Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Volter “Kandid və ya optimizm”

kko_volter_kandidAnnotasiya

“Kandid və ya optimizm” (fransızca “Candide, ou l’Optimisme”) – Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir. Povestin 1758-ci ildə yazıldığı ehtimal olunur və bir il sonra birdən-birə beş ölkədə “alman dilindən tərcümə” adı altında nəşr olunur. Dərhal bestsellerə çevrilir və uzun illər ədəbsiz olması bəhanəsilə qadağan olunur. Volter özü bu əsəri bekarçılıqdan yazdığını söyləyib və bəzi hallarda müəllifliyindən boyun qaçırıb.

 

Karandaşın izi ilə

Bütün nə varsa, hamısı olduqları kimi olmalı idilər; hər şey məqsədəuyğun olaraq yaradılmışdır, gerçəkliklərin hamısı zəruridir, ancaq yaxşı məqsədlər üçün yaradılmışdır. Budur baxın, burun gözlüyü saxlamaq üçün yaradılmışdır, ona görə də biz gözlük taxa bilmək üçün ondan yararlanırıq. Ayaqlarımız ayaqqabı geymək üçün yaranıb, ona görə də, biz onlara ayaqqabı geydiririk. Daşlar ona görə yaranıbdır, onları yonub gözəl qəsrlər tikmək olsun, ona görə də bizim monsenyorun belə gözəl qəsri vardır: axı bu bölgənin adlı-sanlı baronunun evi gərək ən yaxşı olsun. Donuzlar yeyilmək üçün yaradılıb, ona görə də biz il uzunu onları yeyirik. Kim deyirsə, hər şey yaxşıdır, o, yalan danışır, gərək hər şey yaxşılığa doğru gedir deyəsən.

***

Bir andaca buradakı səbəb-nəticə əlaqələrini özü üçün aydınlaşdıran baron Kandidin dalına bir neçə təpik vurub, onu öz qəsrindən qovdu.

***

Öncə toplar dillənib, hər iki tərəfdən altı minə yaxın adamı yerə sərdi; sonra tüfənglər açılıb, bu gözəl dünyanı zibilləyən on minə yaxın işsiz-gücsüz adamı o biri dünyaya yola saldı.

***

– Siz bura niyə gəlmisiniz? Bura gəlməyiniz üçün üzürlü bir səbəb varmı?
– Səbəbsiz nəticə olmur… Hər şey zərurət adlanan bir zəncirin həlqələrinə uyğun baş verir, özü də yaxşılığa doğru yönəlir.

***

Baxın, insanlar təbiətin işini necə korlayırlar, təbiət onları yırtıcı olaraq yaratmır, onlar özləri bunu istədiklərindən yırtıcılara çevrilirlər: insanların bir-birini öldürmək üçün yararlandıqları on iki kiloqramlıq mərmisi olan topu da, süngünü də tanrı yaradıb insanlara bağışlamayıbdır, bu onların öz yaramaz düşüncələrindən törəmişdir.

***

Dəyərli insan, məni bağışlayın, Panqlos ona cavab verdi – Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər, bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək ortada bizim istəyimiz adlanan bir səbəb olsun.

***

Panqlosu danışdığı üçün, Kandidi isə onun danışığını bəyəndiyi üzündən sezildiyinə görə tutuqladılar.

***

Yaşadığımız bu dünya, mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda görəsən o biri dünyalar nə gündədir.

***

Canım-ciyərim, – Kandid ona cavab verdi, – insan sevirsə, sevdiyini başqasına qısqanırsa, üstəlik inkvizisiya onu çubuqla döydürübsə, o, başını itirir, nə elədiyini anlamır.

***

Biz Mərakeşə çatanda orada qan su yerinə axırdı. İmperator Malik İsmayılın əlli oğlundan hərəsi öz başına qoşun toplayıb bir-biriylə vuruşurdular: bu isə qaraların qaralara qarşı, qaraların qonurlara qarşı, qonurların qonurlara qarşı, mulatların mulatlara qarşı döyüşdükləri, əlli vətəndaş müharibəsinə gətirib çıxarmışdı – imperiyanın hər yerində ara vermədən insanlar bir-birini qırıb tökməkdə idilər.

***

Kuniqunda, kapitan Kandid, bir də qarı buranın qubernatorunun yanına getdilər, onun adı Fernando D’ İbarra-a-Fiqeora-i-Maskarenes-i-Lampurdos-i-Susa idi. Bu əyan çox yekəbaş bir adam idi, görünür, bu uzunluqda adı olan adamdan başqa bir şey gözləməyə dəyməzdi.

***

Bir yerdə ağ günə çıxa bilmədinizsə, onda uğurunuzu başqa yerdə axtarın. Yeni torpaqlar, insanlar görməkdən, yeni işlər görməyə çalışmaqdan da yaxşı nə ola bilər?

***

Onlar öz dövlətlərini, gözəyarı götürsək, diametri beş yük kilometrə yaxın olan torpaqlarda qurublar; Onu otuz bölgəyə ayırıblar. Nə varsa, hamısı los padresindir, xalqın isə heç nəyi yoxdur; dövlət deyil ha, lap ağılla düzgünlüyün qovuşmasının ən gözəl bir örnəyidir.

***

O, indi qoşuna baxış keçirir, – serjant dedi – siz onun çəkməsinin mahmızlarını ancaq üç saatdan sonra opə biləcəksiniz.

***

Mən dörddəbir ispan olduğum kimi, meymunlar da axı dörddəbir kişi sayılırlar.

***

Görünür, burada kral uşaqlarına çox yaxşı tərbiyə veriblər, ona görə də bunlar daş-qaşı, qızılı saya salmırlar.

***

Görünür, bura hər şeyin ancaq yaxşı olduğu deyilən həmən ölkədir, axı deyirdilər haradasa belə bir ölkə var.

***

-Bu yer üzündə iki, bir-birindən ayrı-ayrı din ola bilərmi? Bildiyimə görə, bizim dinimizlə sisinki eyni olmalıdır, biz də bir olan Tanrıya inanırıq.
– Yəni siz doörudanmı ancaq bir Tanrıya inanırsınız?
– Başqa necə ola bilər, – qoca dilləndi – Tanrı birdir, O, iki, üç, dörd ola bilməz axı. Boynuma alıram, sizin yerin adamları çox anlaşılmaz suallar verirlər.

***

Axı görməmişlik duyğusundan qurtula bilməyən insanlar dünyanı gəzib dolaşdıqca, sonradan bu gördüklərini öyünərək, öz yurddaşlarına danışmaq istəyi onları çulğayır.

***

İnsan öz ömrünü haradasa yaxşı keçirə bilirsə, elə orada qalmağı da yaxşıdır.

***

Mənim indi anladığıma görə, optimizm “çox pis” anlamına gələn bir sözdür, – Kandid söyləndi – hər şey çox pis durumda olanda, hər şey çox yaxşıdır demək – optimizm adlanır.

***

Ah, bu yer üzündə nə alçaq adamlar varmış! Bu da bizim Köhnə Dünyanın adamlarının qanacağı!

***

Gərək yol yoldaşı olaraq eləsini seçəsən, sonra onun ucbatından başın ağrımasın.

***

Hara baxırsan, gücsüzlərin qolugüclüləri görməyə gözü yoxdur, ancaq yenə də onların qarşısında sürünürlər, qolugüclülər isə onlarla lap, ətindən, yunundan yararlandıqları qoyun sürüsü kimi davranırlar.

***

İnsanın öz içində çəkdiyi gizli qüssə, onun üzbəüz qaldığı ictimai fəlakətlərdən daha amansızdır.

***

-Ancaq bu dünyada yaxşılıqlar da var axı, – bunu Kandid dedi.
– Ola bilsin də var, ancaq dediyiniz o yaxşılıq nədənsə heç mənim qarşıma çıxmayıb, – Marten cavabında dedi.

***

Paris elə bil, bər-bəzəkli bir qələbəlikdir, orada hamı əylənməyə, yaşamın dadını çıxarmağa çalışır, ancaq bunu heç kim nə tapa, nə də bacara bilir.

***

Deyirlər Parisdə çoxlu doğrucul adamlar da yaşayır, mən onları görməsəm də, ancaq onların gerçəkdən olmasını çox istərdim.

***

– Necə düşünürsüz,insanlar bütün çağlardamı indi olduğu kimi biri-birini öldürməyə can atmışlar? Onlar həmişəmi belə yalançı, fırıldaqçı, yaxşılıqitirən, dönük, quldur, sümsük, dardüşüncəli, qorxaq, gözügötürməz, qarınqulu, içki düşkünü, simic, yekəbaş, qarayaxa, yaramaz, əyyaş, fanatik, ikiüzlü, qanmaz olmuşlar?
– Onda siz mənə deyin görək, – Marten soruşdu – qırğılar göyərçinləri tutanda, onları həmişəmi parçalayıb yeyirlər?
– Sözsüz, həmişə belə olub, – Kandid dedi.
– Görürsünüzmü, – Marten dedi – yaranışdan bugünəcən qırğının özəlliyi dəyişməyibsə, siz nədən insanın özəlliyini dəyişə biləcəyini düşünürsünüz?

***

Bordonun Elmlər Akademiyası bu qoyunun yununun nədən qırmızı olduğunu tapmaq üçün alimlər arasında yarış keçirdi. Yarışın ödülünü bir quzeyli alim aldı, bu alim öz elmi araşdırmasında: A üstəgəl B, çıxılsın C-nin X-a bölünməsinə görə də, bu qoyunların yununun ancaq qırmızı ola biləcəyini göstərmiş, özü də bu qoyunun gələcəkdə qoyun çiçəyindən öləcəyini isbat etmişdi.

***

– Mən də Parisə ilk gəlişimdə xəstələnmişdim. Ancaq mən çox yoxsul idim deyə, onda yanımda nə arxadaşlarım, nə ruhanilər, nə də həkimlər vardı, görünür elə ona görə də sağala bildim.

***

– İndilikdə Fransada teatr üçün yazılmış neçə pyes var?
– Beş-altı minəcən olar, – abbat cavab verdi.
– Bu çoxdur, – Kandid dedi. – Onların içində yaxşısı neçə dənə olar?
– Uzağı on beş – on altısı, – abbat dedi.
– Bu çoxdur, – bunu da Marten dedi.

***

– Parislilərin çox güləyən kimsələr olduğu doğrudurmu? – Kandid soruşdu.
– Elədir, – abbat cavab verdi, – ancaq bu biri-birinin yamanlığını istəməkdən doğan bir gülüşdür. Burada hamı öz yaşamını qarğıya-qarğıya hırıldayır, elə gülə-gülə də hər cür alçaqlıqlar törədirlər.

***

stola qulluq eləyən lakeylər özlərinin lakey dilində pıçıldaşırdılar:

***

Şam yeməyi Parisdə yedikləri başqa şam yeməklərinə oxşayırdı: öncə ortaya susqunluq çökdü, bir az sonra anlaşılmaz, qarmaqarışıq səs-küy eşidilməyə başladı, daha sonra gülüş doğurmayan duzsuz zarafatlaşma, dedi-qodular, axmaq-axmaq söz dartışmaları oldu, bir az siyasətdən, bir az kimlərəsə qara yaxan konulardan danışdılar; lap sona yaxın, yeni çıxan kitablardan da söz saldılar.

***

– Sizlərdən ilahiyyat doktoru müsyö Qoşun yeni çıxan romanını oxuyan varmı? – abbat oturanlardan soruşdu.
– Mən oxumağa başladım, ancaq bir azdan bezib qırağa tulladım, sonacan oxuya bilmədim. Düzdür, bizdə gülünc kitablar çox çıxır, ancaq onların hamısını bir yerə yığsan da, bu ilahiyyat doktorunun kitabı qədər gülünc olmazlar; mən bizi süpürləyib aparan bu iyrənc kitabların axınında üzməkdən bezdim, sonunda qumara qurşandım.

***

– Görəsən nə üçün indiki faciələrə maraqla tamaşa eləyirsən, ancaq onları oxuyanda, nədənsə çox maraqsız görünür?
Yenə bayaqkı bilgin adam danışığa qoşulub, pyesin səhnədə ilginc görünüb, ancaq ədəbi dəyər daşımaya biləcəyini dedi;

***

Yox, mən bunun büsbütün tərsini düşünürəm, – alim dedi – mən baxıb görürəm, bizdə bütün işlər tərsinə gedir, bizim toplumda heç kim nə öz yerini, nə də öz sorumluğunu düzgün anlamır, nəyi eləməli, nəyi eləməməli olduğunu kəsdirə bilmir. Yaşadığımız çağ bizim bu sevinc içində keçən, oturanların ruhlarını bir-birinə calayan şam yeməyinə azacıq da olsa bənzəmir, dörd bir yanımız ara verməyən gülünc didişmələrlə doludur: yansenistlər molinistlərə qarşı, ədəbiyyatçılar ətəbiyyatmçılara qarşı, maliyyəçilər xalqa qarşı, qadınlar ərlərinə qarşı, qandaşlar qandaşlarına qarşl savaşırlar. Biz insanlar arası kəsilməyən bir savaşın içində başımızı itirmişik.

***

Meymunların özlərini pələng saydıqları bu ölkədən lap tezliklə çıxıb getmək istərdim.

***

– Siz bu ingilisləri yaxşımı tanıyırsınız? Onlar da fransızlar kimi ağılsızdırlarmı?
– Onların ağılsızlığı bir az başqa türlüdür, – Marten dedi. Bilirsinizmi, bu iki millət Kanadada buzla örtülmüş bir parça torpaq üstündə çoxdandır bir-biriylə qanlı savaşa giriblər, bu “insaflığa yaraşan” savaşa dağıtdıqları pullar isə bütün Kanadanın torpaqlarının dəyərindən artıqdır. Mənim bu konuda biliyim elə də çox olmadığından, sizə bu ölkələrdə yaşayan dəlilərin sayını dəqiq deyə bilmirəm. Ancaq bir onu deyə bilərəm, bu ölkələrin ikisində də acıqdan başını itirmiş insanların sayı olduqca çoxdur.

***

ancaq bizim ölkədə adamları ürəkləndirmək üçün vaxtaşırı admiral öldürməyi gərəkli sayırlar.

***

bu dünyada nə varsa hamısı yalanla yanlışdan bir şey deyilmiş.

***

Dövlətin başında duranın öz qüssəsi, qayıqçının da öz qüssəsi. Düzdür, mənə elə gəlir, bu qayıqçıların günü dövlət başçısına baxanda yenə bir az yaxşıdır, ancaq bu elə kiçik bir fərqdir, ondan heç danışmağa da dəyməz.

***

Mənim düşüncəmə görə ancaq anlamaz adamlar ünlü yazıçıları oxuyanda onlara vurğun olurlar, mən isə onları: yazdıqlarından ürəyimə yatanları seçmək üçün oxuyuram, yalnız ürəyimə yatan sözlərini də sevirəm.

***

Mən elə gecə-gündüz çəkişmələrin içindəyəm də, özü də gərək bunlardan özüm baş aça biləm. Ola bilsin, onun fəlsəfi düşüncələri ilə az-maz razılaşmaq olardı, ancaq onu oxuyanda açıq-aydın görünən budur: bu adam öz dediklərinə sonacan inanmamış, şübhələr içində çaşıb qalmışdır, ona görə də, prinsipcə o nəyi bilirsə, onu elə mən də bilirəm, mənə anlamaz olub qalmaq üçün başqasının yardımı gərək deyil.

***

Elədir, düşündüyünü açıq-aydın, ürəyi istədiyi kimi yazmaqdan da gözəl nə ola bilər, bu insanın çata biləcəyi ən böyük üstünlüklərdən biridir. Bizim İtaliyada isə yalnız düşünmədiyini yazmaq olar;

***

Platon bunu lap çoxdan deyib: bütün yeməklərdən ucdantutma imtina eləyən mədəni ən yaxşı mədə saymaq düzgün deyildir.

***

Umacaqlarımız olmasa, ömrümüzü nəynən bəzəyərdik.

***

Bir də axı kiminlə yemək yeməyin yox, nə yeməyin önəmi var.

***

Martenin düşüncəsinə görə, insan ona görə doğulurmuş, ya ara vermədən üzləşdiyi qarmaqarışıqların içində çabalasın, ya da ömrünü elə gözüyumulu, darıxaraq başa vursun.

***

– Ey böyük filosof, biz sənin yanına gəlmişik soruşaq: insan adlanan bu qəribə heyvan nə üçün yaradılıb?
– Bundan sənə nə? – deyə dərviş soruşdu. – Bunun sənə bir istisi-soyuğu varmı?

***

– Nə olsun yamanlıqlar belə çoxdur? – dərviş dedi. – Yer üzündə yaxşılığınmı, yamanlığınmı çox olmasının sənin üçün bir önəmi varmı? Sultan özünün savaş gəmilərini Misirə yürüşə göndərəndə, bunun gəmilərdə yaşayan siçanlar üçün yaxşımı, yoxsa pismi olacağının qayğısına qalırmı?
– Yaxşı ona biz nə edək?
– Heç nə, gedin oturun yerinizdə, susun.

***

İş-güc bizim yaxamızı üç böyük yamanlıqdan qurtarır: darıxmaqdan, asılılıqdan, bir də korluq çəkməkdən.

Tərcümə: Araz Gündüz

5 (100%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram