“Venesiyada min gün: Gözlənilməz eşq macərası” (ingiliscə “A Thousand Days in Venice: An Unexpected Romance”) – Venesiya romantiklər şəhəridir. Həyatının məhəbbətini Venesiyada tapmayıb, harada tapacaqsan? Marlena de Blazinin də başına belə bir hadisə gəlir. Orta yaşlı amerikalı qadın italyan kişiyə aşiq olur və hər şeyi – evini, baş aşpaz işlədiyi restoranı tərk edir ki, yeni həyata başlasın. Və bu həyat gözlənilməz kəşflərlə dolu olur, şəhər – əsl Venesiya isə turistlərin gördüyündən çox fərqli təsir bağışlayır.
Bu kitab gözəl şəhərin və əla italyan mətbəxinin fonunda baş verən məhəbbət hekayəsi haqdadır.
Karandaşın izi ilə
Hətta romalı taksi sürücüsü də Venesiyanı sevir! Venesiyanı hamı sevir!
***
Romada ürəyim başqa cür döyünür, yerimirəm, uçuram, daha dəqiq görürəm. Evlərin ruhunu hiss edir, onların qədim sirrlərinə agah oluram. Mən bu Əbədi Şəhəri sevirəm – o məni başa saldı ki, insan əbədilik fonunda güclə sezilən işıldaquşdur.
***
Görüşümüzü taleyin müəyyənləşdirdiyinə inanmıram. Ümumiyyətlə, siz mənim profilimə necə aşiq ola bilərdiniz? Profildən başqa budlarım, sinəm, nəhayət, xarakterim var. Mən qadınam.
***
Niyə heç bir şübhə qalmasın deyə tale, məsələn, əynində bənövşəyi şalvar, boynunda plakat, iyirmibaşlı göt şəklində peyda olmur?
***
Bir-birimizə telefon nömrələrimizi, vizit kartlarımızı və ünvanlarımızı verdik, bunlardan güclü amuletimiz yox idi.
***
Bəli, belə personajlar xanımların rəğbətini qazanmır. Əgər xanım d’Erbervill nəslindən olan Tess, ya da Anna Karenina deyilsə. Ya da, Edit Piaf.
***
Günlərimin çoxunu yuxuya sərf etmişəm. Birini o birinin arxasına calayırdım, onlar keçirdi. Bu kifayət qədər adi haldır, təksənsə, təhlükəsiz bir yer tapıb orada gizlənirsən. Hər dəfə həyatın mənası, mənə maraqlı gələn şeylər, hiss etdiklərim, istədiklərim haqda düşünəndə heç nə məni dərindən sarsıtmır, əhəmiyyətli görünmürdü. Tənbəl idim. Həyat yanımdan axıb gedirdi, mən də həmişə iki addım geridə ayaqlarımı sürüyürdüm. Fatalita, tale. Asan. Heç bir risk yoxdur. Bütün səhvlər başqalarınındır, bütün uğurlar da.
***
Çox vaxt sadə cavablardan qaçırıq. Praktik düşüncələrə qurban verməklə hadisələrin təbii gedişatını pozuruq, sonra isə başımızı aşağı salıb ehtiras və hisslərin ümidsiz axtarışında veyllənirik.
***
Niyə Adriatik gölünün sahilində mərcan gözlü əcnəbi ilə yaşaya bilmərəm?
***
Gənclik dövrünüzdə hələ təzə-təzə sınaqları qəbul edib, iblislərlə döyüşməyi, nəhayət mübarizənin qeyri-mümkün olduğunu öyrəndiyinizdə həyat daha mərhəmətli görünür. Məhz həyatdan ölümə doğru uzun, saxta və rahat şəkildə yuvarlanmaq gec-tez insanı dalana dirəyir.
***
Biz yoxsulluqdan və tənhalıqdan qorxuruq. Biz döş vəzinin xərçəngindən qorxuruq. Biz uşaqlıq qorxularımızdan qorxuruq. Gözləmək. Səbir etmək.
***
Özüm haqda məlumatlar, İtaliyaya səfərimin məqsədi, vətəndaş və ailə statusum, öhdəliklərimin olmaması, ölkəyə keçirmək istədiyim pulun miqdarı, dövləti razı salmaq üçün nikahdan öncəki sənədlərim, kilsəni razı salmaq üçün nikahdan öncəki sənədlərim – hamısı məxfilikdən çıxırdı. Məncə, bu işi qırx dəqiqədən az bir vaxtda da görmək olardı, lakin Palermodan olan sinyora məsələni dörd səhər iclasına kimi genişləndirməyi məqsədəuyğyn hesab etdi. Tüstünün içindən pıçıldayırdı ki, nə etdiyimi başa düşdüyümdən əmin olmalıyam.
– İtalyan kişiləri haqda nə bilirsiniz? Onların hamısı mammoni, ana uşağıdır. Məhz bu səbəbdən mən amerikalı kişiyə ərə getdim. Amerikalı kişilərin can atdığı şeylər geniş ekranlı televizor, şənbə günləri qolf, çərşənbə axşamları “Rotari-klub” və hərdən bir əyninizi dəyişəndə sizə baxmaqdır. Əgər yemək ətdirsə, istidirsə, altıdan sonra verilibsə, onlar heç vaxt şikayət etməzlər. Bəs nə vaxtsa italyan kişi üçün yemək hazırlamısınız?
***
Ən parlaq xatirələrimiz ağrılarımızın məzarıdır. Quşüzümünü stəkana yığdımız kimi, onları da yığırıq. Dərdlərimizi yetişdirir, onları üst-üstə qalayırıq. Dağ düzəldib, yuxarı çıxırıq. Təsəlli tələb edib, yardım gözləyirik. “Siz bu dağı görürsünüz? Görürsünüz, ağrım necə böyükdür?” Başqalarının dağlarına baxırıq, hündürlükləri müqayisə edib qışqırırıq: “Mənim ağrım sizinkindən çoxdur”. Bu orta əsrlərdə hündür tikintilərə olan sevgiyə oxşayır. Hər ailə nəsil qalasının hündürlüyü ilə gücünü nümayiş etdirirdi. Daha bir qat daş, daha bir qat ağrı, hər biri güc və hakimiyyət ölçüsüdür.
***
Xoş, təhlükəsiz kompromiss seçdim. Ehtirası az və səbiri çox olan məhəbbət. Məgər çoxunun kifayətləndiyi şey bu deyil?
***
Lift evin tarixçəsini danışa bilən mexanizmdir.
***
Torçello – Venesiyanın qədim anası. Keçmiş dövrlərin zəif sədası. Burada sirlərin pıçıltısı eşidilir: “Əlimi tut və mənimlə gənc ol; təlaşlanma, yatma; yaradıcı ol; şamları yandır; ocaqda odu qoru; sevmək üçün cəsarətli ol; özünü aldatma; sevinmək qabiliyyətini qoruyub saxla”.
***
Bir kiloqram ərik aldıq. Krujeva, ərik və bir də yarımın əli – xoşbəxtlik üçün daha nə lazımdır?
***
Venesiyada turistlər gözəgörünməzdir.
***
Hərdən bir anlıq səhnədən enirdim ki, birgə həyat adlanan tamaşanın mənası olub-olmadığını qiymətləndirim.
***
Fransızlar deyirlər ki, qadın qəlbi yalnız bircə dəfə qırılır. Fərasətli davranıb, bir həftə ərzində iki dəfə qəlbimi paramparça edə bilmişdim.
***
– Bu dünyada şəfqətdən ağır əzab yoxdur.
***
Amerikalı bunu tərzin varlıq üzərindəki qələbəsi adlandırardı, lakin italyan etiraz edərdi ki, tərz də varlığın bir hissəsidir: geyimdə eleqantlıq, davranış tərzi kult səviyyəsinə qaldırılıb. Bu özünü ünsiyyət qaydalarında da göstərirdi: ənənəvi suallar və cavablar toplusu var.
***
Fernandonun məhəbbəti gözəldir və onun tərəfindən sevilmək xoşbəxtlikdir, bəs burda MƏN hardayam?
***
Yapon turistləri stəkanı otuz min lirəyə olan “Saşakayya” sifariş edir, almanlar pivə içir, amerikanlar ucadan bələdçi kitablarını oxuyur, ingilislər stul və stolların yoxluğundan əziyyət çəkir, fransızların heç vaxt şərab xoşuna gəlmir, avstraliyalılar isə həmişə bir balaca kefli görünürdülər. Və onların hamısının yerlilər üçün divar kağızından fərqi yox idi.
***
– Qəribədir, hərdən əhəmiyyətli görünən şeylərin aprel qarı kimi əridiyi bir vaxtda söhbət və hadisə bizimlə qalır.
***
Başqa ruhu, hətta özününkünü dəyişkən edən ruh mövcud deyil.
***
Ən çətin an səhər saat üçdə özünə yalan söylədiyin andır.
***
Düşünürəm ki, bu fikir ona yad deyil. “Nəfəs almaq istəyirsənsə, bütün pəncərələri qırmalısan” – bunu Virciniya Vulf Ceyms Coys haqda demişdi.
***
O, deyirdi ki, fəaliyyətsizlik üçün bürokratiyanın həmişə bəhanəsi tapılacaq və beləliklə, mən müqəddəs Tereza kimi itaətkar olacam.
***
Belə, problem italyan bürokratiyasında deyildi, problem italyan bürokratlarında idi.
***
Furbizia innocente, hiyləgər sadəlik – İtaliyada yaşamaq üçün lazım olan tək şey.
***
– Kilsə, dövlət, onların institutları eqolarına və ya ləqayətlərinə endirilmiş xırda bir zərbəyə görə aqressiv ola bilərlər. Onlar belə həssasdırlar. Nəticədə, biz italyanlar Makiavellidən çox Kandidik. Tarixi yalançı və azadfikirli reputasiyamıza baxmayaraq, daha çox maymaq, emosional huşsuzlarıq, həmişə valeh olmağa hazırıq. Dünyanı və hər kəsi aldatmağa çalışırıq, ancaq kim olduğumuzu bilmirik.
***
Simvolizmi sevirəm. Tərkibində təkəbbür çaları olsa da.
***
Venesiyanın tarixi həmişə parça ticarəti ilə bağlı olub. Venesiya İntibah dövrünün portretçi rəssamlarının işlərinə baxın. İşıq və parça diqqəti cəlb edir; təsvir edilən predmet ikinci dərəcəlidir. Veronezenin, Lonqinin, Tintorettonun və Bellini ailəsindən olan üç rəssamın əsərlərinə baxın. Tisianın işlərinə nəzər yetirin. Sarı yaş ipəyin xışıltısı eşidilir, samur dərisi ilə örtülmüş nar rəngli məxmər şlyapanın dərin yarığı hiss edilir. Venesiyalılar öz tarixlərini zərxara, bağlıq, məxmər, toxunma köbələrin eni və qızıl iplik vasitəsilə danışırlar.
***
Venesiya rəssamları müqəddəsləri əyinlərində satin və ayaqlarında ayaqqabı ilə təsvir edirdilər. Onların madonnalarının əynində qırmızı-qəhvəyi, qızılı və ya mavi kral ipəyi olurdu. Düzgün qamətdəki ləçəklər, zinət əşyaları, korsajlar bir balaca müqəddəsliyi azaldırdı. Necə ola bilər ki, Məryəm taftadan libas geyinir və çarmıxa çəkilən oğlunun ayağına yaqut boyunbağı dolayır – venesiyalılar özlərini belə suallar ilə yormurdular. Onlar bunun mümkün olduğunu hesab edirdilər. Axırda hər şey rəmzilik və riyakarlıqdan ibarət karnavala çevrildi, tarixin daha bir epizodu.
***
– Mən toy paltarı tikmirəm.
– Mən toy paltarı deyil, toya geyinə biləcəyim paltar istəyirəm.
***
– Venesiyada yaşadığımız halda, niyə toy gecəsi Parisə getməyilik?
– Məhz Venesiyada yaşadığımız üçün Parisə gedirik.
***
– Sei sposata? Siz ərdəsiniz? – qadın bilmək istəyirdi.
İzah etdim ki, ayrılmışam. Dilini çıqqıldatdı.
– Tək olmaq çətindir.
– Tək deyiləm, sadəcə hələlik ərdə deyiləm, bu qədər.
– Lakin siz tək səyahət etməməlisiniz, – o təkid edirdi.
– On beş yaşımdan bəri tək səyahət edirəm.
Yenə dilini çıqqıldatdı, getmək üçün çevriləndə arxamca dedi:
– İn fondo, sei triste. Qəlbinizin dərinliyində kədərlisiniz.
Təkliyin kədərin sinonimi olmadığını izah etmək üçün dili yaxşı bilmirdim.
***
Orta statistik italyan işçi digər avropalılarla müqayisədə həyatdan az şey istəyir. Verilmiş halda qazanc nəzərdə tutulur. O, əldə etdiklərindən yüksəyə can atmır. İstədiyi rahat mənzildir – bütün hallarda, özünə məxsus ev də kirayələdiyi ev qiymətinə başa gəlir. Minik maşını, yük maşını, bəzən hər ikisini istəyir, ancaq onlar sadə olmalıdır. Ailəsini bazar naharına dəvət etmək, fevralda həftədə bir dəfə dağa qalxmaq və ya avqustda iki həftəlik dənizə getmək istəyir. İstədiyi cümə günləri günorta vaxtı həmkarlarını Friulidən çəkilmiş yaxşı qrappaya qonaq etməkdir. Pulu cibində deyil, bankda saxlayır. Belə olduğu təqdirdə onları xərcləməyəcək. İstədiyi hər şey nisbətən ucuzdur, bu səbəbdən özünü kifayət qədər imkanlı hesab etməsə, daha ağır işlərdə və daha çox çalışmaz.
İtalyan bilir ki, sabahın işini bu gün bitirsə, bu onu məmnun etməyəcək. Espresso içmək və dostlarla söhbətləşməyi plintus vurmaqdan üstün tutur. Və o bilir ki, siz yaxşı insansınızsa, onun dəyərlər şkalasını təqdir edəcəksiniz. Sifarişinizi yerinə yetirmək əvəzinə futbol oyununa baxırsa, bunu sizdən gizlətmək onun heç ağlına da gəlməyəcək.
***
Şəfqətli günəşdən savayı daha nə lazımdır?
***
Düşünürdüm ki, Venesiya kədəri paltar kimi üstündə daşıyır. Hərdən onu çılpaq görürdüm, o, bir anlıq öz kədərli maskasını çıxarırdı və onun üzündə gördüyüm hüzn deyildi. Dərk etməyə başladım: mənə də eyni şeyi edir, uzun müddət ikinci dəri kimi gəzdirdiyim maskamı çıxarıb atır.
***
İtaliya xüsusiyyətlərindən biri – göstəriş vermək tərzi.
***
Nikah sehirli krallıqdır. Onda elə asanlıqla itmək olur ki.
***
Redentore – ülfət bayramıdır. Bu bayramda venesiyalılar özləri-özlərini təbrik edirlər. Deyirlər: “Siamo Veneziani, biz venesiyalıyıq”. Bizə baxın, necə sağ qaldığımızı başa düşün. Çoban və fermer olan bizlər torpağın olmadığı yerdə balıqçı və dənizçi olduq. Biz qotlara, lanqobardlara, tatarlara, farslara və türklərə sinə gərdik. Fatehlərə, imperatorlara və papalara da tab gətirdik. Və budur – indi biz burdayıq.
***
Min gün. Bir an. Atəşfəşanlıq. Sadəcə həyat. Onun harayını eşidirəm: “Əlimdən tut və mənimlə birgə cavanlaş; tələsmə; həmişə sıfırdan başla; saçlarına mirvari düz; kartof ək; işıqları yandır; ocağı qoru; məhəbbəti çağır; özünə həqiqəti de; fərəhlənmə”.
***
Həmişə on biletimdən istifadə etmişəm. Gümüşü almalı qara ata oturub igid çapar olurdum. Dördnalla güclü və cəld çapır, su maneələrini və zülmət meşələri keçirdim. Qızılı pəncərələri olan evə gedirdim. Orada məni gözləyənlər var, bilirdim. Qapıda dayanıb məni içəri dəvət edəcəklər. Ocağın yanında otuzduracaq, şamları yandıracaq, isti çörəyə və dadlı şorbaya qonaq edəcəklər. Birlikdə masa arxasına keçib güləcəyik. Yuxarı, öz çarpayıma yola salıb üstümə yumşaq yorğan örtəcəklər; milyon dəfə məni öpəcəklər, yatana kimi məni sevdikləri haqda nəğmə oxuyacaqlar.
Ancaq qızılı pəncərələri olan evə çatmaq üçün heç vaxt on bilet bəs eləmirdi. On qırmızı bilet. Min gün.
“Getməliyik”, – Fernandonun səsini eşitdim. Qışqırmaq istəyirdim, lakin səsim çıxmırdı. Demək istəyirdim: “Səni sevirəm avara şahzadə qız, səni sevirəm zalım, cır-cındır paltarlı şahzadə oğlan. Səni sevirəm – şıltaq, qoca, sakit, nimdaş geyimdə olan bizanslı, səni sevirəm”. Hələ min gün əvvəl mənə yad olan ərim səssizliyimi dinləyirdi. Və təsəlli verirdi: “Biz də səni sevirik. Həmişə sevmişik. Və sevəcəyik”.
Tərcümə: Lamiyə Göycəyeva