Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Сek London “Dəniz canavarı”

cek-london-deniz-canavari-jack-london-sea-wolf-kkoAnnotasiya

“Dəniz canavarı” (ingiliscə “Sea Wolf”) – Cek Londonun 1904-cü ildə qələmə aldığı romandır.

Macəra janrının gözəl nümunələrindən hesab edilən bu romanda gənc bir jurnalistin (Hemfri Van-Veyden) dəniz qəzasından sonra başına gələn hadisələrdən, çətinliklərdən və əzazil kapitan Canavar Larsenlə mübarizəsindən bəhs edilir. Kitaba ilk dəfə 1913-cü ildə film çəkilmiş, müəllif bu filmdə adsız bir dənizçini canlandırmışdır.

Yazıçının özü “Dəniz canavarı”nın Nitsşe fəlsəfəsinə qarşı yönəldiyini vurğulayıb.

Canavar Larsenin proobrazı 19-cu əsrin ən məşhur brakonyeri Aleksandr Makleyn olub. Hələ roman işıq üzü görməmişdən öncə məhz onu ABŞ və Kanada sahillərində “Sea Wolf” adlandırırmışlar. İngilis dilindən tərcümədə bu söz birləşməsi “dəniz canavarı”ndan daha çox “pirat” mənasını verir.

1903-cü ildə müəllif əsər üzərində çalışmağa başlayanda artıq 45 yaşlı A.Makleyn əfsanəyə çevrilmiş və 70-dən çox insanın qətlində günahkar bilindiyi üçün 5 ölkədə axtarışa verilmişdi.

Real Canavarın meyidi 1914-cü ilin sentyabr ayında Kanadanın cənub-qərb sahillərində tapılıb. Bunun qətl və ya təsadüfi ölüm olduğu indiyədək naməlum olaraq qalıb. Bundan əlavə, şübhəli bilindiyi heç bir qətldə A.Makleynin günahı sübuta yetirilməyib.

2008-ci ildə dənizçinin 150 illik yubileyi münasibətilə kanadalı və amerikalı tarixçilər onun bioqrafiyası barədə bir çox faktı bərpa edib “Kapitan Aleks Makkleyn: Cek Londonun dəniz canavarı” (“Captain Alex McLean: Jack London’s Sea Wolf”) adlı kitab çap etdiriblər.

Karandaşın izi ilə

Dünyada çətin ki, güclü insanın zəif anında və ruh düşkünlüyü zamanı aldığı görünüşdən daha dəhşətli bir şey olsun.

***

Tələb və təklif baxımından həyat dünyadakı ən ucuz şeydir.

***

Ölümsüzlüyə inansaydım, altruizm mənim üçün qazanclı məşğuliyyət olardı. Bir Allah bilir, ruhumu hansı yüksəkliyə qaldıra bilərdim. Ancaq ölümdən başqa qarşımda əbədi heç nə görmədiyim və həyat adlanan xəmrənin daxilimdə hərəkət etdiyi və qərar tutmadığı müddətcə səlahiyyətimdə qısa vaxtın olduğu üçün hər hansı bir şeyi qurban verməyim ədəbsizlik olardı. Bir anlıq da olsa məni həyəcandan məhrum edən istənilən fədakarlıq yalnız ağılsızlıq deyil, həm də özümə qarşı əxlaqsızlıq olardı. Heç nə itirməməliyəm, öz xəmrəmdən ən yaxşı şəkildə istifadə etməyə məcburam. Xəmrənin bir hissəsini təşkil etdiyim və yer üzərində süründüyüm müddətdə mənə ayrılmış vaxtda fədakarlıqlar edəcəm yoxsa yalnız özümün qeydinə qalacam – buna görə məni gözləyən əbədi durğunluq nə bir az yüngül olacaq, nə də bir az ağır.

***

İnsanın nəfsini saxlayıb-saxlamamasından asılı olmayaraq, şirnikdirici şey şirnikdirici şey olaraq qalır.

***

Dəniz hərəkətlə zəngin olduğu kimi, torpaq da amansızlıqla doludur.

***

Müasir sənaye quruluşunun başqalarının həyatları üzərində hakimiyyət sahibi etdiyi insanların islah olunmazlığı və daşürəkliliyi məni dəhşətə gətirdi.

***

– Onda nəyə inanırsınız? – öz növbəmdə soruşdum.
– Həyatın mənasız təlaş olduğuna inanıram, – cəld cavab verdi. O, dəqiqələr, saatlar, illər və yüzilliklər boyu dolaşan həyəcana oxşayır, ancaq əvvəl-axır dolanmağı dayandırır. Həyəcanını davam etdirmək üçün böyüklər kiçikləri yeyir. Gücünü saxlamaq üçün güclülər zəifləri yeyir. Bəxti gətirən daha çox yeyir və daha çox gəzir, – bütün olan budur! Siz bu haqda nə deyə bilərsiniz?
Səbirsiz əl hərəkəti ilə göyərtənin ortasında troslarla əlləşən matros qrupunu göstərdi.
– Onlar qurdalanırlar, hərəkət edirlər, axı meduzalar da hərəkət edirlər. Yemək üçün hərəkət edirlər və hərəkət etmək üçün yeyirlər. Bütün məsələ budur! Öz qarınları üçün yaşayırlar, qarınları da onları yaşadır. Bu qapalı çevrədir; bu çevrə boyu hərəkət etsən, heç yana gedib çıxa bilməyəcəksən. Onlarla da belə olur. Əvvəl-axır hərəkət dayanır. Onlar daha qımıldamırlar. Onlar ölürlər.
– Onların arzuları var, – sözünü kəsdim, – gözqamaşdırıcı, parlaq arzuları…
– Tıxışdırmaqla bağlı arzular, – qəti şəkildə sözümü ağzımda qoydu.
– Yox, bir də…
– Yenə də tıxışdırmaq. Bəxtlərinin üzlərinə gülməsini istəyirlər ki, daha çox və daha dadlı şeylər basıb yesinlər.

***

Xoşagəlməz vəziyyətə düşən kimi vicdanınızla sövdələşməyə çalışırsınız. Qorxursunuz, yaşamaq istəyirsiniz! Daxilinizdəki həyat qışqırır, nəyin bahasına olursa olsun, o yaşamaq istəyir. Mənfur varlığınızı sürdürməyə davam edirsiniz, ideallarınıza xəyanət edirsiniz, əxlaqınıza qarşı günah işlədirsiniz. Və əgər cəhənnəm varsa, ruhunuzu birbaşa ora sürükləyirsiniz.

***

Varlığınızı doğrultmaq üçün heç nə etmirsinizsə, hansı haqla bu yer üzündə yaşayırsınız?

***

Paxıllıq beynin məhsuludur, onu şüurum diktə edir. Ayıq olmaqdan bezən ayıq insan kimi: sərxoşlara baxıb sərxoş olmadığı üçün təəssüf edir.

***

– Güc həmişə haqlıdır. Hər şey buna gətirilir. Zəiflik isə həmişə günahkardır. Ya da yaxşısı budur, belə deyim: güclü olmaq yaxşıdır, zəif olmaq pis. Ya da ən yaxşısı: güclü olmaq xoşdur, çünki sərfəlidir, zəif olmaq isə xoş deyil, çünki sərfəli deyil. Məsələn, bu pullara sahib olmaq xoşdur. Onlara sahib olmaq yaxşıdır. Buna görə, onlara sahib olmaq imkanım olduğu halda, pulları sizə verib onlara sahib olmaq haqqımdan imtina etsəm, özümə və daxilimdəki həyata qarşı insafsızlıq etmiş olardım.
– Axı onları əlinizdə saxlamaqla mənə pislik etmiş olursunuz, – deyə etiraz etdim.
– Heç də! İnsan başqa insana pislik edə bilməz. O, yalnız özünə pislik edə bilər. Əminəm ki, hər dəfə başqalarının maraqlarına uyğun şəkildə hərəkət edəndə səhv iş tutmuş oluram.

***

Özünüz fikirləşin. Axı insan arzularına tabe olaraq hərəkət edir. Arzuları isə çoxdur. O, ağrıdan qurtulmaq və ya həzdən zövq almağı arzulaya bilər. Ancaq nə edirsə etsin, hərəkətlərini arzuları diktə edir.

***

Naməlum yalnız məlum vasitəsilə ölçülür.

***

Özümə hörmət etdiyim üçün könlünüzə yatmıram. Ser, bütün məsələ bundan ibarətdir!

***

– Niyə əhəmiyyətli bir iş görməmisiniz? Daxilinizdəki güc sizin kimi birini istənilən zirvəyə qaldıra bilərdi. Vicdan və əxlaqdan məhrum olsaydınız, dünyanı ayaqlarınızın altına sərə bilərdiniz.

***

Xiffət hər bir materialistin düçar olduğu cəzadır.

***

İnsan ilk növbədə öz rifahının qeydinə qalmalıdır. Bu, həm əxlaqlı, həm də yaxşı hərəkətdir. Sonra o, övladlarının rifahı naminə çalışmalıdır. Üçüncü yerdə isə bəşəriyyətin rifahı gəlir. Ancaq ən ali, ən ağıllı və ən düzgün hərəkət insanın eyni zamanda həm özü, həm övladları, həm də bütün bəşəriyyətin qeydinə qalması olardı.

***

– Hemp, heç nə alınmayacaq! Qorxduğunuz üçün yox, zəif olduğunuz üçün alınmayacaq. Başdan ayağa şərti olan əxlaqınız sizdən güclüdür. Siz xurafatların qulusunuz. Mühitinizdən olan insanlar və kitablarınız bu xurafatla doludur. Az qala beşikdən bunları sizin beyninizə yeridiblər. Bütün fəlsəfənizə və mənim dərslərimə rəğmən, onlar icazə verməyəcək ki, sizə müqavimət göstərməyən silahsız adamı öldürəsiniz.

***

Canavar Larsen huşsuz halda uzanmışdı. Amma təmiz hava onu tez bir zamanda özünə gətirdi. Hələ də hamımız onun ətrafında çalışıb-çabalayırdıq ki, birdən kağız və karandaş verilməsini xahiş etdi.
“Zəhmət olmasa, narahat etməyin. Mən gülürəm”, – yazdı.

***

Pul kisəmi oğurlayan, yaşamaq haqqımı da oğurlayır. Köhnə məsəlin astar tərəfi… Axı o, mənim çörəyimi, ət dilimimi, yatağımı oğurlayır və bununla da həyatımı təhlükə altına atır. Axı bilirsiniz, yoxsullara pulsuz paylanılan şorba və çörək bütün aclara çatmır. İnsanın pul kisəsi boş olanda it kimi ölməkdən başqa çıxış yolu qalmır… əgər fürsətdən istifadə edib bu və ya digər yollarla kisəsini doldurmayıbsa.

***

Tez-tez insan ağlının dəyərinə şübhə edirəm. Çox güman ki, arzular ağıldan daha çox şey verir, daha çox məmnun edir. Emosional həzz intellektual həzdən daha dolğun və uzunmüddətlidir. Hələ intellektual sevinc anının hesabını sonradan qara melanxoliya ilə ödəməkdən danışmıram. Emosional məmnunluq isə özündən sonra hissləri bir balaca kütləşdirir ki, bu da tez bir zamanda keçib gedir.

***

Kütlə içərisində ümumi müqəddaratı paylaşan insanın düşdüyü vahimə təklikdə yaşanılan qorxu qədər dəhşətli deyil.

***

Görürsünüzmü, həyatın heç bir qiyməti yoxdur. Özü özünə biçdiyi qiymətdən başqa. Və, təbii ki, o özünə baha don geyindirir. Çünki bilərəkdən tərəfgirlik edir.

***

– Heç vaxt həyat haqda filosofluq etmir? – əlavə etdim.
– Yox, – kədərlə Canavar Larsen cavab verdi. – Onun xoşbəxtliyi də bundadır. O, həyat haqqında düşünmək üçün onunla çox məşğuldur. İlk dəfə kitabı əlimə alanda səhv etmişəm.

***

– Həyat saman çöpündən asılı qaldıqda xüsusi kəsərli olur. İnsan təbiəti etibari ilə oyunçudur, həyat isə onun ən böyük riskidir. Risk çoxaldıqca hisslər də kəskinləşir.

***

Dövrümüzün insanı elədir ki, onun həyat qabiliyyəti pul kisəsinin içi ilə təyin edilir.

***

– Bilirsinizmi, mən də hərdən faktlara gözümü yumub xülyalarla yaşamaq istərdim. Onlar yalandır, başdan ayağa yalandır, onlar sağlam düşüncəyə ziddir. Buna baxmayaraq, şüurum mənə deyir ki, ən böyük həzz arzulamaq və yalan olsalar da xülyalardan ibarətdir. Axı nəticədə həzz həyatda yeganə mükafatımızdır. Həzz olmasaydı, yaşamağa da dəyməzdi. Əziyyət çəkib yaşamaq və həyatdan heç nə almamaq – bu ölü olmaqdan daha pisdir. Çox həzz alan daha dolğun yaşayır. Mənim faktlarımla müqayisədə xülyalarınız və fantaziyalarınız sizi daha az kədərləndirir, amma daha çox əyləndirir.

***

Ağıllı axmaqlara baxıb baxıb axmaq olmadığı üçün təəssüflənir.

***

– Mən də sizin kimi özümü məğlub elan etməkdən xoşum gəlmir, hərçənd belə gözəl fağır varlıqları öldürəcəyiniz ürəyimcə deyil.
– Gözəl! – gülümsündüm. – Nədənsə dişlərini qıcayıb dalımca düşən bu bədheybətlərdə heç bir gözəl şey görmədim.
– Hər şey nəzər nöqtəsindən asılıdır, – o güldü. Perspektiviniz yoxdur. Müşahidə olunan predmetə çox yaxınlaşmaq məsləhət görülmür…

***

– Açıq-aydın görünən şeylər barədə düşünməyi adət etməmişəm.

***

– Deməyə ehtiyac varmı? – soruşdum.
O cavab verdi:
– Yoxdur… Ancaq eşitmək elə xoş olardı ki…

Tərcümə: Lamiyə Göycəyeva

4.6 (92.64%) 87 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram