“Kirpinin zərifliyi” (fransızca “L’Elégance du hérisson”) – Parisin mərkəzi, burjua ailələrinin yaşadığı gözəl bir evdə Rene adlı qapıçı qadın işləyir. O, xaricdən bütün stereotipləri ödəyir: kökdür, deyingəndir, bütün gün televizora baxır. Əslində isə ev sahibləri bilmir ki, Rene fəlsəfi əsərlər oxuyur, incəsənət, musiqi və Yapon mədəniyyətinin heyranıdır. O, bina sakinlərinin həyatlarını oxucuya özünəməxsus yumor hissi və ağlı ilə təsvir edir.
Sonra bu binada Paloma adlı bir qız da yaşayır. On iki yaşlı dahi uşaq. O, çox ağıllı və istedadlıdır və on üçüncü ad günündə intihar etməyi qərara alıb. Həmin vaxtacan o, hamının görmək istədiyi kimi olacaq: yaxşı şagird, sözəbaxan qız.
Paloma və Rene, hər ikisi istedadını və ən gözəl xüsusiyyətlərini dünyadan gizlədir. Onların necə təsadüfən bir-birlərini tapması, bundan sonra həyatlarının necə dəyişməsini oxucu bu gözəl, incə, maraqlı romandan öyrənəcək.
Karandaşın izi ilə
Məgər zəhmətkeş kütlələr Marksdan baş çıxarmağa qadirdirlər! Bu qəliz mətndən, elmi üslubdan, zərif dildən, dolaşıq mühakimələrdən.
***
Ulduzların arxasınca qaçsan – qızıl balıq olub ömrünü akvariumda başa vuracaqsan.
***
Dərd orasındadır ki, uşaqlar böyüklərin sözlərinə inanır, özləri böyüyəndə isə acığa öz uşaqlarına yalan söyləyirlər. “Böyüklər həyatın mənasının nədən ibarət olduğunu bilirlər” – budur uşaqların inanmalı olduğu ümumdünya yalanı. Böyüyüb bunun doğru olmadığını başa düşəndə isə artıq gec olur.
***
İnsanlar ulduzların arxasınca qaçır, axırda isə akvariumda qızıl balıq kimi çırpınırlar. Onda sual olunur, əvvəlcədən uşaqlara həyatın absurd olduğunu öyrətmək asan olmazdımı? Qoy bu onların uşaqlığını bir az qəmli edərdi, əvəzində isə yetkinlik çağında çox zaman itirməzdilər, hə, bir də yeri gəlmişkən, bu, qəlb sarsıntısından – akvariumu nəzərdə tuturam – qoruyardı.
***
Uğur ağıllı adamı məyus edir, halbuki qabiliyyətsizliklə həmişə xəyallara dalmaq olar.
***
Şəxsən mənim üçün öləcəyim yox, bunun necə baş verəcəyi önəmlidir. Yapon damarım, təbii ki, məni xarakiri tərəfə yönəldir. Həmin “damar” deyəndə Yaponiyaya olan sevgimi nəzərdə tuturam.
***
Vacib deyil, öləcəksən, vacib deyil, hansı yaşda, vacib olan odur ki, ölüm səni hansı işlə məşğul olarkən tapacaq. Taniquçi qəhrəmanları Everestə qalxarkən ölürlər.
***
Kübar qadın kimdir? Hər tərəfdən bayağılıqla əhatə olunsa da bayağılıq toxunmayan biri.
***
Əgər varlı adam sizə rəsmi müraciət edirsə, amma səsindən əslində, çox güman ki, öz-özü ilə danışdığı və onu başa düşdüyünüzü gözləmədiyi aydındırsa, deməli, siz sadəcə ictimai gölməçənin dibindəki lilsiniz.
***
Əslində şüur ad çəkilən anda işə düşür.
***
Gözəlliyə hər şeyi bağışlayırlar, hətta kütlüyü da. Amma gözəlliyin üstündə həm də ağıl verilibsə, onda bu, təbiətin tarazlığı bərpa edərək ən sevimli övladlarına bəxş etdiyi ən ədalətli kompensasiya deyil, o, bəzək-düzəkdir, cah-cəlaldır, xəzinə tərəzisinə atılan əlavədir. İdbarlıq isə həmişə günahkardır və mənim də bu sarıdan bəxtim gətirməyib, axmaq olmamağım isə vəziyyəti daha da pisləşdirir.
***
Onda təhsil çatışmırdı, amma götürdüyü istənilən işə canlı rəng qatırdı, – həmin rəng ki, tətbiqi sənətdə rəssamı ustadan fərqləndirir, söz sənətində isə biliklərin hələ hər şey demək olmadığını göstərir.
***
Anlamadığın halda bir işi necə görmək olar?
***
Bizim dünyada güclü o kəsdir ki, heç bir şey etməyib dili ilə pəhləvanlıq edir.
***
Nəsə bir iş bacaran – işi görür, bacarmayan – başqalarını öyrədir, öyrədə bilməyən – müəllimləri öyrədir, bunu da bacarmayan – siyasətlə məşğul olur.
***
Edmund Husserl idealizmi var. O, mənə baptist kilsəsindən ayrılan hansısa sektann keşişlərinin geyindiyi xüsusi qalın, yun sutananı xatırladır. Bu nəzəriyyəyə əsasən, pişik haqqında yalnız təsəvvür mövcuddur. Bəs pişiyin özü? Hansı pişik? Onsuz da keçinmək olar. Kimə və nə üçün lazımdır ki pişik? Bundan belə fəlsəfə ancaq təmiz idrak sahəsində əylənmək kimi eyibli təmtəraqı özünə rəva görür. Ətraf aləm əlçatmaz reallıqdır, onu başa düşməyə cəhd eləmək nəyə lazımdır. Dünya haqqında nə bilirik? Heç nə. Əgər ixtiyari bilik refleksləşən şüurun özünüyozmasından başqa bir şey deyilsə, onda xarici aləmi cəhənnəmə göndərmək olar. Bu elə fenomenologiya deməkdir – “təsəvvürə gələn şeyin dərk edilməsi”.
***
Axı şəhərdə sahiblərini xaltada gəzdirən məhz itlərdir, əksinə yox, sadəcə bu haqda heç kim fikirləşmir. Amma bir halda ki, könüllü surətdə, gündə iki dəfə, fərqi yoxdur qarlı, küləkli və ya yağışlı havada gəzdirilməsi lazım olan it saxlamağı boynuna götürürsən – bu elə öz boynuna xalta keçirmək kimi bir şeydir.
***
Özünün fərqli xüsusiyyəti hesab etdiyin şeyin bütöv bir sosial qrup üçün tipik olduğu məlum olanda, bu adamı həmişə sarsıdır. Hətta hardasa təhqir də edir.
***
Əkrafdakıların nə dediyini eşitməyən əlilə çevrilmək istəyirsənsə, otaq çiçəkçiliyi ilə məşğul ol.
***
Öz acizliyimizi birlikdə duysaydıq, birlikdə daxildən təsir göstərsəydik və yaşıl noxud və vitamin C-in bədəni qidalandırıb, amma ruhu xilas etmədiyini və doyuzdurmadığını anlasaydıq necə yaxşı olardı.
***
Axı onun öz daxili aləmi günün qızğın çağındakı küçə kimi başdan-ayağa səs-küy və xaosdur.
***
Məgər biz hamımız həyatımızın ağır yükünü əsgər kimi daşımırıqmı? Nə ilə gəldi məşğul ola-ola və döyüşə göndəriləcəyimizi və ya vaxtımızın bitəcəyini gözləyə-gözləyə. Bəziləri kazarmanı səliqəyə salır, başqaları hər şeyi yola verir, kartlar, qeybət və xırda fırıldaqlarla vaxt öldürür. Zabitlər əmrlər verir, balaca əsgərlər onları yerinə yetirir, lakin bu qarşılıqlı münasibətin nə ilə bitəcəyi heç kəs üçün sirr deyil: gözəl günlərin birində hamını – əsgər və zabitləri, siqaret və tualet kağızını içəri salan axmaq və bicləri – ölümə göndərəcəklər.
***
Əsl həqiqət həmişə ən son anda üzə çıxır.
***
Özünü müxtəlif xülyalarla sakitləşdirə bilərsən, amma son səhnədə yenə də həmişə necə olmusan elə duracaqsan. Lap ömrün boyu incə alt-paltarında gəz, bundan zərifliyin artmayacaq, sağlam adamların içərisində olan xəstənin sağlamlığı artmadığı kimi.
***
Xarici aləmdə gah səs-küy, gah da yuxu və sükut var, şiddətli müharibələr gedir, insanlar çabalayır və ölürlər, bəzi millətlər məhv olur, onların yerinə digərləri gəlir ki, öz növbələri çatanda onlar da ölüb getsinlər, bu qulaqbatırıcı qarışıqlığın, bu partlayış və gurultuların ortasında, ümumdünya hərəkətinin, alovlanmasının, fəlakətlərinin və intibahın fonunda isə insan ürəyi çırpınır.
***
Bəli, dünya məhv olmağa doğru gedir, ürək sakitcə ağlayır – gözəlliyin yasını turur, hər tərəfdə miskinlik hökm sürür. Gəlin bir fincan çay içək. Sakitlik, təkcə pəncərədən çöldə küləyin səsi gəlir, payız yarpaqları xışıldayır və budaqlardan qopub tökülürlər, bir də pişik isti və işıqda yayxanaraq yatır. Və hər boğazda – zamanın kvintessensiyası.
***
Mənə səhər yeməyində nə içdiyini və nə oxuduğunu de, deyim sən kimsən.
***
Qəzet və qəhvə atam üçün onu vacib adama çevirən sehirli çubuqlardır. Elə bir balqabaq karetə çevrilir.
***
Kritik an gəlib çatanda – ölümə məhkum insan isə ondan qaça bilməz – və maska düşəndə, həqiqəti görmək necə də dəhşətli olur!
***
Şəxsən mən hesab edirəm ki, fransız mətbəxi başdan-ayağa eybəcərlikdir. O qədər beyin, güc və vəsait sərf olunur və nəticədə hər şey çox ağır olur… Paştetlər, souslar, şirniyyatlar – qarınlar necə partlamasın! Yemək ağır olmayanda isə, əksinə, incədən incə olur: pəhriz sifətli ofisiantların gətirdiyi yaponvari boşqablardakı gözəl kəsilmiş üç dilim qırmızı turp və yosun jelesində iki dəniz darağından ibarət nəfis süfrə arxasında aclıqdan ölərsən.
***
Həyatımız nədən ibarətdir? Günbəgün bu yalançı komediyada inadla öz rolumuzu oynamağa çalışırıq. Bütün primatlar kimi bizim üçün ən vacib olan şey öz ərazimizi ən yaxşı şəkildə qorumaq və abadlaşdırmaq, sürü ierarxiyasında yuxarı qalxmaq və ya ən azından aşağı enməmək, bir də həm həzz, həm də nəsil artıqmaq naminə hər formada cütləşməkdir. Ona görə də enerjimizin çox hissəsini qorxutmaq və tovlamağa xərcləyirik – bunlar bizim konatusumuzu bəsləyən ərazi, ierarxik və seksual iddialarımızda əl atdığımız iki əsas taktikadır.
***
Əsl yenilik heç vaxt köhnəlmir, üstündən nə qədər zaman keçsə belə.
***
Bir düşün: bəzi adamların televizoru yoxdur. Onsuz necə yaşayırlar? Şəxsən mən saatlarla televizorun qabağında otururam. Səsini söndürüb baxıram. Hadisələrə rentgen baxışı kimi bir şey alınır. Səsi söndürmək iki avro qiymətində hansısa zir-zibili büküldüyü gözəl, parıltılı kağızdan açıb çıxartmaq kimi bir şeydir. Xəbərlərə bu cür baxanda, şəkillərin bir-biri ilə əlaqəsiz olduğu görünür, onları ancaq şərh birləşdirir, şəkillər ardıcıllığının həqiqi hadisələr ardıcıllığı kimi qələmə verən məhz şərhdir.
***
Dünyada hər şey kompensasiya qanununa tabedir. Əgər yavaş uçursansa, daha güclü təkan ver.
***
Divandan qalxmadan və çipslər yeyərək suya akrobatik tullanma – idmana televizorda baxmaq bax buna görə xoşdur.
***
Məbədin mamırlı xalçasında gül açmış kameliyaya görə kiçik əzəli adanı qalın duman bürüdü və qəlbim bütün itkilər və yıxılmalarımın qara kədəri ilə doldu.
***
Meymun həyasızlığı ilə mübarizədə ən yaxşı və dayanıqlı silah sözlər və kitablardır.
***
Talenin bəxş etdiyi lütflərin əvəzini vermək lazımdır. Həyatın xeyihxah üzünü görənlər gözəlliyin keşiyində durmağa borcludurlar.
***
Həyat da, ölüm də sənin nə yaradacağından asılıdır.
***
Biz ayrılarkən
Paltarımın qollarına tökülən
Və hələ ürəklə həmahəng vuran mirvariləri
Özümlə aparıram.
Bizdən xatirə olsun deyə.
“Kokinsyu”
***
Budur, şam yeməyində Tiberin atası dedi: “Necə yəni, siz qo, bu heyranedici yapon oyunu haqqında heç nə bilmirsiz? İndi Şan Sanın “Qo oynayan qız” romanı əsasında film çəkirəm, bu çox föv-qə-ladə bir şeydir, yapon şahmatı kimi. Yaponlara minnətdar olduğumuz daha bir möcüzə, əs-ra-rəngiz, əsrarəngiz!”
Başladı oyunun qaydalarını izah etməyə və cəfəngiyat danışdı. Birincisi, qonu çinlilər icad edib. Bunu ona görə bilirəm ki, məşhur “Hikaru No Qo” manqasını oxumuşam. İkincisi, bu heç də şahmatın yapon versiyası deyil. Şahmat və qo bir-birinə itlə pişiyin bənzədiyi qədər bənzəyir; orda da, burda da lövhənin üstündə ağ və qara fiqurlarla oynayırlar, amma bənzərlik bununla yekunlaşır. Şahmatda qələbə naminə öldürmək lazımdır. Qoda həyat naminə tikmək. Üçüncüsü isə, müsyö Mən-gicbəsər-atasıyam çox qaydaları təhrif etdi. Oyunun məqsədi rəqibin fiqurlarını yemək deyil, mümkün qədər böyük ərazini tutmaqdır.
***
Bəs qo oyunu… O, ona görə gözəldir ki, məqsədi öz ərazini yaratmaqdır. Bu döyüşdə müxtəlif mərhələlər var, amma onların hamısı bir şeyə aparır: həyata yol açmağa. Və oyunun ən mühüm cəhətlərindən biri odur ki, bu sübut olunsun: sağ qalmaq istəyirsənsə, təkcə özün yaşamamalısan, həm də başqasına yaşamağa imkan verməlisən. Çox acgöz biri partiyanı uduzacaq, gərək daima tarazlığı dəqiq qoruyasan: rəqibini məhv etmədən öz üstünlüklərindən istifadə edəsən. Nəticədə həyat və ölüm qarşımıza yaxşı və pis düzülüşün nəticəsi kimi çıxır. Taniquçi personajlarından birinin söylədiyi kimi: həyat da, ölüm də nədənsə asılıdırlar. Bu tək qo oyununa aid deyil.
***
Əgər varlıların pişiyi sivil qadınlar ilə eyni xəstəliklərdən əziyyət çəkirsə, bu, nə ev heyvanları ilə pis rəftardan, nə də insanların günahsız məxluqları yoluxdurmalarından, əksinə, bütün canlıların taleyinin tək və ortaq olmasından xəbər verir. Biz eyni ehtiraslar və eyni xəstəliklərə meyilliyik.
***
Bilmirəm cənab məşvərətçinin neçə yaşı var, amma o, cavanlıqda da qoca görünürdü və məhz buna görə də, indi, lap qoca vaxtında cavan görsənir.
***
Kasıbların nifrət obyetki varsa da, digər kasıblardır.
***
“Anna Karenina”-ın ən gözəl səhnəsi Pokrovskidə baş verir. Levin qəmgindir, onun üçün ağırdır, Kitini unutmağa çalışır. Yaz vaxtıdır və o, tarlaya kəndlilərlə ot biçməyə gedir.
***
Öz həyatımın yoxsulluğu ilə barışmışam, amma son dərəcə mənasız sistemə uyğun gəlmirəm və qəlbimin dərinliyində, heç kimin daxil ola bilmədiyi yerdə, hər gün ona sakitcə rişxənd edirəm.
***
Hər halda, yaşlıların hörmət haqqları var. Qocalar evi isə – bu artıq tam hörmətsizlikdir. Adam ora gedəndə yaxşı başa düşür: “Mənim işim bitib, artıq heç nəyə gərək deyiləm, özüm də daxil olmaqla hamı tək bir şeyi gözləyir: ölümümü, uzanmış hekayənin rəzil sonluğunu”.
***
Amma sabahdan bu gününü qura bilməyənlər qorxur, insanlar bu günü qura bilməyəndə isə özlərini inandırırlar ki, sabah onlarda hər şey alınacaq, ancaq elə olmur, çünki sabah həmişə bugünkü günə çevrilir, başa düşürsüz?
***
Öz şəxsi Everestinə addım-addım qalxmaq, elə etmək ki, hər addımının əbədiyyatda izi qalsın. Gələcək elə ona görə lazımdır ki, hazırda yaşayanların real planlarından irəli gələrək indini qurasan.
***
Belə, məsələn, Jasenta Rozenin bütün kudax-tax-tax-larına laqeydliklə cavab verirəm: “bəli”, “bəli”, “bəli”.
***
Və onun mühafizəkarlığı o həddə çatır ki, gözü boşanmış qadınları qəsdən görmür.
***
Onda kirpi zərifliyi var: xaricdən başdan-ayağa iynələr, yaxın dura bilməzsən, daxildə isə… nəsə mənə elə gəlir ki, onu daxildən kirpilərə – təkcə zahirən süst görünən, özlərinə heç kəsi yaxın buraxmayan və çox-çox sevimli heyvanlara – xas olan incə zəriflik fərqli edir.
***
Axı biz ancaq əvvəlcədən əmin olduğumuz şeyləri görürük, ən əsası isə yeni görüşlər axtarmırıq, həmişə yalnız güzgüdəki öz əkslərimizlərlə görüşürük, halbuki onlarda özümüzü tanımırıq. Əgər bunu anlasaydıq, əgər bizə hamıda və hər kəsdə ancaq özümüzü gördüyümüz və buna görə də tamamilə yalnız yaşadığımız çatsaydı, dəli olardıq.
***
Düşünsək, açıq qapıdan eybəcər heç nə yoxdur. İç-içə olan otaqlardan birinə o, əyalət sakini ədəbsizliyi ilə soxulur. Bəlkə də tam qalmaq istəyən o biri otağı divarda açılan uçuq, mənasız deşiklə korlayır. Hər iki halda tamlıq hərəkətin rahatlığına qurban verilir, amma onu başqa vasitələrlə də əldə etmə olar. Sıyırma qapı isə başqa məsələdir – heç nə görünmür, məkan da ziyan çəkmir. O, mütənasibliyi itirmədən başqa şəklə düşə bilir. Belə qapı açılanda iki otaq bir-birini əzmədən birləşir. Örtüləndə isə, hər biri öz tamlığını əldə edir. Bu cür evdə həyat dinc gəzintidir, bizdə isə sındırılma üstündə sındırılma.
***
Zira incəsənət həyatdır, amma dəyişdirilmiş ritmdə.
***
Qrammatika gözəlliyi aşkar edən şüur layıdır.
***
– Bəli, nə qədər az şeyin olsa, o qədər çox qədrini bilərsən.
***
Bəlkə, biz hamımız həddindən artıq çox şeyə malik olduğumuz üçün xəstəyik.
***
Axı darıxma – yeknəsəqliyin nəticəsidir.
***
Vabi yaponca “sadə gözəllik, aza qane olan zəriflik” deməkdir.
***
Buradan bu nəticə çıxır ki, düşünən rahib olmaq postmodernist mütəfəkkir olmaqdan daha yaxşıdır.
***
Ağıl – müqəddəs vergi deyil, primatların yeganə silahıdır.
***
İnsan üçün ağaclara sevgi xasdır, onda uşaqlıq sevincləri üçün o qədər xiffət var ki. O, bizi təbiətlə müqayisədə öz əhəmiyyətsizliyimizi dərk etməyə məcbur edə-edə bizə o qədər cəsarət verir ki.
***
Alpapa – bu, deyəsən lama-alpaka ilə papayanın hibrididir.
***
Və ümumiyyətlə sürdüyümüz və gülüş, göz yaşları və nalələr, mübarizə, ayrılıq, aldanmış ümidlər və gözlənilməz xoşbəxtlikdən ibarət həyat.
***
Düzünü desəm, mənə hələ də elə gəlir ki, çiçəkçilər və saç ustaları halal çörək pulu qazanmırlar: birincilər hamıya məxsus olan təbii gözəllikdən qazanc əldə edir, o birilər də müxtəlif cür hoqqalardan çıxıb parfümeriya buludları buraxırlar ki, onu mən öz vanna otağımda, bir cüt qayçı ilə özüm də əla bacarıram.
***
Onun gələcəyini elə aydın görürəm, sanki bu artıq keçmişdə olub.
***
Mən də adətən münasib cavabı lazım olandan beş dəqiqə sonra tapıram və artıq beynimdə baş tutmayan dialoqu canlandırıram.
***
Ancaq bir şeydə razıyıq: sevgi vasitə deyil məqsəd olmalıdır.
***
Və həmin vaxt məndə sual yarandı: “Niyə? Niyə onlarda bir cürdür, başqalarında isə başqa cür? Bəs məndə necədir? Üzərimdə taleyim yazılıbmı?”
***
Bəlkə, məndə də alınacaq və öz həyat bağımda valideynlərimin bağında yetişən meyvələrə bənzəməyən meyvələr yetişdirə biləcəm?
***
Heç bir canlının olmadığı səssiz, hərəkətsiz səhnədə fikirlərdən azad, heç bir möhlətlə sıxılmayan və acgözlüklə dağıdılmayan zaman əks olunur, istəksiz həzz, başlanğıc və sonu olmayan həyat, əziyyətsiz gözəllik.
Zira, incəsənət istəkdən kənar emosiyadır.
***
Lakin əbədini axtaran tənhalıq qazanır.
***
Amma, bildiyimiz kimi, qüvvələr bərabər olanda diplomatiya iflasa uğrayır. Ən güclü tərəf heç vaxt rəqibinin diplomatik təklifini qəbul etməz.
***
Minus-ürəklə və ya antiruhla yaşamaq mümkündürmü?
***
Bir var həyatını etibar edəsən, bir də var – qəlbini açasan.
***
Budur həyatda gedirik-gedirik, uzun dəhlizdəki kimi.
***
Nəhayət, yay yağışı təmizləyici göz yaşları kimidir, çoxlu, iri, coşğun, özü ilə həyəcanı aparan göz yaşları; o, toz və kif iyini yuyub aparır, bizi canlandırıcı nəfəslə təzələyir. Hərdən isə yay yağışı elə dərinə nüfuz edir ki, sanki qəlbimizdə yeni ürək kimi döyünür və köhnə ürəyimizlə həmahəng döyünür.
***
Kim arıların aqibətini paylaşmadan bal düzəldə bilər?
***
Azadlıq, seçim, iradə – bunlar hamısı xam xəyallardır. Elə bilirik, guya arıların taleyini yaşamadan bal düzəltmək mümkündür; amma elə deyil: biz də yerinə yetirməli olduğunu edəndən sonra ölməsi gərəkən həmin yazıq arılar kimiyik.
***
Ən pis nifrət – varlıların kasıbların zövqlərinə olan nifrətidir.
***
Əbədiyyat gözəgörünməzdir, amma biz ona baxırıq.
***
Əgər elmi karyera qurmaq istəyirsənsə, hansısa ekzotik və daha marjinal olan (məsələn, Uilyam Okkamın “Məntiqi cəm”), az tədqiq olunmuş mətn götür, onun aşkar mənasını təhrif et, ondan elə ideya çıxart ki, heç müəllifin özünün yuxusuna girməsin (axı məlumdur ki, interpretasiya üçün təltəhşüur dərk edilmiş niyyətdən daha vacibdir), orasını-burasını elə düzəlt ki, orijinal tezisinə (guya məntiqi analiz Tanrının qüdrətinin öyrənilməsinə əsaslanır və ilkin fəlsəfi şərtlərlə heç cürə möhkəmləndirilmir) uyğun olsun, eyni vaxtda bütün ikonalarını yandır (sosialist qəlblərinə yaxın olan ateizm, dini etiqad kultuna qarşı dərrakə kultu, sağlam düşüncəlik və başqa şeylər), səhər saat yeddidə yuxudan elədiyin cəmiyyətin sıravi üzvləri üzərində parazitlik edə-edə bu iyrənc əyləncəyə bir ilini həsr elə və elmi rəhbəringilə kuryer göndər.
Təhsil xidmət deyilsə, başqa nəyə lazımdır? Xidmət, özlərini xeyirxah hesab edən nökər dövlət məmurlarının çox öyündükləri kölə qulluğu yox: bu cür xidmətdəki itaət ancaq zahiri olur, əməldə isə – başdan ayağa şöhrətpərəstlik və təkəbbürdür.
***
elə hey faydasız elitanın yeni-yeni nəsillərini tərbiyə etmək, buna görə də universitet sektaya çevrilir.
***
Ən güclü qəzəb və ən dəhşətli ümidsizlik isə yoxsulluqdan, işsizlikdən və ya gələcəyə əminsizlizlikdən əmələ gəlmir, ondan yaranır ki, sən hər növ mədəniyyətdən kənar qalırsan, fərqli, bir-biri ilə uyuşmayan simvolları olan, iki müxtəlif mədəniyyət arasında parçalanırsan.
***
Mədəniyyəti olmayan adam mədəni heyvan olmaqdan çıxır və vəhşi heyvana çevrilir. Vəhşi heyvan isə qarət edir, öldürür, yandırır.
***
Pişiyi bayıra, qapıçı qadını içəri buraxmamaq – sosialist-xanımların birinci ehkamıdır.
***
Bir rəfiqən olsun, amma əsl rəfiqə.
***
– Bəs səncə, ingilislərin ən yaxşı icadı nədir?
– Yekəbaşlıq simvolu kimi şlyapa.
***
Bəlkə, yaşamaq ölən anları havada tutmaq deməkdir?
***
Güclülər yaşayır, zəiflər ölür; xoşbəxtlik və bəxbəxtlik sənin sosial pilləkəndəki mövqeyindən asılıdır.
***
anladım: ona görə pisəm ki, yaxınlarıma kömək edə bilmirəm.
***
Onların xəstəliyi çox irəli gedib, mənimsə çox az gücüm qalıb. Bütün əlamətlər göz qabağındadır, onları görürəm, amma necə müalicə etməyi bilmirəm və buna görə, özüm də bilmədən eynilə onlar kimi xəstələnirəm.
***
Əvvəlcədən məğlubiyyətə düçar olduğumuzu bildiyimiz halda, dayanmadan apardığımız bu mübarizə nədir? Hər açılan səhər sonsuz vuruşmalardan əldən düşmüş halda, təkrar-təkrar, gündəlik həyata nifrətimizə üstün gələrək, uzun dəhlizdə addımlayırıq, orda qismətinə boyun əyərək o qədər adam yeriyib ki… Bəli, əzizim, budur gündəlik məişət həyatı: hüznlü, mənasız, müsibətlərlə dolu.
***
Nə qədər insan var, bir o qədər dünya var, hamı nəsə axtarır… Biz necə bu qədər eyni ola, həm də öz aləmimizdə yaşaya bilirik? Müxtəlif zəminlərdən, müxtəlif səbəblərə görə, müxtəlif ehtiraslar üzündən eyni cür dəli ola bilirik?
***
Hər addımda bu qədər qiymətli insan həyatları məhv olarkən, məni həmişə bu cür cəfəngiyyatlar dəli edirdi. Mən qorxu və həyəcandan rəqəmlərin arxasına sığınan yer kürəsi əhalisinin həmin 8%-nə daxiləm.
***
– Onlar məni tanıdı, – dedim və səkinin ortasında donub qaldım. – Məni tanıdılar!
Kakuro yanımda dayanmışdı, əvvəlki kimi qolumdan berk tutmuşdu.
– Ona görə ki, heç vaxt görməyiblər – dedi. – Mənsə həmişə tanıyardım.
***
İşıqda kor ola və zülmətdə görə bildiyindən bircə dəfə əmin olmaq kifayətdir ki, özünə sual verəsən: görmə nədir görəsən?
***
Birdən tam aydınlığı ilə dərk etdim: baxış su şırnağına salınmış əl kimidir. O, nəyisə çəkib çıxardır, nişan almadan necə gəldi tutur, inanaraq qəbul edir və suallar vermir, heç bir cəhd göstərmədən havayı alır – o, heç nə arzulamır, heç nəyə can atmır, heç nəyə dəyib sınmır.
***
Biz niyə əbədiyyatı nəsə gözəgörünməz və hissolunmaz bir şeydə axtarırıq. O, mənə bozumtul-ağ rəngli balıq tikəsində görünmüşdü.
***
Xoşbəxtlər sinfi mübarizəni veclərinə almırlar.
***
Qəbrin kənarında artıq “sən”-ə keçmək olar.
***
Dostluğumuzun ağuşunda dincələrək nəçə fincan çaylar içdiyimiz yadındadırmı?
***
Amma mən bir də sevdiklərimin üzünü görməyəcəm və bu ölümdürsə, o doğrudan da çox dəhşətlidir.
***
yaddaşın gözləri önündə medalyondakı saralmış fotoşəkil…
***
Yaşanmış həyatın dəyəri haqqında necə fikir söyləmək olar? Bir dəfə Paloma demişdi: necə öldüyün vacib deyil, əsas odur ölümdən qabaq nə edirdin. Bəs mən ölüm öncəsi nə edirdim? Cavab artıq ürəkdə yazılıb. Nə idi ki? Doğmalarımı tapmışdım və onları sevməyə hazırlaşırdım.
***
“Heç vaxt” qarşısında
nə etməli?
Musiqili çərçivədə
“Həmişə” zərrəciklərini axtarmalı
***
Həyat, gələcəyə çoxlu planlarla, bitməmiş söhbərlərlə, həyata keçməyə çatmamış arzularla dolu həyat, bir andaca sönür və heç nə qalmır, heç nə etmək olmaz və heç nəyi heç cürə geri qaytarmaq mümkün deyil.
***
Mən yenə də bu sözlərdəki bütün dəhşəti dərk etməzdim: “heç vaxt”, “həmişəlik”. Onu ancaq sevdiyin adam öləndə başa düşürsən və onda pis, elə pis olursan ki. Sanki atəşfəşanlıq sönür və sən zülmətdə qalırsan. Ağrılıdır, yalqızsan, boğazın düyünlənir və hər hərəkət sənə güclə başa gəlir.
***
Və düşündüm ki, müdrik insanlarda elə belə də olur: onlarda əzablar gözə girmir, daxildədir, üzdə isə dərin yorğunluq təsiri bağışlayır.
***
Günbəgün hər şey daha ağır və ümidsiz olur, amma birdən nəsə çox gözəl bir şey parıldamağa başlayacaq və bir anlıq zaman başqa cür olacaq. Sanki musiqi səsləri zaman kəsiyini mötərizəyə alıb, ayırıblar. Və bizim adi dünyamızın düz ortasında onu başqa bir dünyanın zərrəciyinə, “həmişə”-in zərrəciyini “heç vaxt”-a çeviriblər.
Tərcümə: Sevinc Məmmədova