“Söhbət ilə müalicə” (ingiliscə “The Talking Cure”) – Con Kerrinin “Ən təhlükəli metod” (A Most Dangerous Method: The story of Jung, Freud, and Sabina Spielrein, 1993) əsəri əsasında dramaturq və ssenarist Kristofer Hemptonun qələmə aldığı pyesdir. Pyesdə psixoanalizin baniləri Ziqmund Freyd və Karl Qustav Yunqla ağıllı və gözəl xəstə Sabina Şpilreyn arasındakı mürəkkəb münasibətlərdən bəhs edilir.
2011-ci ildə pyesin motivləri əsasında “Təhlükəli metod” (A Dangerous Method) adlı film çəkilib. Filmdə Ziqmund Freydi Viggo Mortensen, Qustav Yunqu Maykl Fassbender, Sabina Şpilreyni Kira Naytli, Otto Qrossu Vensan Kassel canlandırıb.
Karandaşın izi ilə
Qürur… sevəndə ən çox əziyyət verən şey budur…
***
Sabina: Yeddi yaşım tamam olan kimi anam dedi ki, artıq günahlarımın bütün məsuliyyəti öz üzərimə düşür.
Yunq: Bu da sizi təşvişə saldı?
Sabina: Özü də necə! Ancaq bundan sonra mələk gəldi və hər şey düzəldi.
Yunq: Mələk?
Sabina: Daxili səs. Fikirləşdim ki, bu mələyin səsidir. O, mənim qeyri-adi insan olduğumu söylədi. Yeri gəlmişkən, o, mənlə almanca danışırdı.
Yunq: Onda şübhəsiz, mələk olub.
Sabina: Məgər mələklər almanca danışır?
Yunq: Belə qəbul edilib.
***
Peşəkar ordu yaratmaq istəyirsinizsə, peşəkarları seçin.
***
Burada olmamağım hələ o demək deyil ki, mən ölmüşəm.
***
Yadınızdadırsa, Kolumb haranı kəşf etdiyini heç bilmirdi. Onun kimi mən də yalnız bir şeyi iddia edə bilərəm: ayağım sahilə dəydi, deməli, bu ərazi mövcuddur.
***
Əlbəttə, düşmənlərimizin xeyrinə işləyən və vəziyyəti ağırlaşdıran daha bir nüans var: bizlər, psixoanalizin baniləri sanki əllə seçilmiş kimi hamımız yəhudiyik.
***
Düşünürəm ki, seksual instinktləri bu və ya digər yolla boğmaq cəmiyyətin məntiqli təşkili üçün zəruri şərtdir.
***
Uşağın faciəsi nədən ibarətdir? Elə bir məqam yetişir ki, o, arzuladıqlarının hamısını əldə etməyəcəyini başa düşür. Bəs böyük insanın faciəsi nədir? Elə bir məqam yetişir ki, o, əlinə düşən şeylərdən şüurlu şəkildə imtina edir. Atam bunu yetkinlik, mən isə kapitulyasiya adlandırıram.
***
Məni rus şairinin, Lermontovun bir şeiri təqib edir. Bu şeir qəfəsdəki quşu azadlığa buraxan məhbusun nəhayət xoşbəxtlik tapması barədədir.
***
Məhəbbət məqsədə çatmaq üçün vasitə deyil. Məhəbbət ali məqsəddir.
***
Cənab direktora gəldikdə isə o, çox kədərləndi. Qərarımın əsl səbəbini öyrənmək üçün ağzımdan söz almağa başladı. Nəhayət ona bunları deməyə məcbur oldum: cənab direktor, başa düşün, rəhbərliyiniz altında çalışdığım səkkiz ildən sonra, təbii olaraq, içmək istədim.
***
Freyd: Amerika ilə bağlı şübhələrim var. Bu barədə düşünəndə səfərimiz mənə böyük bir səhv kimi görünür.
Yunq: Belə bir şey ola bilməz. Yox! Amerika gələcək deməkdir.
Freyd: Aldığım məlumata görə, orada riyakarlıq hökm sürür. Mühazirələrim vaxtı polis əməkdaşlarının məni zaldan çıxarmasını istəmirəm.
Yunq: Mühazirələrinizin mövzusu nədir ki?
Freyd: Uşaq seksuallığı.
Yunq: Oh.
Freyd: Sözsüz ki, almanca oxuyacam.
***
Yalnız əzab çəkən həkim müalicə edə bilər.
***
Bəzən insan yaşamağa davam etmək üçün bağışlanmaz səhvlər edir.
***
Yalnız dağıdıcı qüvvələrin toqquşması yeni bir şeyin yaranmasına səbəb ola bilər.
***
Sadə həzlər olmur.
***
Başqa sahələrlə müqayisədə, din naminə daha çox cinayətlər törədilib.
***
O həqiqətən irəliyə getmək, xəstələrlə söhbət zamanı “Bax buna görə siz beləsiniz” etirafı ilə kifayətlənməməyimizi istəyir. İstəyir ki, xəstələrlə danışan zaman bunları deyə bilmək imkanımız olsun: “Biz sizə ola biləcəyiniz insanı göstərə bilərik”.
Tərcümə: Lamiyə Göycəyeva