“Sənin kimi ölü” (ingiliscə “Dead Like You”) – 20-dən çox kitabın müəllifi olan Piter Ceym karyerasına 1970-ci ildə Kanadanın televiziya kanallarının birində ssenarist kimi başlayıb, sonradan filmlərə prodüsserlik etməklə məşğul olub və özünün”Quadrant Films” şirkətini təsis edib. Əsərləri 30-dan çox dilə tərcümə edilib. Xəfiyyə Roy Qreys haqqında yazdığı romanlar silsiləsi oxuyucular arasında xüsusi marağa səbəb olub.
Bu silsilədən altıncı kitab olan “Sənin kimi ölü” romanı 2010-cu ildə işıq üzü görüb.
Yeni il qabağı Braytonun “Metropol” hotelində keçirilən baldan sonra vəhşicəsinə zorlanmış qadın meyiti tapılır. Cinayətkar qadının paltarını və dikdaban bahalı ayaqqabılarını oğurlayır. İşi aparan xəfiyyə Roy Qreys bu manyakla 20 il əvvəl eyni cür cinayətlər törədən qatil arasında oxşarlıq tapır.
Karandaşın izi ilə
– Roy, arvadla qasırğa arasındakı oxşar cəhətin nə olduğunu bilirsən?
Qreys başını yellədi.
– Sənə hücum edəndə hər ikisi yaş və vəhşi olur. Çıxıb gedəndə isə evini və maşınını əlindən alıb gedirlər.
***
– Ümid edirəm, mən belə ölmərəm. Növbəti ili yaşamaq üçün gücüm qalmayacaq günə sağ çıxmaram.
***
Həmsöhbətlərinizdən soruşun görək sentyabrın 11-i terrorçuların Nyu Yorkdakı Əkiz qüllələrə hücumu, Diananın ölüm, Con Lennonun güllələnmək, əgər bir az yaşları çoxdursa, Con F.Kennedinin Dallasda sui-qəsd xəbərini eşitdikləri həmin an nə edirdilər. Demək olar ki, hamısı hər şeyi ətraflı və dəqiq təsvir edə biləcək.
Roksi Pirsdən başqa. Onun həyatının mühüm məqamları arzuladığı ayyaqabıları əldə etdiyi günlər olurdu. O, ilk “Kristian Lubuten”, “Ferraqamo” və ya “Manolo Blanik” ayaqqabılarını aldığı gün dünyada baş verənlər barədə ətraflı danışa bilərdi.
***
– Kullic effekti barədə eşitmisən?
– Yox, nə olan şeydir?
– Kelvin Kulic Birləşmiş Ştatların prezidenti olanda xanımı ilə ona quş fermasını göstərirlər. Birdən xoruz düz xanım Kullicin gözü qarşısında toyuğu altına alır. Fermer bu hadisəyə görə utanır və üzr istəyir. Birinci xanım isə xoruzun gündə neçə dəfə toyuğu altına aldığını soruşur. Fermer “çox” deyə cavab verir. Xanım Kullic ona doğru əyilir v ə qulağına pıçıldayır: “Zəhmət olmasa, bu barədə ərimə də məlumat verin!”.
***
Darren Speyser hesab edirdi ki, döymələrlə fəxr etmək axmaqlığını sərgiləmək kimi bir şeydir.
***
Birinci dərsini də orada aldı. Yoxsul evi və ya zəngin iqamətgahı qarət etməyinin, ucuz musiqi mərkəzini və ya briliant oğurlamağının əhəmiyyəti yoxdur, bütün hallarda eyni dərəcədə risk edirsən.
***
Evli olmağın da öz üstünlükləri var. Əsas məsələ, bu məziyyətləri heç vaxt yaddan çıxartmamaqdır.
***
Sən demə, xəritələr də digər bütün şeylər kimi dəyişir. Onlara etibar etmək olmaz. Keçmiş qumdur. Bir şeyi oxuyub yadda saxlayırsan, o da bir gün gəlir dəyişir. Bir vaxtlar oxuduğun şeyləri də yoxlamaq lazımdır, çünki faktlar və bilgilər də dəyişir. Xəritələrlə də belədir. Təkcə xəritəyə etibar etsən, yaxşı sürücü ola bilməzsən. Hər zaman hər şeydən xəbərdar olmaq lazımdır, kiçik xırdalıqlardan belə!
Eyni şey yeni texnikaya da aiddir.
Beş, on və on beş il əvvəl öyrəndiklərin bu gün lazım olmaya bilər. Texnologiya dəyişir.
***
Təcrübəsindən bilirdi: zənginlər dünyasının sakinləri bir çox şeyə fikir vermir. Həyətdəki süpürgəçiləri, ofisdəki xadimə qadınları və fəhlələrə diqqət yetirmirlər. Süd daşıyan yük maşınları, mikroavtobuslar və taksilər kimi nəqliyyat vasitələri də onların fikir vermədikləri şeylərdir. Ona görə narkodillerlər taksiləri xoşlayırlar. Taksi gecə yarı şəhərdə o yan-bu yana şütüsə də şübhə doğurmur.
***
– Əvəzində mən sənə məsləhət verə bilərəm. Evlənmə! Yaxşısı odur ki, dərhal sənə nifrət edən bir qadın tap və evini, uşaqlarını və gəlirlərinin yarısını ona ver.
***
Korlar ölkəsində təkgöz də kraldır.
Tərcümə: Lamiyə Göycəyeva