“Kömək edin, bağşlayın!”(fransızca “Au secours pardon”) – Bestsellerlər müəllifi kimi tanınan Frederik Beqbeder növbəti romanı “Kömək edin, bağışlayın”ı Rusiya haqqında yazmışdır. Fransada böyük qalmaqala səbəb olan romanda Beqbeder öz oxşarı olan Oktav Paranqo vasitəsilə pozğunluq diktaturasına tabe olan dünya haqqında paradoksal fikirlərini çatdırır. Həmçinin, əsər fədakar aşiq Oktavın məhəbbət xatirəsidir. Qəfildən aşiq olan Oktav, ümidsiz anlarında Müqəddəs İsa məbədində tövbə edir, eyni zamanda tanış bir keşişə öz sərgüzəştlərini danışır.
Karandaşın izi ilə
Mən sevmişdim, yenə də sevə bilərdim, ancaq çox ümid edirdim ki, sevgisiz – Teofil Qotye demiş: “Ədəbsiz bədən hərəkətləriylə izlənən qarışıq hiss”-siz keçinə bilərəm. Güclü narkotiklərdən yaxamı qurtarmağı bacarmışdım. Bəs sevgi niyə istisna olsun?
***
Yəqin ki, mən bu zəif, onurğasız zəmanənin tipik bir nümayəndəsiyəm.
***
Amneziyanı ən böyük azadlıq hesab edirdim – indiki zəmanədə bu xəstəlik çox geniş yayılıb.
***
Fotogeniklik – böyük sirdir. Elə qızlar var ki, həyatda ondan gözünü çəkə bilmirsən, ancaq fotoda – at çölə.
***
Ürəyimi dəqiq bilmirəm, ancaq bədənim döyünür.
***
Ya dodağını boyayacaq, ya astma əleyhinə ventolin çıxarıb ağzına çiləyəcək, yaxud da siqaret çəkəcək – oturuşmuş vərdişlər mütləq özünü göstərməlidir.
***
İndi bütün qadınlar ilk baxışdan qəşəngdirlər. Çünki onların hamısı öz eyiblərini gizlətməyi öyrəniblər.
***
Müasir cəmiyyət hesab edir ki, iradə nümayiş etdirməsən də keçinmək olar, ancaq əslində nə istədiyini bilməmək – çox ciddi problemdir. Get-gedə məqsədlərimiz müəyyənsizləşir. Arzulamaq qabiliyyətimizi itirib cansıxıcı heyvanlara, yolunu azmış yolçulara çevrilmişik.
***
Azad olmaq necə də çətinmiş. Azadlıq – bu ağır bir yükdür, ancaq onu da ölüm qorxusu kimi əhilləşdirib mənimsəmək olar.
***
Mən istəyirəm ki, hamını atım, amma məni heç kim atmasın.
***
Qadında ən ehtiraslı nahiyə onun sifətidir. Bəzi kişilər iddia edirlər ki, onlar üçün daha əhəmiyyətli qadının döşü və ya yançağıdır – onlara inanmayın. Sadəcə olaraq, onların qadınlarının qorxunc simaları var, ona görə onlar başqa səmtə yönəlməyə məcbur olurlar.
***
Məşğul olduğum fəaliyyət növü mənə və həyatıma təsir etməyə bilməz. Məsələn, mən öz qırxilliyimi qeyd etmədim. Yaşlanmağın qadağan olduğu bir aləmdə qocalıram.
***
Nə qədər cavan görünürüksə görünək, yaş qırxdan keçdisə, öz bədbəxtliyimizə görə məsuliyyəti özümüz daşıyırıq.
***
Rus gözəlliyini nə onun ədəbiyyatı, nə də meşələri təcəssüm etdirir, onun əsas parametri – qadınlardır.
***
Amerikan qızları çox sağlam, fransız qızlarısa həddən artıq qəlizdirlər, alman qızları idmançı görkəmli, yapon qızları çox itaətkar, italyan qızları çox qısqanc, hollandiyalı qızlar həddən artıq buyruq sevən, ispan qızlarısa çox xumardırlar! Qaldı rus qızları. Rus qızları nəsə bir pis iş görmüş uşaq kimi başıaşağı olmağı bacarırlar. Elə bil elə bu dəqiqə ağlayacaqlar, o firuzəyi gözləri göz yaşlarını zorla saxlayır.
***
Bütün planetin vahid bir ölkəyə çevrildiyi vaxtda rus qadınlarına çox vaxt viza almaq çətin olur. Ona görə ki, bütün dünya rus qadınlarının təsir və hökmranlığı barədə bilir. Bütün dünya xalqlarının qadınlarının onlardan zəhləsi gedir, çünki gözəllik ədalətsizlikdi və ədalətsizliyə qarşı mübarizə etmək gərəkdir. Rus qızları – düşmən hesab olunurlar. Mələklər üçün bu təzə iş deyil, onların həmişə düşmənləri çox olub. İncili oxuyun – bu əsl incidilmiş mələk kataloqudur.
***
Bəlkə də aşiq olmaq qabiliyyətini itirmək – bizim başımıza gələ biləcək ən pis hadisədir.
***
O, məndən iki dəfə cavan, daha doğrusu, iki dəfə artıq səmimiydi.
***
Tanya mənə başa saldı ki, əzab çəkməyi bacarmamaq – özü də əzab çəkməkdir.
***
Ədalət olmadıqda qorxu hökm sürür.
***
Heyhat, boşanma – adi hadisədir, indiki zamanda çoxları bununla qarşılaşır, hər şeyi boşanmanın üstünə atmaq olmaz. Əşşi bəsdirin, əgər bütün boşanmış valideynlərin uşaqları ağıllarını itirsəydilər bütün dünya azadlıqda gəzən psixopatlarla dolu olardı. Bir özünüz fikirləşin!
***
Bəxşiş – dostluq üçün bir zəmanətdir.
***
Hə, insan sürətlə irəliləyib həzz dünyasına qərq olmaq istəyir. Ancaq mənim fikrimcə, qaçış – bu yenə də axtarışdır, sadəcə olaraq, əks istiqamətə yönəlmiş. Axı, biz nə axtarırıq? Düşünürsünüz, sevgi? Ay, lazım deyil, siz gəlin mənə postkommunistik ruhda provaslav cəfəngiyyatı danışmayın. Tanrını? Bu da utopiyadır. Biz arzu arzulayırıq. Yəni ki, siz mənə qulaq asanda etdiyiniz kimi, ayaq üstə yuxulayırıq.
***
Cinsini dəyişməyə cəsarət edən adam, qadınlıq, zəriflik eksperti olmaya bilməzdi. Onun fikri şirkətin bütün qadınlarının və kişilərinin fikrindən üstünüydü, çünki o, həm qadın, həm də kişiydi.
***
“Rədd olsun kədər!”, deyib dişlərini ağartmaq – üzücü gimnastikadır.
***
Həyatın hər anında biz özümüzü yenidən diriltməyi bacarmalıyıq. (Lui-Klod de Sen-Marten “Arzusunun adamı”)
***
Mən hələ indi dərk edirəm ki, əlçatmaz qadınları sevməkdənsə, yoxluqdakı Haqq-Təalaya təzim etmək yaxşıdır. Əgər divanə olursansa, onda Mövcud Olmayan Birinə görə ol!
***
Nəyə görə heç bir kişi öz arvadına həqiqəti deməyə cəsarət etmir? “Əzizim, mən hər zaman səni sevəcəm, elə mənim üçün yaranmısan, ancaq mən başqa qadınlarla da yatmaq istəyirəm”.
***
Mən anlamışam ki, insanın vətəni, sərhəddi, evi, atası olduğu kimi Tanrısı da olmalıdır. Din – etibarlı sığınacaqdır.
***
İbadət etmək mənim üçün köhnə bir filmə baxmaq kimidir: insan üçün, mexaniki jestlərdən, qədimi libaslardan, əzbərlənmiş mətnlərdən şəfaverici heç nə yoxdur.
***
İnsanın rəzilliyi ilə barışmaq – bax, müdrikliyin başlanğıcı budur.
***
Bu bizim işimizdi – biz yoldan çıxaranlarıq. Maaş alan tovlama mütəxəssisləriyik!
***
Biz bilmirik ki, biz kim ola bilməmişik, elə bu öz canının qatili olmaq üçün yetərincə üzrlü səbəbdir.
***
Ölümün təsirindən başgicəllənməni yalnız dostunun adını mobil telefonun qeydlər kitabçasından “SİL” düyməsinə basıb yox edəndə hiss edirsən.
***
Yəqin o məni həddən artıq arzulayırmış, ancaq mən bunu məhəbbətlə qarışdırmışam.
***
O, sentimental bir zalımdır. O, necə deyərlər, məhəbbətin özünə aşiqdir. Yəni o, insana yox, pozaya, jestə, prinsipə aşiq olurdu. Belələri dünyanın ən pis pozğunlarıdırlar, onlar özlərinin namuslu olduqlarına əmindirlər, ancaq ideyanı insandan üstün tuturlar.
***
…valideynlərdən bizə yalnız soyadı deyil, həm də bir qədər pul və onların nevrozları, məhdudiyyətləri, tam müalicə olunmamış depressiyaları və qisası alınmamış frustrasiyalar da miras qalır.
***
Ona baxanda adam dərindən nəfəs almaq istəyirdi, ya da hava olub ciyərlərinə dolub burnundan karbon qazı kimi çıxmaq istəyirdi, yaxud da günəşə qalxmaq istəyirdi, ancaq, qağayı kimi yox, sadə insan kimi, bax belə qollarını sürəkli çırpıb birdən yerdən ayaqlarını üzüb göylərə qalxan bir insan kimi, çünki bu məhəbbətdir.
***
Nə qədər ki, kilsələr belə soyuqdur, din böhrandan çıxmayacaq.
***
Bilirsiniz, ey pak insan, səlahiyyətin problemi nədədir? Ondadır ki, axır-əvvəl ondan istifadə etmək istəyirsən.
***
Başqasına həyat vermək öz həyatını məhv etmək deməkdir.
***
O bizi Sergeylə tanış edəndə Sergey soruşdu ki: “Siz birlikdəsiniz?”, Oktavsa cava verdi: “Yox, biz xoşbəxtik”.
***
Nikahla boşanma arasındakı fərqi bilirsən? Toyu yalnız bir dəfə bayram edirlər, boşanmanı isə hər gün.
***
Mən oturacağa çökdüm, o isə qısa yubkasının altındakı ayaqlarını cütləyib mənim qucağımda oturdu və anladım ki, kimisə əlini heç buraxmadan da sevmək olar.
Tərcümə: Ülkər Elxanqızı