“Ledi Frederik” (ingiliscə “Lady Frederick”) üç pərdəli komediya pyesidir. Ledi Merestonun oğlu qırx yaşlı və borclardan müflisləşmiş Ledi Frederikə aşiq olur. Anası onu evlənmək fikrindən yayındırmaq üçün öz qardaşını köməyə çağırır. Ledi Frederikin isə tamam başqa planları var.
Karandaşın izi ilə
Tompson. Cənab Fouldsun evinə gedən yolda heç vaxt problem olmur.
Ledi Mereston. Dənizdə dalğa-zad da olmur?
Tompson. Olmur, miledi. Əgər dəniz cızığından çıxsa, cənab Foulds onun dalğalarını da cəzalandırar.
***
Mən Tompsonu işə götürəndə dedim ki, ən çətin iş özünü görməzliyə vurub hər şeyi görməkdi.
***
Foulds. Mən artıq elə bir yaşdayam ki, məhəbbət, şərəf, var-dövlət hamısı yaxşı qızardılmış bifşteksin yanında sönük görünür.
***
Ledi Mereston. Qadın ondan on beş yaş böyükdü.
Foulds. Yəni anası yerində deyil. Bu özü nədənsə xəbər verir.
Ledi Mereston. O, saçlarını rəngləyir.
Foulds. Özü də zövqlə rəngləyir.
Ledi Mereston. Sifətinə də şəkil çəkir.
Foulds. Özü də Təsviri Sənət Akademiyasının üzvlərinin çoxundan yaxşı çəkir.
***
Bizim zəmanədə kübar qadının həyatı göz qabağında olan dilemmadan ibarətdi: ya müflisləşmə, ya da boşanma işiylə əlaqədar məhkəmə.
***
Vicdan əzabı deyilən şey qadınlara yaddı, üstəlik, onlar Corc Vaşinqton kimi yalan danışmağa həmişə hazırdılar.
***
Ən yaxşı detektiv keçmişi cinayətkar olandı.
***
Əzizim, ürəyindəkini açıb demək heç də nəsihətbazlıq deyil.
***
Mənim uzaq qohumlarımın maraqlı adəti var. Qəliz məqamlarda onlar əcdadlarının yanına yollanırlar.
***
Ledi Mereston. Camaat arasında söhbət gəzir ki, sən bir vaxtlar ona dəlicəsinə vurulmusan.
Foulds. Camaat arasında söhbət ancaq eşşəklərin qulağının eşitdiyi eşşək anqırtısıdı.
***
Əgər artıq London faytonçusunun gözünün odunu ala, hazırcavablığınla bir qadını hayıl-mayıl edə bilirsənsə, sənin üçün Lordlar Palatasında işləmək elə də çətin məsələ deyil.
***
Sənə ciddi bir xəbərdarlığım var, mənim balam. Sənin var-dövlətin və mövqeyin qarşında parlaq imkanlar açır. Amma bütün bunları sağa-sola səpələsən, gələcəyini zibilxanaya atmış olacaqsan. İndi üfüqlər aydınlaşıb, Britaniya yeni liderinin zühurunu gözləyir. Bununla yanaşı, həm də ingilislər öz liderlərinin adi, gözəçarpmayan məxluq olmasını xoşlayırlar. Liderin bacarıqlı və səriştəli olması onlarda ümidsizlik yaradır, onun hərtərəfli şəxsiyyət olması boğazlarından keçmir, hazırcavablığına isə qəti dözümləri yoxdu. Misal üçün zavallı lord Parnabinin taleyi. Uzaqgörənliyi ona baş nazir vəzifəsini tutmağa imkan versə də, şəxsi keyfiyyətlərinin güdazına getdi. Axı ölkənin taleyini nitqləri ütülü, səmimi olan, ağlı istər-istəməz qılıncoynadanın dəqiq zərbələrini yada salan çevik və uzaqgörən birisinin ixtiyarına vermək olar? Odur ki, hamının gözündə lord Parnabi, sadəcə, çərənçi və yüngülxasiyyət bir insan idi. Biz belələrinin həyat prinsiplərinə şübhəylə yanaşırıq, mənəviyyatlarından ciddi şəkildə ehtiyatlanırıq. Odur ki, sözlərimə diqqətlə qulaq as, əziz balam, diqqətlə qulaq as. Uzun nitqlərini bəlağətli, cansıxıcı sözlərlə zənginləşdirmə, ağır söhbətlərinə çox da duz-filan qatma, qoy şit olsun. Diqqət elə ki, təşbehlərdə təxəyyülünə çox da sərbəstlik verməyəsən, beynini hamının qabağında açıb-qoyma, ən ayıblı sirr kimi dərin bir yerdə gizlə. Və ən əsası, əgər yumor hissin varsa, onu biryolluq sil, at, küləklərin ixtiyarına ver.
***
Mereston. Bundan sonra mənim çıxışlarım hamıya dərin yuxu gətirəcək.
Foulds (Onun əlindən tutaraq). Baş nazir vəzifəsi sənin lap boyuna biçilib.
***
Admiral. O cavan oğlan lütün birisidi.
Ledi Frederik. Xoşbəxtlikdən, əvəzində, siz varlısınız.
Admiral. Necə?
Ledi Frederik. Siz deyirdiniz ki, İrlandiyada torpaq almaq heç də pis olmazdı. Orada Ceraldın evindən yaxşısını tapa bilməzsən: özülü çox möhkəmdi, çınqıllıdır. Yelizavetinsk memarlığı üslubu sizi lap heyran edəcək.
Admiral. O üslubdan zəhləm gedir.
Ledi Frederik. Çox gözəl! Axı həmin malikanə hələ on səkkizinci əsrdə yanmışdı. Sonralar onu Georgian üslubunun ən yaxşı ənənələrinə uyğun yenidən tikdilər.
Admiral. Hm.
Ledi Frederik. Təsəvvür edirsinizmi, dizləriniz üstə oğlan nəvələrinizi yelləyəcəksiniz.
Admiral. Birdən qız oldu?
Ledi Frederik. Bizim nəsildə qız nadir hallarda olur.
Admiral. Bir də deyirəm ki, mən bu haqda eşitmək belə istəmirəm.
***
Admiral. Rouzu geriyə, İngiltərəyə göndərməli olacam.
Ledi Frederik. Həm də ürəyini çatladacaqsınız, eləmi?
Admiral. Qadın ürəyi qədimi çini qab kimi bir şeydi, çat-mat ona heç nə eləyə bilməz.
***
İnanın, əgər iki sütül ürək bir-birini tutubsa, yaxşısı budur, onları evləndirəsən. Bizim zəmanəmizdə məhəbbət elə qəhətə çıxıb ki. İşdi, əgər sənə rast gəlibsə, nəbadə onu qaçırasan.
***
Ledi Frederik. Dərinə getsək, Ceraldın yaxşı cəhətləri də az deyil. O, sizin qızınıza sadiqdi. Düzdü, bir az dəli-doludur, amma bu xasiyyət istənilən gəncə ləkə gətirməkdən çox, yaraşıq verir.
Admiral (Kobudluqla). Belə de, mənə taxta kürəkən lazım deyil.
***
Ledi Frederik. Cerald bir il özünü nümunəvi aparmalıdır. Sonra evlənə bilərsiniz.
Rouz. Əgər özünü nümunəvi aparsa, adi birisi olacaq.
Ledi Frederik. Mütləq olacaq. Bütün yaxşı ərlərin hamısı dözülməz adilərdi.
***
Bir il əvvəl and içdim ki, ayağımı yorğanıma gözə uzatmaqla yaşayacam. Bu da məni müflis elədi.
***
Sual belə qoyulub: ya ər, ya gor, yəni məhkəmə.
***
Hələ ortayaşlılıq girdabına o qədər batmamışam ki, məndə vərdişlər yarana.
***
Düz geyinən bir qadının səhv eləyəcəyini ağlıma da gətirmərəm.
***
Əgər belə ağıllı olmasaydın, əvəzin olmazdı.
***
Qadınların bir zəif yeri var: bütün kartları açıb qoymaq.
***
– Bacım həmişə mənə təlqin eləyir ki, markiza titulu kifayət qədər cəlbedicidi.
– Hersoginya titulundan cəzbedici ola bilməz. Əslində isə, hər ikisi ucuz təkəbbürdən savayı, bir şey deyil.
***
Mən həmişə müşahidə eləmişəm ki, din təəssübkeşləri nədənsə qadın işvəsi qarşısında gücsüzdü.
***
Rouz. Əgər bir-birimizi atmacalarla iynələməsək, çətin, söhbətimiz maraqlı olsun.
Cerald. Gözəllər gözəli, sən mərhəmət göstər, ağıl lazım olanı götürəcək.
***
Kişi vurulanda dərhal nəsihət kürsüsünə qalxıb orada əlini belinə qoyub deyinir. Qadın vurulanda isə onun üçün hansısa «olar», «olmaz»ın heç bir əhəmiyyəti yoxdu.
***
Kişi vurulanda olsa-olsa ay işığında sonetlər yazmaq iqtidarındadı. Amma qadın vurulanda, hər halda, ona nahar da hazırlayır, corabını da yamayır.
***
Avamlıq kiməsə başucalığı gətirməyib. Əgər qız kütbeyindisə, inanmıram, ərə gedəndə bu, onun xeyrinə olsun.
***
Cerald. Ən əsası uşaq gərək dinləməyi bacarsın.
Rouz. Əlbəttə. Qulağına pambıq tıxamış uşaqdan pis nə ola bilər?
Admiral. Mənimmi nəvəm məni eşitməyəcək? Kişiliyi çatırsa, yoxlasın görüm.
***
Cerald. Sən heç Rouzdan gözəl məxluq görmüsənmi?
Ledi Frederik (Gülərək). Ancaq öz güzgümdə.
Cerald. Əzizim Elizabet, sən necə də təvazökarsan.
Ledi Frederik. Qardaş, görürəm, sən çox xoşbəxtsən.
***
Ehtiyatlı ol. O, qadındı və qarşısını heç nə kəsə bilməz.
***
Ledi Frederik. Əziz dost, lüt qalmayacaqdım ki. Özümü əncir yarpağıyla örtüm?
Foulds. Sadə geyinmək də olardı.
Ledi Frederik. Mən belə də eləyirəm. Ona görə də baha alınır.
***
Tez-tez özümə sual eləyirəm: görən, niyə kart borcunu vicdan borcu sayırlar?
***
Ledi Frederik. Əziz kapitan Montqomeri, doğurdanmı, siz elə fikirləşirsiniz ki, mənim qardaşım öz axmaqlığı ucbatından pokerdə bir qalaq pul uduzub və borcdan çıxa bilmir deyə, sizə ərə gəlməliyəm?
Kapitan Montqomeri. Məgər siz mənim sələmçi oğlu olduğumu bilmirsiniz?
Ledi Frederik. Məncə gəlirli iş olmalıdır.
Kapitan Montqomeri. Atam da belə hesab eləyirdi. O, Aaron Levitski adlı bir Polşa yəhudisiydi. Bura gələndə cibində cəmi üç şillinq olub. Bu pulun yarısını dostuna verib, amma dostunun üçcə gündən sonra ona yeddi şillinq və altı peso qaytarmaq şərtiylə.
***
Utancaqlığının əzabını çəkən aşiqin vəziyyəti, ehtirasını kişi kimi bəyan edən aşiqdən daha ağırdı.
***
Ledi Frederik. Paradayn, həmişə mənə qəribə gəlir ki, görən, nədən sizi hazırcavab hesab eləyirlər.
Foulds. Çünki kimsə zarafat eləmək istəyəndə mən həmişə ürəkdən qəhqəhə çəkirəm.
***
Mereston. Oldu. Səhərdən özünüzü necə hiss eləyirsiniz?
Ledi Frederik. Hələ müəyyənləşdirə bilməmişəm. Güzgüyə baxmamışam.
***
Mənə qırx yaş vermək olmaz. Və nə qədər ki bu dünyada ənlik-kirşan var, həmişə belə olacaq. (Üzünə ənlik çəkir.)
***
Mereston. Yəqin, üzə bu qədər çəkmək elə də yaxşı məşğuliyyət deyil?
Ledi Frederik. Mənim əziz dostum, qadın həyatı iztirablarla doludur! Amma məgər taleyin diqtəsiylə hərəkət etdiyini və özünü daha cazibədar görkəmə gətirdiyini fikirləşəndə ürəyin toxtaqlıq tapmırmı? Bəli, hərdən ürəkdən fınxırmaq istəyirsən, amma olmaz.
***
Mən çoxdan özüm üçün müəyyənləşdirmişəm ki, kişi nə qədər güclü hisslər keçirirsə, bir o qədər «ailə carçısı» üslubunda danışır.
***
Ledi Frederik. İndi incə bir iş var. Qaşlarım. Kosmetikasız mən necə olardım? Axı məndə qaş deyilən şey, demək olar ki, yoxdu… Gözümün altında baxışlarıma kölgə salan tünd cizgiləri görmüsünüzmü?
Mereston. Düzünü desəm, görmüşəm.
Ledi Frederik (Karandaşı əlinə alıb). Bunu belə eləyirlər. Mənim əziz dostum, insanın iradəsinə uyğun – həm naz-qəmzə, həm ah-nalə, həm zəriflik, həm laqeydlik, təravət, ehtiras, hiylə bir sözlə, dünyada olan hər şey bu karandaşda cəmlənib. Gərək özünü tam cəmləyə biləsən. Əgər lap çox çalışsan, hesab elə ki, bütün gün puça çıxdı. Və siz nəfəsinizi belə dərmirsiniz. Hər dəfə öz üzərimdə işləyəndə bu sözləri xatırlayıram: «Bir az da və sən artıq məqsədə çatmısan, nəyisə azca düz eləmədinsə, məqsədin səni tərk edəcək! Belə! Bir azca da artır və dünyanın sənə sevgisi də artacaq».
***
Ledi Frederik. Siz ayıq başla da mənə evlənmək təklif eləyirsiniz?
Mereston. Bəli.
Ledi Frederik. Siz çox yaxşı oğlansınız, amma mən, sadəcə, yaramazın birisiyəm. Çünki sizin belə əzab çəkməyinizin baiskarıyam. Siz qiyamət oğlansınız.
Mereston. Cavabınızı gözləyirəm.
Ledi Frederik. Əzizim, mən artıq yarım saatdı cavab verirəm.
Mereston. Nə səpgidə?
Ledi Frederik. Məgər məndə həyatımı sizinlə bağlamağa azca meyl olsaydı, gözəlliyimin sandığını açıb bütün pambığını qabağına tökərdimmi? Hə, nə fikirləşirsiniz? Razılaşın ki, ağıl və sağlam düşüncə sarıdan mənə irad tutmaq olmaz. Əlbəttə ki, mən özüm barədə illüziyaları dağıtmazdım, ən azı bal ayının axırına qədər.
***
Əlim hələ bir o qədər süstləşməyib, bəşəriyyətin kişi cinsinin sadəlövh gözləri mənim təsviri sənətə nə qədər minnətdar olduğumu ayırd eləyə bilmir. On ildən sonra sizin otuz iki yaşınız olacaq. Əgər sizin həyat yoldaşınız olsam, mənim bütün həyatım cavanlıq görüntüsünü saxlamağa həsr olunmalıdır. Ölüm-dirim mübarizəsi. Siz, yəqin, zamana tabe olmaq istəməyən qırış və sallaqyanaqlı, sifətləri lay-lay ənlik içində itib-batan, daz başlarını gizlətdikləri əcaib pariklərdə olan əldən düşmüş qadınları az görməmisiniz. Mütləq saman rəngində olan pırpız şinyon. Yadınıza salın, onların bu halına nə qədər gülmüsünüz, onların keçmiş gözəlliklərinin qalığı sizdə ikrah hissi oyadır. Mən bu zavallılara ürək ağrısıyla baxıram. Axı mən də belə olacam. Və əgər yanımda sizin kimi bir təravətli gənc olacaqsa, insanlar qarşısına çıxmağa üzüm gəlməyəcək. Amma əgər sizin həyat yoldaşınız olmasam, qocalığı çox sakit qarşılayacam. Birinci ağ saçı dartıb qoparacam, ikincini də. Üçüncü peyda olanda təslim olub bütün ənlik-kirşanımı, karandaşımı oda atacam.
***
Mereston. Siz mənim ürəyimi parçalayırsınız.
Ledi Frederik. Əzizim, mən düz on beş yaşımdan kişilərdən bu sözü eşidirəm, amma hələ bu vaxtacan nəticə kimi onlardan hansısa birinin nəinki ürəyinin parçalandığını, hətta iştahının qaçdığını belə görməmişəm.
Mereston. Yəqin, siz bunu uşaq vurğunluğu kimi qəbul eləyirsiniz?
Ledi Frederik. Oğlanın məhəbbəti kişinin məhəbbətindən güclü ola bilər. Bunu bilməyə ağlım çatır. Əgər sizin hissləriniz mənə gülməli görünsəydi, belə məmnun qalmazdım.
***
Məmnuniyyətlə, sizin alnınızı bir mötəbər öpüşə qonaq eləyərdim, amma qorxuram izi qalar.
***
Ledi Frederik. Əziz Paradayn, qüssədən ölmək – intiharın bu üsulu məni təmin eləmir. Bu dünyada aşiq olmaqdan pis yalnız bir azar var.
Foulds. O nə azardı elə?
Ledi Frederik. Kiminsə sənə aşiq olması.
***
Foulds. Deməli, sənin məntiqin aydındı. Bəyəndiyin istənilən adama ərə get, təkcə sevdiyindən başqa.
Ledi Frederik. Məgər məni sevən, eyni zamanda büsbütün tanıyan adam tapa bilmərəm. Qoy o, məni mükəmməllik mücəssəməsi hesab eləməkdənsə, bütün zəif yerlərimi bilsin və buna boş yanaşsın.
***
Ledi Frederik. Üstəlik, siz Rouzun atası, mən də Ceraldın bacısıyam. Əgər biz evlənsək, öz qardaşımın qaynanası olacam, qızlığım da mənim gəlinim olacaq. Öz qızınız sizin, təxminən, baldızınız olacaq, kürəkəniniz də sizin ata nəsihətlərnizi məmnuniyyətlə yerinə yetirəcək:
Admiral (Həvəsdən düşmüş halda). Nə?
Ledi Frederik. Bilmirəm, Bibliya belə şeylərə icazə verir, ya yox, amma bütün hallarda bu həddən ziyadə günahdı.
***
Maliyyə çətinliklərinin girdabında olan milyonçu. Necə də nəfəskəsən və effektiv bir mənzərə.
***
Bu pəncərə, bu da qapı – hansını seçirsiniz?
***
Foulds. Bilirsənmi, minnətdarlıq nə olan şeydir?
Ledi Frederik. Bu, gələcək yaxşı günlərə ümidlə keçmiş günlərə sağ ol deməkdir.
***
Foulds. Mənə qoşulmaq istəyirsən?
Ledi Frederik. Mən?
Foulds. Hə, sən.
Ledi Frederik. Bu gün mənim də ən uğurlu günümdü. Daha bir eşq elanı.
Foulds. Belə çıxır.
Ledi Frederik. Bir səhərə dördüncü təklif.
Foulds. Belə görünür, «yox» sözünü çox tez-tez deməli olmusan.
Ledi Frederik. Səhər onda yanıma gəl, mənim necə qrimləndiyimə tamaşa elə.
Tərcümə: Sevinc Məmmədova