Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rafael Hüseynov “Vaxtdan uca”

kko_rafael_huseynov_vaxtdan_ucaAnnotasiya

Bu kitabın qəhrəmanları – Müslüm Maqomayev, Hüseyn Cavid, Ərtoğrol Cavid istedadlarıyla, sənətə sonsuz sevgiləriylə, solmaz yadigarlarıyla dünənin, bugünün və sabahındırlar. Yaşadıqları illərə sığmayan bu sənətkarlar hər gələn nəsillə müasir olacaq və həmişə də zəmanəyə Vaxtın fövqündən baxacaqlar. Bu işıqlı ömürlərin ölümsüzlük sahilləri hamımıza bəllidir. Ancaq həmin ölümsüzlüyün o tayında onların ümidli, arzulu, mübarizəli, sevincli, nisgilli gerçək həyatları dayanır. Kitabdakı düşüncələrdə bu unudulmaz insanların ömür yolunun zəngin və maraqlı səhifələri vərəqlənir.
Kitab 1989-cu ildə nəşr edilmişdir.

Əsərdən seçilmiş hissələr

“Görərsən kimin baxtına nə çıxacaq” ifadəsini arasıra işlədirik. İnsanın baxtına çıxan ən vacib şey – Vaxtdır.

***

Qədim bir dua var. İnsan Tanrıdan üç şey diləyir: güc, səbir, bir də müdriklik. Gücü ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvəsi çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə iqtidarı, gücü çatmayacaq şeylərə dözə bilsin. Müdrikliyi ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, çaşdırmasın, onları bir-birindən ayıra, seçə bilsin…

***

Sabah dünənə qiymət verir, dünən bugünü izah edir. Vaxt gərilir, vaxt tarım çəkilir. Vaxt tərsinə axa bilir, tələsə, yubana bilir, dayanıb dona bilir. Sanki müəllif saat əqrəblərindən avarlar kimi istifadə edir, vaxt qayığını qabağa da, geriyə də üzdürməyi bacarır. Keçmişin səhnələri, uzaq illərin sakinləri bizim bugünkü gözlərimizlə görülür, anılır, dərk olunurlar.

***

Nəticədə, bu gün gerçəkləşə biləcək arzu illərcə ləngiyib. Bütün bunlar isə insanı daxilən yorur, gərilən əsəblər, hədər itirilən vaxtın acısı, nigaranlıq, ümidin hər dəfə puç olması insanı içəridən qocaldır.

***

Molla Nəsrəddinin məşhur bir lətifəsində uzun yaşamaq istəyənə verdiyi “dərin düşünməmək” məsləhətindəki həqiqət – məzəylə, zarafatla deyilmiş həqiqətdir. Buna əməl etmək, arsız olmaq, hər şeyi qulaqardına vurmaq, biganə yaşamaq çətindir. Həssas adam üçün mümkünsüzdür.

***

Müslüm Tiflisə yetişəndə istəklisinin toyuydu… Sanki hər şey bitdi. Amma… Bir neçə ay keçdi, Badigülcamal qara geyinməli oldu – əri vəfat etmişdi. Müslüm bu xəbəri Lənkəranda eşitdi. Sevimlisinin bəd baxtına acısa da, ümidinin sönmüş çırağı yenidən közərdi…
“Səndən dörd yaş böyüyəm”. “Nə olsun!”. “Ərdə olmuşam”. “Eyb etməz”. “Sənə dönük çıxmışam”. “Elə demə, taledir”. “Yaslıyam, gərək bir il gözləyəsən”. “İki il gözlərəm”.

***

Ümumiyyətlə, istənilən yaradıcılıq qüvvəsinin üzə çıxması üçün (incəsənətdə isə xüsusən) əsas şərt bunun üçün normal şəraitin yaradılmasıdır. Teatr hər şeydən əvvəl kütlələrin ictimai inkişaf etdiyi yerdir. Və ona heç vəchlə mənfəət dükanı kimi baxmaq olmaz.

***

Spekulyasiya, bilet alveri heç yaxşı iş deyil. Ancaq necə olmasa, yenə tamaşaçı böhranındansa, bilet böhranı daha yaxşıdır.

***

“Mən radioda işləməyə gələndə Şərq sektorunda vəziyyət belə idi: musiqiçilər radioda rəsmi qulluq etmirdilər, sadəcə olaraq onların hərəsinin müəyyən məhdud saatları vardı ki, gəlib radioda fəaliyyət göstərməliydilər. Bu, onları tamamilə təmin edirdi. Belə ki, bir tərəfdən onların cibində həmkarlar ittifaqı imkanı, digər tərəfdən və ən əsası, yüz faiz xaltura etmək girəvəsi vardı. İfaçı öz axşam saatlarını kefi istəyən kimi bölür, radionun axşam konsertlərinə adətən toylardan və ona daha artıq qazanmaq imkanı verən başqa təsadüfi dəvətlərdən azad olduğu vaxt gəlirdi. Bunun bariz nümunəsi olan hadisə: radioda işlədiyim ilk günlərdə konsertdə iştirakı təyin olunmuş 8 musiqiçidən yalnız biri – pianoçu gəlib çıxdı. Qalanları toyda idilər. (Yəqin royalı çəkib apara bilsəydi o da toya gedərdi)”.

***

“Oktyabrın 23-də saat 20-22 arası Şərq konserti (Solist müğənnilər axşamı) nəzərdə tutulmuşdu. Mən axşam saat 7-də gəldim və iştirakçıları gözləməyə başladım. İlk rastlaşdığım Qurban oldu. O, musiqiçilərin gəlməyəcəyindən ehtiyat etdiyini bildirdi. Axşam saat səkkizin yarısında Sarabski, Hacıbababəyov, Mirzağa Əliyev, Sona xanım və Zeynallı gəldilər. Çalğıçılardan yalnız Qurban gəlmişdi və saat 8-də Əliyev də (royal) özünü yetirdi. Telefonla konsert iştirakçılarını axtarmaq cəhdlərinin hamısı boşa çıxdı. Axşam saat 8-də Lazar (tar), Ohanezaşvili (kamança), Babalov (kamança), Əliyev Əhəd (qarmon və saz), Xalıq (balaban), tütək çalanlardan Stepanyan, Kabanyan, Memkoçyan, müğənnilərdən Seyid Şuşinski və Səmədov hələ gəlməmişdi.

Əlbəttə, konserti bircə tarla aparmağı mən bədiilik baxımından mümkünsüz hesab etdim və studiya müdiri Qotliblə məsləhətləşib, konserti ləğv etməyi qərara aldıq.

Sonrakı sorğudan məlum oldu ki: Lazar, Ohanezaşvili, Əhəd Əliyev, Xalıq toyda imişlər. Tütək çalanlar əvvəl guya bilmədiklərini, sonra isə dostlarının yasında olduqlarını dedilər. Babalov xəstə imiş, Seyid Şuşinskini ümumiyyətlə tapmaq mümkün olmadı”.

***

“Yazılan əsər, çəkilən zəhmət itməz”. Müslüm özünə təsəlli verib belə düşünür və gözləyir.

***

“Əziz Camul, Əlbəttə, pullarını və sənədlərini itirməyin barədə verdiyin xəbər bizə pis təsir elədi. Ancaq heç vaxt belə hallarda ruhdan düşmə. Həyatda adamın başına daha qəliz işlər gələ bilər. Ancaq belə hadisələrdən nəticə çıxarıb daha ehtiyatlı olmaq lazımdır. Heç vaxt bütün pullarını və bütün sənədlərini özünlə, həm də bir yerdə gəzdirmə”.

***

Birinci tamaşa günü bərk həyəcanlanan rejissor Dadaşov və rəssam Mustafayev artıq sakitləşiblər və başıma fırlanırlar. Mənim hesabıma öz gələcək karyeralarını düzəldirlər. İndi onlar üçün məndən yaxşı adam yoxdur. Mənim məsləhət və göstərişlərim danışıqsız qəbul edilir.

***

Çaplinin oğullarının maraqlı bir xatirəsi var. Deyir, atamız həmin o səssiz filmləri, sonradan lal diliylə dünyanı gülməyə və Çaplin haqqında ürək dolusu danışmağa məcbur edən filmləri gətirirdi evə, biz oturub baxırdıq və kadrlar dəyişdikcə atamız tez-tez kommentariyalar verir, xüsusi bir iştahla, həvəslə danışırdı. O vaxt burasını düşünmürdük ki, Çaplinin səssiz filmlərini onun öz səsində dinləyən yeganə adamlarıq.

***

Bu məktublarda 30-cu illərin başlanğıcında Bakıda not kağızının qıtlığı xəbəri də var və qəzetlərdə görünməmiş, resenziyalarda əksini tapmamış belə bir məlumat da: Sən demə “Şah İsmayılın” 1932-ci il 12 dekabr tamaşasında tamaşaçı çoxluğu üzündən zalı süni surətdə “genişləndirməyə” məcbur olublar. Hər cərgənin qarşısına əlavə stullar düzüblər.

***

Həyat ki belə deyil. İçində yaşadığın gerçək həyat nə sən quran, məhz sən istəyən kimi davam edir, nə də səni bürüyən insanlar beləcə sona qədər sən istəyən kimi hərəkət eləyir. Burda, səhnədə sənin gözlədiklərin baş verir, içində yaşadığın həyatsa başdan-başa gözlənilməzliklərlə doludur. Orda, içində yaşadığın həyatda nə libretto sənindi, nə musiqini sən bəstələmisən, nə də dirijorluğu sən edirsən. Orda sən özün də ifaçısan. Bir ömrü oynayırsan – bir ömrü yaşayırsan. Orda sən özün də tabesən – hadisələrin axarına, həyatın gərdişinə tabesən.

***

Nəyə etiraz edirsiz indi?
Mən bir yaradıcı işçi kimi özümü həmişə yaxşı cəhətdən göstərmişəm. 1930-cu ildə yeni “Xoruz bəy” musiqili komediyasını yazmışam. “O olmasın, bu olsun” komediyasına türk marşı yazmışam, simfonik orkestr üçün iyirmiyəcən əsər yazmışam, aktual mövzularda ondan artıq mahnı azmışam.
Yazmısız, çox gözəl. Yenə təzə əsərlər yazın, sevindirin bizi.
Siz münasibətlərinizlə məni işdən soyutmaq istəyirsiz. Ancaq məni ruhdan sala bilməyəcəksiz. Heç kim, heç nə bunu edə bilməz. İndi inqilabi mövzuda yeni opera üzərində işləyirəm.
Görürsüz nə yaxşıdır hər şey, yoldaş Maqomayev! İşləyin, ruhdan düşməyin…

***

…Tabeliyində olan işçilərin şəxsiyyətinə hörmət göstərmək pərdəsi altında yol. Səttarov elə bir şərait yaratmışdı ki, onunla demək olar danışmaq mümkün deyildi: Yoldaş, filankəsin yanına gedin, filankəsə müraciət edin və s. Mən filankəsin şəxsiyyətinə hörmətsizlik edə bilmərəm və s. Əslində isə heç kəsin şəxsiyyətinə hörmət edilmirdi.

***

Götürün 21.01.33-cü ildə verilmiş əsəri. Türk operasının aktyorlarına yeni “Səfa” operasında dörd pərdənin bütün partiyalarını fevralın 20-dək təhvil vermək təklif olunur.
Mən belə bir əmrə qəzəblənib məsələni aydınlaşdırmaq üçün onun yanına getdim. Dedim ki, bu mümkün deyil, bu, işi anlamamaqdır. Aktyorlarımız hələ zəifdirlər, üstəlik cari tamaşalarla yükləniblər, bunun öhdəsindən gələ bilməzlər. Səttarov əvvəlcə mənə qulaq asmaq istəmədi – çünki əmr var, bu mövsümdə yeni opera getməlidir. Ancaq sonra razılaşdı ki, bu sualı rəhbər yoldaşlarla müzakirə edər. Bu münasibətlə çağırılan iclasda isə məlum oldu ki, müəllif hələ operanı bitirməyib: musiqi materialı ümumiyyətlə teatrda yoxdur. Məlum oldu ki, o hətta müəllif Mailyanın xahişilə türk operası bədii hissəsinin müdiri Dadaşov tərəfindən operanın işlənməsi vaxtının bir ay uzadılmasını belə, musiqi hissəsinin rəhbəri olduğum halda, mənə bildirməyib. Bax, “teatrda hər şey yaxşıdır” pərdəsi altında belə qarmaqarışıqlıq hökm sürürdü.

***

Axarında olmadığın hadisələr, içində olmadığın gün barəsində danışmaq, mülahizə söyləməksə səni yanılda da bilir.

***

Arxasız, tək görünür bu mübarizəsində. Bəlkə hərdən-hərdən deyimlərində üzə çıxan çılğınlıq, hikkə də bu təkliyin acısını duymaqdan doğur? Kədərlidir bu təklik. Bir-birinə sarılmış əllər nə qədər güclüydü! Səs çıxarmağa cəhd edən tək əl nə gücsüz olurmuş!

***

Əziz Camul!
Martın 4-də yazdığın son məktubunu aldım. Haqlısan ki, cavab yazmamışam. Amma yeri gəlmişkən deyim ki, Mamus sənə məktub da yazıb, şəkil də göndərib. Mənsə, sənin axırıncıdan əvvəlki, işlərlə bağlı suallarla dolu olan məktubuna cavab verə bilməmişəm.

Camulya! Əlbəttə, yəqin şübhə etmirsən ki, sənin həyatdakı uğurun mənimçün hər şey deməkdir: bir eqoist meşşan kimi deyil, cəmiyyətin yetkin üzvü olan qırmızı-mühəndis kimi uğurun. Sənin uğurunsa üç şeyin vəhdətində yarana bilər: sağlamlıq, bilik, yeniliyə doğru zərbəçicəsinə inadlı canatma. Və birdən biliyinin, zəhmətə bağlanmağının çiçəklənmə dövründə səhhətin haqda siqnalın ortaya çıxması, təbii ki, məni həyəcanlandırır. Mənim qarşımda belə bir dilemma durur: tam sağlam Camulya, yaxud yeni dəzgah-alət zavodunun xəstə mühəndisi. Hansı daha vacibdir? Əlbəttə, birincisi – tam sağlam, xalqa atasından az olmayan fayda verə biləcək Camulya…

***

Əziz Mamus!
Bir daha səni ad günün münasibətilə təbrik edirəm və sənə xoşbaxt gələcək arzulayıram.
Məktubunu mənə Camulya gətirdi. Təsəvvür elə ki, nə qədər şad oldum. Sənin həyatla, həyatın çətin sınaqları ilə tanış olmaq zəruriliyi barədə düşüncələrin ilk baxışda ağlabatan olsa da, tələsmə bala. Həyat özü onsuz da bu çətinlikləri sənin qarşına çıxaracaq və məcbur edəcək ki, onlarla mübarizə aparasan.
Məncə, indi sən bütün fikirlərini özünü həyatın çətinliklərinə hazırlamağa yönəltməlisən. Bununçunsa oxumaq, bitkin sənət təhsili almaq lazımdır…

***

Bir dəfə maestro Niyazi ilə filarmoniyadakı kabinetində oturmuşduq. Necə oldusa, bir yığın zərf tökdü qarşıma. Müxtəlif şəhərlərdən göndərilmiş əlvan zərflər, açıqcalar, teleqramlar…Hamısı Müslüm Maqomayevə idi. Bəstəkar Müslümə – baba Müslümə yox, müğənni Mülsümə – nəvə Müslümə.
“Bilirsən nə qədər belə məktub gəlir? Başqa şəhərlərdə bir çoxları elə zənn edir ki, filarmoniya müğənni Müslümün adınadır. Məktubları da bura göndərirlər. Yığıb saxlayıram. Müslümlə görüşəndə verirəm özünə”.

***

Söhbətimi “Arşın mal alan” operettasından başlamaq istəyirəm. Üzeyir bəyin bu ölməz əsəri yarandığı ilk çağlardan böyük şöhrət qazandı, rus, erməni, gürcü, hətta yəhudi dilinə tərcümə edildi. Bəzən elə olurdu ki, Qafqazda bu operetta eyni vaxtda üç dildə tamaşaya qoyulurdu. Belə böyük şöhrət, “Arşın mal alan”ı tamaşaya hazırlayanları şirnikdirirdi və onlar bəzən afişalarda Üzeyir bəyin yerinə müəllif kimi öz adlarını yazırdılar. Sadiq dost Müslüm bəy belə şeylərə dözmədi. O, Üzeyir bəyin müəlliflik hüququnu müdafiə etmək üçün məhkəməyə belə getməkdən çəkinmədi.

***

Ata sözümüz “Axtaran tapar” deyir. Ancaq amerikan alimi F. Rouzentalın islam konsepsiyasında bilik mövzusundan bəhs edən dəyərli və dərin “Biliyin təntənəsi” kitabında orta əsr bir ərəb müəllifinin Məhəmməd peyğəmbərə aid etdiyi “Tapanlar axtaranlardır” aforizmi məncə daha dəqiqdir. Yəni hər axtaranın mütləq tapacağı hələ qəti deyil. Amma tapanlar mütləq axtarış aparmış kəslərdir.

***

Bilmirəm Müslüm bəyin Kislovodskda 1934-cü ilin iyul-avqust günlərindəki “Nərgiz”lə bağlı çalışmalarına quruca “iş” demək nə qədər dəqiqdir. Yox, bu istismar idi. Bu, bədənini, səhhətini üzüncəyə, əldən salıncaya qədər işə qapılmaq idi. Bu o günlər idi ki, Müslüm bəy kərpic-kərpic “Nərgiz” qəsrini hörürdü, kərpic-kərpic “Nərgiz” qəsrini hördükcə də duyulmadan, sezilmədən onun öz sağlamlığının təməli bir dağ çayının yalaya-yalaya yonduğu, kiçiltdiyi qaya kimi yavaş-yavaş ovxalanırdı, əriyirdi, içərisindən sökülürdü.

***

Gecəsini-gündüzünü qatıb işləyirdi ki, “Nərgizi” müqavilədə yazılan vaxtda bitirsin. Özünü, sağlamlığını güdaza versə də, “Nərgizin” lap yaxın aylara vəd olunmuş premyerasına bəri başdan sevinirdi. Nə biləydi ki, bu təlaşı əbəsdir. Nə biləydi ki, o, işini başa çatdırandan sonra yaradıcılıq əzablarını könül bulandıran etinasızlıq, süründürməçilik, burunlamalar, yalan ümidlər, boş vədlər silsiləsinin acı bağırsaq kimi uzanan sıxıntıları əvəz edəcək.

***

Yadımdadır, iş elə gərgin şəkil almışdı ki, bir dəfə ev sahibinin atası qoca Gileviç içəri girib dedi: “Maqomayev! Belə işləmək olmaz. Parovoz poladdan düzəldilib, o da dincəlir, ancaq siz son günlərdə demək olar ki, bütün gecə-gündüz boyu işləyirsiz”.

***

Müslüm çıxmışdı direktor müavininin otağından. Ancaq toran fikirlər, mübhəm suallar, dolaşıq gümanlar, qarışıq ehtimallar onu rahat buraxmırdı.

***

Ümumiyyətlə, gərək mən işimi bir az siyasətlə aparaydım. Çünki belə görünür ki, namuslu, səmimi iş yalnız əhatəndəki “dostları” qıcıqlandırmağa və sağlamlığı pozmağa qadirdir. Birincisi təhlükəli deyil, ikincisi isə çox-çox dəhşətlidir.

***

Sona qədər ədalətli, obyektiv adam varmı? Nə qədər adil olsan da, rəylərində, münasibətlərində, qərarlarında ölçü hissini nə qədər gözləsən də, axı, sənin konkret “mən”in deyir fikrini. O konkret “mən”sə hamını sevə bilməz, hamıya nifrət edə bilməz. Belədirsə, ətrafındakılardan seçib ayırdığın kimlərəsə münasibətlərində haradasa güzəştə də gedə bilirsən, lap soyuq ağlının hökmüylə kömək etmək istəməsən də, ürəyinin, hisslərinin, ən azı üzdən utanan üzünün tələbiylə yardım edir, əl tutur, yumşaqlıq göstərirsən.

***

Deyir, həyat taksiyə bənzəyir – dayananda da sayğacı işləməkdə davam edən taksiyə. Və bir də metroya bənzədiblər ömrü – hərəkət eləyən qatarında olduğundan çox, keçidlərində vaxt itirdiyin metroya…

***

Ölüm haqqında düşüncələr içərimizdə ölüm təhlükəsindən çox-çox əvvəl, hələ cavan yaşlarda yuva salır. Ancaq nə qədər ki, ölüm qorxusu yoxdur, insanın ölüm haqda söhbətində, lap özünün də bir gün öləcəyi barədə danışıqlarında xəfif istehza, inanmazlıq, ölümə üstdən baxma hissi var. Ölüm qorxusu, ölüm vahiməsi yaşdan asılı olmayaraq, ölüm təhlükəsi ilk dəfə ciddi şəkildə duyulanda və bir də artıq yaşdan asılı olaraq – yaşdaşların, nəsildaşların köçümü başlananda peyda olur.

***

Gündüz saat 2-dən sonra işin tərsliyindən qızdırmam qalxdı, özü də yüksək idi istiliyim – 38, 7.
Əsəbiləşirəm: Belə tamaşaya mən özüm dirijorluq etməliyəm. Bu yandan da hərarət…
Saat 7-yə qədər uzandım. Hərarətimi ölçdüm: – 38. Bir az aşağı düşüb.
Geyinib getdim teatra. Saat 8-dir. Hələ başlamırıq. Göstəriş gözləyirik. Hər dəqiqə Arustamov Sovnarkomdan zəng vurur. Nəhayət göstəriş gəldi ki, başlayın.
Üvertür yarıyacan ifa olunmuşdu ki, M.İ.Kalinin lojada göründü. Zaldan səs gəldi: “Yaşasın Ümumittifaq ağsaqqalı Kalinin”.
Alqışlar qopdu.
Əlbəttə ki, mən üvertürü yarımçıq kəsib “İnternasional” çaldım…

***

“Gözləməyin məni, mələk kimi Pənahın qabırğalarını qırdılar”. Tüstüsü, acısı ürək sıyıran bu ani yaddaş barəsində mən susa bilmirəm. Bu sözləri Cavid Mişkinaz xanıma deyib – son görüşdə…

***

…Həkim qız gəldi. Mənə belə bir lətifə danışdı ki, bir nəfərin 3-4 dəvəsi olur. Necəsə bu dəvələr xəstəliyə tutulurlar və başlayırlar bir-bir ölməyə. Kişiyə birinci dəvənin ölməyini xəbər verəndə başlayır saçını yolmağa, başına-gözünə döyməyə. İkinci, üçüncü… dəvə öləndə də eyni hadisə təkrar olunur. Ancaq axırıncı dəvəsinin öldüyünü ona xəbər verəndə kişi başlayır sevincindən qışqırmağa. Nökəri təəccüb içində soruşur ki, nəyə sevinirsən? Kişi belə cavab verir: “Ona sevinirəm ki, daha ölməli bir şey qalmadı”.

***

…Müslüm vəfasız çıxdı Üzeyir bəyə – ayrıldı ondan…
Qara Qarayev, Fikrət Əmirov, Niyazi Üzeyir bəyin, Müslüm bəyin mənəvi övladlarıydılar. Onlar iki böyük klassikin yadigar qoyub getdikləri çox ənənələri davam etdirdilər. Nə qədərli ki, ustadların bu acı ənənəsi də onlara irs qaldı…

***

Müslüm Maqomayev. Belə bir bəstəçimiz, belə bir dirijorumuz olub. Hamı kimi o da bir ömür yaşayıb! Uğurları da olub, büdrəmələri də, faydalı, dəyərli işləri də olub, nöqsanları da, sevincləri də olub, kədərləri də, gerçəkləşən ümidləri də olub, həyata qovuşmayan arzuları da…

***

Uyuyur…bixəbər bu vəlvələdar,
Bu səfasız, vəfasız aləmdən.
Uyuyur… bax nə xoş, gülər üzü var,
Şaşırır şübhəsiz bu halı görən.
İndi royada kim bilir, bu mələk,
Hanki aləmdə əylənir gülərək,
Uyuyur…çox sevimli, çox məsum…

***

Soyadı, soyadına vurulan möhür, çəpər olmuşdu o dərd duyacaq, dərd anlayacaq adamlara. Yaşaya-yaşaya dözmüşdü, dözə-dözə öyrəşmişdi soyadının ağır qismətinə.

***

Gecənin soyuqluğu xəfif səhər küləyinə çevrilmədədir. Quşcuğazların səsi işıqlanma xəbəri verirdi. Dan yıldızı yenicə çıxır, gecənin soyuq nəfəsi ilə donmuş buludları ilıq şüası ilə isindirərkən mənim səadətimin dan yıldızı yenicə sönür, qaynar qəlbim isə kədər buzları ilə donurdu… Yarpaqların şehi çəkilərkən mənim gözlərim yeni-yeni yaşla dolurdu… Neçin?…

***

Ədəbiyyatda hansı yolun yolçusu olmaq, kimdən və nədən yazmaq məsələsini insanın iradəsindən asılı olmayan daxili bir cazibə idarə edir.

***

– Cavid əfəndi, mümkünsə tərcümeyi-halınızı yazıb gətirin, çap eləyək.
– Ruhulla, Siz istəyən kimi yazım, yoxsa necə varsa elə?
– Cavid əfəndi, necə yəni “Siz istəyən kimi?” Əlbəttə, necə varsa, elə yaz.
– Onda tərcümeyi-halım müsibətnamə olar.
– Eləsə, yazma, istəməz.

***

Niyə axdı, niyə günahsız qanlar,
Niyə susdu, niyə soyuq vicdanlar?!
Əsrin cinayəti açılmayacaq
Tarix gizlədəcək varaqlarında.
Sorsa da gələcək nəsillər ancaq
Qalacaq suallar dodaqlarında…

***

Cavid danışırdı ki, dəftərlərimi, paltomu, bir düzüm dublikatım vardı – onu götürdüm. Kimsə soruşdu: “Sağ qalmaq ümidi varmı?” Dedim: “Çıxmayan cana ümid çoxdur”.

***

Düşündüm ki, bitər hicran dəmləri,
Doğar günəş, susdurar matəmləri,
Gülzarı süslərkən xoş qədəmləri
Boyun bükər bənövşələr, zanbaqlar.

Heyhat!.. Ortalığı zülmətlər aldı.
Tale yarı yardan aralı saldı.
Öksüz ruhum didarə həsrət qaldı,
Qanatdı könlümü xain dırnaqlar.

***

Gəldin də neçin pənbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

***

Bir dəfə oturmuşdum. Gəldi gördü bikefəm. Dedi: “Bax, əsil qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şer yazmaq lazımdır. Canın sağ olsun, həmişə belə qalmayacaq ki!”.
Cavid “Qaçqın” şerini o vaxt yazmışdı.

***

1921-ci ildə mən bərk xəstələndim. Bir gün Cavid, kitablarından bir neçəsini ayırdı. Soruşdum: “Neyləyirsən onları?” Dedi: “Bir nəfər istəyib, ona verəcəyəm”.
Cavid iki-üç saatdan sonra qayıdıb gəldi, mənim dərmanımı, qənd, çay, çörək, ət alıb gətirmişdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim. Amma özü çox fikirli idi. Ağladım. Çünki görmüşdüm ki, Cavid apardığı kitabların hər birini neçə dəfə əlinə alıb yerə qoyurdu.
Məni ağlayan görəndə Cavid yaxınlaşıb saçımı sığalladı: “Adam dar günə dözümlü olar. Həmişə belə olmayacaq ki!”
Dedim: “Sən darıxdığına görə ağladım”.
Dedi: “Keçib gedər, darıxma. Dar günün ömrü az olar, acısı çox”.

***

Bir qonaqlığa, ya toya gedəndə deyərdi: “Gec gedək, tez gələk. Adam bir yerdə 4-5 saat otura bilər?”

***

O dövrün tənqidçilərindən biri elə sözarası deyir ki, mən “İblisi” başa düşmürəm, Cavid əfəndi.
– Mən onu baş üçün yazmışam, boş üçün yox.

***

Müsavat dövründə dövlət himninin mətnini yazmaq ona tapşırılanda “mən sifarişlə şer yazmıram” deyib boyun qaçıran kimi, sonralar onu “niyə sənin şerində traktorlar yoxdur?” deyib qınayanlara, məzəmmət edənlərə də məhəl qoymadı, rişxənd etdi.

***

Get, bəllidir insandakı xislət,
Sizlərdəki ülfət – sonu vəhşət,
Sizlərdəki şəfqət – sonu nifrət,
Sizlərdəki rəhmət – sonu lənət!..

***

Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs mənə aciz qul ikən, bəslər ədavət,
Lakin məni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sənə, bil nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan,
Daim ayaq altında sönüb məhv olacaqsan.
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş sovuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşgünü divanə bəbəklər.
Min hiylə quran tülkü siyasilər, o hər an
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan.
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən məni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çeynətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…
Mən tərk edirəm sizləri əlan nəmə lazim!
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
İblis nədir?
Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
İblis!..

***

Kişi ağlamaz. Sınar, əyilməz.

***

Dərd nə qədər yandırsa da, üzsə də adama qəribə bir bacarıq verir. İki daşın arasında olanda da ən ümid gəlməyən bir çıxış yolunu axtarıb tapa bilirsən, beynin sanki daha sürətlə işləyir.

***

Ən qorxulu səs nədir görəsən?
Döyülən qapı səsi qorxuludurmu?
Onlar üçün bu səs – döyülən qapı səsi ürəklərini lərzəyə salan, içərilərini səksəkə ilə saran vahiməli bir uğultuya bənzəyirdi. Sanki əsəblərinin tellərini qapıya bənd etmişdilər. Qapı döyüləndə dartılırdı, gərilirdi o əsəb telləri, tükürpədici bir qorxu gəmirirdi içərilərini. Bir zamanlar qapının döyülməsi onlarda maraq, sevinc oyadardı. İndi qapı onlar üçün bədbaxtlıqdan xəbər verən həyəcan təbiliydi.

***

Köhnə nağıldır. Çapqınçı bir hökmdar əsgərlərini göndərir bir varlı-sərvətli kəndi talan etməyə. Gedirlər, soyurlar, talayırlar, qayıdırlar. Hökmdar soruşur: “Neyləyirdi o kəndin camaatı siz bunları yığdıqca?”
Hönkür-hönkür ağlaşırdılar.
Demək, hələ onlarda çox şey qalıb. Bu nədir gətirmisiz? Yenə gedin görün nə var.
Əsgərlər bir də gedirlər, bir də əlidolu qayıdırlar.
Hökmdar baxır gətirilən qənimətlərə, yenə soruşur:
Neyləyirdilər?
Ağlaşırdılar, şah sağ olsun!
Məlunlar! Hələ çox şeyi verməyiblərmiş ki! Bir də gedin.
Beləcə, hökmdar dörd-beş dəfə əsgərlərini göndərir o kəndi yağmalamağa.
Əsgərlər, talançılar axırıncı dəfə qayıdanda deyirlər ki, şah sağ olsun, qəribə şeydi, bu dəfə gülürdü o kəndin camaatı.
Bu sözə şah da gülür:
Zalım balası, gülməyib neyləyəcəklər ki! Nə qədər ki, əllərindən alına biləcək şeyləri vardı, aylayırdılar. Daha getməyə bilərsiz. Heç nə qalmayıb onlarda.

***

– Yaman nadincdi, səhərdən-axşamacan atılıb-düşür. Ona görə də bir dəridi, bir sümük, ətə-cana gəlmir.
– Elə demə, Mişkinaz. Uşağın nadinci yaxşıdı. Mənə çəkib. Uşaq vaxtı elə mən özüm də az aşın duzu olmamışam.
– Onu bilirəm, bacın deyirdi Hüseyn məktəbə gedəndə qonşu arvadlar sevinirdilər ki, uşaqlarımız bir-iki saat rahat olurlar. Amma öz aramızdı, həmin nadincliyin indi də başından getməyib. Gecə vaxtı bir yerdən gələndə tanış qapını döyüb çıxıb getməyin nadinclik deyilmi?
– Təki adam saç-saqqalı ağaranacan nadinc olsun. Ancaq ziyanəvər, mərdimazar olmasın. Mənim istəyim budur ki, Ərtoğrol həmişə nadinclik etsin, amma xeyirxah, ağıllı olsun.

***

Bir çiçək ki, yeni açmağa başlar,
Görənlər bir yarpaq həmən qoparar.
Ona toxunanlar həpsi vicdansız,
Könül çalan əfi, canavar, qansız.
Sonra çiçək incə boynunu büküb,
Göz yaşı yerinə zəhərlər töküb,
Gündən-günə solur tikənə dönür,
Gözündə parlayan səadət sönür.

***

Bir qayda olaraq Ərtoğrola baş rollar tapşırılardı. Çünki onda çox güclü qiraət qabiliyyəti vardı. Tək bircə dəfə “Otellonu” keçəndə Ərtoğrolun təklifiylə baş rol mənə verildi. Çünki yoldaşlarımız arasında belə bir fikir dolaşırdı ki, Otellonun ərəbcə əsl adı Ətaulladır – yəni Allahın bəxşişi. El dili ilə desək – Tanrıverdi. Xülasə, Ərtoğrol o vaxt mənim rəqibim Yaqonu oynamalı oldu.

***

Yenə şahmata qapılır. Mat təhlükəsi var. O bu təhlükədən qurtarmaq üçün yol arayır. Ən ümidsiz hallarda belə, hardasa bu yol var, tapılandır. Burda hər şey sənin ağlının, beyninin qüdrətindən asılıdır. Bəs həyat şahmatı səni “şah”la hədələyəndə neyləyəsən? Bu matın cəngindən necə qurtulasan?

***

Həyat mütəmadi şahmatdır.

***

Cır səsli bir nəfər üzünü mənə tutub dedi: “Evin kişisi olmadığından mənzil sahəniz artıqdır indi. Təhvil verib başqa evə köçməlisiniz”.
Elə bildim qulağımda bomba partladı. Dedim: “Mümkün qədər münasib yer olsun”.
Onlardan biri dedi: “Baxarıq”
Məndən sonra bir qadın xahiş elədi: “Mənim üçün gün düşən ev olsun”.
Masa başında oturanlardan biri yanındakına dedi: “Onların arvadları kurort istəyirlər”.

***

Anacan ağlama. Bir gün gələcək haqq üzə çıxacaq. Biz öməmişik ki, sən ağlayasan. İnsanlıq, şərəf, mənlik yerindədir. Onları itirmək silinməz ləkədir. Ev, əşya – bunların dərdini çəkmə.

***

Zatən bu bir qanundur: siyasət rol oynarkən, ədəbiyyat susar. Təbii susmalıdır da…

***

İnsanın içində bahar güləndə həyatın ən ani zövqləri də böyük ləzzətlərə çevrilirmiş.

***

“Biz Hüseyn Cavidin pyesini tənqidə cəsarət etməyiriz. Çünki Cavidi tənqid üçün ikinci bir Cavid lazım gəlir ki, o da zənnimizcə bizdə yox kimidir”.

***

Ancaq bəzən bir insan ömründən daha artıq yeriyə, adamı qaranəfəs edənə qədər yürüyə bilirmiş. Bir insan ömrünü bitirəcək qədər dəhşətlə yürüyə bilirmiş.

***

Sükutun əks-sədası olurmu?
Bu hal, olmayan bir cismin kölgəsi qədər gülüncdür. Sükutun əks-sədası yenə də sükutdur.

***

Ən qorxunc səs müxtəlif elektrik qütblərinin çaxnaşması – ildırım, uçurumlardan qıjıltı ilə hücum edən şəlalə, nərilti ilə ərzi titrədən topların gurultusudur.
Lakin içimizdə, iradəmizlə hisslərimizin çaxnaşmasını, arzularımızın həyat uçurumundan yuvarlanıb gerçəklik qayalarına çarparaq parçalanmasını, ruhumuzu oxşayan gözəl bir qızın baxışlarından qəlbinizə atılan atəşi duyun, dinləyin!
Hansı daha dəhşətli? Hansı daha sarsıdıcı? Əvvəlki hadisəmi, sonrakı sükutmu?
Budur sükutun hikməti.

***

İradə və hiss. Birincisinin inkişafı ideyaya, ikincisinin alovlanması ehtirasa varır. İradəsi hissinə qalib gələnlər xoşbaxt, hissi alovlanaraq iradəsini yaxanlar bədbaxtdır.

***

Bir dəfə bazardan gəlirdim. Gördüm Müşfiq oturub pinəçinin qapısının yanında. Böyük bir daşın üstündə. Ayaqqabısının bir tayını çıxarıb. Usta da nəsə tikir.
Müşfiq məni görüb qalxdı ayağa. Gülüb dedi ki, kasıb oğlanıq, nə edək? Dedim: “Canın sağ olsun. Adın üstündədi”. Bizə tez-tez gələrdi. O günün axşamı da gəldi. Dedi: “Cavid əfəndi, ayaqqabımı yamatmışam, indi təzədi”. Cavid: “Adın yamaqlı olmasın, ayaqqabının fikrini çəkmə. Onu təzəsi ilə əvəz etmək olar, adı yox”, – dedi.

***

Darıxmayın, mərd olun. Bu da bir cərəyandı keçib gedəcək. Mərdlik, namərdlik, kişilik, nakişilik hamısı bu illərdə məhək daşından keçmiş olacaq…

***

Bir vəhşi gövərçin kimi mən də,
Şən könlümü azadə dilərdim.
Seyrana çıxıb dağda, çəməndə,
Güldükcə günəş mən də gülərdim,
Şən könlümü azadə dilərdim.
…Qəlbimdə sönər incə həvəslər,
Dişlər məni altunlu qəfəslər,
Ruhumda qopar ən acı səslər,
Mən bir quzu olsam da mələrdim,
Şən könlümü azadə dilərdim.

***

Elə baxma. Neyləsin, onun da vəzifəsi budur. Ən böyük cəza bu deyil. Təmiz adına ləkə vurulması, başı-qulağı üç qəpiyə dəyməyənin qarşısında dayanıb təhqirli sözləri dinləmək, anlamaz qarşısında susmaq, anlatmaq haqqının olmamasıdır. Elə təhqirli sözlər deyirlər ki, dözmək mümkün deyil. Əsl xain yaxşıları pis adlandırıb məhv edənlərdir. Vaxt gələcək bu günahsız, bu ləkəsiz, xalqa, vətənə çox faydalar verə biləcək, ancaq vaxtından əvvəl itirilmiş adamlardan ötrü təəssüflər ediləcək.

***

Xayır, məyus olma! Kədərli günlər
Qara bulut kimi tez ötüb keçər,
Səadət yıldızı er-gec gülümsər,
Bugünkü dəhşətdən qalmaz bir əsər.
Unut, unut hər dərdi, iztirabı…

***

Mənə gülməkdəsiniz gərçi bu gün,
Var yarın sizlər üçün qorxulu gün.
O zaman iştə ölənlər dirilər,
Kim nə yapmışsa cəza çəkdirilər.

***

Eh Mişkinaz! Bizimki belə gətiribdir. Nə qarın dolusu yedik, nə əyin dolusu geydik, nə ürək dolusu sevindik. O birilərsiz keçinmək olar. Heç olmazsa adam ürək dolusu danışsın. Bu da bizə qismət…

***

Uçunurdu.
Uşaqları öpərsən. Yaxşı dostlara, qonşulara salam de. Darıxmayın. Əlvida.
Yox, hələlik. Yaxın vaxtda görüşə qədər.
Yenə təəccüblə qaşlarını qaldırıb vəfalı qadınına baxdı. Əsəbdən səyriyən dodaqlarını dişləyib titrək səslə dedi:
Sən deyən olsun. Ağlar gözlərin gülsün.
Amin, əzizim…

***

Bədbaxtlar! Gör ağsaqqal ata oğluna necə tərbiyə verir. Dəftərini itələdi kənara:
Sən allah bənd olma. Onsuz da onlar düzələn deyil.
Niyə düzələn deyil, ay Mişkinaz? Bu cür gözəl üzüm yetişdirə bilir, niyə balasını adam kimi böyütməyə gücü çatmasın!

***

Kərbəlayı, kaş yatanlarımız hamısı elə sənin kimi tez ayılaydı. Onda dərdlərimiz də tez sağalardı.

***

Cavid də onun adı çəkiləndə əsəbiləşərmiş ki, əlifi beydən seçə bilmir, iki nəcib heyvanın yemini bölüşdürməyə qadir deyil, bizə sinfi qüvvələrin tənasübündən möizə oxuyur.

***

“Mən hamballığı, xidmətkarlığı çox ziyadə sevərəm. Fəqət…mənliyimi satmaq, əsir olmaq istəməm. Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir. Əsarət zəncirinə bağlanmaq, o müləvvəs qeydi çəkməyə razı olmayıram.

***

Hətta çar polisi də haqqın atasını yandırmayıb.

***

Sənədlər yaşayır. Onlar insan əməlinin məhsullarıdır. Vaxt divanı zamanlar ötəndən sonra sənədləri sıralayanda, saf-çürük edəndə, qarşılaşdıranda onları yaratmış insanlardan daha artıq və daha əvvəl onları doğurmuş günü, mühiti, ab-havanı sorğu-suala çəkir.

***

Yetər çıldırdınız hökumət! – deyə,
Evləri yıxdınız, ədalət! – deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
Qanun deyə doğruluqdan caydınız,
Xalqın namusunu heçə saydınız.
…Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?

***

Dediyim kimi, 1978-ci ildən Memarlıq və İncəsənət İnstitutunun elmi arxivində axtarışlar aparmışam və uzunmüddətli müşahidələrdən sonra bu təəssüflü hadisəyə şahid olmuşam ki, 30-40 il qabaq toplanmış, işlənmiş əlyazmaların, sənədlərin xeyli hissəsi indi harasa yox olub, bəzilərinin vərəqləri qoparılıb, hansılarısa müəyyən adamların evlərinə köçüb.

***

Ərtoğrolun M.Lermontovdan tərcüməsi:
“Mənim belə coşğunluqla sevdiyim,
Sən deyilsən, sönükdür gözəlliyin.
Sevdiyim yalnız – keçmiş iztirablar,
Bir də hədər olmuş məsum gəncliyim”.

***

Üçü də təxminən eyni böyüklükdə – 8-9 kvadrat metr olan, faner divarlarla sərhədlənən daxmalardan birində Qərənfilgil, birində Mişkinazgil, birində də göyərçinlər qalırdılar.

***

Qələnin qədrini bilin, Yılmaz bala. Sizin əziyyətinizi çox çəkib. Kipriyi ilə od götürüb, özünü oda-közə vura-vura sizi boya-başa çatdırıb. Biz idik ki, o möhnətin yükünü daşıdıq. O yükü hambal Dadaşın belinə qoysaydın yerə atardı. Eh… Allah ki bizə bu qədər qəm verdi, olmazdımı gönümüzü də bir az qalın edəydi?

***

Ürəyin necədi, Ana?
Necə olacaq, ürəyim сердце olub.
O nə deməkdi, ay Ana?
Sözümə baxmır da! Сердце olub – yəni sərçə…
Bu sözlərində, bu zarafatında Mişkinaz həmin Mişkinaz idi. Ağrılara, sıxıntılara, çətinliklərə əyilməyən, onların dəyanətlə, təbəssümlə qarşılayıb məğlub edən dözümlü, məğrur Mişkinaz…

***

Bəzi parçaları oxuyuram. “Xanəndəlik və nəğmələrimiz” başlıqlı fəslin ilk səhifələrində bu cümlə fikri cəlb edir: “İranda tar çalmağı öyrənən Mirzə Ələsgər adlı bir adam tarı ilk dəfə XVIII əsrin ikinci yarısında Qarabağa gətirir”. Bu, şübhəlidir. VII əsrdən başlayaraq ərəb, sonra fars kulturası Azərbaycana təsir edərkən instrumentlərə təsir etmirmi? Təsir edən musiqi bəs hansı instrumentlərdə ifa olunurdu? Tarın Azərbaycanda varlığını min il əvvəldə axtarmalıykən XVIII əsr yanlış görünmürmü?

***

Cavid əfəndi, Ərtoğrol ikinci kursda oxuyanda mən APİ-nin ədəbiyyat fakültəsini bitirdim. O vaxt bizə yandırılması lazım olan kitabların siyahısını vermişdilər. Evimizdə divar sobası vardı. O kitabları bir-bir sobaya atıb yandırdım. Ancaq “Keçmiş günlər”i, “Bahar şəbnəmləri”ni, daha bir neçə kitabı ora atmağa ürəyim gəlmədi. Qəzetə büküb iplə bağladım. Getdim bulvara. Orada dənizə düşmək üçün körpülərə yaxınlaşıb axşam qaranlığında bağlamanı suya atdım.
Cavid acı-acı gülümsünür.

***

Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu.

***

Annə! Göz yaşları versəydi nicat,
Mən də ağlar, üzülürdüm, heyhat…
Yoxsa əzmində mətanət er-gec,
Boğacaqdır səni azğın bir heç.
Könül istərsə geniş hürriyyət,
Bir düyün zövqü verir hər dəhşət.
Hər bəla gəlsə köküs gər də bir az,
Bizi məhbəs və ölüm qorxudamaz!

***

“Kəsbi-ürfan için, fəzilət işin
Durma, yüksəl!” – deyirsən…İştə mənim
Ən böyük, ən sevimli amalım,
Qayeyi-məqsədim budur. Lakin
…Gecə-gündüz çalışsam, uğraşsam
Yenə ən son nəticə heçlikdir.

***

Ellərin torpağı gül bitirəndə
Saraldı güllərim kül oldu neylim?
Özgələrin gölü dənizə döndü,
Dənizim qurudu göl oldu neylim?

Düşmən qabağında, ər meydanında
Büdrədi Qır atım, yoruldu neylim?
Ömrümdə bir kərə uçmaq istədim,
Yerdəykən qanadım qırıldı neylim?

Gözəllər içində bir Sona seçdim,
O da başqasına vuruldu neylim?
Bir çara tapmadı dərdli könlümə,
Axdı gözüm yaşı, sel oldu neylim?

***

Tale özüməm, baxt mənim öz hünərimdir,
Zira ki, bu dünyada nə baxt var, nə də tale.

***

Yazının tərzi vaxt ötəndən sonra köhnə görünə bilər. Bu qorxulu deyil. Qorxulusu odur ki, mövzuların günün hay-küyüylə bağlı olsun və hay-küy yatan kimi unudulsun. Məsələn, baxın, indi Çan-Kay-şidən yazırlar, şer də həsr eləyirlər ona. Ancaq görərsiz, çox keçməyəcək o yazıların çap olunduğu qəzet-jurnalın vərəqləri yalnız…əl silməyə yarayacaq.
Tahirlə mən gülüşdük.
Doğrudan da, çox keçmədi Cavid deyən düz çıxdı.

***

Görürdü qanım qaradır, astaca yaxınlaşıb çox ciddi bir tərzdə deyirdi: “Sən mənim fırçamsan”. Bir az da dilxor olurdum: “Yaxşı bir şey tapmadın məni oxşatmağa?” Qımışırdı: “Bəyəm fırça pisdir? Sən mənim həyatımı əlvan rənglərlə boyayırsan, ona görə də belə deyirəm”.

***

Bir dəfə Mehdi Hüseyn Babaya xırda burjua yazıçısı demişdi, o da hirslənmişdi ki, xırda özünsən. Yenə böyük burjua yazıçısı desəydin adamı yandırmazdı. Xırda burjua ona deyərlər ki, qoltuğunda həsir səbət, işində beş-on yumurta, yanında üç-dörd yoluq cücə, bazara çıxıb alver eləyə. Mən onların şairi olarammı?

***

Nə dəhşətli üzləri varmış ana olmağın! Dünyadakı sevgilərin ən qəliziymiş övlad sevgisi.

***

Hamımız gedəcəyik. Gec-tez…Bizdən sonra nə qalacaq? Niyə çox zaman unuduruq bu barədə düşünməyi? Ömrümüzün sarayından gündə bir kərpic düşdüyünü bilirkən nədir insanlardakı bu soyuqluq, biganəlik?

***

Asudəlikdə, qorxudan-hürküdən uzaq ikən ləyaqətli görünmək nə asan! Hünər odur iki daşın arasında olarkən mənliyini, insanlığını, nəcibliyini hifz edə biləsən. Cavidin özü məgər Stalinin varlığını görmürdümü? Görürdü, amma ona bir misra da şer həsr etmədi.

***

Yorğun gözü həsrətli üfüqlər kimi dalğın…

***

O zəif, o ağrılı, tez-tez müalicəyə ehtiyac duyan gözləri nə qədər iti, nə qədər həssas, nə qədər nurluymuş. Eynəksiz baxanda ətrafı duman içində, tor görən o zəif gözlər insanı, dünyanı, hadisələrin iç qatını, duyğuların təkini, düşüncələrin həm tərsini, həm avandını nə qədər dəqiq, aydın görə bilirmiş. Daha artıq – görə bilmədiyimiz çox həqiqətlərə bizim də gözlərimizi açmağa qadir imiş. Çünki o, yaşadığı günlərə, içərisində olduğu vaxta gələcəkdən baxa bilirmiş…

***

Ürəyindən kipriklərinə gəlib çatmış acı, isti göz yaşlarının bundan sonra görünmək haqqı yoxdur. Daha heç vaxt dözümün cilovunu boş buraxmaq olmaz. Duyub bunları və o gecə hönkür-hönkür ağlayıb.

***

Mən taleyə, vaxta, insanlara çox şeyi bağışlaya bilərəm. Amma o göz yaşlarını heç zaman, heç cürə bağışlaya bilmərəm, bilməyəcəm!

***

…Nə etməli ki, ataların ən ağır dərd saydığı ölüm və ayrılıq bu çətin günlərdə bizə də qismət oldu. Lakin daha ağır dərd ayrı düşüb qəriblikdə həsrətlə ölməkdir…

***

“Belə…deməli hər şey bitdi…Deməli, boş yerə yaşamırıqmış, boş yerə dözmürükmüş, boş yerə ümid etmirikmiş…”

***

…Baxt, vaxt. Bu sözlərin bənzəyişi yalnız görünüşlərində, səslənişlərində deyil. Bu iki sözün əsl oxşayışı nüvələrində, cövhərlərindədir. Xoş baxt əslində elə xoş vaxt, xoş keçən əyyam, üzə gülən gün, asudə güzəran, şad dövran deyilmi?…

***

O günlərin böyük səadəti sonrakı illərdən görünürdü və sonrakı illərin mənzərələri bir qəm dastanının boylayırdı.

***

Mişkinaz Turanının xatirinə ürəyi ağlayanda gözlərinə gülmək öyrətmişdi…

***

Heç vaxt, ən yaşanılmaz günlərdə, ən dözülməz hadisələrdən sonra belə Turan anasının dilindən “şükür”dən qeyri söz eşitmədi.

***

Turan bu deyişə də gülümsünürdü, anlayırdı ki, anası deyən həqiqətdir ki var nə qədər ki, bu dünyada qəmin, dərdin sonu yoxdur – dözüm, səbir diri olmalıdır, nə qədər ki, ən çəkilməz qəmdən də böyük qəmin mümkünlüyü mövcuddur, “şükür” anlayışı da unudulmamalıdır.

***

Cavid əfəndi
(Məni görəndə təəccüblə soruşdu) Saat onbiri keçib. Niyə yatmamısan?
Cavid əfəndi, dünyada bir arzum varsa, o da bu saat çarpayıda uzanıb yatmaqdır. Amma içəri keçə bilmirəm. Cəmaləddin məni görsə fəlakətdir. (bu “fəlakətdir” sözünü də qəsdən dedim, çünki Cavid əfəndi o sözü tez-tez işlədirdi)
Bəs hara getmişdin?
“İblisə”
Çox iblisanə hərəkət etmisən.

***

Atamla anamın xeyir-duasını verən də elə Cavid dayı olmuşdu. Atam tarix müəllimiydi. Naxçıvana göndərirlər onu. Anamla tanış olurlar, qaçıb gəlirlər Bakıya – Cavid dayıgilə. Cavid dayı Naxçıvana məktub göndərir ki, kaş evlənənlərin hamısı tayını belə tapaydı. Uşaqlar bizdədirlər.

***

Və Yaponiyada – Kieto şəhərində Ryoandzi adlanan bir bağ var. O bağın ağappaq qumluğunun üstünə yonulub hamarlanmış 15 qara daş atılıb. Özü də bu daşları elə dəqiq bir düzümdə yerləşdiriblər ki, bağın istənilən nöqtəsindən baxanda yalnız 14 daş görünür. Mütləq 14. Nə qədər qalxsan da, ensən, əyilsən də, o tərəf bu tərəfə keçsən də, eyni vaxtda 15 daşı görmürsən. Bir daş həmişə sənin üçün görünməz, məchul, yox kimi qalır. Amma bilirsən ki, hər halda burda 14 yox, 15 daş var.

İstənilən ömür, istənilən tale bizə nə qədər yaxın, nə qədər məlum olsa da, onun əlimiz çatmayan, fikrimiz yetməyən, gözümüzdən yayınan çoxlu-çoxlu parçaları var. Xatirələrin, yaddaşların çırağı bizə qaranlıq qalan o ömür görünməzliklərinin çox küçələrini, çox döngələrini, çox dalanlarını görünən edir. Amma yenə də, həmin o görünməyən 15-ci daş kimi ən azı bir ömür dayanacağı bizlər üçün örtülü, qapalı, pərdəli qalır…

***

Nədəndir ki, bir tarlanın başına fırlandığımız çiçəkləri asta-asta qalxmağa macal tapmamış, əkilməmiş qanqallar, alaqlar onlardan qabağa keçir, onlarda daha tez boy verir?..

***

Nerdə beş kölgə görür ördəklər
Vaşlayır nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zövqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşman görürəm,
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…

***

Sən bir makinasan: qırıq və miskin…
Çəkməlisən yükləndiyin hər başı,
Bu baş olsa belə xırsız oynaşı –
Çarə nədir, kəndin öyüb bəyəndin.
Əvət, sən acından ölüm dilərkən,
O çapqınlar saraylarda əylənir,
Saçmalar söylənir, sazlar köklənir,
Fəqət həp əzilən, həp qəhr olan sən!…

***

…Yazı yazan mən olsaydım, ömür filminin montajçısı mən olsaydım, belə etməzdim. Dadsız, rəngsiz, nisgilli, sarsıntılı, həsrətli, əzablı parçaları qırıb atardım. Sevincləri sürəkli, ümidləri gerçəkli, həsrətləri bitimli parçaları saxlardım.

***

Bir xəyal (iştə məhal olsa da)… Mən
Tanrı olsaydım əgər, gerçəkdən
Ya bu insanları xəlq etməz idim,
Əgər etsəm, yaşadardım daim –
Şadü məsud…

Hərçənd belə həyat İblisə süst, şit, cazibəsiz görünür və insanların qayğıkeşi kimi hiddətə gəlib bu cür yaşayışa etiraz edir:

Səni çox aldatıyor hissiyyat,
Öylə yekrəng olaraq keçsə həyat,
Bıqar insan, yaşamaqdan yorulur
Yaşayış bəlkə də mənasız olur.

***

Amma hər halda bəşər nə xoşbaxtdır ki, dünyada Vaxt deyilən uludan ulu bir tərəzi var. İnsan İblisin fitnəsinə, mühit İblisin əsarətinə qapıla bilər. Ancaq Vaxt bu uymalardan, bu aldanmalardan, bu köləlikdən azaddır. Vaxtın gerçəkçi güzgüsündə olmuşlar boyasız, pardaqsız: həqiqətlər xıltsız, örtüksüzdür.

***

Simurq quşlarının min il uçmaq ilə yetə bilməyəcəyi Vaxt zirvələrindən iblislik həmişə son ucda məğlub, öləri, unudumlu; İNSANLIQ izli, qaları, yaşarı görünür. Belə olub, belədir və insanlı dünya durduqca belə də olacaq…

***

Sərt həqiqətləri demək olmayıb, cəmiyyətimizin mürəkkəb həyatında qarşılaşdığımız danılmaz nöqsanları, rastlaşdığımız ən nəhəng qüsurları, fəlakətə, faciəyə qədər ucalan cinayətləri pərdələmək, ört-basdır etmək, suvaqlamaq, çəhrayı rəngə boyamaq meyara çevrilib.

***

Toxunulmaz mövzular, müzakirəsiz əməllər, danışılmaz dərdlər, çəkilməz adlar kimi tabular doğulub…

***

Azər

Fənalığı, zülmü təzvic edənlər
O pis bataqlıqda kəndisi inlər.
Bir alçağa qarşı quyruq sallayan,
O alçaqdan daha səfildir inan.

Gənc

Köylü nə yapsın ki, nerəyə getsə
Rast gələcəkdir şu xain iblisə.
Postaxanə, divan onun əlində
Kim etiraz etsə, həmin bir gündə
İnqilab düşməni deyə həbs edər,
Yurdundan, evindən olur dərbədər.

Azər

O halda bir molla çağır…bir kərrə
Fatehə söyləsin sizin köylərə.
Bir ölkə ki, səsi-ünü çıxmaya,
Haqsızlığa qarşı yumruq sıxmaya,
O bir məzarlıq ki, görənlər şaşar,
İçində həp canlı ölülər yaşar.

***

Amma qarşıdan sabahlar gəlir. İrəlidən bizə böyük gələcək gülümsəyir. Nigaran dünyamızın böyük gələcəyi. Umudlu gələcəyi. Və o böyük Gələcəyin parlaq üfüqlərinə aparan ən düzgün, ən aydın, ən qısa yol həqiqət yoludur. Beyində düşünülən, dildə söylənən, yazıda görünən, kütlələrin tamarzı qalmadığı bütöv, örtüksüz, boyasız həqiqət…

***

Mənə yan baxsa əgər anlamayan,
Sanma eylər buna ruhum üsyan.
Anlayanlar belə yan gözlə süzər,
O baxışlar məni üzdükcə üzər.

***

Təbii ki, vulqar sosiologiya liliputlarının gödək arşını, ədəbiyyat təlxəklərinin dar qursağı Cavid yaradıcılığını nə doğru ölçə, nə də həzm edə bilirdi. Yük tərəzinin imkanlarından qat-qat üstün olanda tarix boyu həmişə belə istənilməz hallar meydana çıxıb.

***

1926-cı ildə Xalq Maarif Komissarlığının göndərişi ilə Almaniyaya gözlərini müalicəyə gedib-qayıdandan sonra qarayaxa, bədxah birisi Cavidə tənə vurur ki, düz adamıydın Almaniyaya niyə getmişdin və Cavid də qəzəbini saxlaya bilmir: “Sən getsəydin, orda qalardın”.

***

Hər şeydən yorulan insan qaranlıq gecələr, çıxılmaz dərin şübhələr içində yuvarlanaraq yenə bir sabah arar. Halbuki o sabahın varlığıyla yoxluğu birdir.

***

Mən sizə nəşə, şətarət vermək istəyirəm. Hər şeyi nəşə ilə yapın, daima gülün, əylənin… Fəqət gül dərmək için tikənlərə dayanmalı, yaşamaq için ölməli, istirahət için əziyyətə qatlanmalı…

***

Mən sizi sağlam düşüncəyə dəvət edirəm. Sağlam düşüncə yanılmaz bir pusula (kompas) kimi səni yaşadır, yüksəldir.

***

Vəzifə borcu var, vətəndaşlıq borcu, mənəvi borc var. Vəzifə borcunu yerinə yetirməyə məcbursan. Etməsən, sənə cəza da vermək olar, işdən çıxarmaq da. Mənəvi borc ki, belə deyil. Bu, ləyaqət, insanlıq, həssaslıq məsələsidir. Hansısa çətinlikdən, sıxıntıdan qorxub mənəvi borcunu yerinə yetirməkdən boyun qaçıra bilərsən. Cəza verən olmayacaq sənə. Bəlkə tənə vuracaqlar, bəlkə arxanca danışacaqlar. Nə olsun? Vəzifənə, kabinetinə, tutduğun rahat məqama ki, bunun inzibati təsiri olmayacaq.

***

İnsanları dərd, ağrı, acı, müşkül sınaq qədər bir-birinə yaxınlaşdıran qüvvə varmı?

***

Şaxta hər şeyi dondurmuşdu. Təkcə göz yaşları donmurmuş. Göz yaşına Sibir şaxtasının da gücü çatmırdı…

***

Bu ömür yuxu ilə gerçəkliyin, xəyalla həqiqətin qovuşağında yaşanan qeyri-adi bir ömürdür. Qarışmış telefon xətlərinə, üst-üstə düşüb eyni vaxtda səslənən müxtəlif radio dalğalarına bənzəyir bu ömür.

***

Cavidi ittiham edirdilər ki, o, günün nəbzini tuta bilmir. Demə o, əsrin nəbzini tuta bilibmiş.

4.5 (90%) 8 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram