Bu həyatın bayağılığından əziyyət çəkən ağıllı, gözəl və istedadlı cütlük – Frenk və Eypril Uilerin hekayəsidir. Frenk iri Nyu-York şirkətində klerk işləyir, Eypril isə aktrisalıq karyerası ilə bağlı ümidlərə qapılaraq evdə uşaqlarını böyüdür – lakin onların hər ikisi, nə isə böyük, qeyri-adi, müstəsna bir şeyə can atırlar. Və budur onların əlinə fürsət düşür – Parisə gedib həyatlarına sıfırdan başlamaq.
“Dəyişikliklər küçəsi” işıq üzü görən kimi roman Tennesi Uilyams tərəfindən “ədəbi şedevr”, Kurt Vonnequt tərəfindən isə “müasir dövrün “Böyük Qetsbi”si” adlandırıldı.
Karandaşın izi ilə
Bəli, məqsədsiz ağıl, səssiz səs-küy, məzmunsuz forma.
***
Qızarmış gözləri tənbehlərlə od tutub yanan, təzimdə saxta təbəssümü sürtülən ayağı kimi, alt paltarındakı gizli təri, turşməzə qoxusu kimi bilinən dalana dirənən arıq qadın.
***
İçəridən bükülmüş qəzet qoyulan atasının köhnə fetr şlyapası başında əla dururdu və “ləyaqətli yoxsulluq” obrazının yaxşı yaxması idi.
***
Heç kimin mənlə maraqlanmadığını həmişə bilmişəm və bunun mənə məlum olduğunu heç kimdən gizlətməmişəm.
***
Konkret məqsədlərdən uzaqlaşmaqla o, konkret məhdudiyyətlərdən canını qurtarır. Hal-hazırda onun fəaliyyət dairəsi bütün dünya və həyatın özüdür.
***
Sanki heç vaxt oğlan olmamış kimi görünən, qaşqabaqla başının üstündə duran kişilərin müşayiətində…
***
Bəlkə başdan-ayağa tüstülü, Jan Pol Sartr kimi düşünən kavalerə başdan-ayağa tüstülü, Jan Pol Sartr kimi düşünən xanımın nəzərdə tutulduğunu güman etmək məntiqli olar?
***
Bilmirəm, nəyi sübut eləmək istəyirsən, amma çətin ki bunu sən özün də bilirsən. Bir şeyi dəqiq bilirəm: mən buna layiq deyiləm.
***
Onda dava nəzarətdən çıxdı. Hər ikisi əsir, üzləri nifrətdən əyilirdi. Nifrət ən zəif yerdən vurmağa səsləyir, hiyləgər ötmələr, düşmən istehkamlar və döyüş taktikasını: yalandan hücum, sonra isə zərbə – pıçıldayırdı. Qısa fasilələrdə onların yaddaşı sağalmış yaraların üst qatını qoparmaq üçün təcrübədən keçirilmiş silah arsenalına doğru üz tuturdu. Döyüşün sonu görünmürdü.
***
Necə qeyri-adi təxəyyülün olmalıdır ki… – o başını yellədi və güləndə dişləri parıldadı, – özünü kişi hesab edəsən!
***
Psixiatrlar ona görə sevinəcəklərsə, gör indi Eyprilə görə necə ziyafət olar.
***
Bəlkə başqa səbəb var idi? Məgər onun əməllərinin nə vaxtsa başqa – daha az xudbin və daha çox mürəkkəb səbəbləri olub?
***
― İndi sən mənə qulaq as. Bunu eləsən… əgər sən…allaha and olsun, onda mən…
― Sən – nə? Atacaqsan məni? Bu təhdiddir? Yoxsa mükafat?
***
Bəlkə, elə o vaxtdan həyatı əslində ona lazım olmayan şeylərin sıralamasına çevrildi? Öz evdarlıq məsuliyyətini sübut etmək üçün əvvəlcə dəhşət darıxdırıcı işə girdi; sonra nizamlılıq və rifahın əsas roluna yetkin inamını göstərmək üçün həddən artıq baha, zövqlü evə köçdü; sonra ikinci uşağı oldu – birincinin dünyaya gəlişinin səhv olmadığına sübut kimi; daha sonra əyalətdə ev aldı, çünki bu növbəti məntiqi addım idi, və o özünə sübut elədi ki, bu addımı ata bilər. O elə hey nəyisə özünə sübut edirdi və yalnız bu səbəbə görə həmişə onu müdafiə olunmağa məcbur edən, onu yalnız yaxşı olanda sevən, şıltaqlıqları ilə yaşayan və ən pisi, istənilən vaxt onu ata bilən bir qadınla evli idi.
***
Uşaqlar başlarını onun sinəsinə qoydular, arıq, isti ayaqlarını üstünə atdılar və Frenk ağlar səsinə güc gələrək oxumağa başladı. Onlar bağışlamağı bacarırdılar və onu yaxşı və pis halda qəbul eləməyə hazır idilər, onlar onu sevirdilər. Bəs niyə Eypril sevməyin belə zəruri və asan olduğunu başa düşmür?
***
Bir dəqiqə sonra Şep soruşdu: “İşdə vəziyyət necədir?” – sanki Frenk heç min dəfə başa salmamışdı ki, iş onun həyatında çox əhəmiyyətsiz bir yer tutur və adı yalnız istehzalı şəkildə çəkilməlidir.
***
Qoca Freyd Birləşmiş Ştatlar əhalisi kimi sadiq ardıcıllar sürüsü haqda heç fikirləşə də bilməzdi.
***
Allah şahiddir ki, məsələ ciddi bir şeyə gəlib çatanda, biz hələ də Orta Əsrlərdəyik. Hamı sanki xam xəyalla yaşamağa sözləşib. Cəhənnəm olsun, reallıq! Gəlin dolanbac yollar salaq və rəngbərəng evlər tikək, yaxşı istehlakçı olaq; əsas odur ki, daha çox həmrəy olaq, uşaqlarımızı isə həssaslığa çağıraq: guya, atamız böyük kişidir, zira pul qazanır, anamız isə böyük qadındır, zira ona dayaq olur; bəs əgər birdən qoca reallıq çıxıb “U-u-u!” desə?!
***
Sadəcə bir il batmamaq, şəxsiyyət kimi özümü qoruyub saxlamaq üçün mənə pul lazımdır. Ona görə tam hüquqla “maraqlı” hesab olunan işlərdən var gücümlə qaçıram. İstəyirəm ki, mənə dəyib dolaşmasınlar. Mənə yüzillik qəflətdə pul çıxaran, köhnə, nəhəng korporasiya lazımdır. Elə bir yer ki, istənilən iş səkkiz əməkdaşa tapşırılır, çünki bilirlər ki, heç biri onu yerinə yetirmək üçün əlini ağdan qaraya vurmaz. Elə bir iş istəyirəm ki, bu sözləri deyə bilim: bax, bu qədər dollar qarşılığında bu sizə gündə bu qədər saat və mənim savadlı oğlan təbəssümüm, qalan şeylərdə bir-birimizə dəyib dolaşmırıq. Mənzərə çatdı?
***
Birinci ilin sonunda zarafat təngə gətirdi, başqalarının onun yumor hissini başa düşməməyi ona əzab verməyə başladı.
***
Bizim idarənin gözəlliyi ondadır ki, səhər doqquzdan iş gününün sonuna qədər beyni sönülü saxlamaq olar və heç kim bunu sezməyəcək.
***
Parlaq işıq və soyuqluqla qadın onun gündəlik işgəncəsi, şəxsi sıxıntı etalonu idi. Otaq ona saatları yeni qayda ilə hesablamağı öyrədirdi: tezliklə qəhvə fasiləsi, tezliklə nahar, tezliklə evə getmək vaxtı, və şikəst insan tutmalar arasında olduğu o da bu həzlərin arasındakı vaxtın boşluğunda istiqamət almağa öyrəşmişdi.
***
O, başını itirərək yeyilmiş dəri üzlüklü mebel, tutqun güzgü və qaralmış gümüş olan otaqda var-gəl edirdi və hər dəfə Cek adını söyləyəndə ulayırdı, bu da onun qeyd-şərtsiz günahı ucbatından onların həyatlarının iflasa uğramasına sübut idi.
***
Doğrudan yalnız rəssamların və yazıçıların öz həyatlarını yaşamaq haqqına malik olduğunu düşünürsən? Qulaq as: beş il ümumiyyətlə heç bir işlə məşğul olmasan da, fərqi yoxdur; sonradan daşyonan, mexanik olmaq və ya ticarət donanmasında üzmək istədiyini desən də, fərqi yoxdur. Necə yəni başa düşmürsən? Bunun müəyyən gözəçarpan qabiliyyətlərə aidiyyatı yoxdur, hal-hazırda sənin özünsən boğulan. Hazırkı həyat sənin “mən”ini dayanmadan inkar edir.
***
Bütün sərnişinlər gözünə gülməli görünürdü: kişilərin saç kəsimi eyni cür, biz-biz, ağarmış yerlər parıldayır, hamısı ciddi, səliqəli, köynəkləri axıra kimi düymələnmiş, hamısı ayaqlarını cəld çevirir. Sonsuz təlaşda olan dəstələrlə gözləmə zalına tökülüşür və küçəyə atılırlar ki, bir saatdan sonra onları Manhettendə gözləyən idarələrində sakitləşsinlər. Əgər şəhər kanyonun bir tərəfindəki qüllədən qarşı tərəfə baxılsa, digər tərəf gözlər önündə çəhrayı insanların ağ köynəklərdə dayanmadan kağız seçib ayırdığı, telefon dəstəyini qapdığı, yaz səmasında əzəmətlə üzən buludlar üçün cidd-cəhdlə öz pantomimini oynadığı səssiz insektarium kimi sərgilənəcək.
***
Çıxıb gedən yorğunluqdan sonrakı eyforiya vəziyyəti, səslərin cansız, əşyaların aydın görünmədiyi və hər şeyi edə biləcəyini düşündüyün an.
***
İstənilən ideya, istənilən hiss mütləq əqli əmək tələb etməyən qatı sıyıq səviyyəsinə kimi bayağılaşdırılır, həyata nikbin və sentimental baxış tətbiq edilir: gülümsəyin və hər şey düzələcək.
***
Heç olmasa “Donaldson” ola, ya da “Con C.Donaldson”, ya da ki, adı nə idi onun. Mütləq “Donaldsonlar”! Dərhal gözünün qabağına rahat pijamalarda dovşan ailəsi gəlir: yanaşı oturub qarğıdalı siropu ilə kökə tıxırlar.
***
O düşünürdü ki, Şərqdə insan üniversitetə peşə naminə yox, müdriklik və gözəllik axtarışı üçün daxil olur, bu isə ərköyün uşaqlar üçün deyil. Yaşı on ikini adlamış hamı bunu bilir. Şərqdə əzik tvid pencək və flanel şalvar geyinir, saatlarla saat qüllələrinin altındakı qədim qarağacların arasında gəzir və cəmiyyətin qaymaqları olan dostları ilə söhbətləşirlər. Şərqdə qızlar boylu-buxunlu və zərifdirlər, hərəkətlərində əsil-nəcabətin amirliyi hiss olunur; sakit və məlahətli səslə ağıllı fikirlər söyləyir və heç vaxt boş-boş gülmürlər. Tələbələr qış gecələrində onları “Biltmor”a kokteylə dəvət edə, teatra apara bilər, sonra isə onları götürüb Yeni İngiltərəyə, sivişib pərqu yorğanının altına sevinclə girəcəkləri qarla örtülən mehmanxanaya qaçmaq olar. Şərqdə universiteti bitirdikdən sonra ciddi-ciddi iş axtarmağa başlamırlar, subaylıq illərini yaşadıqları mənzillərində bir neçə il kitabla keçirirlər, vaxtaşırı Avropaya səyahət edir, arxayın, ağıllı seçim prosesində özlərinin əsl istedadlarını tapırlar; evlilik vaxtı çatanda isə toy müvəffəqiyyəti saysız-hesabsız gözəl romanlardan da ən yaxşı halda başa çatdırır.
***
Bundan başqa, orda oxumasaydı, Milli ilə tanış olmazdı. Bu tanışlığa isə Şep zərrə qədər peşman deyildi, yox əgər olsaydı, psixiatrsız da başa düşərdi ki, başına ciddi iş gəlib və o həqiqətən havalanıb.
***
Müstəqil olmaq – daim boşanma astanasında ləngər vuran qadın üçün bu çox vacibdir.
***
Bununla belə insanlar dəyişir və bu dəyişiklik çiçəklənmə olduğu kimi, saralıb solma da ola bilər, elə deyilmi?
***
Elə dəhşət idi, həmişəlik ümidini itirmişdi. Ona görə ki, əlli altı yaşı var idi və şişmiş ayaqları çox idbar görünürdü; ona görə ki, məktəbdə qızlar onu sevmirdi və heç vaxt oğlanların xoşuna gəlmirdi; ona görə ki, Hovard Qivinqsə ərə getmişdi, zira başqa heç kim ona evlilik təklifi etməmişdi, və bir də ona görə ki, yeganə övladı ağlını itirmişdi.
***
Bir də mənim belə bir qəribə fikrim var: insanlar xoşlarına gələn işdə daha çox uğur qazanırlar.
***
– Yeganə axmaq sualım budur: nəyi xoşlayırsan?
– Bilsəydim, cavab dalınca getməli olmazdım.
***
Kimin haqda danışdığını başa düşə bilmədim: İnqilab küçəsindən olan məlahətli gənc Uilerlərdən, yoxsa Uiler küçəsindən olan məlahətli gənc inqilabçılardan.
***
– Axmaq işdir. Yəni, maraqlı və əyləncəli heç nə yoxdur.
– Maraqlı? – söz sanki Cona toxundu. – İşin “maraqlı” olub-olmaması sizi narahat edir? Elə bilirdim bu qadın yanaşmasıdır. Qadın və uşaq. Sizin də belə qiymətləndirəcəyinizi güman etmirdim.
***
Ailə saxlamaq istəyirsənsə, get işlə. Yaxşı evin olsun istəyirsən, rahat evin, ona görə də xoşuna gəlməyən işdə işləyirsən. Əla. İnsanların doxsan səkkiz tam onda doqquz faizi bu problemi belə həll edir, və dostum, inanın, utanılası bir şey yoxdur. Yox əgər kimsə yaxınlaşıb “Nə işlə məşğul olursunuz belə?” sualını versə, əmin olun, bu dəlilər evindən iyirmi dörd saatlığına buraxılmış axmaqdır.
***
– Budur, söz tapıldı, – o dedi. – Ümidsiz boşluq. Boşluq haqda bir sürü adam fikir yürüdür; dəniz kənarında işləyəndə hamı elə hey o haqda danışırdı. Gecə uzunu boşluq barədə söhbətlər. Ancaq heç kim bir dəfə də olsun “ümidsiz” demədi, buna cürətimiz çatmadı.
Yəqin, boşluğu görmək üçün müəyyən miqdarda cəsarət, onun ümidsizliyini başa düşmək üçün isə dəhşət çox cürət lazımdır. Və başa düşəndə, burdan rədd olub getməkdən başqa çarən qalmır. İmkan varsa.
***
Bilirsiz, qadınla xanım arasındakı fərq nədir? M-m? İşarə edirəm: xanım bərkdən gülmür və qoltuğunun altını qırxır.
***
– Bilirsən, Frenk, məncə o, bizim nə istədiyimizi başa düşən birinci adamdır.
– Haqlısan. – Frenk doğan günəşə baxaraq böyük qurtum aldı. – Yəqin, bu o deməkdir ki, biz də onun kimi dəliyik.
***
Əgər ideya satmaq istəyirsənsə – çətin yaxud asan, fərqi yoxdur – insan səsindən daha effektli inandırma aləti yoxdur.
***
Zamanı ölçmək və hesablamaq bacarığı bizim dincliyimizin demək olar ki, tükənməz mənbəyidir.
***
“Qoy yadıma salım, – daz başını yanakı əyərək və günəşin altında özünü itirmiş halda eşələnərək qoca deyir, – birinci arvadım yazda vəfat edib…” O, bir anlıq dəhşətə gəlir. Hansı yazda? İnişilki? Növbəti? Yaz dediyin Günəşin ətrafında dayanmadan fırlanan Yerin mərkəzində hüceyrələrin mənasız yenidən qruplaşmasından başqa nədir ki? Günəş dediyin heçlikdən heçliyə əbədi səyahət edən milyardlarla soyuq ulduzdan biri deyilmi? Sonsuzluq! Tezliklə qocanın beynindəki yorğun qapaqlar və ayırıcılar şəfqətlə işə başlayır, və onda o davam edir: “Min doqquz yüz altıncı ilin yazı…Yox, gözləyin…” Qalaktikaların fırlanmasından yenə qan donur. “İndi…min doqquz yüz…dörddür”. İndi o əmindir və sağlamlıq bərpasının sevincindən istər-istəməz budlarına vurur. Ola bilsin, o birinci arvadının gülüşünü və ağlamağını unudub, ancaq onun ölümünü rəqəm yığınına bağlamaqla öz həyatına və ümumiyyətlə həyata qanunauyğunluq gətirdi. İndi bütün digər illər sözə baxaraq öz yerlərini alır, hər biri növbə ilə ümumi tabloya öz qiymətli hədiyyəsini verir. Min doqquz yüz onuncu, min doqquz yüz on iyirminci – əlbəttə, o xatırlayır! – min doqquz yüz otuzuncu, min doqquz yüz qırxıncı, belə-belə indiki dövrə, sonra isə gələcəyin mehriban vədlərinə kimi gedir. Yer öz səfalı hərəkətsizliyinə qayıdır – tər otun qoxusunu hiss edirsinizmi? – və möhtəşəm qədim Günəş bütün bu illər ərzində boylanıb güldüyü həmin o yerdən asılır. “Bəli, cənab, – qoca amiranə şəkildə bəyan edir, – min doqquz yüz dördüncü ildə”, gecə ulduzları onun sonuncu səma dincliyinin şən əlamətləri olacaqlar. Xaos nizama çevrildi.
***
― Görürsən indi nə edirsən? Mənimlə vuruşursan.
― Heç də.
― Yox, vuruşursan. Ən pisi də odur ki, özün özünlə vuruşursan. Hər ikimiz fasiləsiz məhz bu işlə məşğul olmuşuq. Ancaq artıq böyümək və müharibəni başa çatdırmaq vaxtıdır.
***
– Nə isə, aydındır, – o dedi. – Mənim də evimə paranoik gəlsəydi, yəqin mən də uşaqlarımı başqa yerə göndərərdim. Əgər uşaqlarım olsaydı. Evim kimi.
***
Abortun psixoloji mahiyyəti. Qadının uşaq istəməməsinin arxasında nə gizlənir? Qadının əsl qadın olmaması, qadın olmaq istəməməsi yoxsa nə?
***
– O mənada ki, səni elə tənha təsəvvür etmək qeyri-mümkündür.
– Şükür Allaha. Ümid edirdim ki, tənhalığımı heç kim görməyəcək. Müharibə sonrası Nyu-Yorkun gözəlliyi də onda idi – onu heç kim görmürdü.
***
Hələ də düşünürdüm ki, hardasa gözəl insanlar dünyası var. On iki yaşlı qız yuxarı sinif qızlarına uzaq olduğu kimi mən də bu dünyaya uzağam. Onlar hər şeyi intuitiv başa düşür, güc sərf etmədən həyatları istədikləri kimi olur, iyrənc işdə damarlarını çıxartmaq lazım deyil, çünki ideal işdən başqa işdə işləmək heç kimin ağlına da gəlməz. Onlar hamısı sanki qəhrəman fövqəl-insanlardır, gözəl, ağıllı, sakit və mehriban. Onları tapanda onların mühitindən olduğumu, onlardan biri olduğumu və taleyimə onlarla birlikdə olmaq yazıldığını, əvvəl baş verənlərin hamısının səhv olduğunu başa düşəcəm. Onlar da başa düşəcək. Çirkin ördək balası qu quşlarının yanına gedəcək.
***
Pul həmişə yaxşı bəhanədir.
***
Sənə yazığım gəlir. Yox, yəqin bir-birinizə babsınız. Bilirsən, indi sənə baxıram və ona yazığım gəlir. Mənə elə gəlir ki, oğlan yalnız uşaq qayırmaqla kişi olduğunu sübut etmək istəyirsə, deməli, onun gününü göy əskiyə bükmüsən.
***
…sənin “məhəbbətlə” bağlı qorxaq xam xəyalların ucbatından, halbuki ikimiz də çox yaxşı bilirik ki, aramızda nifrət, inamsızlıq və qarşıdakının zəifliyinə görə tutulduğumuz xəstə asılılıqdan başqa heç nə olmayıb. Bax buna görə sən “sevə bilməmək” haqda danışanda gülməkdən özümü saxlaya bilmədim, bax buna görə toxunuşlarına dözə bilmirəm, buna görə heç vaxt sənin fikirlərinə inanmayacam, hələ sözlərini demirəm…
***
Nəticədə hər biri digərinin ən çox eşitmək istədiyini dedi: “Mən səni sevirəm”
***
Bu yol məkrli və etibarsızdır. Əgər bu yola düşsən, artıq geri dönmək çətin olur, və sən “bağışla, əlbəttə, sən haqlısan”, “daha yaxşı bilərsən” və “həyatda olan ən gözəl və dəyərli şeysən” deyirsən, bundan sonra bütün həqiqətlər və doğrular uzaqlaşır, yaxşı insanların əlçatmaz dünyası kimi parıldayır. Və birdən anlayırsan ki, həyatın “Laureatlar”ın məşqlərinə və Stiv Kovikin bəstələrinə oxşayır – onda hər şey dəhşət ciddi, başdansovdu, iddialı və yanlışdır: “yox” demək istədiyin halda “hə” deyirsən, kim olduğunu başa düşmədən zülmətlə qarşı-qarşıya durursan.
Özündən başqa kimdir günahkar?
***
Həqiqətən düzgün və doğru şey etmək istəyirsənsə, bunu təkbaşına et.
***
Lənət şeytana, o ölürsə, süpürgəçi burnunun altında mahnı mızıldana-mızıldana döşəmə taxtasını linoleumda belə gəzdirməz, qonşu palatadakı radio bağırmazdı. Eypril Uiler ölürsə, divarda işçi heyət üçün rəqs gecəsi haqda çap edilmiş elan (“Şən keçəcək! Qəlyanaltı və içkilər!”) asılmaz, hörmə stullar üstünə jurnallar düzülmüş stolun ətrafında olmazdı.
***
Kədəri ləkələməmək üçün qədərində kədərlənmək lazımdır.
Tərcümə: Lamiyə Göycəyeva