“Tozdan soruş” (ingiliscə “Ask the dust”) – Əslən italyan olan amerikalı yazıçı Con Fantenin 1938-85-ci illər arasında çap olunan dörd cildlik romanlarından üçüncüsü və Los-Ancelesdəki həyatından bəhs edən yarı-avtobioqrafik əsəridir.
Karandaşın izi ilə
Həmin gün, başqa bir gün, srağagün kitabxananın rəfləri iddialı oğlanlarla dolu idi: qoca Drayzer, qoca Menken və mən onları görmək çün kitabxanaya getdim. “Salam, Drayzer. Salam, Menken. Salam, salam. Orda mənim üçün də yer var: B hərfi ilə başlayır, B rəfində, Arturo Bandini. Arturo Bandini üçün də yer saxlayın orda, onun kitabı üçün bir boş yer”.
***
Ancaq o mənim kimi yalançıya inana bilməzdi. Düzü, bu heç yalan da deyildi, sadəcə bir arzu idi. Yalan deyildi, bəlkə hətta arzu da deyildi, ancaq bu fakt idi və bunu öyrənmək üçün poçta baxmalı idim, diqqətlə baxmalı idim, poçtları vestibüldə masaya qoyanda yoxlamaq lazım idi, əgər Bandini üçün nəsə var idisə, işarə etməyi kifayət idi. Amma mehmanxanada olduğum altı ay ərzində soruşmağa ehtiyac olmamışdı. Gəldiyimi görüb, mən soruşmadan başı ilə “hə”, ya da “yox” deyirdi: üç milyon dəfə “yox”, bir dəfə “hə”.
***
O vaxtlar mənim öz fəlsəfəm var idi: insanpərvər idim və Pedro da istisna deyildi, ancaq pendir bahalaşırdı.
***
Sənin qadına ehtiyacın var, duşa ehtiyacın var, oynamaq lazımdır, sənə pul lazımdır. Deyirlər ki, bu bir dollaradır, əntiqə, ancaq sənin dolların yoxdur və bundan savayı, sən qorxaqsan. Pul olsa belə getməzsən, çünki sənin Denverdə şansın var idi, ancaq getmədin. Yox, qorxaq, sən qorxdun, hələ də qorxursan və sevinirsən ki, sənin dolların yoxdur.
***
Qadından qorxmaq! Dahi yazıçıya baxın! Qadınla heç vaxt münasibəti olmadığı halda qadın haqda necə yaza bilər? Murdar saxtakar, şübhəsiz ki, yaza bilməzsən! Təəccüblü deyil ki, “Balaca it güldü” hekayəsində bircə qadın da yoxdur. Təəccüblü deyil ki, o, sevgi hekayəsi deyildi. Pozğun balaca məktəbli! Sevgi hekayəsi yazmaq və həyat haqda öyrənmək lazımdır!
***
Burnumun gecəsidir, ziyafətdir, ulduzları iyləmək, gülləri iyləmək, səhranı iyləmək və yatmış tozu iyləmək.
***
Ölülər yenidən dirilirmi? Kitablar deyir “yox”, gecə isə qışqırır “hə”.
***
Cənab, kilsə mövcud olmalıdır, ora kələkbazların, sadəlövh adam cildindəki artistlərin və bütün Brummagen fırıldaqçılarının sığınacağıdır.
***
Ancaq sən məndən daha təmizsən, çünki satılası ağlın yoxdur, sadəcə o kasıb bədənin.
***
Biz amerikanlar qum və kaktusdan imperiya yaratmışıq.
***
Əgər sən Los-Ancelesdə bəzəkli polo geyinir, günəş eynəyi taxırsansa, polis sənə avara-avara gəzdiyinə görə bir söz deyməyəcək. Ancaq sənin ayaqqabının üstündə toz varsa, soyuq ölkələrdəki kimi qalın sviter geyinirsənsə, onlar səni saxlayacaqlar. Belə ki, cavanlar, bacarırsınızsa, özünüzə polo köynək, bir cüt günəş eynəyi və ağ ayaqqabılar alın! Kollegial olun!
***
Qəzetlərinə söyüş yağdırıram, ədəbiyyatlarını oxuyuram və adətlərini müşahidə edirəm, yeməklərini yeyirəm, qadınlarını arzulayıram, incəsənətlərinə təəccüblənirəm. Ancaq mən yazığın adı yumşaq saitlə bitdiyi üçün onlar mənim atama, atamın atasına, mənə nifrət edirlər və mümkün olsa, qanımı içib öldürərdilər.
***
Beləcə, bütün günü bu barədə fikirləşdim. Digər italyanlar – Kazanova və Çellini haqda fikirləşdim, daha sonra Arturo Bandini haqda və başladım başıma döyməyə.
***
Bandini, möhtəşəm sərgüzəştə hazır ol! Qoy işğalçı ruhu sənə hakim kəsilsin!
***
Bu çox pisdir, Arturo. Nitsşeni, Volteri oxumusan, yaxşı bilməlisən, amma fikirləşmək əbəsdir.
***
Dolaşıqlıq, səfalət olacaq, tənha günlər bir-birini izləyəcək. Lakin təskinlik verəcək günlər, ölü qızların sevgisi tək gözəllik də olacaq. Qəhqəhələr olacaq, təmkinli qəhqəhələr.
***
Peşmançılığın xeyri nədir, yaxud yaxşılıqdan sənə nə?
***
Nə Allaha, nə də insana bir xeyrim var. Nə fərqi, zəlzələdə, yaxud asılaraq öldüm? Nə vaxt, niyə, necə ölməyimin də mənası yoxdur.
***
Dinc yaşadığımız ötən həftələri xatırladım: qeyri-real görünürdü, özümü aldatmış, hipnoz eləmişdim. Çünki əsl reallıq bu idi, Kamillanın qara gözlərinə baxmaq, məni alçaltmağına ümidlə və həyasızlıqla cavab vermək.
***
– Qazancım nə olacaq?
– O ölür!
– Kim ölmür ki?!
***
Üstəlik, tezliklə əzraillə görüşün olacağını dedi. Mən normalda bunu faciəvi vəziyyət adlandırardım, ancaq sənin qusuntu kimi yazılarını oxuyandan sonra – mübaliğəli də olsa, deməliyəm – gedişin hamı üçün xoş olar.
***
Taleyin bərbad imiş, Semmi. Yazdığın o mal poxuna oxşar şeyləri yandırmağı və son nəfəsinə qədər kağız və mürəkkəbdən uzaq durmağı sənə məsləhət görərkən, bunu bütün şüurlu insanlar adından yazdığımı qeyd etmək istəyirəm. Və əgər yazı makinan varsa, ondan da aralı gəz. Fəqət, yazmaq ehtirasını heç cürə söndürə bilmirsənsə, xahiş edirəm, yazdıqlarını mənə göndər: oxuyub əylənərəm.
***
Gözəlliyi mənə artıqlıq edirdi. Məni özümə yadlaşdırırdı, mənim üçün sakit gecələr və hündür evkalipt ağacları, səhradakı ulduzlar, torpaq və səma, bayırdakı duman idi o.
***
Bircə dəfə də olsun gündüz vaxtı görüşməmişdik. Ayı gözləyən kimi gözləyirdim onu.
***
Ah, necə mənalı günlər idi, sözlərimin, cümlələrimin böyüməsini görmək, ona görə narahat olmaq, bəlkə əhəmiyyətli, bəlk əbədi, ancaq hər halda mənim kitabım. Ram olmayan Arturo Bandini artıq ilk romanını bitirmək üzrəydi.
***
Avropada müharibə, Hitlerin nitqi, Polşadan acı xəbər – bunlar günün başlıqları idi. Necə də cəfəngdir! Siz, müharibə həvəskarları, ey Alta Loma Otelinin vestibülündəki qocalar, xəbər budur e, xəbər budur, baxın: bu mənim kitabımın çapını reallaşdıracaq müqavilədir! Cəhənnəm olsun Hitler, bu Hitlerdən də vacibdir, bu mənim kitabım haqqındadır. Dünyanı sarsıtmayacaq, adam öldürməyəcək, atəş açmayacaq, ah, ancaq ölənə qədər unutmayacaqsınız, bu xəbəri xatırlaya-xatırlaya can verəcəksiniz. Vera Rivken haqda hekayə, həyatdan bir hissə!
***
Planlar qurmağa başladım. Evlənməyə ehtiyac yox idi, mənim üçün bacı-qardaş kimi yaşamaq da münasib idi. Çimməyə gedər və Balboa sahilində uzun-uzadı gəzərdik, qatı duman çökəndə ocağın kənarında oturub qızınardıq, külək dənizi cuşa gətirəndə qalın yorğanların altında yatardıq. Əsas ideya bu idi. Bir az da bəzəkli, şirin sözlərlə zənginləşdirib, fikrimi qulağına pıçıldadım, gülümsündü, ağladı.
– Və bir də it! – dedim. – Sənə balaca it alacağam. Küçük. Şotland idi, adını da Uilli qoyarıq.
Əllərini şappıldatdı. – Ah, Uilli! – dedi. – Gəl bura, Uilli! Gəl bura, Uilli!
– Bir dənə də pişik, – dedim. – Onu da Çanq deyə çağırarıq.
Titrədi, əlləri ilə üzünü örtdü. – Yox, – dedi. – pişiklərdən zəhləm gedir.
– Yaxşı, pişik olmaz. Elə mənim də zəhləm gedir.
Xəyal edir, bu rəsmləri özünəməxsus rənglərlə boyayırdı, əhvalı yüksəlmişdi.
– Bir dənə də at, – dedi. – Sən çoxlu pul qazanandan sonra ikimizə də at alarsan.
– Milyonlar qazanacağam, – dedim.
***
Küçəyə gəzməyə çıxdım. Allahım, yenidən buradayam, şəhəri dolaşıram. Ətrafımdakı üzlərə baxırdım, bilirdim ki, mənimki də onlarınkı kimidir. Qansız üzlər, sərt üzlər, narahat və bitkin üzlər. Bu simalar köklərindən qoparılmış və rəngləri sürətlə solan güllərə oxşayırdı. Bu şəhərdən çıxıb getməliydim.
***
Forduma tərəf getdim. Oturacaqda kitabım, ilk kitabım vardı. Qələmi çıxarıb ilk səhifəsinə yazdım:
Kamillaya sevgilərlə, Arturo
Kitab əlimdə cənub-şərqə tərəf yüz yard getdim. Var gücümlə getdiyi istiqamətə tulladım. Sonra maşınıma mindim, mühərriki işə saldım və Los-Ancelesə qayıtdım.
Tərcümə: Vurğun Maşiyev