“Təxirə salınmış ölüm” (portuqalca “As Intermitências da Morte”) – adı çəkilməyən ölkədə qəribə hadisələr baş verir. Ölüm öz işinə ara vermək qərarına gəlir və insanlar daha ölmür. Bundan sonra onların talelərinə əbədi yaşamaq yazılır. Əhalinin eyforiyası ümidsizliyə çevrilir, hamı belə dözülməz vəziyyətdən canını qurtarmaq üçün üsullar axtarmağa başlayır. Və budur, ölkə müharibə və xaosun astasında olanda Ölüm yeni oyuna başlayır və qaydaları dəyişir. Ancaq bu qaydalara bir adam tabe olmayacaq…
Karandaşın izi ilə
Biz insanın nə olduğu barədə getdikcə daha az bilirik. (“Xəbərdarlıq kitabı”)
***
Ertəsi gün kimsə ölmədi.
***
…insanların özündənrazı məsuliyyətsizliyi.
***
Atropos qarı – Qədim Roma inancında Parki adlandırılan tale ilahələri olan bacılardan birinin adı, əfsanəyə görə, insanın yaşam ipini o kəsir.
***
…həm də yaddaşı qədirbilməzlik dərəcəsində yırtıq olan gələcək nəsillərin…
***
Həmin şayiə isə çox təbii bir şəkildə hər hansı dəfn bürosu tərəfindən də dövriyyəyə buraxıla bilər: “Deyəsən, yeni ilin ilk günü ac qalası olduq”.
***
Lakin bütün bu vəziyyətlərdə camaatı daim sakitliyə çağırmaq adəti, siyasətçilərin, xüsusilə də hakimiyyətdə olan siyasətçilərin ikinci naturasına çevrilmiş bu tropizm (bitkilərin müəyyən kənar qıcıqdan bir istiqamətdə boy atması).
***
Əgər belədirsə, cənab nazir, icazə verin, xatırladım ki, hələ dünən insanlar ölürdü və bundan narahat olmaq heç kəsin ağlına belə gəlmirdi.
Əlbəttə, biz insanların ölməsinə adət etmişik və yalnız ölümlərin sayı həddindən çox artanda, məsələn, müharibə, epidemiya zamanı narahatlıq hissi keçirməyə başlayırıq.
Daha doğrusu, hadisələrin adi axarı pozulanda.
Belə də demək olar.
Lakin indi – artıq heç kəsin ölmədiyi dönəmdə sizin sakitliyə çağırışınız mənə, ən azı, paradoksal gəlir.
Adətin gücü böyükdür; etiraf edirəm ki, bu şəraitdə “həyəcan” sözünü işlətmək lazım deyildi.
Bəs hansı söz lazım idi? Mən, cənab nazir, yalnız ona görə bunu soruşuram ki, peşə borcunun tələblərindən doğan öhdəliklərini yaxşı bilən jurnalist kimi həmişə ən dəqiq sözlərdən istifadə etməyə çalışıram.
Bu isrardan azacıq pərtləşmiş nazir bir qədər quru cavab verdi:
Bir deyil, beş sözdən istifadə etmək lazım idi.
Hansı beş sözdən, cənab nazir?
Gəlin biz əsassız ümidlərə qapılmayaq.
***
Əbədi həyat bizə meydan oxuyur, bu çağırışı qəbul edək.
***
Əgər tanrının iradəsi belədirsə, biz bu yolda məhz gözəl xalqımızı özünə alət seçdiyi üçün minnətdarlıq duyğularımızı və alqışlarımızı ona öz dualarımızla yollamaqdan yorulmayacağıq.
***
Daha heç vaxt heç kim ölməsə, kilsə nə edəcək?
***
Əgər daha heç kəs ölməsə, hökumət nə edəcək?
***
Kilsədən heç vaxt heç nəyi izah etməyi istəməyiblər, onun sənəti bambaşqadır: ballistikadan savayı, bizim işimiz hər şeylə həddən ziyadə maraqlanan ruhu inamla sakitləşdirməkdir.
***
…milli rəmzlərdən ifrat istifadə zamanı yaranan labüd gəyirmə…
***
Lakin həyat belə yaranıb da: gülənlərlə yanaşı həmişə ağlayanlar da tapılır, özü də aşağıda görəcəksiniz ki, həm gülüş, həm göz yaşları üçün səbəb eynidir.
***
Əgər şıltaqlıq və qəribəliklərinin qabaqlar olduğu kimi ölümlə sonuclanacağına bel bağlamaq artıq mümkün deyilsə, onda qocalarla nə edək?
***
Bu qayğısız qürub evinə düşəndə -qocalar evinin rəsmi adı belə idi…
***
Hökumət onda dedi ki, qoy ailə də öz vəzifə borcunu xatırlasın. Lakin bunun üçün ailənin başında heç olmasa, bir damcı şüurun, bütün qalan bədəndə isə, ən azı, bir az enerjinin qalması gərəkdir.
***
Qanun çərçivəsində qalaraq, adətən, xırda hərflərlə yazılan bəndlərdən hər hansı birinə əsaslanıb müştəriləri məcbur etmək istəyirlər ki, öz iradələrinin ziddinə belə olsa, ömürlük pul ödəməkdə davam etsinlər.
***
Taktiki gediş strateji niyyət səviyyəsinə ucaldı.
***
Dünyadakı bütün dinlər, biz onları hansı tərəfə, hara fırlasaq da öz mövcudiyyətlərini bircə şeylə – ölümlə əsaslandırırlar. Çünki ona su, hava kimi ehtiyacları var.
Din xadimləri etiraz etmədilər. Əksinə, onlardan katoliklərə aid biri dedi:
Siz tamamilə düz buyurursunuz, biz elə ona görə mövcuduq ki, insanlar bütün ömürləri boyu qorxunun ağır yükünü boyunlarında dəyirman daşı kimi daşısınlar və özlərinin ölüm saatını azadlıq kimi qarşılasınlar. Cənnətə düşəcəklərinə ümid bəsləsinlər.
Ya cənnətə, ya cəhənnəmə, ya da ki heç hara və onu deməliyəm ki, ölümdən sonra baş verənlər bizi, insanların düşündüyünə rəğmən, daha az maraqlandırır.
Din, cənab filosof, dünyəvi işlərlə məşğul olur, səmavi məsələlərə qətiyyən aidiyyəti yoxdur.
Belə bir şey eşitməmişəm.
Təbii, axı malınızı satmaq üçün nədənsə danışmaq məcburiyyətindəsən. Başqa sözlə desək, siz ölümdən sonrakı həyata inanmırsınız.
Biz onu nəzərə alırıq.
***
Hər şeyə icazənin olması, elə heç nəyə icazənin olmaması qədər pisdir.
***
Onun üçün ki, fəlsəfənin də ölümə ehtiyacı var və bu ehtiyac heç də dininkindən az deyil: biz öləcəyimizi bildiyimizdən filosofluq edirik də və nahaq yerə müsyö Monten deməyib ki, filosofluq etmək ölməyi öyrənməkdir.
***
Siz, yəni kim? – dəstəyi qaldıran aparat əməkdaşı soruşdu.
Qayda-qanun və nizam-intizam tərəfdarları, öz işlərinin böyük ustaları, heç bir qarışıqlığa dözümü olmayan, həmişə sözlərinə əməl edən insanlar və ən nəhayət, əsl vətəndaşlar.
Bəs sizin təşkilatınız necə adlanır? – deyə məmur soruşdu.
Bəziləri bizi maffiya adlandırır, iki “f” ilə.
Bəs niyə iki dənə “f”?
Klassik, bir “f” ilə tələffüz olunan variantdan fərqləndirmək üçün.
***
Bizim üçün mühüm olan fasadı qorumaqdır, onun arxasında nə baş verəcək – bizlik deyil.
***
Müxalifət lap quduzlaşacaq – başlayacaqlar çığırışmağa ki, bəs ölkəni quldurlara vermişik.
Onlarda “ölkə” yox, “dövlət” demək dəbdir.
***
Hə, onu deyirdim axı, kimsə düşünə bilərdi ki, artıq mənəvi düşkünlüyün ən son həddinə enmişik, daha bundan o yanası yoxdur. Amma yox, real siyasətin batlaq torpağıyla kor-koranə irəliləyəndə, praqmatizm dirijor çubuğunu qaparaq partituraya belə baxmadan konserti yönəldəndə şübhə etmək lazım deyil ki, əclaşmanın məntiqi imperativini göstərəcək – hələ yox, hələ bundan da aşağı enməyə yer var.
***
Daha səmimi zamanlarda hərbi adlandırılan Müdafiə nazirliyi…
***
Onun üstündə də ifadə kəsərini artırmaq üçün vergülləri qurban verilmiş bir mətn olacaq: “Biz əzabkeşlər gedərək siz bəxtəvərləri gözləyirik”.
***
Vətənimizi sarsıdan dördmərtəbə bəlaya – demoqrafik, ictimai, iqtisadi və siyasi – etinasız və sayğısız qonşu dövlətlər, nəhayət ki, maskalarını çıxararaq dünyaya əsl simlarını göstərdilər. Qəddar fateh və azğın istilaçı simalarını. Onların bizə paxıllıq etdiyi evlərdə və mağazalarda, radio və televiziyada danışılır, qəzet və jurnallar bu məsələyə durmadan yer ayırırdılar.
***
Sözlərlə davrananda gərək qulaqların şəklənə: onlar insanlardan az dəyişkən deyillər.
***
Sən heç düşünmüsən ki, bütün məxluqlar üçün, istər insan daxil olmaqla heyvanlar, istər ayaqlarımızın altındakı otlar, yüzmetrlik tropik ağac daxil olmaqla bütün bitkilər, öləcəyini bilən insan və bundan bixəbər at üçün ölüm eynidir? – Bir də bunu soruşdu: Baramanın içində bütün cəftələri daldan bağlayaraq qapanmış ipəkqurdu nə vaxt ölür? Mümkündürmü ki, bir məxluqun yaranışı digərinin ölümündən doğsun, kəpənəyin həyatı tırtılın məhvindən pərvazlansın – yoxsa baramaqurdu kəpənəyə çevrildiyi üçün heç ölməyib də.
***
Birinin həyatı digərinin ölümündən doğur. Buna “metamorfoz” deyilir.
***
Sözlər adi bir qlaf, əşya və hadisələrin üzərinə yapışdırılan etiket kağızı kimi şeydir, hadisənin, əşyanın özü deyil.
***
Aydındır ki, kilsə bu debatlarda özünün sınanmış döyüş atının belinə qalxdı: “Tanrının yolları anlaşılmaz olub və olaraq da qalacaq”. Bunu müasir və bir az küfrə bulaşmış dilə çevirəndə belə çıxır ki, bizim içəridə nə baş verdiyini görmək üçün səma darvazasının kilid deşiyindən baxmağımıza icazə yoxdur.
***
Müəllif bəyan edirdi ki, kilsə vaxt qazanmaq üçün ikibaşlı mövqe tutur, üzərinə heç bir öhdəlik, heç bir məsuliyyət götürməyərək nə yardan doyur, nə əldən qoyur, qurbağanın ayağına təpitmə qoymaqla məşğuldur. Folklordan qaynaqlanan bu deyim, belə bir ifadəni nə eşitmiş, nə də yazılı ədəbiyyatda rast gəlmiş jurnalistlərdə dərin çaşqınlıq yaratdı. Bu tapmaca qarşısında dalanan dirənən, lakin sağlam peşə qüruru vasitəsilə həvəsləndirilən söz sərrafları məqalə və yazılarını qələmə alarkən bəzən dadlarına çatan lüğətləri kitab rəflərindən götürüb, bu suda-quruda yaşayan məxluqun axtarışına çıxdılar. Təbii ki, heç nə tapa bilmədilər, daha doğrusu, tapdılar, ayağı da tapdılar, qurbağanı da, amma “təpitmə qoymaq” ifadəsini tapa bilmədiklərindən bu kəlmələri birləşdirib ifadənin dərin mənasını dərk eləyə bilmədilər. Bu yerdə kimsə, bir zamanlar kənddən şəhərə gəlmiş, lakin hələ də buxarı dibində nəvələrinə nağıl söyləyirmiş kimi danışan, hamının gülüş hədəfinə çevrilən qapıçını xatırladı. Ondan soruşdular ki, bu el məsələni bilirmi, cavabında eşitdilər ki, onu heç bilməmək olarmı? “Onun mənasını anlayırsanmı” sualına isə, “burada anlaşılmaz nə var ki”, – dedi.
Onda izah eləyin, – şef-redaktor tələb etdi.
Təpitmə qoymaq, cənablar, o deməkdir ki, təpitmə qoyursan, sınmış, ya da əzilmiş bir yerini sağaltmaq üçün.
Bəs qurbağanın bura nə dəxli var?
Necə yəni nə dəxli var; lap birbaşa dəxli var, çünki hələ qurbağanın ayağını tutub ona təpitmə qoymaq heç kimə nəsib olmayıb.
Niyə?
Çünki onun ayağı bir yerdə durmur axı.
Yaxşı, ona bu ifadə nə deməkdir?
O deməkdir ki, elə işlər var ki, onlara girişməsən yaxşıdır, onsuz da əmələ gəlməyəcək.
Axı bizim oxucu yazır ki, bir işi heç cür başa çatdıra bilməyəndə, bəzən isə onu, necə deyərlər, acı bağırsaq kimi bilə-bilə uzadanda deyirlər ki, getdi qurbağa ayağına təpitmə qoymağa.
Deməli, kilsə indiki şəraitdə qurbağanın ayağına təpitmə qoymaqla məşğuldur.
Elədir ki, var.
Deməli, bizim oxucumuz haqlıdır.
Mənə elə gəlir ki, haqlıdır, amma mən balaca adamam, işım qapı ağzında oturmaqdır.
Təşəkkür edirəm, bizə çox kömək etdiniz.
Bəs “nə əldən qoyur, nə yardan doyur”u necə, izah eləmək lazım deyil ki?
Yox, çox sağ olun, bunu özümüz də bilirik, bütün günü işimiz elə budur da.
***
Kraliça-ana damarlarında hələ də cərəyan edən nəcib qanının tələblərinə uyğun olaraq öz nəsibini çiyinlərində ləyaqətlə daşıyır.
***
Xoşbəxtlikdən bizim baş qanun keşikçisi elə adamlardan deyil ki, fikirləşməyə vaxt itirsin.
***
…qədim rəssam və qravüra ustalarının parlaq təxəyyülü vasitəsilə əlimə verilmiş, artıq emblem səciyyəsi daşıyan kənd təsərrüfatı alətini bir kənara qoyaraq…
***
Getakomba – mənşəyi yunan dilində yüz sözündəndir, yüz qurbanlıq öküzün kəsilməsi anlamını verir; adətən, böyük qırğınlara, müharibələrə işarə kimi istifadə olunur.
***
Ölüm öz-özlüyündə, kənar kömək olmadan həmişə insandan qat-qat az öldürür.
***
Hər xalq öz hökumətinə layiqdir.
***
Həkim eşitmişdi ki, bəziləri o dünyaya keçidi asanlaşdırmaq üçün cürbəcür narkotik, araq və pozğunluqlarla dolu yığıncaqlar təşkil edirlər, hərçənd ki bunun da bir riski vardı – belə vida məclislərindən sonra o dünyalıq olsan, lap çox darıxarsan.
***
Amma məktubları kimlərsə daşıyır, onlar özü yerimir ki… Ona görə yox ki nə ayaqları, nə qanadları var, həm də onun üçün ki, şəxsi təşəbbüsdən tam məhrumdurlar, yoxsa qeyri-ixtiyari daşıdıqları dəhşətli xəbərləri çatdırmaqdan imtina edərdilər.
***
Düzünü desək, hələ görünməyib ki, ölməli olan adam ölməsin.
***
…çıxılmazlığın alleqorik heykəlinə bənzəyirdi.
***
Ölüm, adətən, çox böyük təvazösü ilə fərqlənir və özünün gəlişini heç gözə soxmaq istəmir.
***
Onun əlinə nizamnamə verərək, yolgöstərən ulduz kimi yalnız “öldür” kəlməsinə işarə etdilər və çox güman, heç fikir vermədilər ki, bu sözlərdə necə kədərli ironiya var, ölümə “öldür” demək, “get, yaşa” kimi bir şeydir.
***
Bəli, avtomatik qərarlardan, sayıqlığı korşaldan adilikdən, ziyanlı vərdişlərdən bu cür təhlükələr doğur.
***
Lakin buna baxmayaraq, ölüm indi stuldan hər şeyin hakimi-mütləq sahibi kimi inamla qalxır. O, torpağa gömülmüş təki bu buz kimi zirzəmidə oturmamalıydı, ən uca dağın zirvəsində olmalıydı – dünyanın talelərini idarə edərək, hamının eyni taleyə tabe olduğunu, geriyə addımın eynən irəliyə addım kimi ölümü yaxınlaşdırdığını, hamı üçün sonun bir olduğunu – bədəninin bir qisminin həmişə düşünməli olduğu, zira bu düşüncələr sənin insan nəslinə aidliyindən doğan sağalmaz bir damğadır – hamının hamıya bərabər olduğunu, sanki, bilməyib, mənasız şəkildə ora-bura yürüyən, vurnuxan insan sürüsünə mərhəmətli nəzərlər salmalıydı.
***
“Bütün dünyada ölümün girə bilməyəcəyi bircə yer var”. “O hansı yerdir elə?” “Ona cürbəcür adlar qoyurlar – urna, tabut, qutu, taxta paltar, sərdabə, sarkofaq, bax oraya mənim yolum bağlıdır, oraya ancaq dirilər girir, təbii ki, mən onları öldürəndən sonra.
***
Kölgənin axı, etiraf edək, böyük qüsuru var: onu işıq mənbəyi olmadan görmək mümkün deyil.
***
Əslində, o, gözəlliyi eybəcərlikdən seçə bilmir və bəlkə də, ona görə sifət yerinə onun kəlləsi var – gözsüz və burunsuz – bu kəllə isə bizim mahiyyətimizi aşkarlamaq, onu xarici görünüşümüzün vitrindən bayıra çıxarmaq istəyir. Əslində, lap əslində və həqiqətdə – bu həqiqəti gizləyə bilməzsən – ölümün gözündə biz hamımız eyni dərəcədə eybəcərik, hətta gözəllik ilahəsi və ya onun kişilər üçün olan tituluna layiq görüləndə belə.
***
Sənin sualına əlli səkkiz saniyədə cavab verməyə hazırlaşan birisiylə dialoq aparmaq da mümkün şey deyil.
***
Bu portredə əgər bizim hamımız varıqsa, deməli, orda mənə də yer olmalıdır.
***
Hə-hə, yanlış eşitmədiniz, həyat dedim, həqiqi və yalançı xiromantiyaya dəxli yoxdur bunun, məsələ onlarda deyil, sadəcə, əllər danışa bilir: nitq kimi sıxılıb-boşalanda, sığal çəkib vuranda, göz yaşını siləndə, təbəssümü gizləyərək ağzı tutanda, kiminsə çiyninə enəndə, ya da vidalaşarkən yellənəndə, sakit qalanda və işləyəndə, yatmış və oyaq olanda…
***
Vaxtaşırı dal ayağını qaldırıb təbii ehtiyaclarını ödəməklə kifayətlənir, vəssalam. Digər daha köklü ehtiyaclarını o, intizamlı şəkildə evin yanındakı bağçada, özünün yaşadığı yerdə ödəyir və bununla da, sahibini onun ardınca məxsusi olaraq it nəcisinin yığılması üçün nəzərdə tutulmuş plastik torba və kiçik bellə gəzməkdən azad edir. Tərbiyənin belə uğurlu nəticələrinə valeh olmaq mümkün idi, bircə qeyri-adi məsələ olmasaydı. İş burasındaydı ki, bu, itin öz xoş istəyiylə baş verirdi və o, bu fikirdə idi ki, min iyirmi re-major opusundan Baxın süitası üzərində çalışan musiqiçi, artist, violençalan bu dünyaya onun üçün gəlməyib ki, özününkü və yaxud istənilən başqa itin hələ isti nəcisini toplasın.
***
Bu, latınca axeronita atropos adlandırılan kəpənəkdir. Gecəuçanlar ailəsindəndir, bədəninin bel hissəsində insan kəlləsini andıran ağ ləkə var, uzunluğu on iki santimetrə çatır, rəngi – tünd, arxa qanad cütü – qara-sarı rəngdədir. Onun adı belədir – atropos, yəni – ölüm.
***
Etiraf elə, mən qənirsiz gözələm.
Bu, sənin yoldan çıxarmaq istədiyin kişilərin tipindən asılıdır.
***
Ölümdən soruşacaqdı ki, yoldan çıxarmaq istədiyi kişi hansı tipə aiddir. Bax açar söz budur – yoldan çıxarmaq.
***
O qədər olub ki, bir pulla yatağa girmişik, oyananda – başqa pul işləyib.
***
memento, homo, quipubises et inpulveremrevertis – zira sən külsən, külə də dönəcəksən.
***
Bütün bu murdarlıqlar mənə yalnız insanlaşdığıma görə yapışıb, başqa bir şey yoxdur.
***
Violençelçi xaric çalmadı, baxmayaraq ki, qəlbi bunun üçün lazım olan hər şeyi etdi.
…
Ölüm anladı ki, öz işiylə məşğul olan sənətkara mane olmaq olmaz.
***
…bu dünyada aidiyyəti olmayan məkanların məxluquna, Ayın qaranlıq tərəfinin məxluquna.
***
Həyəcan müdrikliyin bizə verdiyi siqnal ola bilər.
Müdriklik labüd şeyləri yalnız təxirə sala bilər, lakin gec-tez o da tabe olacaq.
***
…qadının hər bir sözü, konteksdən asılı olmayaraq, özündə əlavə bir məna çaları da daşıyır və bu çaları anlamaq, dərk etmək qeyri-mümkün şeydir, o iynələyir, Tantalın nahaq yerə toplamaq istədiyi su kimi əlindən süzülüb axır, meyvəsini dərmək üçün uzanmış əlindən yayınan budaq kimi gizlənir.
***
Axı sözlərin də özünün iyerarxiyası var, etiketi, protokolu, özlərinin əsilzadə titulları, plebey ayamaları.
***
Sizin dilinizdən ironiya bir az namünasib səslənir, sizin musiqi duyumunuz bunu deməliydi.
Məlumunuz olsun ki, xanım, dissonans – musiqinin bir hissəsidir.
***
Heç nə anlamadım, sizinlə danışmaq – çıxışı olmayan labirintdə dolaşmaq kimidir.
Əla, bu, həyatın əla təyinidir.
Siz həyat deyilsiniz.
Hə, mən onun qədər dolaşıq deyiləm.
***
Deyəsən, biz “siçan-pişik” oynayırıq.
Bu oyun mütləq pişiyin siçanı tutmasıyla başa çatır.
Hə, əgər siçan pişiyin boynuna zəng asa bilməsə.
***
Siz hələ fikir verməmisiniz ki, bütün adamlar multfilm personajlarıdır.
***
İnanmıram ki, məni bura gəlməyə sövq etmiş şərait bir də yarana.
“İnanmıram” – hələ “heç vaxt” demək deyil.
***
Təbəssümlərə inandın, onlar isə, əslində, üz əzələlərinin qeyri-iradi yığılmasından başqa bir şey deyil.
***
Bu fikri dilə gətirmək asandır, amma onlara söz donu geydirməsən, yüz dəfə bundan yaxşı olar, zira sözlər çox vaxt gözləniləndən, nəyin naminə dilə gətirilmişdisə, ona əks təsir göstərir, odur ki, bir də görürsən, bu kişilər, bu qadınlar deyirlər: “Sənə nifrət edirəm! Nifrət edirəm!” – sonra da acı-acı göz yaşları axıdırlar.
***
Bilmək istəyirsiniz, siz, həqiqətən, bunu bilmək istəyirsiniz?
İstəyirəm.
Çünki mən heç tanımadığım qadına vurulmuşam, mənimlə özü üçün əylənən və mənim başıma oyun açan qadına, sabah isə, kim bilir, hara gedəcək və bir daha görməyəcəyim bir qadına.
Sabah yox, bu gün.
Bu lap pis.
***
Yox, biz vidalaşacağıq, bütün sirlər də bitəcək.