Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Con Faulz “Kolleksiyaçı”

kko_con_faulz_kolleksiyachiAnnotasiya

“Kolleksiyaçı” – (ingiliscə “The Collector”) ingilis yazıçısı və şairi Con Faulzun 1963-cü ildə nəşr olunan ilk romanıdır. Əsərdə müxtəlif mühitdə böyüyən, müxtəlif zövqlərə malik iki insanın qapalı şəraitdə inkişaf edə bilməyən münasibətlərindən söhbət açılır. Savadın, dünyagörüşün, bədii mütaliənin, incəsənətin insan həyatındakı əhəmiyyətindən danışılır.

1965-ci ildə əsər əsasında Uilliam Uayler tərəfindən filmi çəkilmişdir.

 

Karandaşın izi ilə

Pulun yoxdursa, pulla hər şeyin tamam başqa cür olacağını zənn edirsən.

***

Fikrimcə, bütün London özəl məktəbləri bitirənlərə və ya özünü oranı bitirmiş kimi aparanlara hesablanıb. Pijon ədaların, mülkədar davranışın yoxdursa, heç nəyə ümid edə bilməzsən.

***

Birinci dəfədən lazım olanı tapdığım üçün kimsə bəxtimin gətirdiyini deyəcək ki. Amma gec-tez, onsuz da tapacaqdım. Axı pulum var idi. Və istəyim. Hətta deyərdim ki, iradəm. Kraçlinin “təşəbbüskarlıq” adlandırdığı şeyi demək isə gülməli olardı.

***

Ağıl üçün məqsəd bədən üçün suya bərabərdir.

***

Məktəbdə bir müəllim elə hey deyirdi: “Hakimiyyət mənəviyyatı pozur”. Pul isə hakimiyyətdir.

***

İnsanları nə danışdıqları deyil, necə danışdıqları ələ verir.

***

– Bilirsinizmi, mən axı buddistəm. Həşəratları belə yaşamaqdan məhrum edənlərə qarşıyam.
Elə? Bəs cücəni ki yediniz? Ağzının payını yaxşı verdim.
– Hə, buna görə də özümə nifrət edirəm. Daha güclü və daha yaxşı olsaydım, vegetarian olardım.

***

– Onsuz da hər hərəkəti ilə mənə yarınmaq istəyən insana, xüsusilə kişiyə hörmətlə yanaşa bilməzdim. Bu əməlləri doğru hesab etdiyinə görə törətməsini istərdim.

***

– Alimlərə dözümüm yoxdur. Kolleksiya yığan, təsnif edən, ad verib sonra yığdığı və ad verdiyini unudanlara nifrət edirəm. İncəsənətlə də belədir. Rəssamı impressionist, kubist yaxud necəsə adlandırıb, yeşiyə qoyub uzaqlaşdırır və onda canlı insan, rəssam, şəxsiyyət görməyi tərgidirlər.

***

Tipik qadınsayağı. Əvvəlcədən bilmək olmur. Gah gülür, gah hirslənir.

***

– Kifayət qədər eqosentrik deyiləm. Mən qadınam, mənə dayaq lazımdır.

***

Hisslərini dilə gətirə bilməməyin, hələ onların dərin olmaması demək deyil.

***

– Görüşəndə hamını öpən bir dostum var. Sadəcə vərdişdir. Başqa heç nə. Onun öpüşlərinin tamamilə əhəmiyyəti yoxdur. O, hamı ilə öpüşür. Siz onun əksisiniz. Siz heç kimlə ünsiyyət qura bilmirsiniz, o ağına-bozuna baxmadan hamı ilə qurur. İkiniz də eyni dərəcədə anormalsınız.

***

– Bilirsiniz, nə edirsiniz? Yağışın rəngləri yuyub aparmağını görmüsünüzmü? Siz də nitqinizlə eyni şeyi edirsiniz. Bir sözü tələffüz etməyə başlayan kimi, onu rəngdən məhrum edirsiniz.

***

“Sağ-salamat və təhlükədən uzağam”.
O, yazır və deyinir:
– Üslubunuz dəhşətdir, amma nə eləmək olar.
– Necə deyirlər, elə də yazın.
“Məni tapmağa çalışmayın, bu qeyri-mümkündür”.
– Həyatda qeyri-mümkün şey yoxdur, – deyir.

***

Nəhayət, soruşdum:- “Siz məndən qorxursunuz?” O, cavab vermədi, yalnız başı ilə “hə” dedi.
– Nə etmişəm axı?
– Heç nə. Ona görə belə qorxuram.

***

Axı bilirsiniz, istədiyimiz hər şeyi əldə edə bilmərik. Ləyaqətli adam olmaq bunu başa düşmək və qəbul etmək deməkdir, qeyri-mümkün şeyə nəyin bahasına olursa-olsun nail olmağa çalışmaq deyil.

***

Mənim üçün ən böyük zövq hər gün onun hansı saç düzümünü etməyinə baxmaq idi.

***

Niyə elə hey bu axmaq sözləri təkrar edirsiniz: tərbiyəsizdir, tərbiyəlidir, düzgündür, səhvdir, olar, olmaz? Niyə həmişə nəyinsə nalayiq olub-olmaması sizi narahat edir? Sanki izdivacın və köhnə, tozlu mebellə doldurulmuş, boğanaq otaqda bir fincan açıq çaydan başqa, ümumiyyətlə dünyadakı hər şeyin abırsızlıq olduğunu hesab edən zavallı qarımış qızsınız. Niyə həyatı yaşamaqdan məhrum edirsiniz? Gözəl olan hər şeyi məhv edirsiniz?

***

– Necəsə olur, hər söhbətimiz öyüd-nəsihətlə bitir; özümü yuxarıdan aparmağa başlayıram. Siz isə həmişə addım atdığım pillədən sürüşüb düşməyin yolunu tapırsınız.

***

Demək istəyirəm ki, gözəllik çaşbaş salır, etməyə hazırlaşdığın və etməli olduğun şeyi unutdurur.

***

– Görürsünüzmü? Mənim üçün dünya tərbiyəli və tərbiyəsizlərə bölünmür. Həyatda mənim üçün ən əsası gözəllikdir. Həyati hadisələri yaxşı və pis kimi yox, gözəl və idbar kimi qəbul edirəm. Başa düşürsünüzmü, sizin yaxşı və tərbiyəli hesab etdiyiniz şeylərdən çoxu mənə idbar görünür, nalayiq hesab etdikləriniz isə gözəl.

***

İstəyirəm ki, başa düşəsiniz. Sizə seksin həyatın bərabərhüquqlu bir parçası olduğunu göstərmək istəyirdim. İstəyirsinizsə, lap fəaliyyət növü olsun, istənilən başqa fəaliyyət. Bunda utanılası, çirkli bir şey yoxdur, sadəcə iki nəfər bir-birinə öz bədənlərini bəxş edir. Bu rəqs kimi, oyun kimidir.

***

Bilirəm, hidrogen bombası qorxunc şeydir. Ancaq indi mənə elə gəlir ki, belə aciz olmaq da qorxuncdur.

***

Tamamilə cinssiz məxluq kimi görünür.

***

Onun üslubu məhz belədir. Yalandan alçaldılmış. “Nə vaxt istəsəniz” və ya “lütf edib, bağışlayın”.

***

Onun dərrakəsini oyatmağa çalışırsan və sanki o da səsinə səs verir, ancaq vicdan sancmalarını hiss etmir, heç yeri ağrımır.

***

Məni incikliklərinin toru ilə sarıyır.
Elə hey “mənim mühitimdən olmadığını” deyir.

***

Kolleksiya toplamaq anti-həyatdır, anti-incəsənətdir, anti-dünyadakı hər şeydir.

***

Tamam dəli olub.
Mənə görə. Onun dəliliyi mənəm.
İllər boyu öz dəliliyini ifadə etməyə bir şey axtarırdı. Və məni tapdı.

***

Dünyadakı büyün valideynlər mənimkilərə oxşamalıdır, onda bütün bacılar bir-birlərinə həqiqətən bacı olacaq. Minni ilə mənim kimi.

***

İşıqsız yaşaya bilmirəm. Süni işıqlandırmada bütün xətlər yalan danışır: elə ağırdır ki, demək olar ki, büsbütün zülməti arzulamağa hazıram.

***

Adilik sivilizasiyanın bəlasıdır.

***

Yazdıqlarım mənə süni gəlir, sanki onları zorla yazıram. Sanki iki nəfər lazımsız söhbəti davam eləmək istəyir.
Şəkil çəkmək kimi deyil. Xətti çəkirsən və o dəqiqə düz olub-olmadığını görürsən. Ancaq yazanda hər misra həqiqi görünür, elə ki yenidən oxumalı olursan…

***

O, idbarlıq mücəssəməsidir. Axı mənəvi idbarlığı dağıtmaq olmur.

***

Həndəsədə belə, riyaziyyatda isə ümumiyyətlə zəifəmsə, rəssam olmağa necə ümid edə bilərəm?

***

Əsrimizin sünilik və yalan əsri olduğunu hiss etdim. İnsanlar taşizm, kubizm və başqa “izm”lər haqda nə qədər danışır, uzun sözlər, cümlələr söyləyir. Böyük, laxta yapışqanlı sözlər, cümlələr. Və hamısı da sadə bir faktı – şəkil çəkə bilib-bilməməyini gizlətmək, ört-basdır etmək üçündür.

***

Mən ağıllı, dahi, “görkəmli” rəssam olmaq istəmirəm, üstümə yöndəmsiz incəsənət analitiklərinin ortaya atdıqları nişanların taxılmasını istəmirəm. Mən uşaq simasında günəş şüalarını, yaşıl hasarın güllərini, yaxud aprel yağışından sonra küçənin rəsmini çəkmək istəyirəm. Əşyaların mahiyyətini, əşyaların özünü yox.

***

– Ümidsizlik içindəyəm. Ona görə ki, bu dünyada insanlara şəfqət, dərrakə, sevgi çatmır. Ona görə ki, kimsə sadəcə nüvə bombasını atmaq haqda düşünə bilər, hələ onu atmaq əmrini verməyi demirəm. Ona görə ki, bizim kimi can yandıran insanların sayı çox azdır. Ona görə ki, dünyada bu qədər qəddarlıq, şübhə və hirs var. Ona görə ki, pul tamamilə normal, gənc insanı pis və zalım caniyə çevirə bilər. Mənim başıma gətirdiyiniz oyunları edə bilən caniyə.
– Bilirdim ki, qapaq fırlanıb mənim başımda çatlayacaq.
– Axı siz bütün bunların ayrılmaz hissəsiniz. Axı dünyada azad və ədalətli nə varsa, hamısının ağzından iyrənc, darısqal zirzəmilərdə qıfıl asılıb! Laqeydlikdən kütləşmiş insanlar tərəfindən.

***

Bu futbol oyununa oxşayır. Hər iki tərəf qalib gəlməyə çalışır, bu və ya digər tərəf oyun rəqibi kimi bir-birinə nifrət də edə bilər. Yox əgər kimsə gəlib, onları futbolun axmaq oyun olduğuna, oynamağa dəymədiyinə, hələ ona görə hirslənməyə heç dəymədiyinə inandırsa, onda hamı birlikdə olduğunu, eyni şeyi hiss etdiyini başa düşəcək. Vacib olan canıyananlıq etməkdir, biganə olmamaqdır.

***

Siz sanki suyun əvəzinə pambıq olan dənizdəsiniz.

***

1. Əsl rəssamsansa, özünü bütünlüklə, son tikənə kimi yaradıcılığa verəcəksən. Cüzi bir güzəşt olmadan, əks halda rəssam deyilsən. Hər halda Ç.V.-nin “yaradıcı” adlandırdıqlarından deyilsən.
2. Boşboğazlıqdan çəkin. Əvvəlcədən hazırlanmış mövzularla bağlı lağlağılıq etmə, dinləyicilərə təsir göstərmək üçün əvvəlcədən ölçülüb-biçilmiş ideyaları sırıma.
3. Siyasətdə solçu baxışlardan yapış, çünki yalnız sosializm tərəfdarları, hesabatlarındakı bütün nöqsanlarına baxmayaraq, həqiqətən insanlara qarşı laqeyd deyillər. Onların dərdlərinə şərikdirlər, dünyanı yaxşı tərəfə dəyişməyə can atırlar.
4. Sən həmişə yaratmalısan. Nəyəsə inanırsansa, hərəkət etməlisən. Nəyisə edəcəyin haqda boşboğazlıq etmək çəkmədiyin rəsmlərlə öyünməyə oxşayır. Bu zövqsüzlük deyil, bu SİFƏTİN tamamilə itirilməsidir.
5. Həqiqətən dərin hisslərin varsa, onu göstərməkdən çəkinmə.
6. Milli mənsubiyyətinə görə xəcalət çəkmə. İngilissənsə, özünü fransız, italyan, yaxud başqa millətin vətəndaşı kimi göstərmə.
7. Amma öz ətrafınla kompromisə getmə. Yaradıcı olmağına mane olan hər şeyi kəs at. Meşşanlar arasında böyümüsənsə, onların təsirindən azad ol, şəxsi meşşanlığını susmağa məcbur et. Yox əgər fəhlə mühitində böyümüsənsə, qoy bu da sənə təzyiq göstərməsin, yolunda durmasın. Bu istənilən sinfə aiddir. Hardan gəlirsən, gəl, dərrakəni sinfi mənsubiyyətlə məhdudlaşdırmaq axmaqlıq və bəsitlikdir.
8. Milli mənsubiyyət problemli siyasi oyunlara amansız yanaş. Siyasətdə, incəsənətdə, digər bütün sahələrdə həqiqi, dərin, həyati əhəmiyyətli olmayanlara amansız yanaş. Ağılsız, bayağı şeylərə vaxt sərf etmə. Ciddi yaşa. Çox istəsən belə mənasız filmlərə getmə; qəzet və jurnallardakı boş şeyləri oxuma; televizor və radioda səslənən cəfəngiyyata qulaq asma, həyatını boş söhbətlərə sərf etmə. Qoy sənin həyatın faydasız olmasın.

***

Əgər heç nəyə baxmayaraq, fikrini şəkillərdə cəmləyirsə, bütün inamı mən dediklərim olur. Mikelancelonun Davidinin tavaya oxşadığını bəyan etsəydim, o “hə, əlbəttə” deyə cavab verərdi.
Necə insanlar var imiş! Axı mən onlarla metroda yanaşı dayanmışam, küçədə yanlarından keçmişəm, onların söhbətlərini eşitmişəm, təbii, varlıqlarından xəbərdar olmuşam. Lakin heç vaxt həqiqətən mövcud olduqlarına inanmamışam. Dünyadakı hər şeyə kor və kar olanlar. İnanmaq mümkün deyil.

***

– Bilirsinizmi, bu evdə ən qəribə şey nədir? Burda heç kitab yoxdur. Mənə aldıqlarınızdan başqa.
– Yuxarıda var.
– Kəpənəklər haqda.
– Başqaları da var.
– Bir neçə mənasız detektiv. Siz heç yaxşı kitab oxuyursunuzmu? Əsl kitab? (Sükut.) Həyatı həqiqətən hiss edən, başa düşən insanlar tərəfindən yazılan, vacib şeylər haqda olan kitablar? Metro və elektrik qatarında vaxt öldürmək üçün götürülən bayağı şeylər yox. Başa düşürsünüz – kitablar?!
– Yüngül mütaliə daha çox ürəyimə yatır. (O ürəkdən nokauta düşməyini istədiyiniz boksçular kimidir.)
– “Çovdarlıqda uçurumdan qoruyan”ı oxumalısınız. Demək olar ki, oxuyub qurtarmışam. Bilirsinizmi, sizdən beş yaş kiçik olmağıma baxmayaraq, artıq bu kitabı ikinci dəfədir oxuyuram.

***

Şəkillərlə, rəssamlıqla, heykəltəraşlıqla müqayisədə sözlər elə ifadəsiz, qeyri-dəqiq və dəhşət primitivdirlər.

***

Sanki ağ vərəqdə zavallı yaxmadır.
Sanki küt qələmlə çəkməyə çalışırsan.

***

Bu bizim birinci söhbətimiz idi. Xoşuna gəlirdim deyə hirslənirdi. Sanki professor Higgins ilə Eliza idik.

***

– Əzizim, axı bilirsən, mən ikiüzlü deyiləm, amma o elə pis nüfuza malikdir ki… Burada odun olmaması qeyri-mümkündür. Tüstü dəhşət çoxdur!

***

Şam yeməyindən sonra K.-nı başımdan elədim. “Emma”nı oxuyub qurtardım. Mən Emma Vudhauzam. Ona rəğbətim var, onun kimi hiss edirəm, özümü onda hiss edirəm. Mənim snobizmin onunkundan fərqlidir. Ancaq onu başa düşürəm. Fəlsəfəsinin hardan gəldiyini anlayıram. Mən ona heyranam. Başa düşürəm, düz eləmir, özünə zəruri görünən qaydada başqalarının həyatını düzəltməyə çalışır. Naytlinin milyonda bir tapılan adam olduğunu görmür. Bir müddət özünü axmaq kimi aparır, ancaq oxuyursan və həmişə xarakter etibarilə ağıllı, intelligent, həyat dolu biri olduğunu hiss edirsən. Yaradıcı düşünür, hər şeyi öz yüksək prinsiplərinə uyğun olaraq edir. Əsl insandır. Onun çatışmazlıqları mənim çatışmazlıqlarımdır. Onun məziyyətləri isə… Onların malik olmaq üçün hələ çox tər tökməliyəm.

***

Qadınların əksəriyyəti nəyi isə yaxşı etməyə can atırlar. Bu zaman onlar bacarıqlı əllər, duyum və zövq, bütün bu qəbildən olan şeyləri nəzərdə tuturlar. Mahiyyətinin ən dərinliyinə kimi çatmağa can atırsansa, sənətinin aldığı formanın heç bir əhəmiyyət daşımadığını anlamaq iqtidarında deyillər. Bunun söz, rəng və ya səs olması vacib deyil. Nə olursa, olsun.

***

Yadımdadır, bir müddət sonra o dedi (yenə də professor Higgins tərzində):
– Sizdən nəsə çıxacağına inanmıram. Bir qram da ümid yoxdur. Siz çox gözəlsiniz. Həyat yolunuz məhəbbət incəsənətidir, incəsənətə məhəbbət deyil.

***

Sanki yağışdır, kəsmək bilməyən, boz, tutqun, rəngləri yuyub aparan.

***

Arzularıma var qüvvələri ilə müqavimət göstərən atamla anama küsmədiyimi demək istəyirəm. Axı mən qalib gəldim, mən bağışlamalıyam.

***

Mənə elə gəlir, onun paxıllığı tutur. Çox şeyi inkar edir.

***

Burada məsələ onda deyil ki, bu sizin həqiqətənmi xoşunuza gəlir. Məsələ ondadır ki, bu xoşa gəlməlidirmi?

***

– Bəs siz nəyə qarışıqlıq deyirsiniz?
Ani həzz üçün yatağa getməyi dedim. Sevgisiz. Sadəcə seks və başqa heç nə.
O isə:
– Deməli, mən dəhşət qarışıq adamam. Heç vaxt yatağa sevdiklərimlə getmirəm. Bir dəfə bəs olub.

***

Baxışlarınızda gördüyüm o qırmızı parıltı nədir? Bu nə ola bilər? Ehtiras? Yoxsa stop-siqnal?

***

– Seks axı adi bir şeydir. Dərhal qarşılıqlı anlaşma əldə olunur. Ya ikisi də yatağa yollanmaq istəyir, ya da biri istəmir. Ancaq məhəbbət… Sevdiyim qadınlar məni həmişə xudbinlikdə təqsirləndirib. Onları cəlb edən, sonra isə uzaq salan mənim xudbinliyimdir.

***

– Məsumluq. Onu sezəcəyiniz yeganə an qadının soyunub gözlərini qaldıra bilmədiyi andır. Yalnız birinci bu, Bottiçelli anında, birinci dəfə soyunanda. Tezliklə gül solacaq. Həvva ana öz işini görəcək. Fahişə. Anadiomena rolu bitdi.

***

– Siz Yunqu oxumusunuz?
– Yox.
– Sizin kimi sizin cinsdən olanlara o yaxşı ad verib. Düzü, bu elə də kömək olmur. Xəstəlik bundan yüngülləşmir.
– Nə ad?
– Xəstəliklərə adlarını demək əbəsdir.

***

– Siz qəribə qızsınız.
– Köhnəfikirli.
– Xarici görünüşünüz olmasaydı, adam yanınızda sıxıntıdan ölərdi.
– Təşəkkür edirəm.
– Əslində mənimlə yatağa gedəcəyinizi düşünmürdüm də.
– Bilirəm.

***

Təkid etsəydi, imtina etməyə davam edəcəkdim. Ancaq o, artıq dəstəyi asmağa hazırlaşırdı ki, dedim ki, sabah gələrəm. Elə istəyirdim ki, incidiyimi görsün. Telefonda incik görünmək qeyri-mümkündür.

***

O isə dedi:
– Bütün kişilər əclafdırlar.
Cavab verdim ki, ən çox əclaflıq isə bunu etiraf edərkən gülə bilməkləridir.

***

– Miranda, qulaq asın. Bizi ayıran bu iyirmi il… Həyatı daha yaxşı bilirəm, daha çox yaşamışam və daha çox xəyanət etmişəm və xəyanətə uğramış daha çox insan görmüşəm. Sizin axı parlaq ideallarınız var. Belə də olmalıdır – o yaşınızdır. İncəsənətdə nəyin bayağı, nəyin həqiqi olduğunu hərdən ayırd edirəmsə, sizə elə gəlir ki, mən ləyaqətlə dolub-daşıram. Lakin bu belə deyil. Heç ləyaqətli olmağa da can atmıram. Sizə cəlbedici gələn (əgər doğrudan da cəlb edirsə) səmimiyyətimdir. Və təcrübəm. Heç də gözəl keyfiyyətlərim deyil. Onlar yoxdur. Və bəlkə də etika, əxlaqa aid məsələlərdə mən sizdən cavanam.

***

Qəribədir, üz-üzə, sakitcə oturmuşduq. Artıq neçənci dəfədir ki, anlaşılmaz yaxınlıq hissi baş qaldırdı içimdə. Yox, bu nə məhəbbət idi, nə simpatiya. Talelərin birləşməsi. Sanki bir parça torpaqda gəmi qəzasına uğramış insanlar…yox, tabloda…ikilikdə. İstəmədən, ancaq ikilikdə. Birlikdə.
Birdən bacısı, xalası, Avstraliyadakı qohumları və bütün bu bədbəxt, zavallı insanlar kimi onun da sürdüyü həyatın necə kədərli olduğunu anladım. Belə həyatın ağır, kor, hər şeyi unutduran ümidsizliyini hiss etdim. Sanki Henri Murun tablolarındakı insanlar idi. Alman bombardmanı zamanı metro tunellərindəki insanlar. Onlara görmək, hiss etmək, rəqs etmək, şəkil çəkmək, musiqi dinləyərkən ağlamaq, ətrafdakı dünyanı və qərb küləyini duymaq lazım deyil…sözün əsl mənasında lazım deyil.
Yalnız üç söz. Mən sizi sevirəm. Onlar elə ümidsiz səsləndi ki. Sanki o, “mən xərçəngə tutulmuşam” dedi. Onun bütün nağılı da bu idi.

***

Orda bir melodiya var. Ən axırda. Çox yavaş tempdə. Çox sadə və kədərli. Ancaq çox gözəl – onu nə sözlə, nə şəkillə ifadə etmək mümkündür, musiqinin özündən başqa heç nə ilə, ay işığında belə gözəl olan musiqi ilə. Ay musiqisi, parlaq, uzaq, yüksək.
Və biz ikimiz otaqda. Keçmiş yox idi. Gələcək yox idi. Yalnız indiki zamanda yeganə anın parlaq, dərin hissi. Elə bir hiss ki, sanki indicə hər şey bitəcək, hər şey yox olacaq: musiqi, biz, ay, dünyada olan hər şey. Sanki indicə hər şeyin mahiyyətinə varacaq, kədərə bürünəcəksən, əbədi və dözülməz, lakin gözəl, İsa Məsihin surəti kimi işıqlı kədərə.
Və bu kədəri qəbul edəcəksən. Anlayacaqsan: həyatın əyləncə olduğunu göstərmək olmaz, zira bu xəyanət olardı. Xəyanət. İndi, bir vaxtlar kədərli olanlara, bu musiqiyə, bu yeganə həqiqətə qarşı xəyanət.

***

Biz fərqli deyilik, biz sadəcə cavanıq. İndiki qocalar əvvəlki kimi deyil: var gücləri ilə hələ cavan olduqlarını sübut etməyə cəhd göstərir, özlərinə yamaq vurur, bizim həyatımızı yaşamağa çalışırlar. Axmaqlıqdır, əbəsdir. Bizim kimi ola bilməzlər. Biz bunu istəmirik. Bizim kimi geyinməklərini, bizim kimi danışmaqlarını, bizim maraqlarımızla yaşamaqlarını istəmirik. Böyüklər o qədər bacarıqsız şəkildə özlərini bizə oxşadırlar ki, onlara hörmətlə yanaşmaq qeyri-mümkündür.

***

Qaçmağa cəhd göstərmədən əsl əsir olmaq olmaz.

***

Daha bir şey. Ən azı ruhi cəhətdən sənə yaxın, hər şeyi səndən yaxşı görə və anlaya bilən insan olmalıdır. Fiziologiya ikinci yerdə olmalıdır. Bu əsas deyil. Mən isə gizlində qorxuram ki, ailəmizdə qarımış qızların sayı daha da artacaq.

***

Yazmağı atıram. “Hiss və həssaslığ”ı oxuyuram və Mariannanın başına gələcəkləri tezliklə aydınlaşdırmalıyam. Marianna mənəm. Eleonora da mənəm. Olmalı olduğum mən.

***

Niyə canlı, yaradıcı, xeyirxah və düzgün insanlar dünyanı dolduran biçimsiz boz kütlə qarşısından əziyyətlə geri çəkilirlər?

***

– Bu “yenilər” də yoxsuldurlar. Bu yoxsulluğun yeni formasıdır. Onların qara qəpikləri yoxdur, bunların ürəyi.

***

Hər şey kütləvi olur. Kütləvi mədəniyyət. Kütləvi dünyadakı hər şey.

***

Səni qane etməyən həyatdan gizlənməkdən iyrənc şey ola bilməz. Ancaq həyatı ciddi qəbul etsən, hərdən nələrlə və necə mübarizə aparmalı olduğunu fikirləşmək belə dəhşətdir.
Bütün bunlar hələ söhbətdir. Ola bilsin ki, bir ilə rastlaşacam, onu sevəcəm, ona ərə gedəcəm və hər şey başqa cür görünəcək, heç nə vecimə olmayacaq. “Balaca mehriban qadın” olacam. Düşmən cəbhəsinə keçəcəm.

***

Yoxsulluq insanları öz məziyyətləri ilə fəxr etməyə, puldan başqa digər şeyləri qiymətləndirməyə məcbur edir. Belələri birdən varlananda bu var ilə nə edəcəyini bilmir. Əvvəlki məziyyətlərini unudur – axı onlar heç vaxt həqiqi olmayıb. Güman edir ki, indi başlıca məziyyət pulu xərcləməkdir. Təsəvvürünə belə gətirmir, insanlar var ki, onlar üçün pul heç nə, boş səsdir. Dünyanın ən gözəl şeyləri puldan asılı olmayan dəyərə malikdir.

***

– Hərdən elə baxışınız olur ki. Uşaq sayağı yox.
– Bəs necə?
– Nə vaxtsa olacağınız qadın baxışı.
– Yaxşı qadın?
– Sadəcə yaxşı qadından da yaxşı.

***

Mən isə həmişə evliliyi əyləncəli macəra kimi təsəvvür edirdim: iki yaşıd gənc birlikdə kəşflər edə-edə, daha da yetkinləşərək yola çıxırlar.

***

Mən Emmayam. O qədər də təcrübəsiz qız deyiləm, amma hələ yetkin qadın da deyiləm. Və eyni problem: tayı-bərabəri olmayan “o” kimdir? Kaliban cənab Eltondur, Pirs Frenk Çerçilldir, Şübhəsiz, Ç.V. cənab Veston deyir (adlarda daha bir uyğunsuzluq!), amma onun cənab Naytli olduğunu hesab etmək olarmı?

***

Axı dava salmaq, kiminsə üstünə qışqırmaq əlaqənin olması deməkdir.

***

Kitab yazanda isə yaxşı yazmaq (düzgün sözləri seçmək və s.) yaxşı yazıçı olmaq üçün bəs eləmir. Məsələn, mənə elə gəlir ki, “Şənbə axşamı, bazar ertəsi” iyrənc kitabdır. Artur Siton iyrəncdir. Ən iyrənci də odur ki, Alan Sillitou gənc qəhrəmanının onun özünə də iyrənc gəldiyini göstərmir. Məncə əslində bu yazıçılar öz qəhrəmanlarını gözəl gənc insan hesab edirlər.

***

İndi bizdən (elə biz də mələk deyilik) başqa hamı eyni cür xudbin və qəddardır. Yalnız bəzilərində xudbinlik və qəddarlıq cəsarətsizdir, dərində gizlədilib və pozğun vəziyyətlər alır, digərlərində isə tamamilə aşkardır, kobud və kəskin şəkildə ifadə olunmuşdur. Möminlik son nəfəsini verir.

***

“Yenilər” axmaqlıqları ucbatından özlərini məhv edirlər. Onlar öz cərgələrindən ağıllılıları çıxarırlar. Xüsusən cavanları. Axı bizə başqa şey lazımdır. Pul yox. Qonşularımızla bəhsə girib, hamı kimi olmaq da lazım deyil.

***

Kaliban Artur Sitondan daha pisdir.
Artur Siton zövqünü oxşamayan müasir heykəl görəndə onu çilik-çilik edəcəyi halda, Kaliban onun üstünü brenzentlə örtəcək. Bilmirəm, hansı daha pisdir. Ancaq hesab edirəm ki, ikinci.

***

Ən uğurlu anlarda belə Kaliban yarı şəxsiyyətdir.

***

Yaradıcı olmayan insan üstəgəl yaratmaq imkanı bərabərdir pis insana.

***

Mən Emmayam. Onun məhəbbət və izdivac haqda axmaqcasına dəhşət ağıllı nəzəriyyəsi ilə. Məhəbbət bizə müxətlif yollarla, müxtəlif simada, müxtəlif qiyafədə gəlir, bəlkə də onu başa düşmək, qəbul etmək və adı ilə çağırmaq üçün uzun müddət lazımdır.

***

Sanki zülmətdə hər ikimizi isitməsi üçün tonqal qaladım. Və bu alov onun əsl simasını işıqlandırdı.
Ona axırıncı bunları dedim: “Biz bir-birimizə yad qala bilmərik. Bir-birimizin qarşısında çılpaq olmuşuq”.
Bununla belə, biz yadıq.

***

Onları rədd edirsənsə, küsürlər, razılaşırsansa, səndən zəhlələri gedir. Ağıllı kişi buna görə özünə nifrət etməlidir. Bu məntiqsizliyə görə.

***

Onu sağalda bilməzdim. Çünki xəstəliyi mənəm.

***

Ç.V. ilə eşqbazlığa razılıq verəcəm.
O istəsə, ona ərə gedəcəm.
Bu macəraya qoşulacam: cəsarət edib, onunla evlənəcəm. Bunu istəyirəm.
Cavan olmaqdan bezmişəm. Xam olmaqdan da.
Çox şeyi bilib, heç nə edə bilməməkdən də.
Onun uşağını dünyaya gətirmək istəyirəm.

***

Burdan çıxanda gündəlik tutmayacam. Bu həqiqi deyil. Burda, torpağın altında o mənə mühakimə qabiliyyətimi qoruyub saxlamağa kömək edir, gecələr onunla danışıram. Lakin o şöhrətpərəstliyi artırır. Özün haqda eşitmək istədiklərini yazırsan.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram