“Sallaqxana N5 və ya uşaqların səlib yürüşü”(ingiliscə “Slaughterhouse-Five, or The Children’s Crusade”) – Dördüncü nəsil alman-amerikan əsilli yazıçı hazırda Kod burnunda əla şəraitdə yaşayır (və çox siqaret çəkir). Amerika hərbi qüvvələrində piyada kəşfiyyatçı olub. Uzun illər əvvəl Almaniya, Drezdendəki (“Elbanın Florensiyası”) hava hücumuna şahid olub və müharibə vaxtı əsir düşüb. Gördüklərini danışmaq üçün sağ qalıb. Bu roman uçan boşqabların gəldiyi Tralfamadorplaneti haqqında teleqrafik-şizofrenik üslubda yazılmış hekayələrdən ibarətdir.
Karandaşın izi ilə
Ümidvaram ki, fürsət düşsə, sülhün hakim olduğu azad dünyada, mənim taksimdə bir daha görüşəcəyik. Bu ifadəni çox sevdim: “fürsət düşsə”
***
Pal Mall siqaretindən, xatirələrindən və oğullarından başqa heç nəyi olmayan qoca kaftara çevriləndən sonra…
***
– Bu müharibə əleyhinə kitabdır?
– Bəli, – dedim – yəqin ki.
– Bilirsən, mən adamların müharibə əleyhinə kitab yazdıqlarını eşidəndə onlara nə deyirəm?
– Yox. Nə deyirsiniz, cənab Starr?
– Mən deyirəm ki, onun əvəzinə niyə buzlaşma əleyhinə kitab yazmırsınız?
***
Bunun üçün qızımın tabaşirlərindən istifadə etmişdim. Hər obraza ayrı rəng. Divar kağızının bir ucu hekayənin başlanğıcı, o biri ucu isə sonu idi. Ortada isə kitabın orta hissəsi var idi. Mavi cizgi qırmızı ilə sonra sarı ilə qarşılaşırdı, sarı isə kəsilirdi. Çünki sarı ilə təsvir olunmuş qəhrəman ölürdü. Beləcə davam edirdi. Drezdenin dağıdılması narıncı xaçlardan ibarət şaquli sütunlarla təsvir edilmişdi. Sağ qalanları ifadə edən cizgilər onun içindən digər tərəfə keçirdilər.
***
O vaxt onlar bizə insanlar arasında heç bir fərqin olmadığınıı öyrədirdilər. Onların əmin olduğu daha bir fikir də bu idi ki, heç bir insan gülünc, pis və iyrənc deyil.
***
Ölümündən bir qədər əvvəl atam mənə dedi: – Bilirsən, sən heç vaxt içində cani olan hekayə yazmamısan.
***
Müharibəyə həqiqətən nifrət edənlər, həqiqətən vuruşanlardır.
***
– Əla, amma mən bilirəm, – dedi o – siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sinatra, Con Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gözəl təsvir olunacaq ki, biz daha çox qırğın görmək istəyəcəyik.
***
Makey yazırdı ki, uşaqların səlib yürüşü 1213-cü ildə başlayıb. İki rahib Almaniya və Fransada uşaqlardan ibarət ordular yaradıb qul kimi Şimali Afrikaya satmaq fikrinə gəliblər. Üç min uşaq könüllü olub. Onlar elə biliblər ki, Fələstinə gedirlər. Yəqin ki, bunlar böyük şəhərlərdə yaşayan evsiz, avara uşaqlar idi. Axı yalnız belə özbaşına və arsız uşaqlar hər şeyə hazır idilər, deyirdi Makey.
***
Biz Nyu-Yorkdakı beynəlxalq sərgiyə getdik. “Ford Motor” avtomobil şirkətinə və “Uolt Disney”ə əsaslanaraq keçmişin nəyə bənzədiyini, “Ceneral Motors”a əsaslanaraq gələcəyin necə olacağını gördük. Mən özümə indiki zaman barədə sual verdim: o nə qədər genişdir, nə qədər dərindir və mənim payıma nə qədər düşəcək.
***
Hər kəs bir də danışmamaq üçün və bir də heç nə istəməmək üçün ölümə məhkumdur. Hər şey qırğından sonra sakitliyə məhkumdur və həmişə belə olur. Quşlardan başqa. Quşlar nə deyə bilərdilər axı? Ancaq “cik-cirik”.
***
Mən oğullarıma demişəm ki, heç bir vəchlə kütləvi qırğınlarda iştirak etməsinlər. Eləcə də düşmənlərin soyqırımı onlara razılıq və sevinc bəxş etməməlidir. Bir də tapşırmışam ki, kütləvi qırğın silahları hazırlayan şirkətlərdə işləməsinlər və belə silahlara ehtiyac olduğunu düşünən insanlara nifrətlərini bildirsinlər.
***
Uçurumun kənarında oyanıram, oyanıram ağır-ağır. Ayaqlarım məni qorxu olmayan yerlərə aparır İnsan getməli olduğu yerləri gəzə-gəzə tapır.
***
İncəsənət ölümlə rəqs etmədən mövcud ola bilməz.
***
İnsan öləndə, o sadəcə ölü kimi görünür. Çünki o, keçmişdə hələ də canlıdır və insanlar dəfn mərasimlərində ağladıqları üçün səfehdirlər.
***
“Nyuremburqin dəmir qızı”nın bir ayağından hazırlanmış stolüstü lampa var idi. Əsl dəmir qız orta əsrlərə aid işgəncə alətidir. Bu qadın formasında hazırlanan, içində tikanları olan qazan növü idi. Qadının önü taybatay açıq iki qapı kimi hazırlanmışdı. Məqsəd cinayətkarı qazanın içinə salıb qapını asta-asta bağlamaq idi. Cinayətkarın gözləri üçün iki xüsusi tikan var idi. Qazanın dibində qanı axıtmaq üçün xüsusi navalça quraşdırılmışdı.
***
Bir dəfə Billidən edamın ən pis növünün hansı olduğu soruşdu. Billinin heç bir fikri yox idi. Doğru cavab bu olmalı idi: – Sən adamı səhradakı qarışqa yuvasının yanında uzatmalısan, bildin? Onun üzü yuxarı olmalıdır və sən onun sifətinə bal çəkməlisən. Sonra göz qapaqlarını kəsməlisən ki, canı çıxınca günəşi görsün.
***
Bir çox amerikalılar kimi o da həyatını hədiyyəlik dükanlardan aldığı əşyaların yardımı ilə bəzəməyə çalışırdı.
***
Bir kəşfiyyatçı başını aşağı salladı və tüpürdü. İkincisi də eyni şeyi etdi. Tüpürcəklərinin qara və tarixə təsir etmədiyini gördülər.
***
Bura bombardmandan sonrakı Drezdeni xatırladırdı. Borbardmandan sonrakı Drezden isə ayın səthinə bənzəyirdi.
***
Billinin iş otağının divarından həyat eşqini dəstəkləmək üçün dua asılmışdı. Hərçənd onun yaşamağa heç bir həvəsi qalmamışdı. Ancaq tablonu görən xəstələrdən çoxu Billiyə deyirdi ki, bu onlara yaşama gücü verir. Dua belə idi:
Allahım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün
SƏBİR
dəyişdirə biləcəyim şeyləri dəyişdirmək üçün
CƏSARƏT
aradakı fərqi görmək üçün
MÜDRİKLİK
bəxş et!
***
Gecə boyu lokomotivlərdən biri digərlərinə fit verir və yola düşürdü. Lokomotivlər və sonuncu vaqonlar narıncı və qara zolaqlı bayraqla işarələnmişdi. Bu qatarların hərbi əsir daşıdığını və təyyarələr üçün hədəf olmadığını bildirirdi.
***
Bəzən onlar danışır, ya da bağırırdılar. Onlar su, qara çörək, sosiska və pendir qəbul edir, nəcis, sidik və bəzən söyüş ifraz edirdilər.
***
Qorxu ona “Dayan!”, cəsarət “Get!” deyirdi. O dayandı.
***
– Niyə mən? – Bir dünyalıdan ancaq bu sualı gözləmək olardı, cənab Pilqrim. Niyə siz? Niyə bu məsələ bizi maraqlandırmalıdır? Niyə o şey, niyə bu şey? Çünki sadəcə bu an belə olmalıdır. Siz heç kəhrəbanın içində donmuş böcəkləri görmüsünüz? – Bəli, – yeri gəlmişkən, Billinin iş otağında cilalı kəhrəba damlasından hazırlanmış press-papye var idi və onun içində üç fatma böcəyi qalmışdı. – Lap yaxşı, cənab Pilqrim, biz də bu anın kəhrəbasında ilişib qalmışıq. Burada niyə yoxdur.
***
Onsuz da yaxşı xəbərlərin hamısı bir-birinə bənzəyir.
***
Zaman zamandır. Heç vaxt dəyişmir. O, xəbərdarlıq etməyə və ya izahat verməyə borclu deyil. O, sadəcə odur. Yaşadıqlarını anbaan izlə və sən anlayacaqsan ki, bayaq mən dediyim kimi biz hamımız kəhrəba damlasında ilişmiş böcəklərik.
***
Britaniyalılar bunu bilmirdilər, ancaq şamlar və sabunlar yandırılmış yəhudilərin, qaraçıların, homoseksualların, kommunistlərin və digər hökumət düşmənlərinin piylərindən hazırlanmışdı.
***
– Bu adam deyil, sınıq çərpələngdir. Sən doğrudan amerikalısan?
***
Rozuoter Billidən iki dəfə ağıllı idi. Ancaq onlar növ böhranı keçirirdilər. Hər ikisi müharibədə gördüklərindən sonra həyatı mənasız hesab edirdi. Məsələn, Rozuoter alman əsgəri hesab etdiyi qırx dörd yaşlı qoca atıcını vurmuşdu. Olan işdir. Billi isə Avropa tarixinin ən böyük qırğınını görmüşdü. Bu Drezden bombardmanı idi. Olan işdir. Ona görə onlar yaşadıqları kainatı və özlərini yenidən kəşf etməyə çalışırdılar. Elmi fantastika buna kömək olurdu. Bir dəfə Rozuoter Billiyə elmi fantastika olmayan bir kiatb haqqında maraqlı bir şey dedi. O dedi ki, həyat haqqında bilməli olduqları hər şey bir kitabda toplanıb. Bu kitab Fyodor Dostoyevskinin “Karamazov qardaşları” idi.
***
Bir dəfə isə Billi Rozuoterin psixiatra “Hey, uşaqlar, deyəsən siz yeni-yeni gözəl yalanlar fikirləşməlisiniz, belə getsə, insanlar yaşamaq istəməyəcək” dediyini eşitdi.
***
Hər bir oğlana ata lazımdır.
***
Billi eybəcər Valensiya ilə evlənmək istəmirdi. Bu qız onun xəstəliyinin əlamətlərindən biri idi. O, dəli olduğunu Valensiyaya evlənmə təklifi edəndə, brilyant qaşlı üzüyü qəbul etməsi üçün yalvaranda və ömür yoldaşı olmağı arzulayanda anladı.
***
– Sizdən öyrəndim ki, bir planetin bütün sakinləri sülh içində yaşaya bilər. Axı, mənim planetimdə qırğınlar ilk vaxtlardan bəri mövcuddur. Mən həmvətənlərimin suda qaynatdığı məktəbli qızların bədənlərini görmüşəm. Onlar elə bilirlər ki, zülmə qarşı mübarizə aparıblar – bu həqiqət idi. Billi Drezdendə qaynamış bədənlər görmüşdü – Mən əsirlikdə olanda həmin məktəbli qızların atalarının və qardaşlarının yandırdığı insanların piyindən hazırlanmış şamlarla yolumu işıqlandırırdım. Yəqin dünyalılar bütün Kainatın ən vəhşi cinayətkarlarıdırlar! Əgər indilik Yer kürəsi digər planetlər üçün təhlükə təşkil etmirsə də, bu yaxınlarda olacaq. Ona görə mən sizdən sülhün sirrini öyrənmək üçün və onu Yerə aparıb hamımızı xilas etmək istəyirəm: Bütün planet necə sülh içində yaşaya bilər?
***
Kasıb olmaq biabırçılıq deyil, ancaq vəhşilikdir.
***
Amerikalılar dünyadakı bir çox insanlar kimi real olmayan şeylərə inanırdılar. Bunlardan biri bu idi ki, hər bir amerikalı asan yolla pul qazana bilər. Əslində onlar pulların necə çətin üsullarla qazanıldığından xəbərsiz idilər və pulu olmayanlar özlərini lənətləyir, lənətləyir və bir daha lənələyir. Bu daxili narazılıq güclülərin və zənginlərin xeyrinə idi. Çünki təxminən Napoleonun vaxtından bəri işçilərinə ən az maddi yardım göstərən də Amerikanın hakim təbəqəsi idi. Amerikalılar dünyaya bir çox yeniliklər bəxş edib. Bunlardan ən başlıcası və ən heyrətamizi isə ləyaqət hissi olmayan yoxsullar ordusu idi. Onlar bir-birilərini sevmirlər, çünki onlar özlərini sevmirlər. Bunlar başa düşüləndə Almaniyada əsir tutulan amerikalıların müəmmalı davranışları aydınlaşır.
***
Uğur qazanıb-qazanmamasından asılı olmayaraq, tarix boyu hər bir ordu öz əsgərlərini elə geyindirməyə çalışıb ki, onlar həm özlərinə, həm də digərlərinə içki, sevişmə, oğurluq və qəfil ölümlərlə qarşılaşmaq üzrə mütəxəssis təəssüratı bağışlasın.
***
Bütün əzablarında yalnız özləri günahkar olan kasıblar həqiqətən nifrətə layiqdirlər.
***
– Kimsə səndən həyatdakı ən şirin şeyin nə olduğunu soruşsa, – dedi Lazzaro – intiqam cavabını ver.
***
Mən Billi Pilqrim 1976-cı il fevralın 13-də öləcəm, ölmüşəm və həmişə belə ölürəm.
***
– Əgər xarici görünüşünüzü qürur məsələsi eləməsəniz, tezliklə öləcəksiniz.
***
Bu hekayədə ona görə böyük şəxsiyyətlər və dramatik qarşıdurmalar olmur ki, qəhrəmanların əksəriyyəti böyük qüvvələrin əlində oyuncaq olacaq qədər zəifdirlər. Müharibənin ən böyük təsirlərindən biri də bu idi. İnsanlar şəxsiyyət olmağa cəsarət etmirdilər.
***
Derbi başını qaldırdı, Kembeli ilan adlandırdı. Sonra isə düzəliş etdi. Dedi ki, ilanlar digərlərinə ilan olmağa kömək etmir, Kembel isə insanları özü kimi, ilandan daha aşağı bir şey, siçovul və ya qan dolu gənə olmağa çağırır.
***
Təsadüfə bax ki, Trout pul ağacı barədə kitab yazmışdı. Ağacda yarpaqların əvəzinə iyirmi dollarlıq kağızlar olurdu. Gülləri isə dövlət istiqrazları, meyvələri brilyant idi. İnsanlar bu ağacın altında bir-birlərini öldürür, bununla da köklərini gübrələyirdilər.
***
O, özünü yazar hesab etmirdi. Bunun sadə səbəbi var idi. Çünki dünya buna icazə vermirdi.
***
O, key qadın idi. İnsanda ancaq uşaq dünyaya gətirmək istəyi yaradırdı.
***
Exolaliya insanları ətrafdakı sağlam insanların dediklərini dayanmadan təkrarlamağa məcbur edən əqli qüsurdur.
***
Aparıcı iştirakçılardan romanın müasir cəmiyyətdəki funksiyası barədə soruşdu və tənqidçilərdən biri cavab verdi: – Ağ rəngli otaqlara rəngli ləkələr vurmaq.
***
Və mənim hökumətim hərb elminin inkişafının nəticəsi kimi Vyetnamdakı meyitlərin sayı barədə hər gün məlumat verir.
***
Haradasa yazıq universitet müəllimi Edqar Derbini xarabalıqdan çaydan götürdüyü üçün oğurluq üstündə tutmuşdular. Onu mühakimə edib öldürmüşdülər. Olan işdir. Haradasa bahar gəlmişdi. Haradasa daha meyit axtarmırdılar.
Tərcümə: İlahə Əkbər