirlər.

***

Mənim fikrimcə, həyat onun haqqında ciddi fikirləşməkdən yana çox ciddidir.

***

Bacım qızları – siz məgər Sevilin qızlarını tanıyırsınız? – onlar elə mehriban, elə xanənişin, elə çirkindirlər ki, həqiqətən, çox çirkindirlər, görünməmiş mehribanlığa qədər, – onlar bütün günü pəncərənin ağzında oturub, yoxsullar üçün ya parçaya naxış vururlar, ya da eybəcər paltarlar tikirlər. Və düz də edirlər, ətraf bu qədər qorxunc sosialistlərlə dolu olan halda başqa nə etmək olar ki.

***

Necə gözəl uşaqdır! Balaca özünü necə hiss edir? Oğlandır yoxsa qız? Ümid edirəm, qızdır…amma yox, yadıma düşdü ki, oğlandır. Heyf! Bütün oğlanlar özlərini pis aparır. Məsələn, mənim oğlum, çox tərbiyəsizdir. Siz heç təsəvvür etməzsiniz, o saat neçədə evə gəlir. Özü də bir neçə ay əvvəl Oksfordu bitirib – başa düşmürəm, onlara orda nə öyrədirlər!

***

– Bütün kişilər pisdir?
– Əzizim, hamısı, istisnasız. Özü də heç vaxt düzəlmirlər. Kişilər qocalır amma yaxşılaşmırlar.

***

Göz yaşı kifir qızlar üçün xilasdır, gözəl qadınların isə ziyanına işləyir.

***

Hesab edirəm ki, ana hər mövsüm ən azı bir qızından ayrılmırsa, deməli, onun ürəyi yoxdur.

***

İstənilən müsibətə dözmək olar – onlar kənardan gəlir, onlar təsadüfən baş verir. Ancaq öz səhvlərinə görə əzab çəkmək həyatda baş verə bilən ən acınacaqlı şeydir.

***

– Yaxşı qadınlar necə qəddardır!
– Pis kişilər necə acizdir!

***

Lənət şeytana, o kimdir? Hardan gəlib? Niyə qohumu yoxdur? Ümumiyyətlə qohumlar allahın bəlasıdır, ancaq, lənət şeytana, onlar insana müəyyən çəki verir.

***

Lənət şeytana, o mənə qarşı elə laqeyddir ki, elə bil əriyəm.

***

– Yeri gəlmişkən, Tappi, iş necə olmuşdu? Sən iki dəfə evli olmusan və bir dəfə boşanmısan? Yoxsa iki dəfə boşanmısan, bir dəfə evli olmusan? Mən hamıya deyirəm ki, sən iki dəfə boşanmısan və bir dəfə evli olmusan. Bu həqiqətə daha uyğundur.

***

– Ah, Marqaret, inan mənə! Arvad ərinə inanmalıdır!
– Londonda ərinə inanan çox qadın var. Onları o dəqiqə tanımaq olar – elə bədbəxt görünüşləri var ki.

***

Mənə elə gəlir o çox şey əldə edəcək. O, konservator kimi düşünür, radikal kimi danışır – indiki dövrdə bu çox əhəmiyyətli şeydir.

***

Vəzifəli qoca qadınlarla dilxoşluq etmək necə darıxdıcıdır! Ancaq onlar bunsuz ötüşə bilmirlər.

***

– Qəlbimi qırmayın!
– Mənimki artıq qırılıb…

***

Məhəbbət…ilk baxışdan məhəbbət yox, mövsümün sonundakı məhəbbət daha etibarlıdır.

***

– Siz isə, Uindermer, mənə yaxşı mədaxil təşkil edin, oldumu?
– Bu haqda elə indi danışmaq istəyirsiniz?
– Bəli.
– Bura bu söhbətin yeri deyil.
– Nə olar, keçək terrasa. İstənilən sövdələşmə üçün mənzərəli fon lazımdır, elə deyil, Uindermer? Fon münasibdirsə, qadın həmişə istədiyinə müvəffəq olur.

***

Evlilik bəndlərini o qırdı. Mən yalnız köləlik zəncirini qırdım.

***

Kişini əldə etmək üçün qadının içindəki ən pis şeyləri oyatmağı kifayətdir. Kişidən tanrı düzəldirsən, o isə səni atır. Başqası ondan heyvan düzəldir, o da həmin qadının əllərini yalayır və ondan əl çəkmir.

***

Həyatımı verəcəyim insan məni həmişə sevəcəkmi? Ona nə verə bilərəm ki? Gülməyi unudan dodaqlar, ağlamaqdan kor olmuş gözlər, soyuq əllər və boş ürək.

***

Siz bu tələyə düşməyin nə olduğunu bilmirsiniz. Nifrətə, istehzaya, təhqirə dözmək…hamı tərəfindən tərk və rədd edilmək! Daha qapıdan içəri buraxmayacaqlarına əmin olmaq, çirkin, dolayı yollarla sürünməli olduğunu başa düşmək, hər dəqiqə üzündən maskanı çıxaracaqlarından qorxmaq…və daim qəhqəhə eşitmək, kütlənin amansız qəhqəsi – dünyada tökülən bütün göz yaşlarından daha acınacaqlı qəhqəhə. Bilmirsiniz, bu necə olur. Günahının cəzasını ödəyirsən, sonra yenə ödəyirsən, yenə və yenə, bütün ömrün boyu.

***

– Gül, gül, əzizim. Ancaq axıra kimi səni başa düşən qadını tapmaq böyük işdir.
– Bu çox təhlükəli işdir. Belələri axırda kişini özləri ilə evləndirirlər.

***

– Missis Erlinin qarşıda gələcəyi var.
– Missis Erlinin arxada keçmişi var.
– Mən keçmişi olan qadınlara üstünlük verirəm. Lənət şeytana, onlarla heç olmasa danışmaq maraqlıdır.

***

– Dedi-qodu əladır. Bütün tarix dedi-qodulardan ibarətdir. Qeybət də dedi-qodudur, ancaq ona əxlaq qatılıb və dəhşət darıxdırıcıdır. Heç vaxt əxlaq dərsləri keçmirəm. Əxlaq dərsi keçən kişi adətən riyakar olur, bunu edən qadın isə mütləq kifirdir. Qadına ən az gözəllik qatan şey puritan vicdanıdır. Şükür ki, qadınların əksəriyyəti bunu başa düşür.
– Səninlə tamamilə razıyam, əziz dost, tamamilə.
– Tappi, bu kədərlidir. Hər dəfə kimsə mənlə razılaşanda hiss edirəm ki, nəsə axmaq bir şey dedim.

***

Yox, biz hamımız palçıqda çabalayırıq, ancaq içimizdən bəziləri ulduzlara baxır.

***

– O məni sevmir. O, yaxşı qadındır. Həyatımda rast gəldiyim yeganə yaxşı qadın.
– Həyatında rast gəldiyin yeganə yaxşı qadın?
– Hə.
– İt bəxti var səndə! Mənim qabağıma yüzlərlə belə qadın çıxıb. Elə qabağıma yalnız yaxşı qadınlar çıxır. Dünya ağzınacan belə qadınlarla doludur. Onlarla tanışlıq bir növ ibtidai təhsil kimidir.

***

– Həyasız necə adamdır?
– Hər şeyin qiymətini bilib, heç nəyi qiymətləndirməyən adamdır.

***

İllərin dəxli yoxdur. Təcrübə həyatı intuitiv anlamaqdır.

***

Danışmaq hər şeyi yenidən yaşamaq deməkdir. Əməllər həyatın birinci, sözlər ikinci faciəsidir.

***

Dünən bir xülyadan əlimi üzdüm. Elə bilirdim, ürəyim yoxdur, ancaq sən demə, var. Uindermer, ancaq ürək mənə lazım deyil. O, dəbli geyimlərlə uyğun gəlmir. O, insanı qoca göstərir.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram