Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Somerset Moem “Ay və qara qəpik”

kko_somerset_moem_ay_ve_qara_qepikAnnotasiya

“Ay və qara qəpik” (ingiliscə “The Moon and Sixpence”) əsəri dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.
Dahilik və xudpəsəndlik, alicənablıq və rəzillik, istedad və qəddarlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkündürmü? Dahiliklə əclaflıq bir araya sığa bilərmi? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə hesablaşmalıdırmı? Görkəmli ingilis nasiri S.Moem kitabda bu problemləri bədii bir dillə açıqlayır.

Karandaşın izi ilə

Məncə, incəsənətdə ən maraqlısı sənətkarın şəxsiyyətidir, sənətkar heç kimə bənzəmirsə, orijinaldırsa, onun səhvlərini bağışlamaq olar.

***

İncəsənətə kustarçılıq kimi baxmaq, onun ancaq peşəkarlar tərəfindən başa düşülməsini iddia etmək cəfəng söhbətdir. İncəsənət hisslərin nümayişidir, hamının başa düşəcəyi dildə danışır.

***

İnsana mif yaratmaq qabiliyyəti verilmişdir. Ona görə də adamlar cəmiyyətdə seçilən ayrı-ayrı şəxslər haqqında hərisliklə qəribə və sirli əhvalatlar uydurmaqdan özünü saxlaya bilmir, fanatik bir inamla yaratdıqları əfsanənin bir parçasına çevrilirlər. Bu, həyatın adiliklərinə qarşı romantiklərin qiyamıdır.

***

Yadımda deyil, hansı müdriksə məsləhət görüb ki, ruhi müvazinətini saxlamaq üçün gündə iki dəfə xoşlamadığın işi gör. Şəxsən mən belə də eləyirəm: hər gün yuxudan dururam, hər gün də yatıram. Amma təbiətən tərki-dünya olduğumuzdan bədənimi daha qəddar bir üsulla möhkəmləndirirəm: hər gün “Tayms”-ın ədəbi əlavəsini oxuyuram.

***

Cəsarətli söz yalnız onu deyənin dilində təzə görünür. Ona qədər həmin sözü bəlkə min dəfə, daha böyük cəsarətlə deyiblər. Saatın kəfkiri sağa-sola nə qədər hərəkət etsə də, yolunu dəyişmir.

***

– Niyə bu yaxşı qadınlar çox vaxt darıxdırıcı, qurur adamlara ərə gedir, görəsən?
– Ona görə ki, ağıllı kişilər yaxşı qadınları almır.

***

Bu adamlar bədəndəki vacib toxumalar kimidir, nə qədər ki sağlamdır, hiss eləmirik.

***

Böhtan qarşısında qorxu qadının ən səmimi hisslərini təbiilikdən çıxarır.

***

O vaxt hələ bilmirdim ki, insan təbiəti necə ziddiyyətlidir, bilmirdim ki, ən səmimi adamlarda belə süni nəzakət də olur, alicənab adamlar necə alçala bilir, məzlumlar necə xeyirxah olur.

***

Olduqca laqeyd danışırdı, nə deyirdimsə, gözlərindəki istehzaya toxunub çilik-çilik olurdu.

***

Striklənd qaradinməzin biri idi, az danışırdı, görünür, sözlər onun zəkasını işıqlandıran qüdrət deyildi.

***

Kim ki deyir, başqalarının onun haqqında nə düşündüyü onu maraqlandırmır, o, çox vaxt özünü aldadır. Belələri, yəqin, demək istəyirlər ki, onsuz da öz bildiklərini edəcəklər. Həm də bu ümidlə belə deyirlər ki, heç kəs onların qəlbindəkindən xəbər tutmasın… Amma özü haqqında başqalarının rəyini bilmək arzusu hər bir insanın təbii və adi duyğusudur. Özünü föhş və təhqirə hədəf etmiş qadın hamıdan çox həya-abır pərdəsinə bürünməyə çalışır. O adamlara inanmıram ki, deyirlər ki, başqasının rəyini zərrə qədər də veclərinə almırlar. Bu quru iddia kimə lazımdı?! Əslində, onlar demək istəyirlər ki, məzəmmətdən-zaddan qorxmurlar, çünki günahları heç vaxt bilinməyəcək.

***

Məncə vicdan hər bir insanın varlığında cəmiyyətin özünü qorumaq üçün ixtira etdiyi qanunlara keşikçidir. O, polis kimi söz qoyur ki, heç kim qanun-qaydanı pozmasın, o bir casusdur ki, varlığımızın təkəbbür qalasını sarsıtmağa çalışır. İnsan həmkarlarından müsbət rəy eşitməyə elə hərisdir ki, haqqında deyilənlərdən o qədər ehtiyat edir ki, qapısını düşmənə də tanıdır. “Düşmən” isə ona daim göz qoyur, sanki ağasının tapşırığını yerinə yetirərək onu cızığından çıxmağa qoymur, bu xüsusda göstərilən hər hansı cəhdi başlanğıcda puça çıxarır. İnsan məcbur olur ki, ictimai mənafeyi şəxsi mənafedən uca tutsun.

***

O vaxt mən başa düşmürdüm ki, insan xarakterini təşkil edən cizgilər necə rəngarəng olur. İndi isə bilirəm. Bilirəm ki, miskinliklə genişürəklilik, yaxşılıqla yamanlıq, nifrətlə sevgi insan ürəyində yanaşı yaşayır.

***

Hər gün eyni işi görməkdən yorucu şey yoxdur. Dostlarım adət etdikləri həyat tərzini dəyişə bilməzdilər, məni isə belə bir həyat heç nə ilə cəlb etmirdi, görüşəndə də bilirdim ki, kim nə danışacaq. Hətta onların sevgi söhbətləri də bayağı və usandırıcı görünürdü. Biz dayanacaqdan-dayanacağa tələsən, relsdən çıxa bilməyən tramvaya bənzəyirik: bu tramvayın hər vaqonunda neçə sərnişinin getdiyi məlum idi. Bir sözlə, süst bir həyat.

***

Kim deyirsə əzab insanı nəcibləşdirir, o səhv edir, insanı xoşbəxt həyat nəcibləşdirir, əzab isə adamı cılızlaşdırır, qisasa çağırır.

***

Oranın adamları İtaliyanı mənim təsvir etdiyim kimi görmək istəyirlər. Belə xoşlarına gəlir. Mən özüm də buraya gəlməmişdən əvvəl İtaliyanı belə təsəvvür edirdim.

***

Şöhrəti yaradan kimlərdir? Tənqidçilər, yazıçılar, birja dəllalları, bir də qadınlar.

***

Mən keçmiş haqqında düşünmürəm. Mənim üçün yalnız əbədi olan bu gün var.

***

– Yoxsa mühakimə edirsiniz məni?
– Heç vaxt… – koramalı mühakimə etməkdən nə çıxar. Amma onun xasiyyəti hər halda maraq oyadır.

***

– Düzdür. Amma Monedən heç də pis çəkməyən elələri də vardı ki, nə o vaxt, nə də indi əsərlərini alan yoxdur. Nə bilmək olur? Kim deyirsə, təkcə qabiliyyətlə müvəffəqiyyət qazanmaq olar, inanmayın. Bir də ki, hələ onu sübut etmək lazımdı, dostunuz müvəffəqiyyət qazanmağa layiqdir ya yox. Sizdən başqa, müsyö Stryov, hələ ki, heç kim belə düşünmür.
– Bəs onda, necə bilirsiniz, kim müvəffəqiyyət qazanmağa layiqdir?
– Onun bir yolu var – müvəffəqiyyət qazansın, sonra.
– Meşşan!

***

Mən onu özümdən çox istəyirəm. Heysiyyət, mənlik o zaman sevgiyə qarışır ki, sən, doğrudan da, özünü daha çox sevəsən. Bir də ki, evli ola-ola başqa qadına vurulan kişilər azdırmı? Hər şey qurtarandan sonra ər arvadının yanına qayıdır, arvad da onu qəbul eləyir, hamı da bunu təbii sayır. Qadınlara gəldikdə, niyə başqa cür olmalıdır?

***

Bu hiss rahat və firavan yaşayışdan, var-dövlətlə fəxr etməkdən, hörmət-izzət sahibi olmaqdan, evdarlıq sevincindən doğan bir hissdir; əgər qadınlar bunu mənəviyyatla bağlayırlarsa, demək bundan da özlərinə şöhrət düzəldirlər. Bu hiss ehtirasa qarşı gücsüzdür.

***

Sevgi – insan təbiətinin nəcibliyindən doğur. Striklənd nəciblik nə olduğunu bilmirdim; bə özünə, nə başqasına qarşı; sevgidə zəriflik var, nəvaziş, qayğı çəkmək arzusu var, xeyirxahlıq və sevinc bəxş etmək istəyi var; sevmək təmənnasız olur, yox, əgər belə deyilsə, onda ilahi bir sehrlə yaşanan təmənnadır sevgi; amma sevgidə utancaqlıq və çarəsizlik də var. Striklənddə bunların heç biri yoxdur. Sevgi adamın bütün varlığını tələb eləyir; aşiq özünü unudur; hətta ən bəsirətli adam belə başa düşə-düşə təsəvvür eləmir ki, sevgi ötəri ola bilər. Sevgi insanın qanını və ruhunu xəyallarla isidir, insan bilə-bilə xəyali varlığı həqiqi varlıqdan çox sevir. Sevgi insanı qaldıra da, endirə də bilər. Sevən adam özünə məxsus olmur. O da bir fərd kimi mövcud deyil, indi o pz “mən”inə yabancı olan bir məqsədə çatmaq üçün bir aləm, bir vasitədir.

***

Sevməyən qadının onu sevən kişiyə qarşı qəddarlığı qorxulu olur. Qadının qəlbində nə xeyirxahlıq qalır, nə səbir-dözüm.

***

Mən əxlaq haqqında vəz oxumaqdan həmişə çəkinmişəm, çünki burada nəsə bir özündənrazılıq, müştəbehlik hiss olunur. Bu isə yumor hissi olan heç bir adama xoş gəlmir.

***

Qalib kimi özünü çox iyrənc, məğlub kimi çox alicənab aparırdı. İnsan xarakterinin ən çox oyun zamanı açıldığını deyən adamlar buradan çox gözəl nəticə çıxara bilərlər.

***

Amma yalançı hikmətlərdən biri də budur ki, guya “nə əkərsən, onu da biçərsən”. Təcrübə göstərir ki, adamlar həmişə o şeylərə meyl edirlər ki, bu, onlara bədbəxtlik gətirir, sonra başa düşüb, ağılsız əməllərinin nəticələrindən qaçmaq istəyirlər.

***

Qadınların özünə qəsd etməsi çox vaxt məhəbbətdən olur, ancaq, adətən onlar çalışıqlar ki, qəsd baş tutmasın. Bu yalnız onun üçündür ki, sevdiklərinin qəlbində rəhm ya da qorxu hissi oyatsınlar.

***

Həyat ağır və amansızdır. Kimsə bilmir ki, dünyaya niyə gəlmişik, heç kim deyə bilməz ki, hara gedirik. Qismətimizlə barışaq gərək. Sadəliyin, sakitliyin gözəlliyini duymaq lazımdır. Həyatda elə sakit və başıaşağı dolanmaq lazımdır ki, taleyin amansız gözü bizi görməsin. Sevgini də, mehribanlığı da sadə və adi adamlarda axtaraq gərək. Onların sadəlyi bizim çoxbilmişliyimizdən yaxşıdır. Kiçiçik daxmamızda sakit, dinc bir həyat yaşayaq, onlar kimi sadə, nəcib və ürəyiyumşaq olar, həyatın mənası bax, budur.

***

Adamlar gözəllikdən ürəksiz danışırlar, elə ürəksiz və laqeyd danışırlar ki, bu sözün ovsunu itit və sözün kəsb etdiyi məna öz adını saysız-hesabsız adi məfhumlara verərək əsl dəyərindən məhrum olur. Görün, adamlar nəyə gözəl deyirlər: gözəl paltar, gözəl it, gözəl nəsihət. Amma elə ki, əsl gözəlliklə qarşılaşırlar, tanımırlar, görə bilmirlər onu. Saxta pafosla dəyərsiz fikirlərini ört-basdır etməyə çalışırlar, bu isə onların hisslərini kütləşdirir.

***

– Siz hansı tərəfə gedəcəksiz?
– Siz gedən tərəfə – Striklənd güldü.
– Mən evə gedirəm.
– Nolar, mən də gələrəm sizə, oturub bir qəlyan çəkərəm.
– Dəvətsiz-filansız?
– Bilsəm ki, dəvət eləyərlər, gözləyərdim.
– Bax, o divarı görürsüzmü? – Əlimlə uzaqdakı divarı göstərib soruşdum.
– Görürəm.
– ELə isə, onu da görməlisiz ki, mən sizinlə yoldaşlıq etmək fikrində deyiləm.

***

İnsanın xarakterində qəribə cəhətlər axtarmağa maraq yazıçı instinktidir, yazıçı özü də, uzun illərin vərdişindən hissiyyatı korşalana qədər, ona bu marağı oyadan instinkt qarşısında aciz qalır. Şərin hər hansı bir təzahürünü qələmə alarkən, yaradıcı kimi duydyğu razılıq onu bir az qorxudur da, amma yaxşı ki, vicdanı ona pıçıldayır ki, burada onun hadisələrə münasibətindən çox onların səbəblərini açmaq niyyəti var. Məntiqi cəhətdən kamil və bitkin görünən əclaf obrazı onu yaradana hüsn-rəğbət oyatsa da, çox vaxt qanunlara zidd olur. Mənə elə gəlir ki, Şekspir ay işığıyla təxəyyülünün qarışığından yaratdığı Dezdemonadansa Yaqonu daha böyük həvəslə yaratmışdır. Ola bilsin, rəzil və əclaf adamların obrazını yaradarkən yazıçı, qanına işləmiş, amma cəmiyyətin adət və qanunlarına görə ağlın ən gizli guşələrində yaşanmağa məcbur olan həmin instinktin diktəsi ilə işləyir. Təxəyyülün məhsulu olan obrazı ətə-qana doldurarlən özündən kənarda yaratdığı “mən”in o cəhətlərini göstərir ki, onlar başqa yolla ifadə oluna bilmir. Yazıçıya isə bir şey qalır – bütün bunlardan qurtulmaq, azad olmaq sevinci.

***

Yazıçı mühakimə etməkdən çox, bilməyə, anlamağa məhkumdur.

***

Qadın kişinin hər bir təqsirindən keçə bilər, amma ona yazığı gəldiyindən fədakarlıq edən kişini heç vaxt bağışlamaz.

***

Qadın sizi sevirsə, qəlbinizi tamam ələ almayınca rahat olmur. O, təbiətən zəif məxluqdur, ona görə də üstünlüyə can atır, sevdiyinə tam sahib olmaq istəyir. Yarımçıq istək onu qane etmir.

***

Axı həqiqətən də, adamlar onlar haqqında rəyimizə necə yanaşırlarsa, bizim təsir və nüfuz gücümüz də elə müəyyənləşir. Kimə ki, belə bir təsir göstərə bilmirik, ona nifrət etməyə başlayırıq. Məncə bu, insan ləyaqətinə əskiklik gətirir.

***

İnsanın yaratdıqları onun haqqında çox şey deyir. İnsan dünyanı necə görmək istəyirsə, bu istək onun davranış və münasibətində də o cür əks olunur, insan özü də o cür görünür; burada insanın ən kiçik, əhəmiyyətsiz görünən hərəkətləri, onun sifətinin çox vaxt özünə də məlum olmayan, qeyri-adi, qeyri-ixtiyari, ani dəyişən ifadəsi düzgün nəticə çıxarmağa kömək edə bilər. Olduğu kimi yox, görünmək istədiyi kimi davrandığından, bəzən adam, doğrudan da, dəyişib tamam ayrı adam olur. Amma yaradıcı adam bütünlüklə özünü ifadə edir. Onun başqalaşmaq iddiası yalnız içinin boşluğuna dəlalət eləyər. İtin quyruğunu kəsməklə qoyun olmur. Orijinal görünməyə cəhd etməklə istedadsızlığını gizlətmək olmaz. Qəlbin bütün məhrəmliyi, bütöv səmimiyyətilə yaranan əsər sərraf gözdən yayınmır.

***

Hərəmiz dünyada bir cür tənhayıq. Sanki hər kəs mis qüllədə yaşamağa məhkum edilmişdir, yoldaşlarıyla da ancaq qüllənin divarını döyəcləməklə – işarələrlə danışa bilər. İşarələr isə hamı üçün eyni olmadığından mənası yanlış və qeyri-müəyyən olur. Çox istəyirik ki, başqaları da qəlbimizdən keçənləri duya bilsin, amma onlar duya bilmir, başa düşə bilmirlər bizi, ona görə də həyat yollarında birgə yox, yan-yana, bir-birimizi tanımadan-bilmədən, hərə öz yoluyla addımlayır. Biz o adamlara oxşayırıq ki, əcnəbi ölkədə yaşayıb onun dilini çox pis bilirlər, nə qədər gözəl və mənalı danışmaq istəsələr də, danışıq kitabçasından öyrəndikləri adi sözləri deməyə məcburdurlar. Onların beynində saysız-hesabsız ideyalar olsa da, yalnız bunu deyə bilirlər: Günəş Şərqdən çıxır, Qərbdə batır.

***

Bax, elə buradan təbii yalan başlanır. Sevgi məlum olduğu kimi, kişilərin saysız-hesabsız qayğıları arasında epizodik yer tutur, bədii əsərlərdə isə o, çox vaxt aparıcıdır, ona xüsusi yer verilir. Bu, həyat həqiqətinə uyğun deyil. Məhəbbəti hər şeydən uca tutan kişilər dünyada azdır, olsa da, diqqəti cəlb etmirlər, hətta sevgini müqəddəs sayan qadınlar da belələrinə hərarətlə baxırlar. Qadınlar pərəstişdən ləzzət alır, duyğulanır, amma sevgi xatirinə hər şeyi qurban verən kişiləri əfəl və aciz sayırlar. Sevgidən cuşa gələndə belə kişilər ayrı işlər də görürlər. Biri yaşamaq üşün pul qazanmağa məcburdur, birisi idmanla məşğul olur, digəri incəsənətə meyl salır. Bir çoxları qabiliyyətlərini müxtəlif sahələrdə sınayırlar. Bəzən, müvəqqəti olaraq, hər şeyi taıb yalnız bir işdən yapışırlar, bızın də hər işi öz vaxtında görmədiklərindən təəssüflənirlər. Kişi başqa cür sevir, qadın başqa cür. Qadının sevgisi heç vaxt soyumaq, səngimək bilmir, kişi isə istəyəndə sevir, istəməyəndə yox.

***

Dələduzlar da, rəssamlar da centlmenlər kimi heç bir zümrəyə mənsub olmurlar. Dələduz nə həyasız spz qarşısında utanan deyil, nə də yüksək nəzakət qarşısında pərt olan.

***

Adamlar var ki, doğulmalı olduqları yerdə deyil, tamam başqa yerdə dünyaya gəlirlər. Ancaq tale onları hansı diyara atsa da, heç görmədikləri o doğma yerin həsrətini həmişə çəkirlər. Yaşadıqları yerdə bu cür adamlar özlərini qərib hiss edir, körpəlikdən tanıdıqları yamyaşıl xiyabanlar, oyandıqları izdihamlı küçələr onların ömür yolunda yalnız ötüb keçən bir mənzərə təsiri bağışlayır. Onlar doğmalar arasında yad kimi yaşayır, doğulduqları diyarda rəqib olurlar. Bəlkə elə bu qəriblik hissi o adamları harasa lap uzaqlara çəkib aparır, nönül bağlayıb, yurd salıb həmişəlik yaşamağa çağıran hansısa bir qüvvə cəzb edir onları. Hansısa görünməz bir tel bu əbədi qərib yolçuları əcdadlarının lap qədim vaxtlarda tərk etdikləri məmləkətlərə üz tutmağa məcbur edir. Bəzən də ayağını bir torpağa basa kimi adama elə gəlir ki, o, bu yerə gizli tellərlə bağlıdır. Beləliklə, onun ağlına batır ki, axtardığı yurd elə buradır. Ona görə də, əvvəllər heç vaxt görmədiyi və qoynuna tələsdiyi bu yer, aralarında yaşamaq istədiyi yad adamlar doğma bir hisslə onu özünə çəkir. Bax, belə bir diyarda o, nəhayət toxtayıb rahatlıq tapır.

***

Adamın gözlənilməz hərəkətində həmişə nalayiq bir şey axtarırlar.

***

Məncə hər şey ondan asılıdır ki, sən həyatda nə axtarırsan, cəmiyyətdən, adamlardan nə gözləyirsən.

***

bütün kişilərin haradasa arvadı var.

***

Bilirsinizmi, bir işi başlayıb sona yetirmək hamıya qismət olmur. Biz sadə və namusla yaşamışıq. Şöhrətpərəstliyin nə olduğunu da bilmirik. Bircə şeylə fəxr edirik ki, öz əməyimizlə dolanırıq. Həsəd, paxıllıq bizə yaddır. Eh, əziz dost, zəhmətin faydası haqda çox söhbətlər eşitmişəm, hamısı da boş və təmtəraqlı sözlər. Lakin onların mənim üçün olduqca dərin mənası var. Mən xoşbəxt adamam.

***

– Ola bilsin, lakin bizim başqa bir qüvvəmiz də vardı, yoxsa biz heç nəyə nail ola bilməzdik.
– O, nə idi elə?
– Allaha inam. Bu inam olmasaydı, biz çoxdan batmışdıq.

***

– Bu arvadlar çox qəribə məxluqlardır… – Onlarla itdən də betər rəftar edib qolların heydən düşüncə kötəkləsən də, yenə səni sevir…. – Xristian dini də uydurub deyir ki, guya arvadların da qəlbi var.

***

Müqəddəs Kitabdan bir kəlam yadıma düşdü, ancaq dilimi saxladım, çünki bilirdim ki, adi adamlar mömün şəxslərin işlətdiyi kəlamlara şərik çıxanda onlar bunu dinə hörmətsizlik hesab edirlər. Düz iyirmi yeddi il Uinstablda yepiskop müavini olmuş dayım Henri belə hallarda deyərdi ki, şeytan müqəddəs kəlamları həmişə öz xeyrinə yoza bilir. Dayım onu da deyərdi ki, qabaqlar bir şillinqə on üç qul almaq olurmuş…

Tərcümə: Firidun Ağazadə, Zakir Səfəroğlu

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram