Annotasiya
“Xoşbəxt insanlar kitab oxuyur və qəhvə içirlər” (fransızca “Les gens heureux lisent et boivent du café”) – fransız yazıçısı və uşaq psixoloqu Anyes Marten-Lüqanın ilk romanıdır.
Avtomobil qəzasında ərini və balaca qızını itirən Diana həyata bütün marağını itirir – daha işə getmir, evdən çölə çıxmır, telefon zənglərinə cavab vermir. Öz kədəri ilə baş-başa qalmaq üçün Parisi tərk edib, İrlandiyanın ucqar bir kəndində məskunlaşır və heç ağlına da gəlmir ki, məhz orda yenidən yaşamağı və sevməyi öyrənəcək.
Karandaşın izi ilə
Sonradan öyrəndim ki, yük maşını onlarla toqquşanda maşında zarafatlaşmağa davam edirmişlər. Öz-özümə dedim ki, heç olmasa gülə-gülə ölüblər. Və bir də elə istəyirdim ki, orada, onlarla birlikdə olum.
***
O hələ burda idi. Hələ. Mən bu “hələ”dən ilişib qalmışdım.
***
İlk öpüşümüz pivə dadırdı. Sonralar bunu yada salıb, o qədər gülmüşdük ki… İyirmi yaşımız var idi, ancaq romantizmdən əziyyət çəkmirdik. Kolen yalnız qara pivə içirdi. Sarışın olmağıma söz ataraq, adi pivənin yaxşı olmadığını deyir və sanki onu nə ilə cəzb etdiyimi başa düşmürdü. Və buna görə həmişə başına qapaz alırdı.
***
Elə şeylər var ki, onları dəyişmək qeyri-mümkündür. Məsələn, mənim çamadan yığmaq texnologiyamı.
***
Telefonu söndürərkən üç nəticəyə gəldim: Feliks heç vaxt dəyişməyəcək, mən onun üçün darıxıram və qonşum mənim diqqətimə layiq deyil. Kəskin hərəkətlə pərdələri bağladım.
***
– Sənə gəldikdə isə, məni maraqlandıran yalnız bir məsələ var, o da sənin buradan çıxıb gedəcəyin tarixdir.
***
– Bacım yenə öz bildiyini edir, – gülümsündü. – Onun həmişə küçə itlərindən xoşu gəlib.
– Bəs sən bu gün neçə nəfəri dişləməyi planlaşdırırsan?
***
Kotecə çatanda ilk dəfə başa düşdüm ki, daha qonşunun pəncərələrindəki işıq məni əsəbiləşdirmir.
***
– Salam, Edvard, nəsə lazımdır? – Ona ən cazibədar gülüşümü bəxş etdim.
– Andıra qalmış musiqinin səsini al.
– İngilis rokunu bəyənmirsən? Sənin yerlilərin…
Yumruğunu divara vurdu:
– Mən ingilis deyiləm.
– Bu elə ilk baxışdan bilinir, səndə onların əfsanəvi soyuqqanlılığı çatışmır.
***
Necə qəribə ölkədir?! Ayı Edvard istisna olmaqla bütün insanlar mehriban və gülərüzdürlər, amma bununla yanaşı, səni əvvəlcədən sifarişinin pulunu ödəməyə məcbur edirlər. Parisdə bir göz qırpımında bu sevimli barmenin payını verərdilər. Düzü, Fransada bu barmen belə mehriban olmaz, nəinki bir gülüş bəxş etmək, heç ağzından bir kəlmə söz də çıxmazdı.
***
Hadisələrin cərəyan etdiyi məkanın heç bir əhəmiyyəti yoxdur – əyyaşlığın və sərxoşluqdan ayılmanın nəticələri hər yerdə eynidir.
***
Ebbinin dəvətindən boyun qaçırmaq üçün heç cürə bəhanə tapa bilmədim. Onlara qonaq getmək üçün evdən çıxmalı olacağımı deyə bilməzdim ki.
***
Paris sakinlərinin necə əsəbi göründüklərini unutmuşdum. İnsan istisinin İrlandiya mühitində təcrübəsini məcburi məktəb proqramına daxil etmək lazımdır.
***
Parisli qadın kimi bütün qəlbimlə pivənin çox irənc bir içki olduğuna inanıram.
***
– Bilirsən, sənin yanına gələndə, az qalırdım dala qayıdım.
– Deməli, əla bir dava imkanından məhrum olduq.
***
Sən nə qoltuqağacısan, nə də dərman. Sən həqiqətən sevilməyə layiqsən, nicat vasitəsi kimi yox, özünə görə. Və bilirəm ki… səni lazım olduğu kimi sevmirəm. Hər halda, hələlik. Yenidən hissələrimi toplamalıyam, yenə güclü olmalıyam, bərkiməliyəm ki, daha köməyə ehtiyacım qalmasın.
***
Nə isə, başqaları ilə yanaşı, Çak Palannik, İrvin Uelş və tanımadığım bir fransız müəllifi Loran Bettoninin son romanı “Dünyəvi bədənlər”i sifariş etdi. “Görərsən, elə bil Markiz de Sad “Təhlükəli əlaqələr”i müasir dildə yazıb. Kafemizə yüngül qalmaqal ətri gətirəcək”. Güldüm. İki il davam edən letargiyadan sonra özümü ictimai əxlaqın pozulmasına və qalmaqala hazır hiss edirdim.
***
Üzümə su vurur və düşünürdüm ki, sabah oyanacam və növbəti iş həftəsinə başlayacam. Gözlərimi səkkizin yarısı aça biləcəm, ayaqlarımı döşəməyə qoyacam, geyinəcəm və “Xoşbəxt insanlar”ı açacam. Müştərilərə gülümsəmək, onlarla söhbət etmək üçün özümdə güc tapacam. Hər şey alınacaq, çünki başqa seçimim yoxdur.
Tərcümə: Lamiyə Göycəyeva