“Məhəbbət yanğısı” (yaponca “愛の渇き” və ya “Ai no Kawaki”) – 1950-ci ildə yapon yazıçısı Yukio Mişima tərəfindən qələmə alınıb. “Kawaki” sözünün hərfi mənası “susamaq”, “yanğı” deməkdir və “yanğıdan qovrulmaq” hissi ilə əlaqəlidir.
Bu roman Y.Mişimanın üçüncü əsəridir. Əsər əsasında çəkilən film Koreyoşi Kuraharanın rejissorluğu ilə 1966-ci ildə ekranlaşdırılıb. Filmdə Esuko obrazında Ruriko Asaoka çəkilib.
Filmin adı “Eşqə həsrət” kimi tərcümə olunur.
Yukio Mişimanın baş qəhrəmanı Esukodur. Arvadbaz əri yatalaq xəstəliyindən əziyyət çəkərək dünyasını dəyişdikdən sonra cavan yaşında dul qalmış Esuko qoca qayınatasının istəklərini qeyri-ixtiyari qəbul edərək, onun külfəti ilə yaşamağa başlayır.
Lakin çox keçmir ki, Esuko Saburo adlı cavan qulluqçuya aşiq olur. Onun laqeydliyi dul qadını əzaba düçar etsə də, Saburonun diqqətini cəlb etmək üçün Esuko sonuncu dəfə cəhd edir.
Karandaşın izi ilə
Ata bunun saxta gündəlik olduğunu bilmir. Heç kim bunun saxta gündəlik olduğunu bilmir. Məgər başqası insanın özünü necə mahircəsinə aldatdığını təsəvvür edə bilərmi?
***
Bu dünyada yaşamaq üçün sadə ürək və sadə qəlb lazımdır. Bundan başqa heç nə lazım deyil. Mən belə düşünürəm. Bu dünyaya əlindən bir iş gələn, bir balaca hərəkət edə bilən insanlar lazımdır.
***
Uzun müddət ayaqyalın gəzən əvvəl-axır yaralanacaq. Harasa getmək üçün əvvəlcə rahat ayaqqabı seçmək lazımdır. Həyatın istənilən anı üçün sifarişlə hazırlanan reseptin olsa, çox yaxşı olardı.
***
Xoşbəxtəm. Bəli, xoşbəxtəm. Heç kim bunu inkar edə bilməz. Birincisi, buna sübutları yoxdur.
***
Həyatı tərənnüm etmək üçün yeganə forma kobudluq və ədəbsizlikdir. Onun nə qanunlara, nə də mənəvi bəhanəyə ehtiyacı var.
***
Həyatın həyat üçün zəfər çaldığı yerdə kiçik ehtiraslar sağ qalmır, – məhz bu dəm hər şeyə xoşbəxtlik göstəriş verir. Məlumdur ki, xoşbəxtlik tez xarab olan məhsuldur. Dərhal, yox olana kimi ondan istifadə etmək lazımdır.
***
İnsan gözündən başqa heç bir şahidə inanmıram.
***
Onun heç nə istəməməyinin bir səbəbi var idi: o, seçim və rədd etmək azadlığını itirmişdi. Bir dəfə qərara gəlsən ki, susuzluğunu yatırmaq üçün əlinin altına düşən hər şeyi, bu dəniz suyu olsa belə, dibinə kimi qurutmalısan, onda başqa seçimin olmur.
***
Kənd sakinlərini fərqləndirən iki xüsusiyyət – şayiələrə maraq və ədəbsizlik
***
Bu səhər elə-belə gələcək, heç kim onun gəlişi üçün dua etməyəcək, o heç kimə aid olmayacaq. Təbiətimin heç bir şey istəməyən tərəfinin əməllərim tərəfindən kəşf edildiyi o anların gəlməsini arzulayıram. Bu kiçik, əhəmiyyətsiz, nəzərə çarpmayan qəhrəmanlıqlar olacaq…
***
Əşyalara vəhşi qabanın gözü ilə baxmadıqca dəyişiklik yeniliyə səbəb olmayacaq. Esuko buna hazır deyildi. Çünki bizdəki insan gözüdür. Əşyalara hansı tərəfdən baxırıqsa baxaq, qərar dəyişilməz olaraq qalacaq…
***
Sevgi olmasaydı, insanlar bir-birləri ilə yola gedərdilər. Sevgi olmasaydı…
***
Əminəm ki, dövrümüzdə dövrün qarşısında durmaqdan təhlükəli heç nə yoxdur. Yalnız xəyalların üzərində qurulan dünyanın daha necə fırlanacağını kim bilir? Elə deyil? Dünya xəyaldırsa, onda istənilən vəziyyət və depressiya, müharibə və barışıq da xəyaldır. Bu xəyali dünyada insanlar yaşayır və ölür. Bəli, insanlar ölür, lakin bu təbii şeydir. Qayda belədir. Bu xəyali dünyada elə bir şey tapılarmı ki, həyatını ona görə təhlükə altına atasan?
Həyatını xəyallara görə riskə atmaq – axmaqlıq deyilmi?
***
Günümüzdə fəal olmağa çalışanlar sadəcə həyatlarını qurban verməyə layiq işləri olmayanlardır.
***
Bizi dərindən yaralayan ümid bəslədiyimiz insanın xəyanəti deyil, bütün qəlbimizlə nifrət etdiyimiz şəxsin xəyanətidir.
***
Əbədi əzablar insanda nəyisə dəyişir. Artıq bu insan sadə sevincə inanmır.
***
Telefon… Necə qəribə mexanizmdir: adicə bir zəng çalmaqla bütün insan hisslərini qarışdıra bilir! Ondan nə qədər ehtiras, eşq etirafları, nifrət keçir. Məgər o, azacıq da olsa insan ağrısını hiss eləmir? Yoxsa bu telefon zəngləri konvulsiv və dözülməz əzabın özüdür?
***
Tərkibində qızıl olan qumu yuyan şəxs yalnız qızıl axtarır. Əks halda heç cəhd etməyə də dəyməz. O, kor-koranə çay dibini qazmalıdır. Orada qızılın olub-olmadığını dəqiq bilməsə də. Heç kim gələcəkdə bəxti gətirib-gətirməyəcəyini əvvəlcədən bilə bilməz. Yalnız bir şeydə əmin olmaq olar, qumu yumayan heç vaxt zəngin ola bilməz və dilənçi xoşbəxtliyi ilə kifayətlənməli olacaq.
***
Çox vaxt şayiələr faktlarla müqayisədə ardıcıl olur. Faktlar isə uydurmaya əsaslanan şayiələrə meylli olurlar.
***
Bəlkə şər insanı laqeydliyə düçar edən qüvvənin adıdır?
***
Qarşılıqsız məhəbbət çox vaxt uşaqlar və qadınlarda olur. Onlar eyni dünyada yaşayır. Bu, tərk edilmişlərin dünyasıdır. Adətən, bu dünyanın sakinləri heç bir niyyət güdmədən amansız olurlar.
***
Sadəlik həyat və incəsənətin birləşdiyi ən yüksək nöqtədir. Sadəliyə həqarətlə baxan yazıq insandır – çünki bununla özünün məğlubiyyətini etiraf edir. İnsan sadəlikdən qorxursa, deməli, o, yetkinlikdən uzaqdır.
***
Heç nə istəmirəm. İstədiyim tək bir şey var, o da bir səhər hələ gözlərim bağlı olarkən bütün dünyanın dəyişilməsidir.
***
Esuko belə bir qərara gəldi ki, xəyal və təxəyyül arasında böyük fərq var. O, təxəyyülü fəlsəfi kateqoriyaya, təhlükəli nəticələrə səbəb ola biləcək intellektual məşqlərə aid edirdi – dəqiq qrafiki və eniş yeri olan planerdə məcarə dolu uçuş kimi.
***
Həyatı çətinləşdirməmək lazımdır. Həyatlarını asan yaşayanlar bəhanə axtarmalı olmurlar, həyatı ağır olanlar isə bu vəziyyətə səbəb axtarmalı olurlar. Deyirlər ki, həyat özü-özlüyündə ağırdır. Bəzi cəhətdən həyatda çətinliklər tapmaq əksər insana ona asan yanaşmağa kömək edir. Bu qabiliyyətimiz olmasaydı, ağır və ya asan olmasından asılı olmayaraq həyatımız eniş aşağı diyirlənən şara çevrilərdi. Çətinlik tapmaq bacarığımız bizi primitiv mövcudluqdan xilas edir. Belə bir bacarıqda qeyri-adi heç nə yoxdur. O, ilk tələbat əşyası olmalıdır.
***
Ehtiras gücünü ötüb keçə bilən heç nə yoxdur. Ancaq dünyəvi ehtiraslar aşınmaya məruz qalır. Günahkar isə arzu və istəklərdir.
***
Buludlar bir-birinin ardınca keçir, vadinin siması tündləşir, landşaft da yeni məna qazanır. Eynilə insan həyatında da elə məqamlar olur ki, bu məqamların indicə dəyişikliklərə səbəb olacağını düşünürsən. Elə bilirsən ki, həyatın başqa istiqamətdə cərəyan etməsi üçün əşyalara başqa cür baxmaq kifayətdir.
***
Məcburi avaraçılıqla zəngin olan mövsümlərarası hər gün onun üzərinə hədsiz ağırlıq salırdı. Sanki xəstəliyinin səbəbini bilməyən xəstə kimi həkimin göstərişi ilə vaxtını yataqda keçirməli və güc toplamalı idi.
***
Sözlər parol kimi istifadə edilir. İlk baxışda bu çox rahatdır. Lakin sözlər Saburoya yalnız mane olurdu. Sözlər onun dinc və hiyləsiz həyatına əlavə məna boyunduruğu keçirirdi.
***
Birini kütlədən ayırmaq üçün dörd xüsusiyyət kifayətdir. Kişi necə olur? Ya kök olur, ya arıq, ya uzundraz, ya da balacaboy – fərdiyyət ideyaları bunlardır. Bəs sima? Kimə baxırıqsa baxaq, həmişə eyni şeyi görürük: bir cüt göz, bir burun, bir ağız… Bir gözlə heç kim doğulmur. Budur, nümunə üçün ən gözəl simanı götürün. O nə ifadə edir? İfadə edə biləcək ən diqqətəlayiq şey bir simanın digərindən fərqidir. Sima fərqlilik simvoludur. Bəs məhəbbət? Bu da simvoldur, başqa simvolu işarə etmək üçün simvol. Başqa heç nə deyil. Seksual münasibətləri götürsək, onlarda simasızlıq, fərqsizlik aşkar edilir; xaos və xaos; şəxssizlik və şəxssizlik; androginlik; qeyri-qadın və qeyri-kişilik.
***
Yakiti təəcüblənmədi. Qışın oğlan çağında xəstə asaqaonun çiçək açmasını görmək istəyirsə, buna kim təəccüblənər?!
***
Danışmaq istəmədiyin an duyduğun o həzz hissi; sözlərə ehtiyacın olmadığı səssizliyin o tamlığı Esukonun qəlbində təlaşa çevrildi. Əzablar son şəkil almamışdan öncə ona nəfəsini dərmək üçün qısa fasilə verilmişdi.
***
Heç kim qadının nə vaxt xəstə olduğunu, nə vaxt özünü xəstə kimi qələmə verdiyini dəqiq deyə bilməz. Fikirləşirsən ki, qadın yalan danışır, birdən məlum olur ki, hamilədir ya da ölür.
Tərcümə: Lamiyə Göycəyeva