“Xəyanət” (isveç dilində “Svek”) – Karin Alvtegenin triller janrında qələmə aldığı bu roman “Ən yaxşı İsveç detektivi” mükafatına layiq görülüb.
On beş il davam edən evlilik həyatından sonra Yeva əri ilə başqa bir qadının eşq münasibəti olduğunu öyrənir. Onun xəyanətindən və yalanlarından qüruru incinən qadın intiqam planı hazırlamağa başlayır.
Karandaşın izi ilə
Nə cəza var, nə mükafat. Yalnız nəticə var.
***
Tamamilə ağlasığmaz bir şeyi sözlərlə ifadə etsə, hər şey dərhal öz yoluna düşəcək.
***
Onların gələcəkləri bir deyil! Bu, öyrəşdiyi təsəvvürlər sisteminə uyğun gəlmirdi.
***
Birdən başa düşdü ki, divanda yad insan oturub. Tanış görünsə də, o, bu kişi haqqında heç nə bilmir. Bu insan sadəcə uşağının atasına və on bir il əvvəl ölüm ayıranadək birlikdə olacağına söz verdiyi kişiyə çox oxşayır. O, bu kişiyə oxşar kişi ilə bu divanın kreditini ödəmişdi.
***
Ana, ata, oğul.
Başqa heç nə lazım deyil.
Birlikdə bizə pisdir.
***
Bu iflicedici yorğunluq.
…
Bu iflicedici qorxu.
***
Həyatının yarısı keçmişdi və qarşıda yeni heç bir şey yox idi. Başqa cür mümkün deyildi. Elə bir məqam yetişmişdi ki, artıq arzuları sonraya saxlamaq olmazdı. Bəli, o, həmişə bunları sonra etmək istəyirdi. Və budur bu “sonra” gəlib çatmışdı. İtaətkarcasına xəlvəti yerdə gizlətdiyi arzu və istəkləri getdikcə daha israrla və daha amansızcasına soruşurdu: çıxıb getsinlər yoxsa qalsınlar? Qalsalar, nəyin naminə? Hərəkət etmək niyyətində deyilsə, niyə qalsınlar?
***
Kreslolardan iyirmi metr uzaqlıqda relslər salınıb. Bu relslərlə illər boyu bir saatdan bir qatarlar keçir. Onları buralardan apara biləcək qatarlar. Ancaq onlar “artıq qatarlarının keçməsi” fikri ilə razılaşıblar. Bu qatarlar isə sadəcə yaxınlıqdan keçir və qonaq otağında parıldayanadək təmizlənmiş şüşələri titrəməkdən başqa bir işə yaramır.
***
Hər saniyə seçim edirəm, bununla ya qurban, ya da həyatımın yaradıcısı oluram.
***
Onun yaşıdlarına nə olub? Niyə onlar həmişə narazıdırlar? Niyə həmişə hər şeyi ölçməli, müqayisə etməli və qiymətləndirməlidirlər? Onları növbəti hədəfə doğru irəliləməyə vadar edən naməlum narahatlıq nədir? Dayanıb əldə olunanlara baxıb sevinə bilməmək. Nələrisə gözdən qaçırmaq qorxusu. Daha çox xoşbəxtlik gətirəcəyi üçün nəyi isə daha yaxşı etmək. Nə qədər imkanlar var. Hamısını necə sınaqdan çıxarmalı?
Bizdən əvvəlki nəsil də hədəflərinə çatanadək öz arzuları – təhsil, ev, uşaq – uğrunda mübarizə aparırdı. Nə özləri özlərindən, nə də başqaları onlardan daha çoxunu gözləmirdi. Bir insan iki ildən artıq bir işdə qalırdısa, heç kimin ağlına onu heysiyyətsiz adlandırmaq keçmirdi. Əksinə, loyallığa hörmət qoyulurdu. Onlar dayanıb həyatdan zövq ala bilirdilər. Şərəflə zəhmət çəkdikdən sonra uğurdan zövq almaq olar.
***
Yüz il. Hər şey necə dəyişib! O vaxtlar olduğu kimi qalan nəsə varmı? Maşınlar, təyyarələr, telefonlar, kompyuterlər, əmək bazarı, gender rolları, dəyərlər sistemi, inam. Dəyişikliklər əsri.
***
Varlıqları getdikcə yekrəng olurdu. Tez-tez nəyin çatışmadığı barədə düşünürdü. Düşüncələrini kiminləsə bölüşmək istəyirdi. Əlbəttə, rəfiqələri var idi. Ancaq qızlar bir yerə yığışanda bu yığıncaqlar, bir qayda olaraq, şikayətlərlə bitirdi. Qızlardan hər biri sadəcə olaraq digərləri ilə problemlərini bölüşürdü. Bu problemlərin səbəblərini araşdırmadan. Və onların hamısını bir şey birləşdirirdi. Yorğunluq. Natamamlıq hissi. Vaxt çatışmazlığı. Zamana qənaət edən bütün cihazlara baxmayaraq, vaxt defisit olaraq qalırdı.
***
O, Siu hindu tayfasından olan br qrupun hekayəsini xatırladı. Bu dəstə 50-ci illərdə Şimali Dakotadakı rezevasiyadan prezidentlə görüşməyə getmişdilər. Reaktiv mühərriklər onları yüzlərlə mil uzaqlıqda yerləşən paytaxta çatdırmışdı. Onlar isə Vaşinqton hava limanına çatan kimi uçuş zalında döşəməyə oturmuşdular. İsrarla limuzinə dəvət olunmalarına baxmayaraq, yerlərindən tərpənməkdən imtina etmişdilər. Və beləcə bir ay oturmuşdular. Təyyarədəki bədənləri kimi sürətlə yerdəyişə bilməyən ruhlarını gözləmişdilər. Yalnız otuz gündən sonra prezidentlə görüşə hazır olduqlarını hiss etmişdilər.
Bəlkə həyatını qaydaya qoymağa çalışan əsəbi insanlara da bu lazımdır? Dayanıb ruhunun sənə çatacağını gözləmək. Digər tərəfdən onsuz da hamı oturub. Ancaq onlar ruhlarını gözləmirlər. Rahat mehmanxalarda televizor qarşısında oturub həvəslə seriallara baxırlar. Otururlar və başqalarının uzaqgörən olmamasına, münasibət qura bilməmək qabiliyyətinə görə dəhşətə gəlirlər. Seriallardakı bu insanlar özlərini necə aparır! Özləri isə davranışları, hərəkətləri barədə düşünməmək üçün sadəcə kanalları dəyişir. Çünki uzaqdan başqalarını mühakimə etmək daha xoşdur.
***
Yad dodaqlardan kəlmələr çıxır, yad dodaqlar gülümsəyir, yad gözlər bir-birini axtarır, yad əllər… O indi haradadır?
***
Bu süni laqeydlik onun intellektinə həqarətdir.
***
Qeyd-şərtsiz sevmək və sevilmək. Hər saniyə uğurlu, ağıllı, daha yaxşı olmağa çalışmadan. Uğursuzluq, müvəffəqiyyətsizlik və atılmaq qorxusunu gizlətmək üçün mahircəsinə tikilmiş divarın arxasında olduğun kimi qalmaq.
***
Kimsə nə vaxtsa ona “səni sevirəm” desin. Bu ifadənin hər kəliməsini dərk edərək daha güclü sözlər axtarsın. Çünki hətta “səni sevirəm” də çox azdır.
***
Eyni zamanda başqa bir qadını da aldadan kişiyə inanmaq üçün necə axmaq olmaq lazımdır?
***
Əllər.
Onların əlləri eyni qadını oxşayıb.
Bu əllər heç nəyi düşünmədən sevərək, o biri əllər qeyd-şərtsiz xəyanət edərək.
***
– Bir şey olmasa, bazar ertəsi səhər gedəcəm. Cəmi bir neçə günlük.
– Əlbəttə. Hara?
– Bilmirəm. Maşını götürərəm, ayağım hara, başım da ora.
– Tək yoxsa?
– Tək.
Əsas qayda: yalanının inandırıcı olmasını istəyirsənsə, suala dərhal cavab vermə. Axmaq.
***
Əsl sevginin nə olduğunu bilən qəlb. Ha!
Onun qəlbi pəncərələri olmayan zirzəmi kimidir. Heç bir sevgi orada sağ qala bilməz.
***
Saat ən qatı düşməndir.
Gimnaziyada tələbə şurası sədrinin öhdəliklərini necə həvəslə yerinə yetirdiyini xatırladı. “Greenpeace”, “Amnesty International”, şiddətli dəyişikliklər istəyi. Doğrunun düzəlməsinin, ədalətsizliyinin aradan qaldırılmasının mümkün olması ilə bağlı əminliyini indiyədək unutmamışdı. Bircə çalışmaq lazımdır və mütləq dünya dəyişəcək. Dünyanın o biri başında ədalətsizcəsinə həbs olunan insanın taleyi səni o dərəcədə narahat edirdi ki, imza toplayıb nümayişlər keçirirdin. İndi böyüyüb həqiqətən bir şeylər etmək iqtidarında olduğun bir vaxtda oğlunu vaxtında bağçaya çatdırdığına görə sevinirsən. Dünyanı dəyişmək istəyini qorxu sıxışdırıb aradan çıxarıb. Günün tez bitməsi qorxusu. Elə tez bitir ki, etməli olduqlarını çatdırıb edə bilmirsən. Rəhm dərin aha və universam kassalarındakı “Qırmızı xaç” qutularına atılan bir neçə qalıq qəpiklərdən ibarət olmağa başlayıb. Vicdanını susdurmaq üçün. Əbədi seçim – telefon tarifi, elektrik tədarükçüsü, təqaüd fondu, uşaq üçün məktəb, ailə həkimi, minimal illiklərlə bankalar. Bütün bunlar onun dünyasına, özü və ailəsi üçün ən yaxşıların axtarışına aiddir. Əbədi seçim və seçimin düzgün edilib-edilməməsi ilə bağlı ədəbi mütərəddidlik. Bədəninə ən yaxın köynəyi seçmək. Nəhayət seçim ediləndə, artıq enerjin qalmır. Və həqitətən dəyişikliyə ehtiyacı olan şeyləri dəyişməyə halın olmur.
***
Nigah kişi və qadının özünün əvəzedilməz rolunu oynadığı birgə müəssisə olmaqdan çoxdan çıxıb. Qarşılıqlı əlaqə yox olub. Kişi və qadın öz-özünü təmin edə biləcək səviyyədə tərbiyə alan təminatlı vahidlərə çevriliblər. Və məhəbbət nigahların bağlanması üçün yeganə səbəb olub. Bəlkə indi bütün mövcudluğun yalnız məhəbbbətdən asılı olduğu üçün evliliyi qoruyub saxlamaq belə çətindir? Axı heç bir yetkin insan hissini lazımi şeylərlə bəsləyəmə macal tapmır. Məhəbbət çoxsaylı işlər və öhdəliklər arasında özü sağ qalmalı olan bir şey kimi qəbul edilir. Bu isə nadir halda baş verir. Məhəbbəti qoruyub saxlamaq üçün nəsə böyük bir şey lazımdır.
***
İnsanlar əvvəldən uşağın nə olduğunu bilsəydilər, yenə dünyaya uşaq gətirərdilərmi? Həmişə ən yaxşısını istəmək və həmişə buna müvəffəq olmadığını hiss etmək. Əndişə və vicdan əzabı qarşılıqsız sevginin əbədi yol yoldaşları olur.
***
Yalan danışmaq olmaz. Ələlxüsus sənə inanan adama.
***
Aldadan əfv edilməyə layiq deyil. Xəyanəti bağışlamaq və unutmaq mümkün deyil, o açıq yara kimi həmişə səninlədir. Nəsə həmişəlik qırılır və onu düzəltmək artıq qeyri-mümkündür.
***
İncik. Qürurlu və incik. Qorxulu birləşmədir.
Tərcümə: Lamiyə Göycəyeva