“Qırmızı və qara” (fransızca “Le Rouge et le Noir”) – bu roman XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndəsi, psixoloji realizm janrının banilərindən biri olan Stendalın (əsl adı Mari Anri Beyl) yaradıcılığının zirvəsi hesab edilir.
Romandakı hadisələr 1830-cu il Fransa inqilabından sonrakı dövrdə cərəyan edir. Əsərin qəhrəmanı Jülyen Sorel kilsə xadimi olmaq istəyən savadlı, şöhrətpərəst bir gəncdir. Cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıqdan keçdiyinə görə gənc din xadimi yeni oyun qaydalarını məmnuniyyətlə qəbul edir, bu yolda qanlı cinayət törətməkdən belə çəkinməyərək həyatını faciəli sonluqla başa vurur.
Karandaşın izi ilə
Minlərlə adamı bir yerə yığmaq özlüyündə pis deyil. Amma qəfəsdə onlar üçün xoş olmayacaq. Hubs
***
İctimai rəyin tiranlığı – özü də necə tiranlığı! – Amerika Birləşmiş Ştatlarında olduğu kimi, Fransanın balaca şəhərlərində də axmaqlıqdan o yana keçmir.
***
Nüfuz! Cənab, necə düşünürsünüz, bunlar boş şeylərdir? Axmaqların hörməti, ağzını ayırıb baxan uşaq-muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin yuxarıdan həqarətlə baxmağı. Barnav
***
Bax, budur o! Veryerdə hər şeyi həll etməyə qadir olan böyük söz: gəlir gətirmək!
***
Tanrının bir kəndə ən böyük lütfü, hər hansı çəkişmələrdən uzaq, xeyirxah küredir… Fleri
***
Jülyen sallamaların üstündə oturub, rəndəyə nəzarət eləmək əvəzinə kitab oxuyurdu. Qoca Sorelin bundan daha çox nifrət eləyəcəyi səhnə ola bilməzdi.
***
Cunctando restituit rem. – Astagəllik vəziyyəti xilas etdi (lat.).
***
Jülyen xanım Renalı olduqca gözəl qadın hesab edir və buna görə də ona nifrət eləyirdi. O, mümkün qədər bu qadından uzaq durmağa çalışırdı. Bu qadın onun yolunda dayanmış yeganə maneə idi və oğlanın ayağı hər an büdrəyə bilərdi.
***
Əgər onlar Parisdə yaşasaydılar, Jülyenlə xanım Renalın münasibətləri belə əlng inkişaf eləməzdi. Çünki Parisdə sevgi romanların övladıdır. Gənc mürəbbi ilə çəkingən xanım üç-dörd roman oxuyub, Jimnaz teatrında bir neçə mahnıya qulaq asandan sonra tezcənə hisslərini aydınlaşdırardılar. Romanlar onlara kimləri nümunə götürməyi, rollarının nədən ibarət olduğunu, kimə oxşamat lazım gəldiyini öyrədərdi. Beləliklə, tez ya gec, bəlkə də heç bir sevinc yaşamadan, hətta bəlkə heç istəmədən, qarşısında bu nümunələri görən Jülyen şöhrətpərəstlikdən olsa belə, o nümunəyə uyardı.
***
Zadəgan nəslindən olmayan və sizdən maaş alan hər kəs sizin nökərinizdir!
***
İnsanların “yaşamağı bacarmaq” dediyi şey çox vaxt ruhun təmizliyinə ləkə salır.
***
Xalası ona demişdi ki, istənilən halda arvadının sahibi olan ərlə açıq danışmaq olduqca təhlükəlidir.
***
Tanrının qarşısında günah törətməklə hamının gözü qarşısında biabır olmağın, hamının nifrətini qazanmağın bir-biriylə heç bir əlaqəsi yoxdur.
***
Gözəl qadınların daxili ruhunun təmizliyi, bütün bəd əməllərdən uzaqlığı onların gəncliyinin ömrünü uzadır. Gözəl qadınların əksəriyyəti ən tüz sifətdən qocalır.
***
Qüruru imkan vermirdi ki, taleyini təsadüflərə həvalə etsin.
***
Sevgi bərabərlik axtarmır.
Sevgi bərabərliyin özüdür. Kornel
***
Bu könül həmişə nəsə arzulamağa öyrəşmişdi, indisə istəyəcəyi bir şey qalmamışdı, xatirələrsə hələ yox idi.
***
Belə az imkanlara sahib olduğu halda qərar qəbul etməyin nə qədər çətin olduğu fikri…
***
Əgər bizim bərabər imkanlarla mübarizə aparmaq şansımız olsaydı, bu məzlum zadəganların axırı necə olardı!
***
Jülyen daha heç vaxt “ucadan arzulamağı” özünə icazə vermədi.
***
Düşünmək əzabdır.
***
Sıradan keçən günlərin bozluğunda qəfil baş verən hər hansı hadisə bədbəxtliyi bir az azaldır… Barnav
***
Veryerdə də mənə hörmət eləyirlər, özümdə cəsarət tapıb bildirirəm ki, mən bu hörməti özüm qazanmışam.
***
Necə ola bilər ki, günahlar içində boğulan bu adamlar günahın nə olduğunu bilsinlər?
***
İndiyə qədər bir kəlmə də olsun ağıllı söz deməmisiniz! Bu tənbəllik, bu ağılsızlıq ki sizdə var, siz ancaq kəpənək qovalamağa yarayırsınız! Necə də məzlum varlıqlardır bu qadınlar! Tanrının bizə, evli adamlara rəhmi gəlsin, axı biz yaxamızı sizin əlinizdən qurtara bilmirik!
***
Əsl ehtiras xudbin olur.
***
Əyalətdə ictimai fikri ərlər müəyyən edirlər.
***
Amma uca dağa dırmaşan səyyah onun başına çatandan sonra ləzzətlə dincəlir axı. Əgər o ömrü boyu dincəlməli olsa, belə xoşbəxt ola biləcəkdimi?
***
XIV Lüdovik də öləndə belə demişdi: “Mən kral olanda…”
Möhtəşəm ifadədir!
***
İlahi, səs-küyə bax! Burada nə qədər insan var, hərənin də oz işi-gücü, öz dərd-səri! Bunları görən iyirmi yaşlı oğlan gələcəyi ilə bağlı o qədər yollar cızır ki! İlahi, bütün bunlar adamı sevgidən necə soyudur! Varnav
***
Əyalətdə rast gəldiyimiz çılğın utancaqlıq hərdən adamın köməyinə çatır və iradəsini tərbiyə edir.
***
– Nə hamisi, nə də pulu olmayan mənim kimi fağırın biri üçün seminariya ilə türmənin heç bir fərqi yoxdur.
***
Eybəcər birinin gözəllik sevgisi ilə dolu qəlbə təsiri belə dəhşətli olur!
***
– Mən sizin ruhani rəhbərinizəm. Mənim əziz oğlum, bu evdə eşitmək əməl etmək deməkdir. Üstünüzdə nə qədər pul var?
– Həə, çatdıq, – Jülyen düşündü. – Əziz oğul olmağın əvəzi bu imiş.
***
Volterin dövründən, mahiyyətcə inamsızlıqdan və şəxsi mülahizədən ibarət olub, xalqlara inanmamağı öyrədən ikipalatalı sistem tətbiq olunandan bəri fransız kilsəsi anlamışdı ki, onun əsas düşmənləri kitablardır.
***
Volterin romanlarının qəhrəmanları kimi, bu seminariyaçılar üçün də xoşbəxtlik doyumlu nahardan ibarət idi.
***
Cənab prefektin adı gələndə ehtiram dolu təbəssümlə gülümsəməmək, Franş-Konte əhalisinin nəzərində böyük ehtiyatsızlıqdır. Ehtiyatsızlıq isə kasıblara aclıq bahasına başa gəlir.
***
Fərqlənməyin nifrət doğurduğunu öyrənəcək qədər yaşadım artıq.
***
Sadə adamın düşünmək bacarığı günah sayılır, çünki istənilən ağıllı mülahizə günahdır!
***
Ondan heç vaxt nə yaxşı rahib, nə də işgüzar müdir olacaqdı! Həyəcanlanmağa hər dəm hazır olan belə qəlblərdən nə ola bilərdi ki? Olsa-olsa ortabab bir rəssam! Bu yerdə Jülyenin özünəinamı ağ bayrağını qaldırmalı olurdu.
***
Sən inadla həqiqətin ətəyindən yapışsan, düşmənlərinin hamısı gec ya tez məğlub olacaq.
***
Bütün bunlar iyrəncdir, bizim təsvirimiz dəqiqləşdikcə daha da iyrənc olacaq.
***
Tanrı ona çılğın xasiyyət bəxş eləmişdi – belə insanlarsa incikliyi gec unudur, nifrəti isə çox dərindən hiss eləyirlər.
***
O təsəvvür də eləməzdi ki, davranış incəlikləri təbii ləyaqətlə belə uzlaşa bilər.
***
– Sən hansı partiyadansan?
– Belə baxanda heç birindən – məni məhv edən də elə bu oldu. Mənim bütün siyasətim musiqini, rəsmləri sevməyimdir. Mənim üçün yaxşı kitab əsl hadisədir.
***
Həmişə öz səlahiyyətlərini genişləndirmək istəyən bir kral tapılacaq, deputat kürsüsü, şöhrət və Mirabonun altına yığdığı sərvət – yüz minlərlər franklar əyalət varlılarını yaşamağa qoymayacaq: bunların hamısı liberal olub xalqı sevmək adlanır.
***
Gəlirim isə – bunu demək nə qədər utandırıcı olsa da, zəhmətimi kölgədə qoyacaq qədər çoxdur.
***
Bunlar öz ev-eşiklərini elə bil qəsdən belə fəxrlə nümayiş etdirirlər ki, birdən xalq qəzəblənib eləsə, o dəqiqə tanıyıb darmadağın eləsin.
***
Hə, bir də çalışın ki, bu parislilər səsinizi mümkün qədər az eşitsinlər. Bircə kəlmə deməyiniz kifayətdir ki, onlar nəsə tapıb, sizə gülsünlər. Bu onlarda fitri istedaddır.
***
– Budur, – Jülyen pilləkəndə gülüşən gənclərin səsinə qulaq asaraq fikirləşdir, – bu gün özümə oxşayan varlı bir adam gördüm. Mən ilə iyirmi luidor da qazana bilmirəm, amma o saatda iyirmi luidor qazansa da hamı ona gülür. Belə şeylər adamı paxıllıqdan çəkindirir.
***
– Siz yaşadığınız dövrü düzgün qiymətləndirmirsiniz. Sizdən nə gözləyirlərsə, onun əksini eləyin. Düzünə qalsa, bizim zəmanənin tək qanunu budur. Nə axmaq olmayın, nə də riyakarlıq eləməyin, çünki belə eləsəniz, sizdən ya axmaqlıq, ya da riyakarlıq gözləyəcəklər və işin sirri korlanacaq.
***
Tiranlar üçün tanrıdan daha xeyirli ideya yoxdur!
***
Yazıq cənab Qro! Ordenə layiq olan adam odur. Amma bu ordeni mən almışam, odur ki, onu mənə verən hakimiyyətin ruhuna yaxın addımlar atmalıyam.
***
Amma ağlıma əcəb maraqlı fikir gəldi ha! Heyif, bu fikir ağlıma onu ucadan deyib, hazırcavablıq eləyəcəyim bir vaxtda gəlmədi.
***
Adam varlı və məşhur olanda onun qəribəlikləri yanlışlıq olmaqdan çıxır.
***
Ziyafətə gələn yakobinçi – əla ziddiyyətdir.
***
Mənim ən yaxşı keyfiyyətlərimdən məncə ən lazımsısı ağıldır.
***
Onun özünə qoyduğu bir qayda vardı – heç vaxt qocalara, xüsusilə də kədərli şeylər danışmağa meyilli olan qocalara diqqət yetirmirdi.
***
Əgər bir cinayət edirsənsə, onu həvəslə eləməlisən.
***
Məqsədə tərəf gedəndə vasitələrlə oynamaq lazım deyil. Əgər mən toz dənəsi olmaq yerinə, hansısa hakimiyyətə sahib olsaydım, dörd nəfərin həyatını xilas etməkdən ötrü üç nəfəri dar ağacına göndərərdim.
***
Sizdə ağıllı fikirləri ilə seçilən istənilən adamı islahçı polisin əlinə verirlər – “ədəbli adamlar” adlandırdığınız insanlarsa bunu alqışlayırlar. Çünki sizin bu çürümüş cəmiyyətiniz üçün ən vacib şey “ədəb-ərkan” gözləməkdir… Siz heç vaxt hərbi şücaətdən o yana gedə bilməzsiniz.
***
Kim bilir, böyük işlərə başlayan insanlar yarıyolda nə hiss edirlər? Axı bu tapançadan atəş açmaq deyil!
***
Adətən riyakarlıq, xeyir versin deyə gizlədilməlidir.
***
Nəzakət ədəbsiz hərəkətlərlə qarşılaşanda yaranan qıcıqlanmanı içində dəf etməkdən başqa bir şey deyil.
***
Qılıncla adamları doğramaq üçün ağıl nəyə lazım idi ki?
***
Xoşbəxtliyim mənə layiq olmalıdır.
***
İlahi, cəsarətli hədəfi onun həyata keçməsindən ayıran zaman kəsiyi necə də əzablıdır! Nə qədər əbəs qorxular var! Nə qədər tərəddüd var! Oyuna həyatını, hələ üstəlik, bundan daha artığını – şərəfini qoymusan! Şiller
***
Mənim əsil-nəcabətim yoxdur, deməli, əvəzimə danışa biləcək əsl keyfiyyətlərə sahib olmalıyam.
***
Əsrimizin ən böyük bədbəxtliyi budur: hətta ən ağlasığmaz çılğınlıqlar da adamı darıxmaqdan xilas etmir.
***
Roman böyük yolda özünlə apardığın güzgü kimidir. O gah göy üzünün aydınlığını, gah da çirkli gölməçələri əks etdirir. Yolla gedən adam bu güzgünü belində daşıyır, sizsə onu əxlaqsızlıqda ittiham edirsiniz! Onun güzgüsü çirki göstərəndə siz günahı güzgüdə görürsünüz!
Yaxşısı budur ki, siz çirkli gölməçələrlə dolu yolu, ya da yolda belə çirkli gölməçələrin olmasına göz yuman yol nəzarətçisini ittiham edəsiniz.
***
Parisdə insana məziyyətlərinə görə deyil, karetasına görə qiymət verirlər. Napoleon.
***
Bütöv bir xalqı iki dəfə eyni üsulla aldatmaq mümkün deyil.
***
Mövcud olan hər şey üçün əsas qanun sağ qalmaq, yaşamaqdır. Siz alaq otu əkib, buğda yetişəcəyini gözləyirsiniz. Makiavelli.
***
Paris niyə Bonapartın vaxtında cınqırını çıxara bilmirdi? Siz bunu Müqəddəs Roka kilsəsinin yanında duran toplardan soruşun…
***
Kədərli görünüş heç də şıq qaydalara aid deyil, siz kədərli deyil, darıxırmış kimi görünməlisiniz. Əgər kədərlisinizsə, bu o deməkdir ki, nəyinizsə çatmır, siz nəyəsə məğlub olmusunuz. Bu özünü ələ verməkdir. Amma siz darıxırmış kimi görünürsünüzsə, başqası, sizin xoşunuza gəlməyə çalışan adam pis vəziyyətə düşəcək.
***
Əgər mən bu həzzi belə, düşünərək və ehtiyatla yaşayacağamsa, o daha həzz olmayacaq. Lope de Veqa
***
Amma onlara üçcə dəqiqə qulaq asandan sonra nəyə təəccüblənəcəyini bilmirsən: danışan adamın pafosuna, yoxsa onun adamı heyrətə salan cahilliyinə?
***
Öz ehtiraslarının qurbanı olmaq! Bu hələ heç nə demək deyil. Sən gərək əslində yaşamadığın ehtirasların qurbanı olasan! Ah, məzlum on doqquzuncu əsr! Cirode
***
Bu da sizin sivilizasiyanın əsl möcüzəsi! Siz sevgini adi bazarlığa çevirməyə nail olmusunuz! Barnav
***
Şüurun gəldiyi heç bir nəticə onillik şirin arzuların bölünməz hakimiyyətinə qalib gələ bilməz.
***
Bu son dəqiqələrdə, icazə verin, həqiqəti deyim: siz də məni unudacaqsınız.
***
Onun bütün həyatı bədbəxtliklərə hazır olmaqdan ibarət idi.
***
“İlahi, doğrudanmı mən pis adamam?”
O adi, şöhrətpərəst gənc olanda bu sual onu çox az düşündürürdü – onun üçün utanc gətirə biləcək tək şey həyatda heç bir uğur qazanmamaq idi.
***
Sevgi həyati bir təsadüfdür, amma bu təsadüflə ancaq böyük ürəklər üzləşə bilər.
***
Mən indi ona görə müdrikəm ki, vaxtında çılğın olmağı bacarmışam.
***
Deməli, üç gün sonra, elə bu saat mən biləcəyəm ki, əzəmətli “bəlkə” barədə nə düşünməliydim…
***
Axı təkcə özüm bilirəm ki, mən nələr edə bilərdim.
***
İlahi, bu əyalət adamları necə idbar olurlar! Parisdə mən heç vaxt belə alçaldıcı vəziyyətlə üz-üzə qalmazdım. Oradakı fırıldaqçıların hoqqaları zövqlü olur.
***
Həbsxanada ən ağır dərd qapını içəridən bağlaya bilməməkdir.
***
Onlar haqlıdırlar, kübar cəmiyyətin adamları səhər-səhər oyananda özünə “bu gün nə yeyəcəm” sualını vermir. Amma hamısı öz namusluluğu ilə fəxr eləyir.
***
Yox, hamının hörmət elədiyi adamlar sadəcə bəxti gətirdiyindən cinayət üstündə tutulmayan fırıldaqçılardır.
***
Kəpənək isti bir yay günü, səhər saat doqquzda dünyaya gəlir, axşamüstü saat beşdə, günbatan çağı ölürsə, o “gecə” sözünün mənasını hardan bilə bilər?
***
Həqarətlə baxdığn adama sonradan nifrət etməyə başlayırsansa, bu nifrətə həm də olduqca amansız qəzəb qarışır.
Tərcümə: Günel Mövlud