“Sadiq arvad” (ingiliscə “The constant wife”) üçpərdəli komediyadır.
Konstans Middltonun dostları ona ərinin onu ən yaxın rəfiqəsi ilə aldatdığını demək istəyirlər. Onların ehkamlarına, işarələrinə baxmayaraq, Konstans özünü təmkinli və çox soyuqqanlı aparır. Xeyr, Konstans ümidsiz ev qadını deyil – onun bütün olanlarla bağlı öz fikirləri və planları var!
Karandaşın izi ilə
Marta. Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə cavab tələb eləməyən suallardan biridir.
Missis Kalver. Mən artıq dəfələrlə şahidi olmuşam ki, prinsipcə, cavab tələb eləməyən suallara cavab vermək daha çətindir.
***
– Ana, Konstans çox bədbəxt qadındır.
– Boş sözdür. Yaxşı yeyir, yaxşı geyinir, yaxşı yatır, kökəlmir. Belə bir qadına bədbəxt demək günahdır.
***
Birbaşa suala birbaşa cavab verməkdən zəhləm gedir.
***
Barbara. Missis Kalver, çoxmu dilxor oldunuz?
Missis Kalver. Qəti. Çox ismətli anam bütün kişilərin təbiətən pozğun olduğunu lap uşaqlıqdan mənə təlqin eləyib. Onların elədiklərinə mən nadir hallarda təəccüblənirəm və heç vaxt dilxor olmuram.
***
Əgər bütün arvadlar kişilərinin şorgözlüyü səbəbindən məsxərə obyektinə çevrilsəydi, dünya daha çox şən olardı.
***
Marta. Ay ana, abır-həyanı gözləmək lazımdır!
Missis Kalver. Əzizim, bircə abır-həya çatmırdı. Yadda saxla ki, abır-həya sevimli kraliçamız Viktoriya ilə birlikdə öldü.
***
Missis Kalver. Əgər ər-arvadıyla mehribandırsa, onun qayğısına qalırsa, bəzən sədaqətin o dar cızığından çıxdığına görə onu damğalamağa dəyərmi?
Marta. Demək istəyirsən ki, ər-arvadın sədaqət andına riayət eləyib-eləməməsi elə də önəmli deyil?
Missis Kalver. Fikrimcə, arvadlar riayət eləməlidir.
Barbara. Bu axı dəhşətli dərəcədə ədalətsiz yanaşmadır! Niyə axı arvadlardan kişilərdən artıq tələb olunmalıdır?
Missis Kalver. Çünki əksər arvadlar öz sədaqətlərindən xoşhallanırlar. Bu bizləri öz gözümüzdə ucaldır. Biz təbiətin sadiq məxluqlarıyıq. Özümüzü başqa cür aparmağa elə də həvəsli olmadığımızdan həmişə sadiq qalırıq.
***
Missis Kalver. Əzizim, biz bir-birimizi lap çoxdan tanıyırıq, eləmi, hətta bunu xatırlamaq belə adamın kefini pozur.
Marta. Heç də elə deyil. Mənim otuz iki yaşım var. Öz yaşımdan da utanıb eləmirəm. Bax, Konstansın yaşı otuz altıdı.
Missis Kalver. Hər halda, hesab eləyirəm ki, bəzən səmimiyyət işləri korlayır. Biz qadınlar sirli olmağı xoşlayırıq.
***
Söhbət bizim rifahımızdan gedəndə çox az kişinin təsəvvürü həqiqəti əks etdirir. Bəli, biz qadınlar böyük jestlər eləməyi xoşlayırıq, amma özümüzü, gerçəyi unutmamaq şərtiylə.
***
Konstans. Bu uzun illik birgə həyatdan sonra ərdən hara getdiyini soruşmurlar.
Marta. Niyə axı?
Konstans (Təbəssümlə). Çünki onda da səndən eyni şeyi soruşmaq həvəsi yarana bilər.
Missis Kalver. Həm də ona görə ki, müdrik qadın həmişə öz ərinə etibar eləyir.
Konstans. Con hələ bir dəfə də ondan şübhələnməyim üçün mənə əsas verməyib.
Marta. Xoşbəxt qadınsan.
Konstans (Yüngül təbəssümlə). Ya da müdrik.
***
Konstans. O, Conun da xoşuna gəlir, amma deyir, başı boşdur.
Marta. Kişilər heç də həmişə düşündüyünü demir.
Konstans. Bu, bizim xeyrimizədir, yoxsa onların əsl hisslərindən xəbər tuta bilməzdik.
***
Barbara. Missis Kalver, sizə elə gəlmirmi ki, həddən ziyadə xudbinsiz?
Missis Kalver. Mənə elə gəlmir. Başa düşə bilmirəm, niyə axı biz qadınlar, heç olmasa, təklənəndə hərdən-hərdən həqiqəti deməyək? Bilirsiz, həmişə yalan demək insanı bezdirir, hərdən adam ürəyini boşaltmaq istəyir.
***
Mənim öz şəxsi işim var. Səkkiz saat işləyəndən sonra məhəbbətmi yada düşür? Axşamlar yorğun işgüzar qadının ürəyi ya musiqili komediyaya baxmaq, ya da kart oynamaq istəyir. Onun pərəstişkarlarıyla ünsiyyətə qəti həvəsi olmur.
***
Özümdən iyirmi yaş balaca birisinə ərə getmək üçün o vaxt mən çox gənc idim.
***
Amma yaxşı arvad həmişə özünü elə aparır ki, guya, ərinin ondan gizləmək istədiyi o xırda sirrlərdən yerli-dibli xəbəri yoxdur.
***
Məgər özü könüllü aldanmaq istəməyən qadını aldatmaq olar? Yoxsa sən, həqiqətən də, kişiləri sirli məxluq hesab eləyirsən? Onlar uşaq kimi şeydirlər.
***
Hə, kişilərdə qaldıq. Onlar ömürlərinin axırınacan balaca oğlan kimi qalırlar. Əlbəttə, bəzən söz eşitmirlər. Onda gərək incikliyini üzə vurasan. Onlar hər boş şeyə elə əhəmiyyət verirlər ki… Adam lap kövrəlir. Özü də onlar elə aciz məxluqdurlar. Sən nə vaxtsa xəstə kişinin qulluğunda dayanmısan? Adamın ürəyi qan ağlayır. Heç fərq eləməz, sanki, atın, yaxud itin qulluğunda dayanmısan. Zavallı məxluqlar, əgər yağış yağsa, qaçıb ağacın altında dayanmaq qəti ağıllarına gəlməyəcək. Onlar çox əziz, mərhəmətli, səfeh, can üzən, xudbin məxluqlardır. Elə sadəlövh, açıqürəklidirlər ki, onları sevməmək, sadəcə, mümkün deyil. Biclik və ağıl deyilən şeydən onlarda əsər-əlamət belə yoxdu. Onları ciddi qəbul eləmək axmaqlıqdır.
***
O, kişinin yaxın ərə çevrilməsi üçün lazım olan bütün keyfiyyətlərə malikdir: yumşaq xarakter, yumor hissi, ekstravaqantlığa qarşı tam laqeydlik.
***
Öz-özünü dolandıra bilən qadın gələcəyə daha inamla baxır.
***
Kişini yaxşı ərə çevirən ehkamlar yox, xırdalıqlardır.
***
Əlbəttə, həyatda güzəştə də getməli olursan. Başqa cür, sadəcə, mümkün deyil. İnsandan həddən artığını tələb eləmək düzgün deyil. Xoşbəxtliyi hərə bir cür dərk eləyir. Əgər özünü xoşbəxt görmək istəyirsənsə, yaxınlarının da xoşbəxtliyini nəzərə almalısan. Əgər bu, sənin adamlığın xaricindədirsə, onda öz bədbəxtliyindən gileylənməyə haqqın yoxdur. Ən əsası isə gərək ayıqlığını itirib şöhrətpərəstliyin fitvasına getməyəsən.
***
İndi hamı ağıllı olub. Gözlə görünəndən savayı, hər şeyi görürlər. Mən də bu nəticəyə gəlmişəm ki, orijinal və məzəli qarı adını qazanmaq üçün onlara görünəni göstərməyim kifayətdir.
***
Mütəmadi – necə də xoşagəlməz söz.
***
Konstans. Ana, sən təsadüfən feminist adlanan qadınlardan deyilsən?
Missis Kalver. Bu sədaqət nə olan şeydir axı?
***
Missis Kalver. Görünüşü necəydi?
Konstans. Belə, hündür bir oğlan.
Missis Kalver. Onlar hamısı hündür idi.
Konstans. Şabalıdı saçlı, qonurgözlü.
Missis Kalver. Onlar hamısı şabalıdı saçlı, qonur gözlüydü.
Konstans. O, çox gözəl rəqs eləyirdi.
Missis Kalver. Onlar hamısı çox gözəl rəqs eləyirdi.
Konstans. Mən az qalmışdı, ona ərə gedəm?
Missis Kalver. Bəs niyə getmədin?
Konstans. Elə bilirəm, onun üstünə ayaqqabımı silmək üçün döşəməyə uzanmağa hazır olduğunu çox aydın büruzə verirdi.
Missis Kalver. Qısası, onda yumor hissi çatışmayıb.
***
– Kişilər yaman tez qocalır, elə deyilmi? Bəlkə, keçəlləşib, kökəlib?
– Bəlkə də, evlənib?
***
İndi mənə qulaq as. Əgər qərara alsam ki, o, həqiqətən, bədheybətdir, onda bir neçə dəqiqə havadan, təbiətdən danışıb, sonra pauza eləyərik və hər ikimiz çoxmənalı baxışlarımızı düz onun gözünün içinə zilləyərik. Belə baxışlar altında kişilər özlərini axmaq yerində hiss eləyirlər. Kişilər isə özlərini axmaq yerində hiss eləməyi xoşlamırlar. Odur ki, o durub gedəcək.
***
Konstans. Amma işdir, əgər qərara alsam ki, o, çox ürəyəyatımlı birisidir, onda burun dəsmalımı çıxarıb pianonun üstünə qoyacam.
Missis Kalver. Nəyə görə?
Konstans. Əzizim, ona görə ki, sən öz qoca ayaqlarınla qalxıb deyə biləsən ki, artıq getməlisən.
Missis Kalver. Bunu mənə deməsən də, anladım. Amma maraqlıdır, dəsmalı niyə pianonun üstünə qoymalısan?
Konstans. Çünki mən tez özümdən çıxan məxluqam. Ona görə də məndə dəsmalı pianonun üstünə qoymaq kimi impulsiv bir həvəs oyana bilər.
***
Missis Kalver. Görüşənədək, əzizim. (Pıçıltıyla) Dəsmalları gördükcə getməli, yoxsa qalmalı olduğumu heç cür xatırlaya bilmirdim.
Konstans. Bunun üçün gözlərini təyinatı üzrə işlətməyin kifayət idi.
***
Kişilər xoşbəxt məxluqlardır, onlar yaşlaşdıqca daha maraqlı olurlar.
***
Marta. Sən vicdansız bir yalançısan.
Bernard. Buna ancaq bir cavabım var: sən həddən artıq qabasan.
***
Bilirsən, illərlə bərabər gözəlliyin də ötüb, keçdiyini nə qədər acı olsa da, istədin-istəmədin özünə etiraf etməlisən. Bunu sənə kənardan heç kəs deməyəcək. Özün isə bu fikirləri özündən qovmaq istəyirsən.
***
Bernard. Qısa nitq söyləməyimə icazə verərsənmi?
Konstans. Bir şərtlə ki, vaxtı gələndə sözünü kəsə bilim.
***
Onun ərinin həyatda bir məqsədi var: milyon qazanmaq. O, elə kişilərdəndir ki, elə bilir, əgər özü arvadını sevirsə, arvadı da onu sevir.
***
Elə fikirləşmirəm ki, qadın yalnız özünü bədbəxt hiss eləyəndə nəyləsə başını qatmaq istəyir.
***
Bernard. Amma indi maskanı üzümdən açmağa özümdə cürət tapacam.
Konstans. Mən sənin yerində olsam, tələsmərəm.
Bernard. Daha bacarmıram. Heç olmasa, bir dəfə demək istəyirəm ki, mən sənin ayağın dəyən torpağı da öpməyə hazıram. Mən həyatımda heç vaxt sənin kimisinə rast gəlməmişəm.
Konstans. Boş şeydir. Bir dəstə olub. Mən yeddinciyəm.
***
Əzizim, nə qədər ki qadının üstündə dayana bilməsi üçün bir ayağı var, çətin, o, cərrahın xidmətinə ehtiyac duya.
***
Konstans. Öz sübutlarını ortaya qoy.
Mortimer. Sübut? Nə sübut? Bəs portsiqar? Onu tapmaq, təbii ki, mənim üçün ikiylə ikinin cavabı kimi aydın bir şey idi.
Konstans (Gözlərini oynadaraq). Bu, mənə də aydındır, amma bəs onda cavab nədən beş oldu?
***
Bizim içimizdəkilərdən ən varlısı da səhv eləyə bilər. Yadımdadır, Pirpont Morqan öləndə onun artıq bir sent belə dəyəri olmayan yeddi milyon dollarlıq aksiyaları tapıldı.
***
Bütün kişilər ucdantutma bir şeyi bilir ki, əgər zərif qadın qəlbinə yara vurubsa, onu sağaltmağın yeganə darmanı zərgərdən bahalı ziynət əşyası almaqdır.
***
Necə əzazil olduğunu ona anlatmaq üçün ağla, amma həddini aşma, sonra gözlərinin altı şişər. De ki, onu tərk eləyirsən və hönkürə-hönkürə qapıya sarı yeri, amma o qədər də yeyin addımlarla yox ki, sən qapını açanacan gəlib çata bilsin. Eyni sözü deyə-deyə dur. Bu, kişiləri hövsələdən çıxarar. Əgər o, nəsə desə, fikir vermə, öz işində ol. Nəhayət, elə ki onu son həddə çatdırdın, başı şişməyə başladı, canından tər su kimi axdı, nə elədiyini başa düşdü, bax, onda yumşal. Səbəb də bu olsun ki, bəs təbiətən çox xeyirxah, kin saxlamayan olduğundan ürək qırmamaq üçün o mirvari qolbağını ondan alırsan. Bəli, o qolbağını qəbul eləmirsən, yalnız ürək qırmamaq üçün alırsan. Hansına ki, o bədbəxt elə indicə on min funt sayıb.
***
Centlmenə yaraşmayan hərəkəti yalnız centlmenlər eləyə bilərlər. Özü də tərəddüdsüz. Mortimer hələ bu mərtəbəyə qalxmayıb. Ona görə də həddən artıq ehtiyatlıdır.
***
Con. Mən sənin təyin edəcəyin bütün cəzaları çəkməyə hazıram.
Konstans. (İstehzayla). Heç bir kişi bundan yaxşı söz tapa bilməzdi.
***
Mari-Luiza. Mənə həmişə qəribə gəlir ki, görən, sən belə gözəl ola-ola nədən kişilərin diqqətini o qədər də cəlb eləmirsən? Cavab indi mənə aydın oldu.
Konstans. Mənə də de.
Mari-Luiza. Bilirsən… sən yumoru xoşlayan qadınsan. Kişilər də yumoru xoşlayan qadını xoşlamırlar.
***
Mənim sadiq, sevimli, yalnız ərinin qayğısına qalmaqla məşğul olan həyat yoldaşım. İdeal ana, evdarlıqda tayı-bərabəri olmayan qadın. Məndən on dəfə yaxşı bir insan.
***
Amma kişilər zəif məxluqdurlar, həyasız qadınlar da bundan istifadə eləyirlər.
***
Konstans. Mənim pilləkəndən gələn addım səslərimi eşidəndə ürəyin çırpınırmı? Otağa girən kimi səndə güclü əllərinlə məni bağrına basmaq həvəsi oyanırmı? Nəsə mən bunu hiss eləmirəm.
Con. Çünki mən axmaq kimi görünmək istəmirəm.
Konstans. Onda, deməli, mən öz sualıma cavab ala bildim. Artıq nə sən mənə, nə mən sənə aşiqəm.
***
Vurğunluq müvəqqəti bir şeydir. Kişinin ağlına da gəlməz ki, qadın onu sevməyə bilər. Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir çatışmazlıqlarından biridir.
***
Bizim bu məhəbbət nə səndən, nə də məndən ötrü yükə çevrildi. O yük birdən-birə boşaldı. Odur ki, səndə də, məndə də nə bir mübahisə, nə bir iddia yarandı, bəzən birində yenicə başlayan, o birində çoxdan olan hirs-hikkə ikimizdə də olmadı, qarşılıqlı ittihamlar və sair kimi ağrılı şeylər olmadı. Bizim məhəbbət bilirsən, nəyi xatırladır? Eyni vaxtda hər iki tərəfdən dəqiqliklə doldurulmuş krossvordu. Bax, elə buna görə də hamı bizi xoşbəxt sayırdı, bizi ideal cütlük hesab eləyirdi.
***
– Mənim vaxtımda əgər arvad kişisinin bir başqasıyla gəzdiyini bilsəydi, hönkür-hönkür ağlayıb, düz üç həftə anasının yanında qalardı. Ərinin peşimançılıq hissi keçirdiyini, öz günahını yumaq üçün hər şeyə hazır olduğunu görməyincə yanına qayıtmazdı.
– Bilirsiz, başa düşə bilmirəm, nədən qadın ərinin, sadəcə, bir başqasıyla gəzdiyinə görə öz rahat evini atmalı, yanındakı kişi nəfəsindən, qazancdan ona düşən heç də az olmayan paydan imtina eləməlidir. Bu «bilirsiz», nəyə bənzəyir? Elə bil, burnunu kəsib atırsan ki, üzün genişlənsin.
***
Həyatda səfehlik naqislikdən pis sayılır. Çünki naqisliyi birtəhər düzəltmək olar, amma, təəssüf ki, səfehliyi düzəltmək mümkün deyil.
***
Con. Konstans, vicdanıma and içirəm ki…
Konstans. Vicdan sənin yeganə yerindir ki, ona əvəz tapa bilmərəm.
***
Fəhlə sinfiylə bağlı məsələ məlumdur. Arvad yemək bişirir, evi silib-süpürür, corabları yuyur, uşaqlara baxır, onlara paltar tikir. Nə isə, o, öz qiymətinə uyğun borcdan çıxır. Amma indi gəl bizim zümrənin qadınlarına diqqət verək. Ev işlərini qulluqçular görür, əgər qadın özünə əziyyət verib doğmaq istəyirsə, uşaqlara dayələr baxır və imkan düşən kimi onlar özəl internat məktəblərə göndərilir. Gəl həqiqətin gözünün içinə baxaq. Əslində, qadın kişinin ona sahib çıxmaq həvəsini ustalıqla dəyərləndirən bir məşuqədir. Bu həvəsdən bərk-bərk tutaraq kişini nikah mərasiminə tərəf çəkir. Səbəb də odur ki, hətta bu həvəs öləndən sonra da o kişiylə bir damın altında yaşaya bilsin.
***
Həvəsin, istəyin gec-tez söndüyünü mən başqalarından pis bilmirəm. Həvəs gəlir və gedir, bunun ötəriliyinin səbəbini isə bilən yoxdur. Əminlik yalnız bir şeydədir: əgər həvəs öldüsə, bir də dirilməyəcək.
***
Mən də yüz qızdan doxsan doqquzu kimi yalnız bir məqsədlə ərə getmişəm. Bunun yaşamaq üçün daha asan, daha yüngül və daha sərfəli üsul olduğu səbəbindən. On beş il ərdə olan bir qadın kişisinin ona qarşı naxələf çıxdığını biləndə ürəyi yox, qüruru sınır. Əgər həyata ayıq başla baxmağı bacarırsa, anlamalıdır ki, bu, arvadlıq adlı ümumilikdə çox xoş bir peşənin qaçılmaz tərəflərindəndir.
***
Biz zəhmətkeş qadınlar məzuniyyəti ancaq bizə veriləndə götürə bilərik.
***
Qadın qəribə məxluqdur. Əgər sən onu bezdirdinsə, bunu azca da tərəddüd eləmədən birbaşa üzünə vuracaq, sənin reaksiyan qəti vecinə olmayacaq. Amma əgər kişi qadından bezirsə, yazıq bir göz qırpımındaca əclafa və qorxunc məxluqa çevrilir, cəhənnəm odunda yanmaq ona ünvanlanmış qarğışlardan ən yüngülü olur.
***
Con. Sən çox şeyləri mötərizə arasında saxlayırsan. Doğrudanmı, elə fikirləşirsən ki, kişi keçmişdə sevdiyi qadına qarşı mərhəmət hissini saxlaya bilməz?
Konstans. Elə bilirəm, kişidə mərhəmət hissi onun nəsə qurban verəcəyi ana qədər olur.
***
Con. Mənim damarlarımdan axan su deyil, qandır.
Konstans. Hal-hazırda məni yalnız sənin başının içindəki o boz şey maraqlandırır.
***
Con. Görürəm, sən məni özümdən çıxarmaq niyyətindəsən. Mən bu dəqiqə əlimə keçəni vurub sındıracam.
Konstans. Henri əminin bizim toyumuza hədiyyə elədiyi bax, oradakı o güldandan başla. Sındır onu. Bu, müasirliyin qədimlik üzərində möhtəşəm qələbəsi olacaq.
***
Poliqamlıq kişilərin qanındadır. Odur ki, müdrik qadın qeyri-iradi hərəkətlərini kişiyə bağışlamağı bacarmalıdır. Çünki onlar təbiətlərini dəyişə bilməzlər. Qadın isə təbiətən monoqam məxluqdur. Onlar, sadəcə, bir kişidən artığını arzulaya bilməzlər. Bax, buna görə də onlar öz cinsləri üçün müəyyən olunmuş təbii məhdudiyyətləri pozanda bütün dünyanın qınaq yerinə çevrilirlər.
***
Hamımıza məlumdur ki, sədaqət anlayışı kişi üçün boş şeydir. Onlar qadını paltar kimi dəyişə-dəyişə vicdanlı, zəhmətkeş, etibarlı ər adını da özlərində saxlaya bilərlər. Amma qadında hər şey başqa cürdür. Bu zaman onları yalançı, ikrahedici, laqeyd, yiyəsiz, riyakar məxluq kimi qəbul eləyir. Bax elə buna görədir ki, bəşəriyyətin on min illərdən bəri olan təcrübəsi qadından sədaqət tələb eləyir. Hamı bilir ki, sədaqət bütün insani keyfiyyətlərin açarıdır.
***
Konstans. Kimisə sevib-sevmədiyini necə bilmək olar?
Missis Kalver. Əzizim, mən bunu yoxlamağın yolunu bilirəm. Sən onun diş fırçasından istifadə edərsənmi?
Konstans. Yox.
Missis Kalver. Deməli, onu sevmirsən.
***
– Mən qayıda bilərəmmi?
– Sən dünyanın ən dəymədüşər, ərköyün, heç nədən özündən çıxan, səhvlərini israrla yeridən, həm də ən cazibədar, gözəlliyi göz qamaşdıran qadınısan. Sənin kimisinə ər olmaq Tanrının ən böyük cəzasıdır. Hə, lənət şeytana, qayıda bilərsən.