“Mən necə idiot oldum” (fransızca “Comment je suis devenu stupide”) – Martin Pajın debüt romanıdır. “Axmaqlığa səyahət” “düzgün” həyata uyğunlaşa bilməyən gənc intellektuallar üçün ümumi problemləri qaldırır.
Karandaşın izi ilə
O artıq dəfələrlə əmin olmuşdu ki, “intellekt” sözü daim tam cəfəngiyyatı gözəl və dürüst ifadə edib inandırıcı şəkildə təqdim etmək bacarığıdır, insan ağlı isə öz yolunu o qədər azıb ki, bəzən qatı intellektual olmaqdansa, debil olmaq yaxşıdır. Ağıl öz sahibinə bədbəxt, tənha və yoxsul edir.
***
Almaq istədiyi bütün kitablara pulu çatmadığından “Finake”dəki gözətçiləri və nəzarət qurğularını güdərək kitabları bütöv halda deyil, vərəq-vərəq oğurlayır, sonradan evdə onları gizli nəşriyyatdakı kimi yenidən kitab halına salırdı. Hər bir vərəq cinayət yoluyla əldə olunduğu üçün fabrik üsulu ilə istehsal olunan və öz bənzərləri arasında itib batan həmcinslərindən daha qiymətli sayılırdı; cırılmış, oğurlanmış, sonra səylə yapışdırılmış səhifə müqəddəsləşirdi. Antuanın kitabxanasında bu cür unikal formada nəşr edilmiş iyirmiyə yaxın kitab vardı.
***
Mən idiotluğa səyahətin mütləq ağlın himninə çevriləcəyini çox gözəl bilirəm. Bu mənim balaca şəxsi odisseyam olacaq: saysız sınaqlardan və təhlükəli macəralardan sonra mən yenə “Beləliklə”yə qayıdacağam.
***
“Ağıl yaxşıdır, amma xoşbəxtlik daha yaxşıdır”. Nə deməyinizdən və etməyinizdən asılı olmayaraq əxlaq həmişə hardasa bizim tərcümeyi-halımızın çəmənliyində otlayır.
***
Uşaqkən Baqz Banni olmağı arzulayırdı, bir az böyüdükdən sonra isə Vasko de Qama olmaq istədi. Lakin peşə yönümü üzrə məsləhətçi ona Təhsil Nazirliyinin siyahısındakı ixtisaslardan birini seçməyi təklif etdi.
***
İctimai rəyin “hə”, “yox” və “cavab verməyə çətinlik çəkirəm” arasında seçim təklif edən anket sorğuları çərçivəsinə sıxışdırıldığı dünyada Antuan qrafalardan birinin qarşısına quş qoymaq istəmirdi. “Lehinə” və ya “əleyhinə” rəy bildirmək, onun fikrincə, mürəkkəb problemləri yolverilməz şəkildə bəsitləşmək olardı.
***
Bəzən sənin ağıllı olacağından qorxurdum.
***
Ağlın müalicəsi yoxdur.
***
Gör sənə nə deyirəm: kimin əyyaş olub-olmamasını içki özü seçir.
***
– Amma tələb olunmalıydı! Məsələn, bəziləri tez əldən düşürlər, arvad-uşaqlarını döyür, maşını necə gəldi sürür və seçkilərdə iştirak edirlər…Gərək, dövlət ölkə miqyasında əyyaşların hazırlanmasının qayğısına qalsın, hər kəsin öz normasını, zaman və məkanı, habelə özünü dərketmə fərdi hədləri bilməsi üçün müvafiq təlimatlar aparsın… Bu dəniz kimidir, baş vurmazdan qabaq üzməyi bildiyinə əmin olmalısan.
***
– İnsan ona sırınan həyatın eybəcər və səfeh boşluğundan içkiyə qurşanır.
– Bu sitatdır?
– Hə, Malkolm Lauridəndir.
– Bura bax, oğlan, sən çörək alanda satıcıya Şekspiri deklamasiya edirsən? “Kruassanlar, yoxsa şokoladlı bulkalar: budur məsələ!” İstərdim ki, avtoritetlərdən sitat gətirməkdənsə, öz sözlərini deyəsən, qoy cəhənnəm olsunlar. Əgər mənim fikrimi bilmək istəyirsənsə, sitatlar yağdırmaq çox asan məsələdir, çünki dünyada o qədər böyük yazıçı var o qədər ağıllı sözlər deyiblər ki, özümüzü çətinliyə salmağa belə dəyməz.
– Yaxşı, onda belə olsun: mən yoxsulam və gələcəyim yoxdur… Ancaq əsas odur ki, nə qədər düşünsəm də özümlə bacara bilmirəm, nə qədər təhlil etsəm də bütün bu yavaxananın nəyin üzərində bərqərar olduğunu, necə işlədiyini anlaya bilmirəm, bizim hər tərəfdən buxovlanmağımız məni öldürür, hər bir azad sözü, sərbəst hərəkəti başımıza vururlar, həm də çox bərk vururlar…
***
Onlar urologiyadan allerqologiyaya, angilogiyadan qastreontologiyaya köç edərək, yolüstü otolarinqologiyaya, stomatologiyaya, dermotologiyaya, endikrinologiyaya da baş çəkdilər… Beləcə, korpuslara və palatalara xarici ölkələr kimi səyahət edərək, tibbin onlara, həm də bəşəriyyətə həqiqətən köməyi dəyə biləcək iki sahəsindən – psixiatriya və patanomiyadan məharətlə yayınırdılar.
***
– Səhv edirsiniz: özünü öldürməkdən çətin şey yoxdur. Bakalavr imtahanı vermək, polis inspektoru, yaxud filologiya üzrə aqrej olmaq üçün müsabiqədən keçmək bundan min dəfə asandır. İntiharın səmərəliliyi təxminən səkkiz faizə bərabərdir.
***
Əvvəllər özümü ümidsizlikdən öldürmək istəyirdim, amma indi bu prinsipə çevrilib.
***
İnsanlarla ünsiyyət qurmağa, “Clash” qrupunun albomunu dinləməyə, aşiq olmağa çalışın…
***
Ancaq düşünmürəm ki, xərçəng xəstəliyindən ölsəniz, bu, statistik məlumatlarda intihar kimi qələmə verilsin, onlar motivasiyanı nəzərə almırlar.
***
– İntihar pislənir. Dövlət, din, cəmiyyət, hətta təbiət özü ona qarşıdır, çünki təbiət adlandırdığımız nazənin gözəl özünə qarşı azad münasibəti qətiyyən qəbul etmir, bizi sonadək öz hakimiyyəti altında saxlamaq yanğısıyla alışıb-yanır, bizim əvəzimizə özü qərar qəbul etmək istəyir. İnsanın nə vaxt öləcəyinə kim qərar verir? Biz qərar verməyi xəstəliklərə, qəzalara, canilərə həvalə edərək yüksək azadlığımızdan imtina etmişik. İnsanlar bunu ya tale, ya da qəza-qədər adlandırırlar. Yalandır! Bu qəza-qədər deyil, bizi gözlərini döyə-döyə zəhərləyən, müharibələrdə və qəzalarda məhv edən cəmiyyətin gizli iradəsidir… Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir, çünki yediyimiz ərzağın keyfiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdr. Doğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən soruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim azadlığımız yalnız ölümdədir: azad olmaq ölmək deməkdir!
***
Ən yaxşı şəraitdə yaşadıqları halda uğursuzluğa düçar olmuş bəxtsiz insanlar var. Onlara kəşmirdən kostyum geyindirsən də bomja oxşayacaqlar; milyonları olsa da borca girəcək, iki metr boyları ilə pis basketbolçu olacaqlar.
***
Ağıl təkamülün səhvidir.
***
Sivilizasiya da məhz fiziki cəhətdən qüsurlu uşaqların məşğuliyyətsizliyindən doğub. Əgər təbiət öz işinidə hərdənbir xətaya yol verməsəydi, əgər onun konveyerindən hər zaman qüsursuz fərdlər çıxsaydı, bəşəriyyət pitekantroplar mərhələsində ilişib qalar və hər cür yaramazlıqlar, prezervativlər, “DVD dolby digital”lar olmadan xoşbəxt yaşayardı.
***
Çox şeylə maraqlanan insanlar – hətta prinsipcə onları maraqlandırmayan şeylərin də səbəbini bilmək istəyirlər – bunun bədəlini yalqız qalmaqla ödəyirlər.
***
Bədbəxtliklərimlə düşüncələrimi cilovlaya bilməməyim arasında şəksiz əlaqə aşkar etmişəm.
***
Biz, demək olar ki, öyrəndiyimiz hər şeyi öldürürük, ona görə ki, həyatda da, tibbdə olduğu kimi yarmadan və açmadan həqiqi bilgi əldə etmək mümkün deyil.
***
İnsan əzab çəkmək qabiliyyətini çox tez mənimsəyir.
***
Misal üçün, qarışqa yuvasındakı daxili nizam-intizam bizim cəmiyyətindəkindən qat-qat səmərəlidir, ancaq heç bir qarışqa Sorbonnoda kafedra müdiri deyil.
***
Və hər kəs öz cinsini və ya peşəsini, qanunauyğun şəxsi üstünlüyünü və sadəcə bəxtini müdafiə edir.
***
Doğruluq və dəqiqlik ritorikaya mane olur, onlar debat üçün yaramırlar.
***
İnsanlar hər şeyi sadələşdirməyə meyillidirlər, bu işdə onlara dil və təfəkkür quruluşları kömək edir; biz bunun sayəsində dünya haqqında səhih biliklər əldə edirik, səhih biliklər isə seksdən, zənginlikdən, hakimiyyətdən də (hamısı bir yerdə) şirindir.
***
Belə bir çin məsəli var, mahiyyəti təxminən ondan ibarətdir ki, balıq işədiyini hiss edə bilməz. Bunu əqli əməklə məşğul olduğu üçün özünü intellektual hesab edənlərə də aid etmək olar. Bənna əlləri ilə işləyir, ancaq ona da “bu divar əyri çıxdı, həm də sementini az etmisən” deyən ağlı var. Onun başıyla əlləri arasında daim qarşılıqlı əlaqə var. Ancaq intellektual yalnız bir şeylə qarşılıqlı əlaqədə olmayan başıyla işləyir, əlləri ona “Ey, oğlan, yaddan çıxarma! Yer kürə şəklindədir!” demir. İntellektuallarda belə daxili dialoq olmur, ona görə də, hesab edir ki, dünyadakı hər şey barədə mühakimə yürüdə bilər.
***
Axmaqlıq ağlın deyil, cəsarətin çatışmazlığıdır.
***
Böyük müəllifləri oxumaq, beyni zorlamaq, dahi alimlərin əsərlərini öyrənmək insanı mütləq ağıllı etmir, ancaq risk olduqca böyükdür.
***
Onun ağlı həmişə itigöz, iticaynaq və itidimdik qartal olmuşdu. İndisə göylərdə əzəmətlə uçan, küləyin iradəsinə tabe olan, günəşin istiliyini və torpağın gözəlliyini dəyərləndirən durna olmaq istəyirdi.
***
Həqiqət ikiüzlü adam kimidir. Ay kimi iki tərəfi var və mən hələ də qaranlıq tərəfdə yaşayıram.
***
Həkimə yaxınlaşmaq həmişə təslimçilik və şəxsiyyətin öz müstəqilliyindən imtinası anlamına gəlir: artıq insan öz-özünə hakim olmur, o öz bədənini bütün nasazlıqlarıyla birlikdə müalicə elminin qüdrətli sehrbazlarına təqdim edir.
***
İnflyasiya insani münasibətlərə toxunmamalıdır.
***
Axı orqan bankı, qan bankı, sperma bankı var, ona görə neyron bankı da olmalıdır, elə deyil? Kimdə çoxdursa, çatışmayanlara verə bilər. Bu həm də humanitar bir aksiya olar.
***
Bəşəriyyətin siniflərə bölünməsinin meyarlarını axtaran Antuan zənginlik səviyyəsini təyin edən vahid şkala müəyyənləşdirmiş və göstərici olaraq corabları sçemişdi. Birinci kateqoriya, ümumiyyətlə, corabları olmayan ən yoxsullar, ikincilər corabları cırıq olan orta yoxsullar, üçüncülər isə cırıq corab geyməyənlər idi.
***
Bu dünyada yaşamaq üçün içindəki eqoizmi inkişaf etdirməlidir.
***
Əgər altı aydan sonra həşərata çevrildiyimi görsəniz, onda məni dayandırarsınız.
***
Hamının ağıldankəm olduğu bir yerdə bir neçə axmağı barmaqla göstərmək çətin deyil.
***
Futbolda, teleoyunlarda və ümumiyyətlə, kütləvi media sistemindəki səfehliklərin əzəli, üzvi olduğunu demək çox asan olardı.
***
Axmaqlığın kökləri şeylərin özündə deyil, onlara münasibətdədir.
***
O, günəşdən zövq ala bilmirdi, çünki bu parlaq səcdəgah Afrika sakinlərinə quraqlıq və aclıq gətirirdi. Yağışa sevinə bilmirdi, çünki mussonlar Asiyaya nə qədər dağıntı və qurbanlar bahasına başa gəlirdi. Maşınların axını onun şüurunda avtomobil qəzaların şikəst olmuş və ölmüş yüzlərlə obrazlar canlandırırdı. Qəzaların, qətllərin və ədalətsizliklərin siyahılarının qaraltdığı qəzet başlıqları onun üçün göy üzünün rəngi, nəfəs aldğı havanın tərkibi idi.
***
Artıq Antuan heç kəsə bənzəməyən biri deyildi, o özünü gəzən güzgü kimi, başqalarında tanıyırdı və bu onun həyatını yüngülləşdirirdi.
***
Həyat çeklər və kredit kartları ilə qidalanan vəhşi heyvandır.
***
– Sizin sürücülük vəsiqəniz var?
– Yox.
– Sürücülük vəsiqəniz yoxdur? Bu, əsl fantastikadır!
– Bilirsiniz, araşdırmalar göstərir ki, qırx ildən sonra dünyadakı neft ehtiyatları tükənəcək. Ona görə də pullarımı havaya sovurmamağa qərar verdim.
***
Onun sürüşkən ağlının kələ-kötür reallıqdan yapışmaq və yaralar almaq kimi kədərli xoşbəxtliyi yox idi.
***
Nə deyəcəyini əvvəlcədən bildiyin həmsöhbətə qulaq asmaq elə də vacib deyil.
***
Bəzən mənəvi dəyərlərə önəm verən az qala tək insan olduğunu görəndə onlara tüpürmək istəyirsən, ona görə yox ki, əqidən belədir, ya da bunu ləzzət almaq üçün edirsən, sadəcə, ona görə ki, iblisin hər yerdə özünü evindəki kimi hiss etdiyi cəhənnəmdə mələk olmaq adama ağır gəlir.
***
Vicdanını satanda hər şey olar və hər şeyə bəraət var.
***
Prezident Klinton sözəbaxan mətbuatın onu Uilyam deyil, Bill adlandırmasını istəyir; bu daha simpatikdir, dost, yaxın insan obrazı yaradır, onu bağışlamaq asandır, başlıcası isə vəzifəylə bağlı mənfi assosiasiyaları neytrallaşdırır.
***
Pul, müvəffəqiyyət, möhkəm ictimai təməli olan etibarlı mühitə inteqrasiya mənəvi gücümüzü artırır. Öz arzularını götür-qoy etməyə, öz əxlaqi dəyərlərini yaratmağa, öz hərəkətlərinin, dostların, həyatın barədə düşünməyə, anlamağa, müvəffəq olmağa ehtiyac yoxdur: mühit hər şeyi məcməyidə gətirir. Cəmiyyətlə nikahından Antuan yaxşı cehiz aldı. Aydın oldu ki, bu enerjiyə qənaət etmək deməkdir və ümumiyyətlə, hər şeyi axtarıb tapmaqdan və hətta kəşf etməkdən daha az cansıxıcıdır. Axı hamını cəm halda gözəl duyğularla təchiz edib, eyni dünyagörüşü yükləməyin nə anlamı var?
***
Qəribədir, insanların həyatı onların avtomobilinə necə də oxşayır. Bəzilərinin həyatının əlavə funksiyaları yoxdur, o yalnız gedir, həm də elə sürətlə deyil, arabir yerində fırlanır və təmirə ehtiyac duyur; bu pis, gücsüz həyatdır, qəzadan sığortalanmayıb. Ancaq digərlərinin həyatının saysız-hesabsız üstünlükləri var: onların maşınları təhlükəsizlik yastıqlarıyla, blokirovka əleyhinə sistemlə, dəri oturacaqlarla, hidravlik sükanla, kondisionerlə və on altı klapanlı mühərriklə təmin olunduğu kimi, həyatları da pulla, sevgi ilə, gözəlliklə, dostlarla, uğurlarla təmin olunub.
***
Qəhvə fincanı status atributu sayılırdı və hər bir əsil treyderin əlinin altında mütləq yarımçıq qəhvə fincanı olmalıdır. Zabit silahsız, yazıçı qələmsiz, tennisçi raketkasız ola bilmədiyi kimi, treyder də qəhvəsiz işləyə bilməz; bu əmək aləti, ağır çəkic, “smit-veston”dur.
***
Varlı olmaq məqsəd deyil, dostların, tanışların, küçədən keçənlərin heyranlıq və həsədinin sizin uğurunuzun güzgüsü olması lazımdır. Antuan başa düşdü ki, varlanmaq işin yarısıdır, indisə varlıların nə istədiyini istəməyi öyrənmək lazımdır.
***
Təbiət belə müəyyənləşdirib: yüz metrlik məsafəni hamı qaça bilmir.
***
İdmanın başqa növləri də var. Məsələn, məhəbbət, qoy fikrini onun üzərində cəmləsin, ona görə ki, bu cür xarici görünüşü yalnız məhəbbət sayəsində həzm etmək olar. Sevginin gözü kordur.
***
Ağıllı qadın hər zaman seksualdır.
***
Mən ağlına və ürəyinə görə sevilməyi tələb edən insanlara vaxt itirə bilmərəm. Əgər çox yaraşıqlı olsaydınız, incə yumor hissinizə və həssaslığınıza görə sizi sevən bir sürü qız tapılardı…
***
Biz də məhəbbət Makiavelliləriyik. Mən sevginin var-dövlət, saçların rəngi, sinənin ölçüsü ilə bağlı olduğunu demək istəmirəm, ancaq statistika göstərir ki, bunlar həlledici rol oynayır.
***
Məhəbbətdə günahsızlar yoxdur, yalnız qurbanlar var.
***
Məhəbbət, eşq şüurdan kənar bir şey kimi qəbul olunsa da, dünyada ən rasional şeylərdir. İnsanı elə-belə, heç bir səbəb olmadan sevdiyini demək çox asandır, onda səbəblərin ən ədalətli amillər olmadığını etiraf etməmək də olar, axı o kimin nəyinə lazımdır, elə deyil?
***
Söhbət duyğulardan gedəndə həqiqəti gizlətmək üçün yalan danışmaq lazım deyil.
***
Bizi başımızı aşağı salmağa məcbur edən həqiqətlərə inanmaq onları doğuran gerçəkliyin yedəyində getməkdir: kim bədbəxt olmaq üçün səbəblər axtarırsa, onları mütləq tapacaq, çünki insan axtardığını həmişə tapır.
***
Cəmiyyətlə harmoniyada yaşayan insanlar üçün ilin bir fəsli var ki, o da əbədi yaydır, yatdıqları zamanlarda belə batmayan günəşin şüaları onların ağlını döyənək edir: onlar qaranlığın mövcud olmadığı yuxular görürlər.
***
Antuan onun tele-asılılığına haqq qazandıran veriliş axtarırdı.
***
Yoluxmadan qorxaraq, kitabı mətbəx masasının üzərində qoyub miyovuldayan pult əlində televizora baxmağa getdi.
***
– Xoşbəxtsən?
– Belə deyə bilmərəm, ancaq bədbəxt də deyiləm.
– Xoşbəxt də deyilsən, bədbəxt də? Bu ki çox pisdir! Sən çox pis yaşayırsan.
– Sağ olun. Çox nəzakətlisiniz. Məgər qoruyucu mələklər psixologiya üzrə xüsusi hazırlıq keçmirlər?
– Nədənsə yox, birbaşa praktikada öyrənirik.
***
– Mənim nəzəriyyəm belədir ki, insanları anlamaq da olar, mühakimə etmək də, biri digərini istisna etmir. Mühakimə etmək bizim üçün özünümüdafiə üsuludur, çünki bizi başa düşmək istəyən kimdir? Başa düşmək istəyənləri başa düşən kimdir?
– Lasener deyirdi ki, əsl katorqaçılar mühakimə etməyə məhkum olunanlardır.
Tərcümə: Nadir Qocabəyli