Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Jan Pol Sartr “Ürəkbulanma”

jan-pol-satr-urekbulanma-la-nausee-kkoAnnotasiya

“Ürəkbulanma” (fransızca “La Nausée”) – XX əsrin ən böyük filosoflarından biri, yazıçı və markisist, ateist ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanıdır.
Əsər Antuan Rokentinin gündəlikləri əsasında qurulub. Qəhrəman həqiqət axtarır, dünyanın xaosu, həyatın absurdluğu və çıxılmazlığı içində öz mövcudluğunun mənasını anlamağa çalışır. Sartr bu xaos içində insan azadlığının, onun şərəf və ləyaqətinin qorunmasının mühümlüyünü qabardır.

Karandaşın izi ilə

Hər şeyin qoyulmuş qaydalarla baş verdiyi dünyada nədən qorxasan?

***

Mən doğulmağa hazır olandan, məni idarə edəndən və harasa çəkəndən qorxuram. Doğurdanmı mən başladığım hər şeyi, araşdırmanı, kitabı atıb yenidən getməli olacam?

***

Digər insanların üzlərində məna var. Mənimkində yoxdur. Mən hətta bilmirəm ki, o yaraşıqlıdır, yoxsa eybəcər. Deyəsən eybəcərdir, çünki mənə belə deyiblər. Amma bu məni narahat etmir. Məğzinə varsaq üzə belə xüsusiyyətlərin verilməsi məni həmişə hirsləndirir, torpağın bir hissəsini, və ya qayanın bir parçasını eybəcər, və ya gözəl adlandırmaqla bunun heç bir fərqi yoxdur.

***

Mən isə bütün bu canlandırılmış əşyalardan, itlərdən, insanlardan, özbaşına hərəkət edən yumşaq kütlədən boğaza yığılmışam.

***

Ürəkbulantısı orada, sarı işıqda qaldı. Mən xoşbəxtəm, bu soyuq necə təmizdir, bu gecə necə təmizdir, məgər mən özüm də bu buz havanın bir dalğası deyiləm? Qansız, limfasız, bədənsiz olmaq. Bu uzun kanalla uzaqdakı solğun ləkəyə doğru axmaq. Sadəcə soyuq olmaq.

***

Mən başa düşdüm – oxucunun metodunu tapdım, o biliyini əlifba sırası ilə artırır. Mən ona ehtiramla baxıram. Gərək nə qədər iradəli olasan ki, yavaş-yavaş, inadla belə böyük fikri həyata keçirəsən.

***

Bu da zamanın çılpaqlığı, o yavaş-yavaş həyata keçir, onu gözləmək lazım gəlir, amma həyata keçəndə, ürək bulandırır, çünki hiss edirsən ki, çoxdan buradadır.

***

Bakıda mənə dövlət abortarilərinin qurulması prinsiplərini izah edən həkim də tək göz idi və onun sifətini yadıma salmağa çalışanda eyni ağ şar gəlir.

***

Mən öz həqiqətimdən xatirələr düzəldirəm.

***

Elə bil ki, hər an ancaq ona görə yaranır ki, ardınca gələnləri özü ilə aparsın. Hər anı hədsiz qiymətləndirirəm – bilirəm ki, o, təkrarolunmazdır, dəyişilməzdir, amma həm də onun yox olmasına mane olmaq üçün barmağımı da tərpətmirəm.

***

Mühakimələrim ondan ibarətdir ki, ən bayağı hadisənin macəraya çevrilməsi üçün onu danışmaq bəsdir. Məhz bu, insanları aldadır – hər bir insan hadisələrin nağılçısıdır, o həmişə özünün, başqalarının, öz başına gələn hadisələrin əhatəsində yaşayır. Bütün həyatını danışdığı hekayə kimi yaşamaq istəyir. Amma seçmək lazımdır: ya yaşamaq, ya da danışmaq.

***

Əsl xanımlar heç vaxt nəyin nə olduğunu bilmirdilər, onlar gözəl mənasızlığı sevirlər, onların gözləri şüşəbəndlərdə çiçəkləyən gözəl və sadə çiçəklər kimidir.

***

Amma mənim üçün nə bazar ertələri, nə bazar günləri var, mənim üçün sadəcə qaydasız şəkildə itələşən günlər var, sonra birdən bu günki kimi coşqunluq olur.

***

İyirmi yaşım olanda içib, iddia etmişdim ki, Dekart növündən insanam. Çox yaxşı bilirdim ki, lovğalanıram, amma fikrimdə qalmaqda davam edirdim, bu mənim xoşuma gəlirdi. O biri gün hər şey o qədər iyrənc gəlmişdi ki, elə bil qusmağın içində oyanmışdım.

***

Macəra hissi sözsüz ki, hadisələrdən asılı deyil – sübut ortadadır. Bu sadəcə anların yanaşı düzülməsinin daha bir formasıdır. Məncə hər şey bax belə baş verir: birdən hiss etməyə başlayırsan ki, zaman keçir, bir an özü ilə digərini aparır, ikinci üçüncünü, üçüncü dördüncünü və s. hər an itir və onları saxlamğa çalışmaq mənasızdır.

***

Sonra Anni birdən, düşünmədən, məni atanda üç il keçmişdə qaldı. Mən hətta əzab çəkmədim, içim boşaldı. Sonra zaman axmaqda davam etdi və boşluq böyüdü. Sonra Sayqonda, Fransaya qayıtmağı qərara alanda keçmişdən qalan hər şey – yad ölkə insanlarının üzləri, meydanlar, əyri uzun çaylar – hər şey yoxluqda batdı. İndi mənim keçmişimdə böyük boşluq var.

***

Mən öz keçmişimi harada saxlayardım? Keçmişi cibə qoymaq olmaz, gərək evin ola ki, onu yerləşdirəsən. Mənim sadəcə bədənim var, tənha bədənli tənha adam xatirələrini saxlaya bilməz, onlar onun içindən keçirlər. Şikayət etməyə haqqım yoxdur, mən sadəcə bir şey istəyirdim; azad olmaq.

***

Kafelərdə başqalarını dinləyirlər, qırx yaşlarında kənara tökə bilmədikləri çoxlu təcrübə sahibi olurlar. Xoşbəxtlikdən, onlar uşaqlar törədiblər, məhz onları bu təcrübəni yerindən tərpətmədən həyata keçirməyə məcbur edirlər. Beynimizə yeritmək istəyirlər ki, onların keçmişləri itməyib, sadəcə xatirələri sakit-sakit müdrikliyə keçib. Rahat keçmişdir!

***

Axı necə, hətta öz şəxsi keçmişini saxlamağa gücü çatmayan mən, başqasının keçmişini xilas etməyə ümid edirəm?

***

Keçmiş mənim üçün istefaya çıxmaq kimi bir şey idi, mövcudluğun başqa forması – bayramlar, tətillər kimi bir şey idi, hər bir hadisə öz rolunu sona qədər oynayıb, öz təşəbbüsü ilə balaca qutuya yığışırdı, öz qardaş hadisələrinin birləşdikləri hansısa qrupun fəxri üzvü olurdu – mövcudsuzluğu təsəvvür etmək nə qədər əzablı idi. Amma indi bilirdim, dünyadakı hər şey əslində görüntüdür, arxasında heç nə yoxdur.

***

Markiz de Rolbon mənim müttəfiqim idi, onun mənə ehtiyacı var idi ki, mövcud olsun, mənim də ona ehtiyacım var idi ki, öz mövcudluğumu hiss etməyim.

***

Elə bil ki, başım dumanlanıb… budur yenə də başlayır: Duman.. Fikirləşmək lazım deyil… Fikirləşmək istəmirəm. Mən fikirləşirəm ki, fikirləşmək istəmirəm. Çünki bunun özü də fikirdir. Yəni bu heç vaxt bitməyəcək?
Mənim fikrim, mənəm: Buna görə də fikirləşmədən dayana bilmirəm. Mən mövcudam, çünki fikirləşirəm, fikirləşməyə mane ola bilmirəm.

***

Yaraşıqlı kişi, Fəxri legion ordeni, bığlar mövcuddur, bu qədər. Yəqin ancaq Fəxri legion ordeni almaq və bığları olmaq nə böyük xoşbəxtlikdir. Başqa heç nəyi heç kim görmür.

***

Əsas məsələ onda deyil ki, mən həzz almaqdan məhrumam, əsas məsələ odur ki, insan fəaliyyəti mənə yaddır. Axı mən insanam, şəkilləri də insanlar çəkir…

***

Hər birinin öz yükü var, bu yük onlarla varlıqlarını hiss etməyə imkan vermir; aralarında elə biri yoxdur ki, hesab etməsin onsuz kimsə, və ya nəsə ola bilməz. Məgər bir dəfə Oxucu deməmişdi ki, “Nusapyedən başqa heç kim ümumi yükü bu qədər uğurla qəbul edə bilməz”. Hər biri hansısa kiçik işlə məşğuldur, heç kim bu işi onlardan daha uğurlu edə bilməz. Heç kim bax o kommivoyajer kimi uğurla “Svan” diş pastasını sata bilməz. Heç kim bax o maraqlı gənc adam kimi qonşusunun yubkasının altında eşələnə bilməz. Mən də onlardan biriyəm, yəqin ki, mənə baxanda fikirləşirlər heç kim mənim etdiyimi məndən daha uğurlu edə bilməz. Amma axı mən ki, bilirəm!

***

Yeyirik, içirik ki, qiymətli mövcudluğumuzu saxlayaq, amma mövcudluğun bir damcı da mənası yoxdur.

***

Həyat məna ilə onda dolur ki, biz ona məna veririk. Əvvəlcə hərəkət etmək, nədənsə yapışmaq lazımdır. Nə barədə isə fikirləşməyə başlayanda, artıq təslim olmaq üçün gec olur, artıq bununla məşğul olursan.

***

Mən əşyaların arasındayam, heç bir adı qəbul etməyən əşyaların arasında. Onlar məni – yalnız, sözsüz, müdafiəsiz məni əhatə ediblər, mənim üstümdə, altımdadırlar. Onlar heç nə tələb etmirlər, özlərini sənə bağlamırlar, onlar sadəcə var.

***

Mən də; əzgin, sakit, həyasız, yeyilmiş naharı həzm edən, pis-pis şeylər fikirləşən mən də artıq idim. Xoşbəxtlikdən bunu hiss etmirdim, daha çox ağlımla başa düşürdüm, özümü yaxşı hiss etmirdim, çünki bunu hiss etməkdən qorxurdum.

***

Əsl mavi, əsl ağ rəng, əsl badam, əsl bənövşə iyi var. Bircə anlıq onları saxlasan əminlik və rahatlıq hissi dəhşətli narahatlığa çevrilir: rənglər, iylər, dadlar heç vaxt həqiqi olmurlar, onlar özləri olmurlar. Ən adi, tam tərkibli xüsusiyyət özündə, daxilində özünə qarşı artıqlıq daşıyır. Məsələn, elə ayaqlarımın yanındakı bu qara, elə bil ki, bu əslində qara rəng deyil, qaranı heç vaxt görməmiş kimsə qaranı yaratmağa cəhd edib, vaxtında özünü saxlaya bilməyib və rəngdən kənara çıxaraq şübhəli bir şey yaradıb.

***

Təsadüfilik zahiri bir şey, görüntü deyil, onu dağıtmaq olmaz, bu nə isə tam bir şeydir, daha doğrusu hansısa bütöv səbəbsizlikdir.

***

Ürəklərinin dərinliyində onlar gizlicə artıqdılar, formasız, qeyri-müəyyən, qəmgindirlər.

***

Axı bu varlıqlar hamısı bir-birinə oxşayırlarsa, onda nəyə lazımdır bütün bunlar? Nəyə lazımdır bu qədər eyni ağaclar? Nə qədər varlıq uğursuzluğa düçar olur, amma sonra yenidən yaranır, arxası üstə çevrilmiş böcəyin inadkar cəhdlərini xatırladaraq yenidən və yenidən uğursuzluğu yaşayır. (mən özüm də belə cəhdlərdən biriyəm). Bu bolluq səxavət deyildi, əksinə. O qaşqabaqlı, əzgin idi, özü-özünü əzirdi. Ağaclar, nəhənglik, yöndəmsiz bədən…

***

Onlar mövcud olmaq istəmirdilər, amma mövcud olmaya da bilmirdilər – bütün çətinlik bundadır. Onlar sakitcə, həvəssiz öz kiçik yaşlarını hazırlayırdılar: şirə yavaş-yavaş, istəmədən yuxarı qalxırdı, köklər isə yavaş-yavaş torpağa enirdi. Amma hər dəqiqə elə görünürdü ki, indi hamıya tüpürüb, yox olacaqlar. Yorğun, qoca halları ilə faydasız varlıqlarını davam etdirirdilər, çünki ölməyə gücləri çatmırdı, ölüm onlar üçün xaricdən gəlməli idi.

***

Necə də axmaqsan! Əgər söhbət səni görməkdən gedirsə, əlbəttə ki, buna ehtiyacım yoxdur. Sən də, başa düşürsən, elə bir şey yoxdur ki, baxanı sevindirsin. Mənə lazımdır ki, sən bu dünyada yaşayasan, heç dəyişməyəsən.

***

Özümü itirmişdim. İnadkarlıq edirəm.

***

– Yox… Deməli bütün… bütün bu faciələr, maskaların, şalların, mebellərin, mənim hansısa kiçik rolda sənin isə baş rolda oynadığın faciələr bitdi?
– Naşükür, – gülümsəyir. – Bəzən sənə özümünkündən daha vacib rol verirdim. Sənin isə xəbərin də olmurdu. Hə, bitdi. Təəccübləndin?
– Nə danışırsan, əlbəttə! Mən elə bilirdim ki, bunlar hamısı sənin bir hissəndir, onu səndən almaq ürəyini qoparmaq kimi bir şeydir.
– Mən də elə bilirdim, – təəssüflənmədən deyir. İstehza ilə məndə ağır hisslər yaradaraq əlavə edir: – görürsən bunsuz da yaşaya bilirəm.

***

Sən mənə lazımsan, mən dəyişirəm, belə oldu, sən isə olduğun kimi qalmalısan. Sənə baxıb ölçə bilirəm ki, özüm nə qədər dəyişmişəm.

***

– Bilirəm. Bilirəm ki, daha heç kim və heç nə məndə ehtiras oyada bilməz. Başa düşürsən, kimisə sevməyə başlamaq çox böyük işdir. Enerji, maraq, korluq lazımdır… Əvvəl elə anlar olur ki, uçurumdan tullanmalı olursan, amma fikirləşəndən sonra bilirsən ki, bunu etməyəcəksən. Mən bilirəm ki, daha heç vaxt tullanmayacam.

***

Bir kral döyüşdə məğlub olur və əsir düşür. Qızı və oğlunu gözünün qabağında zəncirə vururlar. Ağlamır, heç bir söz demir. Sonra gözünün qabağında qulluqçularından birini zəncirə vururlar. O vaxt kral ağlamağa, saçlarını yolmağa başlayır. Başa düşdün? Bəzən ağlamaq olmaz, və ya sən sadəcə alçaqsan. Amma əgər ayağının altına kötük düşürsə, nə istəyirsən edə bilərsən. Ağlaya, hönkürə, bir ayağının üstündə tullana bilərsən. Həmişə dözümlü adam olmaq çətindir.

***

– Birinci dəfə səni necə öpməyim yəqin ki, yadına gəlmir.
– Çox əla xatırlayıram, – qələbə ilə elan edirəm, – Bu, Temza çayının sahilindəki Kyu-Qardenzdə olmuşdu.
– Amma heç vaxt bilmədin ki, gicitkənin üstündə oturmuşdum, paltarım cırılmışdı, gicitkən budlarıma batmışdı hər dəfə tərpənəndə daha çox yandırırdı. Bax görürsən, burada dözümlü olmaq kifayət etmir. Sən məni heç həyəcanlandırmırdın. Səninlə öpüşmək kimi xüsusi arzum da yox idi, amma sənə hədiyyə etmək istədiyim öpüşün daha böyük mənası var idi – bu girov idi, danışıq idi. Özün başa düşürsən, bu ağrı elə yersiz gəlmişdi ki, həmin anda giciktən haqqında fikirləşməyə haqqım yox idi. Ağrımı göstərməmək az idi, gərək onu hiss etməyəydim.

***

Mən azadam: artıq həyatımda heç bir məna yoxdur – sadəcə yaşamağı sınadım, alınmadı, başqa heç nə gəlmədi ağlıma. Hələ gəncəm, kifayət qədər güclüyəm, yenidən başlaya bilərəm. Amma nəyi başlayım? İndi başa düşürəm, ən dəhşətli qorxularım, ürəkbulantısı tutmaları zamanı çox ümid edirdim ki, Anni məni xilas edəcək. Mənim keçmişim öldü, Markiz de Rolbon öldü. Anni ancaq ona görə qayıtdı ki, bütün ümidlərimi əlimdən alsın. Mən bu ağ, bağlarla əhatələnmiş küçədə təkəm. Tək və azad.

***

İnsanların təbiətin qanunu kimi qəbul etdikləri əslində sadəcə vərdişdir. Sabah təbiət onu dəyişə bilər.

***

Amma bundan sonra onun taleyi yalnızlıqdır, özü də həmişəlik. Bir göz qırpımında hər şey məhv oldu: mədəniyyət haqqında arzuları, insanlar arasında razılıq arzuları. Əvvəl qorxu, dəhşət, yuxusuz gecələr gələcək, sonra uzun-uzun sürgünlər. Axşamlar İpoteka bankının həyətində gəzəcək, uzaqdan oxu zalının işıqlı pəncərələrinə baxıb, nəfəsini tutaraq uzun sıralı kitabları, onların dəri cildlərini, səhifələrinin iyini xatırlayacaq.

***

Və konsert zalları alçaldılmış və təhqir olunmuşlarla dolur, onlar gözlərini yumub, solğun üzlərini səstutan antennalara çevirməyə çalışırlar. Elə təsəvvür edirlər ki, tutduqları səslər şirin, dolğun halda içlərinə axır və əzabları gənc Verterin iztirabları kimi musiqiyə çevrilir. Elə bilirlər gözəllik onları cəlb edir. Giclər.

***

Əslində başqa heç nə istəmirdim, budur həyatımın tapmacası: xaotik görünən bütün başlanğıclarımın içində bircə dəyişməyən məqsədi görürəm: özümdən mövcudluğu qovmaq, hər saniyəni yağlı şirələrdən azad etmək, sıxmaq, qurutmaq, özümü təmizlədib, möhkəmləndirmək ki, nəhayət dəqiq və incə saksafon notlarının səsini çıxarım. Hətta bu hekayəni belə ifadə etmək olar: dünyada bir zavallı yaşayırdı, səhvən düşmək istədiyi yox, başqa dünyaya düşmüşdü. O başqa insanlar kimi şəhər parkları, ticarət şəhərləri dünyasında mövcud idi, amma özünü inandırmaq istəyirdi ki, guya Tintoretto dojları və Florensiyalı Qoççoli igidlərinin təsvir olunduğu incəsənət əsərlərinin, Fabriçio del Donqo və Julyen Sorelli kitab səhifələrinin, cazın uzun, quru şikayətinin digər üzündə yaşayır.

Tərcümə: Gülər Qasımova
Qeydləri topladı: Fatimə Kərimli

Tərcümə: Gülər Qasımova
Topladı: Gülər Qasımova

4.6 (92.73%) 22 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram